Press "Enter" to skip to content

Azərbaycan şairi Nəsimi yaradıcılığında dördlük fəlsəfəsi

Ustalıqla yazılmış bu hekayələrin ideya məzmunu müxtəsərcə belə qeyd oluna bilər: “İranda hüriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Usta Zeynal” şəriət əsiri olan müsəlmanların “paklıq” və “murdarlıq” barədə təsəvvürlərinin məişətdəki gülünc nəticələrinə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.

Yaradıcılığı

Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəlliyi vardır. Müasirlərindən bəzilərinin milli nihilizmindən, yəni öz mədəniyyətinə dodaq büzüb xarici mədəniyyəti göylərə qaldırılmasından fərqli olaraq Mirzə Cəlil və məsləkdaşları üçün birinci növbədə doğma klassiklər, onların irsi, ənənələri əziz və qiymətli idi; dünya mədəniyyəti isə onlara doğma mədəniyyəti daha uğurla inkişaf etdirmək, dünya miqyasına çıxmaq üçün lazım idi. O aydın görürdü ki, vətənində “Pəhləvani-zəmanə”, “Bəxtsiz cavan”, “Nadir şah”, “Gəlinlər həmayili”, “Səyahətnameyi-İbrahim bəy” kimi əsərlər yazılmaqda, səhnəyə qoyulmaqda, nəşr olunmaqdadır. Əhali arasında savadlılar artdıqca yazıçıların qədir-qiyməti, onların qarşısında qoyulan tələblər də artır. Xüsusilə doğruçu, xalqa sədaqətli yazıçılara ehtiyac çox böyükdür.

Onu ədəbiyyat, incəsənət və mətbuata bağlayan digər mühüm amil vətənin, xüsusilə Naxçıvanın ziyalılar mühiti idi.

Ədəbiyyata və mətbuata gəlişi. İlk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Jurnalist Məmmədquluzadə məqaləsində öz məfkurəvi simasının bəzi mühüm tərəflərini, ən əvvəl, xalqa bağlılığını ifadə etmişdi. O, “zəhmətkeş insanların” alın təri axıtmaları, “öz qabarlı, kobud əlləri” ilə saldıqları meyvə bağlarını əldə saxlamaq üçün çəkdikləri əzab-əziyyəti göstərmişdi.

XX əsrin ilk illərində azadlıq, demokratiya, mədəni tərəqqi uğrunda mübarizələrin sürətlə yüksəlməsi dövrün yüzlərlə, minlərlə xadimləri, yazıçı və mütəfəkkirləri kimi, Məmmədquluzadə üçün də o vaxta qədərki bütün ideya hazırlığından qat-qat güclü, əhəmiyyətli oldu.

Zaman ədibi xalqına daha da yaxınlaşdırdı. Sadə, əməkçi insanın duyğu və düşüncələri, arzu və dərdləri, bugünü və sabahı, bir sözlə, taleyi ilə bağlı mövzular, problemlər artıq aydın bir şəkildə onun yaradıcılığının ana xəttinə çevrilirdi. Bu baxımdan ədibin ilk mətbu hekayəsi “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrinin sayılan, bir neçə dildə nəşr edilib yayılan bu hekayə C.Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırır.

Hekayənin məzmunu da, quruluşu da cazibəlidir, təzədir. Süjeti ustalıqla inkişaf etdirilən bu əsər qeyri-adi bir sonluqla qurtardığından bir sıra alim və oxucuların “Poçt qutusu”n novella hesab etmələrində həqiqət yox deyil.

Baş surətlər olan Xan və onun rəiyyəti Novruzəli müəllifin satirik məramla qəsdən “İtqapan” adı verdiyi kənddəndirlər. Zahirən sakit, qayğısız görünən bu kəndin həyatı, adamların məişəti, bir-biriləri ilə rəftarı o zamankı kəndin tipik mənzərəsini canlandırır. Burada, bir el məsəlində deyildiyi kimi, “bəyin bəy yeri var, kəndlinin kəndli yeri”. Bu, insanların danışığında, bir-birinə müraciətində, rəftarlarında da hiss olunur. Xüsusilə Novruzəlinin kəlməbaşı xana “qadan alım”, “xan başına dönüm”, “sənsiz mənim bir günüm olmasın!…”, “qurban olum sənə” deməsi onun xarakterinin açılmasına çox kömək edir.

Novruzəli o qədər avamdır, dünyadan o qədər bixəbərdir ki, bəyin məktubunu poçt qutusuna salandan sonra bilmir çıxıb getsin, ya dayanıb qutunun keşiyini çəksin. Elə bu vaxt rus poçtalyonun gəlib poçt qutusundakı məktubları aparması ilə başlanan konflikt onun həbs olunması ilə nəticələnir: “Yazıq Novruzəli bir neçə dustaqlar ilə oturub … uşaq kimi ağlayır, gözünün yaşını ətəyi ilə silir”.

Xanın xahişi ilə buraxılan Novruzəli olub keçən əhvalatı məzlum-məzlum nağıl eləyib “Başına dönüm, xan, … bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?” – deyəndə və hadisəni “İşdi, belə oldu. Bunlar hamısı Allahdandı. Gərək belə olaymış” kimi mömin müsəlman şüuru ilə bağlayanda, kiçik bir parçada nə qədər mətləbə toxunulur.

Novruzəli avamdır, itaətkardır, səmimidir, Allaha inanandır və i.a.

Mirzə Cəlilin çox oxunan, çox sevilən əsərləri arasında “Qurbanəli bəy”, “İranda hüriyyət” (1907), “Quzu” (1914), “Zırrama” (1923), “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi” (1924), “Bəlkə də qaytardılar” (1926), “Proletar şairi” (1928) və s. hekayələri də var. Həmin əsərlərin hərəsi müəllifin o illərdəki dünyagörüşününü mühüm bir cəhətini əks etdirmişdir.

Ustalıqla yazılmış bu hekayələrin ideya məzmunu müxtəsərcə belə qeyd oluna bilər: “İranda hüriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Usta Zeynal” şəriət əsiri olan müsəlmanların “paklıq” və “murdarlıq” barədə təsəvvürlərinin məişətdəki gülünc nəticələrinə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.

Nasir Məmmədquluzadəni mətbuatda ilk dəfə qiymətləndirib ona xüsusi məqalə həsr edən böyük Azərbaycan alimi, pedaqoq və müəllim Firidun bəy Köçərli 1906-cı ildə “Usta Zeynal” hekayəsi barədə yazmışdı ki, bu gözəl əsərində müəllif dini mövhumatın müsəlmanlara necə böyük ziyan verdiyini maraqlı süjet vasitəsilə göstərir; o, Usta Zeynalların tənbəl, “fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövh” olduqlarını dərin təəssüf və can yanğısı ilə qələmə alır.

Hekayələrində Mirzə Cəlil özünəməxsus səmimi, təbii təsvir yolu ilə babası və övladı, qardaşı və bacısı sayıb halına qaldığı sadə insanlara demək istəyirdi ki, bu gedişlə, bu xasiyyətlə yaşamaqdan əl çəkməsəniz, sizi ağır günlər gözləyir. Dünayaya ayıq, iti gözlə baxmaq, ağıllı, fəal olmaq vaxtıdır.

Ədibin hekayələrində gülüşlə, komizmlə bərabər, göz yaşı, müsibət də vardı; bunlar üzvi surətdə birləşirdi.

Dramaturgiyası.

Cəlil Məmmədquluzadə, eyni zamanda, realist səhnə əsərləri ilə milli ədəbiyyatın inkişafına misilsiz xidmət göstərmiş dramaturq idi. Onun teatra şövqü cavanlıqdan başlamışdı. Seminariyada dünya dramaturgiyası ilə tanışlıqdan əlavə, tələbə dostları ilə Qori və Tiflisdə bir neçə səhnə əsərinə tamaşa eləmişdilər. Səksəninci illərdə isə Naxçıvan və İrəvanda Axundzadə komediyalarında oynayan həvəskar artistlərdən biri o olmuşdur. Cavanlıqda yazdığı “Çay dəstgahı”nın alleqorik dram şəklində olması da, sözsüz ki, onun bu sahədəki gələcək inkişafının rüşeymlərindən idi.

Həmin inkişaf uzun illər ləngimişdi. Səbəbi ümumiyyətlə milli teatrın bina, aktyor qüvvələri, rejissor, səhnə ləvazimatı, geyim və s. cəhətdən təmin olunmaması, senzuranın törətdiyi maneələr idi. Amma bütün bunlar Mirzə Cəlili 1909-cu ildə, yəni “Molla Nəsrəddin” jurnalının artıq şöhrətləndiyi bir vaxtda “Ölülər” əsərini yazmaq fikrindən döndərə bilmədi.

1909-cu ilin iyun ayında tamamlanan “Ölülər” M.F.Axundzadə və N.V.Qoqol ənənələri əsasında yetişib kamala çatmış realist bir sənətkar dühasının yaratdığı möcüzəyə bərabər əsər idi.

Ötən əsrin axırı, yeni əsrin əvvəlindəki Azərbaycan həyatı üçün tipik və səciyyəvi lövhələr, təsirli, ibrətamiz hadisələr, canlı bədii surətlər, bütün bunların ifadə etdiyi humanist fikir və hisslər – “Ölülər” kimi qeyri-adi, ciddi, düşündürücü adı olan pyesin mündəricəsi belə idi.

Çox mənalı və əhəmiyyətlidir ki, alimlərdən çoxunun, adətən, “komediya” hesab etdikləri bu əsəri müəllif özü əlyazmasında “faciə” adlandırmışdır. Əsərini yazandan yeddi il sonra Bakıda tamaşaya qoydura bildikdə o, “Ölülər”ə facianə rejissor-artist şərhi verilməsinə xüsusi çalışmışdı. Nə üçün? Ona görə ki, doğurdan da, “Ölülər” ədibin hərarətli oğul məhəbbəti ilə sevdiyi hacı həsənlərin, kərbalayı fatmaların qayğıları, sıxıntı və məhrumiyyətləri haqqında, vətənin gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının – isgəndərlərin, nazlıların işıqlı mənəvi aləmi haqqında, dərdləri, xəyalları, arzu və diləkləri haqqında faciədir; təravətini bu gün də saxlayan, öz işini görən bir faciə.

Bütün yaradıcılığında olduğu kimi, “Ölülər”də də Mirzə Cəlili “müsəlman qardaşları”ın bir çox sosial, mədəni sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi, eybəcərliyi, habelə onların bu vəziyyətdən qurtarmaları, ağ günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi. Ədib acı həqiqətlərdən şirin xəyallar naminə danışırdı. Belə olmasaydı, heç onun narahatlıq və təşvişinin də mənası olmazdı. Nə dini xürafat, savadsızlıq, qəflət yuxusunda “ölülük” dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbalayı Fatma, Hacı Kərim barədə acı atmacaların xeyri olardı, nə də səhərdən axşama kimi evdə oturub anasından “bozbaş bişirmək dərsi” alan, günün işığından, bağçanın ətrindən, çəmənin ürəkaçan mənzərəsindən binəsib qalmış “gözəl Nazlı” barədə qəmli şikayətlərin… Nə xalqdan çox uzaq olan “mənsəb sahibləri” heydər ağalar, mirbağır ağalar barədə tikanlı sözlərin, nə müqəddəslik pərdəsi altında camaatın “başını piyləyən” rəzil, əxlaqsız Şeyx Nəsrullah, Şeyx Əhməd barədə qəzəbli ittihamların, nəhayət, nə də sevimli, “biçarə” həmvətənlərinin dərdindən şəraba qurşanıb “ölülər” dünyasına matəm marşı oxuyan İsgəndər barədə yanıqlı səhnələrin…

Publisistikası.

Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

Publisist Məmmədquluzadənin yazılmamış, amma iş zamanı yaranmış mükəmməl proqramı vardı ki, oraya, məsələn, bu cür vəzifələr, mövzular, işlər daxildi: ədəbiyyat və mətbuat aləmində “yazı yazmağın ən birinci qanunu” hər bir kəsin “asan və tezliklə” başa düşə biləcəyi əsərlər yaratmaqdır. Vəzifə: xalqı vətən yolunda “əlahiddə səy və qeyrət göstərməyə” ruhlandırmaqdır. Vəzifə: “müsəlman qardaş”ın novruzəlilik və usta zeynallığına, yəni gerilik, avamlıq və mövhumatçılığına son qoymaq, onun mənəvi qüvvələrini inkişaf etdirməkdir; Molla Nəsrədddin kimi “haqq və həqiqəti dost tutmaq”, “böyükləri özündən incitmək”dən qorxmamaqdır; təkcə köhnəliyi dağıtmaqla yox, eyni zamanda, yeniliyi qurmaqla məşğul olmaq, xalqa “nicat yolu”nu göstərməkdir.

  • Ədibin publisist əsərləri “Kaspi”, “Kafkaz”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Vozrojdeniye” və s. mətbuat orqanlarında, ən çox isə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuşdur.
  • Məmmədquluzadə publisistikası həm həyati, həm də elmi-nəzəri bünövrə üzərində yaranıb inkişaf etmişdir. O, XIX əsrin və öz zəmanəsinin məşhur publisist və nəzəriyyəçilərinin mətbuat məsələlərinə dair qiymətli əsərləri ilə tanış idi və yeri düşdükcə onları hörmətlə yad edirdi.
  • Milli mətbuatda publisistikanın müasir problemlərinin əməli həllinə, xüsusilə “Molla Nəsrəddin”də böyük yer verirdi. Onun “Azərbaycan”, “Millət”, “Mikroblar”, “Mustafa bəy Əlibəyov”, “Füyuzat”, “Necə qan ağlamasın daş bu gün”, “Filosoflar”, “Əhməd bəy Ağayev cənablarına”, “Rəhbər”, “İrşad”, “Tərcümanın fitvası”, “Tarix”, “Haman söz”, “Qəzetlərdən”, “İrani-nov”, “Hacı İbrahimov” və s. məqalələri bu jurnalda nəşr olunmuşdur.
  • Bu əsərlərdə irəli sürülən və böyük ustalıqla şərh olunub əsaslandırılan çoxlu problemlərin burada ancaq bir qismini göstərmək mümkündür. Ədibin fikrincə, hər bir qələm sahibinin “öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”. Vətənin və xalqın halına qalıb qayğısını çəkmək, oxucuya tərəqqi və demokratiya uğrunda mübarizə ideyaları aşılamaq hər bir vicdanlı qələm sahibinin borcudur. Daxili siyasətində məzlum millətlərin düşməni olan, onların arasına ayrı-seçkilik, ögey-doğmalıq salan imperiya əleyhinə başlanmış mübarizədə qeyrətlə, fədakarlıqla iştirak etmək lazımdır. Hər bir millət öz həyatını özü istədiyi kimi, ədalətli əsaslarla qurmalıdır.
  • Söz yox ki, buna nail olmaq çox çətin, mürəkkəb məsələ idi və bunu Məmmədquluzadə yaxşı bilirdi. O yazırdı ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi istiqlaliyyət və konstitusiyaya nail olmağın yollarını bilmədiyindən, hətta dost-düşmənin tanımadığından ən əvvəl onların siyasi görüşlərinin inkişafı barədə fikirləşmək lazımdır. Bizim qulağımızı lap uşaqlıqdan, beşikdə olanda “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhumi sözlərlə doldurublar. Çoxumuzun cəmiyyət qanunları barədə təsəvvürümüz ya yoxdur, ya da tamam zəifdir. Çoxumuz həyatda rastlaşdığımız yaramazlıqları “Allah işi”, ya da “Allahın bizə qəzəbi” kimi başa düşürük ki, bu, başımızın altına yastıq qoyur.
  • Cəmiyyətin ümumi mənzərəsini, ümumi dərdlərini göstərməklə bərabər, Məmmədquluzadə və qələm dostları konkret müqəssirlər, xatakarlar, “qarnıyoğunlar” barədə də kəsərli yazılar və karikaturalar çap etdirirdilər. Jurnalda deyilirdi ki, “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir”; “Bakıda mağaza satıcılarının məvacibi az, zəhməti həddən artıq və rahatlığı əbədən yoxdur”; “İrəvanda Baxşəli xanın otuz iki para kəndi var; Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir”; əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, … on hissəsini də qlava və pristava rüşvət və divan xərci”; “genə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur…”
  • Beləliklə, dövrün bu cür acı həqiqətləri Məmmədquluzadənin həm “Molla Nəsrəddin” jurnalında, həm də şəxsi yaradıcılığında “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olur, bu isə onun ancaq ilk baxışda şən və ürəkaçan görünən gülüşünə çox vaxt bir qüssə, kədər gətirirdi. Satirasının bu cəhətini ədib özü yaxşı izah etmişdir: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz … əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!” (“Molla Nəsrəddin”, 1907, №41).
  • Publisist Məmmədquluzadənin bəzi əsərləri vətənin və xalqın dərdlərinə göz yuman eqoist ziyalılara həsr olunmuşdur: “Batdağ”, “Xənnas”, “Məryəm xanım”, “Fərrux bəy Vəzirov” və s.
  • Bu silsiləyə daxil olan “qəhrəmanlar” məsləksiz “intelligent” Mustafa bəy Əlibəyov, Avropanın məşhur Derpt universitetini qurtarıb elmi dərəcə ilə vətənə qayıdan həkim Əbdülxalıq Axundov, kef əhli olan mühəndis Fərrux bəy Vəzirov, dini-siyasi məcaraları ilə tanınan tatar xadimi Hacı Əbdürrəşid İbrahimov və b. idi. Məmmədquluzadə bu kimi ağaların pulu və ya qələmi ilə çıxan mətbuatın səciyyəvi xüsusiyyətini “böyüklər”ə tərifnamələr oxumaqda, yaltaqlıq, yalançılıq, ikiüzlülük etməkdə görürdü; belələrinə “məsləkini qara pula satanlar” deyirdi.
  • Oxucuya bir ağsaqqal, bir müəllim kimi müraciətlərində ədib üçün ana dili məsələsi ən ciddi məsələlərdən idi. Bunun səbəbi o idi ki, ölkədəki mürəkkəb şəraitdə dilə müxtəlif, hətta bir-birinə zidd münasibət yaranmışdı. Özgə dillərdən alınma sözlərin sürətlə artması mütərəqqi, vətənpərvər ziyalıları bərk narahat etməyə başlamışdı.
  • Belə bir şəraitdə meydana çıxan “Molla Nəsrəddin”in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzadə jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi. Sonralar o öz xatiratında yazırdı ki, məqsədimiz “dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi”. Jurnalın dil siyasəti onun qonşu və qardaş Şərq xalqları, habelə Rusiya müsəlmanları arasında yayılmasına da imkan yaratdı. Ədib yazır ki, “… məcmuəmiz türk ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan dilidir. Onunçün də bu yolda biz bərk durmuşuq”.
  • “Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi,ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?… Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
  • Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədə mövqeyini nece düzgün müəyyənləşdirdiklərini ədib “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmaqdıq. Birinci nömrəmizin baş məqaləmizdə yazmışıq ki, “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir” Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinə inanmışdılar.
  • Məmmədquluzadə həm mənşəyi, həm həyatı, həm bədii yaradıcılığı, həm də publisistikasının əsas problemləri ilə daim Arazın o tayında yaşayan cənublu qardaş və bacıları ilə bağlı olmuşdur. Onun üçün bu bir neçə cəhətdən əhəmiyyətli idi.
  • İrana həsr etdiyi bədii və publisist əsərlərdə ədib bir tərəfdən qan qardaşlarına ağıllı məsləhətlər verir, o biri tərəfdən məharətlə Rusiya müsəlmanlarının “öz” dərd və ehtiyaclarına işarələr edirdi. “Təbrizdə dul övrətlərin, yetim və fəqirlərin” acından “torpaq yeməsi”, “Tehranda hüriyyət mücahidlərinin qanunlarının küçələrdə su yerinə axması” münasibətilə o, “İranlılara”, “İran fəhlələrinin pulu hara gedir?”, “Məhəmmədəli şah və bütpərəstlər” kimi kəskin ruhlu felyeton və məqalələr yazmışdır. Bu əsərlərdən üçüncüsündəki “Heyf olsun sənə, ey mənim gözəl vətənim!” sözləri isə böyük yazıçının vətən məhəbbəti ilə birlikdə vətən dərdi də çəkdiyini göstərir.

Nəsr əsərləri:

  1. Zırrama (hekayə)
  2. Oğru inək (hekayə)
  3. Şərq fakültəsi (hekayə)
  4. Şəhər və kənd (hekayə)
  5. Proletar şairi (hekayə)
  6. Konsulun arvadı (hekayə)
  7. Nağaraçılıq (hekayə)
  8. Quzu (hekayə)
  9. Saqqallı uşaq (hekayə)
  10. Usta Zeynal (hekayə)
  11. Poçt qutusu (hekayə)
  12. Kişmiş oyunu (pyes)
  13. Danabaş kəndinin əhvalatları (povest)

Dramaturgiyası:

Publisistikası:

  1. Fəqirlər davası
  2. Sizi deyib gəlmişəm
  3. Necə qan ağlamayım?!
  4. Niyə məni döyürsünüz?!
  5. Millət
  6. Qondarma bəylər
  7. Cümhuriyyət
  8. Xoşbəxtlik
  9. Azadeyi-vicdan
  10. Təzə paltar
  11. Azərbaycan
  12. Yer yoxdur

Azərbaycan şairi Nəsimi yaradıcılığında dördlük fəlsəfəsi

Azərbaycan ədəbiyyatı öz dahi yazarları ilə əsrlər boyu dünya ədəbiyyatında xüsusi yer tutub. Nizami öz Xəmsəsi ilə dünya ədəbiyyatının korifeyi olduğu kimi, İmadəddin Nəsimi də dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurmuşdur. İstər vətənimizdə, istərsə də Orta Asiya türkləri qazax, qırğız, özbək, türkmən, eləcə də Türkiyə xalqları arasında şöhrət qazanan İmadəddin Nəsimi günümüzdə belə dünya poetik mühitini öz fəlsəfi fikirləri ilə heyrətləndirməkdədir. Onun yaradıcılığı bu gün də Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerini saxlamaqdadır.

Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi tarixi ədəbi və fəlsəfi fikir yaddaşımıza milli qayıdışımızın bir daha bariz nümunəsidir.

Tarixi qaynaqlarda adı Seyid Əli olan, lakin İmadəddin Nəsimi təxəllüsü ilə dünya ədəbiyyatında özünə layiqli yer tutan bu filosof şair Azərbaycan türkü olmaqla, 1369-cu ildə Şamaxıda doğulmuş, 1417-ci ildə Suriyanın Hələb şəhərində edam edilmişdir. Bu sufi, hürufi aliminin yaradıcılığına diqqət etdikdə, burada insan təfəkkürünün və onun idrakının maddi və mənəvi aləmdə təzahür formaları və başqa fəlsəfi fikirlər əsas yer aldığını görürsən. Bu istiqamətdə ilk təhsilini Şamaxıda almış Nəsimi, hürufi Fəzlullah Nəiminin elmi, tərbiyə və təlimlərindən öz fəlsəfi fikirlərini təkmilləşdirib. O, ilk dövrlər sufizm mövqeyində dayanarqtanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Onun ruhu X əsrin sufi filosof-şairi Mənsur Həllacın təliminə yaxın idi. Bu dahi şair-filosof sonra hürufiliyə meyl etmişdir.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi qədim türk-Azərbaycan, eləcə də Şərq və yunan fəlsəfəsini dərindən öyrənib. Bu qədim fəlsəfi fikirlərlə bərabər onların ədəbiyyatı, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də tam yiyələnib, İslam və xristian dinlərinin əsaslarına yaxından bələd olub.

Qeyd edək ki, Sufizm m.ö. təxminən8-ci yüz ilin sonlarından Zərdüştlükdə yer almışdı. Hələ o zaman şaman sufilər ağ geyimdə məbədlərə gedir, insanın tanrı və kainatla vəhdəti ideyasını təbliğ edirdilər. Dünyanın ən qədim dini olan sufizm, ilk dövlət dini kimi sonralar yaranan dinlərin-İudaizmin, Xristianlığın, Müsəlmanlığın və Buddizmin inkişafına da xüsusi təsir göstərib. Bu fəlsəfi fikir 5-ci əsrin ortalarında Yunanıstanda da yayılıb. Burada filosoflar fiziki dünyanı öyrənməyi dayandırıb, diqqəti fərdlə daha yaxın mövzulara yönəltməyə başladılar.

Zərdüştlükdəki bu fəlsəfəni insanın özünə doğru yönəldən Sokrat, əxlaqi problemlərə daha çox önəm verirdi. Onun fikri sufizmdən bəhrələnmiş, burada xeyir və şərin nə olması, xeyrin bilikdə, şərin cəhalətdə olduğu, var-dövlətin isə, heç bir xeyir gətirmədiyi göstərilirdi. Bu yeni intellektual cərəyanın ilk nümayəndələri şaman sufilər-sofistlər idi.

Hələ m.ö. VIII əsrdə bu fəlsəfəni önə çəkən şaman sufilərin ideyaları Nəsimi yaradıcılığında daha mükəmməl yer almaqla onun tuyuğ, qəzəl, rübai və s. bu tipli yazılarında öz əksini tapıb. Onun əsrlərində fəlsəfi istiqamətlər çoxluğu diqqəti cəlb edir. Burada vəhdəti vücud, metafizik, təbiət kimi fəlsəfi baxışlar özündə xeyli sayda elmi birləşdirir. Bu isə Nəsiminin Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alimləri İbn Sina, Xaqani, Nizami,Övhədi, Marağayi, Fələki, MənsurHəllac, Fəzlüllah Nəimi, Şeyx Mahmud Şəbüstəri kimi xeyli sayda görkəmli şəxsiyyətlərin sahib olduğu biliklərə dərindən yiyələnməsindən irəli gəlirdi.

Bəs Nəsimi fəlsəfəsindəəsas istiqamət nə idi? Hələ o dövr onun əsərlərinin bir çox dillərə tərcüməsi, bu dillərdə ədəbi yaradıcılıqla məşğul olan ədiblərin bu böyük filosof şairi təbliğ etmələri, onun yaradıcılığındakı hansı istiqamətlərlə bağlı idi və buradakı fəlsəfi fikirlər nəyi izah edirdi?

Nəsimi əsərlərinə nəzər saldıqda, onun fəlsəfi istiqamətdəki düşüm toplusunda idealist, materialist düşüncələr daha qabarıq şəkildə özünü təqdim edir. İnsanın kainata bu yanaşma tərzi hələ bəşəri təfəkkürün formalaşdığı ilk dövrlərdən mövcud olmuş, insan idrakı təbiət hadisələri fövqündə bu iki düşüncə vəhdətində əsl həqiqətə istiqamətlənmiş və onun dərkinə səy etmişdir. Nəsiminin, Azərbaycan ədəbiyyatına gətirdiyi xeyirlə şər fəlsəfəsi, bu aləmin insan və kainatla vəhdəti kimi elmi düşüncələrində biz dördlük ünsürü ilə, şəriət, təriqət, mərifət və həqiqətlə qarşılaşırıq.

Ey özündən bixəbər qafil, oyan.
Haqqa gəl kim haqq dediyi batil, oyan.
Olma fani aləmə mail, oyan.
Mərifətdən nəsnə qıl hasil, oyan.

Bu dörd misralıq tuyuğda Nəsimi insanın maddi aləmə bağlılığında özünü dərk edə bilmədiyi, Haqqın dediklərindəkibatilliyin üzə çıxarılması, onun qəflətdə olmaqla özünə vurduğu ziyan, Haqqı-yaradanı tanıya bilmədiyi ona xatırladılır və insana bu kəsalətdən oyanması tövsiyə edilir. İnsanın özünün özünə vurduğu ziyanı Cəhənnəm atəşinin belə vura bilmədiyini insana dərk etdirməyə, anlatmağa çalışan böyük sufi şairi, insanın fani dünyaya vurğunluqdan-qəflət yuxusunda olmasını maddi varlıqla və ondakı nəfs təzahürləri ilə bağlayır. Nəsimi insana zərər verən şiddətli olan şeyin nə olduğunu bilməklə, insanın fani dünyaya bu vücud-maddilik tamahından daha çox bağlılığının yanlış olduğunu ona anlatmağa çalışır. O bütün bunları qavramağın insanın bu qəflətdən ayılıb, kəsalətdən azad olmasının yolunu göstərdiyimiz dördlük fəlsəfəsinin üçüncüsündə mərifətdə-elmdə görür.

Qeyd edək ki, bu dördlük fəlsəfi fikri ilk dəfə XI əsrfilosofu Muhəmməd ibn əl-Qəzali tərəfindən, irəli sürülüb. Burada ilkin olaraq insanın özündə bir inancın təcəllası- Şəriət, bu inancın təsdiqini əsaslandırmaqla ona bağlılıq-Təriqət yer alırdı. Bundan sonra isə bütün bunların tam dərki üçün elmi biliklərə sahib olmaq- Mərifət və sonda elm ilə Yaradana qovuşmaq- Həqiqəti dərk etmək ideyası əsas götürülürdü. Daha sonra bu fəlsəfi fikir, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində də yer almaqla bir qədər təkmilləşdirilmiş, Haqqa qovuşmağın yolu yenə də şəriət, təriqət, mərifət və həqiqət mərhələlərinə bölünmüşdür ki, burada mərifət yenə də elm olaraq izah edilmişdir. Nəsrəddin Tusi düşüncəsində insani nəfslər əxlaqı, davranış, nitq nəfsi ilə tanrıya qovuşan kamil insanı xarakterizə edir, lakin burada da heyvani nəfslər şərə xidmət edir.

Nəsimi yaradıcılığında da insani nəfs-mərifət dəqiq elmlərdə və dünyanın dərkində görünür və nəticə olaraq elmin sonsuz olduğu fikrində dayanılır. “İnsan” adlı yaranışın bütün hallarda öz şüurunun təzahürləri və bundan ortalığa çıxan mahiyyət, vücud-maddilik və nəfs-mücərrədlik şəklində bütün bəşəri yaranışda mövcuddursa, təbii ki, bu vəhdət birliyində insan xarakteri şərə yaxındır. Nəsimi əsərlərində bütün bu qanunauyğunluqlar və ya heyvani nəfslərin kamillik baxımından inkarı kimi ortalığa çıxan təzahürlər olduğu şəkildə öz əksini tapır.İnsan psixologiyasında baş verən təlatümlərin zəruriliyi və reallığının nəticələri vücud və nəfs vəhdətində bu filosof şairin yaradıcılığında yer alır.

Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi.
Möhnəti çoxdur cahanın zülmətində gen, sağın.

misralarında Nəsimi ilk olaraq nəfsdən yayınmaqla paklıq inamına qovuşmaq, içdəki kəsalətdən-cahan zülmətdindən yayınmaqla insanın özünü dərkini ona tövsiyə edir və

Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi zirüzəbər eylə

misralarında isə, dünya nemətinin murdar leş olub insan vücudunu- şəxsiyyətini əyməsi, ondan uzaq olması gərəkliyi və özündə bu inamin aşılanması vurğulanır. Çünki vücudun mövcudluq forması və nəfsin bu maddi varlıqdakı təzahürləri də əbədi və mütləq deyil.

Gərçi bu gün Nəsimiyəm, həşimiyəm, qureyşiyəm
Ayətim bundan öncədir, ayəti-şana sığmazam.

misralarında Nəsiminin həm Həşimi, həm Qureyşitayfalarından olması, müəyyən tayfa təriqətlərini adlaması və bunlardan da qabaq insanın ruhla vəhdətdə mövcudluğu, ruhun əbədiyaşar olması və müxtəlif zaman kəsiyində ayrı-ayrı fərdlərin cismində dünyaya gəlişi fikri reallaşır. Diqqət etsək, bu ideya bəşəri elmdə yer alan “maddə kütləsinin itməməsi” və “enerjinin saxlanması” qanunları ilə üst-üstə düşür. Buradainsanın dünyaya gəlişi və bir gün də gedəcəyi önə çəkilir ki, bu baxımdan özünü dərk etmə və insani kamilliyə yüksəlməsi inam və elm tələb edir.

Mərifətdir xalis altun sikkəsi fəzl, hünər.
Mərifətdən nəsnə qıl hasil, oyan.

kimi xeyli sayda misralarda isə, artıq Tanrının dərkə gedən yolun üçüncü mərhələdən, mərifət-elmdən keçdiyini diqqətə çatdıran şair, elmlərə sahiblənməklə kamilliyə-Haqqa qovuşmaq ideyasını önə çəkir.

Haq mənəm, Haq məndədir, Haqsoylərəm.

misrasında, eləcə də xeyli sayda qəzəl, məsnəvi, rübai və tuyuğlarında Nəsimi Tanrıya olan məhəbbətin özündə həqiqi olub-olmadığını dərk etmək, özündə dəniz misalı comərdlik, günəş misalı şəfqət və torpaq misalitəvazö kimi üç xisləti birləşdirməkdən geniş bəhs edir. Bu misra müqəddəs kitab “Qurani –Kərim”də bir ayənin daşıdığı məna ilə də tam olaraq üst-üstə düşür. Burada “Mən sizi özümə bənzər xəlq etdim” ayəsindəki ifadə insanın tək bir fərd olduğunu və bu fərdilkdə elm və kamilliklə Allahı dərk etməsi ona tövsiyə edilir ki, bu Nəsiminin dini elmlərə nə qədər yaxından bələd olduğunu dördüncü mərhələyə bütün varlığı və kamilliyi ilə adladığnı bir daha sübut edir.

Nəsimi fəlsəfəsi əslində bu xalqın özünün Zərdüştlük fəlsəfəsindən yaradaraq ortaya qoyduğu,yunanlara və digər xalqlara hələ m.ö. VIII əsrdə adlayan fəlsəfi fikirdir. Böyük filosof şairimiz bu fəlsəfəni dərindən mənimsəməklə onu Şərq və Qərb fəlsəfi elmi mühitinə diktə edib.

Firudin Rzayev
Filologiya üzrə fəlsəfə doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.