Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı? Araşdırma
Bütün hallarda (yaşla əlaqədar hormonal dəyişikliklər və ya laktasiya istisna olmaqla) gecikmənin müddəti 5-7 gündən artıq olmamalıdır, əks-halda ciddi xəstəliklərin inkişafının qarşısını almaq üçün mütləq ginekoloq müayinəsindən keçmək lazımdır.
Aybaşının gecikməsi
Aybaşının gecikməsi – siklik qanaxmanın 35 gündən artıq müşahidə olunmaması ilə səciyyələnən aybaşı funksiyasının pozulmasıdır. Fizioloji səbəblər (hamiləlik, premenopauza və s.), eləcə də müxtəlif üzvi və ya funksional pozğunluqlarla əlaqəli olur. Aybaşının gecikməsi qadının müxtəlif yaş dövrlərində: cinsi yetişkənlik dövrü, reproduktiv və premenopauza dövründə baş verə bilər. Aybaşının 5 gündən artıq gecikməsi həkimə müraciət etmək üçün səbəb hesab olunur. Aybaşının gecikməsinin diaqnostikası bu simptomun əsas yaranma səbəbinin aşkar olunmasına yönəldilmişdir. Müalicə taktikası yaranma səbəbinə əsasən təyin olunur.
- Aybaşı siklinin xarakteristikası
- Aybaşının gecikməsi və hamiləlik
- Aybaşının gecikməsinin digər səbəbləri
- Aybaşının gecikməsi zamanı aparılan müayinələr
Aybaşının gecikməsi barədə ümumi məlumat
Aybaşının gecikməsi menstrual siklin pozulması olub, aybaşı qanaxmasının ehtimal olunan vaxtda başlamaması ilə xarakterizə olunur. 5-7 gündən az davam edən aybaşının gecikməsi patologiya kimi qiymətləndirilmir. Aybaşı gecikməsinin formalarına menstrual qanaxmaların seyrəkləşməsi ilə təzahür edən aybaşı siklinin oliqomenoreya, opsomenoreya və amenoreya tipli pozğunluqları aiddir. Aybaşının gecikməsi qadının müxtəlif yaş dövrlərində: cinsi yetişkənlik dövrü, reproduktiv, premenopauza dövründə fizioloji və ya patoloji səbəblərdən yaranır.
Pubertat dövrdə menstrual funksiyanın nizamlanması zamanı aybaşının gecikməsi təbii, fizioloji hal sayılır. Bu dövrdə aybaşı 1-1,5 il ərzində qeyri-müntəzəm xarakter daşıya bilər. Reproduktiv yaşlı qadınlarda aybaşının gecikməsi yalnız hamiləlik dövründə normal hesab olunur.
5-7 gündən artıq davam edən aybaşı gecikməsinin digər variantları təbii hal sayılmadığından belə vəziyətlərdə təcili olaraq ginekoloqa müraciət etmək lazımdır. Aybaşı sikli reproduktiv funksiyanı dəstəkləyən və qadının ümumi sağlamlığı ilə bağlı istənilən kənaraçıxmaları əks etdirən dəqiq mexanizmdir. Aybaşı gecikməsinin səbəb və mexanizmlərini daha yaxşı anlamaq üçün menstrual siklin xarakteristikasında norma və kənaraçıxma hallarını bilmək lazımdır.
Aybaşı siklinin xarakteristikası
Reproduktiv yaşlı qadın orqanizminin fəaliyyəti siklik qanunauyğunluqlara malikdir. Aybaşı qanaxmaları mentrual siklin son mərhələsi hesab olunur. Aybaşı ifrazatı yumurtahüceyrənin mayalanmaması və hamiləliyin baş tutmamasına dəlalət edir. Bundan əlavə aybaşının müntəzəmliyi qadın orqanizminin düzgün fəaliyyətindən xəbər verir. Aybaşının gecikməsi isə əksinə hansısa pozğunluqlara işarə sayılır.
İlk aybaşı adətən 11-15 yaşlarda baş verir. Başlanğıcda aybaşı qanaxmaları qeyri-müntəzəm ola bilər, bu dövrdə aybaşının gecikməsi normaldır, lakin 12-18 aydan sonra aybaşı sikli tam formalaşmalıdır. Aybaşının 11 yaşdan əvvəl başlaması və 17 yaşdan sonra hələ də müşahidə olunmaması patologiya sayılır. 18-20 yaşa qədər aybaşının baş verməməsi patoloji proseslərin olmasına: fiziki inkişafın ləngiməsi, hipofizin fəaliyyətinin pozulması, yumurtalıqların inkişafdan qalması, uşaqlığın hipoplaziyasına dəlalət edir.
Normada aybaşı müəyyən vaxt intervalında başlayır və sona çatır. 60% qadınlarda siklin davametmə müddəti 28 gündur. Təxminən 30% qadınlarda sikl 21 gündən, 10% qadınlarda isə 30-35 gündən ibarət olur. Orta hesabla aybaşı qanaxması 3-7 gün davam edir və qanitirmənin 1 aybaşı müddətində fizioloji norması 50-150 ml hesab olunur. Aybaşının tam kəsilməsi 45-50 yaşdan sonra müşahidə olunur, bu hal menopauza adlanır.
Aybaşı siklinin qeyri-müntəzəmliyi, davam etmə müddətində rast gəlinən kənaraçıxmalar, aybaşının sistematik olaraq 5-10 gündən artıq gecikməsi, az miqdarda və gür aybaşıların növbələnməsi qadının sağlamlığı ilə bağlı ciddi problemlərinin olmasından xəbər verir. Aybaşının başlanması və gecikməsinə nəzarət etmək üçün hər bir qadın aybaşı təqvimi aparmalıdır və orada növbəti aybaşının başlanma tarixini qeyd etməlidir. Belə hallarda aybaşı gecikməsi dərhal üzə çıxır.
Aybaşının gecikməsi və hamiləlik
Reproduktiv yaşlı qadınlarda hamiləlik aybaşı gecikməsinin ən çox rast gəlinən səbəblərindən hesab olunur. Hamiləliyin baş tutmasına aybaşı gecikməsindən əlavə dad və iybilmə, iştahın dəyişməsi, səhər vaxtlarında ürəkbulanma və qusmanın olması, yuxululuq, süd vəzilərində ağrı hissiyyatı dəlalət edir. Yarımçıq cinsi əlaqə, uşaqlıqdaxili spiralın olması, oral kontraseptivlərin qəbulu zamanı, aybaşı vaxtı, «təhlükəsiz» günlərdə və ya prezervativlə intim yaxınlıqdan sonra hamiləliyin baş tutma ehtimalını istisana etmək olmaz, çünki bu üsulların heç birinin kontraseptiv təsiri 100%-ə bərabər deyil.
Aybaşı gecikməsi zamanı əgər əvvəlki ayda qadın cinsi əlaqədə olmuşsa, bu zaman hamiləliyi təyin etmək üçün xüsusi testlərdən istifadə olunur. Hamiləlik testlərinin (test-zolaq, planşet) təsir prinsipi eynidir: onlar sidikdə xorionik qonadotropinin (XQ) olmasını müəyyən edir. Bu hormon yumurtahüceyrənin mayalanmasından 7 gün sonra sintez olunur. XQ-nin sidikdə konsentrasiyası tədricən artır və müasir, hətta ən həssas testlər onu mayalanmadan yalnız 12-14 gün sonra aybaşı gecikməsi zamanı müəyyən edə bilir. Testin nəticəsinə ilk 5-10 dəqiqədə baxmaq lazımdır. Bu müddət ərzində zəif nəzərə çarpan ikinçi zolağın olması müsbət nəticə hesab olunur və hamiləliyin baş tutmasından xəbər verir. Əgər ikinci zolaq gec yaranıbsa belə nəticə düzgün hesab olunmur. Aybaşı gecikməsi zamanı dəqiq nəticə almaq üçün hamiləlik testi 2-3 günlük intervalla 2 dəfə təkrarlanır.
Yadda saxlamaq lazımdır ki, cinsi həyat yaşayan qadınlar hər zaman hamilə qala bilir, bu səbəbdən menstrual siklə nəzarət etmək və aybaşı gecikməsinə diqqət yetirmək lazımdır. Lakin aybaşı gecikməsi təkcə hamiləliklə deyil, sağlamlıqla bağlı çox ciddi və təhlükəli səbəblərlə əlaqəli ola bilər.
Aybaşının gecikməsinin digər səbəbləri
Ginekologiyada aybaşının gecikməsinə səbəb olan bütün səbəblər 2 böyük qrupa ayrılır: fizioloji və patoloji. Bir sıra hallarda aybaşının gecikməsi orqanizm üçün xüsusi keçid və adaptasion hallarla əlaqəli ola bilir və adətən 5-7 gündən çox çəkmir. Lakin bu vəziyyətlərin bəziləri sərhəd halı hesab olunur, onların dərinləşməsi zamanı bu və ya digər patologiyanın təzahürü olaraq aybaşı gecikməsinə gətirib çıxaran üzvi pozğunluqlar baş verə bilir. Fizioloji səbəblərdən yaranan aybaşı gecikmələri aşağıdakılardır:
- Güclü emosional və ya fiziki yüklənmələrlə: stress, həddindən artıq fiziki və zehni yüklənmələr, gərgin iş rejimi ilə bağlı aybaşının gecikməsi;
- Həyat tərzinin dəyişməsi: işin xarakterinin dəyişməsi və ya iqlim dəyişikliyi ilə əlaqədar aybaşının gecikməsi;
- Az qidalanma və ciddi pəhriz zamanı aybaşının gecikməsi;
- Hormonal dəyişikliklər zamanı: cinsi yetişkənlik və ya klimaks dövründə aybaşının gecikməsı;
- Hormonal kontraseptivlərin istifadəsi dayandırıldıqdan sonra xaricdən uzunmüddət hormon qəbulu ilə əlaqədar yumurtalıqların fəaliyyətinin müvəqqəti hipertormozlanması nəticəsində müşahidə olunan aybaşının gecikməsi. Əgər aybaşının gecikməsi 2-3 sikl müddətində davam edirsə, mütləq ginekoloqa müraciət etmək lazımdır;
- Yüksək dozalı hormonlardan ibarət təcili kontraseptiv preparatların qəbulundan sonra baş verən aybaşı gecikməsi;
- Doğuşdan sonrakı dövrdə laktasiyaya nəzarət edən və yumurtalıqların siklik fəaliyyətini tormozlayan hipofiz hormonu olan prolaktinin sintezi ilə bağlı aybaşı gecikməsi. Əgər ana uşağı döş südü ilə qidalandırmırsa, doğuşdan təxminən 2 ay sonra aybaşı bərpa olunmalıdır. Ana südü ilə qidalandırma zamanı aybaşı laktasiya dövrü bitdikdən sonra nizamlanır. Əgər aybaşının gecikməsi doğuşdan sonra 1 ildən artıq müddətdə müşahidə olunarsa mütləq ginekoloqla məsləhətləşmək lazımdır.
- KRVİ, qrip, xroniki xəstəliklər: qastrit, qalxanabənzər vəzinin fəaliyyətinin pozulması, şəkərli diabet, böyrək xəstəlikləri və s., eləcə də bəzi dərman vasitələrinin qəbulu ilə əlaqədar aybaşının gecikməsi.
Bütün hallarda (yaşla əlaqədar hormonal dəyişikliklər və ya laktasiya istisna olmaqla) gecikmənin müddəti 5-7 gündən artıq olmamalıdır, əks-halda ciddi xəstəliklərin inkişafının qarşısını almaq üçün mütləq ginekoloq müayinəsindən keçmək lazımdır.
Aybaşının gecikməsinin patoloji səbəblərinə həmçinin cinsi sferanın xəstəlikləri aiddir. Bu qrupa aid olan səbəblər aşağıdakılardır:
- Cinsiyyət orqanlarının iltihabi (adneksit, ooforit) və şiş xəstəlikləri (uşaqlığın mioması) zamanı müşahidə olunan aybaşı gecikməsi. Cinsi orqanlarda gedən iltihabi proseslər aybaşının gecikməsindən əlavə, patoloji ifrazat və qarnın aşağı hissəsində ağrılarla təzahür edə bilər. Bu hallar ciddi ağırlaşmalar və sonsuzluqla nəticələndiyindən təcili müalicə olunmalıdır;
- Yumurtalıqların polikistozu və onunla bağlı hormonal dəyişikliklər səbəbindən baş verən aybaşı gecikməsi. Yumurtalığın polikistozu zamanı aybaşının gecikməsi ilə yanaşı bədən çəkisinin artması, seboreya və akne, həddindən artıq tüklənmə izlənilir;
- Hormonal dəyişikliklər nəticəsində yaranan sarı cismin kistası ilə əlaqədar aybaşının gecikməsi. Sarı cismin kistasının sorulması və normal aybaşı siklinin bərpası üçün həkim hormonal terapiya kursu təyin edir;
- Hamiləliyin pozulmasından sonra rast gəlinən aybaşı gecikməsi. Bu hal tez-tez müşahidə olunur, lakin normal hesab olunmur. Abortdan sonra aybaşı gecikməsinə təkcə hormonal vəziyyətin kəskin dəyişməsi deyil, həmçinin uşaqlığın qaşınması prosesində baş verən mexaniki travmalar səbəb ola bilər;
- Təcili tibbi müdaxilənin tələb olunduğu hallar – donmuş və ya uşaqlıqdan kənar hamiləlik, erkən vaxtlarda düşüklə bağlı aybaşının gecikməsi;
- Sağlamlıq üçün kririk hesab olunan çəki artıqlığı və ya azlığı. Anoreksiyadan əziyyət çəkən qadınlarda aybaşı gecikməsi onun tamamilə kəsilməsi ilə nəticələnə bilər.
Beləliklə yaranma səbəbindən asılı olmayaraq aybaşının gecikməsi ginekoloqa müraciət etmək üçün ciddi səbəb hesab olunur.
Aybaşının gecikməsi zamanı aparılan müayinələr
Aybaşı gecikməsinin yaranma səbəblərini təyin etmək üçün ginekoloji baxışdan əlavə digər müayinələr tələb oluna bilər:
- Bazal hərarətin ölçülməsi və dəyişikliklərin qrafik əksi. Bu üsul ovulyasiyanı izləməyə imkan verir;
- Qanda XQ, yumurtalıq, hipofiz və digər vəzi hormonlarının təyini;
- Hamiləlik (uşaqlıq, uşaqlıqdan kənar), aybaşının gecikməsinə səbəb olan uşaqlığın, yumurtalıqların şiş xəstəlikləri və digər halların aşkar olunması üçün kiçik çanaq orqanlarının USM;
- Hipofiz və yumurtalıqların şiş xəstəliklərini istisna etmək üçün baş beynin KT və MRT.
Aybaşı gecikməsi ilə müşayiət olunan xəstəliklərin aşkar olunması zamanı digər mütəxəssislərin –endokrinoloq, dietoloq, psixoterapevt və s. konsultasiyası təyin olunur.
Yekun olaraq qeyd etmək lazımdır ki, yaranma səbəblərindən asılı olmayaraq aybaşı gecikməsi qadınlar tərəfindən ciddi qəbul olunmalıdır. Aybaşının gecikməsinə adi hava dəyişməsi və ya hamiləlik səbəb olduğu kimi, bu proses ciddi xəstəliklərlə də əlaqəli ola bilər. Aybaşının gecikməsi zamanı vaxtında aparılan həkim konsultasiyası bu vəziyyəti daha da dərinləşdirə bilən lazımsız fikir və həyəcanın aradan qaldırılmasına kömək edir. Qız uşaqları böyüyən ailələrdə cinsi tərbiyə aparılmalı, onlara aybaşı gecikməsinin problem olduğunu və bu problemin ana və həkimlə birgə həll olunduğunu başa salmaq lazımdır.
Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı? – Araşdırma
Son günlərdə ölkənin ərzaq bazarında saxta yağların satılması haqda məlumatlar ara vermir. Məlumatlarda qeyd olunur ki, Azərbaycana 50 min tona yaxın “Palma” yağı idxal olunub ki, kq-ı dünya bazarında 60 qəpik olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 2-5 manata satılır. Bundan başqa, ticarət mərkəzlərində kütləvi şəkildə kərə yağı adı ilə kərə yağı əvəzedicilərindən istifadə edilməklə hazırlanan süni yağlar da satılır. Bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs, alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli “kərə yağlarını” necə tanımaq olar, belə yağların sağlamlıq üçün hansı təhlükələri var?
Bu suallara aydınlıq gətirmək üçün Azadinform kiçik bir araşdırma aparıb.
Yağ bazarında işlər yağ kimi gedir.
Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Lakin mətbuatda yayılan məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.
Qeyd olunur ki, ucuz qiymətə (2-5 manat arasında) satılan bu yağların tərkibinin əsas hissəsi trans yağlardır, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır. Onların tərkibinə kərə yağı əvəzedici kimi tanınan kimyəvi maddələr vururlar ki, bu da sağlamlıq üçün çox təhlükəlidir.
Kərə yağı adı ilə satılan bir çox yağların tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandırığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə (с сливочное масло) hazırlanıb. Yəni, bu məhsulun tərkibinə bir qədər kərə yağı da qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.
Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. İddia olunur ki, yerli istehsal yağlarda təbii tərkibli deyil və müxtəlif kimyəvi qatqılar vasitəsilə hazırlanır.
Bəzilərinin üzərində açıqca qeyd olunur ki, kərə yağı ilə hazırlanıb (yəni tərkibində bir az kərə yağı da var), ya da “kərə yağı dadlı” qeydi vurulur, lakin bunlar alıcılara kərə yağı adı ilə satılır.
Məsələn, “Kərəm” adlı yağ 2,5 manata satılır ki, bu da sübut edir ki, bu kərə yağı deyil. Bu, 2-6 manat arasında satılan bütün yağlara da aiddir.
Yeni Zelandiyadan gəmi ilə möcüzəli şəkildə 4 günə gələn yağ
Bəzi yağlar xarici marka adları altında satılır, lakin ölkədə düzəldilib. Məsələn, “Bestgov” və “Newland” adlı yağları misal göstərmək olar. Hətta rast gəldiyimiz bir nümunədə “Newland” yağının üzərində 4 gün qabaq istehsal olunduğu qeyd olunub və Yeni Zelandiya məhsulu olduğu yazılıb. Halbuki, Yeni Zelandiyadan Azərbaycana yağ gəmi ilə gətirilir və təxminən 2 aya çatır. “Bestgov” yağının isə üstündə Yeni Zelandiya yazılıb, lakin arxasında xırda hərflərlə rekvizit məlumatlarında Azərbaycanda istehsal olunduğu qeyd olunub.
İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən “kərə” yağları satılır və bu yağın üzərinə “Moskva” və ya “Rusiya” kərə yağı yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, maya dəyəri bir yana qalsın, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.
Bir çoxları yağın üzərinə rus adları yazmaqla alıcılarda bu yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışırlar, lakin çox xırda hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda görürsən ki, bu yağı misal üçün Abşeronun hansısa kəndində filan fiziki şəxs hazırlayır.
Demək dəqiq aydındır ki, burada hansısa cinayətkar şəbəkə iqtisadi təxribat törədib əhalini və dövləti aldadırlar. Müvafiq orqanlar bu faktlar əsasında ciddi tədbirlər görməlidir.
Maya dəyərindən ucuz “kərə yağı”
Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kq-nın maya dəyəri 7 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda 2-6 manat arasında satışda olan istisnasız olaraq bütün kərə yağlarının, o cümlədən bitki yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir. Mütəxəssislərin dediyinə görə, təbii bitki yağı 2-4 manata başa gələ bilməz, bu praktiki olaraq mümkün deyil.
“Vosmoy” bazarında yağ satışı ilə məşğul olan satıcı Rafiqin sözlərinə görə, ən çox tələb Rusiya yağlarınadır. Həm də 2-3 manata satılanlara. Satıcıdan 2 manata kərə yağının necə əmələ gəldiyini soruşanda isə bildirdi ki, onlar yağı topdansatış mərkəzlərindən alırlar və tərkibindən, harada, nədən hazırlanmasından xəbərləri yoxdur.
Məlum olur ki, əhali arasında Yeni Zelandiya, Rusiya, Ukrayna və Belarus yağlarının keyfiyyətli olması haqda fikir formalaşdığından ən çox bu yağları saxtalaşdırırlar. Məsələn, bu sətirlərin müəllifi iri mağazalarda üzərinə “Российское” yazılmış, kərə yağı adı ilə satılan məhsulun üzrəində onun tamamilə süni kimyəvi maddələrdən düzəldiyini təsdiq edən tərkib məlumatını lupa ilə birtəhər oxuya bilib.
“Əhalini aldatmaq üçün yağa xüsusi maddələr qatılır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: “Satışda “kərə yağı” adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır”.
Yayılan məlumatlarda palma yağının konseragen olması və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər yaratdığı qeyd olunur. Ekspert bildirir ki, palma yağ ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl kərə yağı ancaq inək südündən hazırlanır. “Palma” yağı isə bitki yağları, konservləşdirilmiş süd, dondurmanın istehsalı, o cümlədən tortların kremində, şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Təmiz kərə yağının yağlılıq faizi 82%-dən az ola bilməz.
Ölkədə saxta yağ istehsal edən gizli sexlər var
Ölkədə gizli fəaliyyət göstərən sexlərin varlığını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təsdiq edib. Komitə bildirir ki, gömrükdən idxal olunan keyfiyyətli kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır və satışa buraxırlar. Üzərinə də yazırlar ki, bu, 82 faizlik kərə yağlarıdır.
Komitədən bildirirlər ki, hazırda kərə yağı istehsalı və idxalında QOST 37-91 standartı əsas götürülür. Komitə yağların tərkibini bu standart əsasında yoxlayır və uyğunluq aparır: “Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Bizim verdiyimiz uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir”.
Alıcı əsil kərə yağını necə tanımalıdır?
Yerli və xarici yağları ayrıd etmək üçün məhsulun üzərində yazılan ştrix-kodlara diqqət etmək lazımdır. Belə ki, Azərbaycan məhsulları 476, Yeni Zelandiya 940-949, Rusiya isə 460-469 barkod prefiksi ilə öz məhsullarını satışa çıxarır.
Hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.