Fatimə Kərimli
“Yüz ilin tənhalığı” magik-realizm janrında olsa da Markez hər şeyi uydurmayıb, əksinə demək olar ki, hər şey uşaqlıqda şahidi olduğu yerlərin, hadisələrin sadəcə fərqli təsviridir.
Qabriel Qarsia Markes “Yüz ilin tənhalığı” PDF
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Qabriel Qarsia Markes “Yüz ilin tənhalığı” PDF
“Yüz ilin tənhalığı”ndakı realizm
Qabriel Qarsia Markezin “Yüz ilin tənhalığı” əsərini ilk dəfə neçənci ildə oxumuşam dəqiq yadımda deyil. Ən azı 6-7 il olar. Keçən il düşündüm ki, təkrar oxumalıyam. Buna həm də “Netflix”in bu kitabı seriala çevirməyə hazırlaşmağı xəbəri səbəb oldu. Əsərdə unutduğum detallar çox idi və düşündüm ki, bir də oxusam daha yaxşı olar.
Bir neçə ay əvvəl oxuyub bitirdim, amma hər an yenidən oxumağa başlaya bilərəm.
Bunun qarşısını almaq məqsədilə Q.Q.Markezin özünün əsər haqqında nələr dediyini, nə düşündüyünü öyrənmək üçün internetdə axtarış edəndə gördüm ki, əslində romanda hər şey uydurma deyil. Kifayət qədər çox real hadisə var. Müəllif də müsahibələrindən birində deyib ki, “Bu əsərdə hər şey “reallığa söykənir”.
Bu blogu da yazmağıma elə bu detal səbəb oldu.
Haşiyə: Bu yazı, əsəri artıq oxumuş adamlar üçün daha maraqlı olacaq. Ona görə də əsərin nədən bəhs etdiyini, hansı ailənin neçə nəsil yaşadığını qeyd etməyə lüzum görmürəm.
Bilməyənlər üçün əlavə edim ki, Markez də bir çox yazıçı kimi bədii əsər yazmağa başlamazdan əvvəl jurnalist işləyənlərdəndir və işi ona həm də imkan verib ki, bir çox önəmli tarixi hadisənin içində olub, onları birbaşa müşahidə etsin. Ondan əvvəl də uşaqlığının keçdiyi yer və ailə ona bu əsər üçün kifayət qədər baza verib. Bu arada Markez jurnalistika ilə yazıçılıq arasında çox kəskin fərq görmür. Müsahibələrindən birində deyir:
“Jurnalistika ilə yazıçılığın məncə heç bir fərq yoxdur. Mənbə, material və dil eynidir. Sadəcə jurnalistikada səhv olan tək bir fakt bütün işi korlaya bilər. Fərqli olaraq, ədəbiyyatda isə təkcə bir doğru bütün işə legitimlik qazandıra bilər. Bu, yeganə fərqdir”.
Əsəri yazmağa necə başladı?
1965-ci ildə, 38 yaşı olan Markez ailəsi ilə istirahət etmək üçün maşınla yol gedəndə qəfildən ağlına romanın ilk cümləsi gəlir:
“Uzun illər sonra polkovnik Aureliano Buendia edam hökmünün icrasını gözləyəndə atasının onu buzu kəşf etmək üçün apardığı o uzaq günorta vaxtını xatırlayacaqdı”.*
Markez dərhal evə qayıdıb 18 ay ərzində bu əsəri yazır və bu müddət ərzində ailəyə baxmaq məsuliyyəti həyat yoldaşı Mersedesin öhdəsinə düşür. Buna qədər isə 16-17 il ərzində o, uşaqlıq xatirələri haqqında kitab yazmağı düşünür və demək olar ki, bu müddəti “Yüz ilin tənhalığı”na hazırlaşmağa sərf edir. Müsahibəsində deyir ki, əsəri yazmağa başlamaqda ona mane olan, yazıçını ləngidən yeganə səbəb roman üçün uyğun hesab etdiyi nəqletmə tərzini tapa bilməməyi idi. Həmin gün bunu müəyyənləşdirir və dərhal da yazmağa başlayır.
Qabriel Qarsiya Markez. Foto: Sally Soames/ Camera press. Redux
Markez kimlərdən təsirlənib?
Romanın yazılmasına qədər keçən vaxt ərzində Markez təkcə hekayəni “bişirməyib”, həm də əsəri yazmaq üçün üslubu müəyyənləşdirib, ona təsir edən yazıçılardan, xüsusən də yazıçı olmayan nənəsi Dona Trankuilina İquarandan bəhrələnib.
Yazıçının uşaqlığı nənə-babası ilə Kolumbiyanın Arakataka qəsəbəsində keçib. Ona müxtəlif qeyri-real hadisələr, qorxulu nağıllar danışan nənəsinin özünəməxsus üslubu olub. Markez deyir ki, o bütün bunları çox təbii intonasiya ilə danışırdı:
“Ən önəmlisi onun sifətindəki ifadə idi. Hamı təəccübləndiyi halda onun üzünün ifadəsi dəyişmirdi. “Yüz ilin tənhalığı”nı yazmaq üçün etdiyim əvvəlki cəhdlərdə mən bu üslubu sınamağa çalışmışam. Kəşf etdim ki, etməli olduğum şey, eynilə nənəmin etdiyi kimi yazdıqlarıma ilk növbədə özümün inanmağımdır və sonra bunu eyni hislə yazmağımdır”.
Nənəsinin nağıldanışma üslubu Markezə bu əsəri necə yazmağı müəyyənləşdirməkdə kömək edib. Amma ondan əlavə Frans Kafka Markezi yazıçı olmağa həvəsləndirib.
“Bir dəfə dostum mənə Frans Kafkanın qısa hekayələri olan kitab verdi. Qaldığım yataqxanaya qayıdıb “Çevrilmə”ni oxumağa başladım. İlk cümlə məni çarpayıdan tulladı. Çox təəccübləndim. Birinci cümlədə deyilir:
“Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib”.
Bu cümləni oxuyanda düşündüm ki, bilmirdim belə yazmaq olar. Əgər bilsəydim çox uzun müddət əvvəl yazmağa başlayardım. Və mən dərhal qısa hekayələr yazmağa başladım”.
Markezi ilhamlandıran təkcə Kafka yox, eləcə də Vircinya Vulf və oxuduğu digər müəlliflər də olub.
“Reallığa söykənən” hadisələr hansılardır?
Salman Rüşdi deyir ki, “magik realizm” deyəndə insanlar ancaq “magik”i eşidir, “realizm”i yox.
“Yüz ilin tənhalığı” magik-realizm janrında olsa da Markez hər şeyi uydurmayıb, əksinə demək olar ki, hər şey uşaqlıqda şahidi olduğu yerlərin, hadisələrin sadəcə fərqli təsviridir.
Makondo
Əsərdəki ilk real detal elə “Makondo”dur. Bu, Markezin uşaqlığının keçdiyi qəsəbədəki banan plantasiyalarından birinin adı idi. Markez “Danışmaq üçün yaşamaq” avtobioqrafiyasında yazır ki, o, bu sözü ilk dəfə nənə-babasıgilə gedəndə görüb. Yazıçı “Makondo” ilə ilk “tanışlığı”nı belə təsvir edir:
“Qatar şəhər olmayan stansiyada dayandı və qısa müddət sonra o, darvazasının üstünə “Macondo” yazılan banan plantasiyasının yanından ötüb keçdi. Bu ad mənim diqqətimi cəlb etdi. Mən ancaq böyüyəndən sonra başa düşdüm ki, bu sözdəki poetik rezonans mənim xoşuma gəlib. Bu sözü kiminsə dediyini heç vaxt eşitməmişəm və hətta özümdən də bunun mənasının nə olduğunu soruşmamışam. Amma 3 kitabımda bu adı uydurma şəhərin adı kimi istifadə etmişəm”.
Sonradan Markez ensiklopediyadan öyrənib ki, Makondo “Ceiba”nı xatırladan tropik ağacdır. Meyvəsi və çiçəyi olmayan bu ağac yüngüldür və qayıq hazırlamaq, oyma işləri və taxta mətbəx alətləri düzəltmək üçün istifadə olunur.
Yeri gəlmişkən, Markezin uşaqlıq illərinin keçdiyi Arakataka şəhərinin keçmiş meri 2006-cı ildə buranın adını Makondo ilə əvəz etməyi təklif etsə də, referendumda bu təklif qəbul olunmayıb.
Vətəndaş müharibəsi
Markezin babası polkovnik Nikolas Rikardo Markez Meya Kolumbiyada Liberallarla Mühafizəkarların Min günlük müharibəsində döyüşmüş və təqaüdə çıxmış hərbçi idi. 3 il davam edən bu müharibə ölkə iqtisadiyyatına ziyan vuran və 60 mindən 130 minə qədər insanın ölümünə səbəb olan müharibə olub. Müharibə Markezin bu əsərdə də təsvir etdiyi kimi 1902-ci ildə Neerlandiya Anlaşması ilə başa çatıb.
Buzla tanışlıq
“Mən Arakatakada balaca oğlan olanda babam məni bir gün bir hürgcülü dəvə görmək üçün sirkə aparmışdı. Bir dəfə ona sirkdəki şouda buzu görmədiyimi dedim və o məni banan şirkətinin yerləşdiyi yerə apardı. Onlardan dondurulmuş meyvə sandığını açmağı xahiş etdi və mənə dedi ki, əlimi onun üstünə qoyum. “Yüz ilin tənhalığı”nın hamısı bu görüntü ilə başlayıb” – Markez deyir.
Əsərdə isə bu mənzərəni nəvə ilə baba yox, Xose Arkadio Buendio ilə oğlanları Xose Arkadio və Aureliano canlandırır.
Banan qətliamı
Xose Arkadio Sequndonun və 3408 nəfərin dənizə atılmaq üçün cəsədlərinin aparıldığı uzun qatar və banan şirkətinə etiraz edən işçilərin faciəvi sonu da təəssüf ki, uydurma deyil.
Əslində işçilərin tətilində öldürülənlərin dəqiq sayı məlum deyil, romandakı rəqəm uydurmadır, amma Markez deyir ki, meydandakı qətliam tamamilə həqiqətdir.
Banan şirkətinə etiraz edən işçilərin liderləri
“Mənim qeyd etdiyim rəqəm – 3 min, şişirtmədir. Amma bananla dolu olduğu deyilən çox uzun qatarın plantasiyanı tərk etməyi mənim uşaqlıq xatirələrimdən biridir. Ola bilsin ki, orada aparıb dənizə tökmək üçün 3 min cəsəd var idi”.
1928-ci ilin noyabrından başlayaraq işçilər “United Fruit Company” adlı banan şirkətindəki iş şəraitinə etiraz olaraq Santa Marta yaxınlığındakı Siyeneqa şəhərində tətilə başlayır. ABŞ hökuməti isə bu hadisəyə görə Kolumbiya hökumətini təhdid edir və tələb edir ki, şirkətin maraqlarını müdafiə etsin.
1928-ci il dekabrında silahlı ordu işçilərin toplaşdığı meydanın ətrafındakı binaların damından yüzlərlə etirazçını ailə üzvləri və uşaqları ilə birlikdə güllələyir.
Rebeca animasiyasından screenshot
Rebeka
Bəzi şərhçilər əsərdəki Rebeka obrazının Şimali Amerikanın kəşfindən sonra torpaqları əllərindən alınan yerlilərin ümumiləşdirilmiş obrazı olduğunu deyir. Rebeka içində sümüklər olan torbada Buendia ailəsinə gəlir və ailə onu sorğu-sualsız qəbul edir. Torpaq yeməyə adət edən bu qızı onlar öz uşaqları kimi böyüdürlər. Rebeka yerindən didərgin düşmüş yerlilərdir ki, Latın Amerikasına pənah gətirib və qonaqpərvərliklə qəbul edilib.
Kəpənəkli oğlan
Romanda başının ətrafında sarı kəpənəklərlə gəzən oğlan – Maurisiyo Babilyona da tamamilə uydurma deyil. O, Markez uşaq olanda tez-tez onların evlərinə gələn elektrik ustasıdır. Yazıçı xatırlayır ki, hər dəfə o gəlib gedəndən sonra nənəsi evin kəpənəklərlə dolduğundan şikayətlənirdi. Bu adamın əsasında Markez Maurisiyo obrazını yaradıb.
Markez özü əsər barədə nə deyir?
1981-ci ildə verdiyi müsahibədə deyir ki, bacardığı qədər kitabın filmə çevrilməyinə icazə verməyəcək. Yazıçı düşünür ki, kitabla oxucu arasındakı şəxsi əlaqə qalmalıdır.
Kitabın ilk nəşrinin üz qabığı
Əsərin populyarlığı haqqında
Markez kitabı yazanda əmin idi ki, bu, başqalarından daha çox, onun dostlarını məmnun edəcək. Amma ispan naşir onu təəccübləndirib:
“O mənə deyəndə ki, əsəri 8 min nüsxə çap edəcək, mən heyrətləndim. Çünki mənim digər kitablarım heç vaxt 700 nüsxədən çox satılmamışdı. Mən ondan soruşdum ki, niyə yavaş başlamırıq. O isə dedi ki, bu kitabın yaxşı kitab olduğuna və bütün nüsxələrin may-dekabr aylarında satılıb qurtaracağına əmindir. Əslində isə kitabların hamısı Buenos Airesdə 1 həftəyə satıldı”.
İnsanları inandırmaq
Markez hesab edir ki, ən vacib məsələ insanları yazdıqlarına inandırmaqdır:
“Bu, ədəbiyyatda da istifadə oluna bilən jurnalistika hiyləsidir. Məsələn, əgər sən desən ki, göydə fillər uçurdu, onda insanlar sənə inanmayacaq. Amma desən ki, göydə 425 fil uçurdu, onda böyük ehtimalla onlar sənə inanacaq.
“Yüz ilin tənhalığı” belə detallarla doludur. Bu, mənim nənəmin də istifadə etdiyi üsul idi. Məsələn, ətrafında kəpənəklər uçan obrazla bağlı yazanda düşündüm ki, əgər kəpənəklərin sarı olduğunu deməsəm, ona heç kim inanmayacaq.
Əsərə çəkilmiş illustrasiyalardan biri
Gözəl Remediosun göyə uçub cənnətə getməyi ilə bağlı hissəni inandırıcı etmək mənim çox uzun vaxtımı aldı. Bir gün bağa çıxdım və gördüm ki, evi təmizləməyə gələn qadın qurumaq üçün döşəkağlarını asır və hava küləklidir. Qadın isə küləklə mübahisə edir ki, əsib döşəkağlarını uçurmasın. Onda düşündüm ki, əgər döşəkağlarını istifadə etsəm, Gözəl Remedios da uça bilər. Bax beləcə, mən bu hissəni inandırıcı etdim. Hər yazıçı üçün problem inandırıcılıqdır. İnandırıcı olduğu halda istənilən adam istənilən şeyi yaza bilər”.
* Əsərin ilk cümləsi ilə bağlı olan hissə mənim türkcədən tərcüməmdir. Azərbaycanca olan nəşrdəki tərcüməni bəyənmədiyimə görə, yazıya əlavə etmək istəmədim.
Mənbələr:
Comments are closed, but trackbacks and pingbacks are open.