Press "Enter" to skip to content

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Publisistik üslub kütləvi nitq forması olduğundan xalq dilinə çox yaxındır. Buna görə də ümumxalq dilində gedən proseslər – dəyişmələr, yeniləşmələr publisistik üsluba, əksinə, mətbuatda gedən dəyişmələr ümumxalq dilinə təsir edir.

Tabeli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
İkinci cümlədə isə budaq cümlə (İşğal olunmus torpaqlarımız azad olmasa) bas cümlənin ümumi məzmunu ilə bağlı olub, ondakı işin şərtini bildirir. Bu cür mürəkkəb cümlələri əvvəlkindən fərqli olaraq, sadələsdirmək olmur.
Tərkibindəki sadə cümlələrdən biri o birinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir.

Budaq cümləni baş cümləyə bağlayan vasitələr

Budaq cümlələr baş cümlələrə, əsasən, aşağıdakı vasitələrlə bağlanır:
1. Tabelilik bağlayıcıları ilə. Budaq cümlələrin bir hissəsi baş cümləyə ki, çünki, ona görə ki, ondan ötrü ki, odur ki, əgər,hərçənd, madam ki, və s. tabelilik bağlayıcılarının köməyi ilə bağlanır. Məsələn: Qərara alındı ki, buraxılış imtahanları test üsulu ilə olsun. Ana bu sözlərə inanmadı. çünki oğlu belə bir işi tuta bilməzdi. Əgər uşaqlar gəlsələr, mənə zəng edin və s.
Son üç bağlayıcı (əgər, hərçənd, madam ki) istisna olmaqla, qalan bağlayıcıların köməyi ilə baş cümləyə bağlanan budaq cümlələr, əsasən, baş cümlələrdən sonra gəlir.
2. Bağlayıcı sözlərlə. Budaq cümlələrin bir hissəsi də baş cümləyə kim, nə, hara, necə, hansı, nə vaxt, haçan, neçə, nə qədər və s. bağlayıcı sözlərlə (sual əvəzlikləri ilə) bağlanır. Bağlayıcı sözlər çox vaxt ki ədatı ilə birgə işlənir. Məsələn: Kim ki əməksevərdir, o, həyatda çox şeyə nail olur. Nə əkərsən, onu da biçərsən. Haraya demişdim, ora da gedib. Nə qədər tapşırmışdınız, bir o qədər kitab alınıb və s.
Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, cümlə üzvü olur. Məsələn: Yuxarıdakı cümlələrdə kim bağlayıcı sözü mübtəda, nə (nəyi) sözü tamamlıq, haraya sözü yer zərfliyi, nə qədər sözü isə kəmiyyət zərfliyidir.
Bağlayıcı sözlər əsasında qurulan budaq cümlələr, bir qayda olaraq, baş cümlədən əvvəl gəlir.
Qeyd: Bağlayıcı sözlərlə işlənən ki ədatından sonra vergül qoyulmur.
3. -sa 1 şəkilçisi və -mı 4 ədatı ilə. Budaq cümlələrin az bir hissəsi də -sa 1 şəkilçisi və -ma 4 ədatı ilə baş cümləyə baglanır. Məsələn: Uşaqlar gəlsələr, müəllimə xəbər verin. Kəndə çatdınmı, evdəkilər mənə zəng etsinlər və s. Bu yolla qurulan budaq cümlələr də baş cümlələrdən əvvəl gəlir.
4. İntonasiya ilə. Budaq cümlələrin kiçik bir hissəsi də intonasiya ilə baş cümləyə bağlanır. Məsələn: İgid odur, basdığını kəsməsin. Adam var, heç nəyi bəyəndirmək olmur və s. Bu tipli budaq cümlələr isə baş cümlədən sonra gəlir.

Baş və budaq cümlələrdə əvəzliklərin rolu

Tabeli mürəkkəb cümlələrin baş cümlələrində bır sıra hallarda bu, o, buna, bunda, onda, elə, belə və s. işarə əvəzlikləri işlənir. Bu cür sözlər budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oynayır. Belə ki, həmin sözlər baş cümlədə hansı cümlə üzvü olursa, budaq cümlə də onun adı ilə adlanır. Məsələn: Bu da məlumdur ki, azadlıq asanlıqla əldə edilmir. Məruzəçionu da əlavə etdi ki, Qarabağ düyünü bu il açılmalıdır. Məsləhətim budur ki, əlavə ədəbiyyət oxuyasan və s. Birinci cümlədə bu əvəzliyi mübtəda, ikinci cümlədə onu əvəzliyi tamamlıq, üçüncü cümlədəki budur əvəzliyi isə xəbərdir. Deməli, birinci cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bu xüsusiyyətlərinə görə baş cümlədə işlənən belə əvəzliklər əvəzlik-qəlib adlanır.
Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə bir sıra əvəzliklər işlənir. Belə sözlər budaq cümlədəki bağlayıcı sözün qarşılığı kimi işlənir, buna görə də qarşılıq söz adlanır. Məsələn: Kim əlaçıdır, olimpiadada o iştirak edəcək- Kimə demişdiniz, ona da çatdırdım. Harada deyirsiniz, orada oturum və s. Birinci cümlədəki o qarşılıq sözü mübtəda, ürinci cümlədəki ona sözü tamamlıq, üçüncü cümlədəki orada sözü isə yer zərfliyidir. Deməli, birinci mürəkkəb cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə zərflik budaq cümləli mürəkkəb cümlədir.

Budaq cümlələrin növləri

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə bir-birindən fərqlənir. Budaq cümlələr isə cümlə üzvlərinə uyğun gəlir və aşağıdakı növlərə bölünür:
l. Mübtəda budaq cümləsi
2. Xəbər budaq cümləsi
3. Tamamlıq budaq cümləsi
4. Təyin budaq cümləsi
5. Zərflik budaq cümləsi
Zərfliyin mənaca bir neçə növü olduğu kimi, zərflik budaq cümləsinin də müxtəlif növləri vardır:
1.Tərzi-hərəkət budaq cümləsi
2. Zaman budaq cümləsi
3. Yer budaq cümləsi
4. Kəmiyyət budaq cümləsi
5. Səbəb budaq cümləsi
6. Məqsəd budaq cümləsi
7. Şərt budaq cümləsi
8. Qarşılasdırma budaq cümləsi

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr

Mübtəda budaq cümləsi ya baş cümlənın buraxdmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir.
Mübtəda budaq cümləsi mübtədanın sualına (daha çox nə? sualına, bəzən də kim? sualına) cavab verir, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Ürəyimdən keçir ki, yayda doğma yurdumu görməyə gedim. Kənddə olarkən ona aydın oldu ki, camaatın buradan köçmək fikri yoxdur. Fərmanda o da göstərilirdi ki, elmə qayğı və diqqət artırılacaqdır. Məktubda bu da yazılmışdı ki, tezliklə kənddə ikinci məktəb də açılacaq.
Birinci və ikinci nümunələrdəki baş cümlələrdə mübtəda yoxdur, budaq cümlələr baş cümlələrdən doğan nə? sualına cavab verərək, buraxdmış mübtədanın əvəzində islənmişdir. Üçüncü və dördüncü nümanələrin bas cümləsində o, bu işarə əvəzlikləri (əvəzlik- qəlibləri) mübtəda vəzifəsindədir, ancaq məzmunları aydın deyil. Buna görə də baş cümlədən sonra gələn budaq cümlələr həmin əvəzlikləri izah edir, məzmunlarını aydınlaşdırır. Bu tipli mürəkkəb cümlələri sadələşdirəndə budaq cümlələr tərkib şəklində mübtəda yerində işlənir. Məsələn:
1. Doğma yurdumu görməyə getmək (nə?) irəyimdən keçir.
2. Kənddə olarkən ona camaatin burdan köçmək fikri olmadığı (nə?) aydın oldu.
3. Fərmanda elmə qayğt və diqqət artırılacağı (nə?) göstərilirdi.
4. Məktubda tezlikh kəndda ikinci məktəbin da açılacağı (nə?) yazılmışdı.
Mübtəda budaq cümləsi az-az hallarda baş cümlədən əvvəl də gəlir və ona əsasən, kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn: Kim əməksevərdir, o, həyatda istədiyinə nail olur. Kim ki halal zəhmətlə yaşayır, o, həmişə başıucadır.
Mübtəda budaq cümləsi bəzən intonasiya ilə də baş cümləyə bağlana bilir.
Məsələn: İki gündür, bərk istidir. Birinci il idi, baba evdə tək yaşayırdı. Belə cümlələrdə baş cümlədən sonra ki bağlayıcısmı artırmaq mürnkündür: İkd gandür ki, bərk istidir. Birinci il idi ki, baba evdə tək yaşayırdı.

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr

Xəbər budaq cümləsi başcümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edir. Xəbər budaq cümləsı, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır.
Məsələn: İgid odur ki, basdığını kəsməsin. Arzum budur ki, tezliklə torpaqlarımız azad olunsun. Xəbər budaq cümləsi ismi xəbərin suallarına (nədir? necədir? neçədir? və s.) cavab verir. Baş cümlənin xəbəri daha çox odur, budur, elədir, belədir, o idi, bu idi, o oldu, bu oldu və s. sözlərlə ifadə olunur və budaq cümlə onların məzmununu aydınlaşdırır. Məsələn: Vəziyyəi elədir ki, daha geri çəkilmək olmaz. Fikrim belə idi ki, onunla açıq danışım Bir sıra problemlərimizin səbəbi bundadır ki, biz illərlə yalnız özümüzü düşünmüşük.
Xəbər budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn:Kim məsələni birinci həll etdi, bu kitablar onundur. Kim çiçəkləri sevir, bu güldan onundur.
Qeyd: Xəbər budaq cümləsinin baş cümlədən əvvəl gələn növü mübtəda budaq cümləsinin oxşar növünə bənzəyir: hər ikisi kim, kim ki bağlayıcı sözlərinin körmyi ilə formalaşır. Lakin bunları asanlıqla fərqləndırmək olar Mübtəda budaq cümlələrində qarşılıq söz o əvəzliyi ilə ifadə olunan mübtəda olur ( va ya onu təsəvvür etmək mümkün olur), xəbər budaq cümlələrində isə qarşılıq söz — o xəbər vəzifəsində işlənir. Məsələn:Kim yarışda birinci oldu, o, Türkiyəyə gedəcək (mübtada budaq cümləsi). Kim yarışda birinci oldu. bu hədiyyə onundur (xəbər budaq cümləsi).

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr

Tamamlıq budaq cümləsı ya baş cümlənin buraxılmış tamamlığınuı yerində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Tamamlıq budaq cümləsi daha çox baş cümlədən sonra gəlir və tamamlığın suallarına cavab verir. Məsələn: Hiss edirəm ki, təbiəti çox sevirsiniz, Əsgər onu da dedi ki, düşmənə layiqli cavab verməyə tam hazırıq. Birinci nümunənin baş cümləsində tamamlıq yoxdur, budaq cümlə bas cümlədən doğan tamamlığın sualına (hiss edirəm — nəyi?) cavab verir. İkinci nümunənin bas cümləsində isə tamamlıq işlənmişdir (onu), lakin onun izaha ehtiyacı vardır. Ona görə də budaq cümlə həmin tamamlığı izah edir, aydınlaşdırır.
Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur və ona ki bağlayıcısı ilə bağlanır. Bəzən tamamlıq budaq cümləsi yalnız intonasiya ilə də baş cümləyə bağlanır. Məsələn: Biz istəyirik, bu məsələ sülh yolu ilə həll olunsun. Mən bilirəm, o niyə dərsə gəlmir.
Mübtəda və xəbər budaq cümlələri kimi, tamamlıq budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kimi, kimə və s. bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə işlənən qarşılıq söz cümlənin tamamlığı olur. Məsələn: Kim ki dərsə gecikmişdi, onu məktəbə buraxmırdılar. Kimə ki məktub göndərmişdik, ondan cavab almışıq.
Tamamlıq budaq cümlələri həm vasitəsiz, həm də vasitəli tamamlığın suallarına cavab verə bilər. Məsələn: Müəllim onu da bilirdi ki, (nəyi?) bu şagirdlərin çoxu kasıb uşaqlarıdır. Müəllim əmin idi ki, (nəyə?) Tural yarışda birinci yeri tutacaq.

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr

Təyin budaq cümləsi baş cümlənin isimlə ( va ya isimləşmiş sözlərlə) ifadə olunmuş üzvünü təyin edir. Təyin budaq cümləsi baş cümlədən sonra gəlir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Baş cümlədə, əsasən elə, elə bir, bir, o qəlib sözləri işlənir və təyin budaq cümləsi vasitəsi ilə izah edilir. Məsələn: Bizə elə döyüşçü lazımdır ki, hər bir çətinliyə hazır olsun. Mən o tənqidi sevirəm ki, işin xeyrinə olsun. Müəllimlik elə bir sənətdir ki, xalqın taleyində mühüm rol oynayır və s. Bu nümunələrin hər üçündə budaq cümlə baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanmışdır. Birinci nümunədə budaq cümlə bas cümlənin mübtədasına(döyüşçü), ikinci nümunədə tamamlığına(tənqidi), üçünücü cümlədə isə cümlənin xəbərinə(sənətdir) aiddir. Nümunələrdəki budaq cümlələr baş cümlədəki elə, o, elə bir qəlib sözlərini izah edir. Bəzən baş cümlədə qəlib söz işlənmir, lakin təsəvvür edilir. Məsələn: Bu dağlarda otlar, çiçəklər var ki, min bir dərdin dərmanıdır. (Bu dağlarda, elə çiçəklər var ki. ). Adam var ki, adamların naxşıdır (Elə adam var ki, . )
Təyin budaq cümləsi nadir hallarda baş cümləyə yalnız intonasiya ilə də bağlana bilir. Məsələn: Kitab var, ələ almaq istəmirsən. Adam var, heç nəyi xoşlamır.

Zərflik budaq cümlələri

Zərflik budaq cümlələri baş cümlədəki hərəkəti müxtəlif cəhətdən izah edir və yuxarıda qeyd olunduğu kimi, bir neçə növə bölünür.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir və necə? nə cür? suallarına cavab verir.
Budaq cümlənin bu növü baş cümlənin feli xəbərinə aid olur və baş cümlədəki elə, belə işarə əvəzliklərini (əvəzlik — qəliblərı) izah edir. Tərzi-hərəkət budaq cürnləsi daha çox baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Elə yaz ki, hamı oxuya bilsin. İşini elə gör ki, tay-tuşdan geri qalma. Məruzəçi elə danışırdı ki, sözlərini yaxşı anlamaq olmurdu.
Tərzi — hərəkət budaq cümləsinin əvvəlində çox zaman elə bil, guya, sanki sözləri işlonir. Məsələn: Uşaq elə sevinirdi ki, sanki dünyanı ona bağışlamışdılar. Qız elə oxuyurdu ki, elə bil əsl artist idi. Budaq cümlənin bu növü daha çox müqayisə məzmunu bildirir.
Tərzi — hərəkət budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir. Bu halda budaq cümlədə necə, necə ki bağlayıcı sözləri, baş cümlədə isə elə, eləcə də, o cür qarşılıq sözləri işlənir. Məsələn: Necə dəyirsiniz, elə də edək. İşə necə həvəslə başlamışdı, eləcə də qurtardı.
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir və nə zaman? nə vaxt? haçan? suallarına cavab verir.
Zaman budaq cümləsi həm baş cümlədən sonra, həm də ondan əvvəl işlənir. Baş cümlədən sonra işləndikdə ona ki bağlayıcısı ilə bağlanır. Bu halda bas cümlədə o zaman, o vaxt, onda sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir.
Məsələn: Kəndə onda çatdıq ki, hava qaralmağa başladı. Birlik o zaman olur ki, hər kəs vətəni öz anası qədər sevir. Biz o vaxt rahat ola bilərik ki, doğma Şuşada, Laçında ay-ulduzlu bayrağımız dalğalansın.
Zaman budaq cümləsi baş cümlədən əvvəl işləndikdə baş cümləyə o zaman ki, o gün ki, elə ki, nə vaxt bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə, adətən, onda qarşılıq sözü işlənir.Məsələn: Elə ki müdir kürsüyə qalxdı, hamı susdu. Nə zaman ki yığışıb kəndə gəldin, onda mən rahat nəfəs ala bilərəm. O gündən ki oğlundan ayrı düşüb, onu gülər üzlü görməmişik. Nə vaxti sinifdə birinci olarsan, onda sənin də şəklin şərəf lövhəsinə vıırular.
Zaman budaq cümləsinin baş cümlədən əvvəl gələn bu növü baş cümləyə bəzən ki bağlayıcısı ilə də bağlanır. Məsələn: Evdən çıxmaq istəyirdim ki, qapı döyüldü. Film təzəcə başlanmışdı ki, işıqlar söndü.
Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və haraya? harada? haradan? suallarından birinə cavab verir.
Yer budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir və ona yer anlayışı bildirən müxtəlif bağlayıcı sözlərlə (haraya, haraya ki, harada, harada ki, haradan, haradan ki, o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerin ki) bağlanır. Baş cümlədə isə bağlayıcı sözlərə uyğun olaraq oraya, orada, oradan qarşılıq sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir. Məsələn: Hara gedirəm, orada səni görürəm. Haraya desən, ora da gedəcəyəm. Bir yerə ki səni dəvət etməyiblər, ora getmə. O yerdə ki ağsaqqalı eşitmirlər, orada din, bərəkət olmaz.
Baş cümlədəki qarşılıq sözlər bəzən işlənmir, lakin onları bərpa etmək mümkündür. Məsələn: Harada birlik var, dirilik də var (Harada birlik var, orada dirilik də var).
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin (bəzən də əlamətin) miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsi də yer budaq cümləsi kimi, həmişə baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlərlə bağlanır. Budaq cümlədə nə qədər, hər nə qədər, nə qədər ki bağlayıcı sözləri; baş cümlədə isə onlara uyğun olaraq o qədər, o qədər də, bir o qədər, bir elə qarşılıq sözləri işlənir. Budaq cümlə həmin qarşılıq sözləri izah edir, aydınlasdırır. Məsələn: Nə qədər dəsən, o qədər oxuyaram. Nə qədər ki tapsırmışdınız, bir o qədər odun yığmışıq. Yazda nə qədər işləmişdiksə, payızda iki o qədər işləməli olduq. Bu misallarda budaq cümlələr baş cümlədəki hərəkətin miqdarını bildirir. Kəmiyyət budaq cümləsi bəzən baş cümlədəki əlamətin miqdarını bildirir. Məsələn: Dağ nə qədər sərin idisə, aran bir o qədər isti idi.
Göründüyü kimi, bu cümlədəki budaq cümlə baş cümlədəki əlamətin (aranın isti olmasının) miqdarını bildirir.
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlədə qarşılıq söz (o qədər) işlənmir, lakin təsəvvür edilir və onu bərpa etmək mümkündür. Məsələn: Nə qədər çox oxusan, çox bilərsan (Nə qədər çox oxusan, bir o qədər çox bilərsən).
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur.
Səbəb budaq cümləsi həmişə baş cümlədən sonra gəlir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Məsələn: Uşaq sevinirdi, çünki atası bu gün uzaq səfərdən qayıdırdı. Şair fəxr edirdi ki, xalq ona ürəkdən inanır. O, məzuniyyətdən yarımçıq qayıtdı, ona görə ki, evdən teleqram almışdı. Buranın havası sərindir, çünki dənizə yaxındır. Birinci üç nümunədə budaq cümlə baş cümlədəki hərəkətin səbəbini, sonuncu misalda isə əlamətin səbəbini bildirir.
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir, niyə? nə üçün? nəyə görə? nə məqsədlə? suallarından birinə cavab olur.
Məqsəd budaq cümləsi də səbəb budaq cümləsi kimi, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə, adətən, ona görə, ondan ötrü bağlayıcıları (qəlib sözlər) işlənir. Məsələn: Ana ona görə məktəbə gəlib ki, oğlunu kəndə aparsın. Bu zəhməti ondan ötrü çəkirik ki, gələcəkdə xoşbəxt yaşayaq. Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, şagirdlər mövzunu daha yaxşı öyrənsinlər.
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində qəlib söz işlənməyə də bilər. Məsələn: Kəndə xəbər göndərdi ki, onu gözləməsinlər. İclasdan yarımçıq çıxdım h, qatarı qarşılayım.
Səbəb və məqsəd zərflikləri bir-birinə oxşadığı kimi, səbəb və məqsəd budaq cümlələri də bir-birinə yaxındır. Budaq cümlənin bu iki növünü fərqləndirmək üçün ilk növbədə mənaya diqqət yetirmək lazımdır. Belə ki, səbəb budaq cümləsi səbəb məzmunu, məqsəd budaq cümləsi isə məqsəd anlayışını bildirir. məlum olduğu kimi, məqsəd həmişə qarşıda durur, səbəb isə keçmişə aid olur.
Deməli, səbəb budaq cürnləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid olur. Məsələn: Uşaq sevinirdi, çünki sinifdə birinci olmusdu. Göründüyü kimi, uşaq əvvəlcə oxuyub birinci olub, sonra isə bu səbəbə görə sevinibdir. Məqsəd budaq cümləsinin ifadə etdiyi iş isə baş cümlədəki işdən sonraya aid olur. Məsələn: Uşaq ciddi çalışırdı ki, sinifdə birinci olsun. Bu cümlədə isə uşağm qarşısma qoyduğu məqsəd ifadə olunub — o hələ qarşıdadır, yəni baş cümlədəki işdən (çalışmaq) sonraya aiddir.Budaq cümlənin bu iki növünü aşağıdakı əlamətlərə görə də fərqləndirmək olar:
1. Məqsəd budaq cümləsinə nə məqsədlə? sualını vermək olur. səbəb budaq cüməsinə isə bu sualı vermək düzgün deyil.
2. Səbəb budaq cümləsinin xəbəri felin xəbər şəklində (müxtəlif zamanlarda),məqsəd budaq cümləsinin xəbəri isə daha çox felin əmr şəklində olur.
3. Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir. Məsələn, yuxarıdakı iki cümləni belə sadələşdirmək olar: Uşaq sinifdə birinci olduğu üçun (nə səbəbə?) sevinirdi. Uşaq sinifdə birinci olmaq üçün (nə məqsədlə?) ciddi çalışırdı.
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.
Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəlgəlir vəona əgər,hərgah bağlayıcıları və -sa 2 şəkilçisi ilə bağlanır. Məsələn: Atan gəlsə, əminə zəng et. Yağış yağsa, məhsul bol olar. Əgər yaxşt oxusan, əlaçı olarsan.
Şərt budaq cümləsi bəzən baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanır. Bu halda baş cümlədə bu şərtlə,bir şərtlə, o şərtlə qəlib sözləri işlənir. Məsələn: Bir şərtlə razı olaram ki, işə vaxtında gələsən. Ana bu şərtlə oğlunu sənət məktəbində oxumağa icazə verdi ki, axşamlar evə gəlsin.
Şərt budaq cümləsi bəzən baş cümləyə yalnız intonasiyanınköməyi ilə də bağlanır. Məsələn: Bir gün azdır, iki gün qal
Şərt budaq cümləsi baş cümlənin ümumi məzmunu ilə bağlı olur və sadə cümləyə çevrilmir.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin məzmunu bir-biri ilə qarşdaşdırdır.
Budaq cümlə baş cümlədən əvvəl gəlir, ona –sa 2 şəkilçisi və da, ədatları və ya nə qədər bağlayıcı sözü ilə bağlanır. Məsələn: Nə qədər yalvarsaq da, qonaq yeməyə oturmadı. Qış girsə də, havalar xos keçirdi. Bu mənim üçün nə qədər ağtr olsa da, onu bağışlamalıyam.
Qarşılaşdırma budaq cümləsi baş cümləyə hərçənd, düzdür, doğrudur bağlayıcıları ilə də bağlanır. Bu halda baş cümlədə qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin) işlənir. Məsələn: Düzdür, o, dərsi yaxşı bilmirdi, ancaq mən ona «yaxşı» qiymət verdim.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələri xüsusiləşmiş zərfliklərin köməyi ilə sadə cümləyəçevirmək mümkündür. Məsələn: Müəllim yorgun olsa da, dərsi həvəslə danışırdı — Müəllim yorğun olmasına baxmayaraq, dərsi həvəslə danışırdı.

Mürəkkəb cümlənin təhlil qaydası

1. Cümlənin məqsəd və intonasiyaya görə novü (nəqli, sual, əmr, nida) müəyyən edilir.
2. Cümlənin quruluşu göstərilir. Əgər cümlə nıürəkkəbdirsə, tabesiz və ya tabeli olması müəyyən edilir.
3. Mürəkkəb cümlənin tərkib hissələri olan sadə cümlələr müəyyənləşdirilir. Cümlənin bağlayıcılı, yoxsa bağlayıcısız olması göstərilir. Cümlə tabesiz mürəkkəb cümlədirsə, onıtn tərkib hissələri arasındakı məna əlaqələrigöstərilir və hər bir tərkib hissə ayrıca — sadə cümlə kimi təhlil edilir. Əgər cümlə tabeli mürəkkəb cümlədirsə, baş və budaq cümlə müəyyən edilir, budaq cümlənin növü göstərilir, baş və budaq cümlə sadə cümlə kimi təhlil edilir.

Tabesiz mürəkkəb cümlənin təhlilinə aid nümunə

Torpaq qızır, qar əriyir, çaylar bulanır.
Nəqli, bağlayıcısız, üç tərkib hissədən ibarət səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir.
Torpaq qızır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.
Qar əriyir — nəqlı, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir
Çaylar bulanır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.

Tabeli mürəkkəb cümlənin təhlilinə aid nümunə

Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu.
Nəqli, bağlayıcılı, iki tərkib hissəli tabeli mürəkkəb cümlədir.
Uşaq məktəbə gecikmişdi — baş cümlə, avtobus yolda xarab olmuşdu — budaq cümlədir.
Uşaq nə üçün (nə səbəbə?) məktəbə gecikmişdi. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
Budaq cümlə bas cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır.
Uşaq məktəbə gecikmişdi — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
Avtobus yolda xarab olmuşdu — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
Müəllif: Möhsün Nağısoylu Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

  • Teqlər:
  • budaq cümlə
  • , mürəkkəb cümlə
  • , sintaksis
  • , Azərbaycan dilinin qrammatikası
  • , Azərbaycan dili

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.

18 Tabeli mürəkkəb cümlələr

  1. Mübtəda budaq cümləsi
  2. Xəbər budaq cümləsi
  3. Tamamlıq budaq cümləsi
  4. Təyin budaq cümləsi
  5. Zərflik budaq cümləsi (6 növə ayrılır)
    1. tərzi-hərəkət budaq cümləsi
    2. yer budaq cümləsi
    3. zaman budaq cümləsi
    4. kəmiyyət budaq cümləsi
    5. səbəb budaq cümləsi
    6. məqsəd budaq cümləsi

    Mübtəda budaq cümləsi, ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur, mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki, (nə?) payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki, (nə?) Çingizi xaricə göndərmək istəyir.

    Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır. (İnsanın ürəyindən keçən (nə?) gizlində qalmalıdır.)

    2. Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr

    Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır. Baş cümlənin xəbəri adətən odur, budur, o idi, bu idi, elədir, belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: İgid odur ki, (kimdir?) apardığını gətirsin.

    Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır; baş cümlədə qarşılıq bildirən söz xəbər vasitəsilə işlənir. Məsələn: hər kim tez gələrsə, bu yer onundur. (Bu yer gələnindir)

    3. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr

    Tamamlıq budaq cümləsi ya baş cümlənin tamamlığı vəzifəsində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Məsələn: Hiss edirəm ki, (nəyi) siz zəhməti çox sevirsiniz. Onu da bilirəm ki, zəhməti sevən xoşbəxt olar.

    Birinci misalda baş cümlədə tamamlıq yoxdur, tamamlığın baş cümlədən doğan sualına budaq cümlə cavab verir.
    İkinci misalda baş cümlədə tamamlıq vəzifəsində əvəzlik (onu) sözü vardır. O söz budaq cümlə vasitəsilə izah edilib.
    Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur. Məsələn: Heç onun ixtiyarı yoxdur ki, (nəyə) bir söz desin.

    4. Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr

    Təyin budaq cümləsi baş cümlədin isimlə (isimləşmiş sözlərlə) ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və necə? nə cür? hansı? suallarına cavab verir. Məsələn: Elə sürücü lazımdır ki, heç bir çətinlikdən qorxmasın.

    Baş cümlədə işarə əvəzliyi işlənməyə də bilər. Məsələn: Nöqsan var ki, yüzlərlə adama zərər verir.
    Təyin budaq cümləsi baş cümləyə heç bir başqa bağlayıcı vasitəsinin iştirakı olmadan, yalnız intonasiya ilə də bağlana bilir. Adam var heç nəyi bəyənmir (heç nəyi bəyənməyən adamlar var).

    5. Zərflik budaq cümlələri

    Zərflik budaq cümlələrinin bir sıra növləri var. Onlardan əsasları bunlardır: 1) Tərzi-hərəkət budaq cümləsi; 2) Zaman budaq cümləsi; 3) Yer budaq cümləsi; 4) Kəmiyyət budaq cümləsi; 5) Səbəb budaq cümləsi.

    5. 1. Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr

    Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir.

    Tərzi-hərəkət budaq cümləsi baş cümlənin feli xəbərinə aid olur, baş cümlədə işlənmiş elə, belə işarə əvəzliklərinin mənasını izah edir və necə? nə cür? suallarına cavab verir. Məsələn: Uşaqlar elə oxuyurdular ki, elə bil (sanki, elə bil ki), artistlər konsertdə çıxış edirlər.
    Bəzən budaq cümlə ismi xəbərlə əlaqələnir və dərəcə çalarına malik olur. Məsələn: Hava elə isti idi ki, (o dərəcədə) nəfəs almaq olmurdu.

    5. 2. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr

    Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya mətn zamanını bildirir. Nə vaxt?, nə zaman?, haçan?, suallarına cavab verir. Bir sıra budaq cümlələr kimi zaman budaq cümləsi də baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir.

    Zaman budaq cümləsi baş cümlədən sonra işləndikdə cümləyə ki bağlayıcısı ilə bağlanır; baş cümlədə o vaxt, o zaman, onda sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələ: Oğlan o zaman (o vaxt, onda) kəndə çatdı ki, iş-işdən keçmişdi.

    5. 3. Yer budaq cümləli tabeli mürəkkəb cümlələr

    Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir. Haraya?, harada?, haradan? suallarına cavab verir.

    Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir və baş cümləyə bəzən haraya (haraya ki,) harada (harada ki), haradan (haradan ki), bəzən də o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə bunlara müvafiq olaraq, 3 halda – yönlük, yerlik, çıxışlıq hallarında qarşılıq bildirən oraya, orada, oradan sözlərindən biri işlənir və budaq cümlə vasitəsilə izah olunur. Məsələn: Haraya göndərsələr, orada da işləyəcəm.

    5. 4. Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr

    Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.

    Kəmiyyət budaq cümləsi də, yer budaq cümləsi kimi, baş cümlədən əvvəl işlənir və baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır. Baş cümlə də, həmin sözlərə müvafiq olaraq qarşılıq bildirən o qədər, o qədər də, bir o qədər sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: Nə qədər uzaq olsa, o qədər xoşdur.

    5. 5. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr

    Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə?, nə üçün?, nəyə görə?, nə səbəbə? Suallarına cavab verir.

    Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Baş cümlə də, feli xəbərə aid olduqda hərəkətin, ismi xəbərə aid olduqda əlamətin səbəbini bildirir. Məsələn: Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır (Dərs əlaçısı olduğu üçün, Coşğunu bir həftəlik gəzintiyə göndərdilər).
    Bəzən cümlədə ona görə, ondan ötrü, o səbəbə qəlib sözlər işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanılır.

    5. 6. Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr

    Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir. Niyə?, nə üçün,? Nə məqsədlə?, suallarına cavab verir.

    Məqsəd budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanılır. Baş cümlədə məqsəd zərfliyi (qəlib söz) vəzifəsində ona görə, ondan ötrü sözləri işlədilə bilər. Məsələn: Biz zəhməti ona görə çəkirik ki, insan kimi yaşayaq.
    Səbəb və məqsəd budaq cümlələri bir-birinə çox yaxındır. Fərqləndirmək üçün onların mənalarına fikir vermək lazımdır. Səbəb budaq cümləsi səbəb, məqsəd budaq cümləsi məqsəd bildirir. Ona görə də baş cümlə ilə bunların zaman münasibətində fərq var. Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvəlinə, məqsəd budaq cümləsinin ifadə etdiyi iş, baş cümlədəki işdən sonrasına aid olur.

    6. Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr

    Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir, hansı şərtlə? sualına cavab verir.

    Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki, bağlayıcıları və -sa, -sə şəkilçiləri ilə (əksər hallarda yalnız -sa, -sə şəkilçiləri ilə) bağlanır. Məsələn: Əgər məni özünə əmi bilirsənsə oxumağına fikir ver.
    Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə növü də var ki, baş cümlə əvvəl işlənir və baş cümlədə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir, budaq cümlə isə baş cümlədən sonra gəlib, ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Sizi o şərtlə özümlə apararam ki, yolda yoruldum deməyəsiniz.
    Şərt budaq cümləsi baş cümləyə bəzən yalnız intonasiya ilə bağlanır. Məsələn: Get deyir, get. İşlə deyir, işlə.

    7. Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr

    Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmununu bir-biri ilə qarşılaşdırır.

    Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olur, baş cümlədəki hərəkətə qarşı duran hadisəni, vəziyyəti bildirir.
    Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir, baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, -sə şəkilçisi və -da, də, belə ədatları ilə bağlanır. Məsələn: Sən kəkliyi nə qədər sevsən də, xasiyyətini bilmirsən.
    Bəzən belə cümlələrdə nə qədər bağlayıcı sözü işlənmir, budaq cümlə baş cümləyə -sa, -sə şəkilçisi və -da, -də ədatı ilə bağlanır. Məsələn: Hekayətim uzun olsa da, artıq danışıb başınızı ağrıtmayacam.
    Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir növündə budaq cümlə baş cümləyə hərçənd, hərçənd ki, sözləri ilə bağlanır, qarşılaşdırma məqsədilə baş cümlənin əvvəlində amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısı işlənir. Məsələn: Hərçənd bir az tezdir, amma zərəri yoxdur.

    19 Üslub haqqında ümumi məlumat. Azərbaycan dilinin üslubları.
    Hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsinə üslubiyyat deyilir. Üslubiyyatın əsas vahidi üslubdur.

    Üslub üslubiyyata nisbətən geniş anlayışdır. Üslubiyyat dilçilik terminidir. Üslub isə incəsənətdə, ədəbiyyatda və digər sahələrdə də işlənir. üslub dəst – xətt, yol kimi də işlənə bilər. Məsələn, satirik üslub, romantik üslub, Səttar Bəhlulzadə üslubu və s. Dilçilikdə üslub dil vasitələrindən məqsədyönlü istifadə üsulu deməkdir. Dil vasitələrindən məqsədyönlü istifadə 2 formada özünü göstərir: funksional üslub və fərdi üslub. 1) ümumi baxımdan hamının dil vahidlərindən məqsədyönlü istifadəsi funksional üslublar sistemini yaradır.

    2)xüsusi və ya şəxsi baxımdan dil vahidlərindən istifadə fərdi üslubu meydana çıxarır.

    Funksional üslublar sistemi cəmiyyətin müxtəlif sahələrini əhatə edir. Məsələn, bədii təfəkkürün tələbi ilə bədii üslub meydana çıxdığı kimi, elmi təfəkkürün tələbi ilə də elmi üslub yaranır. Müxtəlif sahələrin – üslubların hər birinə uyğun dil vahidləri seçilir. Bu sahələrin tələbinə uyğun da müxtəlif üslubların cəmiyyətdə özünəməxsus funksiyası var.

      1. Bədii üslub
      2. Elmi üslub
      3. Publisistik üslub
      4. Rəsmi – işgüzar üslub
      5. Məişət üslubu

      Müxtəlif funksional üslubları bir – birindən fərqləndirən cəhətlər olduğu kimi onları birləşdirən cəhətlər də vardır. Bu üslubların hər biri ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabedir. Üslub daşıyıcıları həmin normalara əməl etməlidirlər. Hər üslubda həm bütün üslublar üçün ümumi olan ədəbi dil normaları, həm də yalnız o üslub üçün əlamətdar olan xüsusi normalar müəyyənləşmişdir. Məsələn, müəyyən söz bədii üslubda necə yazılırsa, necə tələffüz olunursa başqa üslublarda da elə yazılır, elə tələffüz olunur. Yaxud bütün üslublarda mətndən, işlənmiş sözlərdən asılı olaraq, hamı üçün eyni durğu işarələrindən istifadə olunur. Lakin inversiya bir qayda olaraq, bədii üslub, müəyyən terminlər, şərti işarələr, formullar isə elmi üslub üçün xarakterikdir. Bu fərqli cəhətlər hər üslubun xüsusi normaları səciyyəvi cəhətləri hesab edilir. Hər bir inkişaf etmiş dildə bir – birini tamamlayan iki başlıca tendensiya olur.

        1. ictimai təfəkkürdə diferensiasiya – ixtisaslaşma prosesi gedir, bu isə funksional üslubların yaranmasına və tədricən bir – birindən köklü fərqlənməsinə gətirib çıxarır.
        2. ictimai təfəkkürdə inteqrasiya – funksional üslubların bir – birinə yaxınlaşması, ümumi cəhətlərin yaranması prosesi gedir.

        Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır.

        Bədii üslub: bədii əsərlərin dili (poeziya, nəsr, dramaturgiya)

        Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili

        Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili və s.

        Məişət üslubu: gündəlik ünsiyyət dili

        Rəsmi – işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili
        20 Bədii üslub. Sözün poetik funksiyası. Bədii ifadə vasitələri

        Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub obrazlı, emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin dilidr. Bu üslubda fikir obrazlı, yəni ifadəli şəkildə verilir. Başqa sözlə, bədii üslubun əsas cəhəti obrazlılıqdır. Obrazlılıq müxtəlif səviyyələrdə özünü göstərə bilər.

        1. fonetik səviyyədə obrazlılıq daha çox səslərin hesabına yaranır. Fonetik səviyyədə obrazlılıq: alliterasiya, assonans, səs və heca təkrarları, intonasiya.

        Assonans sözlərin müxtəlif yerlərində uyğun səslərin melodiya, ritm yaratmasıdır. Məsələn, Ərənlər məskəni vətənim mənim.

        b) leksik səviyyədə obrazlılıq daha çox sözlərin köməyi ilə düzəlir.

        Leksik səviyyədə obrazlılıq: epitet, təşbeh, mübaliğə, istiarə (metafora), kinayə, frazeoloji birləşmələr, omonimlik, sinonimlik, antonimlik, çoxmənalılıq və s.

        1. qrammatik səviyyədə obrazlılq daha çox cümlə ilə bağlıdır.

        bəzən eyni söz müxtəlif üslublarda verilən mətnlərdə eyni məna ifadə etmir, onun funksiyası dəyişir; məs:

        1. Mənə elə söz deki ona inanım.
        2. Söz vardır – kəsdirər başı,
        1. Müxtəlif səslərin hər hansı bir leksik və qrammatik məna ifadə edən birləşməsinə söz deyilir.

        II nümunə bədii üslubdadır, burada söz məcazi mənada işlənir, öz informativ funksiyasından müəyyən qədər uzaqlaşmış olur.

        III nümunə elmi üslubdadır. Burada da söz öz informativ funksiyasından uzaqlaşır, terminoloji funksiya daşıyır. Göründüyü kimi hər hansı bir söz müxtəlif funksiyalar daşıya bilər. Bədii üslubda sözün əsas işi və ya vəzifəsi poetik funksiya daşımasıdır. Poetik funksiya daşıyan söz və ya ifadə isə poetizm adlanır. Poetizmlər məcazi mənada işlənən söz və ifadələrdir – məcazlardır. Sözün bədii imkanları sözün sehri,sözün gücü, sözün estetikası ifadələri ilə də verilir. Sözün poetik funksiyası onun adi informativ funksiyasından daha genişdir, daha tutumludur.

        Sözün poetik funksiyası ən çox məcazlarda meydana çıxır. Məcazlar qeyri – müstəqim mənada işlənən söz və ifadələrdir. Onların əsas növləri aşağıdakılardır. Təşbeh – bir əşyanın özündən daha qüvvəətli başqa bir əşyaya bənzədilməsinə deyilir. Məs: Lalə tək qızarmaq üz qaydasıdır.

        Epitet – yunan sözü olub əlavə deməkdir. əlavə olunan söz məcazi mənalı söz olub əşyanın əvvəlinə artırılır və onu təyin edir. Buna görə də epitetlərə bədii təyinlər də deyilir. Məsələn: daş ürək, lalə yanaq, gül əllər.

        Metafora- köçürmə deməkdir. Bir əşyanın əlamətinin həmin əşyanın adı çəkilmədən başqa bir əşya üzərinə köçürülməsinə metafora deyilir. Metaforada qarşılaşdırılan tərəflərdən yalnız biri işlənir. Məs: göylər ağlayır, günəş gülümsəyir və s.

        Mübaliğə – şişirtmə deməkdir. Hər hansı əşya və ya hadisənin əlamətinin olduğundan daha artıq göstərilməsinə mübaliğə deyilir. Məs: Necəsən bir ah çəkim,

        Kür quruya, sal yana.

        Əksinə, əşya və hadisənin əlamətinin daha kiçildilmiş formada göstərilməsi, əhəmiyyətsizləşdirilməsi litota adlanır. Litota mübaliğənin əksidir. Məs:

        Döydü yağış məni, döydü qar məni,

        Bir qarışqa minsəm, aparar məni.

        Kinayə – söz və ifadənin müsbət mənada deyilib, əslində mənfi mənada işlədilməsidir. Kinayədə sözün həqiqi mənası fikrin ifadə tərzinə qarşı qoyulur. Məs: ağılsız adama “ağıl dəryasıdır” demək kinayədir.

        21 Elmi üslub. Sözün terminoloji funksiyası. Elmi üslubun müxtəlif elm sahələri üzrə təzahürləri.

        Elmi üslub milli elmi təfəkkürün təzahür forması olub müxtəlif elm sahələrinin dilidir. Elmi üslub dərsliklərin, müxtəlif elm sahələri ilə əlaqədar kitab, monoqrafiya və məqalələrin dilidir.

          1. terminləri başa düşmək
          2. sintaksisi anlamq, yəni müxtəlif anlayışlar arasındakı əlaqələri dərk etmək.

          Elmi üslubda müəyyən istisnaları çıxmaqla, bütövlükdə obrazlılığa, emosionallığa, çoxmənalılığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilə bilməz. Elmi üslubda fikirlər, hökmlər, cümlələr, ifadələr birmənalı olur.

          Sözün elmi üslubda əsas vəzifəsi onun terminoloji funksiya daşımasıdır. Terminoloji funksiya daçıyan söz, yaxud ifadə termindir. Termin müəyyən elm sahəsinə aid olur, çox vaxt ancaq həmin elmin mütəxəssislərinə, o elmi bilənlərə aydın olur. Elə sözlər var ki, sırf teürmin kimi işlənir. məs: leksem, fonem, sintaksis, sinekdoxa, morfologiya, janr və s.

          Elə sözlər də var ki, yalnız elmi mətndə termin kimi işlənir, digər mətnlərdə ümumişlək söz də ola bilir. Məs: güc, xəbər, sifət, bucaq, şüa, say, enerji və s.

          Terminlər müxtəlif məna çalarları ifadə etmir, konkret bir anlayışı ifadə edir. əgər çoxçənalı söz (qüvvə, xəbər) termin kmi işlənirsə, digər əlavə məna çalarlarını itirir, həmin mətndə birmənalı olur.

          Azərbaycan dilində eləcə də dünya dillərində alınma terminologiya daha geniş yayılmışdır. Həm şərq, həm qərb dillərinə aid terminlər dilimizdə milli terminologiyanı üstələyir. Bu da elm sahəsinin beynəlmiləl xarakterindən irəli gəlir. Dünyanın bir çox dillərində eyni terminlər işlənir.

            1. Beynəlmiləl terminlər milli terminləriu sıxışdırır.
            2. Elmi üslub get –gedə daha çox formullara, şərti işarələrə, hamı üçün anılaşıqlı digər vasitələrə meyl edir.
            3. Elmi məlumat və araşdırmaların nəticələri daha çox beynəlxalq dillərdə elan edilir.
            1. Humanitar elmlər: tarix, fəlsəfə, filologiya, psixologiya, sosilogiya və s.
            2. Təbiət elmləri: biologiya,coğrafiya, tibb və s.
            3. Texniki elmlər: riyaziyyat, fizika, kimya və s.

            Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzet və jurnalların, radio və televiziyanın, elmi kütləvi kitabların və s dilidir. Ona “mətbuat dili”, “qəzet dili”, “elmi kütləvi dil”, “televiziya dili” də deyilir. əlbəttə belə adlandırma publisistik üslubun müxtəlif formaları ilə əlaqədardır və təbii ki, bunların heç biri publisistik üslub anlayışını tam əhatə edə bilmir.

            Publisiitik üslub şifahi və yazılı formada olur.

            Şifahi publisistika radio və televiziya dilidir, kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən dildir.

            Yazılı publisistika kütləvi qəzet və jurnalların, elmi – kütləvi kitabların və s- nin dilidr. Şifahi və yazılı publisistika dil cəhətdən bir – birindən o qədər də fərqlənmir. Publisistik üslubun əsas əlaməti kütləvi anlaşıqlılıq, aydınlıq, təsirlilikdir.

            Publisistik üslub kütləvi nitq forması olduğundan xalq dilinə çox yaxındır. Buna görə də ümumxalq dilində gedən proseslər – dəyişmələr, yeniləşmələr publisistik üsluba, əksinə, mətbuatda gedən dəyişmələr ümumxalq dilinə təsir edir.

            Publisistik üslub müxtəlif emosiyaları ifadə edir: qəzəb, nifrət, sevinc, həyəcan, təmkin və s. publisistik üslubda həm təsviri, həm də analitik şərhlərə təsadüf olunur.

            Publisistik üslub ən ictimai nitq forması olduğuna görə digər funksional üslubların bir sıra əlamətlərini də daşıyır. Nəticədə publiisistik üslubun, əsasən, aşağıdakı növləri meydana çıxır:

              1. bədii – publisitik dil
              2. elmi- publisistik dil
              3. rəsmi – publisistik dil

              Oçerklər, felyetonlar, bəzi məqalələr buna misal ola bilər.

              Elmi – publisistik dil dedikdə müxtəlif elm sahələrinə, siyasətə, dinə və s. aid publisistik məqalələrin, kitabların dili nəzərdə tutlur.

              Rəsmi – publisistik dil bilavasitə publisistik məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir.

              23 Məişət üslubu və onun yaranma şəraiti.

              Məişət üslubu insanların məişətdəki danışıq tərzidir, şəxslərin ailədəki, istehsalatdakı ünsiyyət dilidir.

              Məişət üslubu sadə, təbii danışıq dilidir. Məişət dili yazılı ədəbi dilə qarşı durur. Yalnız şifahi formada mövcuddur. Onu səciyyələndirən əsas cəhət nitqin sərbəstliiyi və təbiiliyidir. Lakin ədəbi dildə olduğu kimi burada da cümləni səliqəsiz qurmaq, istənilən söz və ifadəni işlətmək olmaz. Bu üslubun dili loru nitq, yəni yonulmamış pinti danışıq dili deyil, məhəlli səciyyə daşımır. Məişət üslubu dialekt üstü nitq formasıdır.

              Məişət üslubu ədəbi dilin şablonlardan, qəliblərdən azad və canlı danışığını məhəlləçilikdən, bəsitlikdən təmizlənmiş şəklidir.

              Yəni məişət üslubu təmtəraqlı nitqlə loru dilin keçidində müəyyənləşir. Bu üslubu loru danışıqla, dialekt danışığı ilə qarışdırmaq olmaz. Müxtəlif üslub nümayəndələri yazısında ayrı – ayrı üslublardan istifadə etsələr də , şifahi nitqdə məişət üslubundan istifadə edirlər. Bu mənada, məişət üslubunda müxtəlif üslubların nümayəndələri birləşirlər. Bu üslubun daha çox təmasda olduğu üslub bədii üslubdur. Məs: bədii üslubda, xüsusən, dramatik əsərlərdə personajlar daha çox məişət dilində danışırlar. Belə danışıq tərzi obrazların dilinə bir təbiilik, canlılıq, səmimiyyət gətirir.

              Məişət üslubu ədəbi dilin ən geniş yayılmış kütləvi üslubudur.

              Məişət dili gündəlik danışıq dilidir. Danışıq dilinin qarşılığı yazılı dildir. Yazılı dil isə insan mədəniyyətinin inkişafından xeyli sonra yaranmışdır. Şifahi nitq – danışıq dili ilkindir. Yazılı dil onun əsasında formalaşır. Yazılı dil çox zaman ədəbi dilin sinonimi kimi qavranılır. ədəbi dilin üslubları yazılı dilin bazasında meydana çıxır. Indi məişət dili kim qavradığımız nitq əvvəllər canlı dilin, xalqın ünsiyyət saxladığı dilin özü idi. ədəbi dilin üslubları danışıq dilinin əsasında, amma danışıq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə elə səviyyəyə çatır ki, xalqın dilinin təbiiliyindən uzaqlaşır. Ziyalıların bir – birini anlaması çətinləşir.

              ədəbi dilin get – gedə şablon dilə çevrilmə qorxusu yaranır. Bu halda insanlar təbii ünsiyyətə ehtiyac hiss edirlər. Həm də mədəni səviyyə yüksəldikcə insanların gündəlik üsniyyətində məhəlli nitqdən, yerli şivəçilikdən də çəkilmə meyli güclənir. yəni bu zaman ədəbi normativli dil insanların məişətinə yol açır. Beləliklə ədəbi dilin şifahi təzahürü olan məişət üslubu – ədəbi normativli gündəlik danışıq dili yaranır. Məişət üslubunun yaranması bir zərurətdir. O, xalq danışıq dili ilə ədəbi dil arasında bir balans yaradır. Sanki ədəbi dilə deyir ki, çox uzağa qaçma, yadlaşarsan, xalq danışıq dilinə deyi ki, çox dala qalma dialektə çevrilərsən. Beləliklə, məişət üslubunun balansyaradıcı rolu çox əhəmiyyətlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.