Ipoteka fondu bazar qiymət zona
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin satılması mexanizmini açıqladı
– Bildiyiniz kimi, 25 yanvar 2019-cu il tarixdə “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edildi. Fərmanda cənab Prezident tərəfindən Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Qeyd edilən məsələlərin həlli müəyyən vaxt tələb etsə də, Fond tərəfindən işlər sürətləndirildiyi üçün mümkün qısa vaxtda vətəndaşlar mexanizmin imkanlarından faydalana biləcəklər. Bu barədə Fond ictimaiyyətə əlavə məlumat verəcək.
– Yeni mexanizmin indiyədək mövcud olan ipoteka və güzəştli mənzillər mexanizmindən fərqi nədədir?
– Ümumiyyətlə, bu məhsulların hər birinin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dünya təcrübəsi də göstərir ki, bu məhsullar, demək olar, bir-birilərini tamamlayır. Çünki hər məhsulun mənzil şəraitini yaxşılaşdırmaq istəyən şəxsin tələblərinə uyğun gələn xüsusiyyəti və üstünlükləri var. Satmaq öhdəliyi ilə kirayənin ipoteka kreditləşdirməsindən əsas fərqlərindən biri yaşayış sahəsinin Fondun mülkiyyətində olması və ödəniş tam başa çatdıqdan sonra kirayəçinin mülkiyyətinə verilməsidir. İpoteka kreditləşməsi mexanizmində Fondun vəsaiti hesabına alınmış yaşayış sahəsi borclunun mülkiyyətinə əvvəlcədən verildiyi və yalnız ipoteka ilə təmin edildiyi üçün yaş məhdudiyyəti, gəlirlərin təsdiqi və ilkin ödənişlə bağlı ciddi tələblər mövcuddur. Satmaq öhdəliyi ilə kirayə mexnizmində isə yaşayış sahəsi ödəniş tam başa çatana kimi Fondun mülkiyyətində saxlanıldığı üçün kirayəçilərin əmək stajının, gəlirlərinin və s. təsdiq edilməsi nəzərdə tutulmur. Məhz bununla əlaqədar olaraq, satmaq öhdəliyi ilə kirayədə vətəndaşın qabaqcadan ödəniş yükü daha aşağıdır. Kirayəçi onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Fondun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Bundan başqa, bu mexanizmdə yaşayış sahələri tam təmirli və sığortalı şəkildə vətəndaşlara təqdim olunur.
– Hansı evlərin kirayəyə verilməsi nəzərdə tutulur? Konkret ünvan varmı?
– Qaydalara əsasən satmaq öhdəliyi ilə kirayəyə 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evlərinin verilməsi nəzərdə tutulub. Sözsüz ki, əhalinin maraqları nəzərə alınmaqla yaşayış sahələrinin müxtəlif zonalarda və müxtəlif tipli binalarda seçilməsi təmin ediləcək.
– Kirayə evlər kimlərə veriləcək? Bu, hər kəs üçün əlçatan olacaq, yoxsa xüsusi kateqoriyalar üçün nəzərdə tutulub?
– İlk növbədə qeyd etmək lazımdır ki, satmaq öhdəliyi ilə kirayədən yalnız Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Qaydaların tələblərinə əsasən yaşayış sahələri müraciət tarixinə banka və ya digər təşkilata vaxtı keçmiş borcu olmayan və vətəndaş qüsursuzluğuna malik şəxslərə verilir. Bundan başqa, qaydalarda Fonda kirayəçilər üçün əlavə tələblər də müəyyən etmək səlahiyyəti verilib.
– Binanı və mənzilləri kim seçir – kirayəçi, yoxsa Fond?
– Qaydalara uyğun olaraq satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin yerləşdiyi ünvanı, binanı, mərtəbəni, sahəsini, otaqların sayını Fond müəyyən edir və alış qiyməti və aylıq ödənişlərin təxmini qiyməti də göstərilməklə elektron sistem vasitəsilə əhaliyə təklif edir. Bu zaman əhaliyə tələbatına uyğun yaşayış sahəsini seçərək elektron sistem vasitəsilə kirayə üçün müraciət etmək hüququ verilir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Ipoteka fondu bazar qiymət zona
Hesablama Palatası “Azərbaycan İpoteka Fondu ASC-nin fəaliyyəti ilə bağlı həyata keçirdiyi təhlilin nəticələrini açıqlayıb.
Unikal.org -un məlumatına görə, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədilə ipoteka kreditləri üzrə zəmanələrin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbatın ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.
Bundan başqa, regionlar üzrə verilmiş ipoteka kreditlərinin həcmi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub. Mənzillərin orta bazar qiymətlərinin müəyyən edilməsi zamanı, habelə təmirli yaşayış sahəsinin 1 kvadratmetr üçün orta baza qiymətlərinin tətbiqi prosesində zona daxilində ayrı-ayrı ərazilərdə yaşayış sahələri üzrə kəskin qiymət fərqlərinin yaranması, ədalətli orta bazar qiymətinin müəyyənləşməsi çətinliklərlə müşahidə olunub.
Lisenziyası ləğv olunmuş və ya maliyyə göstəricilərinə görə nəzarətə götürülmüş bankların ipoteka krediti portfelinin müvafiq tədbirlər çərçivəsində digər banklara ötürülməsini tənzimləyən müvafiq qaydalar mövcud olmayıb. Dövlət büdcəsindən ayrılmış vəsaitin Cəmiyyətin müvafiq hesabına düzgün mədaxil olunmasına nəzarət məqsədilə Dövlət Xəzinədarlıq orqanı ilə Üzləşdirmə sənədləri rəsmiləşdirilməyib, vəsaitlərin depozitə yerləşdirilməsi zamanı bankların seçim meyarlarında dəqiqləşdirmələr aparılmasına ehtiyac yaranıb. Cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi mənfəət bölüşdürülməyib, limitlərin ayrılması zamanı müvafiq qaydaların tələbləri gözlənilməyib. Daxili nəzarət tədbirlərinin və monitorinqlərin keçirilməsi zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət lazımi səviyyədə olmayıb.
Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün “Azərbaycan İpoteka Fondu ASC-yə göndərilib.
Təqdim edilən məlumata əsasən, Cəmiyyətin strukturunda zəmanətlərin verilməsi şöbəsi yaradılıb, zəmanət mexanizminin tətbiqi ilə bağlı təşkilatı işlərin başa çatdırılması və zəmanətlərin verilməsinə başlanılması, eyni zamanda strateji maliyyə planlaşması ilə bağlı müvafiq sənədlərin təsdiq edilməsi planlaşdırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.