Press "Enter" to skip to content

Xətib təbrizi kitab

Məərrinin gözləri görməsə də, fenomenal yaddaşa sahib olub. X.Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışıb: “Mən iki il idi onun yanında idim. Bu müddət ərzində vətənimdən heç kəslə qarşılaşmamışdım. Bir gün məscidin qarşısında oturub Əbül-Əlaya kitab oxuyurdum. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında qonşumu gördüm. Sevincdən halım dəyişdi. O, soruşdu: “Sənə nə oldu?”. Dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm.

Xətib təbrizi kitab

Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Milli Qəhramanlarımız
    • Haqqımızda
    • Dağlıq Qarabağ münaqişəsi
    • Şəxsiyyətlər
    • Bakı 2015 Avropa Oyunları
    • Ssenari
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    22 Dekabr , 2015

    Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin “ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı”, “müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı”, “bütün ədəbiyyatşünasların rəhbəri” adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən “XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət”- deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə məlum deyildir. Salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər.

    Əbü-l-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqqında deyəcəkdi ki,” ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: “Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur.” Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: “Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: “Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla soruşdu: “Sənə nə oldu?” Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: “Get bir az onunla söhbət elə.” Mən soruşdum: “Bəlkə dərsimi bitirim, sonra?” O dedi: “Dur, mən səni gözləyərəm.” Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: “Siz hansı dildə danışırdınız?” Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: “Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm.” Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: “O, anlamadığı şeyləri necə əzbərləyib?”

    Salnaməçilər Əbül-Əlanın yanında təhsilini bitirdikdən sonra Xətibin müxtəlif Şərq ölkələrində dövrün ən məşhur alimlərinin yanında da biliyini artırdığını yazırlar. Profsssor M. Mahmudov göstərir ki, səyahətə çıxmazdan qabaq Xətib bir müddət öz vətəni Təbrizdə yaşayıb. Bu, müəlliminin ölümündən sonra (1057-ci ildə), yaxud bir qədər əvvəl olmalı idi. Xətib Təbrizdə çox qalmır. Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. O, burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə dostluğu başlayır.

    Bir müddət sonra Misirə yola düşən Xətib Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1066-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə “Nizamiyyə” adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılır. Bu mədrəsə əvvəlkilərdən yalnız həcmi və genişliyi, təchizatı, bütün Şərq ölkələrindən dəvət olunmuş alim və müəllimləri əhatə edən kollektivi ilə deyil, həm də öz inzibati quruluşu etibarilə fərqlənərək, bizə məlum olan ilk dövlət universitetini xatırladır. Burada pedoqoq və tələbələr tamamilə dövlətin təminatında idilər. Tədris proqramları da ortodoksal müsəlmançılığın mövqelərini möhkəmləndirmək məqsədi daşısa da, burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Mədrəsə müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Xətib Təbrizi “Nizamiyyə” mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olmuşdu.

    1109-cu ilin yanvarın 3-də, bazar günü böyük alimin ürəyi dayandı. Xətib Təbrizi Bağdadın “Bab Abraz” qəbristanlığında dəfn olunmuşdur.

    Xətib Təbrizinin yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. Bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa Xətib Təbrizi Qurana dördcildlik şərhlərin, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək, Xətib Təbrizini ərəb dilinin “anası” adlandırır. Professor M. Mahmudov alimin əsərlərini məzmununa görə dörd qismə bölməyi lazım bilir: poetik əsərlərə şərhlər, dilçilik risalələri, ilahiyyata dair tədqiqlər və poetik problemlərə həsr olunanlar.

    Birinci qismə aid əsərləri arasında məşhur ərəb şairi Əbu Təmmamın (796-843) “Həmasə” (“Qəhrəmanlıq”) adlı toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan İraqa gələrkən o, Həmədanda öz dostu Əbü-l-Vəfa Salamın yanında düşür. Vaxtını boş keçirməmək Əbu Təmmam Həmasə adı altında ərəb şairlərinin poeziya antologiyasını tərtib edir. Bu topluda ərəb şeirinin mövcud olduğu üç yüz il ərzində yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər olması bir olur. Toplu o qədər məşhurlaşır ki, Əbu Təmmamın öz yaradıcılığı bir tərəfdə qalır. Xətib Təbrizi məhz bu mənada deyir ki, “Əbu Təmmam özünü “Həmasə”də bir şair kimi bütün yaradıcılığındakından daha yaxşı nümayiş etdirir.” Sonradan eyni şey Xətibin öz başına da gəlir. Onun şərhləri öz yığcamlığı və ifadə aydınlığı ilə “Həmasə”nin özündən də artıq şöhrət qazanır. Xətib Təbrizi bu mövzuya daha iki dəfə müraciət edir. Birinci qısa şərhlərdə ayrı-ayrı şerlərin, ikincisində beytlərin izahı verilmişdisə, sonuncu əsər daha kamil və samballı idi. Bizə yalnız müəllifinə əbədi şöhrət gətirmiş ikinci şərh çatmışdır. Həmin əsər Avropada 1850-ci ildə dörd iri cilddə latınca, 1828, 1873 və 1938-ci illərdə ərəb dilində nəşr olunmuşdur. Çox maraqlıdır ki, hələ Əbül-Əla Məərrinin yanına gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü köçürmüşdü. 1082-1083-cü ildə Xətib Təbrizi ərəb alimləri arasında ilk dəfə öz müəllimi Əbül-Əla Məərrinin “Səqt-əz-zənd” (“Çaxmaq daşının ilk qığılcımları”) əsərinə şərh yazır.

    Artıq ahıl yaşlarında o, özünün son əsəri olan “Kitab əl-kafi fi-l əruz və-l-qəvafi” (“Əruz və qafiyə haqqında elmin yekunu”) üzərində işə başlayır. Bu əsər ərəb poetika nəzəriyyəsinə həsr olunur və tezliklə böyük şöhrət qazanır. Şərqin bir çox alimləri poetika nəzəriyyəsinə dair araşdırmalarında bu kitaba istinad edirlər. Kitabın mətnini daha yaddaqalan etmək üçün şair Əhməd Fulci (öl. 1425) onun məzmununu nəzmə çəkib.

    Avropa alimləri bu kitaba XIX əsrdən etibarən maraq göstərməyə başlayırlar. Müasir dövrdə bir neçə dünya kitabxanalarından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin tənqidi mətni hazırlanmışdır.

    Həmin əsəri ilk dəfə tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: “Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi” əsəri ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqda bütöv bir təlimdir.”

    Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi, şairin özü tərəfindən üzü köçürülmüş və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır. Həmin şərh şair Müfəzzəl Dabinin “Müfəzzəliyyat” adlı antologiyasına yazılmışdır.

    Xətib Təbrizi – elm üçün ölkələr dolaşan mütəfəkkir

    Orta əsrlərdə dərin düşüncə və zəka sahibi kimi tanınan mütəfəkkirlərimiz sırasında şair, tanınmış ədəbiyyatşünas, dilçi alim Xətib Təbrizinin xüsusi yeri var.

    Xətib Təbrizi (Əbu Zəkəriyyə Yəhya ibn Əli) 1030-cu ildə Təbriz şəhərində dünyaya göz açıb, uşaqlıq illəri burada keçib. Gənclik dövrü ilə bağlı qaynaqlarda səhih məlumat az olsa da, onun erkən yaşından elmə maraq göstərdiyi, daha çox poetika ilə maraqlandığı qeyd olunur. O, elmi kitabları mütaliə edir və adı alimlər məclisində çəkilir. Təbrizin görkəmli elm adamları onun haqqında yüksək fikirlər söyləyir, Suriyanın Şam (Dəməşq) şəhərinə gedərək orada məşhur dilçi alim Əbül-Əla Məərri ilə görüşməsi tövsiyə olunur.

    Beləliklə, Məərri ilə görüşmək üçün yola çıxan Xətib Təbrizi piyada gəlib Şama yetişir. Onun elmə həvəsi və qeyri-adi iradəsi şəhərdə dildən-dilə düşür, ərəb salnaməçilərinin diqqətini çəkir və gənc nəslə örnək hərəkət kimi kitablara salınır. Şamda Əbül-Əla Məərri ilə görüşən X.Təbrizi bu görkəmli ərəb alimini yüksək qiymətləndirərək yazıb: “Ərəblərin dilində Əbül-Əlaya məlum olmayan bircə söz də yoxdur”.

    Məərrinin gözləri görməsə də, fenomenal yaddaşa sahib olub. X.Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışıb: “Mən iki il idi onun yanında idim. Bu müddət ərzində vətənimdən heç kəslə qarşılaşmamışdım. Bir gün məscidin qarşısında oturub Əbül-Əlaya kitab oxuyurdum. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında qonşumu gördüm. Sevincdən halım dəyişdi. O, soruşdu: “Sənə nə oldu?”. Dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm.

    Dedi: “Get, bir az onunla söhbət elə”. Mən soruşdum: “Bəlkə dərsimi bitirim, sonra?” O, yenə dedi: “Dur, mən səni gözləyərəm”. Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbül-Əla soruşdu: “Siz hansı dildə danışırdınız?”. Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində, türkcə danışırdıq. O dedi: “Mən bu dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm”. Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi”.

    Araşdırmalarda göstərilir ki, X.Təbrizi Şamda təhsilini bitirdikdən sonra Təbrizə qayıdır. Lakin oxumaq həvəsi onu yenidən Suriyaya çəkib aparır. Burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika elminin sirlərini öyrənir. O, 1064-cü ildə Dəməşqdə tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə görüşür. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost olmaz, həm də ona maddi cəhətdən yardım göstərir.

    X.Təbrizi elm sorağı ilə daha uzaq məsafələr qət edir. O, Misirə gedir, saray alimi Tahir ibn Babaşazla görüşür, ondan ərəb dilinin qrammatikasını öyrənir.

    1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə “Nizamiyyə” mədrəsəsi açılır. X.Təbrizi ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir. Eyni zamanda mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur. O, dəyərli əsərlərini də elə burada yazır.

    Görkəmli alim “Əbu Təmmamın divanının şərhi”, “Səqt-əz-zənd”in şərhi”, “Həmasə”nin şərhi”, “Əl-Müfəddəliyyat”ın şərhi” kimi əsərlərini yazır. Eyni zamanda dilçiliyə dair “Quranda hallanma”, “Nəhvə aid qısa qeydlər”, ədəbiyyat nəzəriyyəsi üzrə “Əruz və qafiyə elmlərinə dair qısa xülasə” əsərləri ona geniş şöhrət qazandırır.

    Xalq həyatını düzgün əks etdirməyi poeziyanın başlıca vəzifəsi hesab edən X.Təbrizi forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini əsas götürüb. Özü də bədii yaradıcılıqla məşğul olub, şeirlərində paxıllıq, xudpəsəndlik, haqsızlığı tənqid edib. Onun bədii əsərlərinin az bir qismi dövrümüzə gəlib çatıb. Xətib Təbrizi 1109-cu ildə Bağdadda vəfat edib, “Bab Əbrəz” qəbiristanlığında dəfn olunub.

    Savalan FƏRƏCOV
    «Mədəniyyət» qəzeti

    • Teqlər:
    • şair
    • , alim
    • , mütəfəkkir
    • , Xətib Təbrizi
    • , Əbu Zəkəriyyə Yəhya ibn Əli

Comments are closed, but trackbacks and pingbacks are open.