Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
“İnternet jurnalistikası” kompüter texnikası vasitəsiylə yaradılan, saxlanılan və ötürülən jurnalist işi olub, XX əsrin sonlarından başlayaraq internetin inkişafı sayəsində yaranmış yeni jurnalistika sahəsidir.
Bu vaxtlara qədər internetdən əsasən elektron poçt xidməti üçün istifadə olunurdusa, həmin dövrdən başlayaraq artıq yeni imkanlar üzə çıxdı. Qəzetlərin elektron versiyaları, internet qəzetlər, müxtəlif xəbər saytları, portallar, internet TV-lər və s. yaranmağa başladı. Öz növbəsində ölkəmizdə də bu sahə 1990-cı illərdən, konkret olaraq 1997-ci ildən boy göstərməyə başlayıb. Azərbaycanda internet-medianın qaranquşları “Yeni Müsavat” (www.musavat.com) və «Зеркало» (www.zerkalo.az) hesab olunur. Ardınca “Turan” informasiya agentliyi elektron xidmətlər göstərməyə başladı (www.turaninfo.com). Proses intensivləşdikcə bir çox mətbu orqanlar elektron xidmətləri göstərməyə başladı, digər sözlə ənənəvi mediz həm də internet üzərindən yayımlanmağa başladı: “Azadlıq” qəzetinin (www.azadliq.az), “525-ci qəzet”in (www.525ci.com), “Аyna” qəzetinin (www.ayna.com), “Bizim əsr” qəzetinin (http://bizimasr.media-az.com), “Azərbaycan” rəsmi dövlət qəzetinin (http://azerbaijan-news.az) “Zaman” qəzetinin (www.zaman.com.az), Trend informasiya agentliyinin (www.trend-az.com) internet nümayəndəlikləri yaradıldı”. [Babayev, 2004, 105].
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
Müəllim – özünü aydın, işıqlı gələcək üçün şam kimi əridən fədaidir. 110 illik yubileyini qeyd etdiyimiz Nəsir İmanquliyev bu adın haqqını verən şəxsiyyətlərdəndir. O, təkcə unudulmaz müəllim, peşəkar jurnalist deyil, eyni zamanda böyük vətənpərvər ziyalı, ölkəmizin ictimai-mədəni mühitində iz qoymuş elm xadimidir. Klassik ənənələrə söykənən maarifçilik fəaliyyəti ilə jurnalistika tariximizdə məktəb yaratmağı bacaran Nəsir İmanquliyev bu məktəbin davamçılarını yetişdirməklə özündən sonra böyük yol qoymuşdur.
Nəsir müəllim Azərbaycan jurnalistikasının inkişafında iki istiqamətdə önəmli rol oynayıb. Nəzəri-elmi məktəbin yaradıcısı olması bunlardan birincisi hesab olunur. Qeyd etmək yerinə düşər ki, professor Nəsir İmanquliyev ölkəmizdə jurnalistikanın nəzəri modellərinin öyrənilməsində və eləcə də tətbiqində böyük əmək sərf etmiş alimdir. O, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı kimi tarixə düşmüşdür. Jurnalistika ixtisası üzrə tədris planında bu gün də əsas yer tutan və bir növ ixtisasın açarı sayılan “Jurnalistikaya giriş” fənni buna misal ola bilər. Nəsir müəllim həmçinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun praktik əsaslarını da hazırlamış, janr müxtəliflikləri ilə bağlı maraqlı konsepsiyalar irəli sürmüşdür.
Nəsir müəllimin yetişdirdiyi tələbələr Azərbaycan mediası və ictimai-siyasi mühitində daim mötəbər yer tutmuşlar. Ustadın tələbələri ilə qurduğu mehriban, səmimi münasibət modeli bu gün də müəlim-tələbə münasibətləri üçün örnək göstərilə bilər. Onun həyata vəsiqə verdiyi məzunların bəziləri Jurnalistika fakültəsinin müəllimləri olmuş, bəziləri isə Azərbaycan jurnalistikasında praktik fəaliyyətləri ilə tanınmış, ustadlarının inam və etibarını doğrultmuşlar. Bütün bu sadalananlar isə onun bir pedaqoq kimi uğuru hesab olunmalıdır.
Nəsir müəllimin elmi fəaliyyəti də diqqəti cəlb edir. II Dünya müharibəsi illərində mətbuatın fəaliyyətinin araşdırılması onun əsas elmi işini təşkil etmiş, bu mövzuda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Nəsir İmanquliyev eyni zamanda bir neçə dərs vəsaiti və sanballı monoqrafıyaların müəllifi və həmmüəllifidir. “Qəzetdə xəbər”, “Redaksiya işinin təşkili və planlaşdırılması” kimi elmi araşdırmaları o dövrün nəzəri əhəmiyyəti ilə yanaşı, praktik cəhətdən də qiymətli əsərlərdən idi. Görkəmli jurnalist həmçinin yazıçı və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Ordudan tərxis olunduqdan sonra “Kommunist” qəzetində məsul katib və baş redaktorun müavini olarkən onun təşəbbüsü ilə yaranan ədəbiyyat dərnəyi bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsində böyük rol oynamışdır. Müharibə dövrü və ondan sonrakı quruculuq illərində fədakar əməyinə görə müxtəlif orden və medallara, mətbuatımızın inkişafındakı xidmətlərinə görə isə “Qızıl qələm” mükafatına, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür.
Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı ikinci mühüm istiqaməti onun peşəkar jurnalist fəaliyyəti ilə bağlıdır. O, elmi-nəzəri sahədə olduğu kimi, praktikada da özünü tam mənası ilə təsdiq etmişdir. Nəsir müəllim jurnalistikanın nəzəriyyəsi ilə praktik fəaliyyətin vəhdətini özündə təcəssüm etdirən nadir ustadlardan olmaqla, ömrünün 70 ilini Azərbaycan mediasının formalaşması və inkişafına həsr etmişdir. O, ətrafına istedadlı, bacarıqlı insanları cəlb etməklə jurnalistikamıza yeni nəfəs gətirməyi bacarmışdı. Nəsir müəllim yaxşı görürdü ki, özündə nəzəriyyə ilə təcrübənin vəhdətini təcəssüm etdirən jurnalistika auditoriyalarda oxunan mühazirələr, söylənilən nəzəri fikirlər yalnız təcrübi vərdişlərlə tamamlandığı halda yaradıcı potensiala çevrilə bilərdi. Onun bu istiqamətdə göstərdiyi səylər “Bakı” və “Baku” qəzetlərinin timsalında özünü doğrultdu. Bu iki axşam qəzetlərinin nəşri ilə Azərbaycan jurnalistikasında yeni bir səhifə yazıldı. Adıçəkilən qəzetlər o dövrdə böyük bir yenilik olmaqla yanaşı, ali jurnalistika təhsili alan tələbələr üçün də ciddi praktik sınaq meydanı, əsl təcrübə bazası idi. Bu səbəbdəndir ki, həmin qəzetlər ilk gündən tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevrilməyi bacardı. 1958-ci ildən 1998-ci ilədək – 30 il müddətində qəzetin redaktoru olan Nəsir İmanquliyev milli mətbuat tariximizə peşəkar jurnalistikanı: dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirdi. “Bakı” və “Baku” qəzetləri təkcə tələbələrin təcrübə bazasına çevrilmədi, həm də sənət-söz adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin üz tutduqları etibarlı ünvan adını aldı.
Qeyd etmək istərdik ki, professor Nəsir İmanquliyev elmi-pedaqoji və jurnalist fəaliyyəti ilə yanaşı, geniş və çoxsahəli ictimai-siyasi fəaliyyəti ilə də seçilməyi bacarıb. O, uzun müddət Bakı Şəhər Partiya Komitəsində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib. Onun Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini olduğu illərdə isə bu dövlət qurumlarının struktur inkişafında xüsusi xidmətləri olub.
Bu gün Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi (keçmiş Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi) kafedrasında Nəsir müəllimin dərin məna daşıyan portreti, kafedranın qarşısında isə mərmərdən işlənmiş barelyefi jurnalist-tələbələrə sanki öz öyüd və nəsihətlərini verir. 110 illik yubileyini böyük ehtiram hissi ilə qeyd etdiyimiz ustad müəllimimizin əziz xatirəsi çoxsaylı yetişdirmələri olan fakültə müəllimləri, peşəkar jurnalistlər və biz tələbələrinin ürəyində daim yaşayacaqdır!
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru
BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli bu gün vəfat edib. Jurnalistlərin sevimli müəllimi 80 yaşında haqq dünyasına qovuşub.
Uzun illər Azərbaycan mətbuatının inkişafı, klassik ənənələrin qorunması uğrunda fədakarcasına mübarizə aparan Nəsir müəllim istər tələbələrinin, istərsə də çiyin-çiyinə çalışdığı iş yoldaşlarının xaritələrində əbədi yaşayacaq. İllər ötsə də, Nəsir Əhmədli dedikdə gülərüz, mehriban, bir o qədər tələbkar müəllim obrazı gözümüzün önündə canlanacaq.
Professor Nəsir Əhmədlinin iş yoşdaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.
Filologiya üzrə fəlsəfə doktoru, professor, BDU-nun jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov bilidirib ki, Nəsir Əhmədli universitetin ən hörmətli və istedadlı müəllimlərindən olub:
“Biz həmişə Nəsir müəllimlə fəxr etmişik. Bu insan lazım gələndə hamıya kömək edirdi. Bəzən məqalə yazanda rus dilindən tərcümədə Nəsir müəllimə müraciət edirdik. Rus dilini çox müəkəmməl bilirdi. Rus dilindən Azərbaycan dilinə tərcümələr edirdi. Ona görə də, istər müəllim heyəti, istərsə də tələbə heyəti Nəsir müəllimin xətrini çox istəyirdi”.
A.Rüstəmov bildirib ki, Nəsir müəllimin vəfatı iş yoldaşları üçün ağır itkidir:
“Bu gün səhər tezdən belə bir xəbər eşitmək mənim üçün ağır oldu. Bizim fakültədə mən, Nəsir müəllim, Zeynal müəllim və Əli müəllim həmişə bir yerdə olmuşuq, işlərimiz birgə olub. Bu itki mənim üçün daha ağırdır. Adam söz tapmır deməyə, səhər xəbəri alanda çox pis vəziyyətə düşdüm. Allah ona qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun!”.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib ki, Nəsir Əhmədli Jurnalistika fakültəsinin böyük alimi olub. O, Jurnalistikanın bütün sahələrini – jurnalistikanın tarixindən tutmuş, nəzəriyyəsinə qədər detallarını hərtərəfli bilən hörmətli bir alim idi:
“Biz Nəsir müəllimlə həmyaşıdıq. Amma mən Nəsir müəllimi özümdən bəlkə 15-20 yaş böyük hesab edirdim. Ona görə ki, mən ondan çox şey öyrənmişəm. Nəsir müəllim fakültəmizin brendi idi. O, həm müəllim, həm alim, həm də insan kimi şəxsiyyətdir. Fakültədə kiməsə paxıllıq etdiyinin, kimdənsə narazı qaldığının heç kim şahidi olmayıb. Ən böyük keyfiyyəti o idi ki, iddialı adam deyildi. Ancaq onun iddialı olmağa haqqı var idi. Tələbələrindən elə bir şəxs tapa bilməsiniz ki, Nəsir müəllimin dərslərindən ürək dolusu danışmasın”.
“Nəsir müəllim mənim əzizim, dostumdur, fakültəmizin ilahi qüvvəsidir. Bu gün böyük insan itirdik. Azərbaycan jurnalistikası, Azərbaycan elmi itirdi. Nəsir müəllim həm dilçi, həm də jurnalist idi. Onun bilmədiyi, girişmədiyi sahə yox idi. Nəsir müəllim hətta riyaziyyatı da çox yaxşı bilirdi. Ona görə məntiqli adam idi ki, humanitar elmə dəqiq elmdən gəlmişdi. Nəsir Əhmədli jurnalist kimi Azərbaycanda, müəllim kimi jurnalistika fakültəsində əbədi yaşayacaq”.
Xatırladaq ki, Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib.1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb
2004-cü ildən BDU-nun Beynəlxalq jurnalistika kafedrasında işləyib. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir, 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.
Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. “Jurnalistin nitq mədəniyyəti” kitabına görə “Media açarı-2006” mükafatına layiq görülüb.
Professor Nəsir Əhmədli Azərbaycan jurnalistlərinin əksəriyyətinə dərs deyib.
Jurnalistika Elmi Tədqiqat Laboratoriyası
Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri prinsiplərindən birini dövrləşmə təşkil edir. Bu prinsipcə mətbuatımızda 5 dövr fərqləndirilir: Azərbaycan jurnalistikasında hazırlıq dövrü (1875-ci ilə qədər), Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması mərhələsi (1875-1917), AXC dövrü jurnalistikası (1918-1920), Sovet dövrü mətbuatı (1920-1991) və müasir dövr jurnalistikası (1991-ci ildən indiyədək). Lakin bu bölgüdə fikrimizcə düzəlişə ehtiyac var. Bu ehtiyac xüsusilə sonuncu – müasir dövrdə özünü biruzə verir. Bu da heç şübhəsiz, son onillikdə yaranıb formalaşmış internet jurnalistikası ilə bağlıdır. Artıq neçə müddətdir ki, “jurnalistika” anlayışı “ənənəvi” və “internet” adlı iki qismə bölünüb. Və bütün dünyada olduğu kimi ölkəmizdə də internet jurnalistikası ənənəvi medianı sıxışdırmaq üzrədi. Və bu gedişatla bir müddətdən sonra ənənəvi media tarix səhifələrinə qovuşa bilər. Artıq bunu əksər öndə gedən
qəzet və jurnal redaktorları da təsdiq edirlər. İnternet mediası operativlik və cəmiyyəti məlumatlandırmaq baxımından qəzetləri, hətta telekanalları da geridə qoymağı bacarıb. Nədir internet jurnalistikası? Nə vaxt yaranıb? Onun ənənəvi mediadan üstün və çatışmayan cəhətləri hansılardır? Bu və bunun kimi digər suallara məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.
“İnternet jurnalistikası” kompüter texnikası vasitəsiylə yaradılan, saxlanılan və ötürülən jurnalist işi olub, XX əsrin sonlarından başlayaraq internetin inkişafı sayəsində yaranmış yeni jurnalistika sahəsidir.
Bu vaxtlara qədər internetdən əsasən elektron poçt xidməti üçün istifadə olunurdusa, həmin dövrdən başlayaraq artıq yeni imkanlar üzə çıxdı. Qəzetlərin elektron versiyaları, internet qəzetlər, müxtəlif xəbər saytları, portallar, internet TV-lər və s. yaranmağa başladı. Öz növbəsində ölkəmizdə də bu sahə 1990-cı illərdən, konkret olaraq 1997-ci ildən boy göstərməyə başlayıb. Azərbaycanda internet-medianın qaranquşları “Yeni Müsavat” (www.musavat.com) və «Зеркало» (www.zerkalo.az) hesab olunur. Ardınca “Turan” informasiya agentliyi elektron xidmətlər göstərməyə başladı (www.turaninfo.com). Proses intensivləşdikcə bir çox mətbu orqanlar elektron xidmətləri göstərməyə başladı, digər sözlə ənənəvi mediz həm də internet üzərindən yayımlanmağa başladı: “Azadlıq” qəzetinin (www.azadliq.az), “525-ci qəzet”in (www.525ci.com), “Аyna” qəzetinin (www.ayna.com), “Bizim əsr” qəzetinin (http://bizimasr.media-az.com), “Azərbaycan” rəsmi dövlət qəzetinin (http://azerbaijan-news.az) “Zaman” qəzetinin (www.zaman.com.az), Trend informasiya agentliyinin (www.trend-az.com) internet nümayəndəlikləri yaradıldı”. [Babayev, 2004, 105].
İnternetin sürətlə inkişafı və imkanlarının genişlənməsi nəinki çap məhsullarının internet variantlarını, eləcə də yalnız internet versiyası olan, bilavasitə internet vasitəsilə yayılan media növlərinin də formalaşmasına gətirib çıxardı. Və internetin yaratdığı yeni-yeni imkanlardan faydalanmaqla bu inkişaf prosesi günümüzdə də davam etməkdədir. Bir-birindən fərqli dizaynda müxtəlif xəbər saytları, informasiya portalları, blog-jurnalistika, internet-radiolar, internet-TV və s. bu inkişafın nəticəsini göstərən amillərdir. Hazırda ölkədə internet qəzetlər və yeni media vasitələri xəbər istehsal edən əsas vasitə hesab olunur desək, yanılmarıq. İnternet mediasının inkişafı məsələsinə gəldikdə, cəsarətlə demək olar ki, inkişaf etmiş ölkələri haqlamaq üzrəyik. Bu prosesin ölkəmizdə bir qədər gec başlamasına rəğmən hazırda biz bu sahədə çox sürətlə irəliləməkdəyik. Ən yaxın qonşu ölkələrlə müqayisə edəndə görürük ki, Azərbaycan internet mediası məsələlərində onları ciddi şəkildə qabaqlayır. İnkişaf etmiş qərb ölkələri ilə müqayisəyə gəlincə də durumumuz qənaətbəxşdir. Hətta vəziyyət o hala gəlib ki, qərbdə bu sahədə tətbiq edilən istənilən yeni texnologiya qısa zaman kəsiyində bizdə də tətbiq edilir. Azərbaycanda yeni media resurslarının belə inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün geniş imkanlar açır. Və getdikcə ictimai fikrin formalaşmasında internet jurnalistikanın rolu durmadan artmaqdadır.
İndi də yeni medianı – digər təbirlə internet-mediasını ənənəvi mediadan fərqləndirən cəhətlər barədə danışaq. Bu fərqliliklər həm texniki, həm də yaradıcılıq baxımından özünü biruzə verir. Fikrimizcə, birinci və əsas fərqləndirici cəhətlərdən biri elektron KİV təsisinin asan olmasındadır. Belə ki, internet xüsusi texniki avadanlıq olmadan geniş auditoriya üçün informasiya verilişini təşkil etməyə imkan verir. Bununla da istənilən şəxs KİV yaratmaq fürsəti əldə edir. Digər yandan, internet KİV-də işləyən jurnalist bir qayda olaraq ənənəvi jurnalistikanın bir çox atributlarından kənarda olur. Məsələn, səsyazma vasitələrindən, poliqrafik işlərdən və s. “Təbii ki, bu sahədə mühüm olan jurnalist fəaliyyətinin internetdə hüquqi aspektidir. Faktik olaraq jurnalist yazdığı informasiyaya görə cavabdehlik daşıyır. Amma praktikada bu həmişə belə olmur. Jurnalistikanın fərdiləşməsi geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalistikada yeni təzahürdür. Onlayn jurnalistlə onlayn oxucu arasında nə redaktor, nə nəşriyyat, nə də mətbəə dayanır”. [Qaraqızı, 2013].
Ənənəvi KİV-də hər kəsin tribuna əldə etməsi, sözünü deyə bilməsi üçün imkanlar obyektiv və subyektiv səbəblərdən məhdudlaşdırıla bilər. İnternet mediasında isə vəziyyət fərqlidir. Xüsusilə də son zamanlar fərdi onlayn “gündəliklərin”, yəni bloqların meydana çıxması insan hüquqlarının, söz azadlığının ən yüksək səviyyədə təmin olunması üçün real şərait yaradır. Bütün bunlar, internetin və eyni zamanda yeni medianın yüksək demokratik potensiala malik olmasının göstəriciləridir.
Elektron nəşrlər oxucu ilə ünsiyyəti daha maraqlı və rəngarəng edir. şəbəkə resurslarının özəl imkanları: forumların və virtual sorğuların təşkili, həcm məhdudiyyətlərinin olmaması, tez-tez yeniləşdirilmə, müxtəlif informasiya resurslarına giriş imkanları, istifadəçilərlə əks əlaqənin qurulması və s. şəbəkə nəşrlərinin ən üstün cəhətlərindəndir.
Elektron medianın önə çıxan məziyyətlərindən biri də mətnlərin çoxqrafikalı təqdimatıdır. Bu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı oxucular üçün çox əlverişlidir. Belə ki, fərqli əlifbalardan və qrafikalardan istifadə edən bu insanlar əksər hallarda bir-birlərinin yazılı materiallarını oxumaqda çətinlik çəkiblər. Lakin internet jurnalistikasında çoxqrafikalılıq prinsipi bu çətinliyi dəf etməyə imkan verir. İnternet KİV-in oxucusu çevirmə (konvertasiya) sistemindən istifadə etməklə istənilən qrafikada olan informasiyanı asanlıqla oxuya bilir. “Bu da, öz növbəsində, internet-mühitdə yerləşdirilən mətbuat orqanlarının istifadəçi auditoriyasının virtual məkan səviyyəsində genişlənməsinə, populyarlığının armasına xidmət edir” [Əliquliyev və b., 2008: 18].
Bundan başqa, internet-KİV-də jurnalistlər mətnləri hazırlayarkən bir sıra əlavə qayğılardan azad olurlar. Belə ki, müxtəlif terminlərin və təsvirlərin geniş şərhini, izahını verməyə ehtiyac qalmır, çünki lazım olduqda ensiklopedik xarakterli veb-saytlarda mövcud olan və ətraflı izahla verilən sözlərə və foto-video materiallara aktiv istinadlar vasitəsilə müraciət olunur (məs: Wikipedia), əlavə biliklər əldə edilir. “İstifadəçilərin bilik səvviyyəsinə uyğun kontent müxtəlif həcmdə və müxtəlif semantik yükə malik olur. Elə bil istifadəçi tərəfindən, öz səviyyəsi və arzusuna müvafiq olaraq dəyişən, həcmi idarə olunan kontent alınır. Bildiyimiz kimi, hal-hazırda internet istifadəçiləri veb-saytlarda işləyərkən lazım olduqda digər onlayn mənbələrə çoxlu sayda keçidlər (hiper-istinadlar) etməklə informasiya tələbatını məhz bu şəkildə ödəyirlər” [Əliquliyev və b., 2008: 19].
İnternet jurnalistikasını fərqləndirən mühüm xüsusiyyətlərdən biri də reytinq məsələlərinin asanlıqla aydınlaşdırıla bilməsidir. Veb-saytlara edilən müraciətlər zamanı bəzi mühüm parametrləri özündə əks etdirən log-fayllar vasitəsi ilə reytinq məsələsi avtomatik həll olunur. Belə ki, ənənəvi mediada hər hansı bir mətbu orqanın, onun səhifələrində dərc edilən məqalələrin reytinqini müəyyənləşdirmək çox çətin idi. Ənənəvi üsullarla aparılan rəy sorğularının da keyfiyyəti, obyektivlik dərəcəsi yüksək deyildi. Amma müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının, onlarda dərc olunan ayrı-ayrı məqalələrin reytinqini, onların oxucu kontingentinin sosial tərkibini daha dəqiq və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Bu da mətbuat vasitələrinin öz fəaliyyətlərini düzgün qura bilmələri üçün olduqca əhəmiyyətlidir.
Uzun müddətdir ki, ənənəvi texnologiyalar əsasında fəaliyyət göstərən radio, televiziya yayım qurumları “qızıl fond”, “fonoteka”, “filmoteka” və s. kimi adlar altında çox az verilişləri yadda saxlaya bilir, elə indinin özündə də əksəriyyəti itib gedir. Həm də bunları qoruyub saxlamaq da asan olmur, xüsusi binalar, xüsusi şərait və s. lazım gəlir. İnternet jurnalistikası, xüsusilə də internet-radio və internet-TV bu problemlərdən azaddır. Belə ki, böyük həcmli yaddaş tutumuna və emal imkanlarına malik sistemlərin və qurğuların, informasiyanın həyat tsiklinin idarə olunması, informasiyanin yadda saxlanması şəbəkələri, informasiyanın avtomatik miqrasiyası və s. kimi mütərəqqi texnologiyaların meydana gəlməsi internet mühitində fəaliyyət göstərən radio və televiziya kanallarında yayımlanan bütün verilişlərin tam şəkildə və istənilən müddətə saxlanmağına imkan verir.
Digər tərəfdən, “bu qurumların yaddaş sistemlərində toplanmış informasiyaların müxtəlif əlamətlərə görə təsnifatını və intellektual analizini aparmaq üçün mövcud olan analitik informasiya texnologiyaları (OLAP, Data mining, Web mining, Text mining və s.) jurnalistlər üçün olduqca mühüm dəstəkdir. Belə ki, jurnalistikanın ən çətin istiqaməti olan analitika sahəsində bu texnologiyaların tətbiqi ilə istənilən mövzu çərçivəsində çox böyük həcmə malik olan məlumatları sistemləşdirmək, strukturlaşdırmaq, tendensiyaları aşkarlamaq, yeni biliklər əldə etmək və bu kimi digər intellektual işləri xüsusi aparat-proqram sistemləri vasitəsi ilə həyata keçirmək mümkündür. Qeyd etmək lazımdır ki, dünyanın aparıcı radio və televiziya yayımı şirkətləri (CNN, BBC, Euronews və s.) bu texnologiyalardan geniş istifadə edirlər” [Əliquliyev və b., 2008: 23].
Kompüter vasitəsilə mətnlərin məzmunlarının maksimal saxlanması şərti ilə avtomatik olaraq sıxılması, yəni orijinalla müqayisədə nisbətən kiçik həcmli mətnlərin, xülasələrin hazırlanması, açar sözlərin, söz birləşmələrinin müəyyənləşdirilməsi və s., eyni zamanda, mətnlərin məzmununa görə avtomatik təsnif olunması kimi intellektual informasiya texnologiyaları informasiyanın həm istehsalçıları, həm də istehlakçıları üçün olduqca əlverişli imkanlar yaradır. Bundan başqa, internet-mühitdə kompyuter tərcüməsi sistemləri müxtəlif dillərdə hazırlanmış materialların qarşılıqlı tərcüməsini həyata keçirməklə onlardan istifadə məkanını qloballaşdırır və virtuallaşdırır.
İnternet mühitində jurnalistlərin müəllif hüquqlarının qorunması, plagiatlıqla mübarizə üçün də əlverişli imkanlar var. Başqa sözlə, internetdə mövcud olan axtarış sistemləri, rəqəm imzası və digər xüsusi texnologiyalar vasitəsi ilə jurnalistlərə məxsus intellektual məhsulların digərləri tərəfindən qeyri-qanuni istifadə və üzərində hər hansı bəd niyyətli əməlin aparılması, məzmununun dəyişdirilməsi hallarını çox asanlıqla aşkara çıxartmaq mümkündür.
Bütün bu sadalananlar internet jurnalistikasının ənənəvi mediadan üstün cəhətləridir. Əlbəttə texnologiya inkişaf etdikcə bu üstünlüklərin siyahısı daha da genişlənəcək, internet-media yeni-yeni məziyyətləri ilə bizləri təəccübləndirməkdə davam edəcəkdir.
Adıçəkilən müsbət xüsusiyyətlərlə yanaşı internet jurnalistikasında çatışmayan cəhətlərə də rast gəlinir. Yuxarıdakı qeydlərdən də göründüyü kimi texniki baxımdan ənənəvi media yeni media ilə ayaqlaşmaqda çətinlik çəkir. Lakin yaradıcılıq baxımından yeni medianın da nöqsanları az deyil. M.Ə.Rəsulzadənin təbirincə desək, “mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunlardan biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o mətbuat yox, şəxsi yazıdır” [Rəsulzadə, 2014: 73]. Fikrimizcə, ölkəmizdə fəaliyyət göstərən bir sıra xəbər saytlarında, bloglarda, internet-radio və TV-lərdə bu problem özünü biruzə verir. Ümumi mənafenin gözlənilməməsi, dövlət sirri sayıla biləcək informasiyaların tirajlanması və s. hallara rast gəlirik.
Klassiklərimiz həmişə mətbuat, onun funksiya və vəzifələri haqqında yüksək fikirlər söyləmiş, onu xalqın “görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlandırmışlar. M.Ə.Rəsulzadə “Mətbuat azadlığı” məqaləsində yazırdı: “Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar – bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər” [Rəsulzadə, 2014: 76]. Bu gün ölkədə fəaliyyət göstərən həm ənənəvi, həm də internet mediasında bu xoşagəlməz halları təəssüf ki, izləməkdəyik. Xəbəri dəqiqləşdirmədən, ətraflı araşdırmadan, sağlam və etibarlı mənbədən almadan tirajlamaq, süni reytinq naminə aşağı səviyyəli, fitnə-fəsada yol açan, ictimai yükü olmayan informasiya vermək həm mətbuatın nüfuzuna xələl gətirir, həm də jurnalistləri çətin vəziyyətdə qoyur.
Ölkəmizdə fəaliyyət göstərən internet mediada nəzərə çarpan əsas qüsurlardan biri xəbərlərdə müxtəlifliyin olmamasıdır. Əksər hallarda eyni xəbər cüzi dəyişikliklə bütün saytlar tərəfindən yayılır. Yeni mediada kriminal və xarici mətbuatdan maraqlı xəbərlərin tərcüməsi, şou-bizneslə bağlı informasiyalar diqqəti daha çox cəlb edir.
Digər bir prinsipial məsələ bütün dünyada olduğu kimi, Azərbaycan internet mediasında da sıx-sıx rastlanan “kopi-past” tendensiyasıdır. Günümüzdə hər hansı portala, xəbər saytına məxsus yazı asanlıqla götürülərək oğurlanır. Bir yazı dəfələrlə saytdan sayta “kopi-past” olunur. Nəticədə əsl müəllifin kimliyini müəyyənləşdirmək həddən artıq çətinləşir. Bəlkə də bunun nəticəsidir ki, yeni mediada imza məsələsi o qədər də önəm kəsb etmir. Oxucu özünə lazım olan informasiyanı alır, ancaq müəllifin kimliyi çox vaxt onu düşündürmür. Y.V.Çəmənzəminlinin təbirincə desək, “bir məsələ üstə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur”. [Azərbaycan publisistikası antologiyası 6, 2007: 656].
Ölkəmizdə internet portallar xəbər istehsaletmə, aqreqator-portal və sırf əyləncə portalı olaraq ixtisaslaşmağa başlayıb. Təəssüf ki, öz xəbərlərini istehsal edən portallar azlıq təşkil edir. Bunun əksinə son zamanlar onlayn mediada xeyli sayda aqreqator-portallar meydana gəlib və oxucu diqqətini də qazanmağa müvəffəq olub. Yeni media sistemin anlayışlarından olan “aqreqator-portal” xəbər istehsalçısı deyil, daha çox nufuzlu portalların əsas xəbərlərini öz lentinə cəmləyərək onu “bir əldən” oxucuya təqdim edən portallar başa düşülür. Aqreqator-portallar çoxaldıqca məhz yuxarıda bəhs etdiyimiz “kopi-past” halları da artır ki, bu da internet mediasının nöqsanlarından hesab olunur.
Xəbər portallarında, saytlarda və digər internet-mediada müşahidə edilən önəmli problemlərdən biri də Azərbaycan dilinin leksikonuna yad olan sözlərin tez-tez, yerli-yersiz işlədilməsidir. Bu isə öz növbəsində dilimizin saflığına xələl gətirməklə bərabər, həm də oxucuların materialları başa düşmələrində çətinlik çəkmələrinə səbəb olur. Lakin bu problemi aradan qaldırmaq imkansız da deyil. Sadəcə olaraq jurnalistlər materialları hazırlayarkən elektron formada olan Azərbaycan terminlər lüğətini gözdən keçirməklə dilimizə yad olan, leksikonumuza rəsmi şəkildə daxil olmayan sözlərin KİV-ə nüfuz etməsinin qarşısını ala bilərlər. Beləcə həm dilimiz yad təsirlərdən qorunar, həm də materialın oxunaqlığı və tez qavranılması asanlaşar.
Beləliklə, əsrimiz elm və texnologiya əsridir. Bizi gündən-günə təəccübləndirməkdə olan inkişaf həyatın bütün sahələrinə sirayət edir. Və bu inkişafdan internet jurnalistikası da öz nəsibini almaqdadır. Əvvəldə də qeyd etdiyimiz kimi, internet media resurslarının durmadan inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün xeyli imkanlar açır. İnternet kütləvi informasiya vasitələri ictimai-siyasi, iqtisadi və mədəni həyatın prioritetlərini müəyyənləşdirən bir seqmentə çevrilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet mediası müsbət və mənfi, mühüm və çatışmayan yönləri ilə irəliləməkdə, yeni-yeni nailiyyətlər qazanmaqda və ənənəvi medianı üstələməkdədir. İnkişaf tendensiyası onu deməyə əsas verir ki, qarşıdakı vaxt kəsiyində jurnalistikanın bu sahəsi daha da möhkəmlənəcək və fəaliyyətindəki nöqsan hallarını mühəqqəq bərtərəf edəcəkdir.
Ədəbiyyat siyahısı
1. Aslanov, A. (2014). Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür. URL: http://azertag.az/xeber/Anenevi_mediadan_dunya_informasiya_sebekesine_transformasiya_labuddur-802561 (21.12.2015).
2. Azərbaycan publisistikası antologiyası. (2007). Bakı.
3. Babayev, Z. (2004). Jurnalistikada kompüter texnologiyasının kompleks tətbiqi. Bakı.
4. Əliquliyev, R., Valehov, C., Mahmudov, R. (2008). İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri. Ekspress-informasiya/ İnformasiya cəmiyyəti seriyası. Bakı.
5. Gündüz, O. (2009). Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı.
6. İnformasiyalı cəmiyyət: azadlıqlar, qadağalar. (2002). Bakı
7. Qaraqızı, U. (2013). İnternet jurnalistikası. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi. URL: http://online.ekspress.az/2013/03/01/get=88918 (24.12.2015).
8. Quliyev, N. Elektron imza, elektron kommersiya (İnformatika). Ali məktəblər üçün dərs vəsaiti. Bakı, 2008
9. Mazanlı, İ. (2005). Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı.
Comments are closed, but trackbacks and pingbacks are open.