Press "Enter" to skip to content

Ziya bünyadov azərbaycan tarixi

– Bəs bu illər ərzində Ziya Bünyadovun xanımı ilə görüşdünüzmü?

– Bəli. Mən Tahirə xanımla Bilgəh sanatoriyasında təsadüfən görüşdüm. Artıq bu işi bilirdim.

Azərbaycan tarixi/İkinci Dünya Müharibəsinin başlanması. Azərbaycanlı döyüşçülərin cəbhədə və antifaşist müqavimət hərəkatında iştirakı

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı.
Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlubedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar. Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafiəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi. Onlardan M.Qədirovun, İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun, A.İmanovun, M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun, Ə.Əliyevin və bir çox başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də iftixar hissi ilə xatırlanır.9 1941-ci il iyunun 30-da düşmən mühasirəsindən çıxmaq uğrunda əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov igidlik göstərmiş, faşistləri geri oturtmuşdular. Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7 gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov 6 döyüşçü ilə birlikdə 3 gecə arasıkəsilməyən atəş altında 3 körpünü partladaraq düşmənin çaydan keçməsinin qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu. Leninqrad müdafiəçisi, snayperçi M.İsmayılov iyulun 22-də Sovet sərhədini keçmək istəyən 11 düşməni sərrast atəşlə məhv etmiş və igidliyinə görə Lenin ordeninə layiq görülmüşdü. Azərbaycanlı şahin, dəniz aviasiyası leytenantı Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. Bu cəsur təyyarəçi Leninqrad səmasında gedən ilk döyüşlərdə 4 faşist təyyarəsini vurub yerə salmışdı. 1941-ci il iyulun 17-də Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. Hüseynbalanın hava döyüşünü və onun aldığı ölümcül yaralara baxmayaraq, yerə enmək bacarığını müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran qalmışdılar. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Digər təyyarəçi Yusif Quliyev 1941-ci ilin yayında Leninqrad müdafiəsində yüksək cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə təkbaşına döyüşə gir ərək onlardan ikisini məhv etmişdi. Müharibənin dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin təyyarəsini düz düşmən təyyarəsinin üstünə şığıyır, onlardan birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu ustalıqla dənizə endirə bilmiş və bir neçə gün su üzərində qalmışdı. Göstərdiyi igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Baltik səmasının qorunmasında Rizvan Zeynalov da fərqlənmiş və igidlik göstərmişdi. Məzahir Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq Berlinin bombardman edilməsində iştirak etmişlər. 1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfiyevin tankçılar bölməsi düşmənin 2 tankını, 16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi. Müharibənin ilk günlərində Qərb cəbhəsində gedən döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi qəhrəmanlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941-cü ilin noyabrında Moskva ətrafında göstərdiyi şücaətə görə Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafil Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun dəstəsi Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən sonra minə qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi igidliyə görə İsrafil Məmmədova 1941-ci il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi. Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi şücaətə və igidliklərə görə gənc zabit N.Bağırov Qırmızı Ulduz, kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə fərqlənən pulemyotçu Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa Seyidməmmədova «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası ağır döyüşlər apararaq bir neçə yaşayış məntəqəsini düşmənlərdən azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyot batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 hitlerçi əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda gedən vuruşmada alman-faşist qoşunlarına sarsıdıcı zərbə endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda olmaqla 24 general, 330 min nəfər əsgər və zabit əsir alındı. Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı qüvvə, 3 mindən çox tank, top və minamyot, 4,4 min döyüş və nəqliyyat təyyarəsi itirdilər. Stalinqrad döyüşlərində böyük və həlledici dönüş baş verdi və Sovet ordusunun əks – hücum əməliyyatları genişləndi. Kəşfiyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov qorxmaz kəşfiyyat işləri apararaq feldmarşal Paülsün əsir alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif olunmuşdur. Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı işğal etmək üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanırdı. Bu isə işi xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi. Mitinqdə Səməd Vurğun alovlu nitq söylədi və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim mübarizəsinə səslədi. Beş ay davam edən Qafqaz uğrunda döyüşlərdə (25 iyul – 31 dekabr 1942) yüz mindən çox həmyerlimiz həlak oldu.
Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif olundu. 1942-ci ilin oktyabrında Qafur Məmmədov şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı və öz həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. «Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə döyüşçü yoldaşlarını qələbəyə ruhlandıran və döyüş meydanında igidlik göstərən İdris Süleymanov Mozdok rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr 1942-ci il tarixli fərmanla İ.Süleymanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 96 tankını, 2 zirehli maşınını və çoxlu faşist məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z.Bünyadov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Tibb işçisi Qüdrət İsmayılov igidliyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi. İgid şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına həlak olan İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Pulemyotçu Ağaşirin Cəfərov 500-dən artıq faşist öldürmüşdü. Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il 1 noyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27-də Məlik Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsində igidliyinə görə Məmməd Məhərrəmova və Səlahəddin Kazımova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə Xıdır Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi igidliyə görə Əmir Piriyevə 1944-cü il mayın 7-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Belarusiyanın azad olunmasında Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük müvəffəqiyyətlər qazandılar. Həzi Aslanovun tank briqadası və şəxs ən özü əsl igidlik və qəhrəmanlıq nümunələri göstərdilər. Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq görüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona çox gec – 1991-ci il iyunun 21-də verildi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov müəmmalı şəkildə yaralandı vəhəlak oldu. Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qəzənfər Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yaradılan dörd milli diviziya – 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə «Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfinə Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol diviziyası adı ilə daxil olan bu şanlı hərbi birləşmə 1922-ci il iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi azərbaycanlı hərbiçilər bu diviziyada böyük hərbi məktəb keçmişlər. Qafqazın müdafiəsində və bütövlükdə Şimali Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 11.237 nəfər əsgər və zabiti orden və medallarla təltif olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 avtomobilini, 18 təyyarəsini məhv etmişlər. 416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə – 27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən artıq şərəfli döyüş yolu keçmiş, 7900 kv.km–lik Sovet ərazisini düşməndən azad etmiş, 40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş, 5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 68 anbarını məhv etmiş, 17 tank, 8 özüyeriyən qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 parovoz ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovetittifaqı Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın 14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə 416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən 416-cı Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancmışdı. Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna ərazilərinin alman – faşist işğalçılarından azad olunmasında fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, Macarıstanın, Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə “Belqrad diviziyası” fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur etmişdir. Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfindən qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını xüsusi qeyd etmişdir. 271-ci Azərbaycan diviziyası Polşanın və Çexoslavakiyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında ”Donetsk” əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri “Qorlovka“ adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci atıcı diviziya Taman yarımadasının faşistlərdən azad edilməsində fərqləndiyinə görə ona «Temyurq» fəxri adı verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 avtomobilini, 7000 at və çoxlu qənimət ələ keçirmişlər. Göstərdiyi şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç alay isə fəxri «Sevastopol”» adına layiq görüldü. Diviziya Yassı-Kişinyov əməliyyatında, Macarıstan və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. Azərbaycanın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar göstərmişlər. Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi Hüseynzadənin İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon – milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 11-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Fransız generalı Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı tarixinə şanlı səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfinə layiq görülmüşdür. Azərbaycan övladları Vətəndən uzaqda olmalarına baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölümdirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra bölgələrdə belə mübariz və döyüşən dəstələrə rəhbərlik etmişlər.

İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]

1. Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI əsrin əvvəli). Bakı, «Bakı Universiteti» nəşriyyatı. 2010
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009

Xankəndi

Fevralın 21-də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ildönümü tamam olacaq. Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev “Yeni Müsavat”a müraciət edərək qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib.

O, uzun illərdən sonra ilk dəfə çox ciddi etiraflarını dilə gətirib, oğlunun qətldə iştirakını birmənalı şəkildə təsdiqləyib, həmçinin ölkə rəhbərliyinə müraciətlə oğlu üçün əfv diləyib.

– Qətl hadisəsi baş verən il Abşeron rayonunun icra başçısı təyin olunmuşdunuz. Lakin cəmi üç il sonra sizin işdən çıxarılmağınızın səbəbkarı da oğlunuz olub. Doğrudurmu?

– Bəli. Həmin hadisənin üstündən 18 il keçib, amma hər şey yadımdadır. Əvvəlcə onu demək istəyirəm ki, mən uzun illər Heydər Əliyevin komandasında işləmişəm. Sizdən israrla xahiş edirəm ki, bu fikirlərimi olduğu kimi dərc edəsiniz. Bu yaxınlarda ömrümün 81-ci ilini tamamladım. Sizə səmimi deyirəm, Allahın bəxş etdiyi bu ömrün təqribən 50 ilini türk dünyasının böyük şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin adı-sanı, nüfuzu, dünya şöhrətinə baxıb, sevinə-sevinə yaşamışam. Ata yurdum Vedibasar mahalında ermənilərin yerli-yersiz təzyiqləri altında əziyyət çəkdiyim, işsiz qaldığım illərdə, çıxış yolunu o zaman Azərbaycanda hakimiyyətdə olan ulu öndərimiz Heydər Əliyevdə gördüm. Ürəyimdə bəslədiyim inamla Azərbaycana gəldim və bu böyük şəxsiyyətin işığına sığındım.

Mən Allahın xoşbəxt bəndələrindən biriyəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə və təmasda olmuş, onun məsləhətlərini dinləmiş və nəhayət, rəhbərliyi altında uzun illər işləmiş, həyatımı Abşeron rayonunun iqtisadi inkişafına həsr etmişəm. Həmişə Heydər Əliyevin idarəçiliyinə, rəhbərliyinə, Azərbaycan dövlətçiliyinə böyük etibarım, hörmətim və rəğbətim olub. Bu keyfiyyətlər, bu ali qanunlara hörmətim, məhəbbətim Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının hakimiyyəti dövründə də, bu günə qədər davam edir. Mən bu əqidənin sahibi olmuşam, bu keyfiyyət mənimlə əbədidir. Onu da deyim ki, Azərbaycan dövlətinə, onun qanunlarına, Azərbaycan dövlətinin qanunlarının aliliyinə inam, hörmət və ehtiram mənimlə əbədidir. Tək mən yox, ağsaqqalı və rəhbəri olduğum ailə üzvlərimin hamısı mənimlə eyni fikirdədir.

Heydər Əliyev məni icra başçısı təyin edəndə onunla görüşmüşəm, 1 saat söhbət eləmişəm. Demişəm ki, cənab prezident, siz çox adamlara çörək, vəzifə verdiniz, amma çoxu nankor çıxdı. Sizə söz verirəm ki, mən nankor olmayacağam. Elə də işlədim. İşlədiyim müddətdə – Azərbaycanda elə bir icra başçısı yoxdur ki, ondan şikayət olmasın – məndən bir dənə şikayət olmadı. Məndən bir dənə yazılı, ya şifahi şikayət getmədi. Nə müxalifət məni söydü, nə də hökumət, namusla, qeyrətlə işlədim.

– 1997-ci ildən 2000-ci ilədək.

– Bəli. Bundan əvvəl Abşeronda 20 il sovxoz direktoru işləmişəm, Zirə, Türkan, Qobu, Ramana kəndlərində. Sonra kənd təsərrüfatı idarəsinin sədri və nəhayət, icra başçısı olmuşam. Mən Adil Nağıyev prezident Heydər Əliyevi dəstəkləmişəm, özü də tək mən yox, bütün nəslim, bütün Vedibasar hamısı.
Abşeron rayonunda YAP-ı yaradan ikinci adam mənəm. 1999-cu ildə Heydər Əliyev Gülhanə xəstəxanasından gələndə mən Adil Nağıyev 50 dənə erkək qurban gətirmişəm, Sabunçu dairəsində kəsmişəm və Heydər Əliyev orda düşüb, mən onun əlindən öpmüşəm. Ora 5 min adam çıxartmışdım qarşılanmaya. Bu, tapşırıqla yox, öz təşəbbüsümlə olub. Mən bir kitab buraxmışam, “Mən Adil Nağıyevəm”, 80 yaşımın tamam olması münasibətilə. Kitabın ilk hissəsini Heydər Əliyevlə başlamışam, məni qəbul edəndə verdiyi suallara cavablarımı dərc etdirmişəm.

– Qayıdaq qətl hadisəsinə.

– Hadisə 1997-ci ildə olub. Ancaq 2000-ci ilin oktyabr ayında üstü açılıb. O vaxt isə məni işdən götürdülər.

– Etiraf edirsinizmi ki, Azərbaycanın çox dəyərli ziyalısını qətlə yetirilməsində iştirak edən oğlunuz həm də öz atasına zərbə vurub?

– Bəli. Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. Oğlanlarım hamısı dövlət qurumlarında işləyirdilər. 18 ildir heç birimiz işləmirik, “kor qız” kimi oturmuşuq evdə. Bizə böyük zərbə dəyib. Mən çox fikirləşirəm ki, bu zərbəni bizə kim vurdu axı? Mənim oğlumun atası icra başçısı işləyir. 2 oğlum akademiyanı qurtarıb, biri Nərimanovda DYP rəisi işləyir, digəri sahə rəisi işləyir. Hökumət adamı olmuşuq, niyə bizi bu oyuna saldılar?

– Ötən illər ərzində bu suala cavab tapdınız?

– Bəli, tapmışam. Birincisi, o vaxt istintaq orqanlarına, müxbirlərə deyirdim ki, əgər mənim oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, ya onu vurubsa, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm. Mən 7 yaşında Ermənistanda ata-anadan yetim qalmışam, yetimliklə, əziyyətlə böyümüşəm. 1969-cu ildə ermənilərin təzyiqinə məruz qaldığım üçün qaçıb Bakıya gəlmişəm. Allahdan başqa heç kəsim olmayıb. Mən oğlumdan çox incidim, heç 10 il onun yanına getmədim. Kişi, sən nə . yemisən?! Belə şey olar? Akademik Ziya Bünyadov hər adamın tayı deyildi. Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm.

– O vaxt məhkəmədə açıqlanan ittiham aktında oğlunuzun adı birinci qeyd olunmuşdu. Bildirilirdi ki, Nağıyev Nizami Adil oğlu akademik Ziya Bünyadovun yaşadığı binanın 3-cü girişinə daxil olaraq gözləyib, Ziya Bünyadovun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə, 5 dəfə ardıcıl zərbə vuraraq həyat üçün ağır dərəcəli xəsarətlər yetirmiş, hadisə yerinə yaxınlaşan Qalib Babayev isə “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadova xəsarətlər yetirərək, hər ikisi Mahir Zeynalovla birlikdə avtomobillə hadisə yerindən qaçıblar. Görüşəndə heç oğlunuzdan soruşdunuzmu ki, niyə belə bir dəyərli insanın amansızlıqla öldürülməsində iştirak edib?

– Mən əvvəlcə belə qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, mənim oğlum belə iş görə bilər. Sonra mən öyrəndim ki, niyə Ziya Bünyadovu aradan götürüblər? Tarixçi Moisey Kalankatuklunun “Alban tarixi” kitabını yazıb və Ziya Bünyadov onu tərcümə edib. Kalankatuklu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. “Hizbullah” təşkilatının “Nəsrullah” adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız. Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də akademiyada işləyib. Burada “Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldirlər.

– Siz o dövrdə oğlunuzun davranışlarından heç nə hiss etməmişdiniz?

– Yox, heç nə. Nəyə görə? Oğlum Məkkəyə gedib-gəlmişdi, namaz qılırdı. Mən özüm araq içən idim. Baxdım ki, oğlum, həyat yoldaşı namaz qılır, oruc tutur, mən də içkini tərgitdim. Sonra bu, bir müddət ortalıqda görünmədi, yox oldu.

– Onda oğlunuz harda işləyirdi?

– Aeroporta, gömrükdə. Özü də Odlar Yurdu Universitetinin hüquq fakültəsinin 4-cü kursunda qiyabi oxuyurdu. Mənim heç bir şeydən xəbərim olmayıb. Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi.

– Bəs ortalıqdan yox olanda axtarmadınızmı ki, haraya gedib?

– Axtardım. Mənə dedilər ki, dostları ilə Moskvaya gediblər, ticarətlə məşğuldurlar, un gətirirlər, ya Türkiyəyə gediblər.

– Amma istintaq materiallarında qeyd olunurdu ki, Nizami Nağıyev və digərləri Tehran yaxınlığındakı düşərgədə təlimlər keçirmiş.

– Bəli. İndi orda nə işlər görüb, mənim ondan xəbərim yoxdur. Gələndən sonra da mənə heç nə demədi. Ancaq məni aldatdığı üçün 10 il ərzində onun ardınca həbsxanaya getmədim.

– Bəs qayıdandan sonra nə qədər sərbəst gəzdi?

– Ziya Bünyadovun qətlindən sonra 3 il sərbəst gəzdi. Ziya Bünyadovu 1997-ci il fevralın 21-də qətlə yetiriblər, Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Niyə? Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi. İndi yalandan durub deyək ki, elə deyil, belədir, yox! Bu vaxta kimi cəmiyyətdə iki hissə var idi: bir hissə inanırdı ki, Adil Nağıyevin oğlu bu işi edib, bir hissə inanmırdı. 21 fevralda Ziya Bünyadovun qətlinin ildönümüdür. Mən səmimi şəkildə, bütün ictimaiyyətə etiraf etmək istəyirəm. Çünki 82 yaşım var. Ölüb gedəcəyəm, qoy yalan deyib bu dünyadan getməyim. Oğluma da ən ağır cəza veriblər, onunla da razılaşdım.

– Yəni oğlunuzun günahını etiraf edirsiniz?

– Bəli. Əvvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin! Bizi nə günə saldılar? Mən Heydər Əliyevin komandasında işləyə-işləyə, ömrümü ona həsr edə-edə. Sizə bir faktı deyim. 90-cı ildə mən Zirədə sovxoz direktoru idim, Abşeronda plenum idi. Heydər Əliyevin haqqında o qədər danışdılar ki, ürəyim partlayırdı, axır durdum ayağa, dedim ayıb olsun sizə, Heydər Əliyev Azərbaycanı qurub! Heç olmasa, o, sizin havanızı təmizləyib, nə qədər üzüm bağları, yaşıllıqlar salıb. Bunun şahidi də Pirşağıdakı əkinçilik institutunun direktoru Əsəd Musayevdir, çıxdı eşiyə, dedi, halal olsun sənə, Adil! İki gün sonra məni bu sözümə görə Zirədən, direktorluqdan qovdular.

– Ziya Bünyadova beş bıçaq zərbəsi endirən oğlunuz artıq 18 ildir həbsdədir. Sonuncu dəfə onunla nə zaman görüşmüşünüz?

– Oğlumun 2 oğlu, 1 qızı var, biri əlildir. Oğlu əsgərliyini çəkib, gəlib, işləmir. Əlil oğlu da ayda 50 manat təqaüd alır. Arvadı da xəstədir, işləmir. Mən pensiya pulumla bir inək alıb vermişəm, onunla dolanırlar. Çox ağır vəziyyətdədirlər. DTX rəhbəri Mədət Quliyev hələ Penitensiar Xidmətin rəisi gələndə mən oğlumun işi ilə bağlı gedib onunla görüşdüm, xahiş etdim. O, oğlumun işini gətirtdirdi, oxudu. Oğlum 18 ildir türmədə yatır, özünü yaxşı apardığı üçün ayda iki dəfə telefonla danışmağa, ailəsi ilə ildə dörd dəfə görüşməyə, “peredaça”nı hər ay qəbul etməyə icazə veriblər. Penitensiar Xidmət Əfv Komissiyasına ərizə də yazdı.

– Bəs bu illər ərzində Ziya Bünyadovun xanımı ilə görüşdünüzmü?

– Bəli. Mən Tahirə xanımla Bilgəh sanatoriyasında təsadüfən görüşdüm. Artıq bu işi bilirdim.

– Tahirə xanım sizi görəndə necə reaksiya verdi?

– Görüşənə qədər nə mən onu, nə o məni tanıyırdı. Həkimlərdən biri dedi ki, Ziya Bünyadovun həyat yoldaşıdır. Yaxınlaşıb salam verdim. Soruşdum Tahirə xanım sizsiniz? Dedi, “bəli”. Dedim, mən də Abşeronun keçmiş icra başçısı Adil Nağıyev, sənin həyat yoldaşına sui-qəsdin iştirakçılarından birinin atasıyam. İmkanın varsa, əgər istəyirsənsə, mən bütün “kart”ları sənin üçün aça bilərəm, həqiqəti sənə deyəcəyəm. O da məmnuniyyətlə çəkildi bir tərəfə, çay masasında bütün detalları ona danışdım. 90 yaşındaydı. Dedim, sən də yaşlı adamsan, mən də, bir gün bu dünyadan ikimiz də köçüb gedəcəyik. Bütün hamısını danışdım. Dedim, qoy sənin ürəyində şübhə qalmasın. Bu sözləri indiyədək başqa heç kimə deməmişəm, ona demişəm, bir də sizin qəzetə deyirəm. Həmişə demişəm mənim oğlumun günahı yoxdur, amma bu gün etiraf edirəm. Niyə etiraf edirəm? Çünki artıq xəstəyəm, İstanbulda ürəyimdə üç yerdə əməliyyat olunmuşam, stend qoyublar, bu gün-sabah ölüb-gedəcəyəm, qoy bu iş örtülü qalmasın, açıq qalsın. Bəlkə buna görə Allah məni bağışladı, cənnəti qismət elədi. Ziya Bünyadovun xanımına dedim, Tahirə xanım, sənin ərini bax, bu adamlar öldürüb. Sən əlini ürəyinin üstünə qoy, ürəyini buz kimi saxla, hökumətin bu işlə əlaqəsi yoxdur. Çünki ictimaiyyətdə belə bir fikir var idi ki, Ziya Bünyadovu aradan götürdülər, hökumətin özü təşkil elədi. Xeyr! Bunu “Hizbullah” təşkilatı “Nəsrullah”ı göndərdi, “Alban tarixi” kitabını tərcümə etdiyinə görə aradan götürdülər. Burada məqsəd nə idi? Respublikada çaxnaşma yaratmaq, iqtidarı gözdən salmaq, konstitusiya quruluşuna zərbə vurmaq üçün bunu etdilər. Niyə Ziya Bünyadovu? Çünki Ziya Bünyadov çox hörmətli adam idi, avtoritet idi. Ziya Bünyadov ermənilərə, Azərbaycanı istəməyən adamlara qarşı kəskin mübarizə aparırdı. Bir də ki, Ziya Bünyadov elə-belə adam deyildi, Sovet İttifaqı Qəhrəmanı idi, akademik idi. Sumqayıt hadisələri zamanı Saxarov bura gəldi, Ziya Bünyadov onun atasını yandırdı. Elə adama əl qaldıranın əli qurusun!

– Tahirə xanım bu etiraflarınızdan sonra nə dedi? Sizi bağışladımı?

– Bəli, Tahirə xanım məni bağışladı. Mənə dedi sənin bu kişiliyinə, mərdliyinə görə mən də prezidentə müraciət edəcəyəm ki, sənin oğulunun işini yüngülləşdirsinlər. Dedi mən də bu dünyadan gedəcəyəm, qoy Ziyanın ruhu şad olsun. Bundan sonra o, prezidentə ərizə yazdı. Xahiş edirəm, Tahirə xanımın ərizəsinə baxın.

Haşiyə:
A.Nağıyev rəhmətlik Tahirə xanım Bünyadovanın sağlığında ərinin qatili üçün prezidentə ünvanlandığı əfv müraciətini təqdim edir. Böyük ürək sahibi olan akademikin xanımı yazıb: “Həyat yoldaşımın ölümündə iştirakçı kimi təqsirli bilinən Nağıyev Nizami Adil oğlunun ən ağır cəzaya – ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi məni daim narahat edir. Düşünürəm ki, belə bir vəziyyətdə Ziya Bünyadov özü necə davranar və hansı qərarı qəbul edərdi?! Mənə elə gəlir ki, Ziya Nizami Nağıyevi bağışlayardı. Ən qatı günahları Ulu Tanrı bağışlayırsa və bağışlamaq böyüklük əlamətidirsə, mən 14 ildir Qobustan həbsxanasında cəza çəkən Nağıyev Nizami Adil oğlunu bağışlayıram!
Hörmətli cənab prezident!
Nağıyev Nizami Adil oğlunu bağışlayıb əfv edərək cəzasını yüngülləşdirməyinizi Sizdən xahiş edirəm”.

– Adil müəllim, 10 ildən sonra oğlunuzla həbsxanadakı ilk görüşü necə xatırlayırsınız?

– Oğlum mənimlə goruşməyə qorxurdu, tərəddüd edirdi və bunu mənə deməyə risk eləmirdi. 10 ildən sonra görüşəndən sonra dedim, ayə, kişiliyin olsun, sən burda çürüyürsən, mənə düzünü de. Yoxsa mən də orda-burda deyirəm ki, mənim oğlumun günahı yoxdur. Axı sən hacısan, namaz qılansan – özü də orda namaz qılıb, oruc tutur – ondan sonra açıb mənə düzünü deyib. Mən bilməmişəm. O vaxt məni yuxarı təşkilatlara çox çağırdılar ki, düzünü danış. Dedim, vallah, əgər bu qətli oğlum törədibsə, güllələyin, mənə elə oğul lazım deyil. Həqiqətən də sən 75 yaşlı qoca kişiyə qarşı niyə belə edəsən?

– Dediniz ki, 10 ildən sonra həqiqəti öyrənə bilmişsiniz. Amma artıq 18 il keçib, bəs bu vaxta kimi niyə həqiqəti açmadınız?

– Mən o görüşdən sonra bu məsələni açmaq fikrindəydim. Bir gün cənab prezident İlham Əliyev bulvarda gəzirdi. Neçənci il olduğunu xatırlamıram. Allah elədi, mən onunla üz-üzə çıxdım, görüşdüm. O, məni tanıdı. Mən bu məsələni prezidentə açmaq istəyirdim. Dedim, cənab prezident, siz nə mənim oğlumu bağışlayın, nə də azad edin, əsl həqiqəti mən sizə demək istəyirəm. Həmin görüşdə onun üzündən öpdüm, qəzetlər şəklimizi çəkdilər. Mən bu sözü prezidentimə deyə bilərdim, başqasına yox. Prezident Vaqif Axundova tapşırdı. O da adımı, telefonumu yazdı, məni onsuz da tanıyırdı. O vaxt yanında Hacıbala Abutalıbov, daxili işlər nazirinin müavini, general Oruc Zalov, BŞBP-nin rəisi Məhərrəm Əliyev də var idi. Sonra isə məni qəbul etmədilər, qoymadılar. Mən Ziya Bünyadovun xanımına dediyim sözü ona deyəcəkdim.

– Yəni bu sözləri ilk dəfədir bizə deyirsiniz?

– Bəli, heç yanda açıb-eləməmişəm, heç kəsə deməmişəm. İndi kim nə deyir-desin. Deyəcəklər Adilə kimsə təzyiq elədi. Mənə heç kəs təzyiq edə bilməz. Mən elə şəxsiyyətəm ki, təzyiqi qəbul etmirəm, heç kəsdən də qorxmuram, çəkinmirəm. Sadəcə olaraq, ürəyim əməliyyat olunduğuna görə, öləcəyəm deyə, qoy açılsın. Niyə sirr olaraq qalsın ki? Bəzi adamlar da bu faktdan istifadə edirlər. Guya mənə canları yanır. Yalandır. Üzümə irişirlər ki, sən oğlunu. Bu, həqiqətdir. Onsuz da hökumət bunu bilir, desəm də, deməsəm də. Ziya Bünyadovun qətlinin ildönümü yaxınlaşdığına görə mən özümə borc bildim ki, sizin redaksiyaya gəlim, bunları deyim. Çünki sizin qəzeti hamı oxuyur, özüm də hər gün alıram, oxuyuram.

– Adil müəllim, indiyədək Ziya Bünyadovun məzarı üstünə gedibsiniz?

– Bəli, həyat yoldaşı ilə birgə getmişəm, bir dəstə də gül aparıb məzarı üstünə qoymuşam. Məni orda maraqlandıran bir şey var, məzarüstü abidənin ayağında gürzə ilanının şəklini çəkiblər. O gürzə gəlib Ziya Bünyadovun ayağından vurur. Mən hələ baş aça bilmirəm ki, o, nəyin rəmzidir, kimdir o gürzə ilan?

– Yəqin düşmənə işarədir.

– Bəlkə də. Bilmirəm. Demək, bu işin təşkilatçısı Tariyel Ramazanov, Cavanşir Aslanovdur. Əsas təşkilatçılarla sifarişçi “Nəsrullah” qaçıb, axtarırlar, tapa bilmirlər. Bir neçə nəfər var, onların hamısını buraxıblar. Mahir Zeynalova da ömürlük veriblər. Oğlumu cəlb eləyən Tarıyel Ramazanovdur, Allah onun evini yıxsın, bizi bu oyuna salan odur. Bizimki cavan oğlan olub, səhv edib, düşüb onların təsiri altına. Atası icra başçısı, qardaşları orqan işçiləri, bu, bizə lazım idi?!

– Çox ağır qətl törətmiş oğlunuzla bağlı indi istəyiniz nədir?

– 18 ildir yatır. Prezidentimizə inanıram, həmişə onu dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəyəm. Humanist şəxsiyyətdir, çox adamları həbsdən buraxıb. Əfv eləsin oğlumu. Heç olmasa ömürlüyü üstündən götürsün. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan, Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən xahiş edirəm, yoxlasınlar görsünlər mənim oğlum islah olunubmu? Özünü düz aparır, heç kəsə qoşulmur. Mənim nəslim başda olmaqla, biz Vedibasar camaatı həmişə prezidentin tərəfində olmuşuq. Mən icra başçısı işləyəndə Heydər Əliyev gecə saat 1-2-yə kimi işləyirdi. Biz qorxumuzdan heç yana tərpənə bilməzdik, oturub gözləyirdik, Prezident Aparatının təlimatçısına zəng edirdik ki, Heydər müəllim getdimi? Gedəndən sonra hamımız evə gedirdik. Heydər Əliyev Azərbaycan hökumətini qurdu. Allah ona rəhmət eləsin! Mən sizin qəzetə, şəxsən sənə söz verirəm, oğlumu əfv etsələr, azadlığa çıxsa, neçə ki, ölməmişəm, ailəmlə, gəlinlərimlə, oğullarımla, 13 nəvəm, 13 nəticəmlə bir yerdə gül götürəcəyəm, gedib Heydər Əliyevin məzarını ziyarət edəcəyəm, dua oxutduracağam və onun qəbrinin ayaqlarından öpüb, çıxıb gələcəyəm.

– Bəs Ziya Bünyadovun?

– Ziya Bünyadovun da məzarı üstünə gül qoyacağam. Mütləq. Məni Azərbaycana kim tanıtdı? Heydər Əliyev. Adi sovxoz direktoru idim. Məni indi bütün ölkə, bütün icra aparatı, bütün orqanlar tanıyır. Ona görə də mən ömrüm boyu ona sədaqətli olacağam. Bir şeyi də deyim. Mən Abşeron rayonunda YAP-ı yaradanlardan biriyəm. Xahiş edirəm, bunu da çəkin. (YAP üzvü olmasını təsdiqləyən vəsiqəni göstərir-red.) Bax, bu, Heydər Əliyevin imzasıdır, bu da mənim şəklim. Mən YAP-ın üzvüyəm, ölənə kimi də YAP-ın üzvü olacağam. Adamlar var vəzifədən çıxaranda əqidəsini dəyişir, amma mən ölənə kimi əqidəmi dəyişmərəm. Məni YAP-a zorla aparmayıblar ki. Mən YAP-ı sevmişəm, rayon təşkilatını yaratmışam.

Onu da demək istəyirəm ki, həyat yoldaşım xərçəng xəstəsidir, akademik Əhliman Əmiraslanov onu əməliyyat edib. Elə hey deyir, görəsən, ölmədən oğlumu görə biləcəyəm? Bu arzu ilə yaşayır. Özüm də ürəyim əməliyyat olunub, qocayam, çətin vəziyyətdə yaşayırıq, uşaqlarımız çətin vəziyyətdədir. Mən prezidentimizə inanıram. Mən Mehriban xanıma müraciət etmişəm. Mehriban xanım analar anasıdır, Tomris, Nüşabə kimi xanımlara bənzətmişəm onu, çox ağıllı qadındır, neçə dil bilir. Cənab prezident Davosda çıxış edirdi, nə qədər məntiqli danışırdı.

Nə etmək olar ki, qəzavü-qədər gələndə, faciələr olanda heç də adamın özündən soruşmur. Belə bir həyatı, belə bir taleni bizim ailə də yaşadı. 18 il bundan əvvəl akademik Ziya Bünyadovun qətli ilə əlaqədar oğlum həbs edildi və 18 ildir həbsxanadadır. Bu hadisə belə mənim Azərbaycana, dövlətçiliyimizə, ulu öndərimizə, qanunlarımızın aliliyinə olan hörmətimə zərrə qədər də xələl gətirmədi. Çünki mən özüm də yaranışdan qanuna hörmət ruhunda böyümüşəm. Qanun toxunulmazdır. Bütün bunlarla yanaşı, bir həqiqəti də demək lazımdır ki, qanunun bir tərəfi də humanizmlə bağlıdır. Məhz bu baxımdan oğlumun cinayətinə görə çəkdiyi 18 ili nəzərə alaraq, eyni zamanda mənim, həmçinin ağır xəstə olan ömür-gün yoldaşım Gülüstan xanımın, bütün ailə üzvlərimizin hamısının adından, cənab prezidentimizdən xahiş edirəm – onu da deyim ki, bu müraciəti edərkən mən cənab prezidentimizin ədalət və rəhminə sığınıram – oğlumu əfv etsin. Allah yardımçısı olsun!

Comments are closed, but trackbacks and pingbacks are open.