XX əsr milli təkamül ədəbiyyatı – Təhsin Mütəllimov
Əslində XX əsrin 30-cu illəri də elə 20-ci illərin bir növ davamıdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, Ə.Nəzmi, S.S.Axundov, Y.V.Çəmənzəminli kimi ədiblər sonralar yaradıcılıq mövzularını, problemlərini əsasən dəyişsələr də, tənqidi realist və ya romantik üslublarını davam etdirmişlər.
İncəsənət haqqında bildikləriniz və bilmədikləriniz İncəsənət. Rəssamlıq, Heykəltəraşlıq, Musiqi, Ədəbiyyat, Qrafika, Boyakarlıq, Dekorativ-tətbiqi sənət…
Xurşudbanu Natəvanın Şuşada Ermənistan ordusu tərəfindən güllə-baran edilmiş heykəli. Hal-hazırda Bakı şəhərində saxlanır.
XIX əsrin ilk onilliklərində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə – AzərbaycanınRusiya imperiyası tərəfindən işğal edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənir.
Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqifyaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir(1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q.B.Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bunun prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati(1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).
Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edir. OnunQasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh(1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərindəMirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.
Mirzə Şəfi Vazehin heykəli
A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfi Vazehnin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən “Nəğmələr”i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının – dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir.
Seyid Əzim Şirvani
Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov (1854-1926),Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci,Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) “Sələbiyyə” (“Tülkünamə”), Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” (1888), Zeynəlabidin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşadafəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvabbaşçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki heykəli
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə(1866-1932), Mirzə Ələkbər Sabir(1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas Səhhət (1874-1918),Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933)kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdülrəhim bəy Haqverdiyev,Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsümkimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.
XX əsr milli təkamül ədəbiyyatı – Təhsin Mütəllimov
XX əsr Azərbaycan ədəbiyyatı dərsliyi kimi nəzərdə tutulmuş bu kitab indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Lakin XX əsrin bu iyirmi illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki mərhələlərdən heç də az əhəmiyyətli deyildir; hətta sonrakı, təxminən bir əsrlik dövrün də əsas istiqamətləndiricisidir.
Azərbaycan ədəbiyyatının bu az vaxtdakı son dərəcədə zəngin, eyni zamanda ziddiyyətli, ideya-estetik baxımdan çoxçalarlı, təlatümlü mərhələsi onun sonrakı taleyi üçün də çox həlledici və müqəddərat xarakterli olmuşdur. Tarixi milli intibah, özünüdərk azərbaycançılıq ideologiyasının formalaşmasına, təkamülünə də münbit zəmin yaradır və bütün bunlar, ilk növbədə, o zamankı bədii ədəbiyyatda öz təzahürünü tapmış olur. Məhz XX əsrin əvvəllərində (ilk 20 ildə) Azərbaycanda əsl vətəndaş ədəbiyyatı formalaşır.
Azərbaycan tənqidi-realizminin və romantizminin ədəbi cərəyan kimi əsl təkamülü, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəblərinin ictimai-estetik təsiri, müxtəlif əqidəli qəzet və jurnalların görünməmiş vüsətlə çoxcəhətli fəaliyyəti ədəbiyyatımızın bütün sonrakı taleyində həlledici olur.
Ədəbiyyat tarixinin hər bir mərhələsi əslində ölkənin siyasi və ictimai, mədəni və mənəvi vəziyyətinin, bir növ, bədii güzgüsüdür; xalqın tarixi taleyinin, mənəviyyatının obrazlı yadigarıdır. Sənət əsərlərinin tarixi yaddaşı tarix əsərlərindən daha müfəssəl və kamil ola bilir. Və ədəbiyyat tarixinin ardıcıl, mərhələli izlənilməsi eyni zamanda xalqın və ölkənin çoxcəhətli, hərtərəfli öyrənilməsinə əhəmiyyətli zəmin olur.
XIX əsrin ikinci yarısından vətən və xalq taleyinin ədəbiyyatda baş mövzuya çevrilməsi prosesi XX əsrin lap əvvəllərində xüsusi siyasi-ictimai kəskinlik kəsb edir və görünməmiş vətəndaşlıq pafosu qazanmış olur. Məhz bu zaman cəmiyyətdə uzun əsrlərin təvəkkül mürgüsündə uyuyan fanatik zehniyyətlə ayıq şüurlar toqquşur və istiqlal hardadır sualı günün ən vacib düşüncə probleminə çevrilir ki, bu da ilk növbədə ədəbiyyatda qüvvətli təzahürünü tapmış olur. Vətən, millət, ana dili mövzuları, millilik, xəlqilik, bəşərilik problemləri ədəbiyyatın əsas ideya xəttini təşkil edir. Xalq taleyinə, cəmiyyət həyatına belə uca ideallardan təhliledici baxış və “realistcəsinə” yanaşma bədii ədəbiyyatın da həqiqət gücünü artırır, realist inikasa görünməmiş vüsət verir. Bədii ədəbiyyat həqiqi mənada geniş xalq kütləsi ilə dərdləşmək vasitəsinə çevrilir. Şübhəsiz, XIX əsrin maarifçi-realist ənənələri də burada əhəmiyyətli zəmin olur. Maarifçi realizmdən kifayət qədər yaradıcılıq ənənəsi olan tənqidi realizm ədəbiyyatımızın aparıcı inikas metodu kimi tarixi magistral yolunu tapır… Heç vaxt bədii ədəbiyyat zəhmətkeş xalq kütləsi ilə belə məhrəm həmsöhbət olmamışdır! Bu realizmin əsas xəlqilik gücü, təsir, təlqin qüvvəsi isə xalqın bəlalı taleyinin dərdləri ilə yoğrulmuş tənqidi gülüşdə idi…
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi kimi sənətkarlar bu “dərdli” realizmin əsas yaradıcıları idi. Böyük Mirzə Cəlil yaradıcılığı isə bu dövr ədəbiyyatının proqram əsərlərindən ibarət idi. Əslində bu vaxta qədərki sənətkarları da bu el yanğısı, el dərdi az düşündürməmişdir. Lakin XX əsr ədiblərinin böyüklüyü feodal-patriarxal Azərbaycandakı əsas ictimai dərdlərin bütün faciələrini görmək və göstərmək məharətində idi. Bu ədiblərin ən böyük xidməti ondadır ki, onlar bütün qüdrətli və zəif cəhətləri ilə xalqın özünü özünə tanıtdıra bildilər. Və milli intibaha böyük təkan vermiş oldular…
Məhz belə milli dərk və milli istiqlal axtarışları bədii ədəbiyyatın da mövzu və problemlərində, müvafiq ədəbi növ və janr seçimində, xüsusən bədii qəhrəman və bədii üslub axtarışlarında da təsirini göstərir. Bununla əlaqədar olaraq XIX əsrdən davam edən maarifçi realizm və bir neçə əsrlik ənənəsi olan romantik ədəbiyyat yeni mündəricəli inkişaf mərhələsinə qədəm qoyur.
XIX əsrin təzadlı ideyalar burulğanında maarifçilik ideologiyasına üstünlük verən və sonra tənqidi realizmə keçən görkəmli ədiblərin fədakar yaradıcılıq əzmi də ədəbiyyat tarixində yeni bir səhifə açmış olur. Bu cəhətdən S.S.Axundov, A.Şaiq, S.Qənizadə, R.Əfəndiyev, Y.V.Çəmənzəminli yaradıcılığı diqqəti cəlb edir.
Bu dövrdə xüsusilə romantik ədəbiyyat böyük inkişaf taparaq qüdrətli ədəbi cərəyana çevrilir. Dünya təcrübəsində nadir haldır ki, bir milli ədəbiyyatda həm realizmin, həm də romantizmin ədəbi cərəyan halında ən kamil mərhələsi təxminən eyni vaxta düşür. XX əsrin əvvəllərindəki realist ədəbiyyat isə ümumiyyətlə Azərbaycan realizminin ən uca zirvəsi oldu! Romantik ədəbiyyatımız da sonralar bir daha M.Hadi, H.Cavid romantizmi səviyyəsinə yetmədi…
Bütün bunlar göstərir ki, XX əsrin əvvəllərindəki təxminən iyirmi illik ədəbiyyatımız necə böyük ideya-bədii vüsətə, qüdrətə malik olmuşdur. Və məhz bu illərin bədii ənənələrinin ədəbiyyatımızın bütün sonrakı inkişafında istiqamətverici təsiri də danılmazdır.
Əslində XX əsrin 30-cu illəri də elə 20-ci illərin bir növ davamıdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, Ə.Nəzmi, S.S.Axundov, Y.V.Çəmənzəminli kimi ədiblər sonralar yaradıcılıq mövzularını, problemlərini əsasən dəyişsələr də, tənqidi realist və ya romantik üslublarını davam etdirmişlər.
Bununla belə yeni siyasi rejimin yaratdığı ideoloji məhdudiyyətlər klassik ənənələrin lazımınca davamına imkan verməmişdir. Tərənnüm prinsiplərinə əsaslanan sosialist realizmi adlı ideoloji nəzəriyyənin təzyiqilə bədii ədəbiyyatda obyektiv təsvir və tənqidi subyektiv tərənnüm üstələyir. Böyük realistlərin zəngin ənənələri lazımınca davam etdirilmir. Poeziyada və nəsrdə satiranın qarşısı alınır, dramaturgiyada komediya zəifləyir, tragediyanın isə imkanları tam məhdudlaşır.
XX əsr ədəbiyyatı sayılan bu zəngin ədəbi irsin böyük bir qismi 30-cu illərin əvvəlindən başlayaraq siyasi qadağalara, repressiyaya da məruz qalmışdır. N.Nərimanov, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli kimi görkəmli ədiblərin bədii irsi, yaradıcılığı buna misal ola bilər. Həmin ədiblərin yaradıcılığı müəyyən dövrdə tədqiqatdan da kənarda qalmışdır.
Buna görə həmin dövrün ümumilikdə dərslik səviyyəsində tədrisi və təhlili müəyyən çətinliklər yarada bilər. Bu çətinliyin bir səbəbi də həmin zamana aid görkəmli ədiblərin yaradıcılığının tədqiqində və təbliğində uzun müddət siyasi maneələr, təhriflər, qadağalar olmasıdır. Və ədəbiyyat tarixini yazanlar müəyyən zamanda belə məhdudiyyətlərə tabe olmaq məcburiyyətində qalmışlar.
Bu dərsliyin əvvəlki nəşrlərinin yazılması həmin vaxtlara düşdüyündən bir sıra ədiblərin yaradıcılığı haqqındakı məlumatlarda bu məhdudiyyət özünü büruzə verməkdədir. Kitabda həmin ədiblərin böyük ədəbi irsi haqqında nisbətən qısa, yığcam məlumat verilməsi də bununla əlaqədardır.
Dərslik çapa hazırlanarkən keçmiş illərin ideoloji təzahürlərinin təmizlənməsi baxımından da yüngül redaktə işləri aparılmışdır. Həmçinin, bəzi ədiblərə aid müasir ədəbiyyatşünaslıq səviyyəsində sonralar çap olunmuş yeni elmi mənbələr ədəbiyyat göstəricisinə əlavə olunmuşdur.
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və filologiya elmləri doktoru, professor Firidun Hüseynovun müəllifi olduqları “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin dördüncü nəşri də ədəbiyyat tariximizin tədqiqində və tədrisində görkəmli alimlərin əsəri kimi böyük əhəmiyyət kəsb edir.
“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yeni nəşrində yaxından iştirak etmiş Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Mir Cəlal qızı Paşayevaya və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Jalə Firidun qızı Hüseynovaya minnətdarlıq bildiririk. Ümid edirik ki, unudulmaz müəllimlərimizin bu dərslik yadigarı lazımi maraqla qarşılanacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)
30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı «Oxu, tar!» qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.
XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun «Qafqaz günləri» romanı, A.İldırımın «Qara dastan» şeirlər toplusu, Ə.Hüseynzadənin «Siyasəti-fürusət», M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə «Qızıl qələmlər» birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış «cənub şeirləri» silsiləsi, «Ana və poçtalyon» şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı «Qılınc və qələm», eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş «Dumanlı Təbriz» romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” («Qan içində»), «Qızlar bulağı» kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və «Saçlı» romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), «Açıq kitab» romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), «Dostluq qalası» epopeyası və «Yoxuşlar» romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), «Gələcək gün» və «Pərvanə» romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. «Ana», “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı «Peyğəmbər» (1922), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), “İblisin intiqamı” (1936) pyesləri, «Azər» (1923-1932) poeması ilə daha da zənginləşdi.
Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almas» əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.
Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun «Azərbaycan» şeirinə, «Aygün», «Muğan» kimi epik poemalarına, «Vaqif», “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində «Vaqif»in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun «Koroğlu» operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun «Rənglər» silsiləsindən fələsfi şeirləri, «Füzuli», «Qızılgül olmayaydı» və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın «Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında» (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, «Zvezda» və «Leninqrad» jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın «Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. «Zvezda» və «Leninqrad» jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da «konfliktsizlik» üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi («Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Xurşidbanu Natəvan» və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun «Dəli Kür» romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və «sonun başlanğıcı» kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də «Qızılgül olmayaydı» və «Rənglər» ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, «Sarı dana», «Kefli İskəndər», «Mən torpağam» qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) «Yeraltı çaylar dənizə axır» romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi «60-cıların» yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.
Hər şeydən öncə, «60-cıların» insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada «insanşünaslıq» adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam «60-cıların» «insan» mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik «ictimai sistem və quruluş» kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar «60-cılar» ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat — 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, «Nəsimi» poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin — başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.
Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı «Mənim nəğməkar bibim» (1966) povesti, «Kür qırağının meşələri», «Büllur külqabının nağılı» kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.
Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri «Ağ liman» (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.
Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010
- Teqlər:
- Azərbaycan mədəniyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.