Press "Enter" to skip to content

Xanlıqlar dövrü sosial hyat

Qasım Hacıyev: Dərsliklər daim təkmilləşir, yeniləşir, amma təəssüf ki, yenə də çatışmazlıqlar qalır. Mən orta məktəblər üçün “Qarabağ tarixi” adlı dərs vəsaiti hazırlamışam, böyük tirajla Azərbaycan və rus dillərində nəşr edilib. Düzü, müəllimlər razılıq edirlər.

Azərbaycan 18-ci əsrdə. Azərbaycan xanlıqları

XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Türkiyə qarşıdurması yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiyanın bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Türkiyənin həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin — İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. Nəticədə, 1724-cü ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Türkiyə və İran arasında gedən yeni mübarizələrin obyektinə çevrildi. 1732-ci ildə Rəşt şəhərində bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiya, Osmanlı imperiyası ilə müharibə təhlükəsi meydana çıxdığından, 1723-cü ildə öz tərkibinə aldığı Gilan, Mazandaran və Astarabad əyalətlərini İrana qaytardı. 1735-ci il Gəncə müqaviləsinin — traktatının şərtlərinə görə Türkiyə ilə müharibəyə hazırlaşan Rusiya Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarından da İranın xeyrinə əl çəkdi. Bu müqavilələr Azərbaycan ərazisinin müxtəlif hissələrə bölünməsinə zəmin yaradırdı.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini — Vərənd, Çilaberd,Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslindən Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. Həmin tədbirlər ölkənin tarixi-siyasi coğrafiyası baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun dövründə baş vermiş sonrakı hadisələr Azərbaycanın parçalanmasına gətirib çıxardı. Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi və üstəlik ona Kartli ərazisindən Araqv mahalını və əvvəllər Gəncə bəylərbəyliyinin tərkibində olan Borçalı və Qazax mahallarını verdi. Bilindiyi kimi, XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Borçalı isə indiyə kimi Kaxetiyanın tərkibində qalmaqda davam edir. Digər tərəfdən, Nadirin öldürül-məsindən sonra (1747) onun dövləti süquta uğradı və bundan əlavə, ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi.
Ümumiyyətlə götürüldükdə, XVIII əsrin I yarısında Azərbaycanın siyasi həyatı çox rəngarəng olmuş və bu dövr tarixi-siyasi coğrafiya baxımından aşağıdakı səciyyəvi cəhətlərə ma-likdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə İran əsarətindən azad olub müstəqilliyə nail olsa da, osmanlı Türkiyəsinin nominal asılılığında qalırdı.
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Türkiyə ilə Rusiya arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Qarabağ məliklikləri Gəncə ərazisinə tabe edilmişdi;
8. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən Kaxetiya çarı Teymuraza verilmişdir;
9. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan 30 hissəyə ayrılmışdır.
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən onun heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri — xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır; Azərbaycan öz daxili birliyini, vahidliyini itirir, feodal çəkişmələrinin, ara müharibələrinin meydanına çevrilir. Son nəticə isə çox acınacaqlı olur: daxili feodal çəkişmələrindən istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olurlar və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxmini hesablamalara görə 380.000 kv.km. idi. Bilindiyi kimi, səfəvilər dövrü Azərbaycanı daha çox ərazini (təx. 400.00 kv. km) əhatə etmişdir. Xanlıqlar dövrü kimi tanınan həmin dövrdə, daha doğrusu XVIII əsrin 40-cı illəri — XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir. Onların çox az bir qismi əvvəllər mövcud idisə, əksəriyyəti əsrin ortalarında təşəkkül tapmış, bəzisi uzun müddət (hətta 1922-ci ilədək), bəzisi isə qısa müddətdə (30 ildən artıq) fəaliyyət göstərmişdir. Sonralar tarixi ədəbiyatda Azərbaycanın Cənub və Şimal xanlıqları kimi tanınan həmin feodal dövlətləri barədə qısa məlumatın şərhi onların ərazisini, hüdudlarını, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməyə imkan verir. Bununla bərabər tarixi ədəbiyyatda Azərbaycan xanlıqlarının ərazisi barədə müxtəlif, həm də bir-birindən fərqli məlumatlar mövcuddur. Çoxcildlik «Azərbaycan tarixi»ndəki (III cild) məlumatın və xəritənin daha elmi olduğunu nəzərə alaraq xanlıqların ərazisinin və hüdudlarının həmin məlumata uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycanın cənub xanlıqları

  • Təbriz xanlığı(XVIII əsrin ortaları — 1780) Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
  • Ərdəbil xanlığı(1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Əsası şahsevən tayfa başçısı Bədir xan tərəfindən qoyulmuşdur. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
  • Marağa xanlığı(1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə sərhədlənirdi. Mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə İran qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
  • Maku xanlığı(1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Maku əyaləti Çuxur-Səəd bəylərbəyliyinə tabe olan yarımmüstəqil sultanlıqlardan ibarət idi və bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığı ən uzun fəaliyyət göstərmiş xanlıqdır. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
  • Qaradağ xanlığı(1748-1813) Kazım xan tərəfindən təsis edilmişdir. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Əhər şə-həri olmuşdur. Tərkibinə 18 mahal daxil idi (Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzüm-dil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qara curru, Do-dangə, Çardangə, Diklə, Bədbostan, Horat). Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmmədşah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
  • Sarab xanlığı(1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
  • Xoy xanlığı(1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Türkiyə ilə sərhədlənmişdi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Mərkəzi Xoy şəhəri idi. Əsasını dümbülü tayfa başçıları qoymuşlar. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
  • Urmiya xanlığı(1747- 1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Kürdüstan və Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. İnzibati baxımdan Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünmüşdü. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İran taxtına çıxan Fətəli şahın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.

Azərbaycanın şimal xanlıqları

  • Qarabağ xanlığı(1748-1822) Kür və Araz çayları arasında mövcud olmuşdur. Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünmüşdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşad, Qafan, Qaraçarlı və s.). Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş,Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir. Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən olmuşdur.
  • Şəki xanlığı(1743-1819) Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdur. Mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala — Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə rəsmən Rusiyaya birləşdirilmişdi və 1819-ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
  • Quba xanlığı(1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşur. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Gülhan, Altıpara, Doqquzpara, Şabran və s. torpaqlar Quba xanlığının mülkləri idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu və Quba əyalətinə çevrildi.
  • Bakı xanlığı(1747-1806) Abşeron yarımadasında mövcud idi və onun tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə sərhədə malik idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını 1 Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ilin oktyabrın 3-də Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
  • Dərbənd xanlığı(XVIII əsrin ortaları — 1806) Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə sərhədlənirdi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Xanlığın ərazisi, xüsusilə Dərbənd şəhəri əlverişli coğrafi-strateji mövqedə yerləşirdi. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
  • Gəncə xanlığı(XVIII əsrin ortaları — 3.01.1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkür və Ayrım mahallarına bölünmüşdü. Banisi ziyadoğlular nəslindən II Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
  • Irəvan xanlığı(XVIII əsrin ortaları — 1828) Ararat düzənliyini, Göycə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi İrəvan şəhəri idi. İnzibati baxımdan 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göycə. Təsisçisi Həsənəli xan olmuşdur. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
  • Lənkəran (Talış) xanlığı(XVIII əsrin ortaları — 1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə hüdudlanmışdı. Mərkəzi əvvəl Astara, sonra Lən-kəran şəhərləri olmuşdur. Tərkibində 11 mahal — Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi Lənkəran, Driğ, Uluf, Dəştvənd (Ərkivan), Ucarud və Səfidəşt mahalları vardı. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
  • Naxçıvan xanlığı(1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Tərkibində Naxçıvan, Əlincəçay, Mavazıxatın, Dərələyər və s. mahallar vardı. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir.Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
  • Salyan xanlığıson vaxtlara qədər «Salyan sultanlığı» kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Talış xanlığı ilə sərhədlənirdi.
  • Cavad xanlığı(XVIII əsrin ortaları — 1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Cavad şəhəri (iki çayın birləşdiyi yerdə) olmuşdur. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
  • Şamaxı xanlığı(1748-1820) Bakı, Quba, Şəki, Qarabağ,Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Əsasını Hacı Məhəmməd xan qoymuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın nüfuzuna düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınır. Bir müddət Şamaxı xanlığı ərazisində 2 xanlıq — mərkəzi Ağsu olan Yeni Şamaxı və mərkəzi Şamaxı olan Köhnə Şamaxı fəaliyyət göstərmişdir.
  • Qazax sultanlığıAzərbaycanın şimal-qərbində mövcud olmuş və səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində idi. Qazax sultanlığında qazax (qazaxlar) tayfası yaşayırdı. Onlar bu ərazidə irsi hakimiyyətə malik idilər. Qazax sultanlığı Nadir şah tərəfindən Kartli çarı Teymuraza verilmiş, sonralar bir müddət Şəki xanlığının tərkibində olsa da (1752) əsrin sonlarında gürcü çarı II İraklinin vassallığına keçdi və 1801-ci ildə Gürcüstanın tərkibində Rusiyaya birləşdirildi. Sultanlıq 1819-cu ildə ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
  • Şəmşəddil sultanlığıZəyəm mahalı və ondan qərbdəki ərazilərdə — sonralar Şəmşəddil mahalı adlanan ərazidə mövcud olmuşdur. Həmin ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə sultanlıq Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi. Sonralar onun ərazisi Qazax ilə birləşdirildi və Qazax-Şəmşəddil sultanlığı adlandı və bu tərkibdə Rusiyaya ilhaq edildi (1801, Gürcüstanın tərkibində). 1819-cu ildə ləğv olundu və Şəmşəddil məntəqəsinə çevrildi.
  • Ərəş sultanlığıtəqribən indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilmiş və 1795-ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığına qatılmışdır.
  • Qəbələ sultanlığıAzərbaycanın şimalında mövcud olmuş, onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil idi. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanırdı və mahal Şəki xanlığının naibləri tərəfindən idarə olunmuşdur.
  • Ilisu sultanlığıXVI əsrin II yarısından — XIX əsrin ortalarına kimi (təx. 300 il) fəaliyyət göstərmişdir. Mərkəzi İlisu (Qax rayonunda) idi. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənubi-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. Əhalisi azərbaycanlılar, saxurlar, avarlar, muğallar, yengiloylar və s. ibarət idi. 1807-ci ildə Rusiyaya birləşdirildi və 1830-cu ildə Car-Balakən inzibati dairəsinə qatıldı. Daha sonralar (1840-cı illərdə) İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi və nəhayət, 1844-cü ildə sultanlıq ləğv olundu.
  • Car-Balakən camaatlığı —Azərbaycanın şimali-qərbində ata xətti ilə qohum nəsillərdən -toxumlardan olanların ittifaqından ibarət idi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil idi. Camaatlıq 1803-cü ildə Rusiyaya birləşdirildi və ərazisində Car-Balakən vilayəti təşkil olundu.
  1. Dizaq məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının vassalı idi. 1813-cü ildə Qarabağın tərkibində Rusiyanın nüfuzuna keçirilmişdir.
  2. Vərəndə məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmışdı və səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil idi. XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir.
  3. Xaçın məlikliyihələ XII əsrdə Qarabağın dağlıq hissəsində yaranmışdı və yerli alban hakimləri tərəfindən idarə olunurdu. Səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Xaçın məlikliyi XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir və 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya birləşdirilir.
  4. Gülüstan məlikliyiXVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. Sə-fəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olundu.
  5. Crabert (Carabert, Cerabert, Çilləbürt) məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal hakimliyi idi. Mərkəzi Crabert qalası olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında Qarabağ xanlığının vassalına çevrilmişdir və sonuncunun tərkibində Rusiyaya ilhaq edilmişdir (1813).

Xanlıqlar dövrü sosial hyat

Bakı xanlığı XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranan feodal dövlətlərdən biri idi. Səfəvilərin son hakimiyyət dövrlərində Bakı və onun ətrafı “ölkə” kimi, sultan titulu daşıyan irsi hakimlər tərəfindən idarə olunurdu. XVIII əsrin 20-ci illərinin əvvəllərində Bakı sultanı Məhəmmədhüseyn bəy idi. 1722-ci ildə rus çarı I Pyotr böyük ordu ilə Azərbaycana hücum edərkən Məhəmmədhüseyn bəy şəhəri ruslara təslim etməkdən imtina edərək müqavimət göstərmişdi. 1723-cü ilin iyulun sonlarında general Matyuşkinin başçılıq etdiyi rus qoşunları gəmilərlə şəhərə yaxınlaşıb onu top atəşinə tutdular və 4 günlük mübarizədən sonra qala təslim edildi. Şəhər ruslar tərəfindən zəbt edildikdən sonra sultan Məhəmmədhüseyn bəy və dörd qardaşı həbs olunub, əvvəlcə Həştərxana, oradan da Roqaçevskə sürgün edildilər. Şəhərin idarəsi komendant vəzifəsinə təyin olunan rus zabiti briqadir Baryatinskiyə həvalə edildi. Bakının alınması münasibətilə Peterburqda atəşfəşanlıq təşkil edildi.

1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt etdikdən sonra Bakı xanlığı Rusiyanın asılılığından tamamilə qurtuldu. Nadir şah 1747-ci ildə qətlə yetirildikdən sonra Mirzə Məhəmməd xan Bakı əhalisi içərisindəki nüfuzundan istifadə edərək şahın təyin etdiyi hakimi şəhərdən qovdu və özünü müstəqil hakim elan etdi. Bakı xanlığı uzunluğu 75, eni isə ən çoxu 30-40 verst olan çox da böyük olmayan bir ərazini – bütün Abşeron yarımadasını əhatə edirdi. Şimaldan, şərqdən və cənubdan Xəzər dənizi ilə əhatə olunan xanlıq şimal-qərbdə Quba, cənub-qərbdə isə Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın paytaxtı qədim Bakı ikiqat daş divar ilə əhatə olunmuşdu. Divarlarda 40-dan artıq mortir adlandırılan toplar qoyulmuşdu.

Bakı. Qravür. 1770

Şəhərdən 40 verst aralıda gözətçi qüllələri və istehkamlar vardı. Şəhərin cənub hissəsində yerləşən Qız qalası gözətçi postu olmaqla yanaşı, həm də gəmilər üçün mayak rolunu oynayırdı. Siyasi və mühüm iqtisadi mərkəz olmasına baxmayaraq Bakı şəhərində əhali az idi. 1796-cı il məlumatına görə Bakı şəhərində və xanlığa daxil olan kəndlərdə cəmi 1820 ev var idi, hər evdə 5 nəfər yaşadığını əsas götürülsə, xanlıqda təqribən 9 min nəfərdən bir qədər çox əhalinin yaşadığı məlum olur. Şəhər inzibati cəhətdən 4 hissəyə bölünmüşdü və hər hissə öz kəndxudası tərəfindən idarə olunurdu. Xanlıqda 39 kənd və oba var idi: Güzdək, Qobu, Hökmalı, Xırdalan, Hacı Həsən, Biləcəri, Saray, Masazır, Novxanı, Corat, Fatmayi, Binəqədi, Göradil, Kürdəxana, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Buzovna, Şağan, Mərdəkan, Qala, Zirə, Türkan, Digah, Əmircan, Suraxanı, Bülbülə, Ramana, Sabunçu, Zabrat, Balaxanı, Əhmədli, Keşlə, Kürkənd kənləri və dörd oba – Pirəkəşkül, Hovsan, Şığ və Məhəmmədi obaları vardı. Kəndlərdən ən irisi Maştağa idi. Sonrakı yerləri Qala, Balaxanı, Novxanı və Buzovna tuturdu.

Bakı xanlığı əhalisinin böyük hissəsini Azərbaycan türkləri təşkil edirdi. Burada həmçinin vaxtilə sasanilər və daha sonralar I Şah Abbas tərəfindən köçürülmüş irandilli tatlar da yaşayırdı. Şəhərdə XVIII əsrin I yarısında Bakı rus hakimiyyəti altında olarkən ruslar tərəfindən bura köçürülmüş 40 erməni ailəsi və çox cüzi miqdarda yəhudi yaşayırdı. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xandan (1747- 1768) sonra hakimiyyətə oğlu Məlik Məhəmməd xan (1768-1784), onun yerinə oğlu II Mirzə Məhəmməd xan (1784-1791) gəlmişdir. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə etmişdir.

Bakı. Rəssam Qavril Sergeyev. 1796

Bütün inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyəti xanın əlində cəmlənmişdi. Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardı. Bakı xanlığında dövlət aparatı da çox kiçik idi. Xanın yaxın köməkçisi vəzir idi. Naib vəzifəsi də vardı. Naiblərin tabeçiliyində kəndxudalar və yüzbaşılar var idi. Bakı şəhərində qalabəyi, darğa və başqa vəzifələr də var idi. Qalabəyi şəhərin komendantı olmaqla yanaşı, həm də polis funksiyasını yerinə yetirərək şəhərdəki asayişə nəzarət edirdi.

Xanlıqda münbit torpaqlar yox dərəcəsində idi, ancaq faydalı qazıntılarla zəngin idi. Bakı hələ qədimdən öz nefti ilə məşhur idi. Əsas neft quyuları Balaxanı, Suraxanı kəndlərində və Bibi-Heybətdə idi. Pirallahı adasında da neftin olması haqqında məlumat var idi. Qaynaqların məlumatına görə XVIII əsrin sonunda Abşeronda 100-dən artıq qara neft və 15 ağ neft quyusu vardı. Abşeronda ildə təqribən 240 min pud qara və 8 min pud ağ neft çıxarırdılar. Bakı xanlığında digər mühüm gəlir sahəsi duz hasilatı idi. Masazır, Zığ, Qala və Balaxanı göllərindən duz toplanırdı. Duzu digər xanlıqlara, hətta Rusiya və İrana ixrac edirdilər. Yalnız Masazır gölündən ildə 150 min pud keyfiyyətli duz əldə edilirdi. Xanlığın bir çox kəndlərində dünyada nadir bitki olan zəfəran yetişdirilirdi. İldə 100-dən 400-500 puda qədər zəfəran istehsal olunurdu. Xanlığın demək olar ki, bütün kəndlərində üzümlüklər və bağlar vardı. Xanlığın dəniz sahilində yerləşən kəndlərində balıqçılıq mühüm məşğuliyyət sahəsi idi. Bakı və onun ətrafındakı kəndlərdə sənətkarlıq inkişaf etmişdi. Əhali dəmirçilik, boyaqçılıq, dərziçilik, başmaqçılıq. papaqçılıq, çəkməçilik, çilingərlik, malakeşlik, daşyonan və bir çox başqa sənət növləri ilə məşğul olurdu. Toxuculuq, xüsusən də xalçaçılıq daha çox inkişaf etmişdi. Bülbülə, Əmircan və Suraxanı xalçaları daha çox məşhur idi. Bakıda pul zərrəbxanası da var idi. Zərgərlik, saxsı qablar istehsalı da inkişaf etmişdi.

Bakı o zaman Azərbaycanda yeganə gəmiqayırma mərkəzi idi. Lazım olan ağac məmulatı əsasən Quba və Talışdan gətirilirdi. Başlıca olaraq kiçik gəmilər – kirjimlər və sandallar inşa olunurdu. Xanlığın xarici ticarəti iki yolla – quru və dəniz yolu ilə aparılırdı. Digər Azərbaycan xanlıqları ilə, eləcə də Türkiyə və Gürcüstanla ticarət başlıca olaraq karvan yolları ilə aparılırdı. Rusiya ilə və qismən Şimali İranla ticarət isə dəniz yolu ilə həyata keçirilirdi. Bakı xanlığında əsas mübadilə vasitəsi yerli abbası idi. Lakin xarici pullar da işlənirdi. Bakı xanları ilə rus tacirləri və hakimiyyət orqanları arasında gömrük məsələlərində tez-tez ixtilaflar yaranırdı.

Hakimiyyət uğrunda çəkişmələr Bakı xanlığını getdikcə zəiflədirdi. Fürsətdən istifadə edən II Yekaterina hökuməti 1795-ci ilin payızında Bakı xanlığını himayəyə qəbul etmək haqqında qərar qəbul etdi. Lakin bu zaman Ağa Məhəmməd xan Qacar artıq Şimali Azərbaycanda olduğundan Bakı xanlığının Rusiya himayəsinə alınması baş tutmadı. Buna baxmayaraq Rusiyanın yardım edəcəyinə arxalanan Hüseynqulu xan Ağa Məhəmməd xan Qacara tabe olmaqdan imtina etdi.

General Valerian Zubov

1796-cı ilin iyun ayında rus qoşunları Bakıya yaxınlaşdığı zaman Hüseynqulu xan əvvəlcə müdafiə olunmaq istədi, lakin sonra müqavimətin əbəs olduğunu anlayıb general Zubovun Gilgilçaydakı qərargahına getdi və qala qapılarının açarlarını təqdim etdi. Hüseynqulu xanı qəbul edən Zubov ona bahalı xəncər bağışladı. Rus qoşunları Bakı şəhərinə daxil oldular. Rus hökuməti Bakını öz ordusunun təchizat bazasına çevirmək niyyətində idi. Dərhal Bakı limanının möhkəmləndirilməsinə başlanıldı. 1796-cı ilin noyabrında II Yekaterinanın vəfatı ilə əlaqədar rus qoşunları Azərbaycanı, o cümlədən Bakını tərk edərkən bir sıra qarətçi xarakterli hərəkətlərə yol verdilər. Belə ki, cavan oğlanlar və qızlar əsir kimi aparılmış, Bakının neft anbarlarında saxlanan 1500 xalvar neft yandırılmış, əhalidən müvəqqəti istifadəyə götürülmüş mis və digər məişət əşyaları geri qaytarılmamış, bir sözlə şəhər sakinlərinə böyük zərər yetirilmişdi.

1803-cü ildə rus hökuməti general Pavel Sisianovun şəxsində Azərbaycanı işğal etməyə başladıqda ən önəmli yerlərdən biri də Bakı xanlığı idi. Dinc yolla Bakı xanlığını itaətə gətirməyə nail olmayan Sisianov hərbi qüvvədən istifadə etmək qərarına gəldi. 1805-ci il avqustun 12-də rus eskadrası Bakı buxtasına daxil oldu. İki gündən sonra dənizdən, sonra isə qurudan Bakı top atəşinə tutuldu. Lakin bakılılar mərdliklə müdafiə olunurdular. 1805-ci il noyabrın sonunda Sisianov özü 1663 nəfər və 10 topdan ibarət qüvvə ilə Gəncədən Bakı istiqamətində hərəkət etdi. Sisianov 1806-cı il yanvarın 30-da Bakıya yaxınlaşdı. Rus qüvvələrinə qarşı açıq mübarizədə duruş gətirməyin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan hiylə işlətmək qərarına gəldi. O, məktub göndərərək Rusiya hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Sisianov xana inanıb şəhəri təslim şərtlərini podpolkovnik Elizbar Eristovla xanın yanına göndərdi və Hüseynqulu xan qala açarlarını hörmətli şəhər ağsaqqallarının vasitəsilə ona verəcəyini bildirdi.

General Pavel Sisianov

1806-cı il fevralın 8-i səhər çağı Sisianov 200 nəfərin müşayiəti ilə qala divarlarından yarım verst məsafədə olan su quyusuna yaxınlaşdı. Bura gələn Bakı ağsaqqalları qala qapılarının açarlarını və duz-çörəyi Sisianova təqdim edib göstərdiyi müqavimətə görə xanı bağışlamasını xahiş etdilər. Duz-çörəyi qəbul edən Sisianov açarları qaytarıb onları Hüseynqulu xanın özünün ona təqdim etməsini tələb etdi. Hüseynqulu xan öz əyanlarının müşayiəti ilə qaladan çıxdı və açarları generala təqdim etdi. Açarlar təqdim olunarkən qəflətən Sisianov və onu müşayiət edən Eristov xanın yanındakı iki şəxs tərəfindən tapançadan açılan atəşlə qətlə yetirildilər. Xanın əmisi oğlu İbrahim bəy Sisianovu, Seyid bəy və Əmir Həmzə isə Eristovu qətlə yetirdi. Komandanın öldürülməsi rus qoşunları içərisində çaşqınlıq və vahimə yaratdı. Rus qoşunu əvvəlcə Sarı adasına çəkildi, oradan da Qızlara getdi. Bakıya ilk ekspedisiya uğur gətirməsə də, rus hökuməti sakitləşmək niyyətində deyildi. Hökumət 1806-cı ilin yayında Bakını tutmaq üçün yeni ekspedisiya təşkil etmək əmrini verdi. Yolüstü Dərbəndi və Qubanı alan rus qoşunu 1806-cı il oktyabrın 3-də Bakıya yaxınlaşdı. Xeyli üstün düşmən qüvvələrinə müqavimətin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan şəhəri tərk edib ailəsi ilə birlikdə Qacarlar dövlətinə sığındı. Bakı bu dəfə döyüşsüz alındı, xanlıq ləğv edildi və komendant tərəfindən idarə olunan əyalətə çevrildi. 1813-cü il Gülüstan müqaviləsinə əsasən Bakı xanlığının Rusiya tərəfindən ilhaqı rəsmiləşdirildi. Sonralar Bakı xanlığını bərpa etmək cəhdləri uğursuzluqla nəticələndi. 1918-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edənədək Bakı şəhəri Rusiyanın tabeçiliyində qaldı.

İstifadə edilmiş ədəbiyyat:
Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı: Victori NPM, 2011, s. 154-166.

XANLIQLAR DÖVRÜ

Şahin Fazil: Xanlıqlar dövrü Azərbaycan tarixində çox işlənmiş mövzulardandır. Təbii ki, yeni materiallar əldə olunur, yeni sənədlər üzə çıxarılır və müvafiq olaraq xanlıqlar dövrü də başqa dövrlər kimi öyrənilir. Azərbaycan torpağı tpçox qanlar tökülmüş bir torpaqdır. Ən qanlı dövrlərdən biri elə xanlıqlar dövrüdür. Çünki özümüz öz qanımızı tökmüşük. Qacarlar sülaləsi zəifləməkdə idi, ruslar da bundan istifadə edərək, hücum edib gəldilər. Bundan sonra Rusiya-Türkiyə, Rusiya-İran müharibələri, mərkəzi hökumətin zəifləməsindən sonra xanlıqların yaranması… Xanlıqlar mərkəzdənqaçma qüvvəsi sayəsində meydana gəldi. Xanlıqlar dövründə həm də Azərbaycan torpaqları parçalandı. Yəni mərkəzdənqaçma qüvvələri fəaliyyətə başladılar. Arazın həm şimalında, həm də cənubunda xanlıqların yaranması üçün meydan açıldı. Müxtəlif zadəganlar, varlı tayfalar müstəqil xanlıq olmaq iddiasını irəli sürməyə başladılar. Təbii ki, vahid hakimiyyət dövründə bir o qədər də çox qan tökülmür. Elə ki, ayrılırlar, müharibələr başlanır, qanlar tökülür. Məsələn, Quba xanı Fətəli xan çox əzazil bir adam idi. Əslində əzazil olmamaq da mümkün deyildi. Hakimiyyətin başında “sərt əl” sahibi durmasa, o şəxs tez bir zamanda aradan götürülür. Fətəli xan, Məhəmmədsəid xan, Səlim xan güclü xanlar idi və bir-biri ilə rəqabət aparırdılar. Xanlıqlar kiçik dövlətlər idi və bütün dövlət atributları var idi. Hər bir xan başqasının ərazisi hesabına öz dövlətini genişləndirməyə çalışırdı. Bu yolda da heç nədən çəkinmirdilər. Bir-birilərini qırıb, çatırdılar. Tutaq ki, Şamaxıya hücum edən Fətəli xan 1000-2000 nəfəri Qubaya köçürürdü. Yaxud Şamaxı xanı Məhəmmədsəid xan imkan əlinə düşən kimi başqa xanlığın torpaqlarını zəbt etməyə çalışırdı. Bu qəsbkarlıq siyasəti isə əvvəl-axır öz başlarında çatlayırdı. Nəticədə isə xalq əzilirdi. Ona görə də düşünürəm ki, hər bir dövlətdə mərkəzləşmə əsas şərt olmalıdır.

Qasım Hacıyev: Böyük tarixçimiz, gözəl müəllimimiz Şahin müəllimin fikirləri ilə mən də şərikəm. Bu gün müzakirəyə çıxardığınız mövzu çox maraqlıdır. Bəri başdan deyim ki, tarix elmində heç bir mövzuya son qoymaq olmaz. Araşdırmalar davam etməlidir, yeni sənədlər, yeni fikirlər ortaya çıxdıqca yeni əsərlər də meydana çıxacaq, tədqiqatlar da aparılacaq. Qarabağ xanlığı ən böyük xanlıqlardan idi. Həm də ən çox öyrənilən xanlıqlardandır. Bir çox alimlər bu barədə kitablar yazıb, dissertasiyalar müdafiə olunub. “Qarabağnamə”lər çar Rusiyası dövründə yazılsa da, ən yaxşı mənbələrdəndir. Düzdür, onlarda çatışmayan cəhətlər, tənqidi nəticələr də çıxarılır, amma hər halda o dövrki tarixi öyrənmək üçün böyük bazadır. Qarabağ xanlığının taleyi çox mürəkkəbdir. Xanlıqların yaranması ümumiyyətlə, Azərbaycan dövləçiliyinin uçuruma yuvarlanmasının başlanğıcıydı. Xanlıqlara qədər Azərbaycanda böyük dövlətlər, imperiyalar yaranmışdı. Bəlkə də Azərbaycan dövlətçiliyinin ən dəhşətli günləri xanlıqlar dövrü idi. Düzdür, bu feodal dövlətlərin də Azərbaycan dövlətçiliyində öz yeri var, amma onu nə qədər cilalasaq da, Azərbaycanın faciəli dövrü olduğunu deməyə bilmərik. Qardaş-qardaşını qırdı, əmioğlu əmisi oğluna düşmən oldu. Hətta bizimlə düşmən olanlarla da ittifaq qurub, bir-birinə qarşı ədavətini davam etdirirdilər. Gəncə xanlığı Sisianov qarşısında təklənəndə, heç bir xanlıq müdaxilə etmədi, ona köməyə getmədi. Böyük qüvvə ilə Azərbaycanın üzərinə gələn Rusiyaya qarşı xanlıqlar birləşərək çıxsaydılar, bəlkə də onun qarşısını ala bilərdilər. Beləcə təklənərək hamısı işğal olundu. Qarabağ xanı ağıllı, müdrik insan idi. Amma həmin dövrdə Rusiyanın xəyanətkarlığını əvvəlcədən düşünə bilməyəcək qədər yaşlanmışdı. Üstəlik İran imperiyasından da yaxşı bir gün görməmişdilər. Ona görə də Qarabağ xanı, xanlığın başbilənləri tərəddüd keçirirdilər. Nəhayət, 1805-ci ildə Kürəkçay müqaviləsi imzalandı və beləliklə, Qarabağın tarixi taleyi həll olundu. Çünki Rusiya bağladığı müqavilələrdə daim imperiyapərəst siyasətdən çıxış edirdi. İbrahim xanın 18 nəfərlik əyalı ilə bir yerdə qətlə yetirilməsi, 1823-cü ildə isə xanlığın ləğv edilməsində də bu özünü göstərdi. Ən dəhşətli hadisə isə Qarabağa ermənilərin köçürülməsi oldu. Bəlkə də elə faciələrin ən böyüyü elə bu idi. Çünki bu hadisə elə bu gün də bizim ən böyük problemimizdir. “Kürəkçay müqaviləsi”, onun ardınca bağlanmış “Gülüstan müqaviləsi” və “Türkmənçay müqaviləsi” həm xanlıqların, həm də Azərbaycan tarixinin taleyində ən ağır hadisələr idi. Nəticə etibarilə bu müqavilələr azərbaycanlıların öz torpaqlarından sıxışdırılıb çıxarılmasına, həmin ərazilərdə ermənilərin yerləşdirilməsinə və onlar üçün yaxşı şərait yaradılmasına səbəb oldu.

Fuad Babayev: Şahin müəllim xanlıqlar dövrünü Azərbaycanın ən ağrılı dövrü kimi səciyyələndirdi. Qasım müəllim isə ən böyük problemimimizin – “erməni probleminin” özülünün məhz həmin dövrdə qoyulduğunu vurğuladı. Nazim müəllim, Sizi dinləyək.

Nazim Mustafa: Xanlıqlarla bağlı sovet dövrü tarixçilərinin üzü qaradır. Çünki “Azərbaycan xanlıqları” kitabı buraxılıb, amma İrəvan xanlığı yoxdur. Dəməli, günah özümüzdə olub. Məgər biz yazmışıq, ermənilər mane olub? Sovet dövründə “İrəvan şəhərinin tarixi” kitabı buraxılıb. Ermənilər istədikləri məqamların hamısını doldurublar oraya. Qriqoryanın “İrəvan xanlığı (1781-1900-cü illər)” kitabı çıxıb. Bizimkilər isə sovet dövründə İrəvanın ərazisini ermənilərin ərazisi hesab ediblər. Mövzu ermənilərin inhisarında olub, bizimkilər isə o əraziyə girməyə cəsarət etməyiblər. İndi biz müstəqil dövlətik və bu mövzu da tədqiqata cəlb olunub. Tarix İnstitutunun bu mövzuda buraxdığı kitab Dövlət mükafatına layiq görülüb. Elektron variantı da saytlarda var. Yəni bu işlərə başlanılıb. Amma mənə elə gəlir ki, yalnız İrəvan xanlığı dövrü deyil, ona qədərki dövr də ciddi araşdırılmalıdır. Məsələn, Şahin müəllimin tərcümə etdiyi “Dünyanı bəzəyən Abbasın tarixi”ndə İrəvanla bağlı çox böyük məqamlar var. Bunlar hələ bizim tarixşünaslığımızda tədqiqata cəlb olunmayıb. Kimlərinsə məqalələrində bir epizod kimi ola bilər, amma tarixşünaslığın problemi şəklində öz həllini tapmayıb. Təkrar edirəm, Tarix İnstitutunda bu mövzu ilə bağlı araşdırmalar davam edir. Yalnız “İrəvan xanlığı” kitabını yazmaqla iş bitmir. Bu kitabın hər bir fəsli ayrıca bir monoqrafiyanın mövzusudur. Bizim ən böyük problemimiz fars mənbələrinə çıxışımızın məhdudluğudur. O dövrdə inzibati-ərazi bölgüləri ilə bağlı siyahıyaalmalar keçirilib. O mənbələr hələ tam gəlib, əlimizə çatmayıb. Bununla belə, kifayət qədər material var və bu mövzunu can-başla, ürəklə işləmək lazımdır. Elə ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsi ayrıca bir monoqrafiyanın mövzusudur. Bu barədə kifayət qədər məlumat var. Adətən belə çıxır ki, biz ermənilərin yazdıqlarını təkzib etməyə çalışırıq. Yaxud onların mənbələrindən bizə sərf edən məqamları götürüb, tədqiqata cəlb edirik. Ona görə də düşünürəm ki, xanlıqlar dövrü ayrıca araşdırılmalıdır və xanlıqlara qədərki dövr də bura daxil edilməlidir.

Nailə Bayramova: Mənə elə gəlir ki, tarix adi oxucunun başa düşə biləcəyi tərzdə yazılmalıdır. Elə mənim tədqiq etdiyim Şamaxı xanlığı da tədqiqat sevən bir mövzudur. “Şamaxı xanlığı”nı mən yazmışam, amma hələ nöqtəsini qoymamışam. Oxucunun “elmi əxlaq”ını pozmaq olmaz. Görürəm ki, bizim dərsliklərdə yenə də “Şirvan xanlığı” ifadəsi işlədilir. Bu artıq ziddiyyət doğurur. Tarix elə bir sahədir ki, inkişaf etdikcə yeni-yeni mövzular yaranır.

Fuad Babayev: Deməli, ən azı xanlıqlarla bağlı baza var…

Nailə Bayramova: Bəli, baza olsa da, hələ mənbələrimiz tam açılmayıb. Yaqub müəllim kifayət qədər mənbənin Tarix İnstitutuna gətirilməsinə şərait yaratdı. Xanlıqlar tariximizin qara səhifəsidir. Xanlıqlar feodal pərakəndəliyi, “mənəm-mənəmlik” sayəsində meydana gəlib. Hərçənd ki, onları ittiham etmək haqqımız deyil, xanlıqlar görünür, o dövrün tələbi idi. Bəlkə o dövrdə yaşasaydıq, biz də eyni addımları atardıq. Amma xanlıqlararası daxili çəkişmələrdə bir məqamı önə çəkərdim: xanlar ancaq öz siyasətlərini gördüklərindən, iri dövlətlərin siyasətlərini görə bilmirdilər. Görəndə isə artıq gec idi. Mustafa xan həmişə deyirdi: “Mən bilirdim ki, axırı belə olacaq”. Halbuki Yermolov Fit dağındakı qalanı, onun əllə çəkilmiş sxemini ələ keçirmək üçün dəridən-qabıqdan çıxmışdı. Xanlar böyük dövlətlərin siyasətini Qacarlarla Rusiya bölüşdürmə işini başa çatdırdıqdan sonra bildilər.

Şahin Fazil: Nailə xanım özü etiraf etdi ki, Şamaxı xanlığı ilə bağlı tədqiqat işinə hələ nöqtə qoymayıb. Bu sahədəki tədqiqatlar gələcəkdə də genişlənəcək. Xanlıqlar dövrü üçün mənbə mərhum Həsi Abdullayevin əsəridir. Elə bir möhtəşəm əsər yazıb ki, həmin əsərdən yüzlərlə alim istifadə edə bilər. Həsi Abdullayev Moskvada, Leninqradda oturub, bu əsəri işləyib. Əziyyətə qatıaşaraq necə gözəl məlumatlar toplayıb.

Gündüz Nəsibov: Bir çox tədqiqatçılar belə hesab edirlər ki, xanlıqlar dövrü Azərbaycan tarixinin ən rüsvayçı səhifəsidir. Doğrudanmı, bu belədir?

Şahin Fazil: Rüsvayçı yox, qanlı səhifəsidir. Bu dövrdə yaşayıb, o dövrün şüuru ilə danışmaq olmaz. Məsələn, Fətəli xan birləşdirmə siyasəti aparırdı. Hətta cənub torpaqlarına da nüfuz edirdi. Amma qoymadılar. Xanlıqlar tək hərəkət etmirdilər, biri İrana, digəri Rusiyaya, başqa birisi Türkiyəyə bağlanırdı. Başqa cür də ola bilməzdi. 18-ci əsr həqiqətən də çox qanlar tökülən bir dövr idi. Qardaş qanı axıdılırdı. Amma onlar buna məcbur idilər. Fətəli xan Rusiyaya meyl edirdi, oğlu Şeyxəli xan Rusiyanın düşməni idi. 20 ilədək onlarla döyüşdü.

Qasım Hacıyev: Qarabağ xanlığında da vəziyyət belə idi. Oğlu Rusiya ilə əlaqə yaradırdı, özü isə neytral vəziyyətdə qalmışdı. O birilər isə iranpərəst idi. Çox acınacaqlı və mürəkkəb dövrdür. İki dövrdə Avropa dövlətlərinin Azərbaycana müdaxiləsi böyük faciələrə səbəb olub. Avropa dövlətlərinin qızışdırması sayəsində Osmanlı və Səfəvi dövlətləri bir-birini gücdən saldılar. Yaxud da Nadir şahın Rusiya torpaqlarını ələ keçirməsinə imkan vermədilər və onun sonu böyük faciə ilə bitdi. Avropa dövlətləri nə müqavilələrdə, nə də danışıqlarda səmimi olmurlar. Nadir şahın ölümünü də fürsət bildilər. Təkcə Şimali Qafqazı tutmaq üçün Rusiya dövləti 90 min nəfər itki verdi. Xanlıqlar dövrü Azərbaycanı neçə illər geri saldı.

Nailə Bayramova: Bir məsələ də var ki, rüsvayçı da olsa, qanlı səhifə də olsa, bu, bizimkidir. Və ona sahib çıxmalıyıq.

Fuad Babayev: Avropa ölkələrində alternativ dərsliklər olur. Məktəblər hətta özləri dərslikləri seçir. Bizdə bu, varmı? Tutaq ki, hansısa xanlıqla bağlı paralel işləyən bir neçə müəllif varmı?

Qasım Hacıyev: Ermənilər bizim bütün torpaqlarımızın hər daşı, hər ağacı barəsində az qala bir kitab yazıblar. Azərbaycanı da öz əraziləri kimi təsvir ediblər. Amma bizim bir üstünlüyümüz var. Onlar o qədər yalan yazıblar ki, bir-birilərini təkzib edirlər. Şükürlər olsun ki, bizim yazdıqlarımız həqiqətən də obyektivdir.

Fuad Babayev: Xanlıqlarla bağlı diskussiyalar, üst-üstə düşməyən mövqelər varmı?

Şahin Fazil: “Quba xanlığı” kitabı çap olunanda rəyçiləri İlyas Babayev, Qasım Hacıyev və Tofiq Mustafazadə idi. Özüm material toplayıb, yazmışdım və plana salmadım. 4-cü əsrdən başlayaraq material toplamışdım və bu günə kimi gətirdim. Arxeoloqlar da sübut etdilər ki, burada 4-cü əsrdən insan yaşayır. Burada mübahisəli məsələlər ola bilər, amma mübahisəli məsələləri araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir. Tutaq ki, Mübariz Xəlilov arxeoloq kimi Qubanın tarixini iki əsr də əvvələ aparır. Alimlərin fikri arasında ziddiyyət ola bilər. Bu da zərurətdir, mübahisəsiz elm ola bilməz.

Nazim Mustafa: İrəvan şəhərinin tarixi ilə bağlı bizim bəzi alimlərimiz kor-koranə ermənilərin yazdıqlarını təkrarlayırlar. Ermənilər isə Erebuninin tarixini İrəvanın tarixi ilə eyniləşdirirlər. Hətta 1968-ci ildə 2750 illiyini də qeyd etdilər. Bu ermənilərin uydurduqları tarixdir. Bizimkilər də mexaniki olaraq onların kitablarından istifadə edirlər. Yəni bizimkilərin əslində burada məqsədi Azərbaycanın İrəvan şəhərinin qədim tarixə malik olmasını göstərməkdir. Qədimliyin arxasınca düşəndə isə gedib, ermənilərin mənbələrinə söykənirlər. Halbuki orta əsr səyyahlarının heç birinin əsərində İrəvan şəhərinin adı çəkilmir. İrəvan yaşayış məntəqəsi kənd kimi olub, amma şəhər kimi olmayıb. Yalnız 16-cı əsrin əvvəllərindən qala tikilməsindən sonra şəhər ətrafı böyüyüb.

Nailə Bayramova: Gülməlisi isə odur ki, erməni mənbələrinə istinad edib yazanların yazdıqlarına inanırlar.

Fuad Babayev: Xanlıqlar mövzusunun orta və ali məktəb dərsliklərində inikası sizi qane edirmi?

Nailə Bayramova: Şəxsən məni qane etmir.

Qasım Hacıyev: Dərsliklər daim təkmilləşir, yeniləşir, amma təəssüf ki, yenə də çatışmazlıqlar qalır. Mən orta məktəblər üçün “Qarabağ tarixi” adlı dərs vəsaiti hazırlamışam, böyük tirajla Azərbaycan və rus dillərində nəşr edilib. Düzü, müəllimlər razılıq edirlər.

Fuad Babayev: Tarixin müxtəlif səhifələrinə mediada diqqət var. Tez-tez saytlarda arxeoloji qazıntıların gedişi ilə bağlı materiallar verilir. Televiziya da bu mövzuya diqqətlə yanaşır. Bəs xanlıqlar dövrünə media yer ayırırmı?

Nailə Bayramova: Məncə, yox. Bir az İrəvan xanlığına diqqət yetirilir.

Qasım Hacıyev: İctimai radioda məni Qarabağ xanlığı ilə bağlı bir verilişə dəvət etmişdilər. Sonra bir layihə təklif etdilər və “Qarabağnamə”lərdən silsilə verilişlər oldu. 3 ilədək davam etdi. Film də çəkildi.

Nazim Mustafa: “İrəvan şəhəri: gizlədilmiş həqiqətlər” filminin ssenarisini yazmışam. 2016-cı ilin dekabrında da filmin təqdimatı oldu. Gənclər və İdman Nazirliyinin sifarişi ilə çəkilmişdi. Amma təəssüf ki, bu günə qədər bir televiziya da həmin filmi göstərməyib. Keçən il də “Zəngəzur” filminin ssenarisini yazdım. O da göstərilmir. Bu filmlərdə ermənilərin dili ilə özləri vurulur. Filmlər Azərbaycan, rus, ingilis dillərindədir.

Təmkin Məmmədli: Xanlıqların qohumluq əlaqələri ayrıca araşdırılıbmı?

Şahin Fazil: Qohumluq əlaqələri diplomatik əlaqələrdir.

Qasım Hacıyev: Çoxu bir-birinə qız alıb-vermişdilər, amma düşmən idilər. Amma bu dediyiniz həqiqətən də yaxşı bir dissertasiya mövzusudur. Şəki xanı ilə Qarabağ xanı qohum idi. Başqa qohumluqlar da vardı.

Fuad Babayev: Xanlıqlar dövrünü tədqiq etmək istəyən gənc tədqiqatçılara nələri tövsiyə edərdiniz?

Nailə Bayramova: Cənub xanlıqları ilə məşğul olsunlar. Bu yaxınlarda doktorlar və doktorantlar üçün mövzular təsdiq edildi. Gördüm ki, heç kəs xanlıqlarla bağlı mövzu götürməyib.

Şahin Fazil: Xanlıqlar dövrü dissertantda və tədqiqatçıda mütləq dil bilikləri tələb edir. Rus dili hökmən, fars dili və Osmanlı dili mütləq öyrənilməlidir. Osmanlı dili türk dili deyil, üç dilin qarışığıdır və ayrıca olaraq türk, fars və ərəb dillərinin hər birindən çətindir. Bu dilləri bilməyən adam xanlıqlar dövrünə girişə bilməz.

Hazırladı: Gündüz Nəsibov, 1905.az

Comments are closed, but trackbacks and pingbacks are open.