Xx sr azrbaycan dbiyyatı
Dərs vəsaitinin hazırlanmasında Azərbaycandakı orta və ali məktəblər üçün tərtib olunmuş dərsliklərdən, elmi-metodiki vəsaitlərdən istifadə olunmuşdur. Etibarlı qaynaqlara istinadən hazırlanan dərs vəsaitinin Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər kəsin sevərək oxuyacağı bir kitab olacağı qənaətindəyik. Ümid edirik ki, qardaş ölkə olan Türkiyədə belə tərtibata sahib bir kitabın nəşri bu sahədəki boşluğu aradan qaldıracaqdır.
Yeni Azerbaycan Edebiyyatı (Azerice)
Yeni Azerbaycan Edebiyyatı (Azerice) Kitap Açıklaması
19. əsr və 20. əsrin əvvəlləri Azərbaycan ictimai fikir tarixində çox zəngin, lakin eyni zamanda mürəkkəb və ziddiyyətli dövrü əhatə edir. Bu dövr Azərbaycan mədəniyyətində ideya-estetik nailiyyətlərinə görə seçilən bir mərhələ olub, Azərbaycan ədəbiyyatının inkişafında da təsiredici rol oynamışdır. Bu baxımdan, dövrün ədəbi xarakteristikasının verilməsi və Azərbaycan ədəbiyyatının inkişafında rolu olan şair və yazarların araşdırılması, əsərlərinin ideya-məzmun xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir və müasir ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdəndir.
Bütün bunları nəzərə alaraq, Yeni dövr Azərbaycan ədəbiyyatı‖ (19. əsr və 20. əsrin əvvəlləri)‖ adlı dərs vəsaitinin hazırlanması və ictimaiyyətə təqdim olunması da günün vacib məsələsi kimi diqqəti cəlb etmiş və belə bir kitabın ortaya çıxmasına səbəb olmuşdur. Dərs vəsaiti Türkiyədəki universitetlərin Çağdaş türk ləhçələri və ədəbiyyatları bölümlərinin Oğuz qrupu türk dilləri şöbəsi və bunların nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı şöbəsinin, eləcə də Azərbaycandakı ali təhsil ocaqlarının filoloji fakültələrində təhsil alan tələbələr üçün hazırlanmışdır. Vəsait hazırlanarkən dilinin sadə və anlaşıqlı olmasına diqqət yetirilmiş, təlim sahəsində Azərbaycan, Türkiyə, Rusiya və Avropa təcrübəsindən yararlanılmış, ümumiyyətlə, dünya təcrübəsində tətbiq olunan yeni texnologiyalardan, müasir üsul və vasitələrdən istifadə edilərək 19. əsr və 20. əsrin əvvəllərində Azərbaycanda yaşayıb yaradan şair və yazarların həyat və yaradıcılığı sxem, klaster və tablolar vasitəsilə öyrədilməyə çalışılmışdır. Dərs vəsaitində 19. əsr və 20. əsrin əvvəllərində baş verən ədəbi hərəkatların qısa icmalı, şair və yazarların yaradıcılığı haqqında yığcam məlumata yer verilmiş, bundan başqa, tədrisin keyfiyyətinin yüksəldilməsi və mövzuların yaxşı mənimsənilməsi üçün bəzi əsərlərin məzmunu əlavə material bölməsində yer almışdır. Kitabda Azərbaycan ədəbi fikrinə orijinal, müstəqil və tamam fərqli mövqedən yanaşılmış, Azərbaycan ədəbiyyatı tarixindəki əsas diqqətçəkici məqamlar tələbələrin yaddaşından silinməyəcək şəkildə izah edilmişdir.
Dərs vəsaitinin hazırlanmasında Azərbaycandakı orta və ali məktəblər üçün tərtib olunmuş dərsliklərdən, elmi-metodiki vəsaitlərdən istifadə olunmuşdur. Etibarlı qaynaqlara istinadən hazırlanan dərs vəsaitinin Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər kəsin sevərək oxuyacağı bir kitab olacağı qənaətindəyik. Ümid edirik ki, qardaş ölkə olan Türkiyədə belə tərtibata sahib bir kitabın nəşri bu sahədəki boşluğu aradan qaldıracaqdır.
- Kitap Adı: Yeni Azerbaycan Edebiyyatı (Azerice)
- Yazar: Ellada Gerayzade
- Yayınevi: Ertem Kafkars Eğitim Yayınları
- Hamur Tipi: 2. Hamur
- Sayfa Sayısı: 246
- Ebat: 16 x 24
- İlk Baskı Yılı: 2020
- Baskı Sayısı: 1. Basım
- Barkod: 9786056642050
XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)
30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı «Oxu, tar!» qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.
XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun «Qafqaz günləri» romanı, A.İldırımın «Qara dastan» şeirlər toplusu, Ə.Hüseynzadənin «Siyasəti-fürusət», M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə «Qızıl qələmlər» birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış «cənub şeirləri» silsiləsi, «Ana və poçtalyon» şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı «Qılınc və qələm», eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş «Dumanlı Təbriz» romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” («Qan içində»), «Qızlar bulağı» kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və «Saçlı» romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), «Açıq kitab» romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), «Dostluq qalası» epopeyası və «Yoxuşlar» romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), «Gələcək gün» və «Pərvanə» romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. «Ana», “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı «Peyğəmbər» (1922), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), “İblisin intiqamı” (1936) pyesləri, «Azər» (1923-1932) poeması ilə daha da zənginləşdi.
Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almas» əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.
Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun «Azərbaycan» şeirinə, «Aygün», «Muğan» kimi epik poemalarına, «Vaqif», “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində «Vaqif»in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun «Koroğlu» operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun «Rənglər» silsiləsindən fələsfi şeirləri, «Füzuli», «Qızılgül olmayaydı» və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın «Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında» (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, «Zvezda» və «Leninqrad» jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın «Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. «Zvezda» və «Leninqrad» jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da «konfliktsizlik» üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi («Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Xurşidbanu Natəvan» və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun «Dəli Kür» romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və «sonun başlanğıcı» kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də «Qızılgül olmayaydı» və «Rənglər» ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, «Sarı dana», «Kefli İskəndər», «Mən torpağam» qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) «Yeraltı çaylar dənizə axır» romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi «60-cıların» yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.
Hər şeydən öncə, «60-cıların» insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada «insanşünaslıq» adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam «60-cıların» «insan» mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik «ictimai sistem və quruluş» kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar «60-cılar» ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat — 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, «Nəsimi» poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin — başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.
Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı «Mənim nəğməkar bibim» (1966) povesti, «Kür qırağının meşələri», «Büllur külqabının nağılı» kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.
Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri «Ağ liman» (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.
Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010
- Teqlər:
- Azərbaycan mədəniyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.