Press "Enter" to skip to content

Yaxın və orta şərq ölkələri tarixi mühazirə

1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.

Tarixi abidələr

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 – ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Atəşgah

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı “Atəşgah”ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28×25-dir. İçəridən qala 5 yarusa bölünür.

Şıx qalası

Mərdəkanda 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.

Qobustan

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Azərbaycan daş plastikası – qədim tarixi abidələr

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad (Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

«Ağoğlan» qəsr kompleksi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası

Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “. bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz . dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi. “

Bəzz qalası

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası

Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

“Mədain sarayı”na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid “Ərk”i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala – Təbrizin simvolu görünür.

Şamaxı qalası

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Koroğlu qalası

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Əsgəran qalası

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.

Cavanşir qalası

İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Gülüstan qalası

Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.

Çıraqqala

Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. q üçü salamat qalıb.

Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi

Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Gəmiqaya rəsmləri

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Gəncəsər məbədi

Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi – Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.

Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.

Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Şəmkir Minarəsi

Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.

Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.

siyasielmler

Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri-müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və faktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünənəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.

Ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər qaydaya salındı. İki ölkə arasındakı münasibətləri normalaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vəsitələr araşdırıldı, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı.

Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.

Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə gəlmək, yeni itisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldava və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə münasibətlərin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edilir.

Həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqının və dövlətinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması sahəsində səylərin qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və starateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi xarici siyasət yeridilməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər yaradılmasını tələb edirdi.

1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.

Azərbaycanın regionundakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı. Lakin Ermənistan təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz evi” ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin “Ümumi Qafqaz evi” təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.

Azərbaycan dövləti özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsədə bu iki dövlətin öz aralarında mövcud olan əlaqələri hər zaman Respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini göstərmişdir. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki, bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, Respublikanın inkişafını və maraqların bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin.

Lakin 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyəti lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu olan İranla münasibətlərinin kəskin siyasi- ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.

İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycan beynəlxalq vəziyyətinə deyil, həm də Respublikanın daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan ölkə başçısı İranla gərgin vəziyyətə çatdırılmış siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı əlaqələri bütün mümkün yolla və vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq gərgin və səmərəli iş apardı. Bunun nəticəsində artıq 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq mümkün oldu.

Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm starteji istiqamətlərdən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsində, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün, ilk növbədə, Azərbaycanın geosiyası mövqeyi və iqdisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi.

Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfü əlaqələr səviyyəsində sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.

Həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan verdi. Müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və əzmi, xarici amilin isə beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar.

Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq noramaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müyyənləşdirilmiş və həyata keçirilmişdir.

Ermənistanın təcavüzünün dəf edilməsi, Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləminin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövürlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu məsələnin həllinə yönələn hər bir cəhət əvvəlcədən acı nəticəyə və uğursuzluğa məhkumdur. Ona görə də, Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəltmişdir.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər- politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

Comments are closed, but trackbacks and pingbacks are open.