Az Accounting Services” LLC Your Accounting Department
b) təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20 «Əsas istehsalat», 25 «Ümumi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Tədavül xərcləri» hesablarının debetinə və 60 «Malsatan və podratçılarla hesablaşmalar» hesabının kreditində əks olunur.
Vəsaitlər
Please enter a search term to begin your search.
“Əsas vəsaitlər” proqramı idarə müəssisə və təşkilatlarda əsas vəsaitlərin uçotunun aparılması üçün nəzərdə tutulmuşdur.
Proqramda uçota alınmış hər bir əsəs vəsait üzrə qanunvericilikdə nəzərdə tutulmuş normalara əsasən köhnəlmə hesablanır. Köhnəlmə normalarını əsas vəsaitin daxil olduğu qrup üzrə və ya hər bir əsas vəsait üçün ayrı-ayrılıqda təsadiq etmək və gələcəkdə dəyişmək mümkündür.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZ və RU şriftlərində işləmək mümkündür.
Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.
Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.
Proqram aşağıdakı bölmələrdən ibarətdir:
Əsas vəsaitlərin mədaxili
Əsas vəsaitlərin istismara verilməsi
Əsas vəsaitlərin məxarici – silinməsi, yerdəyişməsi və icarəyə verilməsi
Əsas vəsaitlərin qrupları üzrə köhnəlmə normaları
Əsas vəsaitlərin çeşidləri üzrə köhnəlmə normaları
Əsas vəsaitlərin əsaslı təmirlə və digər səbəblərlə əlaqədar olaraq yenidənqiymətləndirilməsi
Maddi-məsul şəxslər üzrə əsas vəsaitlərin bölüşdürülməsi
Əsas vəsaitlərə inventar nömrələrin verilməsi
Proqramda aşağıdakı hesabat formalarını almaq mümkündür:
Əsas vəsaitlərin aylıq, rüblük, illik hərəkər cədvəli və köhnəlmə səbəbləri
Əsas vəsaitlərin qruplar və çeşidlər üzrə hərəkət cədvəli və köhnəlmə məbləğləri
Əsas vəsaitlərin istənilən tarixə və qalıq dəyərləri, köhnəlmə məbləğləri
Əsas vəsaitlərin maddi – məsul şəxslər üzrə qalıqları
Əsas vəsaitlərin silinməsi, satış və icarəyə verilməsi haqqında hesabatlar
Əsas vəsaitlərin nəticəsində yaranmış mənfəət və ya zərər haqqında hesabat
Əsas vəsaitin silinməsi aktı
Əsas vəsaitlərin mədaxili və məxarici üzrə qaimələr
Əsas vəsaitlər haqqında illik hesabat cədvəli (Excel faylına bax)
Əsas vəsaitlərin köhnəlməsi mövcud təlimatlara əsasən, hər ilin əvvəlinə çıxarılmış qalıq dəyərinə əsasən hesablanır. Köhnəlmə hesablanarkən yenidənqiymətləndirmə də nəzərə alınır
“Az Accounting Services” LLC Your Accounting Department
1.1.Əsas vəsaitlərin iqtisadi mahiyyəti, istehsalda rolu və təsnifatı Leave a comment
Əsas vəsaitlər hər bir müəssisə və firmanın maddi-texniki bazasının əsasını təşkil edir. Əsas vəsaitlərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, onlar müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edir, dəyəri normativ sənədlərlə tənzimlənir, köhnəldikcə öz dəyərini müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirir, istehsal prosesində öz natural formasını saxlayır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 01 yanvar 1996-cı ildən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a müvafiq olaraq, ölkədə inflyasiyanın sürətini nəzərə alaraq 01 yanvar 1996-cı ildən sonra alınan əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 500 min manat həcmində müəyyən olunmuşdur. AR-nın vergi nəticəsinə edilmiş əlavə və dəyişikliklərə əsasən bu məbləğ hazırda 550 min manat təşkil edir
Əsas vəsaitlər mühasibat uçotunda ilk dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilk dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqdu, onlarda yeni tikinti işləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişə bilər.
Əsas vəsaitlər istehsal prosesinin mühüm amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapmalıdır. Bu əsas vəsaitlərin dəyərinin müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə həyata keçirilir. Bu əməliyyatların yerinə yetirilməsi əsas vəsaitlərə köhnəlmə hesablanması ilə həyata keçirilir.
Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haqqında dəqiq informasiyanın formalaşdırılması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. Hesablar Planı və onun tətbiqinə dair təlimatda əsas vəsaitlər aşağıdakı qaydada təsnifləşdirilir:
b) Qurğular (tikintilər);
v) Ötürücü qurğular;
q) Maşınlar və avadanlıqlar;
d) Nəqliyyat vasitələri;
e) İstehsalat alətləri və təsərrüfat inventarları (ləvazimatları);
k) İşçi və məhsuldar heyvanlar;
p) Sair əsas vəsaitlər.
Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:
a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
v) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
q) dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin olunmuş əşyalar və s.
Əsas vəsaitlərin uçotunun düzgün aparılması üçün onların qiymətləndirilməsinin vahid prinsiplərinin müəyyən olunmasının da əhəmiyyəti böyükdür. Əsas vəsaitlər üç cür – ilk, qalıq və bərpa dəyəri ilə qiymətləndirilir.
Əsas vəsaitlər (ilk dəyərlə) müəssisə balansına götürüldüyü vaxtdan uçotda əks olunur. Onun müəyyən edilməsi onların əldə edilmə mənbəyindən asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu vasitəsilə müəssisənin özü tərəfindən yaradıla bilər və ya digər müəssisələrdən və şəxslərdən satın alına bilər.
Bu zaman həmin əsas vəsaitlərin yaradılmasına və ya alınmasına çəkilən faktiki məsrəflər daşınma, quraşdırma xərcləri də daxil olmaqla əsas vəsaitin ilkin dəyərini təşkil edir.
Əsas vəsaitin ilkin dəyəri daimi ölçü vahidi kimi qəbul olunur. Lakin obyekt yenidən qurulduqda, genişləndikdə, qismən ləğv olunduqda onun dəyəri dəyişdirilir. Əsas vəsaitlərin ilkin dəyəri dövlət tərəfindən onların yenidən qiymətləndirilməsi əsasında dəyişilə bilər.
Əsas vəsaitin bərpa dəyəri, dedikdə, müasir şəraitdə onların təkrar istehsalının dəyəri başa düşülür..
Əsas vəsaitlər istifadə olunduqları vaxtda köhnəlir və onun köhnəlməsi nəticəsində özünün əvvəlki dəyərini itirir, yəni dəyərinin azalmasına səbəb olur.
Beləliklə, əsas vəsaitin köhnəlməsi ilə əlaqədar dəyərinin azalmasınını pul şəklində ifadəsi onun amortizasiyası (köhnəlməsi) adlanır. Bu əməliyyat əsas vəsaitlərin dəyərini müəyyən olunmuş nisbətlərlə istehsal olunan məhsulların maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Mühasibat uçotunda əsas vəsaitlərin köhnəlməsi ayrılıqda əks olunur. Əsas vəsaitin ilkin dəyəri ilə hesablanmış köhnəlmə məbləği arasındakı fərqi çıxdıqdan sonra onun qalıq dəyəri müəyyən edilir.
1.2.Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu
Müəssisə və şirkətlərə əsas vəsaitlər yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınma, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər və s. formasında daxil olur. Mövcud olan əsas vəsaitlərin mühasibat uçotu onların təsnifat qrupu və yerləşdiyi obyektlər üzrə təşkil olunur.
Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. İnventar karatları müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış əsas vəsaitlərin uçotu üzrə jurnalda əks olunur. Əsas vəsait müəssisədən çıxarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.
Əsas vəsaitlərin sintektik uçotu aktiv hesab olan 01«Əsas vəsaitlər» hesabında aparılır. 01«Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzunmüddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01«Əsas vəsaitlər» hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02«Əsas vəsaitlərin köhnəlməsi» (amortizasiyası) hesabında uçota alınmalıdır.
Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu kimi 01«Əsas vəsaitlər» hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:
– təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməti ilə;
– müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;
– dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.
Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay kimi qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01«Əsas vəsaitlər» hesabının debetində və 75«Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» subhesabının kreditində əks etdirilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəssiz alınmış əsas vəsaitlərin mədaxili 01«Əsas vəsaitlər» hesabının debetində və 87«Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alınmış sərvət» subhesabının kreditində əks etdirilir. Əgər əvəssiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87hesabın əvəzinə 88«Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabının müvafiq subhesabı tətbiq edilir.
Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01«Əsas vəsaitlər» hesabının debeti və 08 «Kapital qoyuluşları» hesabının kreditinə mühasibat yazılışını tərtib etməklə mədaxil edilir.
Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08«Kapital qoyuluşları» hesabında əks olunmalıdır.
1.3. Əsas vəsaitlərin köhnəlməsinin (amortizasiyasının) uçotu
Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir, özünün ilkin keyfiyyətini və istifadə olunması imkanlarını azaldır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.
Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özünün fiziki keyfiyyətini texniki-iqtsadi xassəsini itirir və yararsız vəziyyətə düşür. Əsas vəsaitlərin mənəvi köhnəlməsi ölkələrdə aparılan elmi-texniki inkişafla, əlaqədar olaraq onların dəyərinin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə əlaqədardır.
Başqa sözlə əsas vəsaitlərin aşınmasının (köhnəlməsinin) pula ifadəsi köhnəlmə adlanır.
Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir. Bunun üçün amortizasiya olunan əmlak üçün amortizasiya (köhnəlmə) normaları müəyyən edilmişdir.
Azərbaycan Respublikasının11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin 114-cü maddəsində amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlər üzrə bir sıra yeni qaydalar müəyyən edilmişdir. Beləliklə, əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
a) binalar, tikililər və qurğular – 7 faizədək;
b) maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək;
v) nəqliyyat vasitələri – 25 faizədək;
q) iş heyvanları – 20 faizədək;
d) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;
e) qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün – 10 faiz, istifadə müddəti müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
k) digər əsas vəsaitlər – 20 faizədək.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.
Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.
Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.
Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.
Mühasibat uçotunda aylıq hesablanmanı köhnəlmə (amortizasiya) məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabında əks olunur. 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə (amortizasiya) məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində, istehsal (tədavül) xərclərini uçota alan hesabların, yəni 20 «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 25«Ümumi istehsalat xərcləri», 26Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərcləri» hesabının debetində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləşməsindən asılı olaraq həmin hesabda yazılış aparılır.
İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə icarəyə verilənlərdən başqa) hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri 02«Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində və 80Mənfəət və zərər» hesabının debetində əks etdirilir. Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır.
Müəssisələrin mülkiyyətində olan əsas vəsait obyektləri təsərrüfatdan çıxdıqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetində və 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının kreditində əks etdirilir. Tamamilə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə hesablanan köhnəlmə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.
02 «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.
1.4. Əsas vəsaitlərin təmirinin uçotu
Əsas vəsaitlərin işlək vəziyyətdə təmin etmək üçün onların təmiri vacib məsələlərdən hesab olunur. Təmirin öz vaxtında və yüksək keyfiyyətlə aparılması işin ahəngdarlığına müsbət təsir göstərir, maşın və avadanlıqların boş dayanmasının qarşısını alır. Hər bir müəssisədə aparılan işin həcmindən və xarakterindən asılı olaraq əsas vəsaitlərin cari və əsaslı təmiri bir-birindən fərqləndirilir.
Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.
Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Əsas vəsaitin təmiri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilatın mühasibatlığında uçota alınır. Podratçı tikinti təşkilatları tərtib olunmuş smeta əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesabnamə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərini sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilatla aparılan təmir üzrə hesablaşmaların uçotu 60«Malsatan və podratçılarla hesablaşmalar» hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilata hesablanan (ödənməli borc məbləği) məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.
Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qruppası və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23«Köməkçi istehsalat» hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir. Məsrəflərin mühasibat uçotunda əks olunması təmirin aparılması formasından, təmir həcmindən və aparılma vaxtından asılıdır.
Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır:
a) təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20 № -li «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 25 «Ümumi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Tədavül xərcləri» hesablarının debetinə və 10 «Materiallar», 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar», 69 «Sosial sığorta və təminat üzrə hesablaşmalar», 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» və s. hesabların kreditinə;
b) təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20 «Əsas istehsalat», 25 «Ümumi istehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 44 «Tədavül xərcləri» hesablarının debetinə və 60 «Malsatan və podratçılarla hesablaşmalar» hesabının kreditində əks olunur.
Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparılmasını təmin etmək üçün təmir fondu yaradılır. Təmir işlərinə məsrəflərin tərtib olunmuş plan-smetasına əsasən bu fonda ayırmaların həcmi müəssisənin özü tərəfindən müəyyən edilir. Bu fond mühasibat uçotunda 89 «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» adlı passiv hesabının «Təmir fondu» subhesabında uçota alınır.
İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunvericiliyə və digər normativ aktlara əsasən nizamlanır. Bu və ya digər məbləğlər üzrə ehtiyatların yaradılması istehsal məsrəfləri yaxud tədavül xərclərini uçota alan hesablarla müxabirləşdirilməklə 89«Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının kreditində əks etdirilir.
Əvvəlcədən ehtiyatı yaradılmış faktiki xərclər və ödənişlər müəssisənin sexləri tərəfindən aparılmış əsas vəsaitlərin təmiri dəyərində 23«Köməkçi istehsalat» və digər hesablarla müxabirləşməklə, 89«Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının debetinə yazılır.
1.5.Əsas vəsaitlərin müəssisədən çıxmasının uçotu
Müəssisədə gündəlik aparılan təsərrüfat fəaliyyəti nəticəsində əsas vəsaitlərin çıxması əməliyyatları baş verir. Əsas vəsaitlərin obyektləri müəssisədən müxtəlif səbəblər nəticəsində çıxa bilər.
Əsas vəsaitlər aşağıdakı səbəblər nəticəsində yəni, satıldıqda, ləğv edilib silindikdə, əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə, maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə, invertarlaşma nəticəsində əksikgəlmə müəyyən olunduqda, müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə (daxili yerdəyişmə) müəssisədən çıxa bilərlər.
Bazar iqtisadiyyatı şəraitində müəssisəyə hər hansı bir əsas vəsait lazım olmadıqda, onun satınalmasını həll etməyi düşünür. Alıcı ilə onun satqı-alqı şərtləri və satış qiyməti müəyyənləşdirilir. Bu isə bilavasitə satılması nəzərdə tutulan əsas vəsaitin qalıq dəyərindən, onun texniki-iqtisadi səviyyəsindən və ona olan tələbdən asılıdır. Ümumiyyətlə müəssisənin satacağı əsas vəsaitin qiyməti onun qalıq qiyməti səviyyəsindən, ondan aşağı və yuxarı müəyyən oluna bilər.
Əsas vəsaitin satış üçün buraxılması mövcud olan qaydalara əsasən icra olunur. Belə halda əsas vəsaitə cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edilir və orada əsas vəsaitin adı, texniki göstəriciləri, ilk, bərpa dəyəri, istismar dövründə hesablanmış amortizasiya məbləği və s. əks olunmalıdır.
Bir sıra hallarda əsas vəsaitin tamamilə istifadə olunması imkanı olmadıqda, müəssisənin onları ləğv etmək və balansdan silmək hüququ vardır.
Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına baxmayaraq (satıldıqdı, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar müəssisədən çıxan zaman onların ilkin dəyəri 01 «Əsas vəsaitlər» hesabından 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının debetinə silinir. Tamamilə xarab olmuş, yaxud çatışmayan əsas vəsaitlərin ilk dəyərlərinin silinməsi zamanı da bu cür mühasibat yazılışı tərtib edilir.
Əsas vəsaitlərin hesablaşma sənədləri əsasında satışdan daxil olan pul vəsaiti üçün 62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının debetinə və 47«Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının kreditinə yazılış aparılır. Satışdan faktiki daxil olmuş pul vəsaiti 51«Hesablaşma hesabı»nın debetinə və 62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının kreditinə yazmaqla uçotu aparılır.
Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tarixli əmri ilə qəbul olunmuş «Əsas vəsaitlərin (fondların) ləğv edilməsi haqqındakı» nümunəvi və ona edilmiş əlavə və dəyişikliklərə təlimata müvafiq olaraq həyata keçirilir və müəssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır:
a) əsas vəsaitlərin ilk dəyəri üzrə 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmalar hesabının» debeti, 01 «Əsas vəsaitlər» hesabının kreditinə;
b) silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02 «Əsas vəsaitlərin köhnəlməsi hesabının debetinə və 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditinə;
v) silinən vəsaitlərin ləğvində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesablanılan məbləğ 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının debetinə və 70«Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar hesabının kreditinə;
q) əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən material qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10 «Materiallar», 12 «Azqiymətli və tezköhnələn əşyalar» hesablarının debetinə, 47 «Əsas vəsaitlərin satışı və sairə xaricolmalar» hesabının kreditində əks olunur.
Hesabat dövrünün sonunda 47«Əsas vəsaitlərin satışı və sairə xaricolmalar» hesabı bağlanır və həmin hesabın debet və kredit dövriyyələri arasındakı fərq müəyyənləşdirilir və 80«Mənfəət və zərərlər» hesabına silinir. Hesabın debet dövriyyəsinin kredit dövriyyəsindən çox olması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edilən zərəri, kredit dövriyyəsinin debet döariyyəsindən çox olması isə alınmış mənfəəti göstərir və bu zaman müvafiq olaraq Dt 80 Kt 47 və ya Dt 47 Kt 80 yazılışı tərtib olunur.
1.6. Əsas vəsaitlərin icarəsinin uçotu
İcarə – tərəflər arasında bağlanmış müqavilə əsasında, əvəzi ödənilməklə əsas vəsaitlərə müəyyən müddətə sahib olmaq və onlardan istifadə etməyin müəyyən edilməsidir. İcarə münasibətləri zamanı icarəyə vnrənlə icarədar arasında icarə müqaviləsi rəsmiyyətə salınır ki, orada icarənin bütün şərtləri əks etdirilir.
Azərbaycan Respublikasında əmlakın icarəyə verilməsi qaydaları 30 aprel 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hazırda mövcud olan qanunvericiliyə görə aşağıdakılar icarəyə verilə bilər:
– bina və avadanlığın icarəsi;
– nəqliyyat vasitələrinin icarəsi;
– ayrıca obyektlərin və ya komplekslərin icarəsi;
– sexlərin, istehsalatların icarəsi və s.
Əgər tərəflər arasında başlanmış müqavilədə başqa şərt müəyyən olunmamışsa, icarəyə verilmiş əmlakın əsaslı təmiri icarə verən tərəfindən yerinə yetirilməlidir. İcarəçi qəbul etdiyi əmlakın normal vəziyyətini təmin etməlidir.
Əmlakın istifadə olunması ilə əlaqədar tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən olunmuş icarə haqqını icarədar vaxtında ödəməyə borcludur.
İcarəyə verilmiş əsas vəsaitlərin mühasibat uçotu aşağıdakı qaydada həyata keçirilir.
İcarəyə verən müəssisədə icarənin uçotu.Cari icarəçinin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara verilməsi qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra icarəyə verən əsas vəsaitin inventar kartında qeydiyyat aparmaqla 01«Əsas vəsaitlər» hesabı üzrə «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabını açmaqla müəssisədaxili aşağıdakı yazılış aparılır:
Dt 01 – «Əsas vəsaitlər» hesabının «İcarədə olan əsas vəsaitlər» subhesabı.
Kt 01 «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı.
Beləliklə, icarəyə verən müəssisə mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə hesablayır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də 80«Mənfəət və zərər» hesabında əks etdirilir. Hesablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:
Dt 80 – «Mənfəət və zərər»
Kt 02 – «Əsas vəsaitlərin köhnəlməsi».
İcarəyəverən müəssisə üçün icarə haqqı həmin müəssisənin mənfəəti hesab olunur və ona görə də icarə haqqının hesablanması üçün aşağıdakı yazılış aparılır:
Dt 76 – «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabı
Kt 80 – «Mənfəət və zərər» hesabı.
Daha sonra icarədardan icarə haqqı daxil olduqda yazılış aparılır:
Dt 51 – «Hesablaşma hesabı»
Kt 76 – «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar»
İcarə üzrə bağlanmış müqavilə ləğv olunduqda və icarədar ona məxsus olan əsas vəsaiti geri qəbul etdikdən sonra inventar kartoçkasında yazılış aparmaqla Aşağıdakı müxabirləşməni tərtib edir.
Dt 01 – «Əsas vəsaitlər», «Özünəməxsus əsas vəsaitlər» subhesabı
Kt 01 – «Əsas vəsaitlər», «İcarəyə verilmiş əsas vəsaitlər» icarəyə verilməsi subhesabı.
İcarədar icarəyə götürdüyü əsas vəsaitin qəbul-təhvil aktı əsasında mühasibat uçotu hesablar planının 001balansarxası «İcarəyə götürülmüş əsas vəsaitlər» hesabında əks etdirir.
İcarədar müəssisədə icarə haqqı onun istehsal (tədavül) xərclərinə daxil edilir və bu əsasda aşağıdakı yazılış aparılır:
Dt 20 – «Əsas istehsalat»
25 – «Ümumi istehsalat xərcləri»
26 – «Ümumtəsərrüfat xərcləri»
44 – «Tədavül xərcləri»
Kt 76 – «Müxtə\lif debitor və kreditorlarla hesablaşmalar».
İcarə haqqının ödənilməsi və ya köçürülməsi zamanı 76«Müxtəlif debitorlar və kreditorlarla hesablaşmalar» hesabının debetinə və 50«Kassa» və 51«Hesablaşma hesabının kreditində əks olunur.
Nəticə olaraq icarəyə götürülmüş əsas vəsaitlərin icarəyəverənə qaytarılması001balansarxası hesabdan silinməsi ilə yekunlaşdırılır.
Özünüyoxlama sualları
- 1.Əsas vəsaitlərə nələr aiddir və onları müəyyən edən əsas kriteriyalar hansılardır?
- 2.Əsas vəsaitlərin daxil olması hansı sənədlərlə rəsmiləşdirilir?
- 3.Əsas vəsaitlərin daxil olması hansı hesabda uçota alınır?
- 4.Əsas vəsaitlərin təmirinin hansı növləri vardır?
- 5.Təmirin həyata keçirilmə üsulları neçə cürdür və onların uçotu qaydası necədir?
- 6.Əsas vəsaitlərin amortizasiyası hansı hesabda uçota alınır?
- 7.Əsas vəsaitlərin xaric olmasından nəticə necə müəyyən olunur və uçota alınır?
- 8.Əsas vəsaitlərin icarəsi dedikdə nə başa düşülür və necə sənədləşdirilir?
Comments are closed, but trackbacks and pingbacks are open.