Press "Enter" to skip to content

Islam iqtisadiyyatı.

Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov mövzunun aktuallığından söz açaraq, islam iqtisadiyyatının mental, hüquqi və iqtisadi aspektlərindən danışıb. İslam iqtisadiyyatı mövzusunda birgə tədqiqatların aparılmasının vacibliyindən söz açan professor, islam iqtisadiyyatının hazırkı qlobal çağırışlar kontekstində ən effektiv və mütərəqqi idarəetmə modellərini özündə birləşdirdiyini bildirib. E.Məmmədov bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, eləcə də ali iqtisadi təhsildə İslam iqtisadiyyatı ilə bağlı ixtisasın tədris olunmasını təklif edib.

İslam İqtisadi Modeli

İslam hüququ və iqtisadiyyatı “müsəlman insan modeli” üzərində qurulmuşdur. İslam iqtisadiyyatının xüsusiyyətlərini hüdudlaşdırmaq, müəyyən mə­na­­daşıyıcı çərçivə daxilinə salmaq üçün onun məqsədlərini müəyyənləşdirmək və ona çatmaq vasitələrini üzə çıxarmaq la­zım­dır. Faizsiz İslam iqtisadiyyatının 3 təməl hədəfi var:

· İsrafın qarşısının alınması

· Gəlirin ədalətlə bölüşdürülməsi

· İqtisadi müstəqilliyin saxlanılması

İslam təmayüllü ölkələr iqtisadi inkişaf proq­ramlarında aşağıdakı istiqamətləri nəzərə almalıdırlar:

§ ümumi rifahı təmin etmək;

§ yoxsulluğu aradan qaldırmaq;

§ sərbəst fəaliyyət göstərmək üçün bərabər: iqtisadi şərait yaratmaq; .

§ gəlirlərin bölgüsündə və sərvətlərin mənimsənilməsində ədalətli olmaq;

§ fərdi inkişaf potensialını mərhələlər üzrə nəzərə almaq.

İslamın iqtisadi inkişafa şərait yaratmasını aşağıdakı istiqamətlərlə izah etmək olar.

1. İslamın dəyişilən zamana, iqtisadi mühitə uyğun gəl­mə­si,

2. İslamda qeyri-adi müxtəlif fərqli milli-ərazi xüsusiy­yət­ləri­nin inteqrasiya olunmasına üstünlük verilməsi.

3. İqtisadi inkişafa təminat verən və İslam mənəvi dəyər­lərinə xələl gətirməyən elementlərin insanların davranı­şında tətbiq olunması.

4. Təriqət və məhzəb müxtəlifliyinin olmasına baxmayaraq, islamda vahid mənəvi birliyin mövcud olması və qorunması prinsiplərinə riayət olunması.

5. İslam sivilizasiyasının dinamik və sintezli xarakterdə olması, dini-mənəvi dəyərlərin möhkəm­lənməsinə aid olanları hər şəraitdə qəbul etməsi, lakin hər cür fərdi sərbəst inkişafı ləngidən elementlərini rədd etməsi.

İslamın mənəvi dəyərlərinin bəşəriliyi onun universal və hərtərəfli xarakter daşımasıdır. İslam heç bir milli çərçivə, sər­həd, qapalı inkişaf və konkret müddəti qəbul etmir. O, hər cür dəyişilən şəraitə uyğun gələn inkişafetmə potensialına üstünlük verir. Bu baxımdan işdə İslamda iqtisadi dəyərlərin mövcud olması, xüsusən əmlak, mülkiyyət və torpaq, icarə, maliyyə — kredit, bank işi və ticarət sahəsindəki münasi­bətlərin forma­laşması istiqamətindəki rolu qeyd olunur. Eləcə də mü­səlman dövlətlərində İslam mənəvi dəyərlərinə əsaslanan iqtisadi sis­temin formalaşması istiqamətləri, iqtisadi inkişafa imkan verən mühitin yaradılması və qorunması imkanları, dövlətin iqtisadiy­ya­ta müdaxiləsi və s. məsələlərinə diqqət yetirilir. İqtisadi fəaliyyətin tənzimləyici vasitələrindən olan vergi sisteminin şəriətdə tətbiq olunması üsulları qeyd olunur. Sədə­qənin verilməsi ali humanist İslami prinsip kimi ədalətin iqtisadi əsaslarından biri kimi göstərilir. Müasir şəraitdə iqtisadi fəaliyyətin hüquqi bazasının möh­kəmləndirilməsində İslam hüquq konsepsiyasından irəli gələn bir sıra müddəalardan istifadə olunması təqdirəlayiq vəzifə­lərdən ola bilər. Yeni iqtisadi inkişaf konsepsiyasının formalaş­masında islam hüquq prinsiplərindən istifadə olunması olduqca zəruridir. Ümumiyyətlə, İslama iqtisadi dəyərlərin şərhi baxımından ölkəmizdə ilkin müraciət olunduğundan, sözsüz ki, bu işin sonu deyil, yalnız başlanğıcıdır. Bu da müasir azərbaycanlı gənclərə İslamda iqtisadi dəyərlər barəsində tam olmasa da, cüzi, hətta səthi şəkildə olsa belə müəyyən həqiqi və tutarlı ümumi­ləşmələrin edilməsinə imkan verəcək. İslam iqtisadiyyatı öz mahiyyəti etibarilə real həyatda ge­dən iqtisadi proseslərin ümumbəşəri dəyərlər əsasında dərk olun­ması ilə, özünəməxsus spesifikliyi ilə səciyyələnən anla­yışdır. Məzmunca ilahi göstərici əsasında insanların təsərrüfat prosesində davranış qaydalarını müəyyən edən islam iqtisa­diyyatı formaca sərvət və nemətlərin istehsalında, bölgüsündə, istifadəsində ədalətli fəaliyyət göstərmələrini əks etdirir. İslam iqtisadiyyatının əsas məqsədi ölkənin sərvət və nemətlərindən istifadə olunmasında bütün əhali üçün bərabər şəraitin yaradılmasıdır. İslamda bərabərlik prinsipini heç də müxtəlif əmək, peşə, işgüzarlıq qabiliyyətinə malik olanların gəlirlərini, bərabər həyat tərzini əhatə etmir. Çünki eyni iqtisadi mühit və şərait maddi nemətlərin əldə olunması üçün bərabərlik yaratsa da, lakin adamlar dini-mənəvi dəyərlərin mənim­sənilməsi, icra və əməl olunmasında müxtəlif mövqedə dururlar. Qurani-Kərimdə bu barədə çox müfəssəl qeyd olunmuşdur: «. Sizin hər biriniz üçün bir şərait və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri Digər tərəfdən, ruzi baxımından da insanlar müxtəlif mövqedə durur­lar. «Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir» (Əl-Nəhl surəsi/71). Ona görə də İslam iqtisadiyyatında sərvət və nemətlərin bərabər bölgüsü deyil, onların əldə olunması üçün bərabər şəraitin yaradılması əsas prinsipdir. Eyni zamanda bu sərvət və nemətləri əldə edə bilməyənlər üçünsə, əldə olunan maldan ən zəruri ehtiyacı ödəmək üçün bərabər bölgü tətbiq olunur. Çünki İslamda hətta valideynlərdən miras qalmış əmlak belə övladlar arasında müxtəlif bölünür. «Valideynlərinizdən və övladlarınızdan hansı birinin xeyir və mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü), Allah tərəfindən müəyyən edilmişdir» (Ən-Nisa surəsi/11). Müxtəlif sosial təbəqələrin və əmək qabiliyyətli əhalinin yaşadığı bir şəraitdə ölkənin iqtisadi potensialından istifadə olunması üçün bərabər şəraitin yaradılması və onun bütün fəaliyyət dövrü ərzində qorunması vacib bir istiqamət kimi qarşıda durur. İslamda sərvət və nemətlərin istehsalı və mənimsənil­mə­sinin inhisarlaşmasına, onun az bir qrupun əlində cəm­ləşməsinə yol verilmir. Çünki islamda ölkənin bütün sərvət və nemətlərində yoxsulların, kasıbların, əmək qabiliyyəti olmayanların da haqqı­nın olduğu nəzərdə tutulur. Bunun üçün sərvət və nemətlərin bölgüsündə adamların öz aralarında ədalətli rəftar etməsi əsas götürülür. Bununla əlaqədar Qurani-Kərimdə Əl-Hədid surəsinin 25-ci ayəsində göstərilir ki, Allah — taalanın göndərmiş olduğu peyğəmbərlər əsasən insanların ədalətli davranması ilə əlaqə­dardır. «Biz onlarla (peyğəmbərlərlə) birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-birilə) ədalətli rəftar etsinlər». Deməli, İslam iqtisadiyyatı yalnız Qurani-Kərimdən irəli gələn prinsiplərə hər zaman, istər indi, istərsə də gələcək zamanlarda əməl etməlidir. İslam iqtisadiyyatında cəmiyyətin real inkişaf səviyyəsinə uyğun elmi mülahizələri irəli sürərkən, bir qayda ola­raq onun nəzəri əsaslarına, davranış şərtlərinə diqqət yetir­mək lazımdır. İslam iqtisadiyyatında həm sosial ədalət, həm də onun iqtisadi əsasları göstərilir. Bir cəhət nəzərə alınmalıdır ki, islam əqidəli insanlar dövlətin qeyri-İslam inkişaf yolu ilə getməsindən asılı olmayaraq onların əldə etdikləri öz ehtiyacından artıq sərvət və nemətlərdə imkansızların, yoxsulların, fağırların da payı olduğunu qəbul etməlidirlər. Bəşəriyyətin meydana gəldiyi vaxtdan indiyə qədər onun tarixi dövrləşməsinə, ictimai inkişafına görə fərqlənməsi və dəyişilməsinə, eləcə də sivil səviyyəyə çatmasına iki mühüm amil təsir etmişdir. Bunların biri dini amildir ki, bu, insanların mənəvi və mədəni inkişafını əsaslandırıb. Digəri isə iqtisadi amildir ki, o da insanların maddi nemətlərə olan tələbatları­nın ödənilməsi üçün davranış qaydalarının dəyişilmə­sini müəyyən edib. İslam özündə həm dini, həm də iqtisadi amilləri üzvi şəkildə birləşdirərək, insan mənəviyyatının inkişafı üçün iqtisadi prinsiplərdən çevik istifadə olunması yollarını müəyyən etmişdir. İslam da iqtisadi fəaliyyət nemətlərini müəyyən həddə əldə etmək üçün insanların ədalətli davranış qaydalarını müəyyən edir. İslam iqtisadiyyatı haqqında danışarkən, burada iki möv­qe­dən çıxış etmək olar: ya onu İslamın digər elmi istiqa­mətləri ilə vəhdət şəklində, yəni bütöv şəkildə şərh etmək olar. Çünki islamda mənəvi, ruhi dəyərlər maddi, fiziki dəyərlərdən üstün qəbul edilir. Digər tərəfdən, islamın hər hansı şərh edilən yönümünün, digər zəruri yönümlərindən ayrı düşməyəcəyini qəbul etməklə, onu daşıdığı xüsusiyyətlər əsasında izah etmək olar. Əlbəttə, İslamın mahiyyətini, onun bütövlüyünü qəbul et­mək­lə, onun əsas yönümlərini ayrı-ayrı cəhətləri və incəlikləri ilə izah etmək daha məqsədəuyğundur. Bu hər şeydən əvvəl on­dan irəli gəlir ki, İslamın meydana gəldiyi gündən indiyə qədər onun ayrı-ayrı yönümü barədə çox tutarlı, təməlli, əsaslı fikirlər, görüşlər irəli sürülmüşdür. Bunlar da əsrlər boyu İslamın də­yişilməz imkanlarını, ibadətlərini daha da zənginləş­dir­mişdir. İslamın hüquq, idarəetmə, siyasət və iqtisadiyyat haqqında bütöv şəkildə irəli sürülmüş fikirlərini mənimsəmək çox çətin və müşkül bir işdir. Eyni zamanda dəyişən dünyamızda meydana çıxan iqti­sadi problemlərin həlli üçün dəyişilməz İslam prinsipləri əsa­sında həll olunması istiqamətinin insanların düşüncə tərzinə daxil olması imkanını yaratmaq zəruri bir işdir. Həm də müasir dünyada meydana gələn qlobal iqtisadi xarakterli problemlərə İslamdan irəli gələn cavabların verilməsi zəruriləşir. Baxma­ya­raq ki, Qərb dünyasının iqtisadçıları müasir dünyanın iqtisadi problemlərinin həllinə cavab verirlər, lakin İslam iqtisadi dünya­görüşündən meydana çıxan bir sıra problemlərə indi də əsaslı cavab tapmaq olar. Xüsusən, bunu yoxsulluğun aradan qal­dırıl­ması, əhali sakinliyi, maliyyə, büdcə-vergi, pul-kredit, iqtisa­diy­yatın müvazinəti, inflyasiyanın yumşaldılması, antiin­hi­sarçılı­ğın, iqtisadiyyatın makrosabitliyinin və s. istiqamətlərdə elmi araşdırmaların aparılması yolu ilə nail olmaq olar. İslam iqtisadiyyatı əski dünya üçün deyil, sözün əsl məna­sında, müasir dünyanın sürətli dəyişilməsinə uyğun fikirlərin ver­mə mənbəyi kimi qalır. Ondan faydalanma istiqamətində istifa­də etmək, prinsiplərin iqtisadi davranış qaydalarına daxil etmək müasir dövrün ən aktual problemlərindəndir. Çünki dünya qeyri-səlis məntiqlə, müəyyənliklə hüdudsuz dəyişikliklərə məruz qa­lır. Bu qeyri-səlislikdən irəli gələn iqtisadi dəyişikliklərə cavab verən islam həyat tərzinin qurulması zəruri prosesdir. Hər bir müsəlman yaşadığı dövrün dəyişilməyən və dəyi­şilən tərəflərini görməklə, eyni zamanda dünyada yaşayan in­san­ların fərqləndirici həyat tərzlərini və onun səbəblərini bil­məlidir. Bu əsasdan da islam dünyasında yaşayanlar həyat tərz­lərinin dəyişilməsinin maddi tərəfinə xüsusi diqqət yetirmək­lə, onun dərin fərqlənməsi səbəblərini iqtisadi həyatdakı davra­nış qaydalarında və mövcud idarə sistemində görməlidirlər. Sözsüz ki, bir elmi sistem kimi islam iqtisadiyyatı da müəy­yən prinsiplərə əsaslanaraq, qarşıya çıxacaq iqtisadi məq­səd­lərin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesini əks etdirməlidir. Deməli, bu əsasdan onun nəzəri əsası, funksiyaları, prinsipləri formalaşmalıdır. İslam iqtisadiyyatının nəzəri əsasını mənəvi dünyagörüşünün formalaşmasından irəli gələn dəyişil­məz İlahi hökmlə müəyyən olunan ədalətli və müvazinətli dav­ranış qaydaları təşkil edir. Ədalətli davranış faydalı fəaliy­yətin müvazinətini müəyyən etməklə, onunla qarşılıqlı əlaqədardır. Faydalı fəaliyyətin müvazinəti elə olmalıdır ki, onun nəticəsi mə­nəvi dəyərlərlə maddi dəyərlər arasındakı nisbəti tarazlaşdıra bilsin. İslamda nizam, nəzarət insan həyatının müvazinətli inkişafı əsasında gedişatına şərait yaradır. İslamda mənəvi dəyərlərin statik vəziyyəti, lakin dəyişilən dünyadakı maddi dəyərlərin dinamik olması, fasiləsiz və ardıcıl olaraq müvazinətli inkişafın iqtisadi prinsiplərinin nəzərə alın­maması iqtisadi həyatda ətaləti, süstlüyü, tərki-dünyalığı törədir. Göstərmək lazımdır ki, İslam iqtisadi nəzəriyyəsindən onun əsas prinsipləri meydana gəlir. Burada fəaliyyət birliyi, ədalətli davranış, bərabərlik, müvazinətlik, humanizm prinsiplərini xüsusi qeyd etmək olar. Sözsüz ki, bizim qeyd etdiyimiz prinsiplər dərk edib başa düşdüyümüz səviyyədən irəli gəlir. Yəqin ki, hələ hikmətini dərk edə bilmədiyimiz İslamda iqtisadi prinsiplər daha çoxdur. Göstərilən bu iqtisadi məqsədlər ona xas olan iqtisadi azad­­lıq­la rəqabət aparmaqla, nəzarət etməklə həyata keçirilə bilər. Nəzərə almaq lazımdır ki, müasir bazar modellərinə xas olan bu iqtisadi elementlərin mahiyyəti islam iqtisadiyyatında olan mahiyyətdən köklü şəkildə fərqlənir. İslam iqtisadiyyatında bü­tün iqtisadi ünsürlər ədalətli davranış prizmasından fəaliyyət göstərirsə, lakin müasir bazar modellərində isə bu, ədalətsizliklə bağlıdır. İslamda iqtisadi azadlığın həddi mənəvi dəyərlər çərçi­vəsində rəqabət, yaxşı və xeyirxah işlər görməsi ilə, nəzarət, kəskin təbəqələşmənin aradan qalxması ilə əlaqədardır. Real hə­yatda buna nail olunmasa da, lakin islam iqtisadiyyatının əsasında cəmiyyət stimullaşdırıcı amillər mövcuddur. İmkan və şərait daxilində bu amillərdən istifadə olunması yalnız fəaliyyət göstərən iqtisadi prosesləri aktivləşdirər. İslam iqtisadiyyatında əsas məqsədlər kimi aşağıdakıları qeyd etmək olar:

1. Bütün cəmiyyət üzvlərinin rifah halını yaxşılaşdırmaq;

2. Faydalı fəaliyyəti təmin etmək;

3. Ölkənin iqtisadi potensialından istifadə etməyə bərabər şərait yaratmaq;

4. Yoxsulluğu aradan qaldırmaq;

5. Əldə olunmuş sərvət və nemətdən könüllü sədəqə vermək.

Müasir islam dünyasında artıq müəyyən ölkələr bu istiqa­mət­lərdə əməli işlər görməklə, artıq zənginləşmə səviyyəsinə çat­maqdadırlar. Lakin hələ də yoxsulluq müsəlman ölkələri üçün problem olaraq qalır. Təəssüflə göstərməliyik ki, yoxsul­luğun da səbəbini dünyanın aparıcı iqtisadçılarından tutmuş, sı­ravi adamlara qədər İslam mənəviyyatında, əqidəsində görürlər. Əsrlər boyu müsəlmanları heç bir zorakılıqlar, çətinliklər öz əqidələrindən döndərə bilməmişdirsə də, lakin onların haqlarının tapdalanması, ədalətsizliyə düçar olması səbəbləri də tam gös­tərilməmişdir. Bunun da əsas səbəbi iqtisad elminin islam dün­yasında, artıq qeyd olunduğu kimi, müstəqil sosial fənn kimi gec öyrənilməsi olmuşdur. Düzdür, iqtisadi sistemlərin ardıcıl dəyişil­məsi ilə qarşılaşan «Qərb» dünyası ilə İslam dünyasının daxil olduğu «Şərq» dünyası bunlardan kənarda qala bilmişdir. Lakin informasiya, elmi-texniki inkişaf əsri olan XX yüzillik İslam dünyasına da ciddi təsir etmişdir. Artıq 70-ci illərdən başlayaraq islam iqtisadiyyatı da müs­təqil elmi sahə kimi araşdırılır. Sözsüz ki, bu araşdırmalar birdən-birə bütün iqtisadi problemlərin çətinliklərini aradan qal­dırmasa da, lakin onların əsaslarını müəyyənləşdirməyə imkan verəcəkdir. Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatını klassik kapital və müasir bazar iqtisadiyyatı ilə, eləcə də inzibati-amirlik və ənənəvi sistemlər ilə eyniləşdirmək olmaz. Düzdür, sistemdaxili elementlər baxımından onların uyğunlaşdırılması nöqteyi-nəzə­rincə də müəyyən oxşarlıq görmək olar. Lakin islam iqtisadiyyatı bütövlükdə insan mənəviyyatının fəaliyyətindən irəli gəldiyi üçün o, fərdi və ictimai mənafelərin vəhdət şəklində, bərabər səviyyədə reallaşmasına əsaslanır. Fərdi və ictimai mənafelərin bərabər şəkildə reallaşması ilə maddi nemətlərin istehsalı və bölgüsündə ədalətin iqtisadi təməllərinin həyata keçirilməsi xüsusi rol oynayır. İlkin olaraq fərdi və ictimai mənafelərin bərabər reallaş­dırılması, əslində təsərrüfat fəaliyyətindəki müxtəliflikdən irəli gəlir. Yoxsulluqdan və səfalətdən xilas olmaq üçün bütün islam əqidəli adamların birgə fəaliyyət göstərməsində iş birliyi ictimai mənafeyin əsasında durur. Belə şəraitdə törənəcək kəskin fərq­lən­mənin aradan qaldırılması üçün əldə olunan nemətlərin böl­güsündə ədalətli mevqedə davranmaq ən mühüm İslami prinsip kimi meydana çıxır (söhbət ən zəruri ehtiyacların ödənil­məsi ilə bağlı nemətlərin bölgüsündən gedir). Lakin burada ən ali olan cəhət odur ki, heç bir məcburiyyət olmadan adamlar öz İslami əqidələrindən irəli gələn düşüncə tərzləri ilə fəaliyyət göstərmə­lidirlər. İslam dünyasında yox­sul­­lu­ğun ən birinci səbəbi mövhumatçılıq və İslam həqi­qət­lərin mahiyyətinin olduğu kimi insanlara çatdırılmaması olmuş­dur. Maddi nemətlərdən qənaətlə, israfa yol vermədən istifadə edilməsi yoxsulluğun aradan qaldırılmasının mühüm istiqamət­lərindəndir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, müasir dövr­də islam ölkələrində adamların həyat səviyyəsində çox kəskin fərqlər var. Statistik məlumatlar sübut edir ki, bir sıra İslam dövlətləri təbii və mineral resursları baxımından zəngin olmasına baxmayaraq, həmin ölkələrin əhalisinin əksəriyyəti ən zəruri yaşayış vasitələrini əldə edə bilmirlər. Yəni ölkə daxilində nə islami iqtisadi prinsiplərindən, nə də ki, dünyəvi iqtisadi inkişaf prinsip­lərindən istifadə olunmur. İslam dünyasının iqtisadi inkişa­fında müasir ləngimə mexanizmlərindən də biri budur. İqti­sa­di azadlığa, xüsusi mülkiyyətə, rəqabət aparmağa imkan verən, lakin iqtisadiyyatın inhisarlaşmasına, istismarçılığa, insan haqlarının pozulmasına qarşı çıxan islam indi də ayrı-ayrı müsəl­man ölkələrində öz tətbiq sferasını tapa bilmir. Əlbəttə, burada günahkar əhali deyil, təkəbbürlü, laqeydli mövqedə duran, İslam iqtisadi dəyərlərinin tətbiq olunmasına imkan verməyən ölkə şəxslər və ya xarici dövlətlərdir. Məhdud resurslar şəraitində fərdi və ictimai mənafelərin əlaqələndirilmiş şəkildə bərabər reallaşmasına imkan verən İslam iqtisadiyyatı, hər şeydən əvvəl, dünyaya gəlmiş hər bir insanın məkan və zaman daxilində tələbatlarının ilkin ödənil­məsini vəd edir. Çünki bütün ölkə sərvətində hamının bərabər payı vardır və hamı ondan bəhrələnə bilər. Lakin fərdi fəaliy­yətlərinə, işgüzarlığına görə bu sərvətdən müxtəlif səviyyədə pay əldə edə bilərlər. Resurslardan istifadə olunmasındakı sə­mə­rənin səviyyəsinin fərqlənməsi, hamının tələbatının eyni dərəcədə ödənilməməsi, ehtiyacdan artıq qalanda kasıbların, yoxsulların payı olduğu birmənalı göstərilir. Bəli haqqa ədalətə dayanıqlı olan bu sistem müsəlman ölkələrinin praktiki fəaliyyətini deyil, İslamın bildirmiş olduğu alternativ sistemi əks etdirməlidir. Bütün çağdaş problemləri həll edəcək olan alternativ sistemin hə məsələdə və hər bir sahədə tətbiq olunduğu vaxt uğurlu olma məcburiyyəti vardır. Müasir şəraitdə müsəlman ölkələrində gedən sosial-iqtisadi prosesləri araşdırarkən aydın olur ki, dövlət iqtisadiyyata müdaxilə həddini yüksəldikcə xüsusi mülküyyət, azad sahibkarlıq fəaliyyəti, iqtisadi sərbəstlik daha məhdud çərçivəyə salınır. İslam mənəvi dəyərləri ilə bir araya sığmayan ənənəvi iqtisadiyyata müdailə prosesi, əsasən iqtisadi fəallığı, sosial mühafizəni, rəqabətaparma mexanizminin təmin etməklə, inhisarçılığın artmasının qarşısını almalı, tam məşğulluğa şərait yaratmalı, ümumi iqtisadi müvazinəti qorumalı və sabit qiymət səviyyəsini saxlamalıdır. İslam iqtisadiyyatına xas olmayan işsizliyi, tsiklik artımı, inflyasiyanın yumşaldılması prosesini, sırf pul tədavülü vasitəsilə /faizə görə qadağalara əməl olunması vaitəsilə ilə/ həyata keçirmək mümkün olduğundan, dövlət xərclərinin artımı qanununa görə mülayim inflyasiya prosesinə qarşı tədbirlər layihəsini həyata keçirməlidir. Dövlətin iqtisadiyyata müdaxilə həddinin hər hansı bir iqtisadi sistem şəraitində pozulması, sistemdaxili qeyri-iqtisadi fəaliyyətin əmələ gəlməsinə gətirib çıxarır. Çünki iqtisadiyyata müdaxilə müəyyən orqanlar tərəfindən icra olunduğundan, onların səlahiyyətlərinin və ora cəlb olunanların sayının artımı əlavə xərclərin çəkilməsinə, nəticə etibarı ilə cəmiyyət daxili itkiyə səbəb olur. Əgər hazırkı dövrdə Qərb ölkələrində iqtisadiyyatın idarə olunması ilə əlaqədar institusional-sosioloji istiqamətləri müəyyən olunubsa və orada iqtisadi hakimiyyət və iqtisadiyyata nəzarət məsələlərinin vəhdəti qarşıya qoyulursa, bu mövqeydən İslam iqtisadiyyatının idarə olunması istiqamətini müəyyən etmək olar. Çünki bu idarəetmə sistemi, iqtisadi hakimiyyəti deyil, iqtisadiyyata nəzarəti əsas götürür. İqtisadiyyata nəzarət prinsipi İslam idarəetmə sistemində, həm cəmiyyətdə insanların qarşılıqlı fəaliyyətində mənəvi dəyərlərin meyarına, həm də iqtisadi davranış qaydalarına müəyyən hədd çərçivəsinə əsaslanır. İslam dəyərlərə əsaslanan faizsiz sistem işərisində faiz şəraitinin yaranmasına mane olan tədbirlər həyata keçirməyi nəzərdə tutmuşdur. Buna görə də əmək və sərmayə yaxud da ki, istehsal amillərinin mövcud olmadığı bir qazancı məqbul hesab etməmişdir.Digər tərəfdən faizli bir sistemdə kreditin ödəncli olması ondan daha sərfəli istifadə etmək məsuliyyətini aşılayır, onda daxili resursları artırmaq marağını oyadır. O kreditdən elə istifadə etməyə çalışmalıdır ki, əldə ediyi nəticə nəinki kreditin geri qaytarılmasını, kreditə görə faizlərin ödənilməsini təmin etsin, həmçinin kreditdən özünə gəlir gətirsin. Bu baxımdan kredit verən və ya alanın insanlıq üçüçn ən faydalı işləri deyil, qazanc baxımından sərfəli olan işləri görməkdir. Faizsiz sistem isə belə mənfi maneələrin qarşısını almaqla bitməyib, eyni zamanda kredit alanın risk etmə imkanı və iş görmək üçün müəyyən bir təkanverici rol oynayır. Məlum olduğu kimi faizsiz banklar kiçik sahibkarları bir yerə cəm etdirərək böyük layihələrə maliyyə ilə təmin edilməsi, sərmayə ilə əmək arasında bilavasitə əlaqə yaradaraq investisiya qurmaq, faizin meydana gətirdiyi mənfi cəhətləri aradan qaldırmaq məqsədi ilə yaradılmış banklardır. Faizsiz sistemdə işsizliyin qarşısının alınması, investisiya qoyuluşunun artırılaraq iqtisadiyatın inkişafında bu yolla da kömək göstərilməsi nəzərdə tutulmuşdur. Əvvəldə qeyd etdiyimiz kimi faizli iqtisadiyyatda sistemi dəyişdirmədən faizi aradan qaldırmaq qeyri-mümkündür. Çünki faizsiz sistemin təməl əsasını zəkat vergisi təşkil edir. Faizli sistemdə ediləcək dəyişiklik faiz həddini aşağı həddlərə doğru azaltmaqdır. Faizsiz bankları zəruri edən başlıca amillər ölkədə imanlı, təqvalı insanların çoxluq təşkil etməsi onların malik olduqları vəsaitlərini toplayaraq faizli banklara qoymamasından irəli gəlir. Əvəzində isə onların müştərək iş quraraq əldə etdikləri mənfəəti razılaşdıqları şərtlərlə bölərək gəlir əldə etməsi daha ədalətli olar. Ölkədə faizsiz bankların təşkili və genişləndirilməsi üçün aşağıdakı istiqamətlərdə mühüm işlər görülməlidir.

1. Normativ hüquqi və qanunvericilik bazasının yaradılmaması. Göstərmək olar Avropa ölkələrində (məsələn Danimarkada) bu haqqda qanunun qəbul edilməsinə icazə verilməməsi bankların tamamilə faizsiz bank kimi fəaliyyət göstərməsinin qarşısını alır.

2. Dini və ictimai təbliğat həyata keçirilməli. Bu sahədə kütləvi informasiya vasitlərində reklamlar verilməli, həmçinin yeni kitablar yazılmalıdır.

3. İmanlı və təqvalı insanların çoxluq təşkil etməsi. Həmin insanlar əldə etdikləri pulları banklara əmanət şəklində qoymamalı və həmin pullarla inandıqları şəxslərlə mənfəət və zərərdə ortaqlığa əsaslanan əlaqəyə girməlidirlər.

İslam bank işinin əsas məqsədi iqtisadi münasibətlərdən sə­ləmin, faizin birmənalı olaraq silinməsindən və maliyyə-kredit sisteminin təmin olunmasından ibarətdir. Ona görə də müsəl­man dövlətlərində islam banklarının açılması oradakı müsə­l­man­ların faiz bəlasından qorunmasına səbəb olacaq. İslam bank­ları islam dəyərləri çərçivəsində fəaliyyət göstər­diyindən, onların işlək mexanizmi bir çox ölkələrin iqtisa­diyyatı üçün eyni mahiy­yət daşımır. Çünki iqtisadiyyatlarında faizin mövcud oldu­ğu ölkə­lərdə islam bank vəsaitlərinin tətbiqi müəyyən məhdu­diyyətlərlə üzləşir. Bu vəsaitlər elə sahələrə tətbiq olunmalıdır ki, onlar gəlir forması kimi faizlə cəlb olunan sahələr olmasın. İslam bank işi müsəlmanların iqtisadi fəaliyyətini aktivləş­dirən sahə kimi, onların bir sıra ehtiyaclarının ödənilməsi mən­bə­yi kimi fəaliyyət göstərir. İslam dini bütün hallarda orta mövqe tutmağı tövsiyə edir və şəriəti yaşamaq üçün insanlara asanlıq göstərir. Allah taala buyurur ki, “Nə əldən çox bərk ol, nə də əlini tamamilə aç! Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (əl-İsra/29). Məşhur təfsirçi alim İbn Kəsir (Allahın ona rəhmi gəlsin) qeyd edir ki, “Allah təala yaşam tərzində iqtisadiyyata ciddi fikir verməyi əmr edir və paxıllığı pisləyir. Allah təala israfçılığı qadağan edərək buyurur: “Əldən çox bərk olma!” Yəni, heç kimə heç nə verməyən xəsislərdən olma! “Əlini tamamilə açma!” Yəni, israfçılıq edib malını dağıtma, gücün çatdığı qədər malından istifadə et!” Uca Allah buyurur: “Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”. (əl-Furqan/67). Onda belə qənaətə gəlmək olar ki, İslam iqtisadi sistemi kapitalizm və sosializm arasında ortaq mövqedə dayanır və yaxın gələcəkdə bu sistemin reallaşacağı şübhəsizdir. Başa düşmək üçün fərz edk ki, ABŞ-ın konsitutsiyasında göstərilir ki, xüsusi mülküyyət toxunulmazdır. Xüsusi mülküyyətə daha çox üstünlük verilir. Əksinə sosializm quruluşunda isə xüsusi mülküyyət məhdudlaşdırılır. Amma İslam iqtisadi sistemi qeyd edilən kimi orta mövqeydə durur. Bu deyilənləri həyata keçirmək üçün əsas odur ki, bu işlər başlansın və iş adamları dünyada səmərəli işləyən və İslam dəyərlərinə əsaslanan alternativ biznes üsulları ilə tanış olsunlar. Tədqiqatlar göstərir ki, İslam banklarının maarifləndirmədə rolu çox əhəmiyyətli olur. “Sosial ədalət” İslamda önəmli yer tutur. Ədalət İslam dinin və ona əsaslanan islam iqtisadi doktriların əsas prinsiplərindən biridir. Sosial ədalət yuxarı səviyyəli etik prinsiplərə və Islam normalarına əsaslanmış “əxlaqi biznes”də öz əksini tapır. Sosial ədalət İslamda dörd prinsip üzərində qurulur:

1. Bütün sərvət Allaha məxsusdur: (Quran: 24:33);

2. Sərvət insan cəmiyyətinə “etibar əsasında idarəetmə hüququ” ilə verilir: (Quran: 57:7);.

3. Sərvətin məqsədsiz toplanması qadağandır: (Quran: 9:34);

4. Ehtiyacı olanlarla bölüşmək — hər bir müsəlmanın borcudur: (Quran: 59:7).

Beləliklə, iqtisadiyyata islam yanaşması qərb sistemlərinin yanaşmasından (misal üçün, sosializm-kommunizm və kapitalizm) qəti sürətdə fərqlənir. Yalnız İslamda sərvətin bölünməsi iqtisadiyyat sahəsinə aiddir və müsəlmanlar öz fikirlərini sadəcə maddi nemətlərin istehsalında cəmləşdirmirlər. İslamda əsas insan tələbatı ilə israf arasında fərq qoyulduğuna görə vəsait çatışmaması problemi həll edilir. İslama əsasən aclıq, yoxsulluq və iqtisadi gerilik təbii ehtiyatların çatışmaması ilə yox, insan tərəfindən yaradılan ədalətsiz sistemdən və qanunlardan irəli gələn nemətlərin düzgün olmayan (ədalətsiz) bölünməsinin nəticəsidir. Bu sərvətlərin istifadəsində heç bir insanın digərinin qarşısında üstünlüyü yoxdur. Quranda deyilir ki, bunlar bütövlükdə bəşəriyyətə məxsus var-dövlətdir. Heç bir qərb sistemi nəzərə almır ki, insanların mənəvi tələbatları ödənilməyincə onlar bütövlükdə məmnunluq əldə edə bilməyəcəklər. İslam “cəmiyyət üzvləri arasında sərvətin ədalətli bölünməsini necə təmin etmək olar” sualına aydın cavab verməyə çalışır. Yerdə və göydə hər şeyin yegənə həqiqi sahibi Allaholduğuna görə bütün bunlar insana “etibar əsasında idarəetmə” ilə verilir. Lakin əlinə keçənləri idarə edərkən o bunların əsl sahibkarı barədə unutmamalıdır. Beləliklə, İslamda mülkiyyət müəyyən edilmiş həddə Allah tərəfindən verilmiş idarəetmə hüququ kimi hesab edilir. Bu həddlərin arasında məqsədi təbii sərvətlərin istismarına yol verilməməsi barədə qanunlar və həmçinin cəmiyyətdə maddi nemətlərin ədalətli bölünməsi barədə göstərişlər vardır. İslam sərvətin əldə edilməsi və artırılması yollarının müfəssəl müəyyənləşdirilməsi ilə məşğul olmur. Bunun əvəzinə o, sədəcə cəmiyyət üzvləri arasında sərvətin bölünməsinin əsas prinsiplərini göstərir, məsələn – “zəkat” vasitəsilə. Şəriət, həmçinin, şirkət quruluşunu ümumi şəkildə reqlamentləşdirir ki, şirkətin fəaliyyətinə aidiyyatı olmayan şəxslər tərəfindən onların hissələri (aksiyaları) ilə spekulyasiyanın qarşısı alınsın. Hər müsəlman üçün azadlıq hüdudları İslamla qoyulmuş normalar olmalıdır. Müsəlman oğurluq, fırıldaqçılıq, israfçılıq və ya tamahkarlıq etməməlidir, çünki, onun əsas məqsədi sadəcə maddi nemətlər yox daha yüksək şeylər əldə etmək –Allahın razılığını qazanmaqdır. İslamda iqtisadi siyasət cəmiyyətin tələbatını ödəməyə istiqamətləndirilib. O, hər bir kəs üçün “yaşama minimumu”nu təmin etməli və bundan başqa insana onun bacarığına müvafiq və İslamda izn verilmiş hüdudlarda əlavə nemətlərə yol açmalıdır. Lakin İslam dünyagörüşünə görə cəmiyyətin maraqlarını şəxsi maraqlara görə bütövlükdə qurban vermək olmaz. Hər halda insanın qida, geyim və mənzil tələbatları ödənilməlidir. İslama əsasən, hər bir əmək qabilliyətli kişinin elə işi olmalıdır ki, özünü və cavabdeh olan insanları dolandıra bilsin. Əmək qabilliyətli olmayan insanlara gəldikdə isə oların qayğısına ya qohumlar, ya da dövlət qalmalıdır. İslamın məqsədi şəxsiyyət ilə cəmiyyət arasında harmoniyaya nail olmaqdır. O, yaxınlıqda yaşıyan kasıblara görə məsuliyyəti qonşuların üzərinə qoyur. Hər bir müsəlman ədalətsizliyin qarşısını almaq üçün bütün var gücünü sərf etməlidir. Məhəmməd(s.a.v) peyğəmbər əyani analogiyanı cəmiyyət və iki göyərtəli gəmi arasında keçirirdi. Aşağı göyərtənin sərnişinlərinin suya birbaşa yolları yox idi və suya keçmək üçün onlar hər dəfə yuxarı göyərtənin sərnişinlərinə müraciyət etməli olurdular. Bu da hər dəfə insanlar arasında mübahisələrə səbəb olurdu. Onda aşağı göyərtənin sərnişinləri su əldə etmək üçün gəminin altında dəlik dəlməyə qərar verdilər. Beləliklə peyğəmbərin dediyi kimi, əgər ehtiyacı olana fəlakətə uğramağa imkan verilsə və müdaxilə edilməsə, bütün cəmiyyət məhv ola bilər. İslam dini insanların həyat tərzini nizamlayan və tənzimləyən sosial-iqtisadi, sosial-siyasi, etik-hüquqi, əxlaq-mədəni qaydaları əhatə edən bütov bir elmi sistemdir. Beləliklə bu din öz genişliyi ilə və həyatın müxtəlif sahələrini əhatə edən elmlərlə digərlərindən fərqlənir. İqtisadiyyat sahəsi də istisna deyildir. İslam iqtisadçılarının fikirlərinə əsasən, İslamın elmi intizamı sosial elmin qərb məktəblərindən olan liberalizm, institusionalizm, marksizm və s. tamamilə fərqlənən epistemologiyaya əsaslanır. Bu fərqin səbəbi islam iqtisadi doktrinasının bilavsitə tədqiqat obyekti olan etikanın xüsusi endogen roludur. Çudxuri belə nəticəyə gəlir ki, “İslam bazarı” sosial və sosial-siyasi sistemdən ayrı olur və institusional siyasətin təzyiqinin altına düşmür. Bazar prosesinin müstəqilliyinə hörmət edilir, lakin onun mövqeyi əxlaq tələbləri ilə nizamlanır. İslam iqtisadiyyatında etikanın endogenliyi prinsipi Quranın surələrinə əsaslanır. Quran, surələrinin əsas öyüdnamələrini o mənada izah edir ki, siyasi və sosial panaseyalar-ideoloji yanılmadır, çünki dünyanın əsl dəyişməsi yalnız individual şəkildə mümkündür. Beləliklə, “kamil insan” haqqında klassik İslam ideyası (“ilkin günah” xristian anlayışının və onun təsiri ilə qərb sosial elmində yaradılmış “iqtisadi insan” surətinə əks olaraq) — sosial-iqtisadi proseslərə və münasibətlərə yanaşmasının anlaşılmasına bir açardır. Daha tam olaraq, “kamil insan” anlayışı İbn Əl-Ərəbi tərəfindən öyrənilib və təhlil edilib (İbn Əl-Ərəbi 1996, Çittik 1989). Belə ki, illər boyu İslam sosial elmi fərdi etikaya diqqət yetirmiş və institusional etikaya biganə qalmışdır. Bu da, praktiki nəticələr baxımından, belə adlanan müsəlman ölkələrində, siyasi iqtisadi davranışlar heç də yüksək etika ilə seçilmir. Odur ki, İslamda düzgün institusional strukturun yaradılması məsələsi də önəmli yer tutur. Buna işarə edən hədislər və hökmlər mövcuddur. Bundan əlavə, İslam dünya görüşünə görə, iqtisadi inkişaf və sosial ədalət arasında heç bir mübahisə yoxdur, çünki ideal mənəvi İslam bazarlarında tarazılıq hökm sürür. Yezdiyə görə, İslamın əsas prinsipi olan Tövhid (təkallahlıq) — bütün İslam əqidəsinin dəyərlər sisteminin köküdür. Allahın təkliyi — vahid dünya prosesinin interaktiv rejimdə səbəbi və effektidir və həm dərkedilmə sahəsində, həm də gerçəkliyi dərk etmə ardıcıllığında ifa edilibdir. Qeyd etmək lazımdır ki, islam iqtisadiyyatı nəyin pis və qadağan (haram), nəyin isə yaxşı və icazə olunmuş (halal) olması haqqında mühakimələrə əsaslanır. Ona görə də, qərbin iqtisadi elmindən fərqli olaraq, burada İslam (şəriət) hüququ fundamental məna alır. İslam hüququ, qalan hüquqi sistemlər kimi, iqtisadi və başqa fəaliyyətləri üçün öz “çərçivəsini” yaradır, lakin burada önəmli bir fərq vardır. Dünyəvi sistemlərdə qanunlar insan izni ilə hazırlanır, dəyişilir və ləğv olunub, nəticədə dünyəvi xarakter daşıyırsa, İslam sistemində qanunlar İlahi təbiətlərini daşımalıdırlar ki, dəyişilməz, əbədi və insan müdaxiləsindən azad bir xaraktera malik olsunlar). İslamda şirkətlər üç qrupa ayrılırlar:

Bütün alimlər razılaşırlar ki, müsəlmansayağı biznes yuxarı səviyyəli etik prinsiplərə və İslam normalarına əsaslanmış “əxlaqi biznesdir”. Burada, əsas olaraq, izin verilmiş (halal) və verilməmiş (haram) sazişlər fərqləndirilir. Bundan əlavə fəaliyyətlər kateqoriyalara bölünür. Məsələn “vacib” və ya “fərd”- mütləq, “müstəhəb” və ya “məndub”- arzu olunan, “caiz” və ya “mübah”- izin verilmiş və ya tənzimlənməyən, və “məkruh” — arzu olunmaz fəaliyyətlər. İslam normaları uğurlu biznesin aparılması və dünya nemətlərinin əldə edilməsi üçün yararlıdır. Yuxarıda sadalanan kateqoriyaları bilmək və icazə verilən və verilməyənlər arasında sərhəd qoymaq bacarığı düzgün iqtisadi fəaliyyətlərin aparılmasının əsasıdır. Beləliklə, “İslam M eneceri” iki keyfiyyətə malik olmalıdır:

1. Ö z sahəsində mütəxəssis olmaq;

2. M üsəlman hüququnda bilik və təcrübəyə malik olmaq.

Bu keyfiyyətləri fəhlələrə, ticarətçilərə və klerklərə də aid etmək olar, onlar öz peşələrindən başqa dini suallardan da baş çıxarmalıdırlar. İslam ölkələrində iqtisadi inkişafı təmin edəcək əsas amil kimi yatırımı(investisiyanı)göstərmək olar. Bu da özəl və dövlət formasında ola bilər. Müasir dövrdə ölkə çalışmalıdır ki, özəl yatırım ölkə üçün strateji əhəmiyyət kəsb edən sahələrə(nəqliyyat, telekomnukasiya və.s) qoyularkən müəyyən limit qoyulsun və ya həmin sahələri dövlətin özü maliyyələşdirsin. Çünki qeyd edilən sahələrin Transmilli Korporasiyaların əlinə keçməsi ölkənin asılı vəziyyətinə düçməsinə gətirib çıxara bilər. MƏNBƏ — FAİZSİZ İSLAM BANKLARI – S.AZƏRİ – BAKI-2009

  • Teqlər:
  • İslam İqtisadi Modeli

Islam iqtisadiyyatı.

UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, İslam Maliyyə Mərkəzi və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və İslam iqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş özü ilə açan İslam Maliyyə Mərkəzinin rəhbəri, moderator professor Zahid Məmmədov mövzunun aktuallığına diqqət çəkərək, ölkəmizin islami dəyərləri daim qoruyub-saxladığını və təbliğ etdiyini, bu dəyərlərin təməlində adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər zəngin keyfiyyətlərin dayandığını vurğulayıb. UNEC İslam Maliyyə Mərkəzinin Qətərin Həməd Bin Xəlifə Universiteti ilə əməkdaşlığın qurulması perspektivlərindən söz açıb.

Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov mövzunun aktuallığından söz açaraq, islam iqtisadiyyatının mental, hüquqi və iqtisadi aspektlərindən danışıb. İslam iqtisadiyyatı mövzusunda birgə tədqiqatların aparılmasının vacibliyindən söz açan professor, islam iqtisadiyyatının hazırkı qlobal çağırışlar kontekstində ən effektiv və mütərəqqi idarəetmə modellərini özündə birləşdirdiyini bildirib. E.Məmmədov bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, eləcə də ali iqtisadi təhsildə İslam iqtisadiyyatı ilə bağlı ixtisasın tədris olunmasını təklif edib.

İstanbul Sabahattin Zaim Universitetinin İşlətmə və idarəetmə elmləri fakültəsinin dekanı, professor İbrahim Yumuşak konfransda çıxış edərək, islam iqtisadiyyatının klassik iqtisadiyyatla bənzər və fərqli cəhətlərindən, islam iqtisadiyyatının inkişaf perspektivlərindən və inkişafını ləngidən səbəblərdən söz açıb. İslam iqtisadiyyatının tarixinə nəzər salan professor, əslində islam iqtisadiyyatının son 5-10 ilə deyil, daha keçmişə, xəlifələr dönəminə təsadüf etdiyini vurğulayıb.

BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov İslam iqtisadiyyatının hüquqi əsaslarından və İslam Bankının ölkədə həyata keçirdiyi layihələrdən danışıb. İslam iqtisadiyyatının inkişafı barədə təkliflərlə çıxış edən professor, İslam Bankının Qarabağın bərpası ilə bağlı layihələrin həyata keçirilməsində yaxından iştirak etməsi təklifini də diqqətə çatdırıb.

İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev şəriətən tıcarətdə əxlaqın təfsirinin bir sıra nəzəri əsaslarına və istiqamətlərinə toxunub. Məruzəçi islam dininin müqəddəs kitabı “Qurani-Kərim”də ticarətin əxlaq normalarını müəyyənləşdirən müxtəlif ayələrin yer aldığını vurğulayıb və bu ayələrin geniş izahını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı i.ü.f.d. Ruslan Atakişiyev İslam İnkişaf Bankı və AR İqtisadiyyat Nazirliyi arasında bağlanmış qrant sazişinə əsasən, ölkədə islam bankçılığının formalaşması məqsədilə qanunvericilik bazasına ediləcək dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını diqqətə çatdırıb, İslam banklarının fəaliyyətində qanunvericilik prinsiplərindən danışıb.

Dizayn Məktəbinin baş müəllimi Aida Dadaşova islam və moda anlayışını təhlil edərək, moda sektorunun qlobal islam iqtisadiyyatındakı payının günü-gündən artdığını qeyd edib. Dünyanın tanınmış markalarının artıq islam geyimləri kolleksiyası hazırladığını, həmin məhsullara olan istehlakçı sayının yüksəldiyini diqqətə çatdırıb.
Rus iqtisad məktəbinin direktoru dos. Mənsur Bərxudarov çıxış edərək islam iqtisadiyyatına artmaqda olan marağı şərtləndirən amillərdən söz açıb, islam iqtiadi inkişaf modelinin prinsiplərini iştirakçıların diqqətinə çatdırıb. İslam iqtisadiyyatının mərkəzində halal və haramı seçməyi bacaran, öz haqlarını bilən halal insan modelinin dayandığını qeyd edib.
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Dubay dünya islam iqtisadiyyatının paytaxtı olmağı planlaşdırır

Dubay Əmirliyi dünya islam iqtisadiyyatının paytaxtına çevrilmək niyyətindədir. Bu məqsədlə maliyyə hüququ sahəsində ixtisaslaşan alimlərdən ibarət beynəlxalq islam liqası yaradılması planlaşdırılır.

AZƏRTAC “Arabian Business” nəşrinə istinadla xəbər verir ki, bu fikir Dubayın İslam İqtisadiyyatının İnkişafı Mərkəzinin (DIEDC) idarə heyətinin bu yaxınlarda keçirilmiş iclasında onun 2017-2021-ci illər üçün yenilənmiş strategiyası çərçivəsində səsləndirilib.

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri və DIEDC-nin rəhbəri Sultan bin Səid Al-Mansurinin sədrliyi ilə keçirilən iclasda bir neçə təşəbbüs bəyənilib. Bunlardan biri islam liqasının və islam iqtisadiyyatı sektorlarının möhkəmlənməsi məqsədilə beynəlxalq maariflənmə platformasının yaradılması təşəbbüsüdür.

Sultan bin Səid Al-Mansuri bildirib ki, DIEDC mühüm təşəbbüslərin hazırlanmasını və həyata keçirilməsini davam etdirir. Bu təşəbbüslər inkişaf edən islam iqtisadiyyatı məhsullarına və xidmətlərinə yerli və beynəlxalq bazarlarda olan yüksək tələbatı təmin etməyə imkan verəcək. Onun sözlərinə görə, qlobal islam liqası dünyada ilk qeyri-kommersiya tipli beynəlxalq, hüquqi baxımdan müstəqil elmi orqan olacaq.

Qeyd olunur ki, beynəlxalq islam liqasının yaradılması “kapital bazarlarında, xüsusən sərmayələrin qloballaşdırılmasına münasibətdə sonuncu layihələrlə əlaqədar işlərin səmərəliliyini artıracaq”.

Digər təşəbbüs çərçivəsində DIEDC islam iqtisadiyyatının maariflənmə platformasının yaradılması məqsədilə Hamdan Bin Mohammed Smart Universiteti ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq təhsil müəssisələri üçün islam iqtisadiyyatının prinsip və etikasının mənbə rolunu oynayacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

Comments are closed, but trackbacks and pingbacks are open.