Press "Enter" to skip to content

Xrapanyuk dövlət və hüquq nəzəriyyəsi

Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi Hüquq normaları Hüququn mənbələri

Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.

Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.

Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir.

Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.

Marksist-Leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini – onun qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir.

Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən digər yanaşmalar da mövcuddur.

Aşağıdakı tərif hüquq ədəbiyyatında geniş yayılmışdır.

Hüquq – dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.

Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir:

Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;

b) subyektiv hüquq və ya subyektiv mənada hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» – bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).

Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq – qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.

Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:

1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun – dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.

  1. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
  2. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.

Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.

Hüquq

Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.

“Hüquq” sözü ərəbcədən “haqq” sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində “right” sözünə uyğun gəlir.

Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.

Hüququn əlamətləri

  • normativlik (məcburi davranış qaydasını müəyyən edir);
  • ümumilik;
  • dövlətin təminatı ilə icra edilir;
  • obyektivlik;
  • rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur;
  • dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir;
  • ədalətlilik;
  • sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur.

Hüquq haqqında nəzəriyyələr

Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.

Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.

Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir.

Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.

Təbii-hüquq məktəbi — hüquq həmişə mövcud olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir.

Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir.

Tarixi hüquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət-ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.

Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır.

Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.

Hüququn mənbələri

Hüququn mənbələri — hüquq normalarının yaranmasına və müəyyən forma almasına səbəb olan mənbələrdir.

Hüquq mənbələrinin növləri

hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olar ki, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.

normativ hüquqi akt – tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

normativ müqavilə — konkret subyektlər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyektləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.

hüquq presedenti (məhkəmə və inzibati presedent) — hüququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həlletmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.

dini normalar — dini kitablar və dini təlimlər tərəfindən müəyyən edilən normalardır.

hüquqi doktrina — görkəmli elm xadimlərinin, hüquqşünas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.

Hüququn prinsipləri

Hüququn prinsipləri — hüquqi tənzimləmə zamanı rəhbər tutulan əsas ideyalardır.

Hüquqi prinsplərin növləri :

Ümumi prinsiplər — hüququn bütün sahələrinə aiddir.

  • hüququn aliliyi;
  • qanunilik;
  • qanun qarşısında bərabərlik;
  • fərdin və dövlətin qarşılıqlı məsuliyyəti;
  • təqsirə görə məsuliyyət;

Sahələrarası prinsiplər — bir neçə hüquq sahəsinə aid olur. Məsələn, məhkəmənin aşkarlığı, məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət vermək hüququ həm cinayət-prosessual, həmçinin mülki prosessual hüquqa aiddir.

Sahəvi prinsiplər — konkter bir hüquq sahəsinə aid olan prinsiplərdir. Məsələn əmək müqaviləsinin bağlanmasının sərbəstliyi və.s

Hüquq normaları

Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.

Hüquq normalarının əlamətləri

Hüquq normalarının aşağıdakı əlamətləri var:

  • insanların davranışını tənzimləyir.
  • ümumi xarakter daşıyır.
  • dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
  • rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
  • sistemlilik. Hüquq normaları bir-biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər.

Hüquq normalarının quruluşu

Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:

Hipotez (əgər. ) — hüquq normasında icra edilməli olan şərti göstərir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s

Dispozisiya (o zaman. ) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.

Dispozisiyanın aşağıdakı növləri var:

  • səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
  • qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
  • vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.

Sanksiya (əks halda. ) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.

Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.

Hüquq normalarının növləri

Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s

Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s

İcra edilməsi tələbinə görə

  • İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
  • Dispozitiv — subyektlərə digər davranış imkanları da verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəaların müqaviləyə daxil edilməsi.

Davranışın xarakterinə görə — Səlahiyyətverici, qadağanedici, vəzifə müəyyənedici;

Tətbiq edildiyi subyektlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.

Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar.

Hüququn realizəsi

Hüququn realizəsi hüquq normalarında müəyyən edilən məqsədə çatmaq üçün normanın tələblərinin yerinə yetirilməsidir.

Hüququn realizə formaları

  • İstifadə — subyekt hüququn ona verdiyi imkandan istifadə edir. Məsələn, seçki hüququ, əmək hüququ;
  • İcra — hüquq normalarının məcburi tələbləri subyektlər tərəfindən icra edilir. Məsələn dövlət orqanı tərəfindən öz funksiya və vəzifələrinin yerinə yetirməsi;
  • Riayətetmə — subyektin müəyyən hüquq normasının tələblərini pozmaması üçün passivlik göstərməsi, qanuna zidd hərəkəti etməməsidir. Məsələn, cinayət və ya inzibati xəta törətməməsi;

Hüququn tətbiqi

Hüququn tətbiqi — Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsi ilə hüquq normalarının tələblərini yerinə yetirməsi, realizə etməsidir.

Hüququn tətbiqinin əsas məqsədi qanunçuluğun təmin edilməsidir. Hüququn tətbiqi aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. İşin faktiki hallarının müəyyən edilməsi;
  2. Əməlin hüquqi cəhətdən qiymətləndirilməsi — əməlin hüquqa zidd və ya uyğun olmasının müəyyən edilməsi, əgər hüquqa ziddirsə, konkret hansı normanın tələblərinin pozulmasının müəyyən edilməsi;
  3. İşin həlli.

Hüquqi tətbiqi aktlar — hüququn tətbiqi prosesində konkret hüquqi iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən aktdır.

Hüquqi tətbiq aktlarının növləri

  • Formasına görə: Sərəncam, əmr, qərar və s.
  • Funksiyasına görə:
    • tənzimləyici (vəzifə dəyişikliyi əmri)
    • mühafizəedici (cinayət işi başlamaq haqqında qərar)

    Hüquqi tətbiq aktlarının əlamətləri

    • Onlar səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qəbul edilir.
    • Fərdi xarakter daşıyır. Konkret şəxs barəsində qəbul edilir.
    • Hüquq normalarının tələblərinin yerinə yetirilməsinə yönəlmişdir.
    • Hüquq tətbiqi aktların tələblərinin icrası dövlət məcburiyyət tədbirləri ilə icra edilir.

    Hüquq normalarının təfsiri

    Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir.

    Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.

    Təfsirin üsulları

    Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prosesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur.

    • dilçilik (lingvistik, filologiya, qrammatik) — hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir.
    • funskional — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
    • tarixi — hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
    • sistematik — hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.

    Təfsirin növləri

    Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var:

    Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.

    Rəsmi təfsirin aşağıdakı növləri var:

    • autentik — hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi .
    • leqal — hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir.
    • normativ — müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir.
    • kazual — konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.

    Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.

    Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:

    • Adi — şəxsin özü tərəfindən edilən təfsir.
    • Xüsusi hüquqi — hüquqşünaslar, vəkil və.s tərəfindən edilən təfsir.
    • Doktrinal — hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.

    Hüquq sistemi

    Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir.

    Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

    1. Hüquq sahəsi — konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Məsələn: Mülki hüquq, Əmək hüququ, Ekologiya hüququ və. s.

    Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir.

    Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.

    Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir.

    2. Hüquq institutu — eyni növ ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Bir qayda olaraq, hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir. Məsələn: Mülki hüquq sahəsinin hüquq institutlarına aiddir: müəlliflik, mənzil, patent hüququ və.s

    3. Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.

    Hüququn sahələr üzrə bölgüsü

    Tənzimləmə predmetinə əsasən

    • Maddi hüquq — maddi hüquq normalararını özündə birləşdirir. Əsasən ictimai münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Mülki, cinayət, ailə hüququ və s.
    • Prosessual hüquq sahəsi — hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı qaydanı, proseduru tənzimləyir. Bura cinayət prosessual, mülki prosessual və s. hüquq sahələri aiddir.

    Tənzimləmə predmetinə və tənzimlədiyi münasibətlərin xarakterinə görə

    • Ümumi hüquq — əsasən dövlət və cəmiyyətin ümumi maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Bura dövlət, inzibati, cinayət, maliyyə və.s hüquq sahələri aiddir.
    • Xüsusi hüquq — müəyyən subyektlərin maraqlarından irəli gələn münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Bura mülki, ailə, ticarət hüququ və.s aiddir.

    Tətbiq edilmə sahəsinə əsasən

    • milli hüquq — konkret dövlət daxilində hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.
    • beynəlxalq hüquq — əsasən dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlmişdir. XX əsrin ortalarından başlayaraq, beynəlxalq hüquq normaları dövlətdaxili münasibətləri tənzimləyən normaları da özündə əks etdirir. Əksər dünya dövlətləri beynəlxalq hüquq normalarını qəbul edərək, qanunvericilik sisteminə daxil edirlər.

    Hüququn sahələri

    Müasir hüquq sistemində hüququn elmlərinin təsnifatı

    Nəzəri-tarixi hüquq elmləri

    • Dövlət və hüquq nəzəriyyəsi
    • Dövlət və hüquq tarixi
    • Siyasi və hüquqi təlimlər tarixi

    Sahəvi hüquq elmləri

    • Konstitusiya (dövlət) hüququ
    • Mülki hüquq
    • Mülki prosessual hüquq
    • Cinayət hüququ
    • Cinayət prosessual hüquq
    • Ailə hüququ
    • Vergi hüququ
    • Maliyyə hüququ
    • Aqrar hüquq
    • Mənzil hüququ
    • İnzibati hüquq
    • İnzibati prosessual hüquq
    • Bələdiyyə hüququ
    • Nəqliyyat hüququ
    • Beynəlxalq ümumi və xüsusi hüquq
    • Əmək hüququ
    • Ekologiya hüququ
    • Kommersiya hüququ
    • İnsan hüquqları hüququ
    • Cəza icra hüququ
    • İcra hüququ
    • Dəniz hüququ
    • Seçki hüququ
    • Mülki müdafiə hüququ
    • Politologiya hüququ
    • Parlament hüququ

    Xüsusi hüquq elmləri

    • Kriminalistika
    • Kriminologiya
    • Məhkəmə təbabəti
    • Məhkəmə ekspertizası

    Dünya hüquq sistemləri

    Fransız alimi Rene David hüquq ədəbiyyatında aşağıdakı hüquq sistemlərini fərqləndirmişdir:

    • Roman-German hüquq sistemi — Kontinental Avropada yayılmışdır. Roma hüququ əsasında formalaşmışdır. Bu hüquq sistemində hüququn əsas mənbəyini normativ-hüquq akt təşkil edir. Azərbaycan Respublikasının hüquq sistemi də Roman-German hüquq sisteminə aiddir.
    • Anqlo-sakson hüquq sistemi — Bu sistem Böyük Britaniya, Kanada, ABŞ, Yamayka, Avstraliyada yayılmışdır. Əsasını İngiltərənin hüquq sistemi təşkil edir. Anqlo-sakson hüquq sisteminin əsasını məhkəmə presedenti təşkil edir.
    • Dini hüquq sistemləri — Bu hüquq sisteminin əsasını dini kitabların və dini təlimlərin müəyyən etdiyi normalar təşkil edir. Bura islam hüququ (şəriət) və iuadizm hüququ (qalaxa) aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.