Press "Enter" to skip to content

Həd Abiyev, Şirəli Əhədov, Həsənağa Abiyev. Teymur Yəhyayev bu dəfəki müsahibəsində bu şəxslərdən də danışdı

Mən vizuallaşdırmaq üçün elektron formanı daima seçirəm, rəsm çəkmək bacarıqlarım çox da gözəl olmadığından J

İdeyam var, nə edim?

İlk sözlərimi başlamamışdan öncə onu qeyd edim ki, əgər kimsə ideyanızı bəyənmirsə və söyləyir ki sizdə alınmayacaq…. Fikrin üçün təşəkkürlər deyib, layihəni reallaşdırmağa çalışın və ya qızğın diskussiya yaxud mübahisə etmək istəyirsizsə sizi fikrinizdən daşıyan insana ilk baxışdan mənasız olan “spinner” kimi ideyanın reallaşma misalını dilə gətirin.

Yaxud bele ideya var deyənlərə isə “Uber” olduğu yerdə

“Bolt (Taxify)” və ya “WhatsApp” olan yerdə “Telegram”-ın populyar olmasını misal gətirin.

Gözəl ideyanızda əsasən bu 3 məqamın olması arzuolunandır (ardıcıllıq ən vacibdən aşağı doğru sıralanıb)

1) İdeyan ilə ehtiraslanmaq

2) İnsanlara gərək olduğunu təyin etmək

3) Gəlirli etmək

Tarixçə

“İdeya” sözünün kökü alimlərin ehtimalına görə “görmək” sözündən formalaşmışdı.

Platonun mülahizələrinə əsasən “ideya” hər hansı bir fikrin həyata keçirilməsi üçün göydən bizə göndərilən bir maddədir.

Psixoloqlar isə insan psixikasının “Özünə üstünlük” qanunauyğunluğunu fərziyyəsini irəli sürülmüşdü. Yəni insanlar əksər hallarda öz ideyasına üstünlük verir və bu ideyanın ən yaxşı olduğunu sanırlar.

Əla! Keçək mətləbə. İdeyam var, hardan başlayım?

Nömrə 1- Vizuallaşdır

“Həyat pis proqram yaratmaq üçün çox qısadır”.

İdeyanızda ən vacib olan ilk məqam, düşüncənizdə olan ideyanı kağız və ya elektron şəkildə vizuallaşdırmaqdır.

Mən vizuallaşdırmaq üçün elektron formanı daima seçirəm, rəsm çəkmək bacarıqlarım çox da gözəl olmadığından J

Düşünək ki sizin hər hansı bir sayt və ya mobil tədbiq ideyanız var

( bu elektron bir cihaz da ola bilər-fərqi yoxdur).

Bunu vizuallaşdırmaq üçün kifayət qədər resurslar mövcüddur, amma mən daima “Balsamiq” istifadə edirəm.

Bu resurs-dan istifadə edərək mütləq tam detallarına kimi ideyanızı vizuallaşdırmaq vacibdir ( hətta ən primitiv əməliyyatları belə).

Misal, belə bir vizuallaşdırma alına bilər:

Qeyd:

Əksər hallarda vizuallaşdırma nəticəsində artıq aydın olur ki ideya düşündüyünüz qaydada işləməyəcək və nəticə olaraq ya fikrinizidən daşınırsız və ya yenidən əlavə imkanlar düşünüb, ideyanızı tamamlayırsız.

Nömrə 2- Tələbatları araşdır

İlk məqamı uğurla başa vurduqdan sonra növbəti məqam sizin ideyanın nə dərəcədə tələbatlı olduğunu araşdırmaqdır.

Maksimum çalışın sizi tanımayan insanlara ideyanızı izah etmək və vizual olaraq necə göründüyünü nümayiş etdirmək.

Tanışlarınıza göstərdiyiniz zaman qərəzli cavablar almaq ehtimalınız yüksək olduğundan, bunu etməməyi məsləhət görürəm.

Geri dönüşlər çox vacibdir, siz burada gözdən qaçırdığınız kifayət qədər məqamları üzə çıxarmış olacaqsız.

Hətta təqdim etmək istədiyiniz məhsulun nə dərəcədə ölkənizə uyğun olduğunu anlaya biləcəksiz.

Ölkə ilə bağlı maraqlı bir rəvayət ilə paylaşmaq istərdim:

Nüfuza malik olan şirkətlərdən biri bir möhtəşəm reklam kampaniyası hazırlayıb Səudiyyə Ərəbistan bazarına daxil olmaq istəyir, amma nəticədə fiaskoya uğramış olurlar. Səbəb əslində çox sadə idi, reklam standart qaydada hazırlanmışdır və nəzərə alınmamışdır ki, Ərəb ölkələrindəki insanlar sağdan-sola doğru oxumağa alışmışlar. Bu səbəbdən də əksər insanlar soldan-sağa doğru yazılan yazıları/bannerleri heç oxumadılar.

Buradan çıxan əsas məntiq – müştərinizi tanıyın.

Müştərini tanımaq üçün də ən sadə yolu müştərilər ilə canlı ünsiyyətdə olmaqdır.

Digər alternativ variant kimi onlayn sorğu etmək olar.

Bunun üçün də aşağıdakı faydalı resurslardan istifadə etmək olar aşağıda qeyd olunan saytlardan faydalanaraq:

Qeyd:

İdeyanızı digərləri ilə paylaşmaqdan və oğurlanmağından heç zaman qorxmayın- bu elanlar səhifəsində öz tərcümeyi halı (CV) əlavə etmək kimidir. Sizin sənədinizi görüb kopyalamağa çalışa bilərlər, amma eyni anda da sizi arzuladığınız işə dəvət edə bilərlər.

Amma siz tərcümeyi halı (CV) elanlar səhifəsinə yerləşdirməsəniz, bu halda sizin arzuladığınız iş yerindən təklif almağınız qəliz məsələdir.

İdeyanızla da eyni qaydada, ideyanızı insanlar ilə paylaşmayınca ideyanızı reallaşdırmaq və ya daha doğru yol seçmə şansınız minimuma enir, amma əlbəttdə ki hər məsələdə olduğu kimi burada da istisnalar mövcuddur=

Nömrə 3- Komanda

“İstedadlı fərd oyunlarda qalib gəlir, komanda səyləri isə çempionluq qazandırır”.

Hər iki məqamı uğurla nəzərə aldıqdan sonra, qarşınızda ən çətin məsələlərdən biri çıxır- ideyanızı həyata keçirə biləcək düzgün komandanın tapılması.

İlk olaraq tövsiyyəm o olacaq ki, komandada vəzifələri paylamağa tələsməyin, ən əsas çətinliklərdən biri budur ki hamıya vəzifələr paylanır, amma ortada işləyən adam tapılmır.

Hamı rəhbər olaraq qərar vermək istəyir və nəticədə danışıqda şir nəriltisi eşidilir, əməldə isə pişik mırıltısı nümayiş olunur J

Komandaya başlanğıcda işçi alacaqsız, rəhbər deyil!

Mümkün qədər pulsuz-ideyaya işləyən komanda ilə işləməkdən uzaq durmağa çalışın.

Səbəb olaraq pulsuz işləyən həmfikir proqramçı insanlar tez ruhdan düşə bilər, pula ehtiyacı olduğundan freelance layihə götürə bilər və bu da layihənizin illərlə uzanmağına gətirib çıxara bilər. Bundan başqa əksər hallarda pulsuz işləmək marağında olan proqrammçılar bu sahədə yeni olurlar və sizin ideyanızı nə dərəcədə reallışdırması təhlükə altına düşür. Nəticədə siz onlardan layihəni alıb, digərinə pulla etdirməli olursuz- amma işə əvvəldə 50-50 və ya 70-30 (əsasən bu qaydada təklif edilir ki, proqrammçının marağı olsun pulsuz işləməyə) gəlirə razılaşdığınız üçün həmin şəxsi layihədən kənarlaşdırmağa çəkinirsiz, rəsmiyyətdə bu danışıq olduğu halda isə ümumiyyətlə bunu edə bilmirsiz. Nəticə etibarə ilə ideyanızı rellaşdırmaq üçün vaxtınızı itirmiş olursuz və ən əsas ideyanız uğurlu olduğu halda 30-50% gəlirinizi sizi yubadan və bir dəyər belə qatmayan şəxs ilə bölüşməli olursuz….

Əlavə məsləhətim isə komandada ilk öncə bütün işləri özünüz etməyin, əks halda etdiyiniz işləriniz hamısı yarımçıq qalacaq və ya fiziki çatdırmayacaqsız. Çalışın komandada ən azı proqrammçı və satış adamı olsun. İlk başda bunlar yetərlidir. Özünüzü sırf strateji qərarlar qəbul etmə, investitsiya cəlb etmə məsələlərinə fokuslamağa çalışın.

Nömrə 4- İdarə et

Komandaya sahib olduq, çox gözəl-amma komandanın idarə etməsini necə edək? İşin daimi izləməsini və prossesin necə getdiyini necə görək?

Bunun üçün də əlbəttdə kifayət qədər fərqli həllər vardır.

Vizual prosessləri izləmək üçün “Trello” platformasını məsləhət görürəm.

Çox sadə, anlaşılan bir onlayn həll (həm mobil həm də sayt versiyası) vasitəsi ilə işlərin hansı vəziyyətdə olduğunu və gecikmə olub-olmadığını vizual olaraq kontrol edib, platformada hər bir komanda nümayəndəsindən ayrıca işin detallarını almaq olar.

Fəqrli insanları bu plartformaya dəvət edib, layihənizdə iştirakını təmin edə bilərsiz.

Misal, belə bir vizual izləmə imkanınız olacaq:

Nömrə 5- Zaman

“Zaman həyatınızın puludur. Yalnız bu pulunuz var və yalnız bunun nəyə xərclənməsini təyin etmək hüququnuz var. Qorxun ki, başqası sizin yerinizə bu pulu xərcləməsin”.

İdeyanız icra olunduğu zaman vaxta fikir vermək çox və hətta deyərdim kritik vacibdir.

İdeyanızı bazara vaxtında təqdim etməklə, siz rəqiblərinizdən bir və ya bir neçə addım üstünlük əldə etmiş olursuz.

Gecikmə ilə təqdim olunan ideya isə ya əksər hallarda fiaskoya uğrayır ya da ki güclü rəqabətə tab gətirmək üçün amansız mübarizəyə qoşulur- bu da ki öz növbəsində əksər hallarda güclü pul yatırımı tələb edir.

İdeyanız komanda tərəfindən icra olunduğu zaman, həcmindən asılı olmayaraq 3-4 ay ərzində sizə göstərməli bir nüsxə yoxdursa deməli komandanız ya işi bacarmır və ya vaxt ayırmır.

Əksər layihələrdə 3-4 ay ərzində “MVP”- Minimum İşlək Məhsul ortada olmalıdır ki, siz bu minimum işlək məhsulu test edib – işin düz və ya səhv getdiyini təyin edib vaxtında düzəlişlər edə biləsiz.

Əgər ortada dediklərim yoxdursa, deməli komandanı dəyişmək barəsində ciddi fikirləşmək vaxtıdır.

Hər zaman fikrinizdə saxlayın, hardasa rəqibləriniz dayanmadan işləyir və sizi qabaqlamaq istəyirlər.

“Qaçış edərkən rəqibləriniz sizi arxadan dişləyir, amma yetər ki dayanasız – rəqibləriniz sizi yeyəcəklər”.

Bu ideya marafonunda qalib gəlmək üçün mütləq vaxtında sıçrayış etmək vacibdi.

Nömrə 6- Satış

“Bir məhsulu satmaq istəyirsinizsə, məhsul alıcının həyatını necə yaxşılaşacağını söyləyin!”

Bütün mərhələləri uğurla bitirdik, məhsulumuz hazir və 1 nömrəli vacib olan məqama gəlib çatdıq……. Satış.

Mənim fikrimcə ideyamızın təkcə deyil, həyatımızın ən önəmli bacarığı satış bacarığın olmasıdır.

Həyatımız boyu biz bilmərəkdən belə özümüzü “satmağa” çalışırıq.

Uşaq ikən valideynlərimizə hər hansı bir oyuncağın bizə alınması ideyasını sübüt etmək üçün min-bir səbəb gətiririk və inandırırıq.

Məktəbdə şeir dediyimiz zaman nə dərəcədə daha intonasiya ilə deyiriksə, bir o qədər yüksək qiymət alırıq. Eyni şeiri adi qaydada söyləyən ilə intonasiya və yüksək səslə söyləyən arasında hər zaman qiymət fərqi olur.

Arzuladığımız işə qəbul olmaq üçün min-bir obraza girib, özümüzü bəyəndirməyə çalışırıq.

Gözəl xanım ilə tanış olduqda belə görüşə getdiyimiz zaman hər cürə bəzənib-düzənib, ətirlənib bəyənilməmizə çalışırıq.

Bunlar hamısı fərqinə də varmadan, fərd kimi özümüzü və ya ideyamızı digər şəxslərə loru dildə desək “satmağa” çalışıb, son nəticə olaraq istəyimizə nail olmaq istəyirik.

Eyni olaraq da ideyanızla da belədir, dəridən-qabıqdan çıxıb ideyanı satmağa çalışmalısınız ki sonda uğurlu olmağa nail ola biləsiz.

Məhsulun müsbət cəhətlərini maksimum biruzə verən qaydada müştəriyə təqdim etmək və satış kanalların artırılmasına nail olmaq uğura gedən bir nömrəli yollardan biridir.

İndiki dövrdə artıq primitiv və standart satış metodları uyğun gəlmir.Məsləhətim satış və reklam strategiyanızı onlayn üzərindən qurmağa çalışın. Əksər hallarda müştəriləriniz sosial şəbəkələrdə sizi gözləyərkən, sizin küçələrdə buklet paylamaq və ya poster hazırlamağınızla əlavə xərc və qeyri-effektivlik nümayiş etdirmiş olacaqsız.

Satış və Marketinq strategiya çox böyük mövzudur və gələcəkdə bu mövzu üçün ayrıca bir məqalə hazırlamağı düşünürəm.

Nömrə 7- Gəlir

“Gəlir qoyulmuş vəsaitlərə və riskə mütənasib olmalıdır”.

Finiş nöqtəsi olaraq gördüyünüz iş gəlirli olmalıdır.

Əgər ideyanız sizə gəlir gətirmirsə, bu artıq iş deyil – bu hobbidir.

O səbəbdən ki, siz pul qazanıb-dolanmaq üçün digər bir işlə məşğul olub ideyanıza daha az vaxt ayırmalı olacaqsız və ehtiyaclarınızı ödəmədiyindən ideya ya atılıb qalacaq və ya hobbi kimi arada vaxt ayrılacaq.

Real gəlir olduğu zaman isə daima fokusunuz layihənizdə olacaq ki, əsas gəlir mənbəyinizdən məhrum olmayasız və inkişaf etdirəsiniz.

Və əlbəttdə bütün bu bəndləri yerinə yetirmək və kontrol etmək üçün böyük cəsarət lazımdır!

“Cəsarət qala qapılarını əvəz edir“ !

Son olaraq hörmətli oxucular:

Bu məqalə sırf mənim təcrübəm əsasında hazırlanmışdır və fərqli mövzülarda istisnalar və ya fərqli yanaşmaların olması normaldır.

Məqalənin məqsədi oxucuları maarifləndirmək və yol göstərməkdən ibarətdir.

Makismum bütün məqamlara toxunmağa çalışdım və qısa olmasına çalışdım, əks halda daha ən azı 10-15 səhifə yazmaq olardı J

Sonunda məqaləni bu aforizm ilə bitirmək istərdim:

“Kim ideya yaradmaq zövqünü yaşayıbsa, onun üçün başqa bütün zövqlər artıq mövcud deyil!”

Müəllif: Asif Ibrahimov

Əhəd Abiyev, Şirəli Əhədov, Həsənağa Abiyev. Teymur Yəhyayev bu dəfəki müsahibəsində bu şəxslərdən də danışdı

Masallının sabiq icra başçısı, rəhmətlik Ağaddin Niftiyevin oğli, Jurnalist Azər Niftiyevin Prezident İlham Əliyevin tələbəlik dostu, Masallı rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayevlə müsahibəsini təqdim edirik


Teymur Yəhyayev müstəqil Azərbaycan Respublikasının Masallı rayonunun ilk icra başçısıdır. Özü də bu vəzifədə ayrı-ayrı vaxtlarda iki dəfə çalışıb. Rayona birinci rəhbərlik dövrünün müddəti yeddi ay, ikinci başçılıq müddəti isə yeddi il davam edib.

O, bir çox ilklərə imza atıb. SSRİ-nin “yenidənqurma” dövründə ittifaqın nüfuzlu “TASS” agentliyində şöbə müdiri vəzifəsini daşıyıb. Azərbaycanın gələcək prezidenti İlham Əliyevlə tələbəlik dostu olub. Onunla söhbətimiz də elə qədim dostunun 60 illik yubileyi ərəfəsinə təsadüf etdi.

– Teymur müəllim, Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Siz onu hələ tələbəlik illərindən tanıyırsınız. Necə oldu ki, dostluğunuz yaranmağa başladı?

– İlham Əliyevlə ilk tanışlığımız 44 il öncəyə təsadüf edir. O zaman hər ikimiz artıq tələbə idik və Moskva Beynəlxalq Münasibətlər İnsitutuna daxil olmuşduq. Dövrün qaydası belə idi ki, insituta qəbul olunan tələbələrin adları xüsusi lövhədə yerləşdirilirdi. Biz ilk dəfə bu lövhənin qarşısında tanış olduq. O, mənə dedi ki, elə bilirdim sən Daşkənddən gəlmisən. Çünki həmin dövrdə Özbəkistanın Daxili İşlər naziri Yəhyayev soyadlı bir general idi. Bu xüsusda müzakirələrimiz başladı və SSRİ MK Siyasi Bürosunun üzvü Viktor Qrişin tərəfindən təqdimat aldığımı diqqətinə çatdırdım. Hansı ki, bu o zamanlar idi ki, aparıcı insitutlara yalnız göndəriş verən dövlətinin rəhbərinin təqdimatı ilə daxil olmaq mümkün idi. Məni Moskvadan göndərmişdilər. İlham Əliyevin onda cəmi 16 yaşı vardı, ucaboy və sarışın oğlandı. Avropa üslubunda və səliqəli geyim tərzi var idi. Mənim isə yaşım ondan çoxdur. Eyni vaxtı ali məktəbə sənəd verməyimizə səbəb mənim hərbi xidməti başa vurmağım və iki il “Moskva ZİL zavodu”nda işləməyimlə bağlı idi. O dövrdən bizim aramızda dostluq münasibətləri yaranmağa başladı. Sonradan isə o, məni Ulu Öndər Heydər Əliyevlə tanış etdi.

Bu məqamda qeyd edim ki, mənim həyatda qazandığım bütün uğurların kökündə Heydər və İlham Əliyev dayanıblar. O zamanlar Rusiyanın nüfuzlu informasiya agentliklərindən sayılan “TASS” agentliyinə də məni Ulu Öndər Heydər Əliyev göndərmişdi. İkinci dəfə Masallıya icra başçısı təyinatımı da Heydər Əliyev verdi. Hər ikisində də mənim xahişimi ondan İlham Əliyev etmişdi. Bu gün əziz dostumun 60 yaşı tamam olur. Fəxr edirəm ki, əziz dostum Azərbaycana tarixi Zəfər qazandırdı. İnanın 44 günlük Vətən müharibəsi dövründə yatmırdıq, bütün günü cəbhədən gələn xəbərləri gözləyirdik. İlham Əliyev bütün cəbhələrdə döyüşürdü. Həm hərbi cəbhədə uğurlu əməliyyatlara rəhbərlik edir, həm də informasiya və diaspor cəbhəsində mübarizə aparırdı.
Tam səmimi deyirəm ki, İlham Əliyev dünyada çox az liderə məxsus zəruri diplomatik və peşəkar keyfiyyətləri özündə birləşdirən bir liderdir. Onu bu gün Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel, Nursultan Nazarbayev kimi nəhəng liderlərlə müqayisə edirlər. Ulu Öndər Heydər Əliyevin özündən sonra Azərbaycana ən böyük hədiyyəsi İlham Əliyevi hakimiyyətə gətirmək idi. Zəngin idarəetmə təcrübəsinə malik, beynəlxalq münasibətlər sistemindən dərin anlayışlı, praqmatik və rasional yanaşma tərzi olan İlham Əliyev bu gün Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətlərdən birinə çevirib. Tarixi həsrətimizə son qoyulub və biz doğma torpaqlarımızı işğaldan azad etmişik. Mən hər dəfə bu misalı çəkirəm. Zamanında peyğəmbərimiz Həzrəti Məhəmməd hakimiyyəti Həzrəti Əliyə ötürsəydi, dini parçalanmalar baş verməz, İslam müxtəlif məzhəblərə bölünməzdi. Bəzən liderdən qətiyyətli qərarlar tələb olunur və İlham Əliyev öz cəsarətli addımları ilə Azərbaycanı tərəqqiyə qovuşdurdu.
Fürsətdən istifadə edib, əziz dostumu yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, yoruldum demədən Azərbaycanımızın tərəqqisi naminə müqəddəs fəaliyyətində bundan sonra da böyük uğurlar arzu edirəm! Əminəm ki, Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəyi parlaqdır və çox xoşbəxt xalqıq ki, belə bir liderimiz var.

– 44 günlük Vətən müharibəsi dövründə Solovyov və digər rusiyalı jurnalistlər ölkəmizin əleyhinə açıq fəaliyyət göstərdilər. Rusiyanın “media mətbəxi”nə yaxından bələdsiniz. Bəlkə biraz bu barədə danışaq?

– Məsələyə münasibət bildirərkən iki vacib amili diqqətdən kənarda qoymaq olmaz. Birinci məqam erməni lobbisinin Rusiyada güclü olması, əksər media resurslarında erməni jurnalistlərin təmsil olunması ilə bağlıdır. Burada haşiyəyə çıxaraq bir məqamı qeyd edim ki, hələ o zaman mən “TASS” agentliyində fəaliyyətə başlayarkən burada bir azərbaycanlı belə çalışmırdı. Ermənilərin sayı isə həddindən artıq çox idi. Təəssüf ki, bu gün də belədir. Demək olar ki, elə bir televiziya kanalı, mətbuat orqanı yoxdur ki, orada erməni jurnalistlər çalışmasın. Bu təkcə KİV-lərdə belə deyil, həkimlər, vəkillər, məmurlar, biznesmenlər arasında da ermənilərin sayı çoxdur. Onlar bir-birinə dəstək olur, irəli çəkirlər. İstənilən fürsətdə özlərini gözə soxmağa, ağıllı xalq olaraq göstərməyə çalışırlar. Guya ermənilər azərbaycanlılardan daha təhsilli və istedadlı xalqdır. Əslində isə bu qətiyyən belə deyil.
Rusiyada da digər dövlətlərdə olduğu kimi, lobbiçilik fəaliyyəti üçün münbit şərait mövcuddur. Nəzərə alsaq ki, hazırda kapitalizm dövründə yaşayırıq və pulun gücünə bir çox məsələləri həll etmək mümkündür, bu əsnada Solovyov və digər rusiyalı jurnalistlərin də şirnikləndirilməsi anlaşılandır. Digər vacib məqam isə xaricdə yaşayan soydaşlarımız arasında kordinasiyanın yüksək səviyyədə təşkil olunmaması ilə bağlıdır. Bunun da qeyd etdiyim kimi, öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Biz başa düşməliyik ki, müharibədə Zəfər qazansaq da, müharibənin ikinci mərhələsi hələ indi başlayır. Bu mərhələ informasiya və diaspor sahəsində aktiv fəaliyyəti qaçılmaz edir. Yaxşı olardı ki, media mənsublarımız həm Rusiyada, həm də digər dövlətlərdə yeni media subyektləri təsis etsinlər, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırsınlar.

– Bütün bunlar Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərmədiyini söyləməyə əsas verirmi? Azərbaycanlılar niyə birləşə bilmirlər?

– Ermənilər özlərini xristian dini qrupuna aid etsələr də, əslində onlar heç xristian da deyillər. Əsl xristianlar iddia edir ki, onlar Qriqoryan məzhəbinə aiddirlər. Bu isə öz növbəsində xristian din qrupuna aid deyil. Çar dövründən üzübəri ermənilər saxta tarix uydurub, bütün dünyanı bu tarixin dəstəkçisinə çevirməyə çalışıblar. Guya ki, dənizdən dənizə “Böyük Ermənistan” ideyasını həyata keçirəcəklər. Təsəvvür edin elə bir sahə yoxdur ki, orada ermənilər təmsil olunmasın. Həmişə də onlara “yaşıl işıq” yandırıblar. Səbəbi onları xristian hesab etmələri və erməni lobbisinin gərgin səyləridir. Bu artıq onların xarakterinə çevrilib. Onlar hər yerə öz uzun burunlarını soxmaq, vəziyyətdən ustalıqla çıxmaq vərdişlərinə sahibdirlər. Bəlkə də, bu onların heç zaman yekdil xalq olmaması, öz ölkəsində nicat görməməsi və digər dövlətlərdə hüzur tapması ilə bağlıdır. Bizim xalqımız isə çox təvazökar, dindirməsən danışmayan, ləyaqətli bir xalqdır.
O ki qaldı Azərbaycan diasporunun fəaliyyətinə, son illər bu istiqamətdə ciddi dönüş müşahidə olunur. Təsəvvür edin, 44 günlük Vətən müharibəsində xaricdə yaşayan soydaşlarımız ən yüksək səviyyədə birlik nümayiş etdirdilər. Həm müxtəlif aksiyalar keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, həm də ordumuza, şəhid və qazi ailələrinə dəstək olurdular. Bu tarixi qələbə üzərimizdə olan 30 illik ləkəni sildi. Artıq qürurla, fəxrlə söyləyə bilirik ki, biz qalib xalqıq. Son məğlubiyyət erməni lobbisi üçün də faciəvi sonluq deməkdir. İnanıram ki, biz bundan sonra səylərimizi daha da artıracaq, diaspor qurucluğu istiqamətində də fəaliyyətimizi gücləndirəcəyik. Bu gün Azərbaycanda kifayət qədər istedadlı və peşəkar insanlar var ki, xaricdə ölkəmizi ləyaqətlə təmsil edə bilərlər. Çalışmalıyıq ki, bu peşəkarları üzə çıxaraq, onlara dəstək olaq. Unutmayaq ki, onların qazandığı uğurlar həm də Azərbaycanın uğurudur.

– Azərbaycan tarixində iki dəfə ayrı-ayrı zamanlarda eyni rayona rəhbərlik etmiş ilk icra başçısı kimi tarixə düşmüsünüz. Ötən əsrin 91-ci ilində “TASS”dan Masallıya yol uzandı və siz doğulub boya-başa çatdığınız rayona rəhbər təyin edildiniz. Necə baş verdi bu?

– 90-cı ilin qanlı yanvar faciəsi, Ümummilli Lider Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması bizi çox ruhdan saldı. Bundan sonra mən Azərbaycana qayıtdım. Tam səmimi söyləmək istəyirəm ki, yenidən Moskvaya dönmək istəmirdim. Halbuki həmin dövrdə “TASS”da çalışırdım və məni Meksikaya göndərmək istəyirdilər. Məlum səbəbdən bu təklifdən də imtina etdim. İki aya yaxın Azərbaycanda yaşadım. Sonradan mənim o zaman dövlət başçısı olan Ayaz Mütəllibovla görüşüm oldu. Mən onu əvvəldən tanıyırdım və bu tanışlıq jurnalist kimi Azərbaycana səfərlərim zamanı yaranmışdı. Ondan müsahibələr götürmüşdüm. Mütəllibov mənə Xarici İşlər Nazirliyində, “Azərinform”da və digər qurumlarda yüksək vəzifələr təklif etsə də, mən Masallıda işləmək istəyimi onun diqqətinə çatdırdım. Baxmayaraq ki, mənə paytaxtda daha yüksək vəzifələr təklif etdi, bundan imtina etdim. O da məni Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. Yeddi ay bu rayona rəhbərlik etdim.

– İkinci dəfə daha uzun müddətə – yeddi il müddətinə yenidən Masallıya rəhbər təyinatı aldınız. O dövrdə Heydər Əliyevlə Ayaz Mütəllibovun münasibətləri yaxşı deyildi. Necə oldu ki, Heydər Əliyev Mütəllibovun kadrına yüksək etimad göstərdi?

– Qeyd etdiyim kimi, mənim Heydər və İlham Əliyevlərlə münasibətlərimin kökü çox-çox əvvələ, ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. Heydər Əliyev məni tanıyırdı, çünki oğlu İlham Əliyevlə dost idim, tələbə yoldaşı olmuşduq. Mənim “TASS”a təqdimatımı o zaman Siyasi Büronun üzvü olan Heydər Əliyev irəli sürmüşdü. Bu məqamda qeyd edim ki, AXC iqtidarı dövründə məni başqa işə keçməyimlə əlaqədar vəzifədən azad etdilər. Rəsmi sərəncamda bu öz əksini tapıb. Mənim AXC hakimiyyətinin rəhbərliyində təmsil olunan Əblüfəz Elçibəylə, İsa Qəmbərlə görüşüm oldu. Əbülfəz Elçibəy təklif edirdi ki, gəl Bakıda işlə. Hətta “Nə görmüsən o palçıqda, gəl Bakıda işlə, bizim paytaxtda sənə ehtiyacımız var” söyləyirdi. Ulu Öndər yenidən hakimiyyətə gələndən sonra İlham Əliyevdən xahiş etdim ki, yenidən məni Masallıya qaytarsınlar. O, məni Heydər Əliyevlə görüşdürdü və Ulu Öndər məni yenidən Masallı rayon İcra Hakimiyyətinin başçısı təyin etdi.

– Sizin ikinci başçılıq dövrünüz daha çox müzakirə olunur. Bəziləri fəaliyyətinizi təqdir etsələr də, narazı qalanlar, uğurlu fəaliyyət göstərmədiyinizi iddia edənlər də var. Xüsusən İldırım Allahyarovun birinci müavin təyinatı daha çox tənqid olunur…

– Unutmaq lazım deyil ki, hər bir dövrün öz tələbləri var. Mənim birinci icra başçılığı dövrüm SSRİ-nin yeni dağıldığı dövrə təsadüf edirdisə, ikinci başçılıq müddətim isə islahatların qaçılmaz olduğu zamana aid idi. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Hansı ki, bu iki sistem arasında ümumiyyətlə əlaqə yox idi və bir-birinə tamamilə zidd idi. Bu səbəbdən idarəetməyə yanaşma fəlsəfəsi dəyişməli idi. Liberal bazar iqtisadiyyatına keçid yeni transformasiyanı qaçılmaz edirdi və məhz müasir dövrün incəliklərindən xəbərdar olan bir kadr bu vəzifəyə təyin edilməli idi. Mən o zaman heç İldırım Allahyarovu tanımırdım da. Sadəcə rayonun rəsmi qəzetində kadr elanı yerləşdirdik. Bundan sonra İ.Allahyarov mənimlə görüşdü və rayon Bankının müdiri olmaq istəyini diqqətə çatdırdı. Buna razılıq vermədim. Mən onu daha yüksək vəzifəyə təyin etdikdən sonra gördüm ki, kifayət qədər uğurlu kadrdır. Bazar iqtisadiyyatının incəliklərinə bələd, biznes mühitindən xəbərdar olan, hər kəsi razı salan, peşəkar idarəçilik xüsusiyyətlərinə malik, eyni zamanda sadiq bir kadr idi. Məhz onunla birlikdə Masallının inkişafı istiqamətində çox böyük işlər görə bildik.

– Birinci müavinlərdən söz düşmüşkən. Birinci başçılığınız dövründə birinci müavininiz olan mərhum Həsənağa Abıyevi vəzifədən azad etdiniz. O, uzun müddət işsiz qaldı. Məhkəmə onun xeyrinə qətnamə qəbul etsə də, icra etmirdiniz. Nə baş vermişdi aranızda?

– Allah Rəhmət Eləsin! Açığını desəm, onun vəfat etməsi barədə məlumatsız idim. İkinci icra başçılığı dövründə rayona yeni düşüncəli, yeni mövqeyi olan, müasir dövrün çağırışlarına cavab verən, idarəetməyə yeni nəfəs gətirəcək məmurlara daha çox ehtiyac var idi. Həsənağa Abıyev isə əsasən partiya dövründə vəzifələrdə çalışmışdı və qeyd etdiyim xüsusiyyətləri özündə daşımırdı. İnsaf naminə qeyd etmək lazımdır ki, oz dövrü üçün yaxşı bir mütəxəssis idi. Söhbət islahatlardan gedəndə, sovxozların, kolxozların ləğvi məsələsi gündəmə gələndə, mülkiyyətin əhaliyə paylanması zərurəti ortaya çıxanda bir daha başa düşdüm ki, idarəetməyə yeni nəfəs gəlməlidir. Məhz elə bu səbəbdən mən onu vəzifədən azad etdim. Ona başqa vəzifədə işləmək təklifi etdim. Bu məqamda qeyd edim ki, bizim münasibətlərimiz yaxşı idi və heç vaxt aramızda narazılıq olmayıb. Kənardan baxanda tənqid etmək asandır. Lakin reallıq tamam ayrı şeydir. Bəzən rəhbərlər elə qərar verir ki, bunun əhəmiyyətini cəmiyyət illər sonra anlayır.

– Əhəd Abıyevlə də münasibətləriniz yaxşı deyildi. Hətta Milli Məclisin tribunasından sizi kəskin tənqid edirdi. Deyilənlərə görə, sizin işdən azad olunmağınızda onun xüsusi rolu olub. Bu barədə nə deyə bilərsiniz?

– Onun da qardaşları rayonda müxtəlif vəzifələrdə çalışırdı. Bir qardaşı rayonda “Aqrokombinat”ın direktoru idi, digər qardaşı sovxoz direktoru idi. Təbii ki, qeyd etdiyim kimi, həyata keçirilən instusional islahatlar bir sistemdən digər sistemə keçidi təmin etmək məqsədi daşıyırdı. Burada müəyyən ixtisarlar da olurdu, yeni sistem formalaşırdı. Təbii ki, bəziləri bundan narazı qalırdılar və məsələni şəxsi münasibətlər səviyyəsinə daşımaq istəyirdilər. Onlar yeni reallığın diqtə etdiyi şəraitlə barışmaq istəmirdilər. Onun bir qardaşı da var idi, Nadir Abıyev. Uzun illər müxtəlif vəzifələrdə çalışmışdı. O deyirdi ki, biz Teymur Yəhyayevi 20 il sonra başa düşəcəyik. Bu gün Masallı ona görə inkişaf edib, xüsusi mülkiyyətçilik ona görə geniş vüsət alıb ki, bunun əsası məhz o dövrdə qoyulub. Hansı ki, bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçilirdi və yerlərdə onun nümayəndələri olaraq bu siyasəti davam etdirirdik. Sizə bir fakt deyim. O dövrdə “Azərenerji”nin sədri Müslüm İmanovun yarıtmaz idarəçiliyi nəticəsində regionlarda elektrik yox dərəcəsində idi. Amma Masallı barmaqla sayılacaq rayonlardan idi ki, burada işıqlar yanırdı. Səbəb çox sadə idi: Biz əhali arasında işıq pulunu ödəmək üçün təşviqat aparırdıq. Hətta əlimdə xüsusi şüar özüm kənbə-kənd gəzib, bu təbliğatda fəal iştirak edirdim. Məhz bu səbəbdən rayonu işıq böhranından xilas etdik. O ki qaldı Abıyevlərə, onlar mənim vəzifədən azad olunmağım üçün ciddi səy göstərirdilər. Cəmiyyətdə belə adamlar da olmalıdır. Tənqid olmayan yerdə inkişaf ola bilməz.

– Şirəli Əhədov da sizin kadrınız idi. Onu Masallı şəhərinə icra nümayəndəsi təyin etmişdiniz. Sizdən sonrakı icra başçısı Təhsil şöbəsinin müdiri vəzifəsinə irəli çəkdi və sonradan yenidən uzun müddət sizinlə işlədi. Onun başçı təyinatını necə qarşıladınız?

– Açığını desəm, icra başçısı vəzifəsindən azad ediləcəyimi gözləmirdim. Çünki o dövrdə mənim fəaliyyətim, Masallıda həyata keçirilən islahatlar ölkə rəhbərliyi tərəfindən təqdir olunurdu. Mən özüm də işdən getmək istəmirdim. Düşünürdüm ki, rayonun inkişafı üçün görəcəyimiz işlər hələ qabaqdadır. Lakin bütün hallarda bu rəhbərliyin qərarı idi. Şirəli Əhədovu ilk dəfə olaraq orta məktəb direktoru, ardınca Masallı şəhəri üzrə öz nümayəndəm təyin etmişəm. Bütün bunlar mənim rayona birinci rəhbərliyim dövründə baş verib. İkinci rəhbərliyim dövründə isə uzun müddət rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Kifayət qədər yaxın münasibətimiz olub. Qeyd edim ki, insan kimi pis adam deyildi. Onu rayona rəhbər təyin edərkən buna etiraz etmədim. Sadəcə bildirdim ki, Şirəli Əhədov bu vəzifəni idarə edə bilməcəyək, yəni, bacarmayacaq. Bəlkə də indi bu mümkündür, çünki güclü və dayanıqlı sistem formalaşıb, lakin o dövrdə bu mümkün deyildi. Təcrübə göstərdi ki, yanılmamışam.

– Hazırda nə işlə məşğulsunuz? Yenidən Azərbaycana qayıtmaq və burada hər hansı vəzifə daşımaq kimi niyyətiniz varmı?

– Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıram. Azərbaycan diasporunun fəal nümayəndəsi, Azərbaycan Cəmiyyətinin aktiv üzvüyəm. Kifayət qədər sağlam və gümraham. Əsasən Azərbaycan həqiqətlərinin dünyaya yayılması, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması istiqamətində politoloq kimi fəaliyyətimi davam etdirirəm. Rusiya KİV-ləri ilə fəal əməkdaşlıq edirəm. Təbii ki, etimad göstərilərsə, öz doğma vətənimdə dövlətimizin güclənməsi işinə yenidən öz töhfəmi verməyə hazıram. Buradan əziz dostum, Cənab Prezident İlham Əliyevə müraciət edirəm ki, mənim yenidən Azərbaycana qayıdıb, ölkəmizin tərəqqisi istiqamətində peşəkar fəaliyyətimə şərait yaratsın. Buna inanıram. Fürsətdən istifadə edib, bir daha Cənab Prezident İlham Əliyevi 60 yaşının tamam olması münasibətilə təbrik edir, ona ölkəmizin tərəqqisi uğurunda gələcək fəaliyyətində misilsiz uğurlar arzu edirəm!

Xəyanət edən insanlar necə davranır? -TANIYIN

Günümüzün ən böyük problemlərindən biri də günü-gündən artan boşanma hallarıdır. Boşanmaların ən böyük səbəblərindən biri isə xəyanətdir.
Türkiyəli məşhur ailə terapevti Cem Keçə xəyanət edən insanların psixologiyası və davranışlarında baş verən dəyişikliklər barədə maraqlı bir məqalə yazıb.
Yazını oxuyaraq xəyanətin qurbanı olub-olmadığınızı müəyyənləşdirə bilərsiniz.
“Ailə dostu” layihəsində həmin məqaləni təqdim edirik:
Səbəbi nə olur, olsun, xəyanət qəbul edilə bilməz. Sevdiyi şəxs tərəfindən aldadılan kişi və ya qadın ağır zərbə alır.
Ən yaxın adamı rəhmətə gedən insan necə hisslər keçirirsə, xəyanətə uğrayan şəxs də eyni hala düşür.
Xəyanət edən isə məsələyə tam fərqli yanaşır.
O, sədaqətsizliyinə bəhanə tapmaqla məşğul olur. Yəni, hamıdan əvvəl özünü aldadır.
Xəyanətin səbəblərini tam olaraq müəyyənləşdirmək mümkün deyil. Belə insanların psixologiyası çox fərqlidir. Söhbət xəyanətdən gedəndə, hər kəsin səbəbi fərqli olur.
Xəyanət sevgi münasibətlərinin əsas düşmənidir.
Evlilik terapevtləri xəyanətin qismətlə deyil, genetika ilə bağlı olduğunu bildirirlər. Belə ki, atası şorgöz olan kişilərin özləri də eyni cür həyat tərzi keçirməyə meyilli olurlar.
Mütəxəssislər gələcəkdə xəyanətin əsl səbəbinin tapılacağına əmindirlər.
Hətta 2050-ci ildə cütlüklər üçün xüsusi xəyanət testlərinin hazırlanacağı deyilir. Sevgililər evlənməzdən öncə həmin testlərdən keçməli olacaqlar.
Təəssüf ki, hələlik elm həyat yoldaşınızın sizə xəyanət edib etmədiyini deməkdə acizdir.
Ancaq uzun illər davam edən araşdırmalar nəticəsində bir neçə ümumi müddəalar müəyyənləşdirilib ki, onlara əsasən 80 faiz doğru nəticələr əldə edə bilərsiniz.

Bunun üçün sadəcə, partnyorunuzun davranışlarına nəzər yetirməyiniz kifayətdir. Bəs, hansı davranışlarına əsasən, həyat yoldaşınızın sizə xəyanət etdiyindən şübhələnməyə tam haqqınız çatır?

Sizin üçün bir neçə ipucu verə bilərəm:

1.Geyim, qida və yuxu rejimində dəyişikliklər var?
2. Evdən xaricdə çox vaxt keçirir?
3. Sizə qarşı diqqətsizdir və cinsi istəyində azalma müşahidə edirsiniz?

Bu suallara “hə” cavabını verirsinizsə, deməli, torbada pişik var.
Düzdür, həyat yoldaşınızın bu davranışları başqa səbəblərdən də qaynaqlana bilər.
Ancaq yenə də diqqətli olmaqda fayda var.
Onu da qeyd edim ki, xəyanət edən kişi və qadın davranışları arasında fərqli nüanslar müşahidə edilir.
Sizin üçün hər iki cinsin nümayəndələrinin xəyanət siqnalı verən davranışlarını araşdırmışam.
Gəlin, görək xəyanət edən qadın və kişi necə davranır.
“Bu axşam işlə bağlı iclasım var, gec gələcəyəm”, “Həftə sonu işlə bağlı səyahətim var, getməliyəm” kimi cümlələr quran kişidən ilk başda şübhələnməməyiniz normaldır.
Ancaq bu cümlələri quran kişi eyni zamanda aşağıdakı müddəalara uyğun davranırsa, deməli. şübhələnməyə dəyər.

1. Xarici görkəminə, geyiminə daha çox fikir verməyə başlayıb.
2. Evə mütəmadi olaraq gec gəlir.
3. Mütəmadi olaraq işlə bağlı iclaslarda iştirak etdiyini deyir. Başqa şəhərə gedir.
4. Evlilik üzüyünü taxmaq istəmir.
5. Gigiyenik qaydalara əvvəlkindən daha çox əməl edir. Tez-tez çimir, alt paltarlarını dəyişir.
6. Tez-tez yalan danışır.
7. Sizinlə daha az vaxt keçirir, gözəl sözlər demir.
8. Kiçik bir şeyə görə dava çıxarır, tez əsəbiləşir.
9. Qəsdən dava salır, evdən getmək üçün bəhanə axtarır.
10. Kompüterinə və mobil telefonuna kod qoyur.
11. Mobil telefonundan ayrılmır.
12. Daha çox pul xərcləməyə başlayıb.
13. Heç bir səbəb olmadan sizə hədiyyə alır.
14. Gecələr televizora baxdığını bəhanə edərək sizdən ayrı yatır.
15. Cinsi fantaziyaları dəyişib.
16. Cinsi performansı zəifləyib.
17. Xəyanətlə bağlı verdiyiniz suallara “nə əlaqəsi var, səfehləmə, heç elə şey olar?”, – deyə cavab verir.
18. Gün ərzində etdiklərini sizinlə paylaşmır. Verdiyiniz hər hansı sual onu əsəbiləşdirir.

İndi də keçək xəyanət edən qadınların ortaq xüsusiyyətlərinə.

1. Sizin yanınızda soyunmur, utanır.
2. Ona toxunduqda sanki yad biri toxunmuş kimi ürpərir.
3. Saç rəngini və ya kəsimini dəyişib.
4. Geyim tərzini dəyişib.
5. Əvvəllər heç problem etmədiyi artıq çəkini indi kompleks edir. Pəhriz saxlayır.
6. Evlilik üzüyünü taxmır.
7. Sizinlə daha az zaman keçirir.
8. Danışarkən sizinlə göz-gözə gəlməməyə çalışır.
9. Sizinlə əvvəlki kimi maraqlanmır.
10. Sizi mütəmadi olaraq tənqid edir, günahlandırır.
11. Cinsi əlaqəyə girməmək üçün müxtəlif bəhanələr tapır.
12. Tez-tez telefonla danışır və danışarkən sizin yanınızdan uzaqlaşır, başqa otağa keçir.
13. Telefonuna gələn və gedən zənglərin siyahısını, həmçinin, mesajları silir.
14. Ev işlərini görmür.
15. Tez-tez alış-veriş edir, dəblə ayaqlaşmağa çalışır.
16. Sizin evə gəliş-gediş saatlarınızı dəqiqləşdirir.
17. Daha öncə adlarını heç eşitmədiyiniz rəfiqələriylə tez-tez mesajlaşır, görüşür.
18. Qızlarla vaxt keçirəcəyini deyərək, axşamlar evdən çıxır.
19. Bir anda müəyyən bir idman və ya musiqi növünə maraq göstərməyə başlayıb.
20. Gecələr yatmaqda çətinlik çəkir.
21. Bütün gün əsəbi və narahatdır.
22. “Səni sevirəm”, demir.

Təbii ki, yuxarıda yazılanlar tam olaraq xəyanətə uğrayıb-uğramadığınızı aşkar edə bilməz. Bu zaman 6-cı hissinizə güvənməlisiniz. Çünki həyat yoldaşınızı ən yaxşı siz tanıyırsınız.
Əgər aldadıldığınıza əminsinizsə və əlinizdə bəzi dəlillər varsa, onunla oturub sakit şəkildə söhbət edin. Məsələyə aydınlıq gətirməsinə imkan verin.
Unutmayın ki, “hirslə qalxan, zərərlə oturar”.
Əgər onu bağışlayacaqsanızsa, bir şans daha verdiyinizi deyin. Ondan davranışlarını düzəltməsini tələb edin.
Əgər buna söz verirsə və peşman olubsa, yolunuza davam edin.
Lakin bu xəyanəti heç vaxt unuda bilməyəcəksinizsə, həmişə baş verənləri xatırlayıb mübahisə salacaqsanızsa və ən əsası partnyorunuzun sözünə əməl edəcəyindən əmin deyilsinizsə, yolunuzu ayırın.
Həyat qısadır və heç kimə görə, həyatı zəhər etməyə dəyməz./publika

Maraqlı Baxılıb: 32633 Tarix: 10 may 2015

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Comments are closed, but trackbacks and pingbacks are open.