Press "Enter" to skip to content

Vergi tariximizdə bir ilk: “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı çapdan çıxdı

x. 8 noyabr – Zəfər günü;

Xəbərlər və Hadisələr

Bildirmək istəyirik ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında və Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunları (bundan sonra “Qanunlar”) Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilmişdir.

Belə ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 246 AZN, əmək qabiliyyətli əhali üçün 261 AZN, pensiyaçılar üçün 199 AZN, uşaqlar üçün isə 220 AZN məbləğində müəyyən olunub.

Əlavə olaraq, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 AZN məbləğində müəyyən olunub.

Qeyd edək ki, Qanunlar 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.

Azərbaycan Vergi Xəbərləri, 6 yanvar 2023-cü il

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər

Bildirmək istəyirik ki, 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (bundan sonra “Sərəncam”) imzalanıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 1 yanvar 2023-cü il tarixindən başlayaraq 345 AZN məbləğində müəyyən olunub.

Əlavə sualınız yaranarsa bizə çəkinmədən müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 5 sentyabr 2022-ci il

Bildirmək istəyirik ki, beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (bundan sonra “İƏİT”) Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (bundan sonra “BEPS”) üzrə Fəaliyyət planından irəli gələn məsələlərin adıçəkilən Qaydalarda təsbit edilməsi və transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 21 iyul 2022-ci il 17 nömrəli Qərarına əsasən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda bir sıra dəyişikliklər edilib (bundan sonra “Qərar”).

Beləliklə, İqtisadiyyat Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarına bir sıra əlavələr və dəyişikliklər edilmişdir.

Aşağıda bir sıra əhəmiyyətli yenilikləri və tətbiq edilmiş yeni anlayışları nəzərinizə çatdırırıq.

Məqbul interval

Bundan sonra transfer qiyməti bütün müqayisə edilən əməliyyatların seçilmiş müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) kvartillərarası məqbul intervalının tapılması yolu ilə hesablanacaqdır. Həmçinin edilmiş dəyişiklik ilə transfer qiyməti kvartillərarası məqbul intervaldan kənarda olarsa, bu zaman vergi həmin intervalın medianından istifadə edilməklə hesablanır. Onu da qeyd edək ki, müəssisənin yoxlanılan dövrdəki müvafiq göstəriciləri nəzarət olunmayan əməliyyatlar üzrə seçilən müəssisələrin yoxlanılan dövr və əvvəlki iki ilin orta göstəriciləri ilə müqayisə edilir.

Sənədləşmə

Vergi ödəyicisi vergi orqanının tələbi ilə müəssisə qrupu, yoxlanılan müəssisə və nəzarət olunan əməliyyatlar barədə qanunvericilikdə tələb olunan bir sıra məlumatları özündə əks etdirən sənədləri vergi orqanına təqdim etməlidir. Qaydaların 7.4-cü bəndində vergi orqanı tərəfindən tələb olunan sənədlərin siyahısı təqdim edilir.

Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması

Qanuna əsasən vergi ödəyicisinin transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı vergi orqanına etdiyi müraciətə baxılması müddəti 30 gün olaraq müəyyən edilmişdir.

Vergi orqanı tərəfindən verilən transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktub vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmamış eyni əməliyyatlara münasibətdə də tətbiq edilə bilər. Lakin vergi orqanı ilə razılaşdırılmış transfer qiymətlərinin üsulu vergi orqanı tərəfindən başlamış və davam edən vergi yoxlaması ilə əhatə olunan əvvəlki dövrlərdə həyata keçirilmiş eyni əməliyyatlara tətbiq oluna bilməz. Həmçinin, vergi orqanı tərəfindən transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması çərçivəsində əməliyyatın xarakterindən asılı olaraq düsturlar və gəlirin bölüşdürülməsində istifadə edilən indikatorlar da qanuna edilən əlavələr sırasında yer alır.

Eyni zamanda, Qərar çərçivəsində “Nəzarət olunan əməliyyatlar barədə Arayış”-ın və bu arayışa Əlavənin yenilənmiş forması da təsdiq edilmişdir.

Qanuna edilmiş dəyişikliklərlə aşağıdakı keçiddə “Transfer qiymətləri” moduluna daxil olaraq tanış ola bilərsiniz:

Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa, bizim Transfer qiymətləri üzrə ixtisaslaşmış peşəkarlarımıza müraciət edə bilərsiniz.

Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Azərbaycan Vergi Xəbərləri, 13 iyun 2022-ci il

Faiz gəlirlərinin vergiyə cəlb olunmasına dair dəyişikliklər qəbul edilmişdir

Bildirmək istərdik ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir.

1. Məlum olduğu kimi, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində (yəni 2023-cü il fevralın 1-dək) fiziki şəxslərə dair aşağıdakı azadolmaların tətbiqi nəzərdə tutulur:

  • yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri;
  • emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.

Vergi Məcəlləsinə əlavə edilən 102.1.22-2-ci maddə əsasında yuxarıda qeyd edilən azadolmaların tətbiqi müddəti bitdikdən sonra, 2023-cü il fevralın 1-dən 5 (beş) il müddətində fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad gəlir hesab olunacaqdır.

Fiziki şəxslərin əmanəti üzrə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən mövcud azadolmasının 1 fevral 2023-cü ildən sonra uzadılması haqqında hal-hazırda dəqiq məlumat yoxdur.

2. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə dəyişikliklər edilərək, rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən aşağıda qeyd olunan şəxslərə faiz gəlirləri ödənildikdə ÖMV tutulması müəyyən edilir:

  • rezident fiziki şəxsə;
  • qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla);
  • Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə.

Beləliklə, rezident hüquqi şəxsə və ya qeyri-rezidentin daimi nümayəndəliyinə (banklar və kredit təşkilatları daxil olmaqla) faizlər ödənilərkən (maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizləri istisna olmaqla) ödəməni həyata keçirən rezidentin və ya qeyri-rezidentin daimi nümayəndəliyinin ÖMV öhdəliyi yaranmır. Faizlərin alıcısı olan sözügedən hüquqi şəxs bu tip gəlirlərini tam məbləğdə mənfəət vergisi məqsədləri üçün bəyan etməlidir.

3. Vergi Məcəlləsinin 123.3-cü maddəsinin mətni yeni redaksiyada təqdim edilir.

Dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən, faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, belə vergi ödəyicisinin mənfəət vergisinin hesablanması zamanı ödəmə mənbəyində tutulmuş verginin məbləğini nəzərə almaq hüququ vardı. Yuxarıda qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilən dəyişikliklər əsasında rezident hüquqi şəxsin və ya qeyri-rezidentin daimi nümayəndəliyinin faiz gəlirləri artıq ÖMV-yə cəlb olunmadığından, ÖMV məbləğlərinin nəzərə alınması ehtiyacı qalmamış, və bu səbəbdən bu müddəalar çıxarılmışdır.

Yeni dəyişikliklər əsasında Vergi Məcəlləsinin 123.3-cü maddəsi aşağıdakı mətnlə əvəz edilmişdir:

“İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır.”

Son olaraq qeyd edək ki, hazırkı xəbərlərin 2-ci və 3-cü bəndlərində qeyd edilən dəyişikliklər 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunla növbəti keçid vasitəsilə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/49767

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 25 fevral 2022-ci il

“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edildi

Bildiririk ki, “Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilmişdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində məlumat verilib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək təqsdiq edilmiş məlumat formasında vergi orqanına təqdim etməlidirlər.

“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması ilə burada tanış ola bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 17 yanvar 2022-ci il

Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun (bundan sonra Qanun) Azərbaycan Republikasının Prezidenti tərəfindən 29 dekabr 2021-ci ildə təsdiq edilmişdir.

Vergi Məcəlləsinə edilən növbəti əsaslı dəyişikliklər seriyası Məcəlləyə yeni anlayışların daxil edilməsi ilə yanaşı bir çox digər yenilikləri də əhatə edir. Belə ki, yeniliklərin əhatə dairəsi əsasən kölgə iqtisadiyyatı ilə mübarizəyə qarşı vergi nəzarət mexanizmlərinin gücləndirilməsi, vergi əməletməsi ilə bağlı vergi ödəyiciləri üçün nəzərdə tutulan vəzifələr, vergi inzibatçılığı ilə bağlı tələblərin artırılması, beynəlxalq vergiqoyma ilə bağlı yeni konsepsiyaların tətbiqi, rəqəmsallaşma fonunda texnologiyaların tətbiqinin genişləndirilməsi və eləcədə bir sıra digər dəyişikliklərdən ibarətdir.

Bu buraxılışımızda sizə yuxarıda sadalanan və həmçinin ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan dəyişiklikləri həm birbaşa həm də müqayisəli formada nəzərinizə çatdırmaq istəyirik.

Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa bizə çəkinmədən müraciət edə bilərsiniz.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə Xəbərləri yükləyin

Azərbaycan Vergi Xəbərləri, 15 noyabr 2021-ci il

Vergi Məcəlləsində və Nağdsız hesablaşmalar haqqında Qanun layihələri sabah birinci oxunuşdan keçəcək

Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinin (“Qanun layihəsi”), eləcə də Nağdsız hesablaşmalar haqqında və Sosial sığorta haqqında Qanuna dəyişiklik edilməsi haqqında Qanun layihələrinin 16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində ilk oxunuşdan keçməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Qanun layihəsində 1 yanvar 2022-ci ildən etibarən tətbiq edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər təqdim edilmişdir. Ümumilikdə Qanun layihəsində mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, aksiz vergisi ilə bağlı bir sıra dəyişikliklər, vergi güzəştləri və azadolmaları, eləcə də vergi inzibatçılığı ilə əlaqədar bir sıra yeniliklər öz əksini tapıb.

Aşağıda sizə Qanun layihəsində nəzərdə tutulan əsas yeniliklərin kiçik bir qismini diqqətinizə çatdırmaq istəyirik:

Mənfəət vergisi

Nəzərə çarpan əsas dəyişikliklərdən biri icarəçinin balansında olmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərlə bağlıdır. Belə ki, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunması nəzərdə tutulur.

Əlavə dəyər vergisi (“ƏDV”)

  • Qanun layihəsində Vergi Məcəlləsinə müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğlərinin malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilməsi ilə bağlı yeni müddəa əlavə edilib. Bununla yanaşı aşağıdakıların ƏDV-dən azad olunması nəzərdə tutulur:
  • Hərbi məqsədlər üçün istifadə olunan xüsusi proqram təminatları;
  • İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
  • Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;
  • Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına müəyyən haqla və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi;
  • Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;
  • Beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi;
  • Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı ƏDV-dən azad olacaq.

Daha bir mühüm dəyişikliyə əsasən 2022-ci ilin 1 yanvar tarixindən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 2 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Aksiz vergisi

Qanun layihəsində bəzi məhsullara tətbiq edilən aksiz dərəcəsinin artırılması nəzərdə tutulur:

Hazırda qüvvədə olan (hər litr üzrə)

içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti)

araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları

konyak və konyak materialları

Eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri – 1000 ədədinə tətbiq edilən aksiz vergisi 35 manatdan 38.5 manata qaldırılır.

Digər dəyişikliklər

Qanun layihəsində əmlak vergisi ilə bağlı yer alan əsas dəyişikliklərdən biri də müəssisələrlə yanaşı fərdi sahibkarların da əsas vəsaitlərinin Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi tutulmasıdır. Daha bir vurğulanması vacib məqam malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda vergi orqanlarına nəzarət postlarının qurulması və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərinin verilməsindən ibarətdir.

Bundan əlavə Qanun layihəsində vergi inzibatçılığı, vergi orqanlarının və vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilməsi, yeni maliyyə sanksiyaları, eləcə də vergilərin bazar və transfer qiyməti ilə hesablanmasına dair bir sıra yeni və yenilənmiş müddəalar öz əksini tapır. Nağdsız hesablaşmalaq haqqında Qanuna təklif edilən dəyişikliklər

  • Əlavə olaraq bildirmək istərdik ki, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunlu dəyişikliklər nəzərdə tutulur. Belə ki, 2022-ci ilin yanvarın 1-dən etibarən aşağıda sadalanan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsinə yol veriləcək:
  • ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
  • pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər;
  • mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər;tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;
  • “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).”

Qeyd etmək istərdik ki, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinin daha ətraflı təqdimatını növbəti buraxılışlarımızda sizə təqdim edəcəyik.

Qanun layihələrinin təfsilatı ilə aşağıdakı linklərə keçid alaraq tanış ola bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 19 oktyabr 2021-ci il

Sənaye parklarının rezidentlərinə tətbiq edilən vergi və gömrük rüsumları ilə bağlı güzəşt müddəti uzadıldı

Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi ilə bağlı qanunlar (“Qanun”) təsdiq edilmişdir.

Qanuna əsasən sənaye parklarının rezidentləri üçün nəzərdə tutulan malların idxalı ilə bağlı vergi və gömrük rüsumlarına dair güzəşt müddəti daha 5 il uzadılmışdır. Dəyişikliyə əsasən sənaye parklarının rezidentləri tərəfindən idxal edilən mallar əlavə dəyər vergisindən və eləcə də gömrük rüsumlarından 1 may 2016-cı ildən başlayaraq 10 il müddətində azad edilir.

Qanun 1 may 2021-ci ildən qüvvədədir.

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 29 sentyabr 2021-ci il

Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin gəlirdən çıxılması qaydası təsdiq edildi

22 Sentyabr, 2021 tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” (“Qayda”) təsdiq edilib. Bu qərarla təsdiq edilmiş Qaydanın 2.4.2-ci yarımbəndi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Bu xəbər bülletenində Qayda ilə bağlı bəzi əsas məqamları diqqətinizə çatdırmaq istəyirik.

Belə ki, Qayda banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Qaydaya əsasən, banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası isə aşağıdakı kimi müəyyən olunur:

Bank olmayan kredit təşkilatları

  • Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır.
  • Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqları

  • Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır.
  • Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Aşağıdakı hallarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir:

  • Nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi;
  • Banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə bu Qaydanın 2.1.1-ci yarımbəndi ilə müəyyən edilən gəlirdən çıxılmalara yol verilən məbləğin 50 faizi;
  • Verilmiş kreditlər üzrə faizlərin ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi.

Eləcə də Qaydada xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin hansı hallarda vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilməməsi ilə bağlı müddəalar da yer almışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarı ilə bağlı daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 7 iyul 2021-ci il

Azərbaycan İƏİT-in tərəfdaş ölkəsi kimi təsdiq edildi

Bildiririk ki, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Ölkələrarası Hesabatların Mübadiləsinə aid Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişini imzalayaraq tərəfdaş ölkə kimi təsdiq olunmuşdur. Bu barədə məlumat artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilmişdir.

Azərbaycan Respublikasının bu sazişə qoşulması “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsində qeydə alınmış 4 minimal standartdan biri olan 13–cü Tədbirin (transfer qiymətləri üzrə sənədləşmə) tələblərinin həyata keçirilməsi ilə bağlıdır.

Bundan əlavə sazişin effektiv icrası məqsədilə “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” hazırlanıb və təsdiq edilib. Bu qaydalar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Saziş üzrə götürülmüş öhdəliklərin vaxtında icrası məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər isə hesabatı vergi orqanına təqdim etməlidir.

Sazişin tələblərindən irəli gələn müvafiq bildiriş və hesabatların təqdim edilməsi üçün artıq istifadəyə verilmiş elektron platforma da mövcuddur.

Yuxarıda qeyd olunanlarla bağlı əlavə sualınız yaranarsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 23 aprel 2021-ci il

Vergi Məcəlləsində istinad edilən müvafiq icra hakimiyyəti orqanlarının hansı dövlət qurumları olduğu təsdiqləndi

Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin 19 aprel tarixli Fərmanı ilə (“Fərman”) Azərbaycan Respublikası Vergi Məcəlləsində (“Məcəllə”) istinad edilən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı təsdiq olunmuşdur. Fərmanda Məcəllənin müvafiq maddələri üzrə məsələlərə baxılması və eləcə də yerinə yetirilməsi həvalə edilən müvafiq icra hakimiyyəti orqanlarının adları qeyd edilir.Bu buraxılışımızda

Fərman üzrə təsdiq olunmuş bir sıra qurumlar barədə məlumat vermək istəyirik.

Vergi Məcəlləsində istinad olunan müvafiq icra hakimiyyəti orqanlarının siyahısı

  • Məcəllənin 13.2.59-cu maddəsində anlayışı qeyd olunmuş maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı kimi müəyyən edilib.
  • Məcəllənin 101.1-4 maddəsində qeyd olunan, fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını təyin edən orqan Azərbaycan Respublikasının Nazirlər Kabineti kimi müəyyən edilib.
  • Məcəllənin 150.3.3-cü maddəsində nəzərdə tutulan ödəmə mənbəyindən vergi tutulan şəxslər tərəfindən təqdim edilən bəyannamənin formasını təsdiq edən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kimi müəyyən edilib.
  • Məcəllənin 102.8-ci maddəsində qeyd olunan fiziki şəxslərin əmək haqqından tutulan vergi güzəştləri hüququndan istifadəsi üçün zəruri sənədləri müəyyənləşdirən qurum Azərbaycan Respublikasının Nazirlər Kabineti kimi müəyyən edilib.

Vergi Məcəlləsində istinad edilən müvafiq icra hakimiyyəti orqanlarının tam siyahısı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 10 mart 2021-ci il

Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər

Bildiririk ki, 2021-ci ilin 9 mart tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır.

Bu buraxılışımızda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 23 fevral 2021-ci il Azərbaycan Respublikası Qanununda (“Qanun”) təqdim edilmiş əsas dəyişiklikləri nəzərinizə çatdırmaq istəyirik.

Əlavə dəyər vergisi (“ƏDV”) üzrə bir sıra azadolmaların müddəti uzadılmışdır

  • Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 7 il müddətinə
  • ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 5 il müddətinə
  • kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 5 il müddətinə
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilir.

Eyni zamanda Vergi Məcəlləsinə aşağıdakı məzmunda yeni 164.1.54-cü – 164.1.55-ci maddələr əlavə edildi:

  • Yeni 164.1.54-cü maddəyə əsasən qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir;
  • Daha bir yeni əlavə edilən 164.1.55-ci maddəyə əsasən külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı ƏDV-dən azad edilən əməliyyatların siyahısına əlavə edilmişdir.

Aksiz vergisi üzrə azadolmalar və yeni aksiz dərəcələri

Vergi Məcəlləsinə əlavə edilmiş yeni 188.1.7-ci maddəyə əsasən Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad edilir.

Bundan başqa bir sıra məhsullarla bağlı aksiz dərəcələrinə dəyişikliklər edilmişdir. Beləliklə, qanunun qəbul olunduğu tarixdən qüvvəyə minmiş yeni aksiz dərəcələrini müqayisəli şəkildə nəzərinizə çatdırırıq:

Məhsul Əvvəlki aksiz dərəcəsi Yeni aksiz dərəcəsi
siqarilla (nazik siqarlar) – 1000 ədədinə 31 AZN 43 AZN
tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri – 1000 ədədinə 31 AZN 35 AZN
elektron siqaretlər üçün maye – hər litrinə 20 AZN 100 AZN

Bundan əlavə Vergi Məcəlləsinə aşağıdakı məzmunda yeni 190.3.14-cü – 190.3.15-ci maddələr əlavə edildi:

  • 190.3.14-cü maddəyə əsasən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər – hər kiloqramına 30,0 manat;
  • 190.3.15-ci maddəyə əsasən isə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi tətbiq ediləcəkdir.

Əlavə olaraq onu da qeyd edək ki, Qanuna əsasən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və həmçinin qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları da Vergi Məcəlləsinin 190.1-ci maddəsi ilə əhatə edilən aksizli mallara aid ediləcəkdir.

Qanunun təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 2 fevral 2021-ci il

Startapın müəyyən olunması meyarları təsdiqləndi

Məlum olduğu kimi 2019-cu ildən etibarən Vergi Məcəlləsinə “Startap” anlayışı daxil edilmişdir. Eyni zamanda Vergi Məcəlləsi ilə “Startap” şəhadətnaməsi alanlar üçün vergi güzəştləri müəyyən olunur. Belə ki, “Startap” şəhadətnaməsi alanlar şəhadətnamə alandan sonra 3 il müddətinə gəlir/mənfəət vergisindən azad edilir. Sözügedən güzəşti əldə etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 29 yanvar 2021-ci il 20 saylı Qərarı ilə Startapın müəyyən olunması meyarlarını (bundan sonra “Meyarlar”) təsdiqlədi.

“Startap” şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər:

  • mikro və ya kiçik sahibkarlıq subyekti olmalı;
  • orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalı;
  • rezident vergi ödəyicisi olmalıdır.

Bundan əlavə ərizəçilərin təqdim edəcəyi məhsulla bağlı da aşağıdakı meyarlar müəyyən edilmişdir:

  • məhsul (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunmalı;
  • innovativ təşəbbüsə əsaslananmalı:
  1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
  2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşmasına əsaslanmalıdır.
  • rəqabətqabiliyyətli olmalıdır;
  • qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması olmalıdır;
  • digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməlidir.

Əlavə olaraq nəzərinizə çatdıraq ki, Meyarlarda “Startap” şəhadətnaməsinin alınması qaydası, şəhadətnamə itirildikdə onun dublikatının verilməsi və eləcə də şəhadətnamənin ləğv edilməsi qaydaları da öz əksini tapıb. Qeyd edək ki, “Startap” şəhadətnaməsinin alınması üçün ərizəçi özü və ya təmsilçisi tərəfindən imzaladığı ərizəni elektron və ya yazılı formada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim etməlidir.

Meyarların təfsilatı ilə buradan tanış ola bilərsiniz:

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 23 dekabr 2020

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixləri elan edildi

18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının qeyri-iş günləri olmaqla aşağıdakı qaydada müəyyən edilmişdir:

i. 20-24 mart – Novruz bayramı;

ii. 13-14 may – Ramazan bayramı;

iii. 20-21 iyul – Qurban bayramı.

2021-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə 2021-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. İstehsalat təqvimini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıda qeyd olunmuş rəsmi internet səhifəsindən əldə etmək olar http://sosial.gov.az/istehsalat-tqvimi.

2021-ci ildə aşağıdakı tarixlər iş günü hesab edilməyən bayram günləri kimi müəyyən olunub:

i. 1-2 yanvar – Yeni il bayramı;

ii. 8 mart – Qadınlar günü;

iii. 20-24 mart – Novruz bayramı;

iv. 9 may – Faşizm üzərində Qələbə günü;

v. 13-14 may – Ramazan bayramı;

vi. 28 may – Respublika günü;

vii. 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;

viii. 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

ix. 20-21 iyul – Qurban bayramı;

x. 8 noyabr – Zəfər günü;

xi. 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

xii. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

20 yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü kimi müəyyən olunub.

Azərbaycan Vergi Xəbərləri, 30 noyabr 2020

Bildiririk ki, Azərbaycan Respublikasının 23 noyabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” 2020-ci ilin 6 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (“Qanun”) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Yuxarıda adı çəkilən Məcəllələr üzrə edilən önəmli vergi yönümlü dəyişiklikləri aşağıda diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Bu Məcəllənin 355-5.1-ci maddəsinə edilən yeni dəyişikliyə əsasən artıq vergi ödəyiciləri və sığortaedən vergi ilə yanaşı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, müvafiq borcların faizlərin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanları məhkəməyə müraciət etmək hüququna sahib olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1 və 213-1-cı maddələrinə edilən dəyişikliklər ilə məcburi nişanların və eləcə də məcburi nişanlama ilə nişanlanmalı olan malların dövriyyəsi ilə bağlı aşağıdakı cərimələr tətbiq olunacaq:

– məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

– məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

– Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsilə məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

Bu Məcəlləyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması halları ilə əlaqədar 9.3.6-1 və 17.1.6-1-ci maddələr yeni redaksiyada təqdim edilmişdir:

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vergi ilə yanaşı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, sadalananlar üzrə borcları və faizləri, maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək bu şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə edilən dəyişiklikdən sonra artıq icbari tibbi sığorta haqlarını ödəməkdən yayınan şəxs müvafiq yayınmış məbləğin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

Lakin əlavə olaraq qeyd edək ki, yuxarıda adıçəkilən əməli ilk dəfə törətmiş şəxs inzibati məsuliyyətdən inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə azad edilə bilər.

Məcəllənin 508-ci maddəsinə edilən digər dəyişikliyə əsasən beş yüz manatadək olan məbləğdə məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsinə görə belə mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanunu

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə edilən dəyişikliyə əsasən ƏDV qeydiyyatı olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərinin nağdsız qaydada həyata keçirilməsi ilə bağlı qoyulan qadağa götürülmüşdür.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Məcəllədə edilən dəyişikliyə əsasən 89.13-cü maddəyə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış sözləri də əlavə edilmişdir. Qeyd edək ki, sözügedən maddə yuxarıda sadalananların və aksiz markası ilə markalanmalı olan markalanmamış və saxta aksiz markası ilə markalanmış malların siyahıya alınma qaydalarını müəyyən edir.

Qanunun təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Vergi tariximizdə bir ilk: “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı çapdan çıxdı

Vergi, əmək, mühasibat uçotu və kadrlarla iş sahəsində ixtisaslaşmış Mks.az saytının “Öyrətmək savab, öyrənmək qazanc” rubrikası altında çap etdirdiyi növbəti nəşr – Vergi Məcəlləsinin ümumi hissəsinin şərhinə həsr olunmuş “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı satışa çıxıb. Vergi və əmək məsələləri üzrə tanınmış ekspert Anar Bayramovun müəllifi olduğu 752 səhifəlik kitabda Vergi Məcəlləsinin 94 maddəlik ümumi hissəsi bənd-bənd izah olunub.

Qeyd edək ki, Vergi Məcəlləsinin xüsusi hissəsinin şərhi ilə bağlı son illərdə müxtəlif müəlliflərin kitabları çap olunsa da, baş vergi sənədinin ümumi hissəsi bugünədək bu şəkildə detallı şərh edilməmişdi.

Kitab yazılma texnikasına və üslubuna, izahvermə metodologiyasına və mətnin maksimum yığcamlığına çalışılmasına görə oxşar nəşrlərdən fərqlənir. Müəllif bu günədək ölkəmizdə müxtəlif məcəllə və qanunvericilik aktlarının şərhindən bəhs edən kitabların ənənəvi üslubundan imtina edib ki, bu da “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabında təkrarçılıqdan qaçılmasına, Məcəllənin maddələrinin və onun hissələrinin daha ətraflı şərh olunmasına, izah dilinin ümumişlək dilə yaxınlaşmasına, misal və nümunələrinin təcrübədən götürülməsinə imkan verib.

Vergi Məcəlləsinin ümumi hissəsinin izahı zamanı maddələrdə təsbit olunan anlayışların və məfhumların məğzinin, nəzərdə tutulan müddəaların tələb və şərtlərinin mahiyyətinin oxuculara tam aydın olması üçün Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Prezidentin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına və Vergilər Nazirliyinin daxili normativ aktlarına istinadlar edilib.

Nəşri oxşar metodoloji yanaşma tətbiq edən kitablardan fərləndirən digər cəhətlərdən biri də Vergi Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsidir.

Kitab mühasiblər, Dövlət Vergi Xidmətinin işçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin tələbələri, aspriantlar, doktorantlar və bu sahədə tədqiqat aparanlar üçün əvəzsiz vəsaitdir.

Kitabı 012 564 86 85, 050 368 12 72 nömrəli telefonlara zəng etməklə, office@mks.az elektron poçt ünvanına yazmaqla sifariş vermək, nağd və köçürmə yolu ilə əldə etmək mümkündür.

Sifariş bir iş günü ərzində çatdırılır. Çatdırılma Azərbaycanın bölgələri də daxil olmaqla bütün şəhər, qəsəbə və kəndlərə ödənişsiz həyata keçirilir.

Evini kirayə verənlərin nəzərinə: vergi ödəməsəniz cərimələnəcəksiniz

Kirayə haqlarından verginin hesab­lan­ması və ödənilməsi qaydaları ilə bağlı müəxtəlif suallarla qarşılaşırıq. Vergi­lər Nazirliyi Vergi siyasəti və strateji araş­dırmalar Baş İdarəsinin rəis müa­vini Şamil Ərəbovla müsahi­bə­mizin möv­zusu da əmlak kirayəsi və onun vergiyə cəlb olunması məsələlərinə həsr olunub.

– Şamil müəllim, əmlak kirayəsi ilə bağlı vergilər necə hesablanır və ödəniş necə həyata keçirilir?

– Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i olduğu halda) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcə ilə vergi tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığı halda, mənzili kirayə verən fiziki şəxs VÖEN əldə etməli və ona ödənilən icarə haqqından xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Mənzili kirayə götürən diplomatik agent, konsulluq qurumu əməkdaşları və ya onlarla birgə yaşayan ailə üzvləri olduğu və kirayə haqqından ödəmə mənbəyində vergi tutulmadığı halda, müvafiq olaraq 1961-ci il 18 aprel tarixli «Diplomatik əlaqələr haqqında» Vyana Konvensiyasının 35-ci və 1963-cü il 24 aprel tarixli «Konsulluq əlaqələri haqqında» Vyana Konvensiyasının 52-ci maddələrini nəzərə alaraq kirayə verən vergi uçotuna alınıb kirayə haqqından vergini özü ödəyir.

Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda, kirayə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

– Vətəndaşlar evi kirayəyə verərkən hansı posedurları keçməlidirlər?

– Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdiyi halda kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və bu zaman evini kirayəyə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir.

Bundan sonra, VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti ilin martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir.

– Kirayə verən bu vergini ödəməkdən yayınıbsa, həmin şəxsə qarşı hansı cərimələr və sanksiyalar tətbiq oluna bilər?

– Dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Mənzilini kirayəyə verən və vergi ödəyicisi kimi qeydiyyata durmağa borclu olan vətəndaşa, habelə ödədiyi kirayə haqqından ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsə vergi ödəməkdən yayındığı halda aşağıdakı məsuliyyət tədbirləri tətbiq oluna bilər:

· Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.