Yehya Kerimov – Wikipedia
Onun təhsil illərinin qovşağında orta məktəb illəri ilə yanaşı, ali təhsil, aspirantura dövrü də var. Yəhya müəllim həmişə bu illəri özünün yaradıcılıq salnaməsinin bünövrəsi adlandırır. Çünki onun həyat və fəaliyyətinin pərvəriş tapmasında, zamanla çulğalaşmasında həmin illərin təşviqi dayanır. İstər Azərbaycan Dövlət Pedaqoji Universitetində, istərsə də Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil aldığı illərdə o həmişə oxuyub-öyrənməyi, araşdırmalar aparmağı özünün fəaliyyət istiqamətlərinə çevirib. Oxuduqlarını qeydlər ilə tamamlayıb, ümumiləşdirmələri ilə yekunlaşdırıb. Onun bu gün hər bir tədqiqatçıya örnək ola biləcək qeydləri vardır. Həyatının məna daşıyan adi günlərindən tutmuş, böyük bir həyat hadisəsi, metodoloji əhəmiyyət kəsb edən əsərlərə qədərki qeydlərində onun daim düşündüyü, nəyi isə arayıb-axtardığı, məktəbimizin, təhsilimizin inkişafı üçün nəyi isə araşdırdığı aydın görünür.
Təhsil tarixinin Yəhya Kərimov səhifəsi
Tarixin zaman adlı səhifələri vərəqləndikcə aylar, illər bir-birini qovur. İnsanlar öz tale yükünü daşıya-daşıya yaşlaşır, ixtiyar çağlarına çatırlar. Hər kəs özünün keçdiyi həyat yoluna baxdıqca bəzən necə addımladığını, kəşməkəşlərdən necə keçdiyini xatırlamaqdan ruhlanır, yaratdıqlarının fövqündə keçən ömrünün daha mənalı olduğunu dərk edir, bundan böyük məmnunluq hissi keçirir. Ölkəmizin görkəmli pedaqoq alimi, təhsilşünaslıq sahəsində böyük məktəb yaratmış pedaqogika üzrə elmlər doktoru, professor Yəhya Səfi oğlu Kərimov da belələrindəndir. Bu gün o, ölkəmizdə pedaqoji elmlərin inkişaf etdirilməsində, məktəbin, məktəbşünaslığın formalaşmasında, elmi-pedaqoji kadr hazırlığında yorulmadan çalışmaqdadır.
Professor Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun dillərdə məşhur olan, yetirmələri ilə tanınan İlisu kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb, bu gözəl yerin ab-havasında boya-başa çatıb. O, dağların sərt gədiklərində, çoşqun çayların səs-güyündə bərkiyib, cəsarət və yenilməzlik toplayıb. Böyük alim bu gün həyatının ilk illərini xatırladıqca uşaqlıq çağlarının qayğısız anlarına sığınaraq sanki özünə bir təsəlli tapmış kimi sevinir. Bu sevinc hissini həm də onun valideynlərinin məhəbbətindən süzülüb gələn bənzərsiz qayğıkeşlik duyğularının hərarəti bir az da qüvvətləndirir.
Yəhya müəllim atası Səfi kişini xatırladıqca, onun böyük bir ailənin başçısı, həm də əli qabarlı zəhmətkeş bir insan kimi, hər şeydən əlavə, ata kimi mənalı simasını yada saldıqca böyük bir qürur hissi keçirir. Bu gün daşlaşmış aforizmlər kimi yaddaşında qalmış mənalı kəlmələrini təkrarlayır, onları zəhmətə təşviq etdiyi tələbələrinə misal çəkir.
Yəhya müəllim məktəbdə oxuduğu illəri çətin günlər hesab edir. O zamankı məktəb illərini bir həyat imtahanı, çətinlik məqamları kimi xatırlayır: yaxşı ki, meşələrimizdə şabalıd, qoz, fındıq ağacları vardı və biz də heç bir təhlükə, qadağa hiss etmədən onların meyvələrini toplayar, bir qida kimi istifadə edərdik.
Həmişə gününü kitablarla keçirən Yəhya müəllim orta məktəbi bitirdikdən sonra Sənaye İnstitutuna daxil olsa da, ailəyə kömək etməli olur və məktəbdə qalıb işləyir. Məktəbin pioner baş dəstə rəhbəri kimi çalışır.
Təhsil illəri
Onun təhsil illərinin qovşağında orta məktəb illəri ilə yanaşı, ali təhsil, aspirantura dövrü də var. Yəhya müəllim həmişə bu illəri özünün yaradıcılıq salnaməsinin bünövrəsi adlandırır. Çünki onun həyat və fəaliyyətinin pərvəriş tapmasında, zamanla çulğalaşmasında həmin illərin təşviqi dayanır. İstər Azərbaycan Dövlət Pedaqoji Universitetində, istərsə də Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil aldığı illərdə o həmişə oxuyub-öyrənməyi, araşdırmalar aparmağı özünün fəaliyyət istiqamətlərinə çevirib. Oxuduqlarını qeydlər ilə tamamlayıb, ümumiləşdirmələri ilə yekunlaşdırıb. Onun bu gün hər bir tədqiqatçıya örnək ola biləcək qeydləri vardır. Həyatının məna daşıyan adi günlərindən tutmuş, böyük bir həyat hadisəsi, metodoloji əhəmiyyət kəsb edən əsərlərə qədərki qeydlərində onun daim düşündüyü, nəyi isə arayıb-axtardığı, məktəbimizin, təhsilimizin inkişafı üçün nəyi isə araşdırdığı aydın görünür.
Müəllimlik illəri
Müəllimlik peşədir. Onun yaratdıqları isə təcrübədir. Lakin bu təcrübələri sadəcə adi təcrübə hesab etmək olmaz. Yəhya müəllimin təbirincə demiş olsaq, bu təcrübənin özünəməxsusluğu onun məhz yaradıcı xarakterindədir. Sən tədris prosesində həmişə qurucu, yaradıcı yanaşmalarınla mövcud olursan. Əks halda, görünmürsən. O qeyd edir ki, mən həmişə müəllimliyimdə tədqiqatçı olmuşam. Hər dərsimdə nəyi isə yeni tərzdə deməyə çalışmışam. Bütün hallarda tələbələrimin marağına səbəb olmaq üçün yeni bir pedaqoji elementlə sinfə daxil olmaq istəmişəm. Həm də ən başlıcası bu istəyimlə etdiklərimdə yorulmamışam. Tələbələrimin fikrini, istək və arzularını özüm üçün bir ölçü vahidinə çevirmişəm.
Müəllimlikdən qaynaqlanan tədqiqatçılıq
Professor Y.Kərimovun tədqiqatçılığı müəllimliyindən qaynaqlanıb. Onun fikrincə, yaxşı təhsil tədqiqatçısı olmaq üçün hökmən çox yaxşı da müəllim, tərbiyəçi olmaq lazımdır. Çünki bütün yeni nəzəri-pedaqoji ideyaları, səmərəli metodologiyanı zəngin pedaqoji təcrübə olduqda müəyyən etmək mümkün olar. Bu gün yaradıcılığının, demək olar ki, möhtəşəm bir zirvəsində dayanan Yəhya müəllimin elmi platformasında məhz belə bir ruhu hiss edirsən. Elə bir ruh ki, orada zəngin müəllimlik təcrübəsi istedadlı pedaqoq-alimin peşəkarlığı ilə sintez olunub. Həm də onun çoxlu innovativ yanaşmaları məhz bacarıqlı bir müəllim olaraq qazandığı təcrübələrdən nəşət tapıb.
Taleyini elmi-araşdırmalara bağlayan Yəhya müəllim həmişə yenilikçi olub. Məktəbin, müəllimin tələblərinə uyğun olan hansısa bir innovasiyanı başqalarından fərqli olaraq daha tez görüb və onun barəsində sürətli düşünə bilib. Onun bu sahədəki yeniliklərinin böyük bir qismi ibtidai təhsil, xüsusən də ana dili təlimi ilə bağlı olub.
Yəhya Kərimov zaman-zaman öz düşüncələrinə sığınaraq özünəməxsus olan bir sistem yaradıb. Əslində bu sistem ona məxsus olan elm məktəbinin mahiyyətini təşkil edir. Orada təhsilin inkişafı baxımından vacib olan çoxlu paramertlər vardır: dilin tədrisi metodikası, ibtidai təhsil məsələləri, təhsil nəzəriyyəsi, tərbiyə nəzəriyyəsi, təhsil və pedaqoji fikir tarixi, məktəbşünaslıq və s. Ən başlıca elmi-pedaqoji tədqiqatların idarə olunması. Bu çoxşaxəlilik onu göstərir ki, Yəhya müəllimin yaradıcılıq diapazonu çox genişdir. Onun maraq dairəsində sadəcə bir, iki məsələ olmayıb. O, daha geniş miqyasda düşünə və araşdırmalar apara bilib. Azərbaycan təhsili üçün zəruri olan məsələlərə biganə qalmayıb. Onlara fəal münasibət bildirib.
Bir neçə parametr haqqında
Yəhya müəllimin elmi sistemində bir neçə parametr daha qabarıq görünür.
Birinci, nəzəri müddəalarla praktik ümumiləşdirmələrin uyğunluğudur. Alimin məşğul olduğu hər hansı elmi-tədqiqat sahəsində bu balans aydın görünür. Daha konkret demiş olsaq, o, ana dili tədrisi metodikasının nəzəriyyəsi ilə yanaşı, onun praktik həlli ilə bağlı müəllim üçün istiqamətverici nümunələrin müəllifi kimi tanınır. Yaxud, dərsliyin konseptual məsələlərinin müəllifi olmaqla bərabər, həm də ibtidai siniflər üçün dərsliklərin müəllifi kimi nüfuza malikdir. Bundan əlavə, ölkəmizdə ən uzunömürlü “Əlifba” dərsliyi məhz ona məxsusdur və s.
Bu xüsusiyyət alimin pedaqoji tədqiqatlarındakı nəzəri və praktik bağlılığı göstərməklə bərabər, həm də onun təhsil sahəsindəki ideyalarının əsaslı və əhəmiyyətli olmasına dəstək verir.
Yəhya Kərimov yaradıcılığının mərkəzində dayanan və daim onun bir alim kimi şöhrətini artıran problemlərdən biri ana dilinin tədrisi metodikası məsələləridir. Yəhya müəllim, demək olar ki, bütöv yaradıcılığı boyu bu problemlə birgə addımlamış, sanki hər an onun barəsində düşünə bilmişdir. Ona görə də “Ana dilinin tədrisi metodikası” kitabını Yəhya müəllimin yaradıcılığının zirvəsi, şah əsəri hesab etmək olar. Çünki müəllif onu yazarkən özünün ixtisasçı mütəxəssis, tədqiqatçı, alim kimi bütün potensial imkanlarından istifadə edib. Eyni zamanda, qazandığı nəzəri və praktik aspektlərdə təcrübələrinə əsaslanıb. Həm də dilin metodikası ilə məşğul olan bir alim kimi düşündüyü və müəyyən etdiyi mülahizələrinə dəfələrlə qayıtmaqla onları məhz bu əsərində cilalayıb. Fundamental bir metodikanın yaradılmasına nail olub. Heç təsadüfi deyil ki, 1965-ci ildən etibarən həmin əsərin üzərində dəfələrlə işləyib və dövri olaraq onun yeniləşməsinə nail olub. Bu vaxta qədər həmin kitab 7 dəfə nəşr olunub. Cəsarətlə demək olar ki, həmin kitab fənlərin tədrisi metodikaları içərisində ən mükəmməllərindən biri kimi tanınır və dəyərləndirilir.
Yəhya müəllim eyni ilə məktəbəqədər təhsil sahəsində elmi-pedaqoji araşdırmaları ilə tanınır. Uzun zaman bu sahədə məzmunun yaradılması və təşkili məsələlərinin qurulması işlərinə rəhbərlik etməklə yanaşı, həm də bilavasitə bir tədqiqatçı kimi fəaliyyət göstərir və s.
İkinci, onun müraciət etdiyi problemlərin müasirliyi, zamanın tələblərinə cavab verə bilməsidir. Heç şübhəsiz, alimin yaradıcılığındakı çoxşaxəlilik də məhz bu səbəblə bağlıdır. Çünki o, həssas bir pedaqoq-alim kimi həmişə cəmiyyətdəki dəyişiklikləri, təhsilin ona uyğun təkmilləşdirilməsi zərurətini hiss edib və özünün araşdırmalarında bunu nəzərə alıb.
Üçüncü, Yəhya müəllimin yaradıcılığı üçün xarakretik olan cəhətlərdən biri də innovasiyalara meyil göstərməsi, araşdırmalarında yeniliyə cəhd etməsi, birinci olmaq missiyasıdır. Bu xüsusiyyət onun bütün fəaliyyəti üçün xasdır. Ona görə də o, ilk fundamental ana dili tədrisi metodikasının müəllifi kimi tanınır.
Savad təlimində, hüsnxəttin öyrədilməsində ilkin araşdırmalar Yəhya Kərimova məxsusdur. Ölkədə ilk dəfə üçillik ibtidai təhsillə bağlı kompleks eksperimental tədqiqatlara, eləcə də şagird nailiyyətlərinin 9 balla qiymətləndirilməsi üzrə aparılan araşdırmalara o, rəhbərlik etmişdir. Azərbaycanda təhsilin inkişaf edərək müasir mərhələyə çatmasına özünün töhfələrini vermişdir.
Tədqiqatların idarə olunması və təbliği
Y.Kərimov, hər şeydən əlavə, bir təhsil tədqiqatçısı, eyni zamanda onun idarə olunmasında böyük əməyi olan və təcrübə toplayan bir alimdir.Yeganə elmi-pedaqoji tədqiqat müəssisəsi kimi tanınan, müxtəlif dövrlərdə ayrı-ayrı adlarla və bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu kimi fəaliyyət göstərən tədqiqat müəssisəsində 50 ilə yaxın bir dövr ərzində direktor müavini vəzifəsində çalışmış, elmi-pedaqoji tədqiqatları istiqamətləndirmiş, onların planlaşdırılması və idarə edilməsi ilə məşğul olmuşdur.
Elmi-pedaqoji jurnalistika müasir zamanda təhsil ideyalarının ümumiləşdirilməsi və yayılmasında xüsusi rol oynayır. Ona görə də təhsil sahəsindəki inkişafımızın tənzimlənməsində, təbliğində və genişlənməsində ənənəvi olaraq onun dəstəyindən istifadə edilir. Təbii olaraq bu prosesdə daha çox kütləvi xarakter daşıyan pedaqoji üslubun yaranması müşahidə olunur. Bu müstəvidə çıxış edən, yazı yazan hər kəsdən daha anlaşıqlı, inandırıcı və diqqəti çəkə bilən bir tərzdə yaza bilmək tələb edilir. Yəhya müəllim tədqiqatçılıq fəaliyyəti ilə yanaşı, həm də bu sahədə də qələmini sınamış, uğurlu nəticələrə gəlmişdir. 1970-ci ildən nəşrə başlayan və bu gün də fəaliyyətini davam etdirməkdə olan “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalına rəhbərlik etmişdir. Jurnalın elmi-pedaqoji ideyalarla zəngin olmasına çalışmış, onu ibtidai sinif müəllimlərinin, təhsil ictimaiyyətinin marağına uyğun olan bir səviyyəyə çatdırmışdır. O, bu gün də jurnalın baş redaktoru kimi fəaliyyətini davam etdirməkdədir.
Ömrünün ən məhsuldar bir dövrünü yaşayan Yəhya müəllim, ilk növbədə, ona bu ömrü əta edən Böyük Yaradana və valideynlərinə borclu olduğunu, eyni zamanda ona dərs demiş Əhməd Seyidov, Mehdi Mehdizadə, Əbdüləzəl Dəmirçizadə, Əhməd Kərədi Zəkizadə, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan, Zülqədər Cahangirov, İqrar Əliyev kimi müəllimlərini xatırlayaraq onların müqəddəs ruhu qarşısında baş əydiyini və onların ənənələrinə sadiq qaldığını deyir. Həm də 1958-ci ildən aspirant, elmi işçi, şöbə müdiri və direktor müavini kimi fasiləsiz olaraq çalışdığı və divarları arasında nəfəs aldığı, bir alim kimi boya-başa çatdığı Azərbaycan Respublikasının Təhsil İnstitutunun adını minnətdarlıq hissi ilə çəkir. Bütün uğurlarının əldə olunmasında bu elmi mühitin əvəzsiz rolundan danışır.
Yəhya Kərimov imzası onun uzun illik həyat yolunun ixtiyar çağında özünün aydın parıltısı ilə görünür, möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bir həqiqətdir ki, təpədən dırnağa zəhmətlə yoğrulmuş bu ömrün atributları çoxdur: pedaqoji elmlər doktoru, professor, respublikanın Əməkdar müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü… Bütün bunlar zəhmət çələngi kimi onun ömür tarixindəki səhifələri bəzəyir. Qoy bu müqtədir alimin ömrü daha uzun, uğurları bol olsun! Həmişə Allahın nəzərində qalsın!
Ənvər ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim
Yehya Kerimov – Wikipedia
Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.
13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir. [2] Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Elmi fəaliyyəti
1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.
Əsas elmi naliyyətləri
Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifi olmuşdur.
1959-cu ildən fəaliyyətinin sonuna qədər ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olmuşdur. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir. Onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən uzun müddət istifadə olunub.
1970-ci ildən ömrünün son günlərinə qədər “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının redaktoru olmuşdur.
Təltif və mükafatlar
- “Şöhrət ordeni” (26 dekabr2006)
- “Qabaqcıl maarif xadimi”.
- “SSRİ maarif əlaçısı”.
- “Azərbaycanın Əməkdar Müəllimi”
- “Qiymətli xəzinə sahibi”. Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. – səh. 165.
- “70 yaşın işığında. “. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. – səh. 53.
Comments are closed, but trackbacks and pingbacks are open.