Press "Enter" to skip to content

Xəlil rza ulutürk şeirləri

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram!
Qolumdakı zəncirləri qıram gərək!
Qıram! Qıram!
Azadlığı istəmirəm
bir həb kimi, dərman kimi,
İstəyirəm Səma kimi!
Günəş kimi!
Cahan kimi! –

Xəlil rza ulutürk şeirləri

Xəlil Rza Ulutürk

Oğlum Təbrizə

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn ay mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.

Bir evin qeyb olmuş səadətini,

Min evə qaytaran balamsan mənim.

Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə atam Təbrizim!

Anan süd veribdir, fəqət mən sənə

Köksümdə közərən odu vermişəm.

Seçib milyon – milyon adlar içindən,

Dünyanın ən gözəl adı vermişəm.

Ey bala Təbrizim, gün o gün olsun

Ana Təbrizimə mən azad deyim.

Ustad Şəhriyarla görüşün olsun,

Təbrizi – Təbrizə qol-qanad deyim.

Arzular könlümdə çeşmə-çeşmədir,

Arzular qoynunda boy atmış könül.

Səni arzum üçün, amalım üçün,

Səni könül üçün yaratmış könül.

Atanın ömrünə oğul yaraşıq,

Qoy bir nəfəs alım daha dərindən.

Mən öz Təbrizimlə bu gün yanaşı,

Keçirəm Bakının küçələrindən.

Bu gün yağış yağır. Qorxma yağışdan,

Tufanda, şimşəkdə bərkisin canın.

Sən mənim balamsan, mən sənin atan,

Biz bir cüt oğluyuq Azərbaycanın.

Xəlil rza ulutürk şeirləri

Tarix: 14.10.2012 13:49
Baxış sayı: 9016

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-metodik mərkəzinin Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş dəyirmi masa tədbirində (09.10.2012) tənqidçi-ədəbiyyatşünas, doctor-professor Qurban Bayramovun “Xəlil Rza Ulutürkün mübariz poeziyası” mövzusunda etdiyi məruzənin mətnini oxuculara təqdim edirik:

Türk dünyasında zaman-zaman azadlıq uğrunda mübarizə və mücadiləyə qalxan, canlarından keçən çox ünlü, böyük və möhtəşəm sənətkarlarımız olub. Bunlardan biri də, XX əsrin ikinci yarısının, XXI əsrin ilk onilliyinin yetirdiyi Azərbaycanın xalq şairi, istiqlalımızın mücadilə şairi Xəlil Rza Ulutürkdür!
Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinin keçirilməsi barəsində hörmətli prezidentimizin sərəncamında şairin yaradıcılığı böyük dürüstlüklə belə qiymətləndirilir:
“Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir.”
“Xalqımızın bədii-poetik fikir səlnaməsinin parlaq səhifələrini təşkil edən” Xəlil Rza Ulutürk yaradıcılığı belə bir mərtəbəyə asanlıqla yüksəlməyibdir. Hamıya məlumdur ki, Xəlil Rza bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, döyüşkən yaradıcılıq meydanına şahrah yollarla gəlib çıxmayıb, bu çətin yolların əzabını, məşəqqətini çəkə-çəkə poeziya olimpində öz yüksək məqamını tutub, Xəlil Rza Ulutürk olub!
Bu yolun başlanğıcında Xəlilin parlaq istedadı dövrün parlaq simalarının nəzərindən qaçmadı. Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq istedadının imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə, təfəkkür və düşüncəsinin formalaşmasına ciddi təsir göstərdi və dərc etdirdiyi şeirləri, məqalələri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etdi! Təkcə ədəbi ictimaiyyətinmi?
Artıq bu şeirlərdə onun azadxah duyğularının ilkin qığılcımları imperiyanın qazdan ayıq xəfiyyələrinin də diqqətini çəkdi, Xəlil Rzanın adına xüsusi kartoteka açıldı, dırnaqarası olsa da “bəxtəvər” nəzarət siyahısında öz yerini tutdu! Bu siyahıda yer tutması bəlkə də, onun xeyrinə oldu – Xəlil Rzanın milli ruhunu ram etmək üçün onu milli mühitdən uzaqlaşdırmaq məqsədilə Moskvaya, Ali Ədəbiyyat kurslarına göndərdilər. Burada da tale onu müstəqil ruhlu, demokratik təfəkkürlü ziyalılarla, məşhur sənət adamları ilə qarşılaşdırdi.
Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış oldu. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdı. Bütün bunlar onun mübariz ruhuna təsir göstər, şairlik məsuliyyətini artırır, məddah yox, milli şair olmağın ağırlığını dərk edirdi:

Gənclikdə şairlik bir azca asan,
Nəğmələr söylərsən xoşbəxtəm deyə:
Bənövşə nəfəsli gözəl bir qıza,
Qız-gəlin nəfəsli tər bənövşəyə.

Sənə gül verərlər, gözlərdə hörmət,
Yonələr könlünə çayların jönü.
Bilməzsən, bir dəstə gül verən sənət –
Qurban istəyəcək bir gün ömrünü.

Beləliklə o, hələ 60-cı illərin əvvəllərində sənətdə, poetik idealında milli şairlik kredosunu təyin etmiş, dahi sənət sələflərinin də zaman-zaman müəyyənləşdirdiyi güldən, bülbüldən, bənövşədən yazmaq dövranının keçdiyini bilmiş, azadlıq, milli müstəqillik uğrunda şeirlə, sənətlə mübarizə etmək yolunda öz şair ömrünü qurban demişdi!!
Həmin illərdə yazdığı şeirlərdən birində “dolanmaq xatitirinə sürünərək yaşamağın” faciəsini açmış, “Hər şeyin yaxşısı” şeirində gəncliyə xitabən “azadlıq uğrunda mübarizə”nin nəşəsini tərənnüm etmişdir:

Sevsən, biləcəksən nədir bu cahan,
Dolanmaq, sürünmək, yaşamaq nədir?!
Ən gözəl yaşamaq, əslinə baxsan,
Azdlıq uğrunda mübarizədir! –

deyən, Xəlil Rza hələ o dövrdə “Məslək silahımsan sən, poeziya!” deyə, milli azadlıq uğrundakı mübarizədə qələm dostlarını poeziyanı silaha çevirməyə çağırır və cəngavərlik əzmi ilə ucadan soyləyir:

İşıqlı zirvələr yolçusuyuq biz,
Şeir bizim üçün ən uca dağdır.
Eşqsiz, alovsuz, mübarizəsiz,
Şeirsiz yaşamaq yaşamamaqdır!
Miyanə misralar, sürtülmüş sözlər,
Ölüvay şeirlər qoy girsin yerə!
Qoy aman verməsin işıqlı gözlər
Yarasalar kimi hərlənənlərə!

Başqa bir əsərində isə o, şeirini mübarizələr yolunda “silahlı əsgər” hesab etmişdi:

Kürsülərə sığmayan
Cəsur şeirim, ər şeirim!
Təpədən dırnağacan
Silahlı əsgər şeirim!

Mübaliğəsiz deyək ki, Xəlil Rza Ulutürkün son nəfəsinə qədər onun bütün şeirləri milli müstəqillik, milli azdlıq hərəkatının, azərbaycançılıq ideoloğiyasının poeziya libasında silahlı əsgəri oldu. Və Xəlil Rzanın şeirlərinin, poeziyasının bu əzəmi keyfiyyətinə görə, xalq şairi Bəxtiyar Vahabzadə hələ 70-ci illərin ortalarında onun yaradıcılığını “Poeziya alovu” adlandıraraq belə səciyyələndirirdi: “Xəlil Rza yaradıcılığında mərdlik, bahadırlıq pafosu, cəngavərlik əzmi həmişə güclü olmuşdur. Onun lirik qəhrəmanının bu cəhətləri son illərdə həm də səbir, dözüm, daxili təmkin, özünə inam və fəlsəfi idrak kimi keyfiyyətlərlə zənginləşmişdir.”
Xəlil Rzanın milli müstəqillik uğrunda poetik mücadilə və mübarizəsini fikrimizcə şərti olaraq üç mərhələyə bölmək olar: birinci sovet dönəmində apardığı mübarizə (60-80-ci illərin sonlarına qədər); ikinci mərhələ milli-azadlıq hərəkatının meydan hərakatına çevrilməsi dövrüdür – açıq mübarizə mərhələsidir; üçünçü mərhələ isə müstəqillik illəri, müstəqil Azərbaycan Respublikasının qələbəsi və fəaliyyəti mərhələsidir. Bu dönəmlərin hamısında Xəlil Rza şəxsiyyəti, poeziyası, publisistikası, sənədli-sübutlu memuar yaradıcılığı bütün çətin məqamlaradan, ağrılı pillələrdən, Lefortovo zindanından keçsə də, öz şərəfli məqamına yüksəldi, millətinin istiqlalına yetdi, ömrü boyu apardığı mübarizənin bəhrəsini gördü. Və bu hər inqilabçı şairə nəsib olmur! Heyif ki, təkcə iki yüksək məqamın faktı onun ölümündən sonraya düşdü. 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif olunması, bir də Türkiyə Respublikasının Milli şairi fəxri adına layiq görülməsi.
Burada bir cəhəti də qeyd etmədən ötmək mümkün deyildir! Xəlil Rza Ulutürk təkcə böyük şair deyil, o filologiya elmlər doktoru, professordur, dəyərli ədəbiyyatşünasdır, tənqidçidir, pedaqoqdur, kəsərli publisistdir, mahir tərcüməçidir, alovlu natiqdir, sərrast və məhsuldar memuaristdir, ən ümdəsi isə Türk dünyasının ictimai xadimi olaraq bu günə qədər heç kəsin daşımadığı möhtəşəm bir titulun əbədi daşıyıcısıdır – Ulutürkdür!!
Bütün bu fəaliyyət dairələrinin, sahələrinin hər birisində, lap elə adi ailə-məişət həyatında da (“beş qəpiklik” cəriməni xatırlayın!!) Xəlil Rza milli azadlıq uğrunda mübariz idi! Harda olursa-olsun Xəlil Rza həmişə, dönməz əqidə sahibi idi və fürsət düşdü-düşmədi bütün məqamlarda milli azdlıq ideyalarının aşkar təbliğatçısı, ideya daşıyıcısı, fədakarı idi. Bütün bunlar onun yaşam tərzinə, həyat amalına çevrilmişdi! Təkcə onun: “Günaydın, igid!” ifadəsindən şəlallər coşqusunda türkçülük tökülürdü. “Avtoportret” şeirində yazdığı kimi, Xəlil Rza Ulutürkün “məsləki bərq vuran dürrə bənzəyir!”di!
Onun şeirlərinin birindən (“Sevdiyim sənətkara”) belə bir misra keçir: “Bilki əsil şeir can məşəlidir!” Xəlil Rza sözün əsil mənasında şeiri məşələ çevirdi! Danko ürəyini məşələ çevirib qaranlıqları yardığı kimi, Xəlil Rza da şeirini məşələ çevirib zülmün, məhkumluğun, imperiyaların qaranlıqlarını yara-yara keçdi və azadlığına qovuşdu!
Böyük Səməd Vurğun demişdi : “Əyilməz vicdanın böyük heykəli!” Xəlil Rza min-min mərhumiyətlər, sıxıntılar, əzablar, aşağıdan-yuxarıdan təzyiqlər görsə də, onun sənət vicdanının böyük heykəli heç vaxt zülm və zalımlar qarşısında əyilmədi! Əyilməməyi bir yana, sənət yolunda ikiüzlüləri, “yada yalaq olanları”, “qab dibi yalayanları” sözün qınağına çəkdi, söz mərmisinə, söz qurğuşununa tutdu:

Oxudum. gözümə inanmayaraq,
Səninmi bu imza, səninmi bu xətt?
Sözlər – yada yalaq, yaxına bir dağ!
Hanı car çəkdiyin qüdrət, ləyaqət?
Çamura, zülmətə sən ağ deyəndə,
Süd kimi kağızdan utanmadınmı?
Əyriyə düz deyib, düzü əyəndə
Əyilməz ərləri heç anmadınmı?
Qələmdən, kağızdan utanmadınmı?

Başqa bir şeirində (“Meyar”) isə daha qəti, xüsusi bi qəzəblə yazırdı:

Tutaq ki, var istedadın,
İlhamın da,
Biliyin də.
Rədd ol! İtil gözlərimdən
Əgər yoxsa Vətən eşqi
Sümüyündə, iliyində.

Xəlil Rza yaxşı bilirdi ki, dili qorumaq milləti qorumaq deməkdi! Hələ 60-cı illərin əvvəllərindən bütün yazı pozularında, tələbə aiditoriyasında, çıxış və məruzələrində olduğu kimi, Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. O, bütün ədası və hərəkəti ilə diqqəti ana dilinin saflığını qorumağa, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. O, Azərbaycan dilini –ana dilini canından əziz bilirdi.
Xəlil Rza yaxşı bilirdi ki, Vətəni bu və ya digər imeriya işğal edə bilər, mümkündür, lakin müvəqqətidir! Amma dilin işğalı ölümdür, yoxluqdur, heçlikdir! Onun dünyasında Azərbaycan-türk dili milli əxlaqdı, xalq mənəviyyatıdı, müstəqillik məfkurəsidi, bir sözlə, Xalqın özüdü! Vətəndir!

Mənim dilim Göygöyl, Xəzər,
Mənim dilim Şahdağımdır!
Qoy dilçilər öcəşsinlər,
yoxdur bəhsə meylim mənim.
Heç bir dildən əskik deyil,
bəşərin dil ağacının
şah budağı dilim mənim!
. Sağdır dilim,
demək, sağdır şərafətim, ləyaqətim,
Sağdır, demək,
Milyard yaşlı məmləkətim!

Əlbəttə, bütün bunlar üzdəniraqların zərrəbinindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji, rəsmi elmi-natiqlik fəaliyyəti məhdudlaşdırılır, qadağalar qoyulur.
Şairin qələm dostu, məsləkdaşı Xalq şairi Sabir Rüstəmxanlı o illəri xatırlayaraq yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”
Xəlil Rzanın “Afrikanın səsi” adlı şeirindən hamının bildiyi, dillər əzbəri çevrilən, aforizm olan –

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram!
Qolumdakı zəncirləri qıram gərək!
Qıram! Qıram!
Azadlığı istəmirəm
bir həb kimi, dərman kimi,
İstəyirəm Səma kimi!
Günəş kimi!
Cahan kimi! –

bu misraları, “bədii kəşf” (Bəxtiyar Vahabzadə) təkin qiymətləndirilən bu şeiri ümumən şeirimizin yox, xalqımızın azadlıq himninə döndü, müstəqilliyin manifestinə çevrildi! Şeir, dolayısı yolla, izi azdırmaq məqsədilə “Afrikanın səsi” adlandırılsa da, (orjinalda şeirin adı “Azadlıq” olub) əslində bu, həm də o taylı, bu taylı Azərbaycanın, istibdada düçar olmuş Azərbaycan xalqının səsi idi. Burada müstəmləkə buxovlarını, qandallarını, zəncirlərini qırmağa çağrış var idi! Bu şeirdə xalqın mübarizə əzmi, üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olunmuşdu.
Millilik Xəlil Rza Ulutürk yaradıcılığının ruhudur, varlığıdır. O, elə qüdrətli şairdir ki, hansı mövzuya müraciət edirsə-etsin orada millilik motivini, milli ruhu mütləq ustalıqla önə çıxarmağı bacarırdı. Hətta təbiət lövhələrində, məhəbbət şeirlərində, Firəngizinə, yaxud nəvələrinə həsr elədiyi şeirlər də belə, o milli şair olaraq qalır, milli şair mövqeyini mütləq biruzə verir.
Onun şeirlərindən vətənpərvərlik, türk vətənsevərliyi və vətəndaşlığı, böyük vətən məhəbbəti bayrağımızdakı rənglər kimi parlaq bir şəkildə yanaşa-qovuşa keçir. “Ata borcu”, “Ehkamçıya”,”Səbayel qayaları”, “Kentavr”, “Səttar Bəhlulzadəyə”, “Vətən”, “Xiyabani yurdunda”, “Təbrizim mənim”, “Yurdum sənin sağlığına”, “Laylam mənim, nərəm mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm ki, ey Vətən”, “Yetkinləş, Xəlil”, “Müstəqillik”, “Ayağa qalx, Azərbaycan”, “O sahildə, bu sahildə”, “Bahar kibi”, “Xalqımın səsi”, “Beşik türküsü”, “Milli satqın”, “Apardı Sellər Saranı”, “Gedər”, “Əlindən gələni edərsə hər kəs”, “Sən mənim vüqarımsan”, “Saz”, bütövlükdə “Lefortovo şeirləri” və s. və s. onlarca bu qəbildən əsərləri buna sübutdur. Onun əsərlərdə milli şüuru, milli vicdanı oyadan ideya impulsları, milli şüru hərəkətə gətirən enerji güclüdür. Bu gücü, bu enerjini Xəlil Rza əfsanəvi Antey kimi doğma Azərbaycan torpağından, xalq məhəbbətindən alırdı! Ona görə də, Vətən – Azərbaycan onun ürəyindən, qəlbindən, vicdanının və poeziyasının səsindən başlayır:

Vətəni axtarma sən yalnız xəritələrdə,
Axtar öz könlündəki cəsarətdə, hünərdə!
Soruş, cavab verim mən,
Hardan başlanır Vətən?
Vicdanın öz səsindən,
Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən!
Min haqsıza baş əyməz bir haqlının əzmindən!
Nə meyxanə bucağı, nə mey tasıdır Vətən.

Milyon-milyon idrakın eyni amal uğrunda çarpışmasıdır Vətən! Xəlil Rzanın 80-ci illərin sonlarında yazdığı “Yalnız kişilərə arxalanmalı” adında bir şeiri də var. Dəqiqləşdirsək Türkanda, 16 yanvar 1988-ci ildə yazılıb. Hələ Meydan hərəkatına xeyli var. Amma bu şeirin sonluğu az qala “Azadlıq meydanı”na, “milyonların eyni amal uğrunda çarpışmalara” çağrışla bitir:

. Haray ey azlarım, gəlin çoxalaq,
Sizin hər biriniz bir dağ, bir ordu.
Onlar yolumuzda yalnız ot, alaq,
Bəlkə mürgüləyir. Oyat Boz qurdu.

Öldü var, döndü yox, döyüş amansız,
Bu yolda ölümü şərəf sanmalı.
Yalnız sal qayalı ulu dağlara, –
Yalnız kişilərə arxalanmalı!

80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi. Onun şeirləri, xalqa – “Azadlıq meydanı”na ünvanlanmış çağrış dolu poetik xitabları Azərbaycan xalqını azadlıq uğrunda mübarizənin müsəlləh əsgərinə çevirirdi və meydanı çevrələyən rus ordusundan, rus tanklarından güclü idi:

Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan –
Ermənisiz Azərbaycan!

Meydan hərəkatı şairə xüsusi bir əzmikarlıq, ideallarının həqiqətə çevrilən yeri, məqamı olur, ona ikinci gənclik bəxş edir, yeni döyüş ruhu aşılayır və şair “Döyüşlərdə gəncləşirəm” deyə-deyə istiqlala, müstəqilliyə doğru addımlayır, başı üstündə dalğalanan milli bayrağı ucalardan-uca tutur:

Başım üstə yelləndikcə göy, qırmızı, mavi bayraq,
Göy gül açır, yer göyərir budaq-budaq, yarpaq-yarpqaq.
Sağ-solumda yeriyənlər nəhrə dönür, axınlaşır,
Yaxınlaşır səadətim, ilk baharım yaxınlaşır.

. Haray ellər, dağ seliyəm, şəlalələr qanımdadır,
Sən baharı çöldə gəzmə, o cismimdə, canımdadır.
Mən adicə vətən oğlu, nə bəbirəm, nə də şirəm,
Ağaran saç ağ gül açır, döyüşlərdə gəncləşirəm.

Meydan hərəkatında artıq yaşının ahl çağlarını yaşayan Xəlil Rza Ulutürk qələmini nizə edib meydana çıxır, ağ saçları gül açan azadlıq təşnəsi olan qocaman şairimiz döyüşlərdə döyüşə-döyüşə gəncləşir və xalqının düşmənə zərbə endirən sağ əlinə çevrilir:

Mən xalqımın sağ əliyəm,
Köləliyi alt-üst edən bir azadlıq məşəliyəm.
Göz yaşımı boğa-boğa,
Fərəhliyəm, nəşəliyəm.
Yaşa, var ol, ey Kazbekdən, Savalandan uca Xalqım!
Bənövşə tək daim cavan, dağlar qədər qoca xalqım!
Rəzillərin, qatillərin axırına çıxan xalqım!

Şair 1988-ci ilin 17-18-19 sazaqlı noyabr günlərində gecə-gündüz meydandan çəkilməyən, soyuq qış gecələrini yatmadan tonqal başında keçirən gənc, öz ləfzində desək, “türkazər tələbələrin” şücaətini görəndə vəcdə gəlib, böyük inamla yazmışdı:

İnsan kimi yaşamaqdı ən çətini,
Qırmaq mümkün olmayacaq
Azərbaycan qeyrətini!
Boğmaq mümkün olmayacaq
Azərbaycan qüdrətini!

Və yaxud, “Meydan” şeirində, yenə də böyük azadlıq yanğısı ilə tirbun şair deyirdi:

Mübarizə hələ təzə,
Təzə qızır mübarizə.
Biz dönməriz bu meydandan,
Doğransaq da rizə-rizə.

Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq, azadlıq məşəlini söndürmək, xalqın sağ əlini sındırmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu əsil qətliam idi. Bu görünməyən qaniçənlik, cəlladlıq, cinayət Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı sınmamağa səsləyirdi; bir çoxları kimi qaçıb gizlənməmişdi, bütün günü küçələrdə, ictimai yerlərdə gəzir, haqq sözünü deyir, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. “Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova” şeri ilə Qorbaçov və mənfur imperiyanın törətdiyi dəhşətli cinayətləri, onların cəllad mahiyyətini isti-isti, əyninə kəfən geyərək, onu gözləyən dar ağacına odlu baxışlarını dikərək mitinqdə odla-alovla oxuyaraq xalqa çatdırmışdı. İnqilabçı, azadlıq təşnəsi şair Bakının həmən günlərini sözün sehri ilə belə canlandırırdı:

Ağır tanklar dayanıb Bakıda qan içində,
Top lüləli, zirehli, dəmir caynaqlı tanklar.
Nərildəyib, od saçıb bircə məqam içində,
Ağ mərməri şumlayan quduz, yırtıcı tanklar.
Ağır tanklar dayanıb Sumqayıtda, Şuşada,
Südəmər cocuqların ağ bələyi üstündə,
Hər sözümün, şeirimin, hər beytimin qəsdində,
Ağır tankalar dayanıb ürəyimin üstündə.

Xəlil Rza başqa bir şeirində digərləri kimi niyə qaçıb gizlənmədiyini belə şərh edir:

Bala da yaddan çıxır, qanad gərəndə ölüm,
Yox, mən qaça bilməzdim. qaça bilməzdim, gülüm!
Mən sonadək Bakımın hayanı olmalıydım,
Hayan ola bilməsəm, qurbanı olmalıydım.
Yoxdur üçüncü bir yol. Bir həyat var, bir ölüm.
Yox, mən qaça bilməzdim. qaça bilməzdim, gülüm!

Bu artıq, olum – ölüm dilemması idi və xalqın şairi xalqı dar ayaqda qoyub heç yerə qaça bilməzdi. Bu əqidə məsələsi idi! Bu kişilik və mərdlik nümunəsi idi! Bu o idi ki, elə Xəlil Rza yaradıcılığı başdan-başa ODUR!
1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin mətin iradəsini, yenilməz qürrunu qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. Məlum fakta görə, 8 ay 13 gün Vətənindən, doğmalarından – xalqından təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında mübarizəsini davam etdirir, “Lefortovo gündəliyi”ni, 200-dən çox şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən, milli qeyrət və əzmikarlıq, məğlubedilməzlik nümayiş etdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün halal-hümmət vəsiqəsidir. Və bu vəsiqənin hər bir vərəqi təkcə Xəlil Rza Ulutürk şəxsiyyətini deyil, Azərbaycan xalqının əzmini düşmən, cəllad yuvasında təstiqləyir, pozulmaz-yozulmaz tarixi yaddaşa çevrilir.
O da məlum faktlardandır ki, Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Od”, “Xəlil Rza” təxəllüsləri və imzaları ilə çap etdirmişdi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün – 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Yuxarıda qeyd etdiyim kimi, “Xəlil Rza Ulutürk” təxəllüsü şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi, özü də ən uğurlu nəticəsi idi. Çünki o, əqidə şairi, məslək şairi, milli qeyrət şairi idi və onun sözünün gücü topdan, tüfəngdən, tankdan, raketdən güclü idi:

Nə qəm, kinlə silahlan,
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan! – deyirdi!

Xəlil Rza Ulutürk şeirlərinin birində yazır:

“Hər növ igidlikdən üstün durarmış,
Zəka igidliyi, söz igidliyi!”

Belə bir zəka, söz igidliyi Xəlil Rza Ulutürkü poeziya qəhrəmanına çevirdi! Keçən əsrin 20-ci illərində “Ədəbiyyat qəhrəmanı” adı ilə bir mükafat təsis edilibmiş və bu mükafata ilk və son olaraq Süleyman Sani Axundov layiq görülüb! İndi rəsmi şəkildə belə bir ad olmasa da, Xəlil Rza Ulutürk xalqın qəlbində, müasir milli dövlətçiliyimizdə əsil “Ədəbiyyat qəhrəmanı” kimi qiymətləndirilmiş, sağlığında özü, indi ailəsi və yaradıcılığı dövlət və xalq məhəbbəti ilə halələnmişdir! Onun 80 illik yubileyinin bu günlərdə belə kecirilməsi, qeyd edilməsi, bu günkü tədbir də, həmin məhəbbət haləsinin şəfəqləridir.
Xalq, millət Xəlil Rza poeziyasında öz arzu və istəklərini, azadlıq ideyalarının tərənnümünü tapdı. Bəxtiyar Vahabzadənin ləfzi ilə desək, Xəlil Rza Ulutürk “millət Məcnunuydu!” O, öz türkçülük və azadlıq ideyaları ilə, qorxmaz, məğlubedilməz inqilabçı mücahid səviyyəsinə yüksəlmişdi:

Biz Türkləriz. Vətənimiz başdan-başa Yer kürəsi.
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi!

Hələ, 1990-1992-ci illərdə Xəlil Rza Ulutürkə həsr edilmiş məşhur şairlərimizin 31 şeirinin “Davam edir 37” (B., Gənclik, 1992) kitabında dərcini görmüşəm. Bu hələ onun sağlığında yazılan şeirlərin bir qismidir. Bu şeirlərin hər birində Xəlil Rzanın bir şair, bir vətənpərvər kimi müəyyən xarakterik cəhətləri tərənnüm olunur. Bunlardan bariz bir nümunəni – şair Hidayətin “Xəlil Rza” şeirindən gətirdiyim bir hissəni nəzərinizə çatdırmaq istəyirəm. Çünki, o vaxtlar “Gənclik” nəşriyyatının baş redaktoru kimi Hidayət müəllim həm bu kitabın nəşrində xüsusi cəsarət göstərmişdi, həm də bu şeirdə Xəlil Rza Ulutürkün poetik obrazı dəyərincə canlandırılıb:

. Min il öncə od bağrından
çıxıb gəlib,
Dədəm Qorqud övladıdı,
Qazan xanın mərd əlini
sıxıb gəlib!
Lefortovo zindanını yıxıb gəlib!
Sillə olub hər yaltağa,
hər qorxağa,
Günəş olub qoca qışa,
son payıza
Xəlil Rza!

Son olaraq əlavə edirəm ki, nə qədər şerimizin kəhkəşanı vardır, nə qədər ki, bütün göy qübbəsi türkün çadrıdır, orada Xəlil Rza Ulutürk ulduzu daim parlayacaqdır!!

Qurban Bayramov,
tənqidçi – ədəbiyyatşünas, doktor-professor.

Comments are closed, but trackbacks and pingbacks are open.