Press "Enter" to skip to content

Prezident: 2017-ci il Azərbaycanın iqtisadi inkişaf ili olacaq

2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”.

“Report”: 2017-ci ildə Azərbaycanda və dünyada baş verən əsas hadisələr – İCMAL

“Report”: 2017-ci ildə Azərbaycanda və dünyada baş verən əsas hadisələr – İCMAL Bakı. 25 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan 2017-ci il qlobal geosiyasətə təsir edən müxtəlif hadisələrlə zəngin oldu. Report agentliyi illik icmalı sizlərə təqdim edir.

25 Dekabr , 2017 14:18

https://static.report.az/photo/f1e974b3-72c0-4904-a0da-8113d3c3ca99.jpg

Bakı. 25 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan 2017-ci il qlobal geosiyasətə təsir edən müxtəlif hadisələrlə zəngin oldu. “Report” agentliyi illik icmalı sizlərə təqdim edir. 2017-ci ildə Azərbaycanda yalnız ölkənin özü üçün yox, həm də bütövlükdə region üçün əhəmiyyətli bir sıra layihələr həyata keçirilib, eləcə də mühüm sazişlər imzalanıb. “Əsrin yeni müqaviləsi” Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimi keçirilib. Saziş “Əsrin müqaviləsi”nin (“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə PSA sazişi) müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutur. Yeni müqaviləyə əsasən, SOCAR-ın payı 25%-dək artırılıb. “Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev müqavilənin imzalanması mərasimində bildirib. “Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək”, – dövlət başçısı deyib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Başa çatmaqda olan ildə Azərbaycan üçün digər əhəmiyyətli hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan və Özbəkistanın hökumət başçıları – Bakıtjan Saqintayev, Giorgi Kvirikaşvili və Abdulla Aripov iştirak ediblər. Bu nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirəcək, Cənubi Qafqaz – Azərbaycan, Gürcüstan – Türkiyə vasitəsilə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq. Bu marşrutun ötürücülük qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükdür. Gələcəkdə bu göstəricilər 3 milyon sərnişin və 20 milyon ton yükə qədər artırıla bilər. Azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycan çox əlverişli coğrafi mövqe tutduğundan həm Asiyanın, həm də Avropanın bir çox ölkələri üçün həqiqətən çox cəlbedici tərəfdaşdır. “Şimal-Cənub, Şərq-Qərb yollarının kəsişməsində yerləşməkə bir növ çox incə bağları təcəssüm etdiririk. Üç qitəni – Avropa, Afrika və Asiyanı birləşdirən “piramida” ilə bağlı durumu nəzərə alaraq burada nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və kommunikasiya infrastrukturunun genişləndirilməsi perspektiv baxımdan çox vacibdir”, – politoloq bildirib. İslam Həmrəyliyi Oyunları Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları – “İslamiada” keçirilib. Oyunların maskotları Azərbaycanın milli sərvəti olan Qarabağ atları – zəriflik və gözəlliyi təcəssüm etdirən “İncə” və məharət və mərdliyi təcəssüm etdirən “Cəsur” olub. 57 ölkədən idmançıların iştirak etdiyi oyunların idman proqramına 20 idman növü daxil edilib. 11 gün ərzində 40 ölkənin nümayəndələri, ümumilikdə, 886 mükafat – 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanıblar. Bu medalların 162-ni 75 qızıl medal ilə Oyunların ümumi yekununda 1-ci yeri tutan Azərbaycan idmançıları qazanıb. İkinci yeri 195 medal və 71 “qızıl” ilə Türkiyə, üçüncü yeri isə 98 medal və 39 “qızıl” ilə İran tutub. Dünya səhnəsində ən aktual məsələlər terrorla, xüsusilə də İŞİD terror qruplaşmasıyla mübarizə olub, ilin ikinci yarısında dünya ictimaiyyəti İspaniyanın Kataloniya Muxtar Vilayətində baş verənləri maraqla izləyib. Katalon separatizmi Oktyabrın 1-də Kataloniya hökuməti əhali arasında muxtariyyətin müstəqilliyi ilə bağlı hüquqi qüvvəsi olmayan sorğu keçirib və bunu “referendum” adlandırıb. Rəsmi Madrid bunu qanunsuz elan etdiyindən seçki bülletenlərini və sandıqları yığışdırıb, təxminən 300 məntəqəni bağlatdırıb. Nəticədə Kataloniyada kütləvi iğtişaşlar yaşanıb. Oktyabrın 31-də İspaniya Konstitusiya Məhkəməsi muxtariyyət rəhbərliyi tərəfindən oktyabrın 27-də təsdiqlənən müstəqillik bəyannaməsinin hüquqi qüvvəsini dayandırıb. İspaniya Baş Prokurorluğu Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon və hökumətin 19 keçmiş üzvünə qarşı qiyam və korrupsiya ittihamı ilə cinayət işi açıb. İndi Karles Puçdemon 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. Sadəcə, o və beş tərəfdaşı Brüsselə getməyi bacarıblar. Hazırda Belçika prokurorluğu Karles Puçdemonun İspaniya hökumətinə qaytarılmasını tələb edir, artıq iki məhkəmə iclası keçirilib. Dekabrın 21-də Kataloniyada keçirilən təkrar parlament seçkiləri zamanı isə muxtariyyətin azadlığının tərəfdarı olan 3 partiyanın – “Birlikdə Kataloniya üçün” (JxCat), “Kataloniyanın Respublikaçı Solçuları” (ERC) və “Xalq Birliyi”nin (CUP) yaratdığı fraksiya regional parlamentdə 135 mandatdan 70-nə sahib çıxıb, başqa sözlə, çoxluq əldə edib. Amma ən çox səsi Kataloniyanın İspaniyanın tərkibində qalmasını istəyən “Vətəndaşlar” (Ciudadanos) partiyası toplayıb – 25% və bu, onlara 36 mandat təmin edəcək. Azərbaycanlı ekspert T.Abbasov hesab edir ki, Kataloniyada baş verən bütün hadisələr açıq-aydın separatçılıq nümunəsidir. Onun sözlərinə görə, Avropa İspaniya, Almaniya, Polşa, Çexiya, İtaliya kimi ölkələr də separatçılığın baş qaldırması faktı ilə üz-üzə qalıb: “ABŞ siyasi dairələri Avropada daim sarsıntı olmasında maraqlıdır. ABŞ praktiki olaraq bütün planeti maraqlarına daxil zona elan edərək Avropadan əsas plasdarm kimi istifadə edir”. İŞİD ilə mübarizə, Yaxın Şərq İlin digər önəmli hadisəsi İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizənin sona çatması olub, ən azından adıçəkilən ölkələr, eləcə də ABŞ, Rusiya və İran bu barədə rəsmi açıqlama verib. Noyabrın 21-də İraqın baş naziri Heydər əl-İbadi televiziyada çıxışı zamanı ölkəsində İŞİD-in məğlub edildiyini bildirib. Dekabrın 11-də Vladimir Putin Rusiyanın Suriyadakı “Hmeymim” bazasına gələrək rəsmi Kremlin bu ölkədəki qoşun qruplaşmasının əhəmiyyətli hissəsini geri çəkəcəyini rəsmən açıqlayıb. Dekabrın 12-də ABŞ prezidenti Donald Tramp İraqda və Suriyada amerikalıların İŞİD üzərində qələbə qazandığını elan edib. “Mənə elə gəlir ki, hələ yekun qələbə haqqında danışmaq tezdir. Terrorçular imkanlarını qoruyaraq güclərini qruplaşdıra bilər. 2018-ci ildə Suriya və İraq istiqamətlərində vəziyyətin ağırlaşacağını düşünürəm”, – T.Abbasov vurğulayıb. Onun fikrincə, Suriya və İraqda bu və ya digər terror qruplaşmasını dəstəkləyən ölkələr – ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri planlarını həyata keçirmək üçün onlara dəstək verməyə davam edəcəklər. İraq və Suriyada İŞİD üzərində qələbə qazanılmasının elan edilməsinə baxmayaraq, təəssüf ki, 2017-ci ildə də terror aktları törədilib və əksər hallarda buna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Onlardan ən böyüyü yanvarın 1-də İstanbulda gecə klubuna edilən hücum olub, terror aktı nəticəsində azı 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Avqustun 17-də İspaniyanın Barselona şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 13 nəfər ölüb, 100 nəfər yaralanıb. Məsuliyyəti yenə İŞİD üzərinə götürüb. Həmçinin aprelin 3-də Sankt-Peterburqda, aprelin 7-də Stokholmda, martın 22-də və iyunun 3-də Londonda, mayın 22-də “Mançester Arena”da terror aktları törədilib. Donald Trampın ABŞ prezidenti postunda ilk ili Bu il dünyanın siyasi hadisələrinə təsir edən digər amil ABŞ prezidenti Donald Tramp və onun fəaliyyəti oldu. Yanvarın 20-də rəsmən ABŞ prezidenti vəzifəsinə keçən Tramp milli iqtisadiyyatın inkişafına “stavka” edib və Birləşmiş Ştatların həmişə uğurlu adlandıra bilməyəcəyimiz xarici siyasətinin yanaşmalarına yenidən baxıb. O cümlədən Vaşinqtonun sistemli olaraq zərbə endirəcəyi ilə hədələdiyi KXDR ətrafındakı vəziyyət hələ də həll olunmamış qalır. Eyni zamanda ABŞ prezidentinin İran və “altılıq ölkələri” (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya) arasında imzalanmış hərtərəfli birgə fəaliyyət planından çıxmaqla bağlı bəyanatını, müsəlman ölkələrindən girişə qadağa qoymaq cəhdini, Meksika ilə sərhəddə divar inşa etmək cəhdini, eləcə də bu günlərdə Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair təlimat verdiyini yada salmaq olar. Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov hesab edir ki, gələn il Tramp daxili gündəmə daha çox diqqət ayırmalı olacaq, çünki noyabrda Konqresə seçkilər keçiriləcək. Beynəlxalq arenada iki əks tendensiya toqquşacaq. ABŞ-ın müttəfiqləri və tərəfdaşları D.Trampdan xarici siyasətində getdikcə daha çox müəyyənlik tələb edəcəklər. Eyni zamanda ABŞ prezidentinin daxili arenadakı qeyri-sabit vəziyyətini kompensasiya etmək məqsədilə Ağ Evin xarici siyasətlə bağlı addımları daim fol həddində olacaq. Bu amil ABŞ administrasiyasında əsas fiqurların istefasına qədər gedə, eləcə də administrasiya ilə Konqres arasında gərginliyi artıra bilər. Bu il dünyada baş verən digər vacib hadisələr kimi Emmanuel Makronun Fransa prezidenti, Həsən Ruhaninin yenidən İran prezidenti seçilməsini, Cənubi Koreyada prezidentə qarşı impiçmenti, Türkiyədə parlament idarəetmə üsulundan prezidentli respublikaya keçid ilə bağlı referendumu, ABŞ-ın Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalarının genişləndirilməsini də göstərmək olar.

Prezident: “2017-ci il Azərbaycanın iqtisadi inkişaf ili olacaq”

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunmuş “2017-ci ildə Azərbaycanın iqtisadi prioritetləri” adlı məqaləsində deyilir.

Prezidentin məqaləsində qeyd olunur ki, iqtisadiyyatın müxtəlif sektorlarda, o cümlədən energetika sahəsində qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə Azərbaycanın xeyrinə olmayıb, həm də regional və beynəlxalq əməkdaşlığa töhfə verib.

“Uğurlarımız açıq-aydın görünür və hiss edilir. Amma eyni zamanda, müəyyən çətinliklərlə də qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir edib. Amma müvafiq tədbirlər çərçivəsində bu çətinlikləri uğurla dəf edirik. Daha dayanıqlı inkişaf təmin etmək üçün strateji yol xəritəsi qəbul edilib, hərtərəfli struktur, institusional, maliyyə, valyuta və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəetməsi yaxşılaşdırılıb, və bütün sahələrdə şəffaflıq təmin edilib. Nümunə kimi, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının 53% artdığını qeyd edə bilərəm”, – məqlədə vurğulanıb.

“2017-ci ilin Azərbaycanın iqtisadi inkişaf ili olacağından əminəm. Səmərəli iqtisadi islahatları davam etdirəcəyik. Eyni zamanda, sosial yönümlü təşəbbüslərə xərcləri artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi prosesi demək olar, başa çatıb. ÜDM-in 70%-i qeyr-neft sektorundan əldə olunur. Bu gün üçün əsas məqsədimiz ixracatımızda diversifikasiya etməkdir. 2016-cı ildə həyata keçirilən tədbirlər bu məqsədin reallaşmasına gətirib çıxaracaq. Azərbaycan artıq Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində 37-ci (MDB məkanında 1-ci) yeri tutur. Biz bu tərəqqini gücləndirmək niyyətindəyik”, – Prezident İlham Əliyevin məqaləsində bildirilib.

Prezident İlham Əliyev: 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib (YENİLƏNİB)

2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib.

Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Nazirlər Kabinetinin bugünkü iclasında biz 2017-ci ilin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq.

2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.

İlham Əliyev əmin olduğunu bildirib ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.

2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır”.

Prezident vurğulayıb ki, ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir: “Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur”.

Dövlət başçısı deyib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir: “Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.

Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır”.

İlham Əliyev əlavə edib ki, il ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir: “İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir.

Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.

Prezident bildirib ki, regionların inkişafı daim diqqət mərkəzində olub: “Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram.

2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”.

Azərbaycan Prezidenti deyib ki, keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılıb: “Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun.

Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq.

Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq”.

Dövlət başçısı qeyd edib ki, 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınıb: “Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır.

İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır. Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq.

Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır – 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir”.

İlham Əliyev vurğulayıb ki, ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir: “Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Eyni zamanda, – mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, – biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradaq, o cümlədən onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın.

Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir. Hətta iqtisadi cəhətdən çətin olan illərdə biz sosial məsələlərin həlli üçün əlimizdən gələni edirik və böyük işlər görürük. Bu il bu sahədə görüləcək işlər demək olar ki, sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyətini həll edəcəkdir”.

Prezident bildirib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.

Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur.

Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər”.

Dövlət başçısının sözlərinə görə, bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır:

“Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.

Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.

İlham Əliyev bildirib ki, 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir: “Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində – ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.

“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir”.

Prezident deyib ki, eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib: “İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.

Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində – cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq”.

Dövlətimizin başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılıb: “Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır.

Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi – idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir.

Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar – 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir – dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir.

Əlbəttə ki, il ərzində bir çox hadisələr baş vermişdir. Mən onlar haqqında burada danışsam bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq mən əsas, önəmli məsələləri qeyd etdim. Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz daha da güclənmişdir və ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.