Press "Enter" to skip to content

Yemişan haqqında

İndi yenə də axşam çağıydı. Siçovulların meyvələrə daraşdığı axşama oxşayırdı. Yemişan kolu düz onun yanına gəldi, yeriyə-yeriyə həm də.

Yemişan haqqında

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Könül Nuriyevanın “Yemişan kolunun aclığı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ətrafında iki, ya üç qurumuş yemişan kolu vardı. Hər halda gözünü açan kimi, ilk gördüyü onlar olmuşdu. Qupquru kolları küləyin gətirdiyini təxmin etsə də, buraya necə, nə vaxt düşdüyünü yadına sala bilmədi. Mənzərənin ən təsirli yeri isə o kolların birinin tək yarpağının yamyaşıl qalmasıydı, deyəsən, elə o rəngdə də meyvəsi vardı, yarpağın böyrünə sığınmışdı.

O bunu gördü, ürəyinə sərinlik gəldi, az da olsa rahatlandı. Bir az keçəndən sonra yenə rahatsızlıq, səbəbi məlum olmayan təlaş vücudunu sardı. Oturduğu yerdən güclə qalxdı. Ac idi, başı hərlənirdi, amma niyə susamamışdı, bilmirdi. Dörd yanına baxdı: Hündür binalar? Hə, vardı. Külək astaca əsirdi, elə bil dünya yaranandan bu şəhər külək üzü görməmişdi. Özünü elə fağır aparırdı külək, gəl görəsən!

O, toz basmış paltarını çırpdı. Kirpikləri ağırlaşmışdı, batman qədərində yükü vardı.

Pırtlaşıq saçlı adam aclıqdan bulanan mədəsini əliylə sıxdı. Ta uşaqlıqdan belə edirdi. Elə bilirdi ki, qarnının qurultusunu bu yolla ört-basdır edə bilər. Hə, şükür, ağrı da, bulantı da keçdi. Əlini geri çəkəndə külə bulaşmış barmaqları sinəsindəki şişə toxundu. Diksindi, bir anlıq duruxdu, yenidən eyni yerə, bu dəfə köynəyinin düyməsini açaraq baxdı. Sinəsində döşə oxşar, yupyumru, ağappaq, ucu dik durmuş, Meksika qadınlarınkına bənzər tünd qəhvəyi haşiyəli ət parçası vardı. Gözləri qaraldı: “Yuxuda deyiləm, görəsən?!”

Yaxasını bağlamadı, marağı ucbatından səbirsizlənirdi, heyrətdən, çaşqınlıqdan nə əlini çəkə bilirdi, nə düymələri bağlamağa heyi qalmışdı. Sinəsinin sol tərəfinə gözü sataşanda həyəcanı ikiqat artdı, bədəni tir-tir əsdi; sol tərəfində heç nə yox idi!

Günün günorta çağının günəşini, ya o olmasa da, həyatın adiliyini, vərdiş etdiyi, uşaqlığından gördüyü çay kollarını, adamları, özünü çox arzuladı.

Qəribə idi… günəş yoxuydu, göyün üzündə bir əlçim bulud qəhətə çıxmışdı, binalar da, şəhər də yerindəydi, ancaq o buranın hara, hansı tərəf olduğunu bilmirdi. Üstəlik sinəsindəki ət topası…

Aclıqdan tükənmiş halı günəşin yoxa çıxdığı yerə getmişdi.

Məhəllədə siçovulların sürüşkən quyruğunu bir dəfə də olsun basmayan adam tapmazdın. Məhəllə uşaqlarının səsi siçovulların cikkiltisindən az çıxırdı. Hamının evində mütləq zəhər vardı – otaqların hər küncünə, çarpayının, çörək tabağının yanına qoyulmuş zəhər. Ana onun “acmışam” sözünü eşitməmək üçün bayıra çıxdı. Göy rəngli, üzü qabıqlanmış, ikilaylı qapının kandarında oturdu. Qapı yola açılırdı, ana uzun ətəyini dizindən yuxarı sıx bükmüşdü, isti betonun üstündə bardaş qurmuşdu.

Uşaq pəncərənin ağzına qoyulmuş kiflənmiş çörək qırıntılarına baxırdı, bacı isə kömürün üstündə oturub, budlarının qaralmasına fikir verməyərək, ayaqlarını yellədirdi, dizində çəkdiyi gəlinciklə oynayırdı. Aclıq hələ onu təpərdən salmamışdı.

Ana ayağa durdu, hara getdiyini bilmədən yola ilk addımını elə atdı ki, elə bil deyirdi: “yapış mənim ayağıma, qopma, sındır, ya da ora – dərinliyə basdır. Əvvəl ayaqlarımı çək aşağı, sonra özümü. Elə et ki, səs-səmir çıxmasın, uşaqlar bilməsin”. Yol soruşsaydı əgər: “bu hərarətli, xeyli şux, incə, qamətli canının əvəzində nə istəyirsən torpağın altından?” Qadın deyərdi ki, “bir günlük yemək!” Yol bunları soruşmadı, ananın da cavablandırmasına ehtiyac olmadı, ana yolun ona verdiyi bir imkandan – addımlamaqdan istifadə etdi.

Pəncərədən gözü uşağına sataşanda ürəyi yandı, təndirə düşmüş quş kimi qovruldu. Uşaq kiflənmiş çörək qırıntılarını pəncərənin şüşəsiylə birlikdə yeyəcəkmiş kimi hərisliklə baxırdı…

Aclıq, yol, baxışlar… Pantomima oyunundan bir saat sonra ana qayıtdı.

Qadın saçlarını heç örtməzdi. Yaylığı boynuna bağlayar, bu onun yaylıq və don arasında qalan, boynunun, sinəsinin açıq yerini aydın göstərər, hətta sinəsinin sol tərəfindəki çapıq yeri eyib təsiri bağışlamazdı. Qara donu isə heç dəyişməzdi. O, anasını gözünü açandan qara paltarda, ağappaq simasıyla görmüşdü. Gözləri eynilə anasına bənzəyən uşaq altı yaşındaydı. Ananın gəlişiylə otağa xoş ətir yayılmışdı. Ananın paltarının sağ hissəsi sinəsi bərabərində şişmişdi. Əlini qoynuna salan, illərlə gülməyən adamın üzündə zorla gülümsəmək istədiyi, amma həvəsi olmadığı ifadə vardı.

Portağal idi, sapsarı, üstü nahamar, ələ yerləşməyəcək qədər böyük.

Uşaq meyvəni aldı, həmin dəqiqə yemədən, sapsarı suyunu sovurmadan, qabıqlarını sümürmədən doydu. Bir də heç acmayacağına özünə söz verdi, həm də bacısının qulağına pıçıldayaraq…

Ananın yaxası örtüldü.

Evin qaranlıq ruhiyyəsinə portağal böyüklüyündə günəş doğmuşdu.

Axşam tərəfi yolun o biri tərəfində bağı olan Vecsiz dayının səsi məhəllənin qulağını deşirdi. Yol isə qulaqlarını tutmuşdu, küçə birtəhər dözürdü.

Kişinin adı, əlbəttə, vardı, olmuşdu nə vaxtsa, atası ona da bəhbəhlə ad qoymuşdu. Amma məhəllənin uşaqları Vecsiz dayının toz basmış, maşınların hisini, pasını özünə hopduran böyürtkən kollarından meyvə yeyə bilməzdilər. Hətta bir dəfə uşaqları qovub, söyüb, onların əlindən aldığı meyvələrin üstünə çıxıb, yayın günündə də ayağından çıxartmadığı çəkmələrlə tapdamışdı, “sizə haramdı, vermərəm” demişdi. Axşamın gəlişinə sevinən siçovullar böyürtkən adlı meyvənin, ya portağalın, ya almanın varlığından xəbərsiz, rəngini, bitmək, solmaq, yetişmək vaxtını dərk etmədən daraşmışdılar kişinin tapdadığı meyvələrə. Ye ha, ye!!

Axşam tərəfinin səsləri daha vahiməli olur. Günün günorta çağındakı səslər boğuq olur, tam ünvana yetişə bilmir, yarıda qırılır. Günəş yandırır səsləri. Həmin günün axşamının səsi düppədüz ünvana – ananın evinə əlbəəl çatırdı.

ꟷ “Oğru qancığı tutun! Sənin ağzını. ”

Vecsiz dayı sözə xəsislik edən adam deyildi, xüsusiylə bu mövzuda.

Hadisələrin sonrasına yol dözə bilməyib, başını götürüb getdi, küçə səssizləşdi. Ana? Yox, o gün ağlamadı, heç səsi də çıxmadı. Vecsiz dayı uzun nitq söylədi; oğruların gözünün deşiləcəyi, günəşdən məhrum olacağı, oğurluq meyvəni yeyənin buynuzu, dörd əli olacağını, eybəcərləşəcəyi, bədənindən yekə-yekə şişlər çıxacağı haqqında. Üstəlik də, hər kəlmənin o baş, bu başında axşam tərəfini “aydınladan” gün işığı görməmiş söyüşlərlə…

Elə danışdığı kimi də, söydüyü, dərisi soyulmuş qapının olan-qalan göy rəngini təpiklədiyi kimi də getdi birdən. Özü də, deyəsən, arsızyana yerişlə. Adı elə buna görə beləydi, uşaqlar qoşmuşdular. Böyüklərin görmədiyi yerişi görən uşaqlar.

Səhərisi gün ana qonşulardan borca zəhər aldı. Qaytaracağına söz verdi, həyatında ilk yalanını danışdı. Qonşu da təəccübləndi, zəhəri də borc verərlər? – deyib, qadının “kasıblıqdan başının getdiyini” mızıldadı. Ana zəhəri stəkana tökdü, qarışdırdı, bacıya uzatdı, o, başını buladı. Sonra ona uzatdı. O, əlini uzatdı ki, alsın, içsin, bacı onun əlini öz sinəsinə sıxdı və susdu.

Ana stəkandakı köpüklü suyu içdi, kömür yeşiyinin üstündə oturan uşaqlara tərəf baxdı. Hələ onun əli bacısının sinəsində idi. Bacı onun əllərini portağaldan, stəkandakı sudan, lap deyəsən, anadan qoruyaraq, bədəninin içinə güclə də olsa soxuşdurmaq istəyirdi. İmkanı olsaydı, bu an onu miniatür kitab kimi bapbalaca edib, saçının dibində, paltarının ən gizli yerində, dar macalda isə, naəlac qalsa, gözlərinin dərinliyində pünhan edərdi.

Uşaqlar o vaxtdan bəri analarını görmədilər. Küçə də, qonşular da bir günlük canlandı, gediş-gəliş oldu. Vecsiz dayı da gəldi. Uşaqlar eyni yerdə oturmuşdular. Bu dəfə əllərini acından quruldayan qarınlarına dolamışdılar.

İndi yenə də axşam çağıydı. Siçovulların meyvələrə daraşdığı axşama oxşayırdı. Yemişan kolu düz onun yanına gəldi, yeriyə-yeriyə həm də.

Yaşıl yarpağı da düz onun gözlərinə zillənmişdi. Meyvəsi də azca qızarmışdı. O, anayla bağlı bu boyda əhvalatı xırdalığına qədər xatırlasa da, bacının yoxa çıxdığı günü nə illah edirdisə, yadına sala bilmirdi.

Elə bil kimsə onu bir qadının uşaqlığından “tapp” deyib, “hazır ol” deyib, düz bura atmışdı. Şəhərin bu yerinə düşən kimi göbəyini yemişan kolu kəsmiş, külək çimdirmiş, o tək yaşıl yarpaq isə daha insaflı olub, yanaqlarını basmışdı ki, qəmzələri olsun.

Nə oldusa, qəfildən yadına düşdü, əlini paçasının arasına apardı. “MƏN KİMƏM?!”

Az əvvəl başına əl gəzdirmiş, saçının olduğunu, qısa kəsildiyini bilmişdi. Güzgü yox idi, üzünə baxsın. Deyəsən, ona “güzgü nədir” söyləsələr, maddım-maddım gözlərini döyərdi. Göbəyinin altında boşluq vardı, indi durduğu sahə kimi. Heçnəsiz!

Fikir onu götürdü. Elə düşüncəli görkəm aldı ki, aclığını unutdu. O, on səkkiz il ac olduğundan, boş mədəyə öyrəşmişdi. Eləcə qarnını sıxırsan, ikiqat olursan, başı aşağı əyilirsən, keçir, gedir…

“Hər müəmmaya dözərəm, yaxşı, bəs bu sinəmdəki tək təpəli halım noolsun?!”

Burnuna xoş ətir gəlirdi. Meyvə iyinə oxşayırdı da, oxşamırdı da. Xatırladırdı da, xatırlatmırdı da. Gözünün önünə qurşaqdan yuxarı sarı rəngin içinə salınmış, amma tez-tələsik çıxarıldığından ala-yarımçıq boyanmış, tədirgin qadın gəldi. Bu, ani oldu, yenə axşam, yenə onun dörd yanında fırfıra kimi dolanan, getməyə yurdu, məkanı olmayan, günü, saatı itirən, nə vaxt yarandığını bilməyən yemişan kolu dolanırdı.

“Kim doğmuşdu bu kolu? Kimiydi atası, kimiydi anası?” Əgər onun bir bünövrəsi varsa, boş-boşuna burda mənə niyə ürcah olmuşdu?”

Fikir onu alıb, aparırdı. Daha əvvəlki kimi narahat da deyildi, hara getsəydi, bu kol ondan əl çəkən deyildi.

Canı çıxa-çıxa, taqətsiz addımlayırdı. Hər yer boş, hər yer adamsız, hər yer işıqsız idi. Yemişanın yaşıl yarpağından savayı… Qırmızımtıl meyvəsi də ki torpağa düşmüş ay idi …

Sonra kol bir az yekəldi, hər halda elə etdi ki, onun əlini tuta bilsin. Adamın taqəti artdı, addımları yeyinlədi.

İnsanlar hələ gözə görünməsə də, uzaqdan qapı görünürdü… Göyərmişdi… Qapıya çatar-çatmaz yemişan kolu aclıqdan daha əsməyən əli buraxdı. Kol bu on səkkiz illik səfər zamanı tikanlarını harda gizlətmişdi, adam başa düşmədi. Bircə onu yadına sala bildi ki, Vecsiz dayının bağındakı yemişan kollarının sıx tikanları vardı, onun budaqlarında yalnız kiçik quşlar yuva qura bilirdi. Pişiyin, bayquşun, qarğanın işi deyildi, kiçik quşlara, ac uşaqlara hücum etsin, yuvasını dağıtsın.

Vecsiz dayı payızda, yazda budamaq istədiyi ağac-kolların içində bircə yemişana toxuna bilməzdi – qandan qorxurdu bədbəxt. Həm onun qız uşaqlarını dizində oturdub əzizlədiyini yemişan kolu yaxşı bilirdi. Bacı da o dizin “hiyləgər” sığalının güdazına getmişdi. Bacını yedizdirə-yedizdirə vətənə, məhəlləyə ac qoymuşdu, satmışdı qürbətə… Qürbət də ki yaşatmır adamı, udur!

“Necə oldu ki, qapıya yaxınlaşan kimi, olanları xatırladım?” – alnını divara söykəyən adam öz-özünə dedi.

İçəri daxil olanda böyük güzgü gördü. Üstü tozlanmış, amma nə əcəbsə uzun illərə rəğmən çatlamayan… Güzgüyə baxdı, anasını gördü. Gözünü ovuşdurub bir də baxdı. Anası danışırdı… bacı ilə birlikdə olduğundan, hər gün qarnı tox, könlü şad halda yemişan yediklərindən, cənnətin qapısının göy rəngdə olduğundan, Vecsiz dayının başıaşağı, düz tikanlı yemişan kolunun üstündən asıldığından…

  • “Dalan” filminin təqdimatı keçirildi
  • Xalq artistinin son görüntüləri yayıldı – Foto
  • Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir – Fəxri Uğurlu yazır.

Yemişan haqqında

YEMİŞAN-Təbabətdə meyvələri, çiçəkləri və yarpaqları istifadə edilir. Çiçəkləri çiçəklənmənin başlanğıcında, yarpaqları çiçəkləmə dövründə, meyvələri isə yetişəndən sonra yığılır. Yemişanın çox növləri faydalıdır. Xalq təbabətində ən çox tikanlı növündən istifadə edilir. Təbabətdə istifadəsi Dioskritin dövründən məlumdur. Qədimdən çiçəkləri və meyvələri yuxusuzluqda, baş gicəllənməsində, ürək ağrılarında, yel xəstəliklərində, aterosklerozda, ruhi pozğunluqda və epilepsiya (özündəngetmə xəstəliyinin bir növü) zamanı istifadə edilirdi. Meyvələrinin maye ekstraktı, çiçəklərinin arağı dərman məqsədilə işlədilir. Meyvələrinin duru ekstraktı geniş məlum olan «Kardiovalen» dərmanın tərkibinə daxildir. Yemişan ürək dərmanı kimi istifadə edilir. O ürək əzələlərinin yığılmasını qüvvətləndirir, ürək fəaliyyətinin ritmlərini normallaşdırır və qan dövranını qüvvətləndirir. Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir.

Dəmləmə: 1 xörək qaşığı çiçəkləri bir stəkan qaynanmış su ilə 15 dəqiqə çaynikdə dəmlənir. Yeməkdən qabaq ilıq halda ½ stəkan gündə 3 dəfə qəbul edilir.

Həlim: 2 xörək qaşığı quru çiçəkləri 1 stəkan suda 10 dəqiqə qaynadılır, soyuyandan sonra süzüb gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək.

20 q. quru və ya təzə meyvələri 200 ml qaynadılmış su ilə ½ saat, çaynikdə dəmlənir. Yeməkdən və gecə yatmazdan qabaq 200 mq qəbul edilir.

Arağı: 1) yemişanın meyvələri bir həftə spirtdə (1:10 yəni 10 qr yemişan 100 qr araq nisbətində) saxlanır. Gündə 3 dəfə yeməkdən qabaq 20-30 damcı suya qataraq qəbul edilir;

2) quru çiçəklərindən 10 qr götürüb 100 qr araqda 21 gün qaranlıq yerdə saxlamaq, süzmək, 20-25 damcı gündə 3 dəfə içmək.

Yadda saxlamaq lazımdır ki, çoxlu miqdar yemişan meyvələri və çiçəkləri qəbul etmək olmaz, bu ürəyin fəaliyyətini poza bilər. Ona görə bunlarla müalicə olunarkən həkimlə məsləhətləşmək lazımdır.

İngiltərədə yemişanın açılmamış qönçələrindən hazırlanan salatı sevirlər, belə salat qoz ləpəsinin dadını verir. Salat üçün təzə qönçələri və yarpaqları yığılır, yuyulur, xırda doğranır və xırda doğranmış iki ədəd bişmiş çuğundurla qarışdırılır, zövqə görə sirkə və ya limon şirəsi, duz və istiot qatılır. Dadına baxın.

Yuxusuzluqda, təngənəfəslikdə, ürəkdöyüntüsündə, əsəb gərginliyindən yaranan öskürəkdə və astmada yemişanın çiçəklərinin və meyvələrinin çayını, arağını və həlimini içirlər.

Arağı: 10 qr çiçəklərə ½ stəkan araq töküb 20 gün saxlamaq, süzmək. Yeməkdən qabaq gündə 3 dəfə 20 damcı qəbul etmək.

Çayı: 1-3 xörək qaşığı çiçəklərini 3 stəkan qaynar suya töküb, dəmləmək, süzmək.Gün ərzində içmək.

Kardiosklerozda yemişanın quru çiçəklərindən 2 xörək qaşığı götürüb 2 stəkan qaynar suda gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə 100 ml içmək.

İsteriya (əsəb xəstəliyi) xəstəliyində 2 xörək qaşığı qırmızı yemişanın meyvələrinin üzərinə 300 ml qaynar su töküb 1 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəqiqə qabaq gündə 3 dəfə 100 ml qəbul etmək.

Yemişanın çiçəklərinin və ya meyvələrinin ekstraktı, arağı ürək fəaliyyətinin funksional pozulmasında qəbul edilir.

Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.

Təngənəfəslikdə yemişan meyvələri və çiçəkləri faydalıdır. Meyvənin 15%-li arağından 30-50 damcı gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək. Çiçəklərinin 25%-li arağından 20-30 damcı gündə 3-4 dəfə qəbul etmək.

Qalxanvari vəzinin funksiyası artanda qırmızı yemişanın çiçəklərindən istifadə edilir.

Arağı (1:10): 7 gün 70%-li spirtdə saxlanır. Yeməkdən qabaq gündə 3-5 dəfə 15-30 damcı içilir.

Aterosklerozda, baş beyin damarlarının spazmasında, bir sıra ürək xəstəliklərində, yuxusuzluqda və əsəbilikdə müalicə üçün yemişanın çiçəklərinin arağı və ya həlimi məsləhət görülür. 10%-li arağı gündə 3 dəfə yeməkdən qabaq 25-30 damcı qəbul edilir.

Başağrısında və başgicəllənməsində: qırmızı yemişanın çiçəklərindən 2 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 2-3 saat dəmləmək, süzmək. Gündə 2-3 dəfə yeməkdən 20 dəqiqə qabaq 100 ml isti-isti içmək.

Aritmiyada 2 xörək qaşığı yemişan çiçəyini 300 ml qaynar su töküb termosda 2 saat dəmləmək. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul etmək lazımdır.

Yemişan çiçəkləri infarktın müalicəsində və profilaktikasında faydalıdır. Yemişandan hazırlanan dərmanlar damarların spazmasında, aterosklerozda istifadə edilir. Arağından (1:10) yeməkdən qabaq gündə 3 dəfə 20-25 damcı içilir.

Ürəyin işemiya xəstəliyində 2 xörək qaşığı yemişan çiçəklərinin üstünə 2 stəkan qaynar su töküb gecədən termosda dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə hər dəfə 100 ml qəbul etmək.

Şüa xəstəliyində 1 xörək qaşığı gündə 3 dəfə yemişanın meyvələrindən yemək lazımdır.

Aterosklerozda 2 xörək qaşığı yemişan çiçəklərini 2 stəkan qaynar suda 1 saat dəmləmək və ya 10 dəqiqə qaynatmaq və süzmək. Yeməkdən 1 saat qabaq 0,5 stiəkan gündə 3-4 dəfə içti içmək.

1) Qırmızı yemişanın çiçəklərindən 2 xörək qaşığı 1 stəkan suya töküb 5-7 dəqiqə qaynatmaq, süzmək. Gündə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı 3-4 dəfə qəbul etmək.

2) Qırmızı yemişanın çiçəklərindən 10 qr 100 ml araqda qaranlıq yerdə 14 gün dəmləmək, süzmək. Gündə yeməkdən 30 dəqiqə qabaq 25-30 damcı 3-4 dəfə qəbul etmək.

Stenokardiyada yemişan və itburnu meyvələri çox yaxşı kömək edir. Bu qarışıq həm dadlıdır və həm də vitaminlərlə zəngindir.

Resept: 7 dolu xörək qaşığı yemişan və itburnu meyvələrinin qarışığından 2 litr qaynar suya töküb, isti bükmək və 1 sutka dəmləmək. Süzmək, meyvələri yaxşı sıxmaq və bu eliksiri soyuducuya qoymaq. Gündə 3 dəfə yeməklə birlikdə çay əvəzinə 1 stəkan 2-3 həftə içmək. Bu çox müvəffəqiyyətli müalicədir. Belə ki, nitroqliserinlə yaşayanlara belə kömək edir.

Təzyiqi aşağı salan balzam: 5 xörək qaşığı yemişan meyvələri, 5 xörək qaşığı qırxbuğum. Bunları emal qazana töküb üstünə 1 litr qaynar su töküb zəif odun üstündə 10 dəqiqə saxlamaq. Bunları şüşə balona töküb üstünə 1,5 stəkan araq tökmək. Ağzını möhkəm bağlayıb 3 gün qaranlıq yerə qoymaq. 3 gündən sonra həlimi süzmək və bankaya töküb soyuducuya qoymaq. Bu dərmanı yemək vaxtı gündə 3 dəfə 1 xörək qaşığı 5 həftə müddətində qəbul etmək. Əgər lazım gəlsə, 3 aydan bir kursu təkrar etmək.

Yemişan çiçəklərinin suda dəmlənməsi: 1 xörək qaşığı çiçəkləri 1 stəkan qaynar su tökülərək 2 saat isti yerdə dəmləmək qaynamağa qoymaq olmaz. Süzüb, yeməkdən qabaq ¼ stəkan 3-4 dəfə içmək.

Yemişan çiçəklərinin və ya meyvələrinin arağı: 1 xörək qaşığı çiçəkləri və ya meyvələri bir stəkan araqda bir həftə kip bağlı qabda dəmlənir. Süzülür, yeməkdən qabaq gündə 3 dəfə 20-25 damcı suya töküb içmək.

Bütün bunlardan əlavə təzə meyvələrini istənilən qədər yemək məsləhət görülür, bu ürək və əsəb sistemini qaydaya salır.

Yemişan meyvələri müalicə əhəmiyyətini səkkiz il saxlayır.

Ürək çətin işləyəndə və qan qatı olanda. Yemişan nastoykası 25 damcı damotu nastoykası 35 damcı. Gündə 3 dəfə yeməkdən 20 dəq. qabaq 2 ay qəbul edib 2 ay fasilə etmək.

Comments are closed, but trackbacks and pingbacks are open.