Press "Enter" to skip to content

Peşə xəstəliklərindən necə qorunaq? MƏSLƏHƏT

– üz və ya dodaqların göyərməsi.

“COVID-19” virusundan necə qoruna bilərik

Koronaviruslar ciddi patologiyalara, çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Bu virus zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Hazırda insanlara yoluxmayan, yalnız heyvanlarda rast gəlinən bir çox koronavirus tipi də mövcuddur.

Yeni növ koronavirus “2019 Novel Coronavirus COVID-19” olaraq təsdiqlənmiş bu virusdan qorunmaq üçün aşağıdakıları bilməlisiniz!

Yoluxma riski yüksək olan şəxslər:

– ahıl yaşda olan insanlar;

– xroniki xəstəlikləri olan insanlar (diabet xəstəliyi, ürək, ağciyər, böyrək xəstəlikləri və s.).

Yoluxmanın (2-14 gün ərzində) əlamətləri:

– boğazda qıcıqlanma və ağrı;

– əzələlərdə ağrı və halsızlıq;

Ağır xəbərdaredici əlamətlər:

– sinədə daimi ağrı və təzyiq hissi;

– təşviş və halsızlıq;

– üz və ya dodaqların göyərməsi.

Əgər sizdə bu əlamətlər varsa, dərhal təcili tibbi yardıma (103 və ya 113) müraciət edin.

Xəstəlikdən qorunmaq üçün aşağıdakılara ciddi şəkildə riayət edin:

– evdə qalın (tibbi yardım almaq və digər zəruri hallar istisna olmaqla);

– evdən çıxmaq məcburiyyətindəsinizsə, tibbi maska və əlcəkdən istifadə edin;

– əllərinizi tez-tez, ən azı, 20 saniyə ərzində sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin;

– əllərinizi üzünüzə, burnunuza, gözlərinizə toxundurmaqdan çəkinin;

– evə kənardan gələn əşyaları spirt tərkibli məhlulla mümkün qədər dezinfeksiya edin;

– xəstə insanlarla yaxın təmasdan çəkinin;

– şəxsi məişət əşyalarınızı paylaşmayın;

– stəkan, qab, dəsmal və s. əşyalardan ümumi istifadə etməyin;

– tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin (masalar, qapı və dolabların tutacaqları, sanitar qovşaq, mobil telefonlar və s.);

– olduğunuz qapalı məkanları tez-tez havalandırın.

Peşə xəstəliklərindən necə qorunaq? – MƏSLƏHƏT

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir çoxlarımız günün böyük hissəsini işdə keçiririk. Bəzən hətta elə olur ki, işlərin çoxluğundan yemək yeməyi belə unuduruq. Ayaqüstü yeyilən qidalar, normadan az yuxu, bütün günü ofisdə kompüter başında hərəkətsiz formada saatlarla iş. Ola bilər ki, işin forması peşələrə görə fərqli olsun, amma çoxları işləyərkən sağlamlığını o qədər də diqqətə almır. Bütün bunlar isə sağlamlığımıza mənfi təsirini göstərir, bəzən peşə xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Hər peşə isə öz xüsusiyyətlərindən dolayı sağlamlığımızda bir xəstəlik yarada bilir. Bəs hansı peşə sahibləri hansı peşə xəstəlikləri ilə üzləşirlər? Bu cür xəstəliklərdən necə qoruna bilərik?

Bu suallarımıza Peşə Xəstəlikləri Klinikasının baş həkimi Sevda Xəlilova cavab verdi. O, ilk olaraq iş prosesi zamanı yarana biləcək peşə xəstəliklərindən söz açdı: “Əmək prosesində peşə zərərlərinin orqanizmə təsiri nəticəsində yaranan xəstəliklərə peşə xəstəlikləri deyilir. Bu xəstəliklər şərti olaraq 5 qrupa bölünür: kimyəvi, fiziki, bioloji amillərin, tozun və gərginliyin təsirindən yaranan xəstəliklər. Bundan başqa, etioloji qruplar da mövcuddur ki, bunlara peşə təbiətli allergik xəstəliklər aiddir”.

Mütəxəssis bildirdi ki, adətən peşə xəstəlikləri kəskin və xroniki olur: “Xroniki peşə xəstəlikləri əlverişsiz istehsal amillərinin uzunmüddətli təsiri nəticəsində yaranır. Kəskin peşə xəstəlikləri yüksək konsentrasiyalı zəhərli maddələrin qəfildən birdəfəlik təsiri nəticəsində yaranır. Yəni, kəskin zəhərlənmələr və allergik xəstəliklər əmək fəaliyyətinin müddətindən asılı deyil. Xroniki peşə xəstəlikləri isə 10-15 il müddətində tədricən inkişaf edir”.

Həmsöhbətim peşə xəstəlikləri ilə bağlı bəzi maraqlı məqamları da vurğuladı: “Bütün bu qeyd etdiklərimlə yanaşı, bəzi peşə xəstəlikləri var ki, onlar hətta əmək fəaliyyətini dayandırdıqdan sonra da inkişaf edə bilir. Bunlara misal olaraq pnevmokoniozlar, peşə təbiətindən asılı olan onkoloji xəstəliklər aiddir”.

S.Xəlilova son iyirmi il ərzində peşə xəstəliklərinin miqdarında xeyli azalma müşahidə edildiyini söylədi: “Sovet dövründə Azərbaycanda zəhərli və təhlükəli istehsal sahələrinin çoxluğu bu sahələrdə çalışanlar arasında peşə xəstəliklərinin də artmasına səbəb olub. Müasir dövrdə sovetlər dövründən miras qalmış zərərli və təhlükəli istehsal sahələrinin yeni və müasir tələblərə cavab verən istehsal sahələri ilə əvəz edilməsi, peşə xəstəliklərinin də miqdarını xeyli azaldıb”.

S.Xəlilova bildirdi ki, elə peşələr var ki, ağır iş rejimi olmasa belə, zamanla o işdə işləyən əksər şəxslərin orqanizmində bənzər neqativ hallar müşahidə edilir: ” Məsələn, müəllimlər, müğənnilər də peşə xəstəliyinə düçar olurlar. Onların əsas işi danışıq, oxumaqla bağlı olduğu üçün peşə xəstəliyi səs telləri ilə bağlı olur. Hətta müğənnilərin boğazlarında “müğənni düyüncükləri” deyilən düyünlər yaranır. Uzun müddət soyuq şəraitdə ayaq üstə dayanmaq tələb edən peşələrdə çalışanlarda aşağı ətrafların varikoz damar genişlənməsi ola bilir. Psixiatrlar uzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlarda peşə xəstəliyi – nevrozlar əmələ gətirir. Bu, psixoloqlara aid deyil. Laboratoriyada işləyənlər təhlükəli virus və bakteriyalarla təmas zamanı hər hansı virusa yoluxa bilərlər. Ancaq burada problemin həkim səhvindən, yoxsa şəraitdən dolayı yaranmasını araşdırmaq lazımdır”.

Həkimin sözlərinə görə, peşə xəstəlikləri erkən aşkar edildikdə onu tam müalicə etmək mümkündür: “Adətən belə xəstəliklərin müalicəsi üçün həmin şəxs öz peşəsindən müvəqqəti uzaqlaşdırılır. Bu müddət ərzində o, lazımi müalicə qəbul edir. Vaxtında düzgün diaqnozun qoyulması və müalicənin tətbiqi çox mühümdür. Bəzən xəstənin müalicədən sonrakı sağlamlıq durumundan asılı olaraq işçi, öz peşəsinə qayıda bilir. Xəstəliyin inkişaf etmiş və gecikmiş formalarında isə vəzifəsindən uzaqlaşdırmaqla, qismən müalicə etmək mümkündür. İşçi əmək qabiliyyətini itirdikdə isə həkim sosial ekspert komissiyasına göndərilir və əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyin edilir”.

Mütəxəssis peşə xəstəliklərindən necə qorunmağın yolları barədə də danışdı: “Peşə xəstəliklərinin profilaktikası məqsədi ilə ilk növbədə qanunverici akt və bu kimi digər sənədlərə mütləq riayət edilməlidir. Əsas məqamlardan biri də sanitar texniki tədbirlərin həyata keçirilməsi məsələsidir. Peşə xəstəliklərindən qorunmaq üçün iş fəaliyyəti zamanı kollektiv və fərdi qorunma vasitələri, qoruyucu geyimlər, eynəklər, əlavə qidalanmalar da çox vacibdir. Ölkəmizdə işçilər “Bədbəxt hadisə və peşə xəstəliklərinə görə” icbari sığortalanıblar. Hər bir peşənin yerinə yetirilməsində insan orqanizminə təsir göstərən amillər müxtəlif olduğu kimi, onların törətdikləri xəstəliklər də müxtəlif olur. Məhz buna görə də zərərli amillərin azaldılması, ümumi xəstəliklərin qarşısının alınması, orqanizmin möhkəmləndirilməsi, fiziki aktivliyin artırılması hər növ stressin azaldılması peşə xəstəliklərinin qarşısının alınmasının əsas yoludur”.

Milli.Az

Dünyanı gözləyən dəhşətli xəstəlik – Necə qoruna bilərik?

2035-ci ildə dünyada xərçəng xəstəliyi hallarının sayı 24 milyona çatacaq. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyanı xərçəng xəstəliyinin “yeni dalğası” gözləyir, Fond bildirib ki, hər il orta hesabla 14 mln insanda xərçəng xəstəliyi müəyyən edilir, ehtimallara görə bu rəqəm 2025-ci ildə 19 mln, 2030-ci ildə 22 mln, 2035-ci ildə isə 24 mln təşkil edəcək. Əlbəttə, bu artım ölkəmizdən də yan keçməyəcək. Ötən ilin statistik məlumatlarına görə, ölkədə 34 681 nəfər onkoloji xəstə qeydiyyata alınıb. Bunların sayı ildən-ilə artır.

Bəs artımın qarşısını almaq, “yeni dalğa”dan xilas olmaq mümkündürmü?

Sualımızın cavabını Publika.Az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.

Xəstəliyin orqanizmdə yayılması isə belə sistemləşdirilib: həzm sistemi – 25%, döş – 14%, dəri – 10%, tənəffüz yolları – kişilərdə 2%, qadınlarda 3%, qaraciyər və öd kisəsi – 3%, beyin və onurğa iliyi – 1%, digər orqanlar – 8%.

Bir çox ölkələrdə qadınlar arasında əsasən döş vəzi xərçəngi yayılıb. Afrikada isə qadınlar arasında daha çox uşaqlıq boynunun xərçəngi yayılıb. MDB və digər ölkələrinə nisbətən bizdə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı azdır. Ukraynada, Krım vilayətində 2,5 min əhaliyə 2012-ci il üçün qeydiyyatda olan onkoloji xəstələrin sayı 50 min nəfər təşkil edirdi. Bizdə isə 2012-ci ilin 2-ci rübbünə olan rəsmi məlumatda ölkə əhalisinin 9 milyon 350 nəfərinə onkoloji xəstələrin sayı 31 min 954 nəfər təşkil edib.

Ölkəmizdəki rəqəmlər dəhşətli olmasa da, bu sayın artan istiqamətli olması təhlükəli olduğunu göstərir.

Ölkəmizdə rəqəmlər

Ümumilikdə il ərzində 9 min 64 nəfər onkoloji xəstəliklərlə qeydiyyata götürülüb. Bu xəstəliklər arasında lokalizasiyalara gəldikdə ilkin yerləri ağciyər-bronx, qadınlarda süd vəzisi və ümumilikdə mədə xərçəngi üstünlük təşkil edir. Xəstəliyin mərhələlərinə gəldikdə isə 3 min 898 nəfərə xəstəliyin 1 və 2-ci, 3 min 83 nəfər 3-cü, 2 min 83 nəfər isə xəstəliyin 4-cü mərhələsində olub. Artıq uşaqlar arasında da bu xəstəlik sürətlə yayılır, ölkəmizdə 305 uşaq ankoloji xəstəlikdən əziyyət çəkir.

Hər il dünyada 1,7 milyon insanın mübtəla olduğu bu xəstəlikdən illik ölüm göstəricisi 8,2 milyondur.

Bu statistika, xərçəngin çarəsi tapılmaz xəstəlik kimi düşüncə yaratması qorxu və narahatlılğı bir az da artırır. Hər il xəstəlikdən yüz minlərlə insan dünyasını dəyişdiyi kimi, onlarla da müalicə üsulları araşdırılır. Amma hələ ki, tam müalicə əldə edilməyib. Bu baxımdan da xəstəlikdən sağalma yolları bir tərəfə, əsas məsələ ondan qorunma üsulunu tapmaqdır.

Siqaret və pəhriz

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, siqaretçəkmə, piylənmə və alkoqola qarşı tədbirlər görməklə xərçəng xəstəliyi təhlükəsini azaltmaq mümkündür. Xərçənglə pəhriz arasında bağlılığdan çoxları məlumatsızdır. Təşkilatın açıqlamalarına görə, qlobal xərçəng təhlükəsi artımının səbəbləri ilk növbədə əhalinin say artımı və yaşlaşması ilə bağlıdır.

İnsan papiloması (HPV) və digər viruslar əleyhinə peyvəndlənmə xərçəng xəstəliyinə yüz minlərlə tutulma hallarının qarşısını ala bilər.

Dünya Xərçəng Fondu gündəlik pəhrizə tərəvəz, meyvə və emal olunmamış dənli bitkilərdən hazırlanmış yeməkləri daxil etməyi, alkoqol və qırmızı ətin qəbulunu isə azaltmağı, emal olunmuş ət yeməklərini isə pəhrizdən tamamilə çıxarmağı məsləhət görür.

Araşdırmaya görə, bu cür pəhrizlə 20 ildə gözlənilən xərçəng xəstəlikləri artımı dalğasını yarıyadək kəsmək mümkün ola bilər.

İnsanlar sağlam həyat tərzi seçməklə xərçəng riskini azalda bilərlər, lakin hökumət və cəmiyyət də sağlam həyat şəraitinin yaradılması üçün məsuliyyət daşıyırlar.

Ekspertlər xəbərdarlıq edir ki, indi tədbir görülməsə, 20 ildən sonra dünya xərçəng xəstəliyi böhranı ilə üzləşə bilər.

Plastik qablardakı sudan istifadə xərçəng riski yaradır. Bu qabların içərisində bioksin adlanan toksiki maddə əmələ gəlir və bu içməli suya qarışır. Bu da sonradan zəhərlənməyə səbəb olur.

Amerika Tibb Cəmiyyəti jurnalının apardığı araşdırmaya görə, gündə bir qutu siqaret çəkənlər siqareti yarı-yarıya azaltdıqda, onlarda ağciyər xərçənginə yoluxma riskinin 27% azaldığı müşahidə olunub.

Xərçəng xəstəliyindən qaynaqlanan ölümlərin 14 faizinin, xərçəngə yoluxma hallarının 3 faizinin artıq çəkidən qaynaqlandığı məlumdur. Stresin xərçəng xəstəliyinin yaranmasında rolu haqqında konkret bir dəlil olmasa da, stresdən qurtulmaq üçün baş vurduğunuz yollar – artıq yemək, siqaret çəkmək, antidepresant dərmanlar içmək və s. xərçəng riskini artırır. Bu səbəbdən stress atmaq üçün idman, yoqa, musiqi və s. kimi üsullardan istifadə edin.

Bütün bunlardan əvvəl isə ailə genetikanızı öyrənin. Ailənizdə xərçəng riski varsa, bu riski azaltmaq və xəstəliyi erkən mərhələdə önləmək diqqətli olun, özünüzəməxsus bir həyat proqramı qurun və yaşam tərzinizi buna uyğunlaşdırın.

Bəs ölkəmizlə bağlı məxsusi səbəblər hansılardır?

Ekoloq Telman Zeynalovun sözlərinə görə, xərçəng xəstələyinin artmasının səbəbləri qida məhsulları qədər atmosferin çirklənməsindən də asılıdır. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən monitorinq aparılmalıdır. Həmin monitorinq əsasında xəstəliyin artması səbəbləri daha dəqiq müəyyənləşdirilə bilər. Amma nazirlik ya bu yoxlamaları aparmır, ya da informasiya vermək istəmirlər.

“Son dövrlərdə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artıb. Ölkədə aparılan tikinti və maşınların sayının artması, bir tərəfdən də qırılan yaşıllıqlar ekologiyaya mənfi təsir edir. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il yüzlərlə ağac əkilir. Amma onların bəhrəsini isə 10-15 ilə görmək mümkün olacaq. Bunun əvəzində isə yüz minlərlə ağac kəsilib. Sovet dövründən qalma adət olaraq evlərin üzərinin şiferlə örtülməsi xərçəng yaradan amillərlərdir. Son 15-20 ildir Dünya Bankı tərəfindən bu materialdan istifadə qadağan edilib. Amma hazırda bazarda bu məhsullar çoxdur, insanlar da bundan istifadə edir” .

Hemotoloq-onkoloq Zöhrə Əlimirzoyevanın sözlərinə görə, xərçəng xəstəliklərinin hər birinin özünün yaranma səbəbi var. Məsələn, mədə xərçəngində əsas səbəb kimi qidalanma göstərilir. Ümumi xərənglərin yaranma səbəbi isə ərtaf mühitin əlverişsiz olmasıdır. Suyun, havanın çirklənməsi, yüksək gərginlikli elektrik sahələrinin yaxınlığında yaşamaq faktorlar sırasındadır.

“Amma bölgələrdən müraciət edən xəstələr olur ki, onların yaşadığı ərazidə radiasiya müşahidə edilmir. Deməli, bu məqamda başqa səbəblər axtarmaq lazımdır. Yəni kimyəvi və radiasiya faktoru danılmır, amma səbəbləri sübut etmək də çətin olur.

Düzgün qidalanmamaq, sağlam həyat tərzi sürməmək orqanizmin immunoloji statusuna təsir göstərir. Şiş xəstəlikləri də çox zaman immunuloji strukturun pozulmasından yaranır. Xüsusən, hamilə qadınlara tez-tez rentgen müayinələrindən keçməmək məsləhət görülür. Çünki bu proses hələ dünyaya gəlməmiş uşaqların bədənin şüalanmasına səbəb olur”.

Onkoloqun sözlərinə görə, leykoz xəstəliklərinin digər onkoloji xəstəliklərdən fərqli olaraq səbəbi dəqiq bəlli olmur:

“İonlaşdırıcı radiasiya, virus, kimyəvi nəzəriyyələr var. Bu mənada insanın immunoloji sturukturu ətraf mühit və digər amillər birləşərək xəstəliyə səbəb ola bilir. Bu xəstəliklərin profilaktikasını aparmaq mümkün deyil. Sadəcə vaxtında aşkarlanma önəmlidir”.

Həkim onu da vurğuladı ki, şişlərin yaranmasının 70%-i ətraf mühitlə bağlıdır:

“Bir çox yerlərdə plastik qablardan istifadə qadağan olunub. Çünki səbəblər sırasında həmin vasitələrin rolu böyükdür. Biz birbaşa gübrələrlə əlaqədə olmasaq da, kənd təsərrüfatında onlardan istifadə edilir. Bitkilər vasitəsilə dolayı yolla həmin maddələri qəbul edirik. Xüsusən fosfor, xlor tərkibli üzvü birləşmələr illərlə torpaqda qalır. Orada becərilən məhsulların tərkibinə keçir”.

Z.Əlimirzoyeva bu xəstliklərdən qorumaq üçün düzgün həyat tərzi, sağlam ərtaf mühit və vaxtında müayinələrdən keçməyin başlıca şərt olduğunu dedi:

“Təəssüf ki, bizdə insanlar son mərhələdə həkimə müraciət edirlər. Amma heç olmasa, ildə bir neçə dəfə qan analizi vermək olar. İnsanlar bilməlidirlər ki, xərçəng hökm deyil, başlanğın mərhələdə aşkarlanarsa, daha yaxşı nəticə əldə etmək olar.

Bəzən laboratoriyalarda xəstəliyi müəyyən edə bilmirlər. Amma təcrübəli həkim analiz nəticəsindən qərar verə bilir. Həkim azacıq şübhələnirsə, aiddiyyatı üzrə həkimə ünvanlamalıdır”.

Ekspertlər və beynəlxalq təşkilatların açıqlamalarından da göründüyü kimi, bu xəstəliyin yaranmasında ətraf mühit qədər düzgün qidalanmağımız da önəmli yer tutur. Bu mənada xəstəliyə yoluxub yoluxmamaq özümüzdən asılıdır.

Gülxar Şərif

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.