2018 ci il üçün ticarət dövriyyəsi
Dövlət büdcəsinin ümumi gəlirlərinin 10959.0 mln. manatı (48.9%-i) ARDNF-in transferti, 7417.6 mln. manatı (33.1%-i) Vergilər Nazirliyinin xətti ilə toplanan vəsaitlər (o cümlədən 4975.5 min manatı (22.2%-i) qeyri-neft sektorundan daxilolmalar), 3434.4 mln. manatı (15.3%-i) DGK-in xətti ilə daxilolmalar, 466.4 mln. manatı (2.1%-i) büdcə təşkilatlarının ödənişli xidmətləri, qalan 134.3 mln. manatı isə digər mənbələr hesabına formalaşıb (bax: diaqram 4).
2018-ci İlin İqtisadi Yekunları
Neftin dünya bazar qiymətinin kəskin şəkildə aşağı düşməsi və ölkənin neft gəlirlərinin kəskin azalması ilə 2015-2016-cı illərdə ölkə iqtisadiyyatı dərin böhranla üzləşmiş, 2017-ci ildə böhranın daha da dərinləşməsinin qarşısı əsasən alınmışdı. Belə bir şəraitdə dünya neft bazarının konyunkturasının ölkəmiz üçün əsasən sərfəli olduğu və neftin qiymətinin çox zaman 60 dol./barreldən yüksək olması nəticəsində ölkənin neft gəlirlərinin artdığı 2018-ci ildə ölkə iqtisadiyyatında baş verənlər böyük maraq doğurur. 2018-ci il üzrə ölkənin iqtisadi və sosial inkişafının bütün sahələr üzrə yekunları hələlik tam açıqlanmasa da, Bakı Araşdımalar İnstitutunun ekspert qrupu müvafiq hökumət qurumları tərəfindən indiyəcən açıqlanan məlumatlar əsasında ötən ilin makroiqtisadi durumunu əks etdirən bu bülleteni hazırlayıb.
Bülletenin məqsədi 2018-ci ilin makroiqtisadi yekunlarını qısaca qiymətləndirmək, xüsusilə monetar və büdcə siyasətləri sahəsində mühüm meylləri aşkara çıxarmaqdır. Bülleten 2018-ci ilin bütün iqtisadi nəticələrini əhatə etmir, yalnız əsas makroiqtisadi proseslərin təqdimatını nəzərdə tutur.
Bülletenin hazırlanması zamanı Dövlət Statistika Komitəsi (DSK), Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi (DGK), Maliyyə Nazirliyi və digər qurumların açıqladıqları statistik və hesabat məlumatlarından istifadə edilmişdir.
Ötən ilin makroiqtisadi durumunun araşdırılması nəticəsində BRİ-nin ekspert qrupunun gəldiyi əsas nəticələr bunlardır:
- 2018-ci ildə monetar və maliyyə sabitliyinin təmin edilməsinə, ölkənin neft gəlirlərinin əvvəlki illə müqayisədə ciddi artmasına, xarici ticarət dövriyyəsində 8.0 milyard dollarlıq müsbət saldo və icmal büdcədə 4.7 milyard manatlıq artıqlıq olmasına, dövlət büdcəsi xərclərinin əvvəlki illə müqayisədə 29.1%, büdcə investisiyalarının isə 80 faizədək artmasına rəğmən ölkədə ÜDM-in real artımı cəmi 1.4% səviyyəsində olub;
- neft gəlirlərinin artmasına uyğun olaraq ölkə istisadiyyatının neft sektorundan asılılıq səviyyəsi yenidən artmaqdadır: i) ÜDM-də qeyri-neft sektorunun payı 2016-cı ildəki 34.2%-dən 2018-ci ildə 41.5%-ə yüksəlib; ii) hesabat ilində dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub; iii) ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb;
- hökumət il ərzində əldə etdiyi neft gəlirlərinin əksər hissəsini dövlət büdcəsi və digər kanallarla iqtisadiyyata yönəltsə də, bu, tikinti sektorunda böhranı aradan qaldıra bilməyib və bütövlükdə iqtisadi artıma ciddi təsir göstərə bilməyib;
- neft gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarının artmasını təmin edib;
- son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviq edilməsi və dövlət investisiyalarının artırılmasına rəğmən iqtisadi artım tempinin 2%-dən aşağı olması iqtisadi sahədə daha ciddi islahatların zəruri olduğunu göstərir.
2018-ci ilin Makroiqtisadi Yekunları
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən 2018-ci ildə ölkədə 79797.3 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 101.4%, ÜDM deflyatoru isə 112.2% olub. DSK-nın məlumatına görə, ÜDM-in 58.5%-i qeyri-neft sektorunda, qalan 41.5%-i isə neft sektorunda yaradılıb. Əvvəlki illə müqayisədə hesabat ilində iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 1.8%, neft sektorunda isə 0.6% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 8126.2 manat, yaxud 4780.1 ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə real ölçüdə 0.5% çoxdur.
DSK-nın aylıq məlumatlarına əsasən, nominal ÜDM istehsalında ən aşağı səviyyə fevral ayında (5.5 mlrd. manat), ən yüksək səviyyə isə iyun ayında (7.7 mlrd. manat) qeydə alınıb (diaqram 1). Diaqram 1-dəki qrafikdən müşahidə olunur ki, il ərzində ÜDM deflyatoru 110-115% aralığında dəyişib: xüsusilə neftin dünya bazar qiymətinin yuxarı olduğu may-oktyabr ayları arasındakı dövrdə deflyatorun göstəricisi daha yüksək olub. Real artım tempi yanvarda 102.0%-dən başlasa da, ilin ortasında – iyun ayında – 100.2%-ə qədər aşağı düşüb, sonra isə yüksəlmə baş verib və ili 101.4%-lə başa vurub.
İl ərzində yeni yaradılan əlavə dəyərin 44.2%-i sənayenin, 9.6 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8.0%-i tikintinin, 6.3%-i nəqliyyat və anbar təsərrüfatının, 5.3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2.2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1.6%-i informasiya və rabitə sahələrinin, qalan 15.0%-i isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7.8 faizini təşkil edib.
ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edir. 2018-ci ildəki nominal ÜDM-in 46671.3 mln. manatı yaxud 58.5%-i qeyri-neft sektorunda yaradılıb. Beləliklə, ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edir: bu göstəricinin səviyyəsi 2016-cı ildə 65.8% olduğu halda, 2018-ci ildə 58.5%-ə düşüb, yəni 7.3 faiz bəndi azalıb (bax: cədvəl 2). Bu isə ÜDM-də neft sektorunun payının bir o qədər artması deməkdir. Bu, dünya bazarlarında neftin qiymətində baş vermiş artımla bağlıdır.
DSK-nın məlumatına əsasən, 2018-ci ildə 47.7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.5% çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 73.0%-i mədənçıxarma sektorunda, 22.2%-i emal sektorunda, 4.1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 9.1%, emal sənayesində isə 7.9% artdığı bildirilir. Beləliklə, emal sənayesində 2016-2017-ci illərdə qeydə alınmış azalma 2018-ci ildə artımla əvəzlənib.
Sənayedən fərqli olaraq ölkənin tikinti sektorunda azalma nəinki davam edib, hətta dərinləşib: bu sektorda 2017-ci ildə 1.5%-lik azalma olduğu halda, 2018-ci ildə azalma 9.0% təşkil edib. Bu, əsas kapitala yönəldilən investisiyaların 2017-ci illə müqayisədə 4.4% azalması ilə izah olunur. DSK-nın məlumatına əsasən, 2018-ci ildə əsas kapitala 17238.2 milyon manat məbləğində, yaxud 2017-ci illə müqayisədə 4.4% az vəsait yönəldilib. Bu azalmanın neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olduğu bildirilir. Qeyri-neft sektoruna yönəldilən sərmayənin həcminin 22.0%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyaların 23.0% artdığı qeyd olunur.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına[i] əsasən 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30923.6 mln. ABŞ dolları məbləğində olub ki, bunun da 19458.6 mln. manatı yaxud 62.9%-i ixracın, qalan 11465.0 mln. dolları (37.1%-i) idxalın payına düşüb. Xarici ticarət dövriyyəsində təqribən 8.0 milyard dollarlıq müsbət saldo yaranıb.
Hesabat ilində ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb. Ümumi ixracın cəmi 8.7%-i, yaxud 1689.2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ildə ölkədən 15.7 milyard ABŞ dolları (ümumi ixracın 80.8%-i qədər) məbləğində xam neft, 1.5 milyard dollarlıq (ümumi ixracın 7.7%-i) təbii qaz, 520.6 mln. dollarlıq (ümumi ixracın 2.7%-i qədər) neft məhsulları ixrac olunub. Neft-qaz sektorunun ümumi ixracda cəmi payı 91.2% təşkil edib.
DGK-nin məlumatına əsasən, 2018-ci ildə ölkəyə idxal olunan 11.5 milyard ABŞ dolları məbləğində malların 1.37 milyard dolları (12.0%-i) yeyinti məhsuları, 2.6 milyard dolları (22.6%-i) maşın, mexanizm, elektrik aparatları və avadanlıqları, 1.2 milyard dolları (19.5%-i) qara metallar, 945.5 mln. dolları (8.3%-i) nəqliyyat vasitələri və onların ehtiyat hissələri olub.
Monetar Siyasət
Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında əsas vəzifə olaraq makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi qeyd edilib, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasətin davam etdirilməsi nəzərdə tutulub. Mərkəzi Bank uçot dərəcələrinin azaldılması fonunda pul kredit siyasətini nisbətən yumşaltsa da, milli valyutanın inzibati qaydada sabitliyi hesabına inflyasiyanı gücləndirən amillərin, o cümlədən xarici amillərin təsirini minimuma endirməyə müvəffəq olub.
Bəyanata uyğun olaraq 2018-ci ildə inflyasiya səviyyəsi azalma tendensiyası göstərməklə təkrəqəmli həddə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il orta illik inflyasiya 2.3% təşkil edib. Ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 1.7%, qeyri-ərzaq məhsulları üzrə 2.7%, xidmətlər üzrə isə 2.7% olub. Halbuki 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağı hədəflənmişdi. 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 12.9% olub. Həmin dövrdə ərzaq məhsullarında qiymət artımı hətta 16.4%-ə yüksəlib (diaqram 2).
Rəsmi məlumatlara görə, 2018-ci ildə ümumilikdə 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Qiymətləri bahalaşan məhsulların 90%-də artım 5%-i keçməyib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ildə 1.8% təşkil edib. [ii]
İnflyasiya səviyyəsinin aşağı düşməsinin əsas səbəbi milli valyutanın məzənnəsinin sabitliyi olub. Üzən məzənnəyə keçid elan edilməsinə rəğmən hesabat dövrü ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6965, satış məzənnəsi isə 1.7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.0035 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olub. Mərkəzi Bankın hesabatlarında və açıqlamalarında manatın rəsmi məzənnəsinin banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edildiyi qeyd edilir [iii] . Halbuki martın 3-dən bəri ABŞ dollarının orta günlük rəsmi məzənnəsi 1.7000 manat olmaqla dəyişməz qalıb. Dünya bazarlarında isə ABŞ dollarının digər valyutalara nəzərən məzənnəsi kəskin dəyişib. Bütün bunlar milli valyutamızın məzənnəsinin inzibati qaydada tənzimləndiyini göstərir. Prezidentin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dəyişiklik edilərək, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi müddəti 2017-ci ildən 2020-ci ilə kimi uzadılması məzənnənin inzibati qaydada tənzimlənməsinə sübutdur.
Ötən il manatın orta illik rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 40 ölkənin 28-nin milli valyutalarına münasibətdə bahalaşıb, 11-nin valyutalarına münasibətdə ucuzlaşıb, 1 ölkənin valyutasına münasibətdə dəyişməz qalıb. Dövr ərzində manatın rəsmi orta illik məzənnəsi ABŞ dollarına qarşı 0,01%, Türkiyə lirəsinə qarşı 28.6%, Rusiya rubluna qarşı 16.9%, avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9% bahalaşıb. [iv]
Dünya bazarlarında neftin bahalaşması səbəbindən 2018-ci ildə manat möhkəmlənmə təzyiqi altında olub. Bəzi ayları çıxmaq şərti ilə valyuta bazarında təklif tələbi üstələyib. Xüsusilə də aprel, avqust və dekabr aylarında xarici valyutaya tələbin artması müşahidə edilib ki, bu da bəzi tərəfdaş ölkələrdə (Rusiya, Türkiyə) milli valyutanın kəskin ucuzlaşmasından doğan psixoloji gözlənti ilə əlaqədar olub. Aprel ayında dollar satışının həcmi 545.7 milyon USD, avqust ayında isə 542.7 milyon USD olub. Halbuki digər aylarda dollar satışı 150-230 milyon USD intervalında dəyişib [v] . Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiyada rublun dollara qarşı rəsmi məzənnəsi aprel ayında 8.3%, Türkiyə lirəsi isə 2% ucuzlaşıb. Avqust ayında Rusiya rublunun ucuzlaşması 9.2% olduğu halda, Türkiyə lirəsinin ucuzlaşması 33% olub. Dekabr ayında dollar satışının artması (584.2 milyon USD) ilin sonunda büdcə öhdəliklərinin icrası ilə bağlıdır. 2018-ci ildə satılan dolların həcmi 3.41 milyard USD olub ki, bu 2017-ci illə müqayisədə (1.76 milyard USD) təxminən 2 dəfə çoxdur.
Manata ucuzlaşma təzyiqinin olmaması Mərkəzi Banka valyuta ehtiyatlarını nəinki qorumağa, hətta artırmağa da imkan verib. Ötən il Mərkəzi Bankın valyuta ehtiyatı 287.9 milyon dollar və ya 5.4% artaraq 5.62 milyard dollara çatıb. Bu vəsaitin 115 milyon dolları valyuta ehtiyatlarının idarə edilməsinin, 1/3-i svop əməliyyatları hesabına banklardan geri qayıtmış vəsaitlərin, yerdə qalanı isə Mərkəzi Bankın beynəlxalq təşkilatlara göstərdiyi xidmətlərin payına düşür [vi] .
Mərkəzi Bankın məlumatına görə [vii] , 2018-ci ildə valyuta həm qeyri-nağd, həm də nağd əməliyyatlar seqmentində artım müşahidə edilib. Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 25.4 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 83.3%-i ABŞ dollarında, 16.7%-i digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 33%-i banklararası valyuta bazarının (BVB), 67%-i isə bankdaxili valyuta bazarının (BDVB) payına düşüb. BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də valyuta əməliyyatlarının həcmi 17 mlrd. dollar ekvivalentində olub ki, bunun da 77%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların artım tempi son 5 ilin ən yüksək həddində olub. Bu müddətdə ABŞ valyutası üzrə alqı-satqının həcmi 2017-ci illə müqayisədə 56% artaraq 5.4 milyard dollara çatıb. Artım əsasən satış hesabına baş verib. Dollar satışı əvvəlki illə müqayisədə 2 dəfəyədək artıb, alış isə 17.5% olub. Avronun alqı-satqı dövriyyəsinin artım tempi dörd il ardıcıl azalmadan sonra ötən il nəhayət 32% artaraq 964.2 milyon avroya çatıb [viii] .
Dövlət Neft Fondunun valyuta satışı kəskin artıb. 2018-ci ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə həftədə 2 dəfə olmaqla keçirilən hərraclarda xarici valyuta satışlarının həcmi 6460.4 milyon ABŞ dolları təşkil edib [ix] . Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 79.6% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ARDNF-in valyuta satışı 3598.1 milyon USD, 2016-cı ildə isə 4586.5 milyon USD olub [x] . Ötən il Fondun valyuta satışının həcminin əvvəlki illərlə müqayisədə yüksək olması dövlət büdcəsi üçün transfertin həcminin artması ilə bağlıdır. Belə ki, 2016-cı ildə Fonddan dövlət büdcəsinə transfert şəklində 7.6 milyard manat, 2017-ci ildə 6.1 milyard manat, 2018-ci ildə isə 10.96 milyard manat köçürülüb.
Mərkəzi Bank çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlasa da, ötən il ancaq açıq bazar əməliyyatlarını tətbiq edə bilib. Pul kütləsinin həcmini tənzimləmək və banklarda son dövrlər yaranmış izafi likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bank 2018-ci ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı, notların yerləşdirilməsi üzrə 51 hərrac keçirib. Depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Banklar depozit hərracları vasitəsilə 54 milyon manat, notların alınması vasitəsilə 90 milyon manata yaxın faiz gəliri əldə ediblər [xi] .
İl ərzində Mərkəzi Bankın uçot dərəcəsi 15.0%-dən 9.75%-ədək aşağı salınıb. 2018-ci ildə Mərkəzi Bank pul kredit siyasətini yumşaltmaq siyasəti çərçivəsində uçot dərəcəsini mərhələli şəkildə aşağı salıb. Uçot dərəcələri 12 fevral tarixində 15.0%-dən 13.0%-ə, 10 aprel tarixində 11.0%-ə, 14 iyunda 10.0%-ə, 30 oktyabrda 9.75%-ə endirilib. Bu müddətdə faiz dəhlizinin yuxarı həddi 18.0%-dən 11.75%-ə, aşağı həddi isə 10.0%-dən 7.75%-ə salınıb. Faiz dəhlizinin aşağı salınmasına baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2.6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələyib. Buna səbəb kreditləşmənin zəifləməsi fonunda banklarda izafi likvidlik yaranmasıdır [xii] .
Məcburi ehtiyat normaları ötən il də dəyişməz saxlanılıb. Məcburi ehtiyat normaları son dəfə 2016-cı ilin mart ayının 3-də dəyişilib. Həmin dəyişikliyə görə, məcburi ehtiyat norması xarici valyutada öhdəliklər üzrə 1.0%, manatla və qiymətli metallarda öhdəliklər üzrə 0.5%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0 müəyyənləşdirilib. Hesabat dövründə məcburi ehtiyatlar 141.2 milyon AZN-dən 163 milyon AZN-ə qədər artıb [xiii] .
2018-ci il pul təklifi artıb. Ötən il manatla pul bazası 11.7% artaraq ilin sonuna 9545,7 milyon manat təşkil edib. İl ərzində manatla geniş pul kütləsi (M2) 17.5% artaraq 14643.6 milyon manata çatıb. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi 1.5%, fiziki şəxslərin manatla əmanətləri 24.1%, hüquqi şəxslərin manatla depozitləri isə 42.9% artıb.
Manatla tələb olunanadək əmanət və depozitlərin 50.1%, müddətli əmanət və depozitlərin isə cəmisi 10.4% artmasını əhalinin milli valyutanın sabitliyinə və bankların dayanıqlığına əminliyinin az olmaması ilə əlaqələndirmək olar.
Nağdsız əməliyyatların təşviqinə rəğmən dövriyyədə olan nağd pul artıb. Ötən il dövriyyədəki nağd pulun həcmi 2.8% artaraq 8.4 milyard manata çatıb. Bu, 2014-cü ildən (10.9 milyard manat) sonra ən yüksək həddir. Artıma baxmayaraq dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti il ərzində azalaraq 82.5%-dən 81.1%-ə düşüb.
Pul kütləsinin artımını Mərkəzi Bank deposit hərracları və not buraxılışı vasitəsilə tənzimləyib. Hesabat dövründə depozit hərracları və not buraxılışı vasitəsilə dövriyyədən müvəqqəti çıxarılan pul kütləsinin həcmi 1.7-1.8 milyard manat arasında dəyişib.
Milli valyutanın sabitliyi bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsini təmin edib. Həm kredit qoyuluşunda, həm depozit cəlbində əksdollarlaşma müşahidə edilib. 2018-ci ildə xarici valyutada olan kreditlərin payı 40.9%-dən 38.0%-ə, ümumi depozitlərin payı isə 72.4%-dən 65.3%-ə düşüb. Azalma həm əhalidən cəlb edilən əmanətlərdə, həm də maliyyə və qeyri-maliyyə təşkilatlarının yerləşdirdikləri depozitlərdə baş verib. Belə ki, ötən il əhali əmanətlərində xarici valyutaların payı 66.5%-dən 62.5%-ə, maliyyə təşkilatlarının depozitlərində 82.4%-dən 72.9%-ə, qeyri-maliyyə təşkilatlarının depozitlərində 74.7%-dən 66.4%-ə düşüb. Hazırda ən yüksək dollarlaşma səviyyəsi maliyyə təşkilatlarının depozitlərində mövcuddur [xiv] .
Ölkədən valyuta axının məhdudlaşdırılması və bununla da valyuta bazarında sabitliyi təmin etmək məqsədilə Mərkəzi Bankın 26 fevral 2018-ci il tarixli, 4/1 saylı Qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilib. Bu dəyişikliklərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən banklar vasitəsi ilə xarici valyuta əməliyyatlarının aparılmasına dair tələblər daha da sərtləşdirilib. Eyni zamanda dəyişiklik vasitəsilə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması müddəti 180 gündən 270 günə qədər artırılıb.
Dövlət Büdcəsinin İcrası Durumu
2018-ci ilin ortasında dövlət büdcəsinin proqnozlarında dəyişiklik edilib. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2017-ci ilin dekabrın 1-də imzalanmışdı. Həmin Qanuna əsasən 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20127.0 mln. manat, xərcləri isə 21047.0 mln. manat proqnozlaşdırılmış, dövlət büdcəsinin proqnozlaşdırılan kəsirinin yuxarı həddi 920.0 mln. manat nəzərdə tutulmuşdu.
İl ərzində ARDNF-dən dövlət büdcəsinə 9216.0 mln. manat transfert edilməsi nəzərdə tutulmuşdu ki, bu da dövlət büdcəsinin proqnozlaşdırılan bütün gəlirlərinin 45.8%-i demək idi. 2017-ci illə müqayisədə ARDNF-dən dövlət büdcəsinə edilən transfertin məbləğinin 3116.0 mln. manat yaxud 51.1% artırılması qərara alınmışdı. Ümumiyyətlə, 2017-ci ilin büdcə gəlirləri proqnozu ilə müqayisədə 2018-ci ilin büdcə gəlirləri 3361.0 mln. manat və ya 20.0% çox proqnozlaşdırılmışdı. Bu artımın 3156.0 mln. manatı (yaxud artımın 94%-i) birbaşa neft sektorundan daxilolmalar hesabına baş verməli idi.
Qeyd edilməlidir ki, 2018-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnozu neftin 45 dol./bar. orta illik qiyməti əsasında hazırlanmışdı. Lakin 2018-ci ilin birinci yarısında neftin dünya bazar qiymətinin 60 dol./bar.-dən yüksək olması ilə əlqaədar olaraq, hökumət 2018-ci ilin ortasında dövlət büdcəsinin gəlir və xərclərinin proqnozunu artırmaq qərarına gəldi. Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli qanunu ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edildi: 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 22149.0 mln. manat, xərcləri isə 23100.0 mln. manat təsdiqləndi. Dəyişiklik nəticəsində dövlət büdcəsinin ilkin proqnozlaşdırılan gəlirləri 1983.0 mln. manat, xərcləri isə 2014.0 mln. manat artırıldı. Dəyişiklikdən sonra dövlət büdcəsi kəsirinin yuxarı həddi 951.0 mln. manata yüksəldildi.
Büdcə dəyişikliyi zamanı dövlət büdcəsi gəlirlərinin artımı neft-qaz sektoru və xarici iqtisadi fəaliyyətdən daxilolmalar hesabına baş verib, qeyri-neft sektorundan daxilolmalar proqnozu isə azaldılıb. Bu dəyişikliklər zamanı 1 dekabr 2017-ci il tarixli Qanunla təsdiq edilmiş ilkin proqnozla müqayisədə dövlət büdcəsinin gəlirlərində ümumi artım 1983.0 mln. manat olmasına baxmayaraq, ayrı-ayrı mənbələr üzrə büdcə daxilolmalarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, dəyişikliklər zamanı rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə büdcəyə proqnozlaşdırılan gəlirlərin məbləği 230.0 mln. manat, ölkə daxilində istehsal edilən mal və xidmətlər üzrə ƏDV-dən daxilolmaların ilkin proqnozlaşdırılan məbləği isə 770.0 mln. manat azaldılıb. Eyni zamanda, ARDNF-dən transfertin məbləği 1750.0 mln. manat, HPBS üzrə podratçı şirkətlərin mənfəət vergisindən daxilolmaların məbləği 450.0 mln. manat, idxal mallarına ƏDV üzrə daxilolmalar 508.0 mln. manat, gömrük rüsumları 205.0 mln. manat artırılıb (bax: diaqram 3).
Göründüyü kimi, dəyişikliklər zamanı ilkin proqnozla müqayisədə dövlət büdcəsinin ayrı-ayrı gəlir mənbələri üzrə daxilolmaların məbləği ümumilikdə təqribən 3.0 milyard manat artırılıb, bəzi gəlir mənbələri üzrə isə təqribən 1.0 milyard manat azaldılıb. Həm də artım əsasən birbaşa neft sektorundan (2200.0 mln. manat) və xarici iqtisadi fəaliyyətdən (725.0 mln. manat) daxilolmalar hesabına baş verdiyi halda, azalmalar əsasən məhz rezident şəxslərin ölkə daxilində mənfəət vergisi və ƏDV üzrə büdcəyə ödənişlərində qeydə alınıb.
Beləliklə, bu dəyişikliklərdən sonra 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 2017-ci ilin gəlirlər proqnozu ilə müqayisədə ümumilikdə 5383.0 mln. manat və ya 33.0% artırılmış oldu. Dəyişiklikdən sonra dövlət büdcəsinin birbaşa neft sektorundan daxilolmalarında gözlənilən artım 5356.0 mln. manat proqnozlaşdırılıb ki, bu da demək olar büdcə gəlirlərinin proqnozlaşdırılan ümumi artımına bərabərdir. 2017-ci ilin büdcə gəlirləri proqnozu ilə müqayisədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə gəlirləri proqnozunda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmalarda təqribən 800.0 mln. manatlıq artım gözlənildiyi halda, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarında təqribən bir o qədər azalma nəzərdə tutulub.
2018-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş proqnozuna əsasən ümumi büdcə gəlirlərinin 13346.0 mln. manatı, yaxud 61%-i birbaşa neft sektorundan daxilolmalar, o cümlədən 10966.0 mln. manatı, yaxud tən yarısı (50.0%-i) isə ARDNF-in transferti hesabına formalaşacağı gözlənilirdi.
Büdcə dəyişikliyi nəticəsində büdcə xərclərində baş verən artımın yarıdan çoxunun (57.0%-i) 3 dövlət şirkətinə verilməsi nəzərdə tutulub. Dəyişiklik zamanı 2018-ci il üçün dövlət büdcəsinin xərcləri ilkin proqnozla müqayisədə təqribən 2014.0 mln. manat artırıldı. Bu artımın 1144.6 mln. manatı (57.0%-i) “iqtisadi fəaliyyət” bölməsinə, 270.0 mln. manatı (14.0%-i) investisiya xərclərinə, 166.5 mln. manatı müdafiə xərclərinə, 145.9 mln. manatı sosial müdafiə və sosial təminat xərclərinə, 99.0 mln. manatı kənd təsərrüfatı xərclərinə, 42.0 mln. manatı təhsil xərclərinə və s. əlavə edildi. “İqtisadi fəaliyyət” bölməsi üzrə xərclərə əlavə edilən 1144.6 mln. manat vəsaitin hamısı 3 dövlət şirkətinə verilmək üçün nəzərdə tutulmuşdu: bunun 963.2 mln. manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR), 100.0 mln. manatı “Azərbaycan Dəmir Yolları” QSC-yə, qalan 81.4 mln. manatı isə “Azərenerji” ASC-yə verilir.
2018-ci il dövlət büdcəsinin icrası. Maliyyə Nazirliyinin operativ məlumatına[xv] görə 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 22411.3 mln. manat, xərcləri 22718.9 mln. manat, büdcə kəsirinin məbləği isə 307.6 mln. manat olub.
Büdcə gəlirləri. 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən (22149.0 mln. manat) 262.3 mln. manat yaxud 1.2% çox yerinə yetirilib.
Dövlət büdcəsinin ümumi gəlirlərinin 10959.0 mln. manatı (48.9%-i) ARDNF-in transferti, 7417.6 mln. manatı (33.1%-i) Vergilər Nazirliyinin xətti ilə toplanan vəsaitlər (o cümlədən 4975.5 min manatı (22.2%-i) qeyri-neft sektorundan daxilolmalar), 3434.4 mln. manatı (15.3%-i) DGK-in xətti ilə daxilolmalar, 466.4 mln. manatı (2.1%-i) büdcə təşkilatlarının ödənişli xidmətləri, qalan 134.3 mln. manatı isə digər mənbələr hesabına formalaşıb (bax: diaqram 4).
İlkin məlumatlara əsasən, 2018-ci il dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların ümumi məbləği 13401.1 mln. manat olub ki, bu da ümumi gəlirlərin 59.8%-i deməkdir. Bu vəsaitin 10959.0 mln. manatı ARDNF-in transferti, qalan 2442.1 mln. manatı isə Vergilər Nazirliyinin xətti ilə neft sektorundan daxilolmalardır (yəni ARDNŞ-in ödənişləri və HPBS çərçivəsində xarici podratçı şirkətlərin mənfəət vergisi üzrə ödənişləri).
ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin məbləği 11452.3 mln. manat olub ki, bu da 2018-ci ildə dövlət büdcəsinin faktiki cari xərclərinin (11549.8 mln. manat) məbləğindən 97.5 mln. manat yaxud 0.85% azdır.
Dövlət büdcəsi gəlirlərinin 20.8%-i (yaxud 4562.9 mln. manatı) ilin I rübündə, 23.5%-i (5258.6 mln. manatı) II rübdə, 28.0%-i (6268.1 mln. manatı) III rübdə, qalan 28.1%-i (6321.6 mln. manatı) isə IV rübdə icra olunub (diaqram 5).
Eyni zamanda ARDNF-dən dövlət büdcəsinə transfert olunan ümumi vəsaitin 2299.0 mln. manatı (yaxud 21.0%-i) I rübdə, 2309.0 mln. manatı (21.1%-i) II rübdə, 3180.0 mln. manatı (29.0%-i) III rübdə, qalan 3171.0 mln. manatı (28.9%-i) isə IV rübdə köçürülüb. Bu isə o deməkdir ki, dövlət büdcəsi gəlirlərinin I rübdə 50.4%-i, II rübdə 43.9%-i, III rübdə 50.7%-i, IV rübdə isə 50.2%-i ARDNF-in transfertinin hesabına formalaşıb.
2018-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri 2017-ci ilin gəlirləri (16516.7) ilə müqayisədə 5894.6 mln. manat, yaxud 36.0% çox olub. 2017-ci illə müqayisədə 2018-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği 4859.0 mln. manat yaxud 79.7%, Vergilər Nazirliyinin xətti ilə neft sektorundan cəlb edilən vəsaitlərin məbləği 662.8 mln. manat, yaxud 37.3%, DGK-nin xətti ilə daxilolmaların məbləği 825.6 mln. manat, yaxud 31.6%, büdcə təşkilatlarının ödənişli xidmətlərindən əldə olunan gəlirlər isə 100.3 mln. manat yaxud 27.4% artıb (bax: diaqram 6).
Bununla yanaşı, əvvəlki illə müqayisədə 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb edilən vəsaitin məbləği 217.2 mln. manat, yaxud 4.2%, sair mənbələrdən daxilolmalar isə 265.7 mln. manat yaxud 66.4% azalıb (2017-ci ildə Mərkəzi bankın mənfəətindən 250.0 mln. manat vəsait dövlət büdcəsinə köçürülmüşdü, lakin 2018-ci ildə belə köçürmə olmadığından sair daxilolmalarda belə kəskin azalma müşahidə olunub).
Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsinin gəlirlərində bütün mənbələr üzrə baş verən ümumi artımın 5521.8 mln. manatı yaxud 86.0%-i neft sektorundan daxilolmalar, 12.8%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı daxilolmalar hesabına baş verdiyi məlum olur.
Büdcə xərcləri. Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, 2018-ci il üçün dövlət büdcəsinin xərcləri 22718.9 mln. manat məbləğində olub ki, bu da proqnozlaşdırılan xərclərdən 381.1 mln. manat yaxud 1.6% azdır.
Dövlət büdcəsi xərclərinin 11549.8 mln. manatı (50,8%-i) cari xərclərə, 8941.9 mln. manatı (39,4%-i) əsaslı xərclərə, 2227.2 mln. manatı (9.8%-i) isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib (diaqram 7).
Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsi xərclərinin 31.7%-i və ya 7196.6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bunun 2017-ci illə müqayisədə 505.9 mln. manat yaxud 7.6% çox olduğu bildirilir.
Dövlət büdcəsi xərclərinin 4408.0 mln. manatı (illik xərclərin 19.4%-i) ilin I rübündə, 5116.3 mln. manatı (22.5%-i) II rübdə, 6141.7 mln. manatı (27.0%-i) III rübdə, qalan 7052.9 mln. manatı (31.0%-i) isə IV rübdə icra olunub (diaqram 8).
2018-ci il dövlət büdcəsinin xərclərinin ümumi məbləği 2017-ci ilin xərcləri ilə müqayisədə 5124.4 mln. manat yaxud 29.1% çox olub. Hesablamalara əsasən, 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin cari xərcləri 643,7 mln. manat yaxud 5.9%, əsaslı xərcləri 3767.1 mln. manat yaxud 72.8%, dövlət borcuna xidmət xərcləri isə 713.5 mln. manat yaxud 47.1% artıb. Bu isə o deməkdir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin xərclərində baş verən artımın əksər hissəsi – 73.5%-i yaxud 3767.1 mln. manatı – məhz əsaslı xərclərə, yəni investisiya xarakterli işlərə yönəldilib. Büdcə xərcləri artımının 13.9%-i (713,5 mln. manatı) dövlət borcuna xidmət xərclərinə, 12.6%-i (643.7 mln. manatı) isə cari xərclərə sərf olunub.
Büdcə kəsiri. 2018-ci il üzrə dövlət büdcəsi kəsirinin məbləği 307.6 mln. manat olub. Dövlət büdcəsinin icrası barədə operativ məlumatlardan aydın olur ki, əslində ilin ilk 3 rübündə büdcənin gəlirləri onun xərclərindən çox olub: I rübün sonunda 154.9 mln. manatlıq, II rübdə 142.3 mln. manatlıq və III rübdə 126.4 mln. manatlıq, 3 rübdə cəmi 423.6 mln. manatlıq büdcə artıqlığı yaranmışdı (diaqram 9).
Lakin ilin son rübündə dövlət büdcəsinin xərcləri büdcə gəlirlərindən 731.3 mln. manat çox olub ki, nəticədə ilin sonunda 307.6 mln. manatlıq büdcə kəsiri yaranıb. Bu, büdcə kəsiri üçün qanunla təsdiqlənən yuxarı həddin – 951.0 mln. manatın – 32.3%-i qədərdir, yaxud ondan 643.4 mln. manat azdır.
Xatırladaq ki, 2017-ci ildə dövlət büdcəsinin kəsirinin məbləği 1077.8 mln. manat olmuşdu, yəni 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin kəsiri 3.5 dəfə azaldılıb.
İcmal Büdcənin Gəlir və Xərcləri
Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, 2018-ci ildə icmal büdcənin gəlirləri 31034.7 mln. manat olub ki, bu da 2017-ci illə müayisədə 6958.7 mln. manat və ya 28.8% çoxdur. İcmal büdcənin xərcləri 26334.4 mln. manat olub ki, bu da qanunla təsdiq olunmuş yuxarı həddən 240.9 mln. manat azdır. 2017-ci illə müqayisədə 2018-ci ildə icmal büdcənin xərcləri 4.6% yaxud 1151.4 mln. manat artıb.
2018-ci ildə icmal büdcədə 4700.3 mln. manatlıq profisit yaranıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə icmal büdcədə 1107.0 mln. manatlıq kəsir olmuşdu .
2018-ci il üzrə icmal büdcənin ümumi gəlirlərinin 22.8%-i I rübdə, 25.9%-i II rübdə, 28.2%-i III rübdə, qalan 23.1%-i isə IV rübdə formalaşıb. İcmal büdcənin ümumi xərclərinin 18.1%-i I rübdə, 23.1%-i II rübdə, 27.1%-i III rübdə, qalan 31.7%-i isə IV rübdə icra olunub (diaqram 10).
10-cu diaqramın məlumatlarından göründüyü kimi ilin ilk 3 rübündə icmal büdcənin gəlirləri onun xərclərindən çox olub: III rübün sonuna icmal büdcədə 5879.7 mln. manatlıq profisit (artıqlıq) olub. Lakin IV rübdə icmal büdcənin gəlirlərində əvvəlki 2 rüblə müqayisədə azalma baş verib, xərcləri isə artıb. Buna görə də son rübdə icmal büdcənin xərcləri onun gəlirlərindən 1179.4 mln. manat çox olub. Nəticədə ilin sonuna icmal büdcədə 4700.3 mln. manatlıq artıqlıq yaranıb.
Yekun
Sonda ötən il makroiqtisadi baxımdan ölkə iqtisadiyyatında baş veən əsas hadisələri aşağıdakı kimi ümumiləşdirmək olar:
Makroiqtisadi göstəricilər üzrə:
- 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 101.4%, ÜDM deflyatoru isə 112.2% olub;
- Əhalinin hər nəfərinə düşən ÜDM 8126.2 manat, yaxud 4780.1 ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə real ölçüdə 0.5% çoxdur;
- ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edib: bu göstəricinin səviyyəsi 2016-cı ildə 65.8% olduğu halda, 2018-ci ildə 58.5%-ə düşüb;
- Emal sənayesində 2016-2017-ci illərdə qeydə alınmış azalma 2018-ci ildə 7.9%-lik artımla əvəzlənib;
- Tikinti sektorunda azalma nəinki davam edib, hətta dərinləşib: bu sektorda 2017-ci ildə 1.5%-lik azalma olduğu halda, 2018-ci ildə azalma 9.0% təşkil edib;
- 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində təqribən 8.0 milyard dollarlıq müsbət saldo yaranıb;
- Hesabat ilində ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun, cəmi 8.7%-i isə qeyri-neft sektorunun payına düşüb;
Monetar siyasət üzrə:
- Ötən il istehlak qiymətləri indeksi (İQİ) əvvəlki illə müqayisədə 102.3% təşkil edib (2017-ci 112.9% olmuşdu). İnflyasiya səviyyəsinin aşağı düşməsinin əsas səbəbi milli valyutanın məzənnəsinin sabitliyi olub;
- 2018-ci ildə manat möhkəmlənmə təzyiqi altında olub. Bir neçə ay istisna olmaqla, valyuta bazarında təklif tələbi üstələyib;
- Manata ucuzlama təzyiqinin olmaması Mərkəzi Banka valyuta ehtiyatlarını nəinki qorumağa, hətta artırmağa da imkan verib: ötən il Mərkəzi Bankın valyuta ehtiyatı 5.4% artaraq 5.62 milyard dollara çatıb;
- Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların artım tempi son 5 ilin ən yüksək həddində olub;
- 2018-ci ildə ARDNF-in valyuta satışı əvvəlki illə müqayisədə 79.6% artıb: Fond il ərzində 6460.4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib;
- Pul kütləsinin həcmini tənzimləmək və banklarda son dövrlər yaranmış izafi likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bank 2018-ci ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı və 51 notların yerləşdirilməsi üzrə hərrac keçirib;
- İl ərzində Mərkəzi Bankın uçot dərəcəsi mərhələlərlə 15.0%-dən 9.75%-ədək aşağı salınıb, məcburi ehtiyat normaları dəyişməz saxlanılıb, manatla pul bazası isə 11.7% artırılıb;
- Nağdsız əməliyyatların təşviqinə rəğmən dövriyyədə olan nağd pulun həcmi 2.8% artıb;
- Milli valyutanın sabitliyi bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsini təmin edib: 2018-ci ildə xarici valyutada olan kreditlərin payı 40.9%-dən 38.0%-ə, ümumi depozitlərin payı isə 72.4%-dən 65.3%-ə düşüb;
Dövlət büdcəsinin icrası üzrə:
- İlin birinci yarısında dünya bazarlarında neftin qiymətinin yüksək olması və ölkənin neft gəlirlərinin artması ilə əlaqədar olaraq 2018-ci ilin ortasında dövlət büdcəsinin proqnozlarında dəyişiklik edilib: büdcənin gəlirləri 1.9 milyard manat, xərcləri isə 2.0 milyard manat artırılıb;
- Dövlət büdcəsi gəlirlərinin artımı əsasən birbaşa neft sektorundan (2200.0 mln. manat) və xarici iqtisadi fəaliyyətdən (725.0 mln. manat) daxilolmalar hesabına baş verdiyi halda, rezident şəxslərin ölkə daxilində mənfəət vergisi və ƏDV üzrə büdcəyə ödənişlərinin proqnozu təqribən 1.0 milyard manat azaldılıb;
- Büdcə dəyişikliyi nəticəsində büdcə xərclərində baş verən artımın yarıdan çoxu (57.0%-i) 3 dövlət şirkətinə verilməsi üçün nəzərdə tutulub;
- 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən 1.2% çox, 2017-ci ilin gəlirləri ilə müqayisədə 36.0% çox olub.
- Dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub;
- ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin məbləği dövlət büdcəsinin faktiki cari xərclərindən 0.85% az olub;
- Əvvəlki illə müqayisədə 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb edilən vəsaitin məbləği 4.2% az olub;
- 2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsinin gəlirlərində bütün mənbələr üzrə baş verən ümumi artımın 86.0%-i neft sektoru, 12.8%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı daxilolmalar hesabına baş verib;
- 2018-ci il üçün dövlət büdcəsinin xərcləri proqnozlaşdırılan məbləğdən 1.6% az, 2017-ci illə müqayisədə isə 29.1% çox olub;
- Dövlət büdcəsi xərclərinin 50,8%-i cari xərclərə, 39,4%-i əsaslı xərclərə, 9.8%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib;
- 2018-ci il üzrə dövlət büdcəsi kəsirinin məbləği 307.6 mln. manat, yaxud qanunla təsdiqlənən yuxarı həddin 32.3%-i qədər olub;
- 2018-ci ildə ölkənin icmal büdcəsində 4700.3 mln. manatlıq profisit yaranıb (2017-ci ildə 1107.0 mln. manatlıq kəsir olmuşdu).
Nəticə
- 2018-ci ildə monetar və maliyyə sabitliyinin təmin edilməsinə, ölkənin neft gəlirlərinin əvvəlki illə müqayisədə ciddi artmasına, xarici ticarət dövriyyəsində 8.0 milyard dollarlıq müsbət saldo və icmal büdcədə 4.7 milyard manatlıq artıqlıq olmasına, dövlət büdcəsi xərclərinin əvvəlki illə müqayisədə 29.1%, büdcə investisiyalarının isə 80 faizədək artmasına rəğmən ölkədə ÜDM-in real artımı cəmi 1.4% səviyyəsində olub;
- neft gəlirlərinin artmasına uyğun olaraq ölkə istisadiyyatının neft sektorundan asılılıq səviyyəsi yenidən artmaqdadır: i) ÜDM-də qeyri-neft sektorunun payı 2016-cı ildəki 34.2%-dən 2018-ci ildə 41.5%-ə yüksəlib; ii) hesabat ilində dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub; iii) ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb;
- hökumət il ərzində əldə etdiyi neft gəlirlərinin əksər hissəsini dövlət büdcəsi və digər kanallarla iqtisadiyyata yönəltsə də, bu, tikinti sektorunda böhranı aradan qaldıra bilməyib və bütövlükdə iqtisadi artıma ciddi təsir göstərə bilməyib;
- neft gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarının artmasını təmin edib;
- son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviq edilməsi və dövlət investisiyalarının artırılmasına rəğmən iqtisadi artım tempinin 2%-dən aşağı olması iqtisadi sahədə daha ciddi islahatların zəruri olduğunu göstərir.
İstinadlar:
[ii] Pul siyasəti icmalı. Yanvar – dekabr 2018. N:4, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018
[iii] Pul siyasəti icmalı. Yanvar – sentyabr 2018. Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018
[iv] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az
[v] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az
[vii] Pul siyasəti icmalı. Yanvar – dekabr 2018. N:4, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018
[viii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az
[ix] Dövlət Neft Fondunun məlumatları əsasında hesablanıb
[x] Mərkəzi Bankın və Bakı Fond Birjasının məlumatları əsasında hesablanıb.
[xi] 2016-cı ildə Mərkəzi Bank tərəfindən əlavə olaraq 833 milyon USD satılıb.
[xiii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az
[xiv] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az
Məlumat mənbələri:
2018 ci il üçün ticarət dövriyyəsi
Daha bir il tarixə qovuşmaq üzrədir. Yola salmaqda olduğumuz 2018-ci il daha çox iqtisadi islahatlar, böyük layihələrin gerçəkləşməsi və əhəmiyyətli qanun dəyişiklikləri ilə yadda qalır. Bu il inzibati üsulla da olsa, manatın məzənnəsinin sabitləşməsinə nail olunsa da ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasının ağırlığı vətəndaşların çiyninə yüklənib.
2018-ci ilin mühüm iqtisadi layihələri
2018-ci il həm də mühüm iqtisadi layihələrin gerçəkləşməsilə tarixə keçmək üzrədir. Modern.az həmin hadisələrin qısa xornologiyasını təqdim edir:
14 may 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi baş tutub.
18 iyulda Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
2018-ci ilin mühüm iqtisadi hadisələrindən biri də iyulun 23-də Latviyanın paytaxtı Riqada “Azərbaycan Ticarət Evi”nin açılmasıdır.
Ölkəmiz üçün digər əhəmiyyətili hadisə avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammitinin keçirilməsi, zirvə toplantısının yekunu üzrə region üçün tarixi sənəd – Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasıdır.
Daha bir addım 2 sentyabrda Çin Xalq Respublikasının Urumçi şəhərində “Azərbaycan Şərab Evi”nin açılması ilə atıldı.
Həmin ayda tarixin yaddaşına köçən mühüm yeniliklərdən biri də ölkə başçısının Masallı Sənaye Məhəlləsinin açılışını etməsi oldu.
Sentyabrın 27-də isə ölkəmizin regionda daha da möhkəmlənməsinə xidmət edən IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirildi.
Oktyabrın 19-da bütün dünyanın diqqəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılışına yönəldi.
Noyabrın 12-də Şanxayda Azərbaycanın ilk “Şərab evi” açılıb.
Ölkə əhəmiyyətli daha bir iqtisadi uğur noyabrın 16-da Prezidentin iştirakı ilə açılışı gerçəkləşən Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun fəaliyyətə başlamasıdır.
Dekabrın 4-də Bakı şəhərində XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin keçirilməsini, dekabrın 6-da isə Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi”nin açılmasını da mühüm iqtisadi hadisə hesab etmək olar.
“Ölkə durğunluq trayektoriyasından çıxdı”
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Modern.az-a geridə qoymaqda olduğumuz ili iqtisadi aspektdən şərh edib.
Parlamentari bildirib ki, 2018-ci il hələ başa çatmasa da, özündən əvvəliki dövrlə müqayisədə bir sıra məqamlara görə fərqlənir:
“2017-ci ildə Azərbaycanda ÜDM-in 0,1 faiz artımı fonunda 2018-ci ilin 10 ayının nəticələrinə görə, ÜDM 0,8 faiz artıb. 2016-cı ildə Azərbaycanda 12 faiz, 2017-ci ildə isə 13 faiz inflyasiya olub, ərzaq mallarnın qiymətləri isə rəsmi statistikaya görə15 faiz, əslində daha çox artıb. Əhalinin gəlirlərinin artımı isə inflyasiya tempindən 2 dəfə geri qaldığından real gəlirlər aşağı düşüb. Bu ilin 10 ayında inflyasiyanın 2,4 faiz artımı fonunda orta aylıq əmək haqqının 2,8 faiz, əhalinin nominal gəlirlərinin 8 faiz artması timsalında əsas göstəricilərin müqayisəsi göstərir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən başlayaraq, durğunluqdan artım trayektoriyasına çıxmağa başlayıb”.
2018-ci ilin digər illərdən fərqi.
Ə.Məsimlinin fikirincə, 2018-ci ilin özündən əvvəlki 2015-2017-ci illərlə müqayisədə əsas fərqli cəhəti məhz ölkə iqtisadiyyatının durğunluq mərhələsindən artıma keçməsidir:
“Bu il qeyri-neft sektorunda artım 1 faiz, sənaye istehsalında 1,5 faiz təşkil edib. Kənd təsərrüfatı bu müddətdə 5 faiz artıb. Valyuta ehtiyatlarımız da artaraq, 45 milyard ABŞ dollarına çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 34 faiz, ixrac 38 faiz,o cümlədən qeyri-neft ixracı 13 faiz artıb. İkinci fərq bu il büdcə müzakirələrinin əvvəlki illərdən fərqli olaraq 3 oxunuşdan keçməsi və deputatların bütün təkliflərinin çoxu olmasa da, bir qisminin həyata keçirilməsi üçün büdcədə əlavə vəsaitin nəzərdə tutulması oldu. Bununla belə ölkə iqtisadiyyatı qarşısında duran bir sıra problemlərin həlli 2018-ci ildə alınmadı, 2019 və ondan sonrakı illərə qaldı”.
Növbəti ilə transfer olan problemlər
İqtisadçı problemlərdən də danışıb:
“İlk növbədə Azərbaycanda iqtisadi artım tempi potensial imkanlarımızdan xeyli aşağıdır. Rəsmi hökumət proqnozlarında 2018-ci il üçün 2 faiz artım nəzərdə tutulsa da, 10 ayda hələlik 0,8 faiz artım olub. Halbuki, dövlət maliyyəsindən səmərəli istifadə edilsəydi, təkcə onun miltiolikator effektləri 3 faiz ətrafında artım verə bilərdi. Əhalisi ildə orta hesabla 1,2-1,3 faiz artan Azərbaycana 0,8 faizlik yox, azı 4 faizdən yüksək artım lazımdır ki, əhalinin güzəranının yaxşılaşdırılmasının əsas real iqtisadi bazası yaransın. Amma neft bumu mərhələsində hər il orta hesabla dünya iqtisadiyyatından 5-6 dəfə, MDB-nin orta göstəricilərindən 2,5-3 dəfə yüksək sürətlə artan Azərbaycanda 2018-ci ildə artım tempi dünya iqtisadiyyatının orta artım tempindən 3 dəfə, MDB-nin orta artım tempindən 2 dəfə aşağıdır. Təhlil göstərir ki, harda işlər yaxşı təşkil edilib və qoyulan səmayələr öz təyinatına görə səmərəli istifadə edilirsə, orada artım tempi də yüksəkdir. Məsələn, 2018-ci ildə qeyri-neft sənayesində artım 10 faiz olmaqla ölkə üzrə artım tempini 10 dəfə üstələyir. Rəsmi hökümət proqnozlarına görə, 2019-cu ildə iqtisadiyyatımızda 3,6 faiz, 2020-2022-ci illərdə isə orta hesabla 3,4 faiz artım gözlənilir. Bu, özündən əvvəlki illərlə müqayisədə yaxşı hesab edilsə də (o da yalnız islahatları dərinləşdiririlməsi şəraitində özüna doğrulda bilər), o deməkdir ki, Azərbaycan hələ 2022-ci ilə qədərki orta perspektivdə də 2011-ci ildən başlanan aşağı artım templəri ilə inkişaf etmə trayektoriyasından çıxa bilməyəcək. Bu qədər potensialın qarşıısında buna qətiyyən yol vermək olmaz”.
“Azərbaycanda əməkhaqqı Rusiya və Qazaxıstandan aşağıdır”
Deputat qeyd edib ki, bütün potensial imkanları səfərbər etmək və islahatları dərinləşdirmək yolu ilə 2020-ci ildən başlayaraq 5 faiz və ondan yüksək artım trayektoriyasına çıxmaq imkanlarını işə salmaq lazımdır:
“İkinci qrup problemlər, sosial xarakterli problemlərdir və xeyli dərəcədə elə iqtisadi artım templərinin aşağı düşməsindən və milli gəlirin, eləcə də büdcə xərclərinin ədalətsiz bölgüsündən qaynaqlanır. Bizdə iqtisadi artım templəri MDB-nin və regiondakı orta artım tempindən aşağı düşdüyündən, bu qədər böyük potensialın qabağında, orta əmək haqqının da region ölkələrindəki səviyyədə olması və hətta ondən da aşağı düşməsi riskini yaradıb. Azərbaycan üçün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi mənfi fikir yaradan belə hallara da qətiyyən yol vermək olmaz. MDB-nin 3 əsas enerjidaşıyıcılı ölkəsini müqayisə etdikdə görürük ki, Qazaxıstanda ÜDM-in (yeni yaradılan dəyərin) 30 faizindən çoxu, Rusiyada 45 faizindən çoxu, Azərbaycanda isə 20 faizindən azı əməyin ödənilməsinə gedir. Əhalinin gəlirlərində əmək haqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33faiz təşkil edir. Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda 46 faiz, Özbəkistanda 54 faiz, Azərbaycanda isə müxtəlif prizmalardan yanaşma üzrə 26-32 faizdir. Deməli, orta əmək haqqının Rusiyadakından 2 dəfə, Qazaxıstandakından isə 1,3 dəfə az olması, daha çox milli gəlirin və sadaladığımız digər göstəricilərdəki geriliklə bağlıdır. Həmin mənbələri işə salıb, büdcə təşkilatlarında çalışanların maaşlarının qaldırılması istiqamtində addımlar atılmasını zəruri hesab edirik”.
“Vətəndaş 2 min kreidt əvəzinə 7 min ödəyib, bank yenə də əl çəkmir”
Parlamentari hesab edir ki, müasir mərhələdə alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılmasına çalışılmalıdır:
“Yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması, korrupsiyaya, məmur özbşınalıqlarına və bundan irəli gələn talançılıq hallarına, büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulması və sair bu cür üsullarla iqtisadi artım templərimizi və buna uyğun olaraq əhalinin gəlirlərini, əmək haqqı, pensiya və sairdə potensialımıza uyğun səviyyədə artırmaq olar.
Üçüncü qrup problemlər maliyyə-kredit, pul, bank sahəsində olan problemlərdir. 2018-ci ildə bu sahədə əsas müsbət məqam manatın 2017-ci ilin birinci rübündən başlanan nisbi sabitliyinin 2018-ci ildə də qorunub saxlanılması oldu. Bu, çox vacib amildir. Məhz daha çox manatın sabit qalması nəticəsində, bir tərəfdən 2016-2017-ci illərdən fərqli olaraq, 2018-ci ildə inflyasiya əhalinin nominal gəlirlərinin artım tempindən yuxarı qalxmadı, digər tərəfdən isə gəlirlərinin bank əmanətlərinin bankdan çıxarılmasının qarşısnının qarşısı alındı. Bununla belə, 2016-cı ilin 6 dekabrında ölkə prezidenti tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində 2018-ci ildə bankların sağlamlaşdırılması prosinin başa çatacağı göstərilsə də, bu vacib məsələ həll olunmadı.
Eyni zamanda, özündən əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalmaqda davam etdi. Problemli kreditlər kredit portfelinin 14 faizini ötüb. Ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var. 2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss etməkdə davam edir. Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşlarımız və biznes strukturları bank kreditlərinin girovuna çevriliblər. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, bankların sağlamlaşdırılmasına geniş yol açılsın. Xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manupulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir”.
2018 ci il üçün ticarət dövriyyəsi
Hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Onun sözlərinə görə, ixracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub.:
“2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib”.
S.Mehdiyev sözlərinə əlavə edib ki, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.
Son xəbərlər
- 12:03 | Tbilisidəki aksiyalarda 58 polis xəsarət alıb
- 12:02 | Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi keçirilir
- 11:50 | Çətin həyat şəraitinin təsdiqi ilə bağlı sənədlərin siyahısı dəyişdi
- 11:45 | Azərbaycanın axtarışa verdiyi gürcü Polşada tutuldu
- 11:33 | Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi – Siyahı
- 11:32 | Qayınatası ona görə işdən çıxarılmışdı – Özünə 7 il həbs verildi
- 11:27 | Yango qadın sürücüləri 8 Mart münasibətilə təbrik edib
- 11:20 | Baş nazir “Qaçqınkom”la bağlı qərarı dəyişdi
- 11:06 | Ərdoğan bu gün seçkilərin dəqiq tarixini açıqlayacaq
- 11:04 | Bakıda pulemyot satan şəxs tutuldu – Video
- 11:04 | “Azarkeşlər qan görmək istəyir” – Tofiq Musayev+Video
- 10:54 | Bakıda qanunsuz tikilən obyektlər söküldü – Video
- 10:52 | Azərbaycanda daşınmaz əmlak bazarını nə gözləyir?
- 10:44 | Tonoyan öz yaxınları ilə görüşmək istəmir
- 10:43 | İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul etdi
- 10:32 | DJ Hardwell Azərbaycan Qran Prisi üçün Bakıya gəlir
- 10:25 | Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü
- 10:20 | “Çayxanalarda domino və nərdə icazə verilməsi heç nəyi həll etmir” – 3 ayda nələr dəyişib?
- 10:17 | Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı
- 10:17 | “Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi
- 10:16 | Neftimiz bahalaşdı
- 10:08 | Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi
- 09:44 | Kayseridə 4,8 ballıq zəlzələ oldu – Video
- 09:43 | “Zirə” “Kəpəz”ə, “Sumqayıt” “Sabah”a qarşı
- 09:38 | “Kontakt” Mərdəkanda ən böyük elektronika mağazasını açır – Əyləncəli açılışa sən də gəl
- 09:34 | Şirkət direktoru dövlət qurumunu qərəzdə ittiham etdi
- 09:33 | Eltona ağır itki
- 09:33 | Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…
- 09:22 | İmran Mehdiyev vəfat etdi
- 09:17 | Si Cinpin yenidən Çin Sədri seçildi
- 09:09 | Rayonlarda pensiya bu tarixdə veriləcək
- 08:23 | 51 ildən sonra yenidən Ayın ətrafına göndərirlər
- 08:05 | “Fənərbaxça” səfərdə uduzdu
- 07:48 | Ukrayna üçün ağır gecə…
- 07:06 | Qaradağda gənci öldürən şəxs saxlanıldı
- 06:59 | Tramp ABŞ-ın gələcək prezidenti adlandırıldı
- 06:11 | Burcu Esmersoy evlənir
- 05:40 | Tehran metrosunda qorxulu anlar
- 04:31 | Villasını indi çadır əvəz eləyir – 20 mağazası, 8 evi dağıldı + Video
- 04:02 | “Başakşəhər” “Qarabağ”ın uduzduğu rəqiblə heç-heçə oynadı
- 03:44 | Türkiyədə daha bir zəlzələ
- 03:11 | Qolfçular Ronaldonu, o da Messini ötdü – Milyarder idmançıların siyahısı
- 02:29 | Almaniyadakı atışmada ölənlərin sayı artdı – Yenilənib
- 01:24 | FİFA-dan Türkiyə klubuna transfer qadağası
- 01:20 | Ötən günün ən yaddaqalan – Fotoları
- 01:15 | Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir
- 00:34 | Nazirdən içməli sudan istifadə ilə bağlı əhaliyə çağırış
- 00:21 | ABŞ Ukraynaya 6 milyard dollar ayıra bilər
- 00:18 | Təl-Əvivdəki atışma terror aktı kimi qiymətləndirildi – Yenilənib+Video
- 09.03.2023 23:54 | Müdafiə Nazirliyi məlumat yaydı
Comments are closed, but trackbacks and pingbacks are open.