Press "Enter" to skip to content

Quran (V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi)/Yusif surəsi

77 (Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

“ÜÇRƏNGLİ BAYRAQ VƏ LENİNİN BÜSTÜ BİR YERDƏ OLA BİLMƏZ. ” – “Ziya Bünyadov Heydər Əliyevə dedi: Siz ağıllı adamsınız, bilirsiniz ki. ”

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır. Azərbaycan Respublikası gənclərinin birinci forumunda Ulu Öndər Heydər Əliyev çıxış edərək tarixi məsələlərə öz konseptual baxışını gənclərə çatdırır: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik”.

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünərilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.

Heydər Əliyev bu siyasətin zərgər dəqiqliyi ilə aparılması və ona həssas yanaşılmasını zəruri hesab edərək deyirdi: “Vəziyyət elə gətirmişdir ki, biz öz siyasətimizi sanki nazik bir sap üzərində yeridirik və istənilən anda xırdaca bir səhv nəticəsində hər şey alt-üst ola bilər. Ona görə də bu nazik tel üzrə addımlarımızı elə qurmalıyıq ki, nə xarici, nə də daxili təsirlər bizi büdrətməsin və planlaşdırdığımız işi yüksək səviyyədə axıra çatdıra bilək”. Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində parlamentin rolunu çox yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Heydər Əliyev parlamentdəki ilk çıxışı zamanı bütün bu problemlərə fərqli yanaşma sərgiləməklə tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü.

Tarixi varislik və yeni ideoloji konsepsiya

Sözügedən çıxışda Heydər Əliyev deyir: “İndi biz respublikamızın adını sovet sosialist sözlərdən azad etdik. Bəs indi biz hansı yeni siyasi quruluşu qəbul edirik? Məlum deyil. Yeni bayraq qəbul etdik. Fəqət, bu, heç də eyni bayraq deyil. O, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının milli dövlət bayrağıdır. Bu mühüm siyasi əhəmiyyət kəsb edən fakt nə üçün qeyd olunmadı?”

Rus tarixçisi, araşdırmaçı Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” adlı kitabında onun dövlətçilik düşüncəsinin ən zəruri konponentini təşkil edən milli təəssübkeşliyini səciyyələndirən bir hadisə barəsində qeyd edir. 1960-cı illərin sonunda SSRİ rəhbərliyi Vəli Axundovun yerinə yeni namizədlər axtarışına çıxır. Heç kimə sirr deyildi ki, o dövrdə ən parlaq namizəd məhz Heydər Əliyev idi. Belə bir vaxtda milli təəssübkeşlik bütün dövlət siyasətini beynəlmiləlçilik üzərində quran SSRİ rəhbərliyi üçün ən pis jest ola bilərdi və Heydər Əliyevin karyera yüksəlişinin üstündən xətt çəkmiş olardı. Lakin Heydər Əliyev üçün milli maraqlar həmişə öndə gedirdi. Sözügedən siyasi şəraitdə Azərbaycan DTK-sinə məlumat daxil olur ki, Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin elmi şurasında fövqəladə hadisə baş verib. Bəzi alimlər öz çıxışlarında iddia etmişdilər ki, Azərbaycan Rusiyaya heç də rəsmi sovet tarixşünaslığının öyrətdiyi kimi, könüllü birləşməmişdir. Bu əraziləri çar generalları silah gücünə qanlı çarpışmalarda zəbt etmişlər. Heydər Əliyev xidməti məlumatı oxuyur, gözlərinə inanmırdı. “Aranı qarışdıranlar” tanınmış tarixçilər M.İsmayılov, S.Əliyarov idilər. Xüsusən təəccüblü idi ki, hamı üçün sanki aydın olan bu faktları təkzib edən alimlər arasında Böyük Vətən müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da adı vardı. Qalmaqal universitet divarlarından kənara yayılmışdır. Kommunist Partiyasının Mərkəzi Komitəsinə və DTK-ya müraciət edən “xeyirxahlar” tələb edirdilər ki, həmin alimlərə, xüsusən də Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadova qarşı ən sərt tədbirlər görülsün. Bu ideoloji təxribata göz yummaq olmaz! Beş il əvvəl Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olmasının yubileyi ilə əlaqədar təntənəli tədbirlər keçirilmiş, respublikanı “Lenin” ordeni ilə təltif etmişdilər, indi isə gözlənilmədən belə bir xoşagəlməz hadisə baş verib. Heydər Əliyev “aranı qarışdıranlarla” söhbət etdi. Onlar tarixi mənbələr, o cümlədən Rusiya arxivlərindən olan sənədlər göstərdilər. Qaynaqlar sübut edirdi ki, alimlər doğru danışırlar.

– Heydər Əliyeviç, – Ziya Bunyadov dedi:

– Siz ki ağıllı adamsınız, bilirsiniz tarix siyasətdən nə ilə fərqlənir. Biz tarixi, yalnız tarixi tədqiq edirik. Müzakirələrsiz elm olmaz.

Əliyev çox şeyi, o cümlədən öz karyerasını təhlükə altında qoymuşdu. Bircə yanlış addım kifayət idi ki, bədxahları öz bildikləri kimi yozsunlar. Lakin ədalət hissi, öz xalqına məhəbbət üstün gəldi. Heydər Əliyev tapşırıq verdi ki, bu işi elmi mübahisələrə aid edərək bağlasınlar. Heydər Əliyevin dövlətçilik konsepsiyası milli dövlətçiliyə əsaslanırdı. Odur ki, onun dövlətçilik düşüncəsində ən vacib amil milli təəssübkeşlik idi.

Sonradan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olanda tam əsasla bəyan etmişdi ki, dövlət təhlükəsizliyi orqanlarında və Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələrdə işlədiyi zaman Azərbaycan xalqının milli maraqlarına zidd olan heç bir hərəkətə yol verməmişdir.

O, 1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti qarşısındakı çıxışında deyirdi: “Antisovet təbliğat və təşviqat üstündə heç vaxt bircə nəfəri də həbs etmədik, baxmayaraq ki, bizə təzyiq göstərmək cəhdləri olurdu”.

Əlbəttə, Heydər Əliyev sovet rejiminə inanmış və vicdanla, sədaqətlə xidmət etmişdir. O vaxtlar kim xidmət etmirdi ki? Lakin o biri müttəfiq respublikalarda yaradıcı ziyalıları yadfikirlilik üstündə amansızlıqla təqib edən bəzi həmkarlarından fərqli olaraq, Azərbaycan lideri tarixi hadisələr barədə, Moskvanın “yuxarıdan gələn” rəsmi versiyalarından fərqli fikir irəli sürənləri başa düşməyə çalışırdı. Nə qədər yasaq etsələr də, alternativ tarix həmişə mövcud olur, nəsildən-nəslə ötürülür. Bunu isə yalnız Heydər Əliyev kimi demokratik düşüncə sahibi olan insanlar düzgün dəyərləndirə bilərdi. Heydər Əliyevin parlamentdəki ilk çıxışına sözardı kimi verdiyimiz bu fikirlər onu göstərir ki, onun leksikonunda təsadüfi heç nə yoxdur. Qayıdaq parlamentdəki ilk çıxışa.

Üçrəngli bayraq və Lenin büstü bir yerdə ola bilməz

Heydər Əliyev aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolu tutmağa aydın ideoloji konsepsiya yaratmağa səsləyir. O, qeyd edir: “Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?”

Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanır. O, özünü ADR-nin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyir: “28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 may 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət, öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?”

Heydər Əliyevin müstəqil dövlət konsepsiyası tezisləri

Heydər Əliyev siyasi fəlsəfəsinin mayasını təşkil edən dövlət müstəqilliyi konsepsiyası onun həyat amalına çevrilmişdir. Biz gənclərə Heydər Əliyevi sevdirən də məhz bu ideoloji konsepsiya idi. Heydər Əliyevin parlamentdəki ilk çıxışı zamanı dövlət müstəqilliyi ilə bağlı irəli sürdüyü fikirləri həyəcansız dinləməmək mümkün deyildir. Heydər Əliyev deyirdi: “Bəziləri respublikamızın müstəqil, ittifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. İttifaqda olan respublikalar bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğuna görə onların ittifaqdan ayrı yaşamasının mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır.

Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin çıxışındakı bir çox müddəalarla mən razı deyiləm. Əgər reqlamentdən əlavə vaxt verilsə, onların əsassız olduğunu sübut edərəm.

İkincisi, dünyanın hər bir dövləti digər başqa dövlətlərlə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də ittifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliyə nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi ittifaqda olan respublikaların hər biri ilə, hətta ittifaq qalarsa, onunla da qarşılıqlı, bərabərhüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni ittifaq müqaviləsindən imtina etməsinə daha çox əsası var. Üç ildir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub. Lakin ittifaq dövləti bu vəziyyətin aradan qaldırılması üçün səmərəli tədbirlər görməyib”.

Burada bir məsələni qeyd etməyi özümə borc bilirəm. Heydər Əliyevin parlamentdə çıxışına mane olanlar, ona müstəqilliklə bağlı fikirlərini söyləmək üçün əlavə vaxt verməyərək öz riyakar hərəkətləri ilə respublika rəhbərliyinə yarınmaq istəyənlər sonralar onun haqqında cild-cild kitablar yazsalar da, onların səmimiyyətinə heç kim inanmadı.

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verdi

Heydər Əliyev respublika rəhbərliyinin ona olan riyakar münasibətini bildiyi üçün parlamentdəki ilk çıxışı zamanı, demək olar ki, Azərbaycan xalqını narahat edən bütün məsələlərə öz münasibətini bildirir. O, tarixi çıxışında deyir: “1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. Deputat Qarayevin məruzəsindəki məlumatlar buna tam əsas verir. Məsələnin müzakirəsinin təxirə salınması, uzadılması 20 Yanvar faciəsini ört-basdır etmək niyyəti kimi qəbul oluna bilər. Buna yol vermək olmaz.

Xalq deputatı kimi Bakıda bir ildən artıq müddətdə fövqəladə vəziyyətin hökm sürməsini başa düşə bilmirəm. Aydın deyil ki, sovet ordusunun qoşun hissələri kimi kimdən qoruyur.

Bəziləri deyir ki, 20 yanvarda Bakıya çağırılmamış qoşun hissələri gəlibdir. Əgər onlar, doğrudan da, çağırılmamışdılarsa, respublika dövləti öz suveren hüquqlarından istifadə edərək onları dərhal geri qaytarmalı idi. Lakin belə olmayıb. Əksinə, qoşunların Bakıda indiyə qədər saxlanılması zəruri hesab olunur.

Elmira Qafarovanın “Vətəndaş müharibəsi baş verər” sözləri ilə deputatları və xalqı qorxutması da əsassızdır. Anlamaq olmur: kim kiminlə müharibəyə hazırlaşıb? Bu, çox ciddi məsələdir. Əgər belə bir təhlükə varsa, məsələ Ali Sovetin sessiyasında müzakirə olunmalı, lazımi tədbir görülməlidir.

Sessiyanın gedişi bir daha göstərdi ki, Ali Sovetin qarşısında çox böyük və mürəkkəb vəzifələr durur. Lakin ən əsas vəzifə respublikanın ərazi bütövlüyünü bərpa etmək və xalqımızı erməni təcavüzündən qorumaqdır. Son illərdə Ermənistanda millətçi quldur birləşmələri tərəfindən güclü silahlı hərbi potensial yaranmışdır. Şübhə yoxdur ki, bu, Azərbaycana qarşı təcavüzkarlıq məqsədi daşıyır. Azərbaycan, xüsusən onun sərhədyanı rayonları təhlükə altındadır. Uzun müddətdir ki, Naxçıvan Muxtar Respublikasının əhalisi böyük narahatçılıq hissi keçirir. Ona görə sayıqsızlığa yol vermək olmaz. Respublikanın müstəqil müdafiəsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.

Yuxarıda qeyd edildiyi kimi, Heydər Əliyevin uzun illərdən sonra ilk dəfə parlament kürsüsündə xalqa müraciətini əks etdirən bu çıxış təkcə qəlbi müstəqillik eşqi ilə döyünən bir müdrik siyasətçinin çıxışı deyil, müstəqil dövlət konsepsiyası idi. Hesab edirəm ki, əliyevşünaslıq bu mövzuda akademik araşdırmalarını davam etdirməlidir.

Heydər Əliyev xalqı həmrəyliyə çağırdı

Heydər Əliyevi narahat edən məslələrdən biri də məhz xalqın birliyinin pozulması idi. O, bütün cidd-cəhdlə xalqı həmrəyliyə çağıraraq deyirdi: “Bunun üçün respublikada ümumxalq birliyinə nail olmaq lazımdır. Təəssüf ki, belə bir ağır dövrdə bəzi dairələr xalqı birləşdirmək əvəzinə onu parçalamağa, ayrı-ayrı regionları, rayonları, kəndləri, hətta ayrı-ayrı şəxsləri belə bir-birinə qarşı qoymağa cəhd edirlər. Bunun qabağı tezliklə alınmalıdır. Ümumxalq birliyi yaratmaq üçün Ali Sovet gərək öz mövqeyini aydın bildirsin, öz platformasını yaratsın.

Məlumdur ki, Sovet İttifaqı Kommunist Partiyasının bir hissəsi olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin platforması xalqı birləşdirə bilməz. O, xalq arasında nüfuzdan düşüb, bütün xalqın iradəsini təmsil etmir. Kommunist Partiyası hakimiyyətdən tamamilə imtina etməlidir. Yuxarıdan aşağıya qədər partiya komitələrinin katibləri eyni zamanda sovet orqanlarında rəhbər vəzifə tutmamalıdırlar”.

Gələcək müstəqil dövlətin prioritetlərinin elan olunması

Heydər Əliyevin dövlət müstəqilliyi konsepsiyasının ideoloji əsasını təşkil edən bu çıxış gələcək müstəqil dövlətin prioritetlərini elan edir. O, bildirir ki, demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidirlər. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olunmalıdır. Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyevin çıxışının son akkordları da məhz müstəqilliyə həsr edilmişdi. O, bu tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çaığırırdı: “Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.

Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvəllərində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb etməyə bilmir. Hələ Azərbaycanın Zaqafqaziya Seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyini, nicatımızın yalnız Rusiyada olmasını səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.Xoyski, N.Yusifbəyli Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yüsifbəyli deyirdi: “Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!” Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: “XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı”.

Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev tarixi şüura söykənir. Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. O, bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Cənab İlham Əliyev siyasi irsi yüksək qiymətləndirməklə sələfi olduğu Ümummilli Lider Heydər Əliyevin siyasi varislik fəlsəfəsinə hörmətlə yanaşmaqla gələcək nəsillərə gözəl nümunə verir: “Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq”.

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi, diplomat olan cənab İlham Əliyevin söylədiyi səciyyəvi fikirlər maraq doğurur: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq. Azərbaycanda bu siyasətin alternativi yoxdur”.

Bu siyasətin Azərbaycanda alternativi yoxdur. Azərbaycanın aydın gələcəyi yalnız bu müdrik siyasətlə bağlıdır.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Yusif surəsi

1 Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir!

2 (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) anlayasınız.

3 (Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.

4 Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”.

5 (Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.

6 (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”

7 Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.

8 Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

9 (Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”

10 Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.

11 Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən?

12 Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

13 (Yə’qub) dedi: “Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

14 Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.

15 (Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.

16 Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.

17 Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

18 Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

19 Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!

20 (Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.

21 (Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!

22 (Yusif gəncliyinin) ən yetkin dövründə (17,18,21,30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!

23 Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.

24 Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

25 (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

26 (Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.

27 Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.”

28 (Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”

29 Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.

30 Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.

31 (Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” – dedilər.

32 (Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

33 (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

34 Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!

35 (Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).

36 Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

37 (Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

38 Mən ata-babalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!

39 Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!

40 (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!

41 Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)

42 (Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.

43 (Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

44 Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər.

45 (Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”

46 (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”

47 (Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.

48 Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.

49 Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.

50 (Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

51 (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!”

52 (Yusif dedi:) “Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!

53 Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəfvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

54 Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, e’tibarlı bir şəxssən!” – dedi.

55 (Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə e’tibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”

56 Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.

57 İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.

58 (Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı.

59 (Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!

60 Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

61 (Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.

62 (Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

63 (Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

64 (Yə’qub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

65 Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”

66 (Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi.

67 (Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

68 Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!

69 Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”

70 (Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi.

71 (Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular.

72 Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” – (dedi).

73 (Yə’qubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

74 Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”

75 (Qardaşlar: ) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.

76 (Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

77 (Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

78 (Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

79 (Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

80 Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.

81 Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).

82 Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”

83 (Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”

84 (Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).

85 (Oğlanları Yə’quba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

86 (Yə’qub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!

87 Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

88 (Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”

89 (Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.

90 Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.

91 Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.

92 (Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)

93 Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”

94 Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!”

95 Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!” dedilər.

96 Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi.

97 (Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.

98 (Yə’qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

99 (Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.

100 (Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”

101 (Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

102 (Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!

103 Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!

104 Halbuki sən bundan (islamın təbliğı və imana də’vətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Qur’an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!

105 Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə’naları haqqında düşünməzlər).

106 Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).

107 Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?

108 (Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”

109 Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

110 Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!

111 (Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!

  • Yusif surəsi
  • Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

Comments are closed, but trackbacks and pingbacks are open.