Ekspert: 2017-ci ilin iqtisadi islahatları Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda atılan mühüm addımlardır
2017-ci ilin iqtisadi yekunları onu deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı böhran mərhələsini geridə qoyub. Belə ki, ötən il ÜDM-də artım müşahidə edilib, qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Eyni ümidverici tendensiya xarici ticarət sektorunda da müşahidə edilir. Belə ki, ötən il Azərbaycanın idxalı 1 faiz artdığı halda, ixracı 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. Nəticədə Azərbaycanın ötənilki xarici ticarət balansında 6,2 milyard dollarlıq profisit yaranıb. İxrac gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarını 4,5 milyard dollar artıraraq 42 milyard dollara çatdırıb. Ölkənin valyuta gəlirlərinin artmasında turizm xidmətlərinin ixracı sahəsində əldə etdiyi nailiyyətlər də şübhəsiz rol oynayıb. Ötən il 2016-cı illə müqayisədə ölkəyə gələn turistlərin sayı 500 min çox olub, eyni zamanda, onların xərcləmələrində də ciddi artım müşahidə edilib. Əminliklə demək mümkündür ki, qeyri-neft sektorunda əldə edilən müsbət göstəricilər məhz birbaşa aparılan islahatlar nəticəsində mümkün olub.
“Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri”
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib. www.president.az saytında Azərbaycan dilində yerləşdirilmiş məqaləni diqqətinizə təqdim edirik.
Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib.
İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağı təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr olan dünyanın ən böyük qaz yataqlarından biridir.
Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində də mühüm layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində isə ötən il Azərbaycan ərazisində bütün tikinti işləri başa çatdırılıb. Beləliklə, Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır.
Sənayenin inkişafı məqsədilə sənaye parklarının və zonalarının yaradılması işləri aparılmaqdadır. 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya dəyəri 2 milyard ABŞ dollarına yaxın olan bir neçə sənaye müəssisəsi açılacaq. Pambıq, tütün, fındıq, çay, barama və digər ixracyönümlü məhsulların istehsalı artırılacaq, bir neçə aqropark və iri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək. İnformasiya sektorunun inkişafı məqsədilə xidmətlərin keyfiyyətinin, ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması davam etdiriləcək. Son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları və Formula-1 kimi mötəbər tədbirlərin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji Yol Xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparılır, vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilir, bütün sahələrdə şəffaflıq təmin edilir. Misal üçün, ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının toplanan həcmi 53 faiz artıb.
Azərbaycanın gücü təkcə iqtisadiyyatla məhdudlaşmır: Azərbaycan çoxmillətli bir ölkədir. Əsrlər boyu burada müxtəlif etnik qruplar və dini icmaların nümayəndələri sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıblar. Azərbaycanda tolerantlıq ruhu daim hökm sürüb və 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Ölkəmiz artıq sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir məkana çevrilib. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində uğurla təşkil olunması bunun yaxşı nümunəsi və dünya ölkələrinin Azərbaycandakı multikulturalizm mühitinə olan münasibətinin real ifadəsi idi. Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək lazımdır. Bu tarixi səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri dünyaya çox açıq mesajlar göndərdi. Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi.
Ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Paytaxtda və regionlarda ən müasir Olimpiya idman kompleksləri və digər idman infrastrukturu yaradılıb. Dövlət səviyyəsində idmana göstərilən qayğı və ölkədə ən müasir infrastrukturun yaradılması gənc nəslin idmana olan marağını böyük dərəcədə artırıb. İdmançılarımızın ən mühüm beynəlxalq idman tədbirlərində uğurlu iştirakı bu gün artıq yaxşı ənənəyə çevrilib və Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında bunu bir daha sübut ediblər. İdmançılarımız 18 medal qazanaraq medalların sayına görə dünyada 14-cü, Avropada 7-ci, postsovet məkanında 2-ci, müsəlman ölkələri içərisində isə birinci yeri qazanıb.
Azərbaycan, həmçinin mötəbər idman tədbirlərinə ev sahibliyi edən dünyanın tanınmış ölkələrindən biridir. Ölkəmizdə 2015-ci ildə ilk Avropa Oyunları və Bakıda 2016-cı ildə dünyada 500 milyon insanın izlədiyi Formula-1 Qran-Pri yarışları keçirilib. Bu il yenidən beynəlxalq idman aləminin diqqəti Azərbaycanda olacaq. 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. İdman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcək bu tədbirlər həm də Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artıracaq, bununla da ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi işinə xidmət göstərəcək.
Mən əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik.
Ekspert: 2017-ci ilin iqtisadi islahatları Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda atılan mühüm addımlardır
2017-ci ilin iqtisadi islahatları Azərbaycanın dayanıqlı iqtisadi inkişafı yolunda atılan mühüm addımlardır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.
Ekspert qeyd edib ki, 2017-ci ilin iqtisadi yekunlarına nəzər saldıqda həqiqətən də bu ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirmək mümkündür. Belə ki, 2016-cı ildə milli iqtisadiyyatın inkişafı üzrə qəbul edilmiş Strateji Yol xəritələrində nəzərdə tutulan islahatların mühüm bir hissəsi məhz 2017-ci ildə həyata keçirilib. Ötən il xüsusilə də kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, turizm, logistika və ticarət, mənzil təminatı, maliyyə və bank, nəqliyyat və rabitə, təhsil və kommunal xidmət sahələrində bir sıra iqtisadi və institusional xarakterli islahatlar reallaşdırılıb ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatının sağlam təməllər üzərində inkişafı, onun dayanıqlılığının təmin edilməsi yolunda mühüm addımlar hesab oluna bilər.
2017-ci ilin iqtisadi yekunları onu deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı böhran mərhələsini geridə qoyub. Belə ki, ötən il ÜDM-də artım müşahidə edilib, qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Eyni ümidverici tendensiya xarici ticarət sektorunda da müşahidə edilir. Belə ki, ötən il Azərbaycanın idxalı 1 faiz artdığı halda, ixracı 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. Nəticədə Azərbaycanın ötənilki xarici ticarət balansında 6,2 milyard dollarlıq profisit yaranıb. İxrac gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarını 4,5 milyard dollar artıraraq 42 milyard dollara çatdırıb. Ölkənin valyuta gəlirlərinin artmasında turizm xidmətlərinin ixracı sahəsində əldə etdiyi nailiyyətlər də şübhəsiz rol oynayıb. Ötən il 2016-cı illə müqayisədə ölkəyə gələn turistlərin sayı 500 min çox olub, eyni zamanda, onların xərcləmələrində də ciddi artım müşahidə edilib. Əminliklə demək mümkündür ki, qeyri-neft sektorunda əldə edilən müsbət göstəricilər məhz birbaşa aparılan islahatlar nəticəsində mümkün olub.
Ötən il aparılan iqtisadi islahatlar Dünya İqtisadi Forumu, Dünya Bankı kimi mötəbər beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilməklə yanaşı, yerli və xarici investorların da diqqət mərkəzində olub. Belə ki, ölkədə davam edən siyasi sabitlik və aparılan iqtisadi islahatlar yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını da artırıb. Ötən il iqtisadiyyata bütövlükdə 14,6 milyard dollarlıq investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli” yataqları üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Sonuncu hadisə xüsusi əlamətdarlığı ilə seçilir və Azərbaycan iqtisadiyyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə çərçivəsində 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatına 40 milyard dollardan çox investisiya qoyulması və Azərbaycan tərəfinə 3,6 milyard dollar məbləğində bonus verilməsi gözlənilir. Bütövlükdə layihənin gələcəkdə Azərbaycanın iqtisadi və siyasi baxımdan sabit inkişafına mühüm töhfədir.
“Ötən il, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində də mühüm işlər görülüb. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini xüsusi əlamətdar hadisə hesab edirəm. Bütün bu layihələr qarşıdakı illərdə Azərbaycanın qaz gəlirlərini və tranzit gəlirlərini ciddi şəkildə artıracaq layihələrdir.
Beləliklə, bir tərəfdən davam edən islahatlar nəticəsində qeyri-neft sektorunda baş verən canlanma və qeyri-neft ixracının artması, digər tərəfdən neftin dünya bazar qiymətində ortaya çıxan nisbi yüksəlişi və yaxın gələcəkdə ciddi şəkildə artması gözlənilən qaz gəlirləri Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə də dinamik şəkildə inkişaf edəcəyini söyləməyə əsas verir”, – deyə ekspert vurğulayıb.
Azərbaycan iqtisadiyyatı – 2017
İlham Şaban 2017-ci ili son 3 il ərzində ən uğurlu hesab edir: “Cari ili iqtisadi baxımdan neftin qiymətlərinin enişindən sonrakı 3 ildə Azərbaycan üçün ən uğurlu il hesab etmək olar. Əgər ötən ili Azərbaycan korrektə edilmiş ÜDM göstəricilərinə görə, 3,1% azalma ilə başa vurmuşdusa, cari ilin 11 ayının nəticələrində azalma tempi cəmi 0,2% qeydə alınıb. Hesabat dövründə qeyri-neft sektorunda ÜDM artımı 2,4% olub. Cari ildə hökumət iqtisadiyyatın şaxələndirilməsi yönümündə siyasətini davam etdirsə də, neft iqtisadiyyatın lokomotivi rolunda qalmaqda davam edir. Həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılması, həm də ölkənin valyuta ehtiyatlarının artırılması yönümündə neftdən gələn gəlirlərin xüsusi rolu olub. Cari ildə neft hasilatımız ötən illə müqayisədə təqribən 2,4 mln tona qədər azalsa da, ancaq Neft Fondunun əldə edəcəyi mənfəət ötən ildəkindən 1 milyard dollardan çox olub. Bu da neftin dünya bazarlarında qiymətinin təqribən 30% artımı və Azərbaycanın ən böyük neft layihəsi olan “Azəri-Çıraq-Günəşli”yə kapital xərclərinin azaldılması ilə bağlı olub. Hesab edirəm ki, əgər 2015-2016-cı illərdə Azərbaycanın maliyyə-bank sektorundakı təlatümlər baş verməsəydi və buna görə ölkə külli miqdarda ziyana düşməsəydi, cari il ölkə iqtisadiyyatı üçün daha uğurlu keçə bilərdi”.
Elçin Cəfərov 2017-ci ili iqtisadiyyatımızın postneft dövrünə keçməsi baxımından xüsusilə uğurlu sayır: “2017-ci ilin iqtisadi yekunlarını ifadə edən rəqəmlər hələ elan edilməyib. Lakin cari ilin 9 aylıq yekunlarından çıxış edərək 2016-cı illə müqayisədə iqtisadi artım templərinin mövcudluğundan söhbət açmaq mümükündür. ÜDM-nin təqribən 1-1,5% və daha böyük artımı elan edilə bilər. Digər tərəfdən manatın alıcılıq qabiliyyətinin ilin əvvəlinə olan səviyyədə qalması da iqtisadi vəziyyətin 2017-ci ildə artıma meyilli olmasından xəbər verir. İqtisadi inkişafın davamlılığını təmin etmək üçün müxtəlif sahələrə dair qəbul edilmiş “strateji yol xəritələrinin” tələblərinə əməl etmək perspektivləri də yuxarıda deyilənləri təsdiq edir. Əslində faktlara mütəxəsiss rakursundan baxsaq, Azərbaycan iqtisadiyyatı 2016-cı ildən etibarən yeni bir keçid dövrünə qədəm qoyub. Bu, iqtisadiyyatımızın postneft dövrünə keçidi kimi xarakterizə edilə bilər. Bu mənada 2017-ci ili milli iqtisadiyyatımız üçün uğurlu hesab etmək olar”.
Seymur Yunusov 2017-ci ili sabitlik ili kimi dəyərləndirir: “2017-ci il neftin qiymətinin düşməsi və devalvasiyalardan sonra yaranan çətinliklərin sabitləşdiyi bir il kimi yadda qaldı. Banklarda problemli kreditlərin artması, əmanətlərin geri götürülməsi səngidi, iqtisadi artımda geriləmə yavaşladı, inflyasiya aşağı düşdü”.
İlqar Vəlizadə cari ilin əsas ixrac sahəsində dəyişiklik ili olduğunu bildirir: “Azərbaycan 2017-ci ilə qədəm qoyanda iqtisadiyyatında kifayət qədər müəmmalı proseslər baş verirdi. Xüsusilə də bank sektorunda. İstehlak bazarı və onunla bağlı sahələrdə ziddiyyətli proseslər gedirdi. Bunlar 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinn ucuzlaşması ilə Azərbaycana dəyən zərərlə əlaqələndirilirdi. Lakin 2016-cı ilin sonlarında bir sıra sahələrdə dəyişikliklər aparılması ilə əlaqədar yol xəritəsi tərtib olunmuşdu. Bu yol xəritəsi üzərində iş isə məhz 2017-ci ildə başladı. Turizm, bank-maliyyə və kənd təsərrüfatı sektorunda ciddi iş aparıldı. Elə 2017-ci ildə də ilk nəticələr əldə olundu. Halbuki bu yol xəritələri yaxın müddət üçün deyil, orta və uzun müddətə hesablanmışdı. Bununla belə 2017-ci ildə ilk müsbət göstəricilər əldə olundu. Turizm sahəsində böyük inkişaf göz qabağındadır. Yeni sahələr yardılıb, Azərbaycana gələn turistlərin sayı artıb, viza məsələsi xeyli sadələşdirilib. Asan Viza sistemi tətbiq olunub. Yalnız Rusiyadan gələn turistlərin sayı ötən illərlə müqayisədə 7 dəfə artıb. Bu, əlbəttə ki, qeyri-neft sektorunun inkişafına yönəlik addım idi. Artıq bu addımın ilk nəticəsini hiss etdik və düşünürəm ki, gələn illərdə bu proses xeyli təkmilləşəcək, ölkəmizə gələn turistlərin coğrafiyası da xeyli genişlənəcək. Kənd təsərrüfatında irəliləyiş oldu, xüsusilə pambıqçılıqda xeyli artım müşahidə olundu. Artıq pambıqçılıq strateji istiqamətə çevrilib. Hərçənd bəzi kənd təsərrüfatı məhsullarının istehsalına yardım göstərilsə də, daxili bazarın qorunması üçün gömrük tarifləri tətbiq olunsa da, ət və yağ məhsulları ilə bağlı problemlər meydana çıxıb və bu da özünü qiymətlərdə göstərib. Hər halda bunlar kənd təsərrüfatının liberallaşdırılması ilə bağlıdır. Müəyyən tənzimləyici addımlar atılsa da, bazarda tələb-təklif mexanizmi daha fəal olub. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı proqramlar var. Bunun sayəsində biz yerli fermer məhsullarının istehsalının çoxaldığının da şahidi olmuşuq. Amma hər halda bütün məhsulların eyni səviyyədə istehsal olunması, həm daxili tələbatı ödəməsi, həm də gələcəkdə xaricə ixrac olunması üçün üçün gələcəkdə tənzimləyici addımların atılması zəruridir. İlin sonuna doğru neft qiymətinin 65 dollara yaxınlaşması da göstərir ki, əsas ixrac sahəsində böyük dəyişikliklər var”.
Bəs 2018-ci ildən nə gözləyirsiniz sualına iqtisadçı ekspertlərin cavabları belə oldu:
İlham Şaban növbəti il üçün də pozitiv proqnoz verir: “ İqtisadiyyatımız gələn il üçün 1,5% artıma meyllidir”
Elçin Cəfərov da növbəti il üçün iqtisadi artımı proqnozlaşdırır: “2018-ci ilin proqnozu cari illə müqayisədə verilərsə, artım olacağı iddia edilə bilər və bu iddianın doğruluğunu ÜDM-in 2017-ci ilin ikinci yarısında qeyd olunan kiçik artım dinamikası ilə əsaslandırmaq mümkündür. Digər tərəfdən, cari ilin ikinci yarısından başlayaraq neftin dünya bazarında qiymətinin bahalaşması qeyd edilən artım tempinə həlledici təsir göstərib. 2017-ci ilin dövlət büdcəsində neftin bir bareli üçün nəzərdə tutulan (40 ABŞ dolları) qiymətdən kifayət qədər baha satılması faktı, bu artım tempinin 2018-ci ildə də davam edəcəyini deməyə əsas verir. Növbəti ildən ölkəmizin qaz ixracı və satışı üzrə layihələri reallaşdırmaq potensialını da nəzərə alsaq, növbəti ildə iqtisadi artımın olacağı proqnozunu təsdiqləmək olar. Qeyd etmək lazımdır ki, bir neçə beynəlxalq reytinq agentlikləri, o cümlədən, Dünya Bankı da 2018-ci il Azərbaycan iqtisadiyyatı üçün müsbət proqnozlar verib. Təcrübə göstərir ki, bu proqnozlar kiçik nisbi xətalar nəzərə alınmadıqda əsasən özünü doğruldur. Azərbaycan hökümətinin milli iqtisadiyyatı sağlamlaşdırmaq üçün atdığı addımları da bura əlavə etsək optmist tabloya yeni rənglər qatmış olarıq”.
Seymur Yunusov 2018-ci ildə iqtisadi vəziyyətin daha da yaxşılaşacağını güman edir: “2018-ci ildə də müsbət trendin davam edəcəyini gözləyirəm. Verilmiş bir sıra mühüm qərarların gələn ildən icrasına başlanacaq, çoxlu sayda yeni müəssisələr, aqroparklar işə düşəcəkdir. Bütün bu aktivliyin iqtisadiyyata müsbət əks olunacağını gözləyirəm. İqtisadi artım bərpa olunacaq, qeyri-neft ixracımız, ölkəyə valyutanın daxil olması artacaqdır. Mərkəzi Bank dollar/manat məzənnəsinin kəskin dəyişməsinə imkan verməyəcək. Əks halda manatın güclənməsi ixracı azalda, ucuzlaşması isə yenidən ajiotajın yaranmasına, biznesin qeyri-müəyyənliyinin artmasına səbəb ola bilər. Fors-major hallar istisna olmaqla, 2018-ci ildə iqtisadi vəziyyətin daha da yaxşılaşacağını nəzərdə tuturam. Lakin geo-siyasi risklər, Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarında baş verə biləcək kəskin dəyişikliklər əsas risklər olaraq qalır”.
İlqar Vəlizadə neft gəlirlərini yeni yaranan sahələrə və islahatlara yönəltməyin vacibliyini vurğulayır: “2018-ci ildə neftdən əldə olunan gəlirləri yeni yaranan sahələrə və islahatlara yönəltmək lazımdır. Hökumət bir sıra yeni sahələr müəyyənləşdirib və onların inkişafının yol xəritələrini də hazırlayıb. Bu sahələrin infrastrukturu təkmilləşdirilməlidir ki, sabah onlardan götürülən real gəlir artsın”.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Comments are closed, but trackbacks and pingbacks are open.