Press "Enter" to skip to content

Vtn haqqında şeir

Başqasının torpağını almadıq
İnsanlığa biz biganə qalmadıq
Dərdimizi içimizdə saxladıq
Bilmədim bu dünya niyə belədir?

Vətən şeirləri

Bu Kəlbəcər, bu Laçın,
Yolları geniş açın,
Yoluna işıq saçın,
Komandan İlham gəlir.

Çox dedik ayıl, oyan
Əməlindən bir utan.
Rəzil oldun, Paşinyan
Komandan İlham gəlir.
Yallı gedirdin necə,
Oxşayırsan bir gicə.
Arzun qaranlıq-gecə
Komandan İlham gəlir.

İpə-sapa yatmadı,
Dediklərim çatmadı,
Ağlına heç batmadı,
Komandan İlham gəlir.

Gündə girib bir dona,
Qalıbsan yana-yana,
Axırın çatıb sona,
Komandan İlham gəlir.

Bir-bir boşalt kəndləri,
Kəndləri, şəhərləri,
Ordum gedir irəli,
Komandan İlham gəlir.

Ömrümüzə bir bəzəkdir, bu torpaq

Müqəddəsdir vətənimin torpağı
İstəməm əksilsin bircə yarpağı
İstərəm xoş olsun, vətən növrağı
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Hər qarışı bizə doğma, əzizdir
Yetirdiyi nemətlər ilə əzizdir
Suyu safdır, birincidir, təmizdir
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Yer altında, yer üstündə qızıl var
Vətən darda, ürəyimi sızıldar
Bu torpağı mən istədim bəxtiyar
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Bu torpaqlar bizə qalib babadan
Arxa olsun bu torpağa, Yaradan
Hamılıqla biz hayqıraq ucadan
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Çünki Vətən müqəddəsdir, əzizdir

Yer üzündə gəzsən bütün qitəni,
Göz oxşasa yeri, göyü, çəməni,
Cani-dildən sevəcəyik Vətəni,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Vətənimin göz oxşayan çölü var,
Dənizi var, meşəsi var, gölü var,
Bu Vətəndə biz olarıq bəxtiyar,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Hər qarışı göz oxşayır Vətənin,
Cənnətidir bu ölkəmiz qitənin,
Göz dağıdır Azərbaycan düşmənin,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Bu ölkəyə oğulları dayaqdır,
Gecə-gündüz səngərdədir, oyaqdır,
Düşmənimiz qısa vaxta qonaqdır,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Millətimdir yer üzünün incisi
İnsanlarıin canların incisi
Azərbaycan bu dünyanın incisi
Çünki Vətən müqəddəsdir, əzizdir

Belə sevdim, mən Vətəni

Vətən mənim ürəyimdə
Belə sevdim, mən Vətəni
Əməlimdə, diləyimdə
Belə sevdim, mən Vətəni.

Göy Gölü var, Xəzəri var
Xəbislərin nəzəri var
Vətənimin qədəri var
Belə sevdim, mən Vətəni.

Göz oxşayan guşəsi çox
Dənizi bir, meşəsi çox
Bu dünyanın işvəsi çox
Belə sevdim, məm Vətəni.

Vətən bizim ürəyimiz
O, suyumuz, çörəyimiz
Ölsək belə, gərəyimiz
Belə sevdim, mən Vətəni.

Sevgisi var ürəyimdə
Dadı, duzu çörəyimdə
Ömür boyu gərəyimdə
Belə sevdim, mən Vətəni.

Bu dünyanın düzəni var
Sevəni var, bezəni var
Haqq, ədalət gəzəni var
Belə vevdim, mən Vətəni.

Var öləni, vari təni
Var sökəni, var tikəni
Sevməmək olmaz Vətəni
Belə sevdim, mən Vətəni.

Vətən mənim canımdadır
Damarımda, qanımdadır
Ürəyimdə, ruhumdadır
Belə sevdim, mənvətəni.

Gözün aydın, ey Vətən.

Ortadadır həqiqət
Yurdum azad nəhayət
Sevinəcək bu millət
Gözün aydın, ey Vətən.

Bu işə giriş, tələs
Açılacaqdır qəfəs
Şuşa alacaq nəfəs
Gözün aydın, ey Vətən.

Bu torpaqdan güc aldıq
Düşməni dərdə saldıq
Belə qələbə çaldıq
Gözün aydın, ey Vətən.

Bir olubdur bu millət
Çox çəkdik biz əziyyət
Sonda tapdıq qətiyyət
Gözün aydın, ey Vətən.

Bu gün millət sevinir
Ordusuyla öyünür
Ürəklər bir döyünür
Gözün aydın, ey Vətən.

Millətim şən, əzimdir
Torpağımda izimdir
İndi zəfər bizimdir
Gözün aydın, ey Vətən.

Dünya heyran orduma
Mən vurğunam yurduma
Ehtiyac yox yardıma
Gözün aydın, ey Vətən.

Vətən torpağını geri almağa

Müzəffər ordumuz gedir irəli
Vətən torpağını geri almağa.
Qorxmaz, cəsur o döyüşə girəli
Vətən torpağını geri almağa.

Uzaq deyil, qələbəni çalacaq
Ermənidən qisasını alacaq
Yağıları bir it kimi qovacaq
Vətən torpağını geri almağa.

Komandandır ilham verən orduma
Kəm baxmasın yağı düşmən yurduma
Dünya susdu mənim haqlı sorğuma
Vətən torpağını geri almağa.

Pərən-pərən salmışıq biz düşməni
Bunu bizdən gözləmirdi erməni
Ermənidir millətimin düşməni
Vətən torpağını geri almağa.

Başı qaçıb bu millətin deyəsən
İstəyirsən bu torpaqda öləsən?
İndi vaxtdır qüdrətimi görəsən
Vətən torpağını geri almağa.

Düşmənin bağrını biz yaracağıq
Qarabağı ordumla alacağıq
Bayrağımı Şuşada taxacağıq
Vətən torpağını azad etməyə.

Bu torpağın qiymətini bilməli

Bu torpağa çoxdur bizim borcumuz
Bu torpaqdır şərəfimiz, şanımız
Qurban olsun qarışına canımız
Bu torpağın qiymətini bilməli.

Bu torpaqdır babalardan yadigar
Dünyanı gəzsək də biz diyar-diyar
Torpağında insan olar bəxtuyar
Bu torpağın qiymətini bilməli.

Hər qarışında vardır şəhid qanı
Torpaq uğrunda getdi onun canı
Mərd oğlunu axtar, ara, sən tanı
Bu torpağın qiymətini bilməli.

Əkib, becər bu torpağı sevindir
Özgənin yox, bu torpaq bil sənindir
Bu torpaqda nəyim varsa mənimdir
Bu torpağın qiymətini bilməli.

Bu torpaqdır gözümüzün bəbəyi
Azad, xürrəm vətənimin diləyi
Torpaq ilə sızıldayır ürəyi
Bu torpağın qiymətini bilməli.

Qoy var olsun məğrur, şanlı ordumuz

Azad olur yağılardan yurdumuz
Qoy var olsun məğrur, şanlı ordumuz
Düşmən gördü necə mərddir oğlumuz
Qoy var olsun məğrur, şanlı ordumuz.

Qarış-qarış torpaqlar alınacaq
Sabahlarım işıqlı doğulacaq
Orada bayrağım ucaldılacaq
Qoy var olsun məğrur, şanlı ordumuz.

Görün necə yağı düşmən əzilir?
Şəhidlərçün anam, bacım üzülür
Çox ağırdır, bu ağrıya dözülür
Qoy var olsun məğrur, şanlı ordumuz.

Yer üzündə münaribə olmasın
Anaların ürəkləri yanmasın
Gül balalar yetim-yesir qalmasın
Qoy var olsun məğrur, şanlı ordumuz.

Vətən səndən qisasını alacaq
Hər sahədə ordum zəfər çalacaq
Ermənini yaman günə salacaq
Qoy var olsun məğrur, şanlı ordumuz.

Dünya sənin iç üzünü anlayıb
Putin səni uşaq kimi danlayıb
Paşinyan da zırramadır qanmayıb
Qoy var olsun məğrur, şanlı ordumuz.

Kimə lazım bu dünya?

Dərdimi bilmədilər
Halımı görmədilər
Hayıma gəlmədilər
Kimə lazım bu dünya?

Biz idik dözdük belə
İllərdir getdi yelə
İndi gəlmişik dilə
Kimə lazım bu dünya?

Çox axıtdıq göz yaşı
Dünyanı tutub naşı
Oğulsan həzm et, daşı
Kimə lazım bu dünya?

Yalan keçibdir başa
Arzular dəyib daşa
Dünya düşüb çaş-başa
Kimə lazım bu dünya?

Otuz ildi biz dözən
Başı aşagı gəzən
Bəlkə düzələ düzən?
Kimə lazım bu dünya?

Dünyada neçə sifət?
Sanki özü bir afət
Belə getməz bu həyat
Kimə lazım bu dünya?

Paşinyan olub rəzil
Özünə dayday gəzir
Dünya bu gicdən bezir
Kimə lazım bu dünya?

Bilmədim bu dünya niyə belədir?

İllər idi səsimiz duyulmadı
Millətim millət kimi sayılmadı
Bütün dünya göz yumdu ayılmadı
Bilmədim bu düny niyə belədir?

Bölünmüş yurdumu bir də böldülər
Mən haqlıykən üstümə çox gəldilər
Qarabağ bizimdir hey dirəndilər
Bilmirəm bu dünya niyə belədir?

Başqasının torpağını almadıq
İnsanlığa biz biganə qalmadıq
Dərdimizi içimizdə saxladıq
Bilmədim bu dünya niyə belədir?

Bu haqsızlıq uzun zaman sürüdü
Sevinənlər sıraya da düzüldü
Başbilənlər, hamı bunu görürdü
Bilmədim bu dünya niyə belədir?

Mərd oğullar torpağa sarıldılar
Savaşaraq torpağları aldılar
Buna görə düşmənlər darıldılar
Bilmədim bu dünya niyə belədir?

Sayılmadı nə qətnamə, nə qərar
Haqq-ədalət indi olur bərqərar
Biz görəni söylə görüm, kim görər?
Bilmədim bu dünya niyə belədir?

Ay erməni

Tarixini bir varağla
Hardan gəlib, kim olmusan?
Qohumunu gəl sorağla
Hardan gəlib, kim olmusan?

İllərlədir dilənisran
Hara gəldi sülənirsən
Kimə belə güvənirsən?
Hardan gəlib, kim olmusan?

Girirsən sən dondan-dona
Millətləri yığıb cana
Qalacaqsan yana-yana
Hardan gəlib, kim olmusan?

Şərəfsizin biri sənsən
Ölüsən sən, dirisən sən
Görüm heç vaxt gülməyəsən
Hardan gəlib, kim olmusan?

Bu fikirdən siz daşının
Təmizlənin, bir aşının
Bu torpaqdan tez daşının
Hardan gəlib, kim olmusan?

Sonra peşman olacaqsan
Arxasız, tək qalacaqsan
Boynu bükük düracaqsan
Hardan gəlib, kim olmusan?

Sən ömrümə xoş gəldin

İlk nəvəm Nəzrinə ithaf olunur.

Tanrı göndərib səni
Sən ömrümə xoş gəldin.
Tək qoymayasan məni
Sən ömrümə xoş gəldin.

Bu gün dəyişib durum
İndi yaradım, qurum
Məni ayırar ölüm
Sən ömrümə xoş gəldin.

Dəyişdin sən düzəni
Gündüzü, həm gecəni
Yada salma dünəni
Sən ömrümə xoş gəldin.

Yatan ruhum oyanar
Həyat nura boyanar
Sənsiz həyat dayanar
Sən ömrümə xoş gəldin.

Uzatdın sən ömrümü
Oxşayaraq könlümü
Sevindirib ruhumu
Sən ömrümə xoş gəldin

Vtn haqqında şeir

Rüstəm Sadiqli tərəfindən “Şeir” bolməsinə 22:11 28 mart 2016 tarixində əlavə olunmuşdur

Bir işıq doğdu yurda
O vətənə gələndə
Səs verdi millətinə,
Söz verdi millətinə.
Yaratdı Azərbaycan.
Hüzür dolu bir məkan.
Öpdü ulu bayrağı,
Öpdü Quran kitabın.
Azərbaycan adını
Azərbaycan adına
Yaydı dünyalara
Millətlər sırasında,
Qəvmlər arasında,
Bu adı əks etdirdi
Qayalara daşlara,
Yüklədi yaddaşlara.
Elin qan yaddaşını
Unutmadı heç zaman,
Millətlərə göstərdi
Azərbaycan hünərin,
Koroğlu cəasrətin,
Bir Nizami hikmətin
Düşmənlərə sözü ilə
Böyük zərbələr vurdu
Elm verdi gəncliyə ,
Yetirdi kamilliyə.
İndi də yaşayır o,
Minlərcə ürəklərdə
O , ürəklər Səninlə
Döyünür ulu öndər !
Neçə ürək səninlə
Öyünür Ulu öndər !

. dəfə oxunub

Qiymət: 9/10(9 səs)
[qiymət ver 1 2 3 4 5 6 7 8 9 10 ]

Hesaba giriş

Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. Əhlibeyit şairlərindədir.Ulu babaları səfəvi dövründə Ərdəbildə məskunlaşmışdır.Ulu babası Sahib Fəxrəbadi səfəvi sarayının məşhur şairlərindən olmuşdur.Görünür, soyunun bir qolu səfəvi nəslinə çatır.Seyyid Rüstəm Sadiqli 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub.Anası Səmayə xanım müəllimədir.Atası İlqar kimi zəhmətkeş insandır. Şairin ana babası kəndxuda olmuş, namaz qılan vətənpərvər bir mərd kişi olmuşdur.Şair ilk təhsilini 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində almışdır.Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib. 2016-2018-ci illərdə müəllim«Təsviri İncəsənət müəllimliyi» kimi yurdun övladlarına marifləndirib, tərbiyələri ilə məşğul olmuşdur.Ədəbiyyata həvəsi onu ikinci təhsil almağa vadar etmiş Bakı Avrasiya Universitetində Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisasına yiyələnməyə sövq etmişdir.Həmin ali-təhsil müəsisəsində İntellektual Oyunlar Klubuna rəhbərlik etmişdir.Hazırda bədii-qirəat,maarifçiliklə məşğuldur.Onun yaratdığı “Rustam Academy” layihəsi elə maarifçilik fəaliyyətinin əsasını təşkil edir.Beləki, təhsil almağa əli çatmayan insanlar, əngəlli dostlarına bir qapı açmışdır.Yazdığı şeirlər vətənpərvərlik, sevgi,əxlaq mövzusundadır.Maarifçi gəncimizə uğurlar arzu edirik.

Tel.:
+994517196064
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook

Vətən və hürriyyət şeirləri

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında tarixi roman məktəbinin banisi kimi böyük şöhrət qazanmış Məmməd Səid Ordubadi bədii yaradıcılığa hələ XIX əsrin axırlarında şeirlə başlamışdır. Daha doğrusu, böyük ədib XIX əsrin sonlarından etibarən ömrünün axırına qədər şeir yaradıcılığı ilə məşğul olmuş, çoxsaylı ictimai məzmuna malik lirik şeirlər və qiymətli satirik şeir nümunələri yaratmışdır. Lakin çox təəssüf ki, Məmməd Səid Ordubadinin publisistikası kimi, şeirləri də yazıçının vəfatından sonra toplanılaraq ayrıca kitablarda nəşr olunmamışdır. 1964-cü ildə çıxan “Əsərləri”nin birinci cildində verilmiş şeirlər isə Məmməd Səid Ordubadinin zəngin şeir yaradıcılığını tam əhatə etmir.

Heç şübhəsiz, Məmməd Səid Ordubadinin şeir yazmaqla bədii yaradıcılığa başlamasında dövrünün tanınmış şairlərindən olan, divan yaratmış atası Hacağa Fəqir Ordubadinin böyük təsiri olmuşdur. Doğrudur, Məmməd Səid atası Fəqir Ordubadinin şeirlərinə ictimai mühitin haqsız münasibətindən mütəəssir olmuşdu. Atasının şeirlərinin “palçıq içinə atılması”, fəqirin “şeir sənətindən nə kimi fəlakətlər çəkməsi” Məmməd Səidin uşaq qəlbinə çox təsir etmişdi. Ancaq, fikrimizcə, elə bu acı hadisələrin sərt təsiri Məmməd Səiddə şeir yazmağın ilkin həyəcanlarını doğurmuşdur. Sonralar övladın cavan yaşlarından yazdığı şeirlər və bütövlükdə Məmməd Səid Ordubadinin çoxcəhətli yaradıcılığı həm də “ağlar qələm əlimdə” deyib fəryad çəkən, qəlbi “samovar kimi” alışıb-yanan atası fəqirə olan haqsız münasibətlərə ədəbiyyat dili ilə ifadə olunmuş ədəbi bir cavabdır.

Bundan başqa, XX əsrin axırlarından Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəaliyyətinə həmin məclisin üzvü olan atası Fəqir Ordubadinin timsalında gənclik illərindən maraq bəsləməsi də Məmməd Səidi şeirlər yazmağa həvəsləndirmişdir. Eyni zamanda, dövrünün görkəmli şairi və böyük maarifçisi Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki “Əxtər” məktəbində təhsil alması da, geniş mənada, onun ədəbi dünyagörüşünün inkişafında mühüm rol oynadığı kimi, cavan ədəbiyyat maraqlısının şeir yaradıcılığına istiqamətləndirilməsinə də ciddi təkan vermişdir. Diqqət edilsə, “Həyatım və mühitim” memuarında öz əksini tapmış şeir parçalarının əksəriyyəti XIX əsrin ikinci yarısının ədəbi məclis şeirlərinin ənənəsində qələmə alınmışdır. Hətta memuarından aydın olur ki, Məmməd Səid Ordubadi özü də gənc yaşlarında Ordubad mədrəsəsində keçirilmiş bir şeir müsabiqəsinin qalibi olmuşdur. Müəllimi axund Mirzə Baxışın Məmməd Səidin özündən söylədiyi şeirin hər hansı bir kitabda olub-olmamasına dair müsabiqə zamanı yaranmış mübahisəni kəsmək üçün dediyi aşağıdakı sözlər əslində mədrəsə şagirdinin şairlik istedadına verilmiş qiymətin ifadəsidir: “Madam ki, şeirdə məzmun vardır, madam ki, qafiyə, ölçü vardır, madam ki, şeirə bədii şəkil verə bilmişdir, o halda şeirin bir kitabda olub-olmamasının əhəmiyyəti yoxdur”.

XX əsrin əvvəllərindən etibarən Məmməd Səid Ordubadinin şeirlərində bu epoxanın ədəbiyyatda gücləndirdiyi maarifçi ideyalar və milli düşüncə üstünlük qazanmağa başlamışdır. Cavan ədibin 1903-cü ildə, 31 yaşında ikən yazıb “Kərbəlayi Məhəmməd Hacağazadə təxəllüsi Səid Ordubadi” imzasıyla çap etdirdiyi “Şərqi-Rus” qəzetinə” adlı şeir onun ilk mətbu əsəri kimi də mühüm əhəmiyyət kəsb edir. Şeirdəki xabi-qəflətdən qurtuluşa çağırış sədaları, “etməz tərəqqi elmsiz millət” nidası Məmməd Səidin artıq tədricən yeni əsrin şeir ənənələri üstündə kökləndiyini nümayiş etdirir. Böyük ədibimiz Cəlil Məmmədquluzadənin Tiflisdə açdığı “Qeyrət” nəşriyyatında Məmməd Səid Ordubadinin çap etdirdiyi “Qəflət” (1906) və “Vətən və hürriyyət” (1907) adlı şeir kitablarındakı bədii nümunələr əsasən klassik şeir formalarında olsa da, yeni əsrin çağırışlarının ifadəsindən yoğrulmuş şeirlər kimi ədəbi mühitin diqqətini cəlb etmişdir. Dövrünün tanınmış ziyalılarından Ömər Faiq Nemanzadənin “Qeyrət” nəşriyyatında çıxan “Qəflət” kitabına kiçik də olsa “Bir-iki söz” adlı bir müqəddimə yazması təsadüfi olmayıb, kitabda toplanan şeirlərin timsalında yeni əsrin ədəbiyyatını yaratmağa dəvətin ifadəsi idi. Müqəddimədə ifadə olunan aşağıdakı sözlər Məmməd Səid Ordubadinin “Qəflət” kitabının nümunəsində ədəbi prosesdə başlanmış tənqidi-realist hərəkatın ana xətlərinin bəyannaməsi kimi səslənirdi: “Bugünkü halımızda camaatı oxumağa həvəsləndirməyin ən böyük yolu bizcə, açıq dil ilə yazılan kiçik-kiçik faydalı kitablardır”. Ömər Faiq bu fikirdə idi ki, Məmməd Səid Ordubadinin “Qəflət” kitabı bu qəbildən olan kitabların, “nəşri-savad qəsdilə çıxarılan əsərlərin əvvəlincisidir”. Bu mətndəki “əvvəlinci” ifadəsi “Qəflət” şeir toplusunun Məmməd Səid Ordubadinin çap edilən birinci kitabı, hətta “Qeyrət” nəşriyyatının ilk çap məhsullarından biri olmasını bildirməkdən başqa, həm də həmin kitabdakı şeirlərin ideya-bədii dəyərinə verilmiş qiymətin ifadəsi idi. Həqiqətən, “Qəflət” kitabı bütün Orta əsr boyu da nəzərə çarpan, fəqət, XIX əsrdən başlanıb XX əsrin əvvəllərində daha da qüvvətlənən “dadi-qəflət” motivinin yeni ədəbi-ictimai mərhələyə keçid səviyyəsində təqdimatı idi. Əvvəlki əsrlərdəki cəhalətdən didaktik şikayətlər motivi “Qəflət” kitabında bir qədər ciddi şəkildə qəflətdən qurtuluşun zəruriyyəti notları ilə əvəz olunmuşdur. Məmməd Səid Ordubadi “Qəflət” kitabında geniş mənada artıq qəflət fəlakətindən qurtuluşun açarının hürriyyətdə olduğu barədəki düşüncələrini də gündəmə gətirmişdir. Bu cəhətdən “Qəflət” XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında qəflət əleyhinə yönəlmiş cəsarətli kitablardan biri idi:

Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,

Sənə yoxdur səmər hərgiz bica bu istirahətdən.

. Gözün var isə hürriyyət ziyasından götür hissə,

Yaşa insanca, insanlartək azad ol əsarətdən.

Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır,

Mənə söylə görüm kim müstərih olmuş səfalətdən?

Nə yatdın ey müsafir? Sübh açıldı, karvan köçdü,

Özüntək pürxətər mənzil, səmər yoxdur bu rahətdən.

. Gəl, qardaş, ataq qəfləti bilmərrə kənarə,

Bir az da qəflət qala, olmaz dəxi çarə.

Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət,

Avarə qoyan bizləri qəflətdi, bu qəflət.

“Qəflət” kitabı 32 səhifədən ibarət olub, “Bismillah-tala” müqəddiməsindən başqa, “Xabi-qəflət” adlı 362 misralıq mənzum bir əsər əsasında hazırlanmışdır. “Bismillah-tala” müqəddiməsi Orta əsr klassik Şərq və Azərbaycan poeması ənənəsindən gəlmə bir meylin ifadəsi kimi daha çox poemaların başlanğıcındakı “əsərin yazılma səbəbi” bəndinin funksiyasını daşıyır. Bu, “Xabi-qəflət” əsərinin yığcam və mənalı bir müqəddiməsidir. “Xabi-qəflət” əsəri isə heç də indiyə qədər yazıldığı kimi şeir yox, XX əsrin əvvəllərində ön mövqeyə çıxan ictimai-fəlsəfi poemadır. Məhəmməd Hadinin “Əlvahi-intibah” poeması bu janrda yazılan əsərlərin zirvəsini təşkil edir. “Əlvahi-intibah”dan təxminən 12 il əvvəl yazılmış “Xabi-qəflət” poeması Məmməd Səid Ordubadinin ilk əsərlərindən olmasına baxmayaraq, ideya-məzmun və sənətkarlıq cəhətdən Azərbaycan ədəbiyyatındakı mükəmməl ictimai-fəlsəfi poemalardan biridir. Müəllif özü də “Qəflət” kitabının titul səhifəsində təqdim etdiyi bədii nümunənin “türkcə mənzum bir əsər” olduğunu bəyan etmişdir. Fikrimcə, Məmməd Səid Ordubadinin “Qəflət” kitabı XX əsrin əvvəllərinin “Əlvahi-intibah”larının da əvvəlincisidir. Bu, yeni zamanın ictimai-siyasi gedişatının gənc Məmməd Səid Ordubadinin qəlbində və düşüncəsində oyatdığı həyəcanların poetik əks-sədasından ibarət olan bir əsərdir. Konkret bir süjet xəttinə və surətlərə malik olmayan ictimai-fəlsəfi poemalarda müəyyən olunmuş mətləbin mahiyyətinin poetik baxımdan açılması və mənalandırılması əsasında dərin və əsaslandırılmış ümumiləşdirmələrin aparılması nəzərdə tutulur. Məmməd Səid Ordubadinin “Qəflət” poemasında da əsərin adında ifadə edilən ictimai-mədəni geriliyin səbəbləri, acı təzahürləri, yaratdığı böyük çətinliklərin doğurduğu kədərli vəziyyətlər və müəyyən qurtuluş yolları poetik baxımdan olduğu kimi, ictimai cəhətdən də əsaslı şəkildə ifadə olunmuşdur. İlk kitabı olmasına baxmayaraq, Məmməd Səid Ordubadi “Qəflət” kitabı ilə yetkin və geniş dünyagörüşə və kamil poetik təcrübəyə malik qələm sahibi olduğunu isbat etmişdir. Beş hissədən ibarət olan “Qəflət” poemasındakı başlıca qayə, əsas mətləb qəflət anlayışının dərin qatlarını açmaqdan, qəflətin meydana çıxardığı ağır ictimai-mənəvi əsarətin fəlsəfəsini aydınlaşdırmaqdan və cavan qələm sahibinin gələcək haqqında baxışlarından ibarətdir. Poemanın indiyədək “Xabi-qəflət” adı ilə şeir şəklində cəmi 22 misrası çap olunmuş birinci hissəsindəki 84 misranın (42 beytin) hamısı xabi-qəflətin, dadi-qəflətin ictimai-fəlsəfi dərkinin şeirlə sərrast ifadəsini meydana qoyur. Əsərin 60 misradan təşkil olunan ikinci, 90 misralıq üçüncü hissəsində elmsizlik və maarifdən uzaq düşmək qəfləti yaradan, cəhaləti doğuran əsas amillər kimi nəzərə çarpdırılmış, Avropa maarifçiliyindən nümunə götürmək tövsiyə olunmuşdur. Cavan ədib qəti olaraq bu fikirdədir ki, “asayişimiz, sənətimiz qəflətimizdir, qəflət yuxusu əldə olan sənətimizdir”. Məmməd Səid Ordubadi “Qəflət” poemasının sonrakı hissələrində qəflətdən xilas üçün düşünülmüş çarələri, bəslənilən ümidləri diqqət mərkəzinə çəkmişdir:

Biz qəflətə dil verdik, edib nitqdə mahir,

Qəflət biz ilən oldu bu aləmlərə zahir.

Biz qəfləti pirayə qılıb xalqa tanıtdıq,

Qafil ilə bərk-bərk yapışıb ağlı unutduq.

. Hər kəs edə öz fikrinə təmkin ilə xidmət,

Ağıl onda yəqin verməyəcək qəflətə fürsət.

Hər kəsdə ki, ağıl etdiyinə olmasa talib,

Ondan sora ağlına olur qəfləti qalib.

Vay ol kəsə kim, ağlı olur qəflətə məğlub,

Daim görəcək zilləti öz boynuna mərkub.

. Ağıl indiyədək eylədi çox evləri abad,

Qəflətdi edən xanəyi-milliyyəni bərbad.

Ağıl istəyir olsun kişi hər anda rahət,

Qəflət də xəyalında qoyub verməyə zillət.

. Ağıl ilə verilmişdi bu beş qitəyə vüsət,

Qəflətdə qoyub çoxları bir ölkəyə həsrət.

Göründüyü kimi, Məmməd Səid Ordubadi xalqının inkişafı, ölkəsinin dirçəlişi yolunda qəfləti əsas hədəf seçmiş, cəhalətdən xilas olmaq üçün ağıla, idraka, elmə, maarifə əsaslanmağı önə çəkmişdir. Bununla belə, “Xabi-qəflət” poemasında hələ də məsələyə didaktik yanaşmanın əlamətləri görünməkdədir. Cəmi bir il sonra “Qeyrət” nəşriyyatında çap olunmuş “Vətən və hürriyyət” şeir kitabında (1907) isə qəflətdən qurtuluş motivi açıq şəkildə istiqlal mövzusu ilə əvəz olunmuşdur. “Qəflət” kitabında epizodik cizgilər şəklində nəzərə çarpan hürriyyət düşüncəsi adından göründüyü kimi, “Vətən və hürriyyət” kitabının sərlövhəsinə, manşetinə çıxarılmışdır. XX əsrin əvvəllərində böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “İranda hürriyyət” (1906) hekayəsindən dərhal sonra azadlıq, hürriyyət anlayışları Məmməd Səid Ordubadinin “Vətən və hürriyyət” kitabında açıq-aydın şəkildə, həm də milli istiqlal ideyası səviyyəsində bədii sözün obyektinə çevrilmişdir.

“Vətən və hürriyyət” kitabında Azərbaycanın istiqlalı uğrunda qəhrəmancasına həlak olmuş Gəncə hakimi Cavad xan “hübbülvətənlik” nümunəsi kimi tərənnüm olunmuşdur. “İfadeyi-məram”, “Qeyrəti-millət”, “Vətənimizə bir neçə söz” şeirlərindəki vətənpərvərlik ruhu yüksək ideya-bədii keyfiyyətlərə malik olan and miqyasında marş kimi səslənir. Əslində “Vətən və hürriyyət” kitabındakı şeirlərdən hər biri müstəqil poetik nümunə kimi səslənsə də, bu şeirlər, eyni zamanda, biri digərini tamamlayan ictimai-fəlsəfi poemanın tərkib hissələridir. Müşahidələr göstərir ki, “Vətən və hürriyyət” sadəcə kitabın deyil, bu kitabda toplanan şeirlərdən ibarət olan ictimai-fəlsəfi poemanın adıdır. Təqdim olunan kitabda “Vətən və hürriyyət” adlı xüsusi bir şeir yoxdur, lakin bütövlükdə vətən və hürriyyət anlayışının yüksək poetik ifadəsi topludakı şeirlərin hamısını birləşdirir. Məmməd Səid Ordubadi “Vətən və hürriyyət” poemasında Vətən uğrunda mübarizənin baş planını, əsas proqramını yarada bilmişdir. Bütövlükdə “Vətən və hürriyyət” kitabı XX əsrin əvvəlləri Azərbaycan şeirində milli istiqlal düşüncəsinin manifesti təəssüratı yaradır:

Baş götürmək ta ki, insanlar tək olsun sayəmiz,

Qırmızı qan olsun hürriyyət üçün pirayəmiz.

Ölməyi lay-lay desin gəhvarə içrə dayəmiz!

Gör nə icraatlar etməkdədir həmsayəmiz.

Şu keçən əyyami-müzlim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış!

Məmməd Səid Ordubadinin “Vətən və hürriyyət” şeirləri sadəcə tərənnümdən ibarət olmayıb, kitabın adında ifadə olunduğu kimi, hürriyyət ideyası ilə, istiqlal düşüncəsi ilə bir yerdə vətənnaməyə çevrilmişdir. Xüsusən, “Vətən və hürriyyət” poemasını təşkil edən şeirlərdə Vətən anlayışı ədəbiyyatda milli istiqlal cəbhəsinin bayrağı kimi təqdim olunur. Bu kitab bütövlükdə Vətənin şeirlə yazılmış hürriyyət andıdır. Bu şeirlər Vətən ağırlıqlı hürriyyət çağırışlarıdır:

Başdan keçib, ölməklə Vətən qədrini bilmək,

Ölmək deyil, əlbəttə, odur bir də dirilmək.

Bu tərz ilə düşmənlər ayağında əzilmək,

Tarixdə müstəqbəl üçün ibrət edilmək.

Ölmək budu, bişəkk, əgər olsan da səlamət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

. Yatdıq nə qədər naz ilə, şimdisə ayılmaq,

Başdan keçib, heysiyyəti-milliyyə qazanmaq.

Can ilə təlaş eyləyibən qana boyanmaq,

Bir əmri-müqəddəsdi Vətən qeydinə qalmaq.

Qoy qanını töksünlər, qıl isbati-şəhadət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Diqqət edilsə, adından da göründüyü kimi, “İfadeyi-məram” şeiri “Vətən və hürriyyət” poemasının müqəddiməsidir. Məmməd Səid Ordubadi bu şeirlə “Vətən və hürriyyət”i yazmaqda məqsəd və məramını ifadə etmişdir. “İfadeyi-məram”dan görünür ki, xanlıqlar dövründən keçən vaxtı müəllif “əyyami-müslim” üçün istibdad mərhələsi kimi qəbul etmişdir. Ona görə də açıq şəkildə yazılmasa da əsərdə çarizmin müstəmləkəçilik siyasəti əsas tənqid hədəfidir. Digər müasirləri kimi, Məmməd Səid Ordubadi də Birinci rus inqilabının müvəqqəti də olsa yaratdığı azadlıq ab-havasından təsirlənərək istiqlal uğrunda mübarizəyə çağıran “Vətən və hürriyyət”i yazmışdır. Bu mənada “İfadeyi-məram” həm də yaranmış yeni zamanın poetik sözüdür. Məmməd Səid Ordubadi təzə epoxada Gəncə hakimi Cavad xan, Qafqazın azadlıq rəmzinə çevrilmiş Şeyx Şamil kimi qəhrəmanlara böyük ehtiyac yarandığını diqqət mərkəzinə çəkir. “Vətən və hürriyyət” kitabındakı “Vətənimizə bir neçə söz” mənzuməsində də bu tarixi şəxsiyyətlərdən söz açaraq onların böyük amallarından, Vətən-torpaq sevgisindən, azadlıq ruhundan və qəhrəmanlıqlardan bəhs etmişdir. Hətta müəllif “Vətən və hürriyyət” kitabında Cavad xanın və Şeyx Şamilin adının çəkildiyi misralara aydınlıq gətirmək üçün həmin səhifənin axırındakı çıxarışlarda bu vətənpərvər, azadlıqsevər şəxsiyyətlərin fəaliyyətlərinin əsas mahiyyətinə dair zəruri tarixi məlumatları da oxuculara çatdırmış, onların mübarizəsinə rəğbət bəslədiyinə işarə etmişdir. Məsələn, kitabda “İfadeyi-məram” şeirindəki “Səslənir şimdi Cavad xan xaki-paki Gəncədən” misrasına verilmiş izahatda deyilir: “Cavad xan məşhur Gəncə xanı adlanan bir zat idi. Şimdiki Gəncə quberniyası məşhur xanın idarəsində idi. Birinci Aleksandrın əsrində Sisianov adlı generalın təhti-komandasında Rusiya dövləti qoşun göndərib oğlu Hüseynqulu xanı özü ilə bərabər qətlə yetirib Gəncəni dəxi fəth etmişdilər. 1804-cü ildə”. Bundan başqa, “Vətənimizə bir neçə söz” poetik mənzuməsində də Cavad xanın adı çəkilərkən Məmməd Səid Ordubadinin verdiyi aşağıdakı tarixi qeydlər həm müəllifin Gəncə xanına xüsusi rəğbətini, həm də ondan örnək olaraq alınmalı olan vətənpərvərlik nümunəsini diqqət mərkəzinə çəkmişdir: “Son dəfə olaraq rus generalı Sisianov Cavad xana sülh təklif etdikdə belə cavab aldı: “Mənim nəşimi qala fövqündə doğranmış görərsən, nəinki sülh edib Rusiya dövlətinə əl uzadanda”. Həmçinin “Vətənimizə bir neçə söz”də vətənpərvər dövlət xadiminə həsr olunmuş milli ruhlu təsirli misralar Azərbaycan ədəbiyyatında ölkənin müstəqilliyi uğrunda canını qurban vermiş Cavad xan haqqındakı ilk poetik qiymət kimi də böyük əhəmiyyətə malikdir. Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı son nəfərinədək vuruşaraq oğlu ilə birlikdə qəhrəmanlıqla həlak olmuş Cavad xandan söz açan bir əsəri həmin hakimiyyətin idarəçiliyi dövründə kitab halında nəşr etmək cəsarətini də yalnız Tiflisdə fəaliyyətdə olan “Qeyrət” nəşriyyatının sahibi Cəlil Məmmədquluzadə və onun məslək qardaşı Ömər Faiq Nemanzadə göstərə bilərdi. “Vətənimizə bir neçə söz”dəki Cavad xana aid poetik sözlər Azərbaycan ədəbiyyatında milli azadlıq düşüncəsi ilə siyasi hakimiyyətin vəhdətini özündə cəmləşdirən vətənpərvər dövlət başçısının ölkənin qəhrəmanına çevrilməsini əks etdirən ümumiləşmiş qənaətlərdir:

Nə üçün çıxdı yaddan dəlirani-pir?

Cavad xan cəngavəri – şirgir.

Dur ey mərdi-agəhdil, zişüur,

Adın qaldı dillərdə ta nəfxi-Sur.

Səadətlə öldün, dirildin müdam,

Səadətlə tövəmsən ey niknam.

Səni qıldı hürriyyətin parə-par,

Qəbul etmədin şöhrəti-müstəar.

Zamanında hüşyarü bidardın,

fəridü vəhidü fədakardın.

. Özün paksan, pakmış niyyətin,

Qərar içrə bağidi hürriyyətin.

. Bir oğlunla can verdin, oldun fəda,

Sənə mərhəbalar, sənə mərhəba!

Sən açdın da bazari-hürriyyəti,

Ölüb də, diriltdin də milliyyəti.

. Durub ol bu əxlafi-pakə dəlil,

Alıb cami-hürriyyət, et əssəbil!

Olub xalq biganə hürriyyətə,

Vətən döndü bir güşəyi-qəflətə.

. Dağıldıq cəhalətlə, yox səbrü tab,

Göz aç, bir də islah üçün qıl şitab.

Çıxar qəbirdən dişrə hürriyyəti,

Ələ al, yatan beydəqi-milləti.

Qafqazda azadlıq simvolu olmuş Şeyx Şamil haqqında da eyni notlar “Vətən və hürriyyət” kitabında öz əksini tapmışdır. Bəzi misralardan hiss olunur ki, Məmməd Səid Ordubadi XX əsrin əvvəllərində Qafqaz müsəlmanlarının birliyi sayəsində ağır müstəmləkə zülmündən qurtarmaq ideyasına da inam bəsləmiş və bu cəhətdən vaxtilə Şeyx Şamilin apardığı mübarizəyə haqq qazandırmışdır. Beləliklə, “Vətən və hürriyyət” kitabındakı Cavad xan və Şeyx Şamil motivi yeni tarixi şəraitdə xalqın milli düşüncəsini oyatmaq, ölkəni azadlıq mübarizəsinə hazırlamaq məqsədi daşımışdır. Bütün bunlarla bərabər, “Vətən və hürriyyət” kitabının bütövlükdə Cavad xana həsr edildiyini, yaxud ona ithaf olunduğunu düşünmək doğru ola bilməz. Məmməd Səid Ordubadi özü də poemanın bir neçə yerində məsələyə geniş baxdığını, ümumiləşdirmələr apardığını nəzərə çarpdırmışdır:

Bu Vətən uğrunda canlar qoydu hər bir qəhrəman,

Qəhrəmanların məzarı üstə qurmaq imtahan.

Güstəgu etmək, qübar ilən bulansın asiman,

Millətə lazım deyil viranə dönmüş asiyan.

Şu keçən əyyami-müslim bəs ki istibdadımış,

Bizdən əksəndaz olan əflakə boş fəryadımış.

“Vətən və hürriyyət” poeması ümumilikdə adında ifadə olunduğu kimi, Vətən və hürriyyət marşıdır. Poemanın “Qeyrəti-millət” ruhu üstündə köklənmiş misraları milli azadlıq mövzusunun XX əsrin əvvəllərindəki qeyrət dramının parlaq poetik ifadəsidir. Məmməd Səid Ordubadinin “Əsərləri”nin birinci cildində “Loğmanın vəsiyyəti” adı ilə yalnız səkkiz bəndi çap olunan, əslində isə on yeddi bənddən ibarət olan “Qeyrəti-millət” şeiri gerçək bir milli marş səviyyəsində səslənir:

Baş ver Vətən uğrunda ki, əbnayi – Vətənsən!

Baş verməsən insan, nə ki, bir zağü zəğənsən!

Ey ol kişisən ki, Vətən alamı çəkəsən,

Əhsən sənə, sən millətə nüzhətli çəmənsən!

Olsun gərək hər fərd yaranmışda həmiyyət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

. Get elm oxu, ol zümrəyi-insanidə əfzəl,

Fəzl ilə səadət evinə tap, gələ mədxəl.

Elm ilə olursan bəşəriyyətdə mükəmməl,

Getmiş vətənin ruhu, qalıb bir quru heykəl.

Tariximizə qıl nəzər, al təzə bir ibrət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət.

“Vətənimizə bir neçə söz” mənzuməsi “Vətən və hürriyyət” poemasının əsas hissəsini təşkil edir. “Vətən və hürriyyət” kitabında 278 misradan ibarət olub, Məmməd Səid Ordubadinin əsas qayəsini – hürriyyətpərvərlik ideyasını əks etdirən bu mənzumə ədibin səkkizcildlik “Əsərləri”nin birinci cildində 48 misralıq şeir kimi təqdim edilmişdir. “Vətənimizə bir neçə söz” Vətənin gələcəyi üçün hürriyyətin zəruriliyini izhar edən düşündürücü, ibrətamiz bir əsərdir. Məmməd Səid Ordubadinin gəldiyi qənaət bundan ibarətdir ki:

Bizim cümləmiz bir müsəlman idik,

Bir ayində, bir əhli-Quran idik.

Bir əl kimi bir təndə beş qardaşıq,

Bir ümmət, bir islam, bir yoldaşıq.

Birik cümlə, gər varsa nöqsanımız,

Neçün ki birik, birdi Quranımız.

. Gər olsa müsəlmanımızda tifaq,

Atanmazlar islama səngi-şəqaq.

Məmməd Səid Ordubadinin “Vətən və hürriyyət” kitabı Gəncə hakimi Cavad xanın arvadı Bəyimxanımın ərinin dəfn mərasimində söylədiyi nitqin mətni ilə tamamlanır. Kitabda müəllifin verdiyi məlumatlardan görünür ki, “müharibədən sonra rus generalı Sisianov Cavad xanın parça-parça nəşini yaralıların içindən tapdırıb təntənəli surətdə dəfn etdirdi. Burada yazılmış nitqi Cavad xanın baş övrəti Cavad xanı tabuta qoyanda oxumuşdur”. Məmməd Səid Ordubadi “bu nitqi rus tarixində görməyib, ancaq İrandan əlinə çatan farsi lisanında yazılma bir məcmuədən” tərcümə etmişdir. Gəncə hakimi Cavad xanın arvadı Bəyimxanımın nitqi Azərbaycan vətənpərvərlik ədəbiyyatının, ümumən milli ictimai fikrin nida işarəsidir. Bu, Azərbaycan qadınının milli dövlətçilik ruhunun və böyük sədaqətinin əhdnaməsidir: “Kədərəngiz bir qaranlığa malik olan tabutun bu qara taxtaları mənə bir günəşin zamani-qürubunu andırır.

. Bəli! Niyyəti-hürriyyətsiriştin səni bir məqami-müqəddəsə isal etdirdi.

Ey zair! Dünyayi-fanini ziyarət etməkdən mənzurun beş günlük bir fanilikdə üç günlük bir hürriyyət qazanmaq idi. Şimdisə hürriyyəti-əbədiyyətə vasil oldun.

Ey qəhrəman! Sən indi cənnətin qərin səfasındasan. Vətən uğrunda etdiyin fədakarlıqlar, qazandığın niknamlar hər tərəfdən gözəl mələklər surətində səni istiqbal edirlər.

. Get! Heç bir əsrdə məsləki-həqiqin olan hürriyyətin bu sədayi-dilnişini əfradi-millətin qulaqlarından çıxmayacaqdır”.

Fikrimizcə, Məmməd Səid Ordubadi “Vətən və hürriyyət” kitabının finalında bu nitqi təqdim etməklə poemada təbliğ etdiyi “Vətən yolunda başdan keçmək” ideyasının arxasında yaşayan əbədiyyəti xalqa çatdırmaq istəmişdir. Bu, həm də Məmməd Səid Ordubadinin gələcək əsərlərində daha çox nəzərə çarpan tarixi hadisələrdən və məlumatlardan yaradıcı şəkildə istifadə ənənəsinin başlanğıcıdır. Cavad xanın arvadı Bəyimxanımın nitqi “Vətən və hürriyyət” kitabında Məmməd Səid Ordubadinin Azərbaycan xalqına xitabı idi. “Vətən və hürriyyət” adlanan bir kitab ümumiləşdirilmiş müəyyən bir nəticə ilə deyil, hürriyyətpərəstlik nümunəsi olan mənalı bir xitabla bitəndə daha təsirli olur. Məmməd Səid Ordubadi də vətənə və hürriyyətə həsr etdiyi kitabını belə bir mənalı sonluqla tamamlamaqla istedadlı ədib olaraq da orijinallıq nümayiş etdirmişdir.

Məmməd Səid Ordubadinin XX əsrin başlanğıcında meydana çıxmış “Vətən və hürriyyət” şeirləri Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış milli ideyaya malik təsirli, qüvvətli əsərlərin əvvəlincilərindəndir. Bu kitab Məmməd Səid Ordubadinin əsrin özünü ədəbiyyatın sözünə çevirmək istedadının nümunəsidir. “Qəflət”dən “Vətən və hürriyyət”ə keçid cəmi bir il çəksə də, bu kitab Məmməd Səid Ordubadinin ümummilli ideallara xidmət edən, milli istiqlal ideyasını və vətəndaşlıq cəsarətini önə çəkən mübarizə ruhlu ədəbiyyatın layiqli yaradıcılarından biri olduğunu təsdiq etmişdir. Fikrimizcə, Məmməd Səid Ordubadi “Vətən və hürriyyət” şeirlər kitabı ilə ədəbiyyat tarixində öz yerini müəyyən etmək, özünəməxsus iz salmaq imkanı qazana bilmişdir.

Məşhur “Molla Nəsrəddin” jurnalı “Vətən və hürriyyət”in müəllifinin milli istiqlalı tərənnüm edən şeirlərdən istiqlal uğrunda mübarizəyə həsr olunmuş ictimai satiraya keçidi üçün mühüm sənət körpüsünə çevrilmişdir. Ədib əsasən “Molla Nəsrəddin” jurnalında və XX əsrin əvvəllərində çap olunan digər mətbuat orqanlarında təxminən dörd mindən çox şeir və felyeton çap etdirmişdir. O, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin, bu böyük sənət cəbhəsinin ən görkəmli və fəal üzvlərindən biri idi. Həyatının müəyyən dövründə Cəlil Məmmədquluzadə ilə aralarında müəyyən fikir ayrılığının olmasına baxmayaraq, Məmməd Səid Ordubadi ardıcıl olaraq, axıradək “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi realist-satirik ədəbiyyatın, sənətdə tənqidi-realist düşüncənin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. “Biz ona xatircəm idik və bilirdik ki, bu məcmuə yaşayacaqdır” – deyən Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” məktəbi zəminində yetişib formalaşmış, lakin Azərbaycan romançılığı sahəsindəki xidmətləri ilə ədəbiyyatda böyük şöhrət qazanmışdır. Bununla belə, “Qəflət”, “Vətən və hürriyyət” kitablarındakı vətənpərvərlik ruhunda yazılmış şeirlər geniş mənada Məmməd Səid Ordubadinin böyük ədəbiyyata gəlişinin ilkin qüvvətli ədəbi tezisləri kimi mühüm əhəmiyyət kəsb edir. Axtarsaq, yazıçının sonrakı yaradıcılıq yolunda müxtəlif janrlarda meydana çıxan əsərlərində həmin qüvvətli motivlərdən yaradıcı şəkildə istifadə olunmuşdur. Əslində Məmməd Səid Ordubadinin yaradıcılığı bütövlükdə “Vətən və hürriyyət” ladı üstündə köklənmiş böyük ədəbiyyat nümunəsidir.

Qeyd etdiyimiz kimi, Məmməd Səid Ordubadi ömrünün axırınadək həmişə şeir yaradıcılığını davam etdirmişdir. Hətta müxtəlif vaxtlarda “Mollanın yuxusu” (1927), “Kənd alverçisi” (1929), “Şeirlər” (1929), “Köhnə adamlar” (1930), “Mənim şeirlərim” (1930), “Din əleyhinə şeirlər” (1937), “Seçilmiş şeirlər və hekayələr” (1950) adlı kitablarında onun satirik şeirləri və mənzum hekayələri toplanılmışdır. Bununla belə, sovet hakimiyyəti illərində Məmməd Səid Ordubadi əsasən satirik şeirlər yazmağa meyl göstərmiş, satiradan ideoloji vasitə kimi faydalanmışdır. Onun yaradıcılığında şeir tədricən ikinci plana keçirilmişdir. Böyük ədib Azərbaycan ədəbiyyatında böyük tarixi romançı kimi şöhrət qazanmışdır. Vətən və hürriyyət motivi Məmməd Səid Ordubadinin bədii nəsrində də möhkəm yer tutumuş və daha da inkişaf etdirilmişdir.

Məmməd Səid Ordubadinin “Qəflət”, “Vətən və hürriyyət” kitablarından bəzi parçaları oxuculara təqdim edirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.