Islam mədəniyyət tarixi
Elmindən faydalanan alim min zahiddən yeydir.
Azərbaycanda İslam
İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir. İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəyhdir. İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri Sünnülük və Şiəlik təriqətləridir.
Azərbaycanda islamın yayılması
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlmişlər. Şəhərin istehkamları onları heyran qoymuş və onlar şəhəri “Bab əl-Əbvab” adlandırmışlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilmişdir. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranmışdır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşirdi. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmirdi.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları – XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləmişdir. Şafii məzhəbi aparıcı məzhəb olurdu.Bu dövrdə Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bildilər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı – XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılırdı. Hürufilik güclənirdi.
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar “qızılbaşlar” adlanırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi. İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı – müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər. Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Respublikası (ADR) sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilmişdir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılmış, müsəlman din xadimləri təqiblərə məruz qalmış, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilmişdir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilmiş və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. Axund Ağa Əlizadə şeyxülislam seçilmişdir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxmışdır.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olunur və şeyxülislam tərəfindən idarə edilir, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edirdi. Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur. Azərbaycanda Şeyxülislam Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə və s. kimi görkəmli din xadimləri, Axund Yusif talıbzadə, Fazil Dərbəndi, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Əlixan Musayev, Şahin Həsənli və s. kimi islamşünaslar yetişmişdir.
Islam mədəniyyət tarixi
İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri
Qərb mədəniyyəti sözündən məqsədimiz bu gün dünyada hakim olan Qərb maarifi, elm və texnologiyasıdır. Bizcə, bunların meydana çıxmağında və inkişafında İslam maarif və mədəniyyəti ən böyük rolu ifa edib. Avropa və İslam mədəniyyət tarixlərinə bir baxış bizim görüş və fikirlərimizi sübut etməyə kafidir. Biz bu məqaləmizdə daha çox Qərb qaynaqlarına, qərbli müəllif və alimlərin yazılarına əsaslanmağa çalışacağıq.
Bildiyimiz kimi, bugünkü sivilizasiyanın əsası və təməli elmə dayanmaqdadır. Ona görə biz İslam dini və məktəbində elmin, alimlərin dəyərini, yerini Qurani-Kərim və Həzrəti Məhəmmədin (s) dilindən bəyan etdikdən sonra bugünkü Qərb sivilizasiyasının inkişafında müəssər olan İslam maarifindən və nümunə olaraq bəzi islami kəşflərdən bəhs edəcəyik.
İslam dinində bütün xalq və millətlər bir və bərabər sayıldığı halda, alim ilə cahil arasında fərq qoyulub. Aşağıda yazdığımız ayə bu məsələni açıq şəkildə ifadə etməkdədir: �Həll yəstəvi əlləzinə yələmunə vəlləzinə la yələmun, həll yəstəvi əlzulimat və`nnur, həll yəstəvi əlamai və`lbəsir, am keyfə yəstəian�. (Alim ilə cahil bir olurmu, işıq ilə qaranlıq birdirmi, kor ilə görən bərabər olarmı, (bunlar) necə bir ola bilərlər?)
Bu mövzuda Türkiyənin böyük şairi Mehmet Akif Qurandan ilham alaraq belə demişdir:
Heç bilənlərlə bilməyənlər bir olurmu,
Olmaz ya, biri insan, biri heyvan.
Öyle isə cəhalət denilən yüz qarasından
Qurtulmağa əzm etməli başdan-başa millət
Kafimi, deyil yoksa bu son dərsi-fəlakət.
Qurani-Kərimin nazil olan ilk ayəsi (İqra) �Oxu� sözü ilə başlayır: �İkra biismi rəbbikə`lləzi xələqu� (Yaradan Tanrının adı ilə oxu). Quranda Tanrı qələmə və qələmin yazısına and içir. İslam yeganə dindir ki, elm və biliyi ibadətdən də üstün tutur, peyğəmbərimizə istinad edilən hədislər bu məsələni gözəl bir şəkildə bəyan etməkdədir:
Təhsil müqəddəs cihaddır.
Alimlər Tanrının etimad etdiyi kimsələr və Peyğəmbərlərin varisləridir.
Elmindən faydalanan alim min zahiddən yeydir.
Elm dərəcəsi ən yüksək dərəcədir.
Alimlərin mürəkkəbi və şəhidlərin qanı ölçüldü, birinicisi daha ağır gəldi.
Hər şeyin bir yolu var, cənnətin yolu elmdir.
Cəhalətdən qorxulu və pis yoxsulluq yoxdur.
Övlad üçün ən qiymətli miras yaxşı təhsildir.
Alim ol və ya şagird və ya dinləyici və ya alimin dostu, sakın bunlardan başqa olma ki, məhv olarsan.
Həzrət Əli (ə) bu barədə belə deyib: �Ən nasu muallim avmutəllimvə`lbaqi kalhiməc�. (Xalq ya müəllim və ya şagirddir, qalanı zir-zibildir).
Burada bir nöqtəyə işarə etmək lazımdır ki, Qərb dünyasının ərəb mədəniyyəti adı ilə adlandırdığı mədəniyyət İslam mədəniyyətidir və bu mədəniyyətin yaranmağı və inkişafında iranlılar və türklər, başqa müsəlman millətlərdən daha çox çalışmışlar. (Asəf Feyzi, Hindli müəllif).
İndi İslam və dünya mədəniyyət tarixinə bir ötəri nəzər salaq:
Bildiyimiz kimi, kağız elm və maarifin əsasını təşkil edən, insanların fikir və yaradıcılıqlarını əks etdirmək və çatdırmaq üçün ən əlverişli vasitədir. Kitab və məqalə yazmaq, onları xalqa çatdırmaq üçün çox miqdarda və ucuz qiymətdə kağız əldə etmək zəruridir. Bu gün ucuz və asan şəkildə avropalıların əlində olan bu qiymətli vəsilə (kağız) müsəlmanlar tərəfindən icad olub, Avropaya aparılıb. Əlbəttə, çinlilər miladi 105-ci ildən ipək və ya barama qozasından kağız istehsalını öyrəniblər. Lakin ipək sənətinin bahalılığı və Çin ilə Orta Asiyaya məxsus qaldığı üçün həmin kağız Avropaya çatdırıla bilməyib. Professor Jak Risler � Paris İslam İnstitutunun ustad alimi �Ərəb mədəniyyəti� adlı kitabında belə yazıb: �Şəkkimiz yoxdur ki, ən yaxşı nemətlərdən biri olan kağızı İslam Avropaya gətirmişdi. Müsəlmanlar kətan xəmirindən kağız qayırmaq sənətini Səmərqənddə öyrəndilər. Sonra Əlcəzair və Misirdə bol olan pambığı onun yerinə işlətdilər. Bu şəkildə miladi 712-ci ildə ərəblər tərəfindən vaqe olan Səmərqənd fəthini dünyada kağızın yayılma tarixinin başlanğıcı hesab edə bilərik�.
İlk kağız istehsal fabrikası 794-də Bağdadda quruldu. Sonra Misirdə və 12-ci əsrdə Əndəlüsdə xədiv kağız fabrikaları quruldu. Avropanın qərb məntəqəsi möhtac olduğu kağızı bu fabrikalardan təmin edərdi, lakin Şərqi Avropaya kağız Şamdan gələrdi.
�Mədəniyyət tarixi� adlı kitabın müəllifi məşhur Vil Durant bu barədə belə yazır: �İlk kağız fabrikası � �kargah və atelye� 794-də Bağdadda İranlı Əlfəzl Bərməki tərəfindən quruldu və kağızqayırma texnikası müsəlmanlar vasitəsilə Siciliya və İspaniyaya aparıldı. Oradan İtaliya və Fransaya yol tapdı. Ucuz və çox miqdarda kağız istehsalı bol miqdarda kitab tədarükünü asanlaşdırdı. Belə ki, onuncu əsrdə Deyləmilərin vəziri olan Sahib ibn İbadın şəxsi kitabxanasında Avropa kitabxanalarının məcmusu qədər kitab var idi. Fransanın məşhur şərqşünası Qustav Löbonun yazdığına görə, Qortobada (Kordova) Əməvi xəlifə olan İkinci Əlhakimin kitabxanasında altı yüz min kitab var idi. Halbuki, 400 il ondan sonra Fransa padşahı olan beşinci Şarlın kitabxanasında ancaq 900 kitab vardı. Qustav Löbonun dediyinə görə, islam kağızı dünya mədəniyyət tarixində yeni bir dövr açıb. Əgər kağız, barıt və qütbnamə kimi islam mirasları olmasaydı, Renessans nəhzəti (hərəkatı) necə yarana bilərdi? Əgər müsəlmanlar olmasaydı, Qərbdə elmi renessans əsrlər boyu gecikəcəkdi.
Kitab çapının və mətbuatın da kökü islamidir. Professor Risler bu barədə belə yazır: �Səlib əhli (xaçpərəstlər) qumaş (parça) üzərinə vurulan taxta qəliblərlə basma çap texnikasını Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika Avropada çap texnikasının əsasını təşkil edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə də inkişaf etmişdi. Qortobada Əbdülrəhman Münşi rəsmi sənədləri bizə hələ də məchul qalan vasitələrlə hazırlayırdı.
19-cu əsrdən bəri Qərb alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki, bugünkü sivilizasiya əski yunan və roma mədəniyyətinə bağlı olmayıb, parlaq islam mədəniyyətindən öz kökünü alıb. (Professor Gotiyer, �Müsəlmanların əxlaq və ədabı� kitabı, Əlcəzair Universiteti).
İndi bir az da elmin müxtəlif sahələrindən bəhs edək, sözümüzə tibb elmi ilə başlayaq. Professor Risler bu barədə belə yazır: �Müsəlmanlar tibdə ən yüksək mövqe və məqamı əldə edib, 500 il dünya tibbinin zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad edilən 300 hədis var. Bu hədislərin çoxu yeməkdə etidal və imsaq etmək, sağlıq, sıhhi (sanitar-gigiyenik) üsullara riayət etməyə aiddir. Məsələn, �Taunun olduğu yerə girməyin, orda olsanız, oradan çıxmayın� tapşırığı bugünkü karantin anlayışının əsasını təşkil etməkdədir. Rislerin dediyinə görə, müsəlmanlar Hippokrat və Calinusun tibbini tərcümə edib öyrəndikdən sonra kifayətlənməyib, şəxsi müşahidə və klinik təcrübələrini təşxis (diaqnoz) və dərman (müalicə) üçün əsas qərar verdilər. O zamandan bəri tibb təcrübi elm mahiyyətini qazandı və böyük islam həkimi Ali İbn Abbasın yazdığına görə onun tədqiq və təhqiqləri xəstəxanalardan toplanıb, o zamandan bəri islam mədrəsələrində tibb, mühəndislik fakültələri və laboratoriya qurulub.
Vil Durantın yazdığına görə, ilk islami xəstəxana miladi 704-cü ildə �bimaristan� adı ilə Şamda qurulub və 978-ci ildə bu xəstəxananın 24 həkimi var idi. Tibb dərsləri xəstəxanada verilirdi. İmtahan vermədən və diplom almadan həkimlik etmək qadağan idi. Harun ər Rəşid zamanında Bağdadda ilk xəstəxana quruldu, 10-cu əsrdə orada daha 5 xəstəxana yaradıldı. Belə nəzərə gəlir ki, bu xəstəxanaların bərpa edilməyində Condi Şapurdakı universitet xəstəxanasından faydalanıblar.
Professor Jorj Rivar �İslamın siması� adlı kitabında deyir ki, müsəlman həkimləri ən çox cərrahlıqda məharət qazandılar. İslam cərrahları 11-ci əsrdə katarakt, məsanə daşı, kotrizasyon (dağlamaq) əməliyyatlarını bilir, uyutmaq (anesteziya) və uyuşdurmaq (lokal anesteziya) üçün �İvraie təlxə�, buğda və xaşxaş işlədirdilər. Qurtubəli Abbas oğlu Əbülqasım xələf bir çox cərrahi alətlər düzəltmiş və cərrahlıqla işlətmişdir. Farmokoloji və tibbdə işlənən maddələrin elmi tədqiqi də islamda başlanıb. V.Duranta görə, İbn Sina ən böyük müəllim, Razi ən böyük həkim, Cabir (İmam Cəfər Sadiqin (a) şagirdi) əski zamanın ən böyük şimisti (kimyaçısı) sayılır. İbn Sina və Razinin əsərləri bugünkü tibbin əsasını təşkil edib, əsrlər boyu qərb tibb məktəblərində oxunub.
Gotiyerin �Müsəlmanların əxlaq və ədabı� adlı kitabında yazılıb ki, orta əsrlər və renessans dövründə Avropa Boqrat və Calinusdan çox islam həkimlərini təqib edib. Razi (850-932) əlli il Bağdadda həkimlik edib, onun əsərləri 16-18-ci əsrlərdə dəfələrlə latın dilinə tərcümə edilib.
İbn Sina tibb sultanı hesab olunur və dəyəri Razidən də artıqdır. Onun �Qanun� adlı tibb kitabı Avropanın bir çox dillərinə tərcümə edilib. Bu iki həkimin kitabları 17-ci əsrə qədər tibb tədrisatının əsasını təşkil edib. �Qanun� əsrlər boyu Avropanın dərslik kitabı və həkimliyin müqəddəs kitabı olub. Razinin çiçək və qızılca haqqında kitabları xəstələrin klinik müşahidəsi və təhlili ilə yazılıb. Bu kitablar yoluxucu xəstəliklər haqqında yazılan ilk elmi əsərlərdir. Bu iki əsərin ingiliscə tərcümələri 15-19-cu əsrlərdə 40 dəfə nəşr edilib.
Tibb elmi və həkimlik islam məktəblərindən İtaliyada Salerin və Fransada Montpelier tibb məktəblərinə keçdi. Salerin məktəbi 9-cu əsrdə Şarl Mayn tərəfindən quruldu və 3 əsr Avropanın tibb mərkəzi oldu.
Riyaziyyatın da tibb kimi islami kökü vardır. Riyaziyyat və hesab elminin əsasları əşari rəqəmlər və sıfır üzərində qoyulub. Avropada 13-cü əsrin ortasına qədər riyazi ədədlərin yerinə latın hərflərindən istifadə edilirdi. 1 yerinə I, 2 yerinə II, 3 yerinə III, 5 yerinə V, on yerinə X və 100 yerinə C işlənirdi. Risler, Sedilot (Sedillot) və Vil Durantın düşüncələrinə görə, əşari rəqəmlər və sıfır müsəlmanların kəşfidir. İlk dəfə 9-cu əsrdə işlənib, yanlış olaraq hindi rəqəmlər adlanıb. İbn Əhmədin 976-da �Məfatihu`l ulum� kitabında təklif etdiyinə görə, əşarat (onluqlar) cədvəlində (xanə) bir ədəd olmasa, tərtibi qorumaq üçün kiçik bir dairə qoyulmalıdır. Bu dairəyə ərəbcə sıfır (boş) deyildi, latınca, italyanca tərcümələrində zero (zero) adlandı.
Ədəd mənasına gələn şifrə (shiffre) sözü də buradan çıxdı. Gotiyerə görə, Uqlidüsün adı böyük görünür, lakin qərblilərin riyaziyyat müəllimi müsəlmanlar olublar.
19-cu əsrdə müqayisəli riyaziyyat tarixi mütəxəssisi olan professor Sedillot öz kitabında yazır ki, müsəlmanlar heyət (astronomiya) elmində işlədikləri üçün onların riyaziyyata əlaqələri çox təbii olub, bu sahədə çox çalışıblar, belə ki, onları öz müəllimlərimiz saya bilərik. Onlar yalnız hesab, həndəsə və cəbrdə yox, optika və mexanikada mühüm nailiyyətlər əldə etdilər.
Müstəmiəratı elmlər akademiyası üzvü Artur İlqren �Dünyada islam� adlı kitabında belə yazır: orta əsrlərdəki Məsihi (xristian) alimlər riyaziyyat müsəlmanlardan öyrəndilər, amma çox keçmədən öz müəllimlərindən qabağa keçdilər.
Ən mühüm müsəlman riyaziyyatçıları bunlardır:
Əl-Xarəzmi (Muhəmməd bin Musa, miladi 780-850-də yaşayıb) üsturlabı ixtira edib. Muhəmməd əd-Bətani (miladi 972-də ölüb), Günəş və Ayın hərəkətlərini hesablayıb və qeyd edib. Abbas ibn Fiynas bülluru düzəltmiş, ayrıca bir təyyarə düzəldərək, havada bir qədər məsafədə uçmuşdur. Heyətşünaslardan Əbu Yunus və Əbülabbas Fərqanidən də bəhs olunur.
Vil Durant Xarəzmi haqqında deyir ki, onun beş elm sahəsinin inkişafında böyük xidmətləri olub. Əvvəldən ərəb və hind rəqəmlərini tədqiq edib, kosmoqrafiya cədvəli hazırlayıb.
Ən əski triqonometri (məsəlləsat) cədvəlləri onun əsəridir. 69 alimin həmkarlığı ilə coğrafiya ensiklopediyasını Məmun xəlifə üçün yazıb. İkinci dərəcə maddələrin (tənlik) təhlil və həndəsi həll etmə yollarını öz cəbr və müqabilə kitablarında göstərib. Bu kitabın ərəbcə mətninin itməyinə baxmayaraq, onun latınca tərcüməsi miladi 12-16-cı əsrlərdə Avropa universitetlərində dərslik kitabı və mənbə sayılırdı. Beləliklə, cəbr kəlməsi aljebr şəklində Avropa kitablarına girib. Cəbrin həndəsəyə tətbiqi də 9-10-cu əsrdə Qaraoğlu Sabit tərəfindən aparılıb. Professor Gotiyer deyir ki, islam mədəniyyətinin inkişafı durandan sonra biz avropalılar islam mədəniyyətinin verdiyi məlumat və gətirdiyi vasitələrdən faydalanaraq yeni mədəniyyəti qurmağa başladıq. Bu da bizə əski yunanda (olimpiya yarışı) müqəddəs məşəlin əldən-ələ keçməyini yada salır. Vil Durant triqonometri (məsəlləsat) haqqında yazır ki, Bətani Batlimiusun mürəbbe həll yolu yerinə məsəlləsi həll yolunu təklif etdi və vətən (hipark) yerinə cieybi (sinus zaviyəsi) qoydu və bu gün raic olan nisbətləri təqdim etdi.
Heyət (astronomiya) elmində də müsəlmanlar tədqiqatlarında tərəssüd müşahidə və təcrübəni əsas qəbul etdilər, böyük nailiyyətlər qazandılar. Heyət elmi müsəlman alimlərinin diqqətini cəlb edən ilk elm sahəsi olub. Bağdad və Əndəlüs xəlifələri, Səlcuqlu padşahları, Moğol Elxaniləri və Teymurilər heyət və astronomiyaya xüsusi əlaqə göstəriblər: böyük şəhərlərin çoxunda rəsədxanalar (observatoriya) qurublar. Bunların ən məşhuru Bağdad , Qahirə, Qortoba, Tolido, Səmərqənd və Marağa rəsədxanaları olub. Vil Durant bu barədə deyir ki, Məmun xəlifə bir heyəti rəsədxana tikməyə və tərəssud etməyə məmur etdi ki, Batliəmiusun kəşflərini və Günəşdəki ləkələri tədqiq etsinlər. Bu alimlər yerin yuvarlaq (kürə) olduğuna inanırdılar. Onlar Günəşin vəziyyətini Palmir (Suriyada) və Sənccar (Əlcəzairdə) da eyni zamanda qeyd edib, ərz zaviyəsini ölçdülər. Ələ gələn məsahət 56 2/3 mail, yəni yarım mail bugünkü mühasibədən artıq idi. Əldə etdikləri nəticəyə görə yerin mühiti 35 min kilometr oldu. Bu alimlər tamamilə elmi çalışırdılar və təcrübəylə sübut olmayan şeyi qəbul etmirdilər. 860-cı ildə Əbülfərqani tərəfindən tərif edilən heyət kitabı Avropa və Qərbi Asiyada 700 il elmi məxəz olub.
Vil Durant Əbu Reyhan Biruni haqqında belə yazır: �Bu alim Yerin yuvarlaq olduğuna inanırdı, Yerin cazibəsini kəşf və sübut etdi. Onun fikrinə görə, heyətin əsasını Yer kürəsinin vəzi və dövranı hərəkəti, yəni Günəşin dövrəsinə dolaşmağına əsaslanmaqla və ya əksinə izah və tərcih etmək olar.
Rislerə görə, üsturlab müsəlmanlar tərəfindən ixtira edilib və düzəldilib, 10-cu əsrdə Avropaya gətirilib, 17-ci əsrdə qədər dənizçilər tərəfindən işlədilib.
İslam alimlərinin kitabları İspaniyada ərəbcədən latın dilinə tərcümə edilərək əsrlərcə avropalıların dərslik kitabları oldu.
Musiqi dəxi İslamın altun dövründə inkişaf etdi və riyaziyyatın bir şöbəsi kimi tədqiq edildi. Avropa müəlliflərinin çoxları İslam musiqisinin qaynağını qədim Türküstan musiqisi və qaraçıların musiqisi bilirlər.
5-ci əsrdə Beşinci Bəhramın dəvəti ilə bir çox qaraçılar Hindistandan İrana gəldilər, bu şəkildə qaraçı musiqisi İrana gəldi, 9-cu əsrdə əsli Musul kürdlərindən olan məşhur müsəlman musiqişünası Zəryab bu musiqini Qurtubaya apardı. 10-cu əsrdə əsli türk (oğuz) olan böyük islam filosofu və musiqişünası Fərabi (Əbunəsir Muhəmməd bin Tarxan bin Özluq) bu məqamları elmi şəkildə tədvin etdi. Fərabi �Əl-musiqi� kitabında Fisağorisin yanlış olan musiqinin asimanı (cosmotic) mənşəyini (ulduzlar və göy kürələrinin ahəng məqamati) rədd edir və musiqi səslərinin icadını havanın titrəməyinə və bu titrəmələrin dalğa uzunluğuna bağlayır. Təcrübəyə əsaslanan bu kəşfin nəticəsində musiqi alətlərinin qayırılmağında ehtiyac olan qaydaların sübutuna müvəffəq olur. Bu nailiyyətlərin nəticəsində müsəlman İspaniya və Portuqalda musiqi inkişaf etdi.
Vil Durantın yazdığına görə, müsəlmanlar 7-ci əsrdən sonra qaydaya dayanan musiqi əsərləri yazmağa başladılar, səslərin ucalıq və uzunluğunu da sübut etdilər. Belə əsərlər 12-ci əsrin sonuna qədər Avropada tanınmamışdır. Ona görə də Avropa musiqisi 12-ci əsrdən sonra islam musiqi təsiri altında yaranıb.
Ədəbiyyat barədə vəziyyət eynidir. İngilis müəllifi Şarl Miller �Muhəmməd (s.səlləm )in tarixi� kitabında belə yazır: �Ədəbiyyat İtaliya və İspaniya yoluyla Avropada yayıldı. İspaniyada əski romanlar tamamilə islami fikirlər təsirilə yazılıb. Fransız xalq şeirindəki eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik, adət və ənənələrin əfsanəvi incəliyi və qadınların səciyyəvi xüsusiyyətləri şərq şeirindəkinin eynidir. Qafiyə daxi islami şeirlərlə Qərbə gəlib.
Şovalye dastanlarında daxi islam qəhrəmanlarından ilham alınıb�. J.Barru 1842-də çıxan �Müsəlman millətlərin tarixi� adlı kitabında yazır ki, islam mərdlik ruhunu din ilə birləşdirdi, bu mərdlik ruhu bütün müsəlman millətlərin ədəbiyyatında təcəlli etdi, onların vasitəsilə avropalılara aşılandı.
Risler bu barədə deyir ki, Əndəlüsdə şeir ümumi bir adət kimi yayılmışdı, hətta hakim və əmirlər də şeir söyləyirdilər. 8-ci əsrdən sonra platonik eşq və duyğu ərəb şeirinin əsas temalarını təşkil edib. 11-ci əsrin sonlarından bu temalar Fransanın cənubundan Avropaya gəldi. Fransız xalq şairləri qurtubalı və zəccacəli müğənnilərini təqlid edirdilər.
İspaniya həmasi romanları və Don Kixot dastanının mənşəyi də islami imiş. Servantesin fikrinə görə, dastanın əsli ərəbcə yazılıb. Dante daxi �İlahi komediya�sındakı bir çox gözəl səhnələri yazıb-yaradarkən ilhamını islam filosof və mütəsəvvifi İbn Ərəbidən alıb. Bu ədəbi mənzumədə calib və əfsanəvi behişt və cəhənnəm parçaları islami ədəbi obrazlarla doludur.
Memarlıqda daxi qərb islama borcludur. Məscid ilk islami sənətin nümunəsidir.
Məscidin ilk nümunəsini Peyğəmbər (s) Mədinədə verib. Səadət məscidi peyğəmbərin nəzarəti ilə 50 metr mürəbbəlik (kvadrat) bir yerdə tikildi. Memarlıq sənəti məscid və başqa binaların islam ölkə və şəhərlərində tikilməyilə inkişaf etdi.
Professor J.P.Ru (Raux) �Qərbdə islam� adlı kitabında islam memarisinin böyük kilsələrdə izləri barədə belə yazır: �İspaniyada Toledu şəhərində tikilən Santa-Mariya Blanka kilsəsinin binasında islam memari şəkilləri işlənib. Bu ölkə də islam memarisini təqlid edərkən kilsə və tarixi binaların tikilməyində müsəlman əsirlərdən də istifadə edilib. Məscidlərin minarələrindən kilsələrin zəng bürclərini yapmaq üçün faydalanılıb. Belə nəzərə gəlir ki, Avropanın əsgəri memarisi daxi islami əsgəri memarisi təsiri ilə vücudə gəlib. Səlib müharibələrin bu işdə böyük rolu olub. Məsələn, Oqumurt istehkamatı Misirdə tikilən Dimat istehkamatından ilham alınaraq tikilib. Şəhər memarisində də avropalılar müsəlmanlardan çox şeylər öyrəniblər, məsələn, apartman və çoxmərtəbəli binaların tikilməyində, evlərdə sərin hava və sulama sistemini qurmaq işlərində müsəlmanlar önayaq olublar.
Geyim və zahiri qiyafət işində də qərblilər Şərqdən təqlid edib bir çox şeylər alıblar. Əski yunanlılar və romalıların geyimi Quzey Afrikada olduğu kimi uzun köynək (ihram) imiş. Kot. şalvar , çəkmə, botun, börk Orta Asiyadan Avropaya gedib. Bu tarixi həqiqət 19-cu əsrdə Türküstanda qazıntı işləri görən ingilis, fransız və alman mühəqqiqlər heyəti tərəfindən kəşf edilib. Türküstandakı əski məbədlərin divarlarındakı şəkillər (nəqqaşlıq) bu gün Avropada qadın və kişilərin geyimlərinin bütün xüsusiyyətlərini göstərməkdədir. Professor Fon Lecoke (Lökok) bu şəkillərin nümunələrindən rəngli atlas düzəldərək 1925-ci Berlində nəşr edib.
Davamlı təmas və mədəni münasibətlər nəticəsində Qərb dillərinə islami dillərdən bir çox sözlər və terimlər keçmişdir ki, alkol, əlcəbr və digərləri onlardan nümunələrdir. Biz məqaləmizi uzatmamaq üçün verdiyimiz nümunə və misallara qənaət edirik. Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti əski yunan və roma mədəniyyətinin ihyası (oyanışı) və ya tamamilə şəxsi təşəbbüsləri olmayıb, bəlkə daha çox islam mədəniyyətinin davamı olub. Bizim ulu babalarımızın Quran və İslamdan ilham alaraq qurduğu mədəniyyət Avropaya gedib, orada işlənib, inkişaf edib, bugünkü mərtəbəyə yüksəlib.
525-ci qəzet.- 2010.- 19 mart.- S. 7.
İslam mədəniyyəti
İslam mədəniyyəti Xilafətə daxil olan bütün xalqlar tərəfindən yaradılmışıdı. İslam mədəniyyətinə aiddir:
* Onluq kəsrdən istifadə;
* Hind rəqəmlərindən istifadə;
* Cəbr (əlcəbr) elminin yaranması;
* Xarəzminin hesaba dair əsəri;
* Bağdadda və Dəməşqdə rəsədxanalarının açılması;
* Yerin təxmini böyüklüyünün hesablanması;
* Ulduzların vəziyyətinin müəyyən edilməsi
* Əli-Birunninin yerin günəş ətrafında fırlanması sübut etməsi və ilk qlobusu düzəltməsi;
* Naşatır spirti, spirt və potaşın kəşf edilməsi;
* İbn Sinanın tibb sahəsindəki uğurları (İbn Sina “elmin şeyxi” və yaxud “alimlərin başçısı” adını almışdı);
* “Min bir gecə” əsəri;
* “Əntərin sərgüzəştləri” əsəri;
* “Sindibadın səhayətləri” əsəri;
* Qüdsdə Ömər məscidi (VIII əsr);
* Kordova məscidi (VIII –IX əsrlər);
* Arabesklərdən istifadə (kəsişən xətlərdən yaranmış mürəkkəb naxı-şlar);
* Miniatürlərdən istifadə (kiçikliyi və incəliyi ilə seçilən sənət əsərləri);
* Qahirədə Cümə məscidinin inşası;
* Samirədə Ulu məscid minarəsinin inşa edilməsi.
Qərbi Avropa ölkələri islam mədəniyyətindən aşağıdakıları öyrənmişlər:
* Ərəb rəqəmlərindən istifadə;
* Xəritə çəkmək;Kimyəvi biliklər;
* Qlobusdan istifadə etmək;
* Kompasdan istifadə;
* Ulduzların adları;
* Yunan müəlliflərinin əsərləri;
* Sıfır rəqəmi və onluq kəsrlər.
- Teqlər:
- ərəb mədəniyyəti
- , islam mədəniyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.