Press "Enter" to skip to content

Zaqafqaziya seymi

Fuad Babayev: Bunlar çox vacib məsələlərdir. Bəs, bu dövrü tədqiq etmək istəyən gənc tarixçilərə hansı mövzuları tövsiyə edərdiniz?

QAFQAZ İSLAM ORDUSU

Mehman Süleymanov: Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycan hökumətinin xahişi ilə Türkiyədən Azərbaycana gəlmiş Osmanlı hərbi qüvvələri ilə Azərbaycan hərbi qüvvələrinin birgə təşkil etdiyi strukturdur. Azərbaycan hökumətinin xahişi ilə Azərbaycana hərbi yardıma gəlmiş Türkiyə hərbi qüvvələrinin komandanı təyin edilmiş Nuru Paşa Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusunun baş komandanı təyin edildi. O zaman Müsəlman korpusunun komandanı olan Əliağa Şıxlinski onun müavini oldu. Qafqaz İslam Ordusu hərəkatı Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqının erməni-daşnak qırğınlarından xilas edilməsi işində Azərbaycan və Türkiyə hərbi qardaşlığının zirvəsidir, ən parlaq nümunəsidir. Əgər Qafqaz İslam Ordusu yaradılmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazi bütövlüyünü qorumaq mümkün olmazdı və bütünlükdə Azərbaycan xalqının erməni və bolşevik-daşnaklarından xilas etmək mümkün olmazdı. Amma, istərdim ki, burada qarşılıqlı əlaqənin nisbətini düzgün qiymətləndirək. Əgər türk hərbi qüvvələri Azərbaycana gəlməsəydi, Azərbaycanı real qırğından qurtarmaq mümkün olmayacaqdı. Hətta, bütün Azərbaycanı qırsaydılar arxamızda dayanacaq bir kəs belə yox idi. Amma, onu da nəzərə alaq ki, Türkiyə hərbi qüvvələri də Azərbaycan hökumətinin, xalqının və hərbi qüvvələrinin köməyi olmadan təkbaşına bu vəzifəni yerinə yetirə bilməzdi. Onun üçün bir daha qeyd edirəm ki, Qafqaz İslam Ordusu hərəkatı AXC-nin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında və bu dövrdə Azərbaycan xalqının real qırğınlardan xilas edilməsində Azərbaycan və Türkiyə siyasi, hərbi qardaşlığının yüksək zirvəsidir.

Minəxanım Nuriyeva (Təkləli): Mehman müəllimin bir tarixçi və hərbçi kimi rəyi mənim üçün də çox önəmlidir. Onun bir neçə kitabını nəşrə hazırlayan redaktor mən olmuşam. Mən türkoloqam. Bildiyiniz kimi türkologiya tarix, ana dili, hətta türk coğrafiyasını birləşdirən ixtisasdır. Mənim 1992-ci ilin mart-aprel aylarında “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş 3 yazım çıxdı. Rüştü bəy Türkərin “Böyük hərbdə Bakı yollarında” kitabını Azərbaycancaya çevirib nəşrə hazırladıq. O gündən elmi araşdırmalarımda mən bu mövzunu unutmadım. Qafqaz İslam Ordusunun yardımı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də mümkün olmayacaqdı. Mayın 25-də türk ordusunun öncül dəstəsi Mosuldan Təbrizə, Təbrizdən Naxçıvana, Naxçıvandan Qarabağa, Qarabağdan Yevlaxa və Gəncəyə yetişdi. 25 mayda xalq bunu istiqbal etdi (red. – qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək). Azərbaycanın erməni daşnaklarının, bolşeviklərin əlində olmayan bütün bölgələrin nümayəndələri Yevlax stansiyasında Qafqaz İslam Ordusunu qarşıladı. Həmin dövrdə həm Azərbaycanın, həm də Osmanlı dövlətinin vəziyyəti çox ağır idi. Müharibəyə Osmanlı dövləti istəmədən qoşulmuşdu. Rusiya çarı II Nikolay oktyabr ayında (red. – 1914-cü il) gözlənilmədən Osmanlıya müharibə elan etdi və bununla da Qafqaz cəbhəsi açıldı. II Nikolay şəxsən bu cəbhəyə gəldi. Qafqaz cəbhəsi Azərbaycana da çox yaxın olduğu üçün burada qarışıqlıqlar və anarxiya başladı, gizli qüvvələr, gizli düşmənliklər üzə çıxdı. Belə bir vaxtda Azərbaycanın öz istiqlalını qazanması çox çətin ola bilərdi. Çünki ilk olaraq ermənilərin Bakıda törətdiyi türk qətliamı (red. – 1918-ci il mart soyqırımı) sonradan Qubaya, Şamaxıya və Muğana keçdi. Azərbaycanı bürüyən bu qırğından biz təkbaşına necə çıxa bilərdik. Azərbaycanın vətən üçün canından keçməyə hazır olan 400 nəfərlik korpusu vardı. Azərbaycana bu yardım vaxtında yetişməsəydi, bizim korpusumuz da köməksiz qalacaqdı. Çünki, Bakıda onun qarşısında təpədən dırnağa qədər silahlanmış və zabit heyəti ermənilərdən ibarət olan 12 minlik Şaumyan ordusu var idi.

Fuad Babayev: Qafqaz İslam Ordusunun təchizatı (mən bildiyim qədər 10 minə yaxın əsgəri olub), hərbi hazırlığı, sərəncamında olan hərbi texnika necə idi? Orada hansı texnologiya tətbiq olunub?

Mehman Süleymanov: Nuru Paşa Azərbaycana gələndə 28-29 yaşı var idi. Nuru Paşa Azərbaycana gəlmək ərəfəsində yenicə yarbay (red. – polkovnik-leytenant) rütbəsi almışdı. Amma, Azərbaycanda böyük bir hərəkata rəhbərlik edəcəyinə görə ona fəxri general rütbəsi verdilər. Onu da qeyd edim ki, Nuru Paşanın paşalığı da fəxri paşalıq idi. Azərbaycandan geri qayıdandan sonra Paşalığı, generallığı təhvil verdi.

Minəxanım Nuriyeva (Təkləli): Eləcə də o biri zabitlərin Azərbaycanda aldıqları “Şərəf” ordenləri təhvil verildi.

Mehman Süleymanov: Amma, Nura Paşa Azərbaycandakı xidmətlərinə görə hər iki ölkədə indiyə qədər Paşa kimi tanınır. Yəni xidmətinə görə o fəxri adı qoruyub saxlayıb. Bütün elmi-tədqiqat əsərlərində onu Paşa kimi təqdim edirlər. Azərbaycana ilkin olaraq 5-ci Qafqaz diviziyası gəlmişdi. 5-ci Qafqaz diviziyasının 5-6 min arası şəxsi heyəti var idi. Yalnız Bakı şəhərinin alınması ərəfəsində 15-ci Qafqaz diviziyası da Azərbaycana gəlir. Hər iki diviziyanın əsgərlərinin sayı birlikdə 10 mindən çox idi. Amma, bütövlükdə bu hərəkatda iştirak edən Azərbaycan korpusu və Bakıətrafı kəndlərdən toplanmış könüllü dəstələr var idi. Nuru Paşa gəncliyinə və ola bilsin ki, siyasi səriştəsinin azlığına baxmayaraq hərbi sahədə çox incə duyumu var idi. Bu incə duyumun nəticəsi əməliyyatların, döyüşlərin planlaşdırmasına özünü göstərirdi. Qafqaz İslam Ordusu ilə bolşevik-daşnak qüvvələrinin ilk ciddi qarşılaşması Qaraməryəm ətrafında baş verdi. Özü də 16-18 iyunda bolşevik-daşnak qüvvələri tərəfindən başlanan bu döyşdə Qafqaz İslam Ordusu qüvvələri, o cümlədən azərbaycanlı könüllülər 100 nəfərdən çox şəhid verdi. Bu xəbəri alan kimi Nuru Paşa Əliağa Şıxlinski ilə birlikdə Göyçay ətrafına gəldi. Dəmiryolu ilə Müsüslüyə, Müsüslüdən faytonla Göyçaya yollandılar. Növbəti döyüşün planlaşdırılmasında Nuru Paşa bütün detalları – təbii şəraitə uyğunlaşma, qüvvələrin bölüşdürülməsini və s. nəzərə aldı. Məhz Qaraməryəm ətrafındakı döyüşdə gələcək qələbələrin əsası qoyuldu. Bu döyüşdə bolşevik-daşnak qüvvələrinə elə bir zərbə vuruldu ki, onların Ağsudakı müqavimət cəhdi də baş tutmadı. Bu qələbə Nuru Paşanın incə hərbi hduyumu nəticəsində baş verdi.

Fuad Babayev: Nuru Paşaya belə bir tapşırıq verilməzdən əvvəl onun karyerasında yadda qalan nə olub?

Mehman Süleymanov: Nuru Paşa Afrika cəbhəsində olub. Nuru Paşa Afrika cəbhəsinə getməzdən əvvəl qardaşı hərbi nazir, özü isə V Mehmed Rəşadın yavəri idi. Yəni qardaşının və özünün kifayət qədər nüfuzu və isti yeri var idi, cəbhəyə getməyə ehtiyac yox idi. Amma, özü Afrika cəbhəsinə getmək üçün sultanın qarşısında məsələ qaldırır və qardaşından xahiş edir. Nuru Paşa indiki Liviya ərazisindəki döyüşlərdə kifayət qədər uğurla iştirak edir və qazandığı uğurlara görə ona yarbay rütbəsi verilir.

Nuru Paşa (sağda), atası Hacı Əhməd Paşa (ortada) və qardaşı Ənvər Paşa ilə. Mənbə: M.Süleymanov . Nuru paşa. Bakı, 1999

Amma, onun Qafqaz İslam Ordusunun komandanı təyin edilməsi isə Azərbaycan tərəfinin xahişi ilə olub. Azərbaycanın Milli Mücadilə liderlərinin qərarı ilə istiqlal hərəkatının fəal üzvü Nağı bəy Şeyxzamanlı sultanla, Baş nazir Tələt Paşa, hərbi nazir Ənvər Paşa ilə görüşmək və rəsmi şəkildə kömək istəmək üçün İstanbula göndərilmişdi. Ənvər Paşa Qafqaz İslam Ordusunun Azərbaycandakı qüvvələrinə başqa bir şəxsi komandan təyin etməyi düşünürdü. Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazır ki, Ənvər Paşa restoranda olan zaman mən özüm ona yaxınlaşıb qardaşının Qafqaz İslam Ordusunun komandanı təyin etməsini xahiş etdim.

Minəxanım Nuriyeva (Təkləli): Ənvər Paşa sultanın kürəkəni idi. Ənvər Paşa özü də böyük Turan sevdalısı olub. Çox istəyirdi ki, Azərbaycan azad olsun. Buradan da Türküstana yol açılacaqdı.

Fuad Babayev: Sovet dövründə Qafqaz İslam Ordusu ilə bağlı tədqiqatın olmaması təbiidir. Bəs sonrakı mərhələdə bu sahədə hansı tədqiqatlar aparılıb?

Minəxanım Nuriyeva (Təkləli): “Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyəti – 90” adlı 700 səhifəlik kitabı 2008-ci ildə nəşr etdik. Azərbaycanlı və türkiyəli alimlərin tədqiqatlarını ilk dəfə o nəşrdə topladıq. Mehman müəllimin də orada böyük yazısı var. Bu kitab sonradan türk dilinə çevrilərək Türkiyədə də nəşr olunub. Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda olduğu kimi Türkiyənin özündə də bu məsələ yetərincə araşdırılmayıb.

Fuad Babayev: Təbii ki, bu sahədə tədqiqatlar aparılıb. Bəs hansı istiqamətlərdə boşluqlar var? Gələcəkdə hansı işlər görülməlidir?

Minəxanım Nuriyeva (Təkləli): Bayaq adı çəkilən Qaraməryəm döyüşü Göyçay ərazisində Veysəlliyə qədər uzanan geniş meydanda baş verib. Bu qanlı döyüşdə bizim 220-ə yaxın itkimiz, bir o qədər də yaralımız olub. Orada gələcək üçün bir abidə, nişangah qoyulmalıdır. Biz təkcə Nuru Paşanı tanıyırıq. Amma, Şuşada, Əsgəran keçidində böyük fədakarlıq göstərən Cəmil Cahid bəyi də, Mürsəl Bakı Paşanı da, Bakıdan sonra Dərbəndi qəhrəmancasına alan Süleyman İzzət Paşanı da tanımalıyıq. Bunlar Azərbaycan üçün can fəda edən insanlar olublar. Bakıda sayca ən çox qurbanlar verən 56-cı və 109-cu alaylar haqqında məlumatımız olmalıdır. Yaxud da Göyçay-İsmayıllı zonasını qırğından qurtaran 10-cu Türk alayı olub. Bu alayların adına xatirə lövhəsi və ya nişangah olmalıdır. Qafqaz İslam Ordusu sülh şərtlərinə uyğun olaraq Azərbaycanı tərk edəndə Süleyman İzzət Paşa Gəncədə böyük ziyafətdə çıxışı zamanı deyir ki: “…Biz burada qan tökə-tökə, şəhid verə-verə getdik bu yolu, indi dönüb gedirik. Amma, bizim şəhidlərin meyitləri hələ çöllərdədir. Onları adlarına, şərəflərinə uyğun dəfn edin, adlarını üzərinə yazın, onların şəxsi vərəqində adlarını asanlıqla tapmaq olur”. Əvvəlcə bizim unutqanlığımız, sonra isə Sovet hökuməti şəhidlik məzarlarının qurulmasına mane oldu. Möcüzə nəticəsində tək-tük qəbirlər qalıb. Məsələn, Hacı Zeynalabdin Tağıyevin bağçılıq məktəbində həmin dövrdə Qafqaz İslam Ordusunun yaralı əsgərlərinin hospitalı yerləşib. Ona görə də hospitalda vəfat edənlər o bağçada dəfn olunub. 1942-ci ildə Sovet qoşunları İrana görə hərbi təyyarə düşərgəsi saldıqlarına görə o məzarlıq məhv edilib. O bağçılıq məktəbinin üzərinə Qafqaz İslam Ordusunun burada yerləşməsi ilə bağlı xatirə lövhəsi vurmaq olar. Göyçayda Nuru Paşa Həzrət bəy qardaşlarının evində qalıb, döyüşündən əvvəl o binadan xalqa müraciət edib. Həmin evə xatirə lövhəsi vurmaq olar, o binanı muzey etmək olar

Fuad Babayev: Bunlar çox vacib məsələlərdir. Bəs, bu dövrü tədqiq etmək istəyən gənc tarixçilərə hansı mövzuları tövsiyə edərdiniz?

Mehman Süleymanov: Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tarixini 2 dövrə bölürük. Birincisi, Qafqaz İslam Ordusu dövrü, ikincisi isə Azərbaycan hökumətinin rəhbərliyi altında başlanan dövrdür. Mehmandarovun rəhbərliyi ilə AXC-nin hərbi nazirliyi bərpa olunan tarixdən, yəni 1 noyabr 1918-ci ildən 28 aprelə (red. – 1920-ci il) qədər hərbi nazirin bütün əmrləri bizim arxivlərdə var. Amma, 28 maydan 1 noyabra qədər (red. – 1918-ci il) olan dövr haqqında Azərbaycanda demək olar ki, heç bir sənəd yoxdur. Olanlar da fraqmentar şəkildədir.

Fuad Babayev: Haradadır o sənədlər?

Mehman Süleymanov: Qafqaz İslam Ordusunun öz arxivi var. Mən Ankarada Qafqaz İslam Ordusunun arxivində 1 ay işləmişəm. Təbii ki, bu müddət ərzində bütün sənədlərlə tanış olmaq mümkün deyil. 1918-ci il may ayının 28-dən noyabrın 1-nə kimi Azərbaycanda ordu quruculuğunun tam mənzərəsini yaratmaq üçün əlimizdə lazımı sənədlər yoxdur.

Fuad Babayev: Mehman müəllim, Nuru Paşanın və onun silahdaşlarının sonrakı taleyi necə oldu?

Mehman Süleymanov: Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. Onun qərargah rəisi Nazim bəy olub. Azərbaycana birinci gələn 5-ci Qafqaz diviziyası ilə gələn Mürsəl Paşa Türkiyəyə albay rütbəsi ilə qayıdıb. Atatürkün rəhbərliyi altında istiqlal mübarizəsinə qoşulub və general-leytenant rütbəsinə qədər yüksəlib. Özü də Mürsəl Paşa Bakı şəhərinin azad edilməsində göstərdiyi xidmətlərə görə özünə Bakı soyadını götürmüşdü. Və onun qəbri üzərində də Mürsəl Bakı Paşa yazılıb. O dövrün yadda qalan hərbçilərindən biri də 9-cu Qafqaz alayının komandiri Cəmil Cahid bəy olub. Sonradan Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan və türk hərbi qüvvələrinə rəhbərlik etməklə Qarabağı erməni daşnak qüvvələrindən azad edib. 1918-1920-ci illərdə Qarabağın azad edilməsi üçün 2 döyüş aparılıb. Biri Mehmandarovun rəhbərliyi altında, ondan əvvəl isə Qafqaz İslam Ordusu burada olanda Cəmil Cahid bəyin rəhbərliyi ilə Qarabağı azad ediblər, Şuşada bayrağımızı qaldırıblar. Cəmil Cahid bəy sonra da çox şərəfli bir həyat yolu keçib və Türkiyənin hərbi naziri vəzifəsinə qədər yüksəlib.

Fuad Babayev: Bəs Nuru Paşanın taleyi necə oldu?

Mehman Süleymanov: 1918-ci ildə ingilis qoşunları Azərbaycana daxil olanda türk hərbi qüvvələrinin burada qalmasını qadağan etdilər. Burada tək-tük qalanlar da icazəsiz qalmışdı. Nuru Paşa Türkiyə ərazisinə qayıtdıqdan sonra onu ingilislər, müttəfiq qüvvələri həbs edib Batuma gətirirlər. 1919-cu ilin avqust ayında Azərbaycan milli qüvvələri Batumda həbsxanaya hücum edərək Nuru Paşanı azad edirlər. Hətta, bu hücum zamanı azərbaycanlılar arasında şəhid düşənlər də olub. Həbsdən azad ediləndən sonra Nuru Paşa yenidən Türkiyəyə qayıdır. Burada istiqlal mübarizəsinə qoşulanlar, şəxsən Kazım Qarabəkir Paşa və digər qüvvələr Nuru Paşadan Azərbaycana qayıdıb bolşeviklərlə əlaqə saxlamağı xahiş edirlər. Onlarda belə bir təsəvvür var idi ki, bolşeviklər Türkiyə ərazisinə yeriməklə Türkiyəni parçalanmaqdan qoruyacaqlar. Bolşeviklər Mustafa Kamal Paşaya belə bir söz vermişdilər. Beləliklə, Nuru Paşa yenidən 1919-cu ilin dekabr ayında Azərbaycana qayıdır. Türk tarixçilərinin yazdıqlarına görə Nuru Paşa yanvar ayında burada bolşeviklərlə əlaqə saxlayıb guya bolşevik qoşunlarının Türkiyəyə qayıtmasına yardım etmək istəyirmiş. Amma, bir müddətdən sonra Nuru Paşa Dagıstana gedərək bolşevik qüvvələri ilə bütün əlaqələri kəsir. O başa düşür ki, Azərbaycanı bir dəfə xilas edib, yenidən bura rus qoşunlarının girməsinə yardım göstərmək onun şəxsiyyətinə, əqidəsinə sığan bir iş deyil. Ona görə də Dağıstan ərazisində bolşeviklərə qarşı mübarizə aparmağa başlayır. XI Qırmızı Ordu sərhədə yaxınlaşanda Nuru Paşa Dağıstandan Azərbaycana qayıdır. Əvvəlcə Gəncəyə, sonra isə Qarabağa gedir. Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra 1920-ci ilin iyununda Nuru Paşa və azərbaycanlı polkovnik Zeynalovun rəhbərliyi ilə Qarabağda, Tərtərdə, Cavanşir qəzasında antisovet üsyanı qalxır. İyul ayının 3-də onlar ətrafına topladığı qüvvələrlə Şuşaya girirlər və oradakı sovet qüvvələrini qaçmağa məcbur edirlər. Nuru Paşa 2 həftə ərzində Şuşanı öz nəzarəti altında saxlayır. Amma, sonradan sovetlər bütün gücünü toplayaraq yenidən həmin əraziləri ələ keçirir. Nuru Paşa antisovet üsyanında iştirak etmiş milli hərbi qüvvələrlə birlikdə Türkiyəyə geri çəkilir. Bu milli hərbi qüvvələr Türkiyədə İstiqlal mübarizəsinə qoşulurlar və onların içərisindən 2 nəfər Türkiyədə general rütbəsinə qədər yüksəlir. Onlardan biri Səməd Rəfibəyov, digəri isə Cahangir Novruzovdur (Berger). Nuru Paşa isə Türkiyəyə qayıdandan sonra çox ağır həyat keçirib. Yeni gələn qüvvələr onu qəbul etmək istəmirdilər. Bir müddət Almaniyada yaşadıqdan sonra yenidən Türkiyəyə qayıdır və çox çətinliklə iş qura bilir. İstanbulda Südlücə adlı məntəqədə onun silah fabriki olub. 1949-cu ilin fevral ayında Nuru Paşa özü də fabrikdə olanda məlum olmayan səbəb üzündən çox güclü partlayış baş verir və partlayış o dərəcədə güclü olur ki, Nuru Paşanın cəsədindən heç nə tapmaq mümkün olmur.

Fuad Babayev: Erməni tarixşünaslığı üçün şərəfli tariximizi gözdən salmaq cəhdləri həmişə olub. Erməni tarixçiləri Qafqaz İslam Ordusu haqqında nə yazırlar?

Mehman Süleymanov: Çox ciddi şəkildə təhrif edirlər.

Fuad Babayev: Bəs türk tarixşünaslığında bu məsələyə münasibət necədir?

Minəxanım Nuriyeva (Təkləli): Mütamadi olaraq bir neçə ildi ki, Qafqaz İslam Ordusunun yaranışını, fəaliyyətini, Azərbaycanı xilas etməsini və s. tarixi hadisələri xronoloji ardıcıllıqla mediada, sosial şəbəkədə paylaşırıq. Türkiyədəki dostlarımız bizə təşəkkür bildirməklə yanaşı bu hadisələrdən xəbərsiz olduqlarını yazırlar. Çünki, o zaman yeni quruluş bunlara Osmanlı təşəbbüsü kimi baxıb. Ənvər Paşanın özünə Türkiyədə nifrət edənlər var, Nuru Paşanı heç tanımayanlar var. Amma, bu hadisələrdən təxminən 30-40 il keçəndən sonra Nuru Paşanın silahdaşları öz xatirələrini yazdı. Nuru Paşanın silah fabrikasında köməkçilərindən biri öz xatirələrində yazır ki, “…Nuru Paşa maaşımızı artırmır, para yox deyir, hər zaman cibində saxladığı əzik 25 lirəni göstərib deyir ki, olan param budur. Amma, axşama qədər Azərbaycandan, Qafqazdan gələn mühacirlərə həp para verir”. Nuru Paşanın silahdaşların xatirələrini nəşr etmək gələcək planlarımıza daxildir.

Mehman Süleymanov: Türkiyədə hətta qondarma erməni soyqırımı haqqında da ciddi araşdırmalar yetərincə deyil. Sovet İttifaqı dağılandan sonra orada bu istiqamətdə işlər görməyə başlayıblar. Son illər müəyyən işlər görülür. Nuru Paşa ilə bağlı Türkiyədə 2 kitab nəşr olunub. Nildet Qaraköse, Atilla Ateşin kitablarını buna misal göstərmək olar.

Fuad Babayev: Bəs rus tarixçilərinin bu məsələyə aid tədqiqatları varmı?

Mehman Süleymanov: Mən ciddi bir tədqiqata rast gəlməmişəm.

Minəxanım Nuriyeva (Təkləli): Bu hadisələr I Dünya müharibəsi illərinə təsadüf edir. Rusların Qafqaz cəbhəsinə aid çox zəngin videoarxivi var. Qafqaz İslam Ordusu haqqında bu arxivlərdən də material əldə etmək olar. Şərqi Anadolu, Xoy, Səlmas və Bakı türklərinin soyqırımında iştirak edən Anostas Mikoyanın, erməni hərbçilərinin, rus generallarının da xatirələrini araşdırmağa ehtiyac var.

Təmkin Məmmədli: Qafqaz İslam Ordusu hüquqi cəhətdən kimə tabe idi. Azərbaycan Xalq Cumhuriyyətinə, yoxsa Osmanlı imperiyasına? İkinci sual isə belədir. Qafqaz İslam Ordusunun tərkibində vuruşan azərbaycanlıların göstərdiyi qəhərəmanlıq arasdırılıb?

Mehman Süleymanov: Mən birinci sualınıza hərbçi kimi cavab verirəm. Hərbidə rəhbərliyin mərkəzləşdirilməsi prinsipi var. Bu ordu quruculuğunun çox mühüm prinsiplərindən biridir. Qafqaz İslam Ordusunun yaranmasının nümanəsində isə rəhbərliyin mərkəzləşdirilməsi prinsipi pozulmuşdu. Bu da həmin dövrün tarixi şəraitindən irəli gəlirdi. Azərbaycan hökuməti bunun üçün xüsusi razılıq vermişdi. Azərbaycan hökumətinin qərarı vardı ki, Azərbaycanda ordu quruculuğuna rəhbərlik Nuru Paşaya həvalə olunsun. Amma, digər tərəfdən bu qərarlar Azərbaycan hökumətinin razılığı ilə qəbul olunurdu. Yəni ikili tabeçilik var idi. İkinci sualla bağlı onu deyim ki, Qafqaz İslam Orsusunun tərkibinə Müsəlman korpusu da qatılmışdı. Müsəlman korpusu ilə 9-cu diviziya birləşərək Qafqaz İslam Ordusunu yaratmışdı. Müsəlman korpusunun tərkibində Qafqazda yaşayan müsəlmanların xidmət etməsinə icazə verilmişdi. Orada məhdud sayda dağıstanlıların da iştirak etməsi mümkün idi. Qafqaz İslam Ordusunda vuruşmuş azərbaycanlıların qəhrəmanlıqları haqqında tarixi ədəbiyyatda kifayət qədər məlumat var. I dünya müharibəsində çox fəal iştirak edən Osmanbəy Gülməmmədov “Müqəddəs Georgi” xaçı ilə təltif olunub. Həbibbəy Səlimov Qafqaz İslam Ordusunda Azərbaycan hərbi qüvvələrinə rəhbərlik etmiş şəxsdir. Qafqaz İslam Ordusunun bir hissəsi Şamaxı yolu ilə, bir hissəsi isə dəmir yolu xətti ilə gəlirdi. Dəmir yolu boyunca gələn qüvvələrə Həbibbəy Səlimov rəhbərlik edib. Səlimov AXC dövründə Baş Qərargah rəisi olub, Qarabağın və Lənkəran bölgəsinin azad edilməsinə birbaşa rəhbərliyi həyata keçirib. Bakı şəhəri alınana qədər Cavadbəy Şıxlinxki kimi bir çox soydaşlarımız Nuru Paşanın təqdimatı ilə Məcidiyyə ordeni ilə təltif olunub. Amma, Bakı şəhəri alınandan sonra ayrıca siyahı tərtib edilrək təltifə göndərilib, təəssüf ki, o siyahı bizdə yoxdur

Təmkin Məmmədli: Qafqaz İslam Ordusu nə qədər şəhid verib?

Mehman Süleymanov: Qafqaz İslam Ordusunun nə qədər şəhid verdiyini heç kim deyə bilməz. Onun heç yerdə statistikası aparılmayıb. Yalnız Rüştü bəy (red. – 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi ) 1200 nəfərin adını çəkir. O da Bakı ətrafında olan şəhidlərdir.

Təmkin Məmmədli: Mətbuatda tez-tez hallanan mövzulardan biri Nuru Paşanın Bakı qoçularına münasibəti, digəri isə onun uğursuz ailə həyatına Tağıyevin səbəb olmasıdır. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

Mehman Süleymanov: Bakıda ailə üzvləri ermənilər tərəfindən öldürülmüş çoxsaylı insanlar var idi. Qafqaz İslam Ordusu Bakını alandan sonra şəhərdə müəyyən qarışıqlıq yarandı. Bu baxımdam qoçular da fərqlənirdi. Qoçular haqqında söylənilənlərin əksəriyyəti şayiədir, sənədlərdə öz əksini tapmır. Nuru Paşa vəziyyətin sabitləşdirilməsi üçün Bakının bir neçə yerində dar ağacları qoydurmuşdu. O sabitliyi bərqərar etmək üçün qətiyyətli, bəlkə də müəyyən müddət ərzində ifrat addımlar atmağa məcbur olub.

Minəxanım Nuriyeva (Təkləli): Nuru Paşa fəaliyyətə başlayan kimi hərbi çağırış elan edir. Mən hərbi çağırışdan yayınanların edam olunması haqqında əmrə rast gəlmişəm. O dövrdə belə bir qərar lazım idi.

Mehman Süleymanov: Nuru Paşanın Tağıyevin qızı Saranı istəməsi ilə bağlı mən ciddi bir mənbə görməmişəm.

Minəxanım Nuriyeva (Təkləli): Mən də rast gəlməmişəm. Amma, tədqiqatlarıma əsasən deyə bilərəm ki, Nuru Paşa özündən çox razı, cəngəvər və kübar bir şəxs olub. Onun şərəfli soyadlara da xüsusi meyli olub. Mən onun sonrakı elçilikləri haqqında da oxumuşam. Heç kimi bəyənməyib, ancaq şərəfli nəslin nümayəndəsini axtarıb. Maraqlandığı bütün qadınlar yüksək cəmiyyətdən olub. Ona görə də Nuru Paşanın Tağıyevin qızı ilə maraqlanması mənə inandırıcı gəlir. Hərçənd bu barədə fakt yoxdur.

Fuad Babayev: Bu mövzunu araşdıran jurnalistlərə peşəkar alim kimi tövsiyələriniz nədən ibarətdir? Onlar hansı mənbələrə müraciət etsinlər?

Minəxanım Nuriyeva (Təkləli): Əlimizdə kifayət qədər mənbələr vardır. Qafqaz İslam Ordusunun keçdiyi bütün yollar, qərargaha verilən gizli şifrəli əmrlər və s. mühüm məlumatlar bu kitabda (Red.-“Qafqaz İslam ordusunun xronologiyası”, Bakı, Nurlar,2008) xronoloji ardıcıllıqla verilib. Qafqaz İslam Ordusu haqqında fikir pərakəndəliyinə son qoymaq lazımdır.

Mehman Süleymanov: Təəssüf ki, yalnız jurnalistlər arasında deyil, özünü alim adlandıranlar arasında da diletantlıq baş alıb gedir. Bəzən elə qondarma məlumatlarla rastlaşırsan ki, insan təəccübünü gizlədə bilmir. Onu da qeyd edim ki, Qafqaz İslam Ordusu hərəkatı haqqında lazımı təsəvvür yaratmaq üçün əlçatan kifayət qədər ədəbiyyat və mənbə var. Qafqaz İslam Ordusunun elə bir şərəfli tarixi var ki, onun qondarma heç nəyə ehtiyac yoxdur.

Hazırladı: Təmkin Məmmədli, 1905.az

Material ilk dəfə 09 yanvar 2018-ci ildə dərc edilib

Zaqafqaziya seymi

1917, 27 fevral

Rusiyada Fevral demokratik inqilabının baş verməsi

1917, 3 mart

Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili

1917, 3 mart

Cənubi Qafqazda mülki hakimiyyətin yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə – OZAKOM-a verilməsi

1917, 5 mart

Bakı şəhəri ictimai təşkilatlarının İcraiyyə Komitəsinin təşkili

1917, 6 mart 7-nə keçən gecə

Bakı əsgər, fəhlə və zabit deputatları Sovetlərinin təşkili

1917, 9mart

Müvəqqəti hökumət tərəfindən Qafqaz canişinliyinin ləğvi və Xüsusi Zaqafqaziya Komitəsinin təşkili

1917, 10 mart

RSDFP-nin Birləşmiş Müvəqqəti Komitəsinin təşkili

1917, 27 mart

Müsəlman ictimai təşkilatları Şurası və onun Müvəqqəti Komitəsinin təşkili

1917, 15-20 aprel

Bakıda Qafqaz müsəlmanları qurultayının keçirilməsi

1917, 1-8 may

Moskvada I Ümumrusiya müsəlman qurultayının keçirilməsi

1917, 20 iyun

“Müsavat” və “Türk Ədəmi-Mərkəziyyət” Partiyalarının Türk Ədəmi-Mərkəziyyət “Müsavat” Partiyası adı altında birləşməsi

1917, 22 oktyabr

Bakı fəhlə və hərbi deputatları Sovetinə seçkilər keçirilməsi

1917, 25-31 oktyabr

Türk Ədəmi-Mərkəziyyət “Müsavat” partiyasının I qurultayı

1917, 25 oktyabr

Petroqradda bolşevik çevrilişinin baş verməsi

1917, 27 oktyabr

Bakı fəhlə və əsgər deputatları Sovetinin hakimiyyət məsələsinə həsr edilmiş fövqəladə iclası

1917, 31 oktyabr

Bakı fəhlə və hərbi deputatları Sovetinin yeganə qanunverici, inqilabi və yerli orqan elan edilməsi

1917, 2 noyabr

Bolşeviklərin Bakı Soveti İcraiyyə Komitəsi rəhbərliyini ələ keçirmələri

1917, 15 noyabr

Zaqafqaziya Komissarlığının təşkili

1917, 22 noyabr

Bakı şəhəri ictimai təşkilatlarının İcraiyyə Komitəsinin ləğv edilməsi

1917, 26 noyabr

Azərbaycanda və bütün Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilməsi

1917, 5 dekabr

Osmanlı ordusu ilə Qafqaz cəbhəsi komandanlığı arasında Ərzincanda barışıq imzalanması

1917, 12-13 dekabr

Bakı fəhlə və hərbi deputatları Sovetinə seçkilərin keçirilməsi

1917, 17 dekabr

Zaqafqaziya Komissarlığı tərəfindən “Torpaq haqqında dekretin qəbulu

1917, 18 dekabr

V. İ. Lenin tərəfindən Stepan Şaumyanın Qafqazın Fövqəladə komissarı təyin edilməsi

1918, yanvar

“Rusiyada müsəlmanlıq” partiyası ilə Gəncədəki “İttihad cəmiyyəti”nin qovuşması nəticəsində vahid “İttihadi-İslam Rusiyada müsəlmanlıq” Partiyası yaradılması

1918, 5 yanvar

Ümumrusiya Müəssislər Məclisinin dağıdılması

1918, 7-9 yanvar

Qafqaz cəbhəsindən çıxarılan Rusiya ordusu hissələri ilə Zaqafqaziya hərbi hissələri arasında Şamxor ( Şəmkir) və Dəllər stansiyasında toqquşma

1918, 23 fevral

Zaqafqaziya Seyminin açılması, Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili

1918, 7 mart

Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbulu

1918, 14-20 mart

Zaqafqaziya Seymi və Türkiyə arasında Trabzon konfransının keçirilməsi

1918, mart-aprel

Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı

1918, martın ortaları

Cavad qəzası, Astara nahiyəsində azərbaycanlıların soyqırımı

1918, 27-29 mart

Şamaxı qəzasında azərbaycanlıların soyqırımı

1918, 30 mart –
1 aprel

Bakı şəhərində azərbaycanlıların soyqırımı

1918, 10 aprel

Bakı Soveti qoşunlarının Qotsinskinin dəstəsini Xırdalanda məğlub etməsi

1918, 13 aprel

Zaqafqaziya Seymi tərəfindən Türkiyəyə müharibə elan edilməsi

1918, 22 aprel

Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziya müstəqilliyinin elan edilməsi

1918, 25 aprel

Bakı Soveti Xalq Komissarları Şurasının təşkili

1918, 26 aprel

Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökumətinin təsdiqi

1918, 30 aprel

Bakı şəhər Dumasının İnqilabi Müdafiə Komitəsi tərəfindən ləğvi

1918, 1 may

Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması

1918, 11 may

Batum sülh konfransı

1918, 26 may

Bakı qəzası kənd deputatları sovetlərinin qurultayı

1918, 26 may

Zaqafqaziya Seyminin son iclası

1918, 27 may

Azərbaycan Milli Şurasının təşkili

1918, 28 may

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi

1918, 28 may –
17 iyun

Fətəli xan Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü

1918 ,4 iyun

Batumda Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması

1918, 5 iyun

Türk ordusunun Yelizavetpola (Gəncəyə) daxil olması

1918, 16 iyun

Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi

1918, 17 iyun

Milli Şuranın buraxılması

1918, 17 iyun-
7 dekabr

Fətəli xan Xoyskinin başçılığı altında II hökumət kabinetinin fəaliyyət dövrü

1918, 23 iyun

Azərbaycanda hərbi vəziyyətin elan edilməsi

1918, 26 iyun

Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması

1918, 26 iyun

Zaqatala quberniyasının yaradılması

1918, 27 iyun

Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbəsi

1918, 27 iyun

Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi

1918, 10 iyul

Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi

1918, 11 iyul

Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi

1918, 25 iyul

Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbul edilməsi

1918, 30 iyul

Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi

1918, 31 iyul

Bakı Xalq Komissarları Şurasının süqutu

1918, 1 avqust

Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili

1918, 4 avqust

İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi

1918, 28 avqust

Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı

1918, 4 sentyabr

İngilis qoşunlarının Bakını tərk etməsi

1918, 15 sentyabr

Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi

1918, 17 sentyabr

Azərbaycanhökumətinin Bakıda fəaliyyətə başlaması

1918, 5 oktyabr

Azərbaycan hökumətinin neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərarı

1918, 18 oktyabr

Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması

1918, 30 oktyabr

Türkiyə və Antanta ölkələri arasında Mudros sülh müqaviləsinin imzalanması

1918, 1 noyabr

Hərbi Nazirliyin təsis edilməsi

1918, 9 noyabr

Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi

1918, 16 noyabr

Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi

1918, 17 noyabr

Cənubi Qafqazda müttəfiq qoşunlarının baş komandanı general Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması

1918, 20 noyabr

Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanunun qəbulu

1918, 29 noyabr

Xəzər donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi. “İngilis dəniz nəqliyyatı”nın yaranması

1918, 7 dekabr

Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı

1918, 15 dekabr

Bakı Fəhlə Konfransı təşkilatının bərpası

1918, 24-26 dekabr

Bakı Fəhlə Konfransının başçılığı ilə ümumi tətil keçirilməsi

1918, 26 dekabr

Fətəlim xan Xoyskinin başçılığı ilə III hökumət kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması

1918, 28 dekabr

Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası

1919, 15 yanvar

Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili

1919, 4 fevral

Parlamentin aqrar komissiyasının təşkili

1919, 6 fevral

“İttihad”ın lideri Qara bəy Qarabəyovun hökumətə etimadsızlıq votumu ilə çıxışı

1919, 25 fevral

Fətəli xan Xoyskinin III hökumət kabinetinin istefası

1919, 19 mart

Fəhlə məsələsi üzrə xüsusi müşavirə haqqında qanunun parlament tərəfindən təsdiqi

1919, 5 aprel

Hərbi Nazirliyin Bakıya köçürülməsi

1919, 14 aprel

Azərbaycan Cümhuriyyəti Parlamentinin Nəsib bəy Yusifbəyli başda olmaqla IV hökumət kabinetini təsdiq etməsi

1919, 24 aprel

Cənubi Qafqazda müttəfiq qoşunlarının baş komandanı general Tomsonun general Şatervortla əvəz edilməsi

1919, 6-13 may

Bakı Fəhlə Konfransının keçirdiyi ümumi tətil

1919, 28 may

Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşü

1919, 29 may

Cənubi Qafqaz respublikalarının Tiflis konfransının keçirilməsi

1919, 31 may

Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi

1919, 11 iyun

Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi

1919, 11 iyun

Cənubi Qafqaz Respublikaları ilə Könüllü Ordu arasında demarkasiya xəttinin müəyyən edilməsi

1919, 11 iyun

Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi

1919, 13 iyun

Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belorusiya, Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi

1919, 13 iyun

İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi

1919, 16 iyun

Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə Aktının imzalanması

1919, 27 iyun

Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi

1919, 6 avqust

General Tomsonun Xəzər hərbi donanmasını Denikinin Könüllülər ordusuna vermək barədə sərəncam imzalaması

1919, 11 avqust

Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi

1919, 19 avqust

İngiltərə-İran müqaviləsinə görə, İranın Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etməsi

1919, 24 avqust

İngilislərin Bakını tərk etməyə başlamaları

1919, 28 avqust

Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi

1919, 1 sentyabr

Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi

1919, 13 sentyabr

Baş nazir Nəsib bəy Yusifbəylinin IV hökumətin sədri vəzifəsindən istefası

1919, 25 sentyabr

Qazax qəzası kəndlilərinin I qurultayının açılışı

1919, 23 oktyabr

Müttəfiqlər ordusu Ali Baş komandanı Vilyam Haskelin “Naxçıvan general-qubernatorluğu yaradılması və Edmund D.Deklinin ona general-qubernator təyin edilməsi haqqında” əmr verməsi

1919, 25 oktyabr

Azərbaycan Dövlət Bankının açılışı

1919, 23 noyabr

Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması

1919, 2-11 dekabr

Türk Ədəmi-Mərkəziyyət “Müsavat” Partiyasının II qurultayı

1919, 22 dekabr

Parlamentin Nəsib bəy Yusifbəylinin başçılığı ilə V hökumət kabineti tərkibini təsdiq etməsi

1920, 2 yanvar

Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi

1920, 11 yanvar

Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması

1920, 14 yanvar

Fətəli xan Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Q. Çiçerinə cavab notası verməsi

1920, yanvar

Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi

1920, 23 yanvar

Azərbaycan hökumətinə ikinci notanın verilməsi

1920, 11-12 fevral

Fətəli xan Xoyskinin Q. Çiçerinə Azərbaycanın suverenliyinin tanınması haqqında cavab notası

1920, 18 fevral

M. Hacınskinin daxili işlər naziri vəzifəsindən istefa verməsi

1920, 20 mart

Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması

1920, 23 mart

Əkin və əkinçilik naziri Əhməd Cövdət Pepinovun istefa verməsi

1920, 23 mart

Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması

1920, 9 aprel

Poçt və teleqraf naziri sosialist C. Hacınskinin istefa verməsi

1920, 15 aprel

A. Qardaşovun “Əhrar” Partiyasının hökumət kabinetindən çıxması; Fətəli xan Xoyskinin Q. Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası

1920, 27 aprel

XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil olması

1920, 27 aprel

Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi

1920, 28 aprel

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Sovet hakimiyyətinin qurulması

Mənbə: Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı, “Elm”, 2008, səh.604-610.

Comments are closed, but trackbacks and pingbacks are open.