Press "Enter" to skip to content

Xocalı faciəsindən 26 il ötür

Xocalı soyqırımından iki gün sonra burda olmuş hər bir şəxs yüksək mükafat, bahalı qızıl hədiyyələr aldılar. Rus sülhməramlı adı ilə gəlmiş 366-cı alay silahların böyük hissəsini ermənilərə verib getdilər. ASALA və digər terrorçular Ermənistan ərazisindən İrana keçərkən ordan da xaricə getdilər.

Azərbaycan

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.

Xocalı faciəsindən 26 il ötür

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda, həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib.

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral – “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Ulu Öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ildə xocalılılarla görüşən ümummilli lider Heydər Əliyev bu faciəsinin tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulub. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.

Bu gün Xocalıdan olan məcburi köçkünlər respublikamızın 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Yaşayış şəraiti ağır olan Xocalı ailələri üçün də yeni qəsəbələr salınıb, binalar tikilib. Dövlətimizin başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması işini daim diqqətdə saxlayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib.

Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Xocalı faciəsinin müxtəlif ölkələrin parlamentlərində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atılır. Bu sistemli iş artıq nəticəsini verir.

Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.

Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?

Xocalıda törədilən soyqırım bir gün, iki gün, üç günün planı deyildi. Bu plan 1988-ci ildə başlanan Ermənistanın Azərbaycana təcavüzkar siyasətinin nəticəsi olaraq bir il müddətinə hazırlanmışdı. Niyə məhz 26 fevral tarixi seçildi?

Tarix: 26 fevral 1918-ci il. Cənubi Azərbaycanın Urmiya ərazisi. Rus polkovnikin rəhbərliyi altında erməni, aysor və kürdlərdən ibarət dəstə azərbaycanlıların yaşadığı əraziyə hücum edərək soyqırın həyata keçirirlər. Rusların başçılığı, ingilis və Amerikanın himayəsi altında olan ermənilər həmin gün beş mindən çox Urmiya sakinini vəhşicəsinə qətlə yetirir. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edilir. Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidilir, günahsız insanların çığırtısı qulaq batırır. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürürlər.

Plan: 1991-ci ilin dekabrında artıq Fransa, Rusiya və İranda yüksək səviyyədə bilirdilər ki, ermənilər Azərbaycanın və xüsusilə o zaman diplomatik yolla bizə kömək etmək istəyən Türkiyəyə ciddi xəbərdarlıq olacaq əməliyyat hazırlanmışdı. Bunun üçün erməni lobbisi böyük miqdarda pul xərcləmişdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, Fransadan və Rusiyadan kifayət qədər silah alındığı üçün onlar sakitcə kənarda durmuşdular. İran isə ərazidə olan tikililərin dəmir, daşlarına göz dikmişdi. Amma sonradan İran nə düşündüsə, Bakıya bu barədə xəbərdarlıq elədi. Amma bizimkilər ciddiyə almadılar.

ASALA terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndidə idi və 366-ci motoatıcı alayın komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər. Xocalı soyqrımı günü Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd zirehli gödəkçə, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança. ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya də ermənilərə paylanıldı. Xocalı soyqrımı günü Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat xidmətinin təlimatçı-müşavirlərinin bir qismi Fransadan gəlmişdi. Yəni, bu adamlar vaxtilə ayrı-ауrı illərdə Fransa SQ-də təhlükəsizlik və kəşfiyyat işləri ilə məşğul olmuşdular.

Əməliyyatda 366-ci alayın artilleriya diviziyası, zenit artilleriyası, tank rotası, 23 ədəd PDM-i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak edib. 1992-ci il 23 yanvarında 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis ediblər. Tərxis olunan hərbçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaliyyət gostərmiş terrorçularla doldurublar.

Fransa, Liviya, İran, Amerika, Rusiya və daha bir neçə ölkədən 30-dan çox jurnalist həmin günü BMP-nin içində soyqırımı canlı çəkirdi.

25 fevralda bütün əməliyyatda iştirak edənlərə məclis təşkil edilir, süfrədə hər cür içki ilə yanaşı, İrandan alınan narkotik maddələr də var idi. Hətta sonradan bu soyqırımda iştirak edənlərdən bir neçəsi etiraf etmişdi ki, içki və narkotikdən sonra beyinlərində ancaq kimlərisə öldürmək, qan tökmək formalaşmışdı.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci tağımının komandiri Seyran Ohanyan, üçüncü tağımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər Daxili İşlər Şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şagen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Köçəryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilib. Bu gün cinayətkarlardan 39 nəfərin adı bəllidir.

1992-ci il 24 fevralda Xankəndidə əsgərləri qarşısında çıxış edən polkovnik 25 fevral, gecəyə planlaşdıran hücumdan öncə deyib: “Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün!”

Xocalı soyqrımından sonra 366-cı alayda xidmət edən xüsusi şöbənin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin bu alayın ermənilər tərəfindən azərbaycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, polkovnik-leytenant Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü. Mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndiyə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildi. Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Brois Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib”.

Xocalı soyqırımından iki gün sonra burda olmuş hər bir şəxs yüksək mükafat, bahalı qızıl hədiyyələr aldılar. Rus sülhməramlı adı ilə gəlmiş 366-cı alay silahların böyük hissəsini ermənilərə verib getdilər. ASALA və digər terrorçular Ermənistan ərazisindən İrana keçərkən ordan da xaricə getdilər.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.