Zülfiyyə veysova
– Özüm psixoloqam. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmişəm. 1980-1995-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ümumi psixologiya, psixodiaqnostika, psixoloji məsləhət və psixoterapiyadan dərs demişəm. 1989-cu ildən “Yaradıcı istedad” (indi “İnkişaf” adlanan) Respublika Elmi-Praktik Mərkəzinin aparıcı elmi işçisi kimi istedadlı uşaq və gənclərin seçilməsi, təhsili və inkişafı sahəsində elmi araşdırmalar aparıram. Eyni zamanda, 1991-ci ildən fəal (interaktiv) təlim metodologiyası üzrə, istedadlı uşaqların inkişafı və onlar üçün yeni təhsil modelinin yaradılması üzərində tədqiqatlar aparmışam. İstedadlı uşaqların inkişafı və təhsildə şəxsiyyətə yönəlmiş yanaşma üzrə tədqiqatların nəticəsində “İstedadlı uşaq” xüsusi təlim modeli və “Fəal/interaktiv təlim” konsepsiyası və metodologiyasını hazırlamışam. Bu metodologiya 2007-ci ildən ölkəmizdə ümumtəhsil məktəblərinin yeni fənn kurikulumlarında öz əksini tapıb və hazırda həyata keçirilir.
Bakı Avropa Liseyinin ölkə təhsilinin inkişafına çox böyük töhfələri olub – Zülfiyyə Veysova
Bakı Avropa Liseyi 1991-ci ilin sentyabr ayından fəaliyyət göstərir. 30 il ərzində lisey həmişə Azərbaycan təhsilinin flaqmanı kimi çıxış edib. Çünki bu lisey istedadlı uşaqlar üçün xüsusi innovativ məktəb kimi yaradılıb və Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan dövlət məktəbi kimi 30 il ərzində inkişaf edib.
Bu fikirləri Trend-in suallarını cavablandırarkən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova bildirib.
O qeyd edib ki, post-sovet məkanında ilk dəfə Bakı Avropa liseyində ən mühüm pedaqoji -psixiloji yanaşmalar tətbiq olunub. Sonradan bu cür innovasiyalar respublikanın təhsil islahatında öz əksini tapıb.
“Lisey yaranan dövr çox ağır bir zaman idi. Çətin bir şəraitdə bu liseyi yaradarkən Azərbaycanın gələcəyini düşünürdük. Ölkəmizin müstəqil dövründə intellektual təbəqə vacib olacaqdı və biz bu təbəqəni lisey sayəsində yaratmağa başladıq. 30 il ərzində bu nəticəyə nail ola bildik. Bizim məzunlarımız ən reytinqli universitetlərinin tam təqaüdlü tələbələri olublar. Liseyin şagirdləri, həmçinin xarici ölkələrdə keçirilən olimpiadalarda qalib olurlar. Biz bununla Azərbaycanın da adını yüksəldirik. Bakı Avropa Liseyinin ölkənin təhsilinin inkişafına çox böyük töhfələri olub. İlk növbədə, qeyd etmək istərdim ki, lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüskarı kimi tanınır. Misal üçün, şəxsiyyətə yönəlmiş tədris yanaşması 1991-ci ildən liseydə tətbiq olunur. Daha sonra məktəbin idarəçiliyində demokratik metodlar mühüm bir məsələdir ki, biz ilk dəfə Azərbaycanda valideyn-müəllim assosiyasiyasını yaratdıq”, – deyə o əlavə edib.
Z.Veysova, həmçinin bildirib ki, Bakı Avropa Liseyi elektron məktəb kimi tanınır.
“Elektron məktəb layihəsi olmayanda biz ilk dəfə 90-cı illərdə artıq İKT texnologiyalarını tədris prosesində istifadə etməyə başladıq. Bizim liseyin şagirdləri vətənpərvər ruhda yetişdirilir. Onların bir qismi xaricdə təhsil alsalar da, bəzisi ölkəyə qayıdır, orada qalanlar isə daim ölkəmizin adını, bayrağını yüksəldir. Bizim məzunlarımız Azərbaycanın gələcəyini təmin edən mütəxəssislərdən ibarətdir. Məzunlarımız arasında hazırda nazirlər, nazir müavinlərimiz var. Bütün bunları yaradan bizim müəllimlərimizdir. Doğrudan da onlar çalışırlar ki, öz biliklərini şagirdlərə ən yüksək səviyyədə çatdırsınlar. Bəzən şayiələr yayılır ki, Bakı Avropa liseyinə qəbul prosesi çox çətindir. Lakin bildirmək istəyirəm ki, lisey 30 il ərzində çox demokratik üsulla istedadlı uşaqları seçir. Hər bir uşağa fərdi yanaşma tətbiq olunur və biz hər il bunun üzərində çalışırıq. Lisey çox çətin bir zamanda yaradılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bizim arzuladığımız, müasir tələblərə cavab verən tədris binası inşa edilib bizə verildi. Bu il bizim üçün çox xoşbəxt bir ildir, çünki liseyin 30 illiyi ölkəmizin qələbə qazandığı bir ilə təsadüf edir”,- deyə o əlavə edib.
Zülfiyyə veysova
Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin
aparıcı elmi işçisi
İş telefonu: +99412 497 10 81
QISA BİOQRAFİK MƏLUMAT
Bakı şəhərinin 203 saylı məktəbi 1975-ci ildə bitirib.
1975-1980-ci illlərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsində, psixoloq, müəllim psixoloq ixtisas üzrə
oxumuşdur.
1982-1985 illərdə ADU-nin pedaqogika və psixologiya kafedrasının aspiranturasının əyani şöbəsində oxumuşdur.
1988-ci ilin fevral ayında Tiflis şəhərində Uznadze adına Psixoloji İnstitutunda müdafiə olunub, psixologiya elmləri namizədi adına layiq
1980-1990 ci illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogika kafedrasında ştat müəllimi, 1990-1995-ci ildə kafedranın saat hesabı müəllimi kimi işləyib. 1989-cu ildən bu vaxta qədər Bakı Dövlət Universiteti nəzdində “İnkişaf”
Elmi-Praktik Mərkəzinin aparıcı elmi işçisi kimi çalışır
1993-2005-ci, 2015-2018-ci illərdə Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-2015-ci illərdə Liseyin direktoru kimi çalışıb. 2018-ci il sentyabr ayında yenidən bu liseyinin direktoru vəzifəsinə təyin olunub.
Evlidir, 2 uşağı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Psixologiya üzrə fəlsəfə doktoru
1980 – Azərbaycan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.
Yanvar 1986-iyun 1990 – ADU-nin pedaqogika və psixologiya kafedrasdında çalışırdı.
Iyun 1990- dekabr 1999- ADU-nin nəzdində fəaliyyət göstərən “Yaradıcı istedad” Respublika Elmi-Praktik Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışırdı.
1999 cu ildən Təhsil Sahəsində İslahat Proqramında iştirak etməyə başlamışdı: əvvəl milli məsləhətçi vəzifəsində, sonralar isə 1999-cu ilin sentyabr ayindan Layihəni İdarəetmə Qrupunun təhsil üzrə mütəxəssisi kimi fəaliyyət göstərmişdi.
1999 cu ildən – bu günədək Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinidə aparıcı elmi işçi vəzifəsində ictimai əsaslarla işləyir.
2001-ci ilin avqust ayından noyabr ayınadək Müasir Təhsil Kompleksinin İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışırdı.
2008-20170 ci illərdə Özbəkistan, Türkmənistan, Küveyt, Türkiyə dövlətlərin Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Şurası tərəfindən maliyyələşdirilən təhsil layihələrində beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir:
- 2009-ci – illərdə Özbəkistanda, Asiya İnkişaf Bankının Təhsil Sektorunun İnkişafı Layihəsində baş beynəlxalq məsləhətçi,
- 2010-2012 ci illərdə Avropa Komissiyasının “Turkmənistanda təhsil sisteminin müasirləşdirilməsinin dəstəyi” layihəsi çərçivəsində təhsil işçilərinin ixtisasının artırılması məsələlər üzrə baş beynəlxalq məsləhətçi,
- 2013-2017-ci illərdə Küveytdə müəllim peşəkarlığının inkişafı üzrə Dünya Bankı beynəlxalq məsləhətçi,
- 2015-2017-ci illərdə Türkiyada “Qızlar üçün məktəbə qatılma nisbətlərinin artırılması” Layihəsində Avropa Şurasının baş ynəlxalq məsləhətçi.
1993 – 2005, 2015-2018-ci illərdə Bakı Avropa Liseyində ictimai əsaslarla elmi rəhbər vəzivəsində çalışırdı.
2005-2015-ci illərdə, 2018-ci il bu günədək Bakı Avropa Liseyində direktor vəzivəsində işləyir.
Z.Veysova Azərbaycanın və digər ölkələrin (Türkmənistan, Küveyt) təhsil sahəsində dövlət siyasətinin, proqramların və idarəçilik prinsiplərinin formalaşmasında iştirak edib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı yaradan işçi qrupun üzvü olmuşdur. Azərbaycan üçün “Müəllim standartları” sənədini yaradan işçi qrupuna rəhbərlik etmişdir.Z.Veysova 2007-ci ildən “Kurikulum” jurnalının redaksiya heyətinin üzvüdür.
Z. Veysovanın xüsusi peşə maraqlarından biri istedadlı uşaq və gənclərin inkişafı və təhsilidir. O, Bakı Avropa Liseyinin təhsil modelinin və Liseydə həyata keçirilən bir sıra təhsil üzrə innovasiyaların müəllifidir. 1993-cü ildən Z.Veysova Bakı Avropa Liseyində Azərbaycanda yeganə olaraq istedadlı uşaqlar üçün innovativ fənlərarası təlim inkişafedici proqramını tətbiq edir. O, həmçinin ümumi təhsil məktəbləri üçün 2 orijinal qiymətləndirmə sistemlərinin müəllifidir. Zülfiyyə Veysova 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuş , 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüşdür.
TƏDRİS ETDİYİ FƏNLƏR
1980-1995-ci illərdə ümumi psixologiya, psixodiaqnostika, psixoloji məsləhət və psixoterapiya və s. kursları tədris edib.
Z.Veysova 1989-cu ildən istedadlı uşaq və gənclərin seçilməsi, təhsili və inkişafı sahəsində elmi araşdırmalar həyata keçirir. Eyni zamanda o 1991-cü ildən fəal/interaktiv təlim üzrə və istedadlı uşaqlar üçün yeni təhsil modeli üzərində təqiqatlar aparır. İstedadlı uşaq inkişafı və təhsildə şəxsiyyətə yönəlmiş yanaşma üzrə tədqiqatların nəticəsində “İstedadlı uşaq” xüsusi təlim modeli və “Fəal/interaktiv təlim” konsepsiyası və metodologiyasını hazırlayıb. “İstedadlı uşaq” modeli 1993-cü ildən Bakı Avropa Liseyində tətbiq olunur, “Fəal/interaktiv təlim” metodologiyası isə 2007-ci ildən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərin yeni kurikulumda öz əksini tapıb və hal-hazırda həyata keçirilir.
Z.Veysova Azərbaycanda ilk dəfə Bakı Avropa Liseyində fəal/interaktiv təlim metodologiyasının tətbiqinə başlamışdır. O, fəal/interaktiv təlim üzrə bütün təhsil təbəqələrində işləyən müəllim heyəti üçün onlarla treninqlər keçirib və fəal/interaktiv təlim üzrə ölkədə aparıcı olan, səriştəli təlimçilər hazırlayıb. 2007-ci ildə UNİCEF tərəfindən Z.Veysovanın müəllifliyi ilə nəşr olunmuş “Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait” respublikada müasir tədris metodologiya üzrə müəllimlər tərəfindən ən çox istifadə olunan resurs kimi işlənilir. Bununla yanaşı Z.Veysova çoxlu sayda fəal/interaktiv təlim və yeni kurikulum üzrə metodik materiallar, dərs vəsaiti və topluları, treninq proqramları, treninq vəsaitləri və materialları hazırlamış və onlar UNİCEF-in, Dünya Bankının, Norvec Qaçqınlar Şurası, Avropa Şurası tərəfindən dərc olunmuş və bütün respublika üzrə və digər ölkələrdə müəllimlər üçün treninqlərdə istifadə olunmuşdur. Z.Veysovanın fəal/interaktiv təlim üzrə yanaşması yeni fənn kurikulumlarında təlim strategiyalarının əsasını təşkil etmişdir. Z.Veysova həmçinin ibtidai siniflər üçün “Ana dili” dərsliklərinin və müəllimlər üçün metodiki vəsaitlərin müəllifidir.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
Son illərdə xarici ölkərədə beynəlxalq məsləhətçi kimi çalışıb, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda, Kuveytdə, Türkiyada onlarla treninq və seminarları keçirib.
Son illərdə iştirak etdiyi konfranslardan:
- Veysova Z. “Design of developmental learning environment in the Baku European Lyceum”, 2 nd International Conference “Excellence: Education and Human Development”, September 9-12 September, 2010, Braga, Portugal
- “Evaluation Of “Learning-To-Learn” Metacompetency Using Active Learning And Authentic Assessment Tools”, 40th Annual Conference of IAEA – The International Association for Educational Assessment, Singapore, 2014
- Вейсова З. Мегапроект World Wide Diplomacy или Дипломатия без границ: формирование культуры диалога в контексте диалога культур, Конференция ЮНЕСКО по теме «Диалог цивилизаций и межкультурное сотрудничество», Москва, 14-15 Мая, 2015
- Всероссийский сетевой форум с международным участием «Национальная стратегия действий в интересах детей: навстречу десятилетию детства», Москва, 13 – 14 ноября 2017 г. Выступление на дискуссионной площадке «Настоящее и будущее одаренных детей».
- “Strategizing Education Development: Reflections and Way Forward” International
Education Conference, ADA, Baku, June 7-8, 2018
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Z.Veysova 200-dən çox məqalənin, 9 dərs vəsaitinin, 1 Dövlət proqramının müəllifidir. Son 10 ilin əsərlərin bir hissəsi:
- Z.Veysova. Fəal /interaktiv təlim: müəllimlər üçün vəsait. UNİCEF, 2007,154 səh.
- Z.Veysova. Fəal/interaktiv təlim üçün tapşırıqların hazırlanması. Tapşırıq halqaları modeli. “Kurikulum” Elmi-Metodik Jurnalı, №2, 2013 , səh 62-78.
- Z.Veysova . Dərs üçün fəal metodu necə seçmək olar: fəal / interaktiv metodların təsnifatına yeni yanaşma, “Kurikulum” Elmi-Metodik Jurnal, №3, 2012, s.20-26.
- Z.Veysova. Təhsil İslahatı: miflər və reallıq. “Kurikulum” Elmi-Metodik Jurnal, №4, 2014, səh 5-16.
- Z.Veysova. “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim” kursu. Metodik vəsait, I hissə UNICEF və Dünya Bankı, Bakı, 2012, 88səh.
- З.Вейсова. Как выбрать активный метод для урока: новый подход к классификации методов активного обучения. “Kurikulum” Elmi-Metodik Jurnal, №4, 2012, s.30-36.
- З.Вейсова. Метакомпетенция «освоение навыков обучения» и аутентичный подход к ее оцениванию. “Kurikulum” Elmi-Metodik Jurnal, № 2, 2014, səh.40-48.
- “Səmərəli mentorluq kurikulumun tətbiqind”,2015, 100 səh.
- “Müəllimlərin peşə standartları və Azərbaycanda pedaqoji kadrların peşəkar inkişafı strategiyası” “Kurikulum” Elmi-Metodik Jurnalı,cild 9, №1,2016, səh 5-11
- “Azərbaycanda müəllimlərin peşə ehtiyaclarının öyrənilməsi və müəllim üçün peşəkar kursların kataloqu” “Kurikulum” Elmi-Metodik Jurnalı,cild 9, №2,2016, səh 5-11
- « Как помочь ребенку преодолеть баръеры в обучении: из практики психологической помощи» (часть I) “Kurikulum” Elmi-Metodik Jurnalı,cild 8, №4, 2015, səh 68-71
- « Как помочь ребенку преодолеть баръеры в обучении: из практики психологической помощи» (часть II) “Kurikulum” Elmi-Metodik Jurnalı,cild 9, №3,2016, səh 50-56
- “Məktəb əsaslı müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz artırılmasının «dəstəkləyici rəhbərlik» modeli”, “Kurikulum” Elmi-Metodik Jurnalı,cild 9, №2,2017, səh 5-11
Zülfiyyə Veysova: Bakı Avropa Liseyi – gələcəyi yaradanların məkanıdır
Azərbaycanın nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Avropa Liseyi 30 illik yubileyini qeyd edir. Bu lisey Azərbaycan təhsilində yeniliklərin təşəbbüsçüsü və islahatların avanqardı kimi tanınır. Liseyin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova AZƏRTAC-a müsahibəsində təhsil ocağının fəaliyyəti, nailiyyətləri və tətbiq etdiyi yeniliklərlə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.
-Zülfiyyə xanım, öncə sizi Bakı Avropa Liseyinin 30 yaşının tamam olması münasibətilə təbrik edir və işlərinizdə uğurlar arzulayırıq. Necə düşünürsünüz, Bakı Avropa Liseyi ötən illər ərzində qarşıya qoyulan məqsədlərə nail ola bilibmi?
– Təbrikiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə nail olmuşuq, amma həyata keçirmək arzusunda olduğumuz planlar hələ çoxdur. Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir və hər il məzunlarımız 100 faizlə həm respublikada, həm də xarici ölkələrdə dünyanın ən nüfuzlu universitetlərinə yüksək balla qəbul olur, təqaüd qazanırlar.
Xatırladım ki, liseyin əsası 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzdində yaradılan “Yaradıcı istedad” (indi “İnkişaf” adlanan) Respublika Elmi-Praktik Mərkəzinin (REPM) və respublikada ilk qeyri-hökumət təşkilatlarından biri olan “İstedad” Azərbaycan Assosiasiyasının fəaliyyəti ilə qoyulub. Bu təşkilatların məqsədi istedadlı uşaqların axtarışı, onların təhsilinə və inkişafına şərait yaradılması, qabaqcıl elmi nailiyyətlərlə və texnologiyalarla tanış edilməsi, bazar iqtisadiyyatı şəraitində yeni bacarıqların formalaşdırılması idi. 1991-ci ilin sentyabrında Təhsil Nazirliyinin dəstəyi ilə “Yaradıcı istedad” REPM-nin direktoru Rəna İbrahimbəyova və mərhum pedaqoq Rəhim Hüseynov tərəfindən yaradılmış “Avropa məktəbi” təhsil modeli əsasında Bakı Avropa Liseyi fəaliyyətə başladı. 1993-cü ildə isə müəllifi olduğum “İstedadlı uşaq” təlim modeli yaradıldı və “Avropa məktəbi” modeli ilə yanaşı, liseydə tətbiq olunmağa başladı. Onu da vurğulamaq istəyirəm ki, bu işdə elmi-metodiki cəhətdən liseyin bu günə qədər işinə rəhbərlik edən və BDU-nun nəzdində fəaliyyət göstərən “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin töhfələri danılmazdır.
Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən, eyni zamanda, Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmış “Bakı Avropa Liseyi” təhsil modeli bu gün də uğurla tətbiq olunur. Əsas məqsəd istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması, ümumi inkişafı, onların şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılmasıdır. Liseyin qarşısında duran vəzifələrə şagirdlərdə XXI əsrdə ehtiyac duyulan kompetensiyaları, ömürboyu öyrənməni və cəmiyyətin məhsuldar üzvü olmaq üçün vacib olan qabiliyyətləri inkişaf etdirmək, bu istiqamətdə müvafiq imkanların və yolların təmin edilməsini həyata keçirmək daxildir. Hesab edirəm ki, Bakı Avropa Liseyi qarşıya qoyulan məqsədə nail ola bilib və biz hər il qarşıya yeni hədəflər qoyub liseyimizi inkişaf etdiririk.
– İnnovasiyalar və yeniliklərin tətbiqi liseyə böyük uğur gətirib. Bu modellərin fərqlilikləri və üstünlükləri nədən ibarətdir?
– Bizim dünya psixologiya və pedaqogika elmləri sahəsində ən yeni nailiyyətləri özündə əks etdirən özəl təhsil modelimiz var. Qeyd etdiyim kimi, liseyin unikal təhsil modelində iki müasir (“Avropa məktəbi” və “İstedadlı uşaq”), yerli şəraitə uyğunlaşan və inkişaf edən təlim modellərinin sintezi durur. Bu modelin əsasında qurulan təhsilin Azərbaycandakı başqa məktəblərdən fərqləndirən bir sıra səciyyəvi xüsusiyyətləri var.
Liseyimizdə istedadlı şagirdlərə yönəlmiş təlimin məzmununun və xüsusi inkişafedici təlim mühitinin yaradılması prosesi həyata keçirilir. Azərbaycanda ilk dəfə olaraq şagirdlərin şəxsiyyətinin, onların XXI əsrin kompetensiyalarının və metakoqnitiv bacarıqlarının inkişafına yönəlmiş və qabiliyyətlərinin üzə çıxarılmasına dəstək verən təhsil yanaşması tətbiq olunub. Məqsədlərimizə tədris proqramlarının səmərəli təşkili və məktəbdənkənar fəaliyyətlərin geniş şəkildə tətbiqi vasitəsilə nail oluruq. Liseyin hər iki fəaliyyət istiqaməti bir vəhdət təşkil edir və şagirdləri hərtərəfli inkişafa sövq edir.
Ötən 30 il ərzində liseydə inkişafedici kurikulumun məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, təlim yanaşmaları, metodologiya və texnologiyalar, xüsusi inkişafedici təlim mühiti, idarəetmənin demokratik üsulları, müəllimlərin məktəb əsaslı dəstəkləyici peşəkarlıq səviyyəsinin artırılması sahələrində 20-dən çox innovasiya tətbiq edilib.
Liseyin təhsil yanaşmalarında Fənlərarası Təlim (FAT) Proqramını qeyd etmək istəyirəm. Biz 1993-1994-cü tədris ilindən etibarən dünyada ən səmərəli sayılan inteqrativ təhsildən istifadə edirik. I-IX siniflərdə tətbiq edilən bu innovativ, inkişafedici fəlsəfi proqram dünyada tanınmış Amerika psixoloqu Sandra Kaplan tərəfindən hazırlanıb və Rusiya psixoloqu Natalya Şumakova tərəfindən təkmilləşdirilib. Azərbaycanda bu proqramın tətbiqi və inkişafı mənim və həmkarlarım tərəfindən davam etdirilib. FAT proqramı istedadlı uşaqlar üçün hazırlanıb və inteqrativ təhsil yanaşmasının ən mürəkkəb və ən müasir proqramlarından biridir. Proqram yalnız ABŞ, Rusiya və Azərbaycanda tam şəkildə tətbiq olunur. Hətta təhsil sistemi ilə dünyada tanınan Finlandiyada tətbiq olunan inteqrativ yanaşma bizdən sonra tətbiq olunmağa başlanıb.
Məzunlarımızın fikrincə, FAT proqramında onlar yeni qlobal düşünmə tərzi, tənqidi və yaradıcı təfəkkür qabiliyyəti, elmi-tədqiqat və məlumatla işləmək, öz fikirlərini təqdim və müdafiə etmək, problemi həll etmək və səmərəli qərar çıxarmaq bacarıqlarını, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərini əldə ediblər. Onların bir sıra şəxsi keyfiyyətləri – işgüzarlıq və hər zaman öz üzərində işləmək, daha yüksək nailiyyətlər qazanmaq həvəsləri həm FAT Proqramının tətbiqi, həm də liseydə tədris proqramlarının yüksək səviyyədə həyata keçirilməsinin, xüsusi inkişafedici təlim mühitinin yaradılmasının nəticəsidir.
Bakı Avropa Liseyində ilk dəfə şəxsiyyətyönümlü təhsil yanaşması həyata keçirilib, fəal (interaktiv) təlim metodlarının tətbiqinə başlanılıb, istedadlı uşaqlar üçün nəzərdə tutulmuş diferensiallaşdırılmış tədris proqramları işlənib-hazırlanıb. Liseydə ilk dəfə tədris prosesi semestrlərə bölünüb, bilik və bacarıqların qiymətləndirilməsi üçün 100 ballıq diferensial qiymətləndirmə və eyni zamanda, bonus sistemi, formativ qiymətləndirmə tətbiq edilib. Təhsil sisteminin təşkili və idarə edilməsi tam psixoloji əsaslarla və demokratik şəkildə qurulması Azərbaycanda ilk dəfə məhz Bakı Avropa Liseyində tətbiq olunub.
– Bakı Avropa Liseyi innovasiyalar yaratmağa müvəffəq olan Azərbaycan təhsilinin brendidir. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.
– Liseyimiz hər zaman yenilikləri, təhsildə innovasiyaları ilə liderliyini qoruyub saxlayır. Mən yalnız bir sahəyə toxunmaq istəyirəm, bu da liseydə yaradılmış bir sıra yeni məktəb icmalarıdır: “Kiçik Elmlər Akademiyası”, “Birləşmiş Liseyistlər Təşkilatı”, “Valideyn-Müəllim Assosiasiyası”, “ICT Masters” Təşkilatı, “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi, “Debat” klubu, “Evrika” İntellektual oyunlar klubu, Kinoməktəb, “Gənc liderlər klubu”. Bu icmalar liseyistlərin müxtəlif inkişaf sahələrini əhatə edir və bununla yeni psixoloji və pedaqoji ideyaları elm və praktikanın vəhdəti əsasında sistemli və mütəmadi şəkildə tətbiqini təmin edir.
2000-ci ildən fəaliyyət göstərən “Kiçik Elmlər Akademiyası” şagirdlərin istənilən bilik sahəsi və mövzuda elmi iş yazmaqlarını dəstəkləyir. Məqsədimiz şagirdlərin FAT proqramında birinci sinifdən formalaşan elmi tədqiqat bacarıqlarının inkişafı və XXI əsrin kompetensiyalarının formalaşdırılmasıdır. Bu sıraya, ilk növbədə, məlumatlarla işləmək, elmi araşdırmalar aparmaq, sərbəst fikir yürütmək, öz fikrini çatdırmaq, özünü təsdiqləmək, komandada işləmək, öyrənməyi öyrənmək qabiliyyətləri aiddir. Davranış mədəniyyətinin inkişafını da buraya əlavə etsək, deyə bilərik ki, KEA-nın fəaliyyəti elmi əsaslarla qurulmuş kompleks təlim-tərbiyə sistemini təmin edir. Bu model Təhsil Nazirliyi tərəfindən bəyənilərək digər məktəblərdə də tətbiq olunur. Akademiyanın üzvlərindən bir neçəsi hazırda Kanada, Fransa, Almaniya və digər ölkələrdə öz ixtiraları və elmi nəticələri ilə Azərbaycanı layiqincə təqdim edirlər. Artıq gənc akademiklərin sayı 238 nəfərə çatıb və bu il də artırılacaqdır. Bəlkə də illər keçər və onların sırasından Azərbaycanın Nobel mükafatını alan alimi görəcəyik. Hər halda mən bunu çox arzulayıram.
2007-ci ildən fəaliyyət göstərən “Birləşmiş Liseyistlər Təşkilatı” (BLT) V-VIII sinifləri əhatə edir və uşaqların şəxsiyyətinin inkişafı üçün yeni sosial şərait yaradır. BLT-nın köməyilə şagirdlər müxtəlif özünüidarəetmə fəaliyyət növlərini həyata keçirir, əməkdaşlıq və innovasiya sahəsində təcrübə toplayırlar. Təşkilatda hər sinif bir ölkə kimi çıxış edir və özünün prezidenti, vitse-prezidenti, baş naziri, nazirlər kabineti olur. Hər təşkilat özünün adı, devizi, bayrağı, gerbi və himninə malikdir. Burada uşaqlara idarəçilik prinsipləri öyrədilir. Şagirdlər əməkdaşlıq əlaqələrinin qurulması, münaqişələrin həlli yollarını öyrənib tətbiq edirlər. Bu prosesdə istedadlı, yaradıcı şagirdlər öz imkanlarını öyrənir, qabiliyyətlərini göstərir və gələcək həyat üçün yeni səriştələr qazanır.
Təşkilatda əldə etdiyi kompetensiyaların nəticəsi kimi bir misal da gətirmək istərdim. Bizim liseyin şagirdləri Avropada ilk dəfə Avropa Gənclər Parlamenti (AGP) (Youth European Parlament) təşkilatının məktəb səviyyəsində yaradılması təşəbbüsü ilə Avropa Parlamentinə müraciət etdilər. Müraciət əsasında 2013-cü ildə liseyimizdə bu təşəbbüslə əlaqədar qonaq olan Avropa Parlamentinin nümayəndəsi şagirdlər üçün yaradılan inkişafedici şəraitdən məmnun qaldı və liseyistlərin təşəbbüsünü dəstəklədi. O təsdiqlədi ki, Avropada AGP təşkilatı tələbə və gənclər üçün mövcuddur, amma məktəblilərin bu təşkilatda iştirak etmək istəməsi Avropa üçün bir yenilikdir. 2014-cü ilin yazından Azərbaycan AGP-i Avropa təşkilatının öhdəliklərinə malik tamhüquqlu rəsmi üzvü kimi tanınıb. Şagirdlərimizin təşkilatçılığı ilə Azərbaycan AGP-nin təsis və regional konfransları həyata keçirildi. Bu təşkilatda təcrübə keçən şagirdlərimiz bir neçə il ölkəmizin AGP-nin rəhbəri olub və ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Bakı Avropa Liseyinin fərqləndirici cəhəti onun demokratik idarə edilən təlim mühitidir ki, burada şagird məktəbin idarə edilməsində və tədris prosesində bərabərhüquqlu iştirakçısıdır. Liseyin innovativ inkişafedici təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir.
Yeni nəslin intellektual inkişafının vacib hissəsi olan İKT üzrə bacarıqların inkişafı üçün liseydə müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan “ICT Masters Organization” şagird təşkilatını qeyd etmək istərdim. Təşkilatın yaradılmasına təkan 2012-2015-ci illərdə Bakı Avropa Liseyində həyata keçirilən UNESCO-nun “Gələcək üçün öyrənmə” beynəlxalq layihəsi olub. Bu təşkilatda şagirdlər İKT üzrə bilik və bacarıqlar, eyni zamanda, tyutorluq bacarıqları əldə edirlər. Təşkilat üzvləri həmin bacarıqları müxtəlif layihələrdə tətbiq edir, şagirdlərin özləri arasında təlimlər keçirirlər. Təşkilatın üzvləri beynəlxalq və milli layihələrdə özləri iştirak etməklə yanaşı, layihələrdə iştirak edən digər şagirdlərə də daim texniki dəstək göstərirlər.
Liseyin ən mühüm innovasiyalarından biri də Valideyn-Müəllim Assosiasiyasının (VMA) yaradılmasıdır. Bu qurum vasitəsilə valideynlər liseyin həyatında fəal iştirak edir və şagirdlərə lisey heyəti ilə əməkdaşlıqda töhfə verirlər. Hər il ən fəal valideyn və müəllimlər lisey həyatında iştirakına görə mükafatlandırılır. VMA modeli Təhsil Nazirliyi tərəfindən öyrənilib və bütün ölkənin məktəblərində fəaliyyət göstərilməsinə tövsiyə edilib və tətbiq olunub.
-Zülfiyyə xanım, təbii ki, liseyin qazandığı uğurlarda sizin kifayət qədər əməyiniz var. Siz həm də təhsil üzrə beynəlxalq ekspert kimi fəaliyyət göstərirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?
– Özüm psixoloqam. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmişəm. 1980-1995-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ümumi psixologiya, psixodiaqnostika, psixoloji məsləhət və psixoterapiyadan dərs demişəm. 1989-cu ildən “Yaradıcı istedad” (indi “İnkişaf” adlanan) Respublika Elmi-Praktik Mərkəzinin aparıcı elmi işçisi kimi istedadlı uşaq və gənclərin seçilməsi, təhsili və inkişafı sahəsində elmi araşdırmalar aparıram. Eyni zamanda, 1991-ci ildən fəal (interaktiv) təlim metodologiyası üzrə, istedadlı uşaqların inkişafı və onlar üçün yeni təhsil modelinin yaradılması üzərində tədqiqatlar aparmışam. İstedadlı uşaqların inkişafı və təhsildə şəxsiyyətə yönəlmiş yanaşma üzrə tədqiqatların nəticəsində “İstedadlı uşaq” xüsusi təlim modeli və “Fəal/interaktiv təlim” konsepsiyası və metodologiyasını hazırlamışam. Bu metodologiya 2007-ci ildən ölkəmizdə ümumtəhsil məktəblərinin yeni fənn kurikulumlarında öz əksini tapıb və hazırda həyata keçirilir.
2007-ci ildə UNICEF tərəfindən müəllifi olduğum “Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait” respublikada müasir tədris metodologiya üzrə müəllimlər tərəfindən ən çox istifadə olunan resurs kimi işlənilir. Bununla yanaşı, çoxlu sayda fəal/interaktiv təlim və yeni kurikulum üzrə metodik materiallar, dərs vəsaiti və topluları, treninq proqramları, treninq vəsaitləri və materialları hazırlamışam. Onlar UNICEF, Dünya Bankı, Norveç Qaçqınlar Şurası, Avropa Şurası tərəfindən dərc olunub və bütün respublika üzrə və digər ölkələrdə müəllimlər üçün treninqlərdə istifadə olunur. İbtidai siniflər üçün “Ana dili” dərsliyinin və müəllimlər üçün metodiki vəsaitlərin müəllifiyəm. Elmi maraqlarım və məsləhətçi fəaliyyətim, həmçinin məktəbəqədər təhsili, qiymətləndirmə metodologiyasını, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və məktəbin idarə edilməsi sahələrini əhatə edir. Hazırda liseyin tarixinə həsr olunmuş kitab üzərində işləyirəm.
Özbəkistan, Türkmənistan, Küveyt, Türkiyə dövlətlərində Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Şurası tərəfindən maliyyələşdirilən təhsil layihələrində beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişəm.
Bütün peşəkar fəaliyyətim şagirdlərin təhsili ilə bağlıdır. Uşaqlarla həm psixoloq, həm də pedaqoq kimi işləməyi çox sevirəm. Hər zaman çalışmışam ki, Azərbaycan şagirdləri, gəncləri seçilsinlər və dünyaya inteqrasiya edə bilsinlər. Həmçinin çalışmışam ki, elm və praktika sıx əlaqəli olsun və zənnimcə, buna nail olmuşam.
– Müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Dövlətimizin təhsilə diqqət və qayğısı barədə nə deyə bilərsiniz?
– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş təhsilin inkişafı üzrə Dövlət Strategiyasına görə, təhsildəki nailiyyətlər ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, daim rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə böyük töhfə verir.
Dövlətimizin təhsilə, məktəbə, müəllimə göstərdiyi qayğısı təhsil sisteminin inkişafı və bununla yanaşı, gənc kadr potensialının keyfiyyətcə yüksəldilməsi, yeni yanaşmalarla, müasir həyat prinsipləri ilə yetişdirilən nəslin formalaşdırılması üçün güclü zəmin yaradır. Prezident İlham Əliyevin təhsilə böyük diqqəti və qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Ölkə rəhbərinin təhsilə göstərdiyi dəstək təhsilimizin inkişafının son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilməsi ilə sübut edilir.
Biz bu qayğını hər zaman hiss edirik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il sentyabrın 21-də Ağ şəhərdə yerləşən Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər. Bina 1560 şagird üçün nəzərdə tutulmuş, 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kinoməktəb, rəsm, diplomatiya, Kiçik Elmlər Akademiyası otaqları, art-studio, idman, xoreoqrafiya və akt zalları, kitabxana, yeməkxana və müasir STEAM mərkəzi müəllimlərin və şagirdlərin ixtiyarına verilib. Bütün bunlar şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, bu gözəl təlim şəraitinin bizə hədiyyə edilməsi liseyimizin uğurlarının dəyərləndirilməsi və bizə göstərilən etimadın bariz nümunəsidir.
Şagirdlərimizin beynəlxalq layihə və müsabiqələrdə uğurları, məzunlarımızın dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olunması və respublikamızı layiqincə təmsil etmələri ölkə rəhbərliyinin təhsilimizə göstərdiyi dəstəyi olmadan mümkün deyil.
-Lisey həm də maraqlı layihələrlə çıxış edir.
– Doğrudur, liseyimizdə bir sıra unikal layihələr həyata keçirilir. Onlardan bir neçəsi haqda mən danışdım. Maraqlı olan müxtəlif növ meqalayihələr də son on ildə liseydə həyata keçirilib: “Dünyanın mədəni-ekoloji ənənələri”, “Master klas”, “Sərhədsiz diplomatiya”, “Kinoməktəb” və s. Onların hər biri uşaqları axtarışa, yaradıcılığa, öz qabiliyyətlərini müxtəlif yollarla nümayiş və inkişaf etdirməyə və dərsdənkənar fəaliyyətlərində təlim imkanlarını genişləndirməyə, gələcək həyat üçün yeni səriştələr əldə etməyə həvəsləndirir.
Məsələn, “Sərhədsiz diplomatiya” layihəsi nəticəsində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi yaradılıb və biz hətta bu layihəyə görə müəllif hüququna malikik. Bu layihə çərçivəsində biz 2018-ci və 2019-cu illərdə “Dünya xalqlarının mədəniyyəti festivalı”nı təşkil etmişik. ADA Universiteti lisey ilə sıx əməkdaşlıq edərək bizə bir neçə uşaq diplomatiyası üzrə beynəlxalq konfransların keçirilməsinə dəstək olub. Gənc diplomatlarımız hətta Yaponiyaya səfər edərək, BMT Universitetinin rəhbərliyi ilə görüşüb və ona Azərbaycanın sülhməramlı və multikultural siyasəti xüsusunda özləri tərəfindən hazırlanmış “Dünya xalqlarına müraciət”i təqdim ediblər.
Liseyimizdə şagirdlərin intellektual bacarıqlarının inkişafına xüsusi fikir verilir. Bizim “Debat” və “Evrika” intellektual klublarımız var. Onların vasitəsilə liseyistlər bütün intellektual yarışlarda uğurla iştirak edirlər və daim qaliblər sırasındadırlar.
-Müəllim hər bir insanın həyatında önəmli rola malikdir. Kimin ki, məktəbdə güclü, peşəkar müəllimi olub, onlar mütləq qələbə qazanırlar. Liseyin müəllimləri necə seçilirlər?
– Liseyin idarəçiliyində biz demokratiya, aşkarlıq və şəffaflıq prinsiplərini əsas götürürük. Müəllimlərin və şagirdlərin seçimi də məhz bu prinsiplərə uyğun aparılır. Bakı Avropa Liseyinə müəllimlər müsabiqə əsasında seçilir. Liseyin bu fəaliyyəti “İnkişaf” REPM-nin psixoloqlarının sistematik işinə əsaslanır, onlar müəllim və şagird seçimini psixoloji testlər əsasında aparırlar. Eyni zamanda, müəllimləri seçərkən biz xüsusi metodiki yoxlamaları və dərs dinləmələri keçiririk.
Liseyin müəllimləri peşəkar olmaqla yanaşı, şagirdlərə fərdi yanaşaraq və qayğı göstərərək onların tərbiyə və inkişafına böyük fikir verir. Müəllimlərimiz istedadlı və təşəbbüskar olaraq daim öz peşəkarlıq səviyyəsini artırır və təhsil sahəsində yüksək nəticələr qazanırlar.
2008-ci ildən Azərbaycan Respublikası Prezidenti tərəfindən liseyin 18 müəllimi “Əməkdar müəllim” fəxri adına və 6 müəllimi “Tərəqqi medalı”na layiq görülüb. Liseyin 24 müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir. 23 müəllim “Qabaqcıl təhsil işçisi” adını alıb, 35 müəllim Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Liseydə 9 müəllim müxtəlif elmi sahələr üzrə fəlsəfə doktorudur, 20 müəllim dərslik və metodiki vəsaitlərin müəllifləridir. İngilis dili müəllimi Mətanət Əhədova “eTwinning” Avropa mükafatını Azərbaycandan iki dəfə alan yeganə müəllimdir.
Mehriban kollektivimiz var. Biz komanda şəklində fəaliyyət göstəririk. Uğurlarımızın səbəbi də məhz bundan qaynaqlanır.
– Zülfiyyə xanım, insan öz işinin bəhrəsini görəndə daha da həvəslənir. Liseyin qazandığı nailiyyətlər haqqında da məlumat verməyinizi istərdik.
– Son on ildə liseyin şagirdləri 36 qızıl, 9 gümüş medal qazanıblar. Respublika fənn müsabiqələrində şagirdlərimiz 4 gümüş medal, 12 bürünc medal qazanıb. Respublika fənn olimpiadalarının yekun turunda şagirdlərimiz 2 qızıl, 9 gümüş, 19 bürünc medal qazanıb, o cümlədən Lütfizadə adına məntiq olimpiadasının qalibləri olublar. Beynəlxalq fənn olimpiadalarında şagirdlərimiz 18 qızıl, 27 gümüş, 12 bürünc medal qazanıb. Şagirdlərimizin riyaziyyat olimpiadalarına xüsusi marağı var və onlar bir sıra riyaziyyat olimpiadalarında (Vaterloo Universiteti, Kenquru, Sinqapur, Amerika Riyaziyyat Olimpiadası, Lütfi Zadə adına olimpiada) mütəmadi iştirak edərək hər zaman medallar qazanıblar. SASMO olimpiadasında 2019-2021-ci illər ərzində 103 şagird iştirak edərək 11 qızıl, 18 gümüş, 11 bürünc, 8 fəxri fərman, SIMOC olimpiadasında 100-dən çox şagird iştirak edərək 6 qızıl medal qazanıb. Amerika Riyaziyyat Olimpiadasında 100-ə yaxın şagird iştirak edərək 5 qızıl, 8 gümüş, 11 bürünc medal əldə edib. Müxtəlif illərdə “Sabahın alimləri” respublika layihə müsabiqəsində şagirdlərimiz 11 qızıl, 29 gümüş və 19 bürünc medalın sahibi olublar. Beynəlxalq layihə və yarışmalarda şagirdlərimiz 13 qızıl, 22 gümüş, 12 bürünc medal qazanıblar. İKT üzrə layihələrdə 25 qızıl, 24 gümüş, 9 bürünc medal qazanmış şagirdlərimiz olub. 95 şagirdimiz respublika və beynəlxalq rəsm müsabiqələrində qalib olub.
Şagirdlərimiz intellektual oyunlarda IV sinifdən başlayaraq iştirak edirlər. “Xəmsə”, “Breyn-rinq”, “Çto? Qde? Koqda?”, “Əlaçı”, “Fibonaççi” və s. kimi intellektual yarışlara qatılan təmsilçilərimiz daim qalib və mükafata layiq yerlər tutur, kuboklar qazanırlar.
Liseyin şagirdləri 20-dən çox beynəlxalq və onlarla yerli layihələrdə uğurla iştirak ediblər.
Bakı Avropa Liseyi 2000-2005-ci illərdə “Fəal təlim və məktəb rəhbərliyi” layihəsi çərçivəsində UNICEF tərəfindən fəal təlimə əsaslanan nümunəvi məktəb adına layiq görülüb, 2007-ci ildən Təhsil Nazirliyinin “Elektron məktəb” layihəsi üzrə pilot məktəb kimi fəaliyyət göstərməyə başlayıb. 2008-ci və 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. 2010-cu ildə “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində UNICEF tərəfindən nümunəvi məktəb adına layiq görülüb.
Bakı Avropa Liseyi 2 dəfə “eTwinning” Avropa məktəbi adına (2017- 2018/2019-2020) layiq görülüb. Liseyin müəllimləri və 150 dən çox şagirdi 120 –dən çox uğurlu layihə yaradıb, Avropanın 35 ölkəsinin müəllim və şagirdləri ilə ünsiyyət və əməkdaşlıq quraraq layihələrdə birlikdə müvəffəqiyyətlə işləyib, Milli və Avropa Keyfiyyət Nişanlarına layiq görülüb. Dörd müəllim xarici konfranslara dəvət almış, 1 müəllim milli konfransın nümayəndəsi olub.
UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin 2000-ci ildən fəal üzvü olan Bakı Avropa Liseyi 2012-2015-ci illərdə UNESCO-nun “Gələcək üçün təhsil” layihəsində iştirak edib və böyük uğur qazanıb. Bu layihədə dünyanın hər yerindən iştirak edən onlarla məktəbin arasında bizim lisey öz nailiyyətlərinə görə birinci olub. UNESCO-nun “GlobalLab” alt-layihəsində 100-dək şagirdimiz fərqlənərək bu layihənin siması olub və Lisey “Model Məktəb” adını qazanıb. 2017-ci il Moldovanın Kişineu şəhərində 10 ölkənin iştirakı ilə həyata keçirilən UNESCO-nun beynəlxalq konfransında Azərbaycan üçün ilk dəfə, məhz Bakı Avropa Liseyinə Böyük Britaniyanın – “Nisai Group” (UK) təşkilatı tərəfindən təqdim edilən “ICT for a Green Economy” sertifikatı və “Nisai Learning Credits” mükafatı təqdim olunub. Liseyin 25 şagirdinə seçilmiş fənlər üzrə “Nisai Group” (UK) rəqəmsal platformasına ödənişsiz qoşularaq riyaziyyat və ingilis dili fənləri üzrə onlayn təhsilalma və beynəlxalq sertifikat qazanma imkanı verilib. Bu, bizim üçün böyük fəxr idi. Liseyin uğurlu fəaliyyəti haqqında xüsusi videoçarx çəkilib və UNESCO-nun Paris konfransında nümayiş etdirilib.
Bu il martın 14-17-də İndoneziyanın Semeranq şəhərində 425 layihənin və 22 ölkənin iştirak etdiyi “Youth International/National Science Fair” (YNSF/YISF) onlayn beynəlxalq elm yarışında şagirdlərimiz bürünc medala layiq görülüb. Martın 18-19-da isə Azərbaycan Britaniya Kollecinin həyata keçirdiyi “7th SCIENCE FAİR – Future Tecnology” onlayn elm müsabiqəsində liseyin şagirdləri ilk yerlərdə qərarlaşıb.
-Bildiyimiz qədər liseyin şagirdləri arasında kifayət qədər tanınmış idmançılar da var.
-Bəli, idman sahəsində medalçılarımız kifayət qədərdir. Şagirdlərimiz basketbol, üzgüçülük üzrə respublika birinciliyində (10 gümüş medal), XXV Spartakiadasında (4 gümüş medal), Beynəlxalq Tennis Çempionatında (1 qızıl, 1 bürünc medal) uğurla iştirak ediblər. Karate-do üzrə ikiqat dünya çempionumuz Ramiz Zeynalov, şahmat üzrə ikiqat dünya çempionumuz Miradil Zeynallı, şahmat üzrə Avropa çempionu və Dünya çempionatında bürünc medal qazanan beynəlxalq qrossmeyster Aydan Xöccətova, karate üzrə üçqat Avropa çempionu, ikiqat dünya çempionu Məhiyyəddin Cəfərli və bu ilin kapoyera üzrə dünya çempionumuz Fəxri Məmmədzadəni misal kimi göstərə bilərəm.
-Liseyin məzunu Asim Manizadənin nailiyyətləri haqda nə deyə bilərsiniz?
-Bakı Avropa Liseyinin məzunu Asim Manizadə bu ilin mart ayından etibarən İlon Maskın “Spase X” şirkətində kibertəhlükəsizlik mühəndisi vəzifəsində işə başlayıb. O, insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edəcək. Asim 7 il əvvəl feysbukda kibertəhlükəsizlik və elektron cinayətlərin araşdırılması sahəsində çalışıb və böyük nailiyyətlərə görə Mark Zukerberq tərəfindən mükafatlandırılıb. Liseydə oxuyarkən Asim hər zaman digər uşaqlardan seçilirdi və kollektivmizlə birgə mən ona xüsusi qayğı ilə yanaşırdım. Mən onun parlaq gələcəyinə hər zaman inanırdım.
Ümumiyyətlə, liseyimizin məzunları həm universitetlərdə, həm də sonrakı iş fəaliyyətində ölkəmizdə və xaricdə Azərbaycanı layiqincə təmsil edirlər. Artıq bizim məzunlarımız Harvard və Prinstonun və digər nüfuzlu dünya universitetlərinin tam təqaüdçüləri olub. Onların sırasında nüfuzlu korporasiyalarda (Google, Facebook, Samsung və digər), universitetlərdə (Toronto Universiteti, Pyer və Mari Küri və s.) və hətta ABŞ-nın Silikon Vadisində də işləyənlər var. Onlar öz nailiyyətləri ilə Azərbaycanın intellektual potensialını nümayiş etdirirlər.
– Otuz ili arxada qoymusunuz və nailiyyətləriniz kifayət qədərdir. Qarşıda sizi hansı işlər gözləyir?
-Dayanmaq yoxdur, biz daim öz üzərimizdə işləyirik. Yeni layihələrimiz var. Qarşıda görüləcək işlər hələ çoxdur. Məqsədimiz şagirdlərimizi gələcək həyata hazır, yüksək peşəkarlığa malik əsl vətəndaş hazırlamaqdır. Çətinliklərimiz olsa da, öhdəsindən gəlirik. Bakı Avropa Liseyinin Azərbaycan təhsilində öz yolu, öz izi var. Liseyimizin şüarı dəyişməz olaraq qalır: “Bakı Avropa Liseyi – gələcəyi yaradanların məkanı”.
-Müsahibə üçün təşəkkür edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.