Press "Enter" to skip to content

31 mart qırığınları

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.

31 mart soyqırımı haqqında şeirler

31 mart soyqırımı haqqında şeirler axtarışında olanlar saytımızda tapa bilər. Xalqımızın başına gətirilən müsibətlərin ardı-arası kəsilməyib. Demək olar ki, hər ay üçün bir və ya bir neçə matem günlərimiz vardır. Bunlardan biri də 31 Mart Soyqırım günüdür. Bu gündə məktəblərdə və bir çox müəssisələrdə matem tədbirləri təşkil olunur. 31 mart soyqırımı haqqında şeir, mahnılar oxunur şəhidlərimiz yad edilir.

“Şəhidlər”

Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.

Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş

Müəllif: Bəxtiyar Vahabzadə

“Şəhidlər”

Şəhidlər günəş kimi nur çiləyir hər zaman,
Şəhidlər gedən yolu bağlaya bilməz tufan,
Şəhidlər el yolunda canını verib qurban.
Şəhidlər qanlarıyla boyayıblar torpağı,
Şəhidlər zirvələrə qaldırıblar bayrağı.

Şəhidlər yatan torpaq ocağa, pirə dönər,
“Şəhidlər xiyabanı “ uzaqlardan görünər,
Şəhidlər anılan yer qərənfilə bürünər,
Şəhidlər bu dünyada dönərlər bir günəşə,
Şəhidlər ölməz olur, yaşayırlar həmişə.

Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,
Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir,
Şəhidlər yatan qəbir istiqlal türbəsidir,
Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir,
Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdir.

Şəhidlər candan artıq sevdilər ana yurdu,
Şəhidlər qoymadılar sönə ocağı, odu,
Şəhidlər qazandılar müqəddəs şəhid adı,
Şəhidlər bu torpağın, bu xalqın qan yaddaşı,
Şəhidlər igidliyin, hünərin yol yoldaşı.

Şəhidlər verən Vətən başını uca tutar,
Şəhidlər verən millət hər arzusuna çatar,
Şəhidlər gözəl yerdə- cənnətdə rahat yatar,
Şəhidlər el-obaya yol göstərən mayaqdır,
Şəhidlər zülmətlərə nur çiləyən çıraqdır.

Şəhidlər, siz ölümdən, siz qandan qorxmadınıız,
Şəhidlər, çətin anda siz candan qorxmadınız,
Şəhidlər, qəlbimizdə qərar tutb adınız,
Şəhidlər deyiləndə dağ da, daş da ağlayır,
Şəhidlər deyiləndə sellər, sular çağlayır.

Şəhidlər ana yurdun qüruru iftixarı,
Şəhidlər, qorudunuz, hər an namusu, arı,
Şəhidlər insanların ucası, bəxtiyarı,
Şəhidlər qalxan yerə qalxa bilməz hər yetən,
Şəhidlər doğuldu ki, yaşasın ana Vətən.

Şəhidlər, siz qıydınız, kim qıyardı canına,
Şəhidlər, siz döndünüz xalqın qəhrəmanına,
Şəhidlər, çevrildiniz bir hünər dastanına,
Şəhidlər, Vətən sizə hər gün alqış söyləyir,
Şəhidlər, Əziz Musa qarşınızda baş əyir.

Müəllif: Qabil Ədalət

“Şəhidlər”

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
” Dünyada mənimdə haqqım var ” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

“Şəhidlər”

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!

Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Qabil Ədalətəm, yolunda hazır,
Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Müəllif: Dursun Musayeva

YENƏ PAYIZ GƏLDİ, YENƏ DƏ YOXSAN

Yenə payız gəldi, yenə də yoxsan,
Tutmuşam getdiyin yola üzümü.
Bəlkə küləklərə dönüb gələsən,
Yoxsa aparacaq sellər izimi.

Yenə payız gəldi, yenə də yoxsan,
Yenə duman çöküb yollarım üstə.
Kaş, dönüb yağışa qəfil yağasan,
Düşərsən uzalı qollarım üstə.

Yenə payız gəldi, yenə də yoxsan,
Sənsiz gözlərini açmır səhərim.
Yağır saçlarıma yarpaq yağışı,
Dönür buludlara qəmim, qəhərim.

Yenə payız gəldi, hardasan, oğlum?
Səni soraqlayır evim-eşiyim.
Şəklini asmışam ürəyim üstə,
İndi gözlərimdi sənin beşiyin.

Deyirəm nə vaxtsa bəlkə də gəldin,
Səbrim ürəyimdə bir közərən şam.
Səsinə həsrətəm, qayıt danış-din,
Səni gözləyirəm hər gün, hər axşam.

…Yenə otağını silib, süpürdüm
Sənsiz günlərimi hər an saymışam.
Gecədən keçsə də deyinmərəm, gəl
Evin qapısını açıq qoymuşam.

Yenə payız gəldi, de hardasan sən?
Heykələm yolunda, məni qınama.
Bəlkə də sən özün dönüb payıza,
Qayıdıb gələrsən bir gün yanıma.

Qayıt, ömrüm-günüm, gülsün gözlərim,
Yayılsın hər yana səsin-sorağın.
Sevinib şadlanım, muştuluq verim,
Gəlsin görüşünə qoy,uzaq-yaxın…

Əbədi yerin var ürəkdə-canda,
Qəlbimdə nur saçan çırağım oldun.
Şəhidim, geriyə qayıtmasan da,
Sən Zəfər müjdəli Bayrağım oldun.

Sabir Abdin

Unutmayaq

Təbrizli, İrəvanlı , Kərküklü ,

Ayrı qürbətdən , həsrətdən ,

dərddən böğulub öldülər.

döğulduğu torpağı görmədən,

yaşıl yallı yamacların yaxasına

Sonra da Zəngəzur ,Meğri ,Ağbaba

Sonra Dərələyəz yarası gəldi.

Sonra Vedibasar pələsəng oldu

Sonra da Göyçənin sırası gəldi.

Beləcə qovula-qovula doğulduq

boğula –boğula doğulduq.

düyülə -düyülə böyüdük

çatdıq XX əsrin sonuna

əli boş , üzü qara .

bir parça göyə baxıram

üzük qaşı kimi sarılmış ,

Əvvəlin sonuydu bu

Ya sonun başlanğıcı?

Bu qətl günüydü, bu

qanlı bir tamaşanın ,

Təzədən əvvəlin sonuna düşdük.

Arxalı köpəklər qurd basdı yenə.

Təzədən didərgin gününə düşdük,

Ocaq yerlərini ot basdı yenə.

Aynabəndli ağban evlərımızı

çadırların qəribliyinə qısıldıq .

bir yanıqlı bayatıya dönüb

köz –köz olan sinələrə yazıldıq

Müdafiə edim seni

Böyüyəndə mən bir əsgər olaram

Ana vətən, tabehində duraram

Düşmən ermənini qana bularam

Tez olginən qoynunda böyüt məni,

Silah tutub müdafiə edim səni!

Gərək dığaları yandırıb yaxam

Görürəm dardasan neynim uşağam

Böyüyəndə bilginənki bir dağam

Tez olginən qoynunda böyüt məni,

Silah tutub müdafiə edim səni!

Uca bir zirvəndən edirəm seyr

Uşağam yazıram ürəyim deyir

İlham tək qoynunda oğlun böyüyür

Tez olginən qoynunda böyüt məni,

Silah tutub müdafiə edim səni!

31 mart qırığınları

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 104 il ötür.

“Qafqazinfo”nun məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.

Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.

Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

31 mart qırığınları

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüası altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel – may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.