Press "Enter" to skip to content

Koroğlu qısa

Heç nədən xəbəri olmayan Rövşən dağdan gələrək, Nigara məhəbbətini etiraf edir.

Koroğlunun qocalığı/Şiringül Musayeva.

-Koroğlu, al bu çayı ic.
Koroğlu sarımtıl rəngli çaydan bir- iki qurtum aldı.
-Nə atmısan buna?
-Çobanyastığı ,yarpız ,qantəpər, nanə- cövhər nə bilim nə — yeddi cür bitki var bunun tərkibində.Hamısını sayım?- Nigar tərs-tərs Koroğluya baxdı.
-Yox-yox ,sayma,- nə versən qəbulumdu.Hərcənd qocalığın çarəsi yoxdur,amma.
-Tək qocalığın yox, çox şeyin çarəsi yoxdur.
Koroğlu gözaltı Nigara baxdı. Qəmgin idi, necə də olmasın.
Çayı qurtum-qurtum içdi , fincanı yanındakı əyriayaqlı alçaq mizin üzərinə qoydu və ayağa qalxdı .
-Gəl. gəl gedək Çənlibeli gəzək.
-Özünü necə hiss edirsən?
Pis deyiləm ,gedək.
Onlar xəzəllə örtülmüş cığırla qoşa addımlayırdılar.Yolun sağ tərəfində vaxtilə dəlilərin yaşadığı ağ otaqlar düzülmüşdü .Budur, bu Dəmirçioğlunun evidir, busa Bəlli Əhmədin. Evlər necə var eləcəydilər, ya da demək olar eləcəydilər.Eləcə olmayan nə idi ki ?
Zaman eləcə deyildi. Zamanda nə dəyişmişdi ki? Bəlkə, bozarmışdı ,bəlkə qaralmışdı ?
Koroğlu fikirləri özündən uzaqlaşdərmaq istədi.Bu zaman haqqında, dünya haqqında ,insanın əzəli və sonu haqqında fikirləşmək onu yormuşdu.Ta gəncliyindən bəri bu fikirlər ona rahatlıq vermirdi. Necə olmuşdu ki, o , kainat haqqında fikirləşməyə başlamışdı- heç özü də bilmirdi.
İnsan dünyaya gəlir ,yaşayır və bir gün də bu dünyadan köçür .Burda nə var ki. Min illərdir bu, belə davam edir və min illər də belə davam edəcək .Heç bir insan bunun nə vaxt sona çatacağını və doğrudanmı çatacağını bilə bilməz .Amma bu əsas deyil. Əsas odur ki ,bu, bir insan üçün və ya bir zaman dönəmində yaşayan qövm üçün sona çatır. Və bütün bunlar Koroğluya hələ gəncliyində çətin gəlirdi ,ola ki, indi qocalmış vaxtı ola. Və budur, ömrünün ahıl çağında həyat ,sanki, ondan intiqam alır; onu daim kükrəyən ,ipə-sapa yatmayan daxili aləmi ilə tək qoyub. Və bəzən Koroğluya elə gəlir ki, o ,elə öz cəzasını çəkir.
Görən bu dünyada öz cəzasını çəkməyən varmı ?
Dönüb yanınca sakit ,pəj mürdə şəkildə addımlayan Nigara baxdı və nədənsə ona elə gəldi ki, Nigar da elə bu dəqiqə, bu dəm öz cəzasını çəkir.
Yolboyu qalxmış ,vəhşiləşmiş itburnu və böyürtkən kolları cığırı da basmışdı. Yerimək lap çətin idi .İtburnu kolu Koroğlunun balağına ilişdi. Koroğlu əyilib kolu balağından qoparmaq istədi, kol əlini cızıb qanatdı . Koroğlu bunu nədənsə Nigara sezdirmədi.
Nəhayət, cığır sona çatdı. Onlar Çənlibelin ortasında yerləşən talaya çatdılar.
Taladakı gölməçənin üzəri payız xəzəlləri ilə öttülmüşdü.Nabələd adam oranın da torpaq olduğunu zənn edərdi. Gölməçədə xəzəllərin arasında bir cüt sona görünürdü.
_Nə əcəb köçüb getməyiblər.-Nigar pıçıldadı.
_Gedərlər yəqin hələ vaxta var.
Gölməçənin qarşı sahilindəki söyüdlər lap suyun üzərinə əyilmişdi, yarpaqları saralmış, sanki ağarmışdı ; yaşlı ,qoca qadına bənzəyirdilər .Sol tərəfdəki hündür şam ağaclarının gövdələri eləcə ağarırdı. Sağ tərəfdəki alma ağacları yarpaqları töküldüyünə görə lüt və qəribə görünürdü. Havada qəribə bir donuqluq və kədər hiss olunurdu .Saralmış otla r,salxım söyüdlərin ağarmış saçları ,gölməçənin üzərini bürüyən yarpaqlar ,yarpaqlar arasında səssiz-səmirsiz üzən sonala r, şam ağaclarının ağaran gövdələri, çılpaq ,lüt almalar kimsəsiz, tənha görünən ,solğun görünən Çənlibel öz qəmgin dalğaların sözsüz ki ,havaya ötürürdü.Və hava- qəmgin payız havası Koroğlunun qocalmış qəlbini çəngələyib sıxırdı/
Dəlilərdən ötrü burnunun ucu göynəyirdi. Görən Xan Eyvaz hardadır, öz Təkə- Türkmən elindədirmi ,günü –güzəranı xoşmu keçir ,yeməyə çörəyi, deyib gülməyə yar – yoldaşı varmı ?
Qoça, saç-saqqalı ağarmış-vəfalı dost-Dəli Həsən necə? Qoca vaxtında hayına yetəni varmı? Nə deyə buraxdı dəliləri? Görən düzmü etdi ,səhvmi etdi?
Gölməçədən bir qədər kənarda qoşa armud ağacından vaxtilə Eyvazın, Dəmirçioğlunun uşaqları üçün düzəltdiyi yelləncək asılmışdı, küləkdənmi nədənsə yellənirdi . Nigar yelləncəyə sarı yeridi, yelləncəyi əli ilə sığalladı və ona əyləşdi, astaca yırğalanmağa və Eyvazın qaragözlü ,İpək telli, ceyran baxışlı qızı Nardanın vaxtilə oxuduğu mahnını zümzümə etməyə başladı:
Könlüm səndən başqa bir yar sevməyir,
Gözəllər gözəli ,ay Şəhrəbanu.
Vaxtilə Nardan bu mahnını oxuyanda o hamıya sevinc gətirərdi ,nədənsə hamı Nardanın bu mahnını oxumasına sevinərdi. İndi isə mahnı Nigarın dilində çox qəmli səslənirdi və Nigara da , Koroğluya da
qəm-qüssə gətirirdi
_Qaragözlüm, ceyrangözlüm, hardasan indi . -Nigar ,deyəsən, göz yşlarını silirdi.
Hə. belə-belə işlər ,Nigar. Xotkar qızı, xan qızı Nigar. Hərə öz həyatını yaşayır ,Nigar. Hərə öz həyatını yaşamalıdır ,Nigar.
Bu sırayla yelləncəkdən bir qədər yuxarıda əkilmiş qoz ağacları Aşıq Cunundan bir xatirədir. Aşıq Cunun onları öz əlləriylə əkib sulamışdı. Düz on yeddi ağacdır. On yeddisi də çox dadlı faraş qoz verir. Qozun biri də yalan olmasın alma böyüklükdədir. Ağaclardan sağ tərəfdə isəTüpdağıdanın evi durur.Hər payız elə bu vaxtlar-Tüpdağıdanın arvadı Sona əlində bir səbət qoz Nigara qonaq gələrdi .Səbətin üzərinə bahalı Çin ipəyi sərərdi ,qızı sarışın, mavi gözlü, dikburun Ülkər də ondan ayrılmazdı .Nigar Ülkəri çox sevərdi ,onu dizləri üzərində oturdar ,ona nağıl danışardı:
. Biri vardı, biri yoxdu ; dünyada gözəllər gözəli, Çənlibel adlı bir diyar vardı .Çənlibel sanki buludlardan asılmışdı, çox uca bir yerdəydi ;burada dumanlar ayaqların altında sürünər,Günəş sağ yanından şıxıb , sol yanında batardı. Sular Çənlibeldə buz kimiydi,bal dadırdı.Burada meyvələr bol, çiçəklər bol, otlar bol ,ağaclar ondan da bol idi. Çənlibel igidlər məskəni olduğu üçün heç bir düşmən yol tapıb ora ayaq basmazdı .
Çənlibeldə yaşayan,nur topuna bənzəyən, mələkmisal Ülkər adlı qız hərdənbir böyük nənəsi Nigar xanıma qonaq gələrdi. Nigar xanım, elə babası Koroğlu da Ülkərin gəlişinə çox sevinərdi.Nigar xanım Ülkəri dizi üzərində oturdub ona nağıl danışardı: Şəngülüm ,Şüngülüm ,Məngülüm..-.Və hər dəfə Ülkər nağılın Məngülümün otun altnda gizləndiyi hissəsində nənəsi Nigarın sinəsinə qısılar, deyərdi: mən gizləndim otun altında.
_Tüpdağıdanın evini külək uçurdub-Nigar pıçıldadı.
-Evin sağ divarını. Qoy bir az özümə gəlim hörərəm -Koroğlu dedi.-Qozlara bax Nigar alma böyüklükdədir ,yığsana.
Nigar əyilib yerdən bir neçə qoz götürdü,əlində sığalladı ,qaytarıb ehtiyatla yerə qoydu. Və Koroğlu bildi ki; Nigar qoz filan yığası deyil ,yığsa da yeyəsi deyil ,Ülkərsiz ,Sonasız qoz onun boğazından keçəsi deyil.
. Hə belə-belə işlər ,Nigar. Xotkar qızı ,xan qızı Nigar… Onsuz da Çənlibeldə hər daşın, qayanın altında bir xatirə yatır.Qəribə işləri var dünyanın ;insan qocalır, ölür ,bir xırdaca daş ,əşya isə necə var eləcə də qalır.Görən Şənlibe l necə olacaq onsuz ? Nə qədər cavan idi elə bilirdi Çənlibel elə onundur; onunla doğulub , onunla böyüyür, onunla yşayır, onunla gözəlləşir.
İndi isə. Çənlibel kimsəsizləşib ,Şənlibel sərtləşib. Vaxtilə Qoşabulağı səsinə səs ,gücünə güc qatdı ,ab- havası sağlamlığını artırdı, şimşəkləri düşməni yandırıb kül etdi: buludları, dumanları onu qəfil düşmənlərdən gizlətdi. İndi isə. soyuq sərt havas ı canını xəstə salıb, əl-ayağını yel tutub, itburnu kolları əlini qanadır ,şalvarının balağını cırır.
-Hava bu gün yaman soyuqdur ; üşüdüm.-Nigar dedi- gedək.
Yollarını kəsədən saldılar.
-Eyvazın evinə bir dəyək-Nigar yolun sağ tərəfinə döndü. Bir- biri ilə danışmadan Eyvazın evinə daxil oldular.
Evdə qəribə, kəsif bir qoxu var idi –kimsəsizlik qoxusu.Nigar yeriyib taxta pəncərəni açdı. Eyvazın vaxtilə öz əlilə pəncərənin qarşısında əkdiyi ,baxımsız qalıb yabanılaşmış qızılgül kolunun iri bir budağı içəri soxulub yelllənməyə başladı,-çiçəksiz ,yarpaqsız iri bir budaq. Nigar budağı bayıra çıxarmaq istədi.
-Qoy qalsın- Koroğlu dedi-gedəndə çıxardarıq ,pəncərəni də bağlarıq.
Külək pəncərənin pərdəsini yellədirdi . Bu bahalı tülləri Koroğlu vaxtilə Qarsdan gətirmişdi. Yayda gün vurub tülü bomboz bozartmışdı, otağın taxta döşəməsi cır-cır cırıldayırdı.
Bəlkə buranı bir yığışdırım- Nigar dedi.
-Hansı birini yığışdıracaqsan ;Eyvazın evini ,Dəli Həsənin, Bəlli Əhmədin, Tüpdağıdanın, –qoy necə var eləcə də qalsın-Koroğlu dedi.
. Nigar ,gör sənə kimi gətirmişəm -Nəhəng Qıratın belındə dağ gövdəli Koroğlu durub, gözlərindən gülərək ona baxır. Nigar əynində qırmızı qanovuzdan bahalı libas Koroğlunun qarşısına qaçır. Ağ örpəyi sürüşüb çiyinlərinə düşür, qara ipək telləri üz- gözünə dağılır ,Koroğlunun yanında şivərək ,qaragözlü göyçək, bığ yeri yenicə tərləmiş bir oğlan görüb heyrətlənir.
Koroğlu gülür
-Bax sənə oğul gətirmişəm .
Nigarın dil-dodağı söz tutmur.
_Aç köynəyini, yaxandan keçirt, Nigar.
. O köynək də elə buralardadır.
Nigar evin yuxarı başında qoyulmuş bahalı sandığı açır ,oradakı ipək paltarları xışıldadaraq qanovuz köynəyi tapıb çıxardır, üzünə ,sinəsinə sıxır, hönkürüb ağlamır,lakin göz yaşları yanaqlarında gilələnir.
Koroğlu başını aşağı salır.
. Hə. belə-belə işlər ,Nigar. xotkar qızı,xan qızı Nigar.
Nigar bir xeyli köynəyi tumarlayıb, qoxlayandan sonra qaytarıb yerinə qoyur.
Sandığın sağ yanında vaxtilə məşhur İstanbul ustalarının yonduğu taxçalar var. Taxçalarda bahalı çini vazalar ,dolçalar ,kasalar düzülüb. Taxçalardan sağ tərəfdə İstanbul ustalarının yonduğu taxt durub .Taxtın üzərinə qotazlı, bahalı müşəmbə örtük sərilib.Taxtın ayaq tərəfində otağin ortasında ,əyri ayaqlı miz durub.Mizın ətrafında da eynən miz kimi əyri ayaqlı kətillər düzülüb.Mizin üzərində güldanda Nigarın nə vaxtsa öz əli ilə dərib suya qoyduğu çiçəklər durur.
Hə bu mizin ətrafında o qədər ailəlikcə oturmuşdular ki. O vaxt bu otaq da, bu taxçalar da, bu miz də sanki işıq saçırdı ,sevinc saçırdı. İndi isə iraq Eyvaz və balaları canından sanki qəm-qüssə, kədər saçır.
Bəlkə qəm-qüssə ,kədər saçan Koroğlunun qəlbidir?
Nahaq buraxdı dəliləri.Buraxmayıb nə edəydi axı. Nə vaxta qədər bu sıldırım dağ belində ,əl- ayaq dan uzaqda ,kənddən –şəhərdən uzaqda yaşayacaqdılar. Nə vaxta qədər xotkarlarla, paşalarla düşmən olacaqdılar? Dağ belində ömür sürmək elə də asan deyildi; həyatın ölümü –itimi varıydı ,qocalığı varıydı, elə -obaya qaynayıb –qarışmağı varıydı. Coluq, cocuq çoxalırdı. Koroğlu bu dəlilərin ağsaqqalı olduğu üçün bütün bunları fikirləşməli idi. Və fikirləşdi də. Özü isə enmədi Çənlibeldən. Enə bilmədi. İstədi ki, yeddi min , yedd i yüz yetmiş yeddi dəli arxasında bir Koroğlu olduğunu, bir Çənlibel olduğunu unutmasın. Qoy dəlilər inamnan yaşasın .Elə xotkarlar, paşalar da Koroğlunun var olduğunu unutmasın.
Nigar alçaq kətillərdən birinə əyləşdi :
_Təzə çiçək də yığmadım.
Pəncərədən qəfil bir şaqqıltı eşidildi.Hər ikisi pəncərəyə boylandı .Vəhşi bir dağ keyiki bir an mat- mat onlara baxdı, sonra isə ildırım sürəti ilə pəncərədən uzaqlaşdı.
Bu da Dəmirşioğlunun evidir .-Saf, sadədil ,yontanmamış Dəmirçioğlunun .Çənlibelə gəlməyinin çevincini yaşayırdı, buyuruğ a az qala uça- uça gedirdi. Bax elə buradaca- bu çinar ağacının dibindəcə Koroğlu onu imtəhan etmişdi, başına qoyduğu dairədən üç ox keçirtmişdi.Nə rəngi ağarmışdı, nə də gözünü qırpmışdı Dəmirçioğlu.
Belinə bağladığı zəncir qırıldığı üçün şalvarı rahat durmurdu .Nigar zarafat olsun deyə onun belinə dəvə gönündən bir şıyrım bağlatmışdı. Dəmirçioğlu da uşaq kimi sevinərək bunu qəbul etmişdi. Sonralar Nigar bu zarafatını xəcalətlə xatırlayırdı.
Nigar Dəmirçioğlunu lap Eyvaz qədər çox istəyirdi. Ərzurum səfərində yaralanmış ,dabanından soyulmuş Dəmirçioğluna özciyəzi qulluq edirdi.Özü onun ayaqlarına Toqat həkimlərinin düzəltdiyi məlhəmi qoyub sarıyırdı. Qoşabulağın həndəvərindən topladığı gül -çiçəkdən, itburnu meyvələrindən çay dəmləyib içirdirdi. Hər səhər güclə ona şandan süzülmüş bal yedirirdi.
Dəmirçioğlu sayıqlayırdı. Ərəbatın gözləri çox gözəldir.Onu belə nallamayın ..atı belə nallamazlar. Telli xanımın gözləri Ərəbatın gözlərinə oxşayır. Ərəbat uçacaq sıldırımdan qoymayın!
Nigar Qoşabulağın suyunda islatdığı yaş tənzifi onun alnına qoyur və ağlayır.
-Ərəbat da ,Telli xanım da sənə qurban ay Dəmirçioğlu. Sən bircə bu Çənlibeldə ayaq aç yeri o günə qurban kəsəcəm, ay Dəmirçioğlu.
. Nigar xanım, Nigar xanım! –Talada bir qız əlində qırmızı yaylıq yellədərək Koroğlunun evinə tərəf qaçır,- bu Dəli Həsənin ərgən qızı Süsəndir.
-Muştuluğumu ver ,Dəmirçioğlu yeriyir, muştuluğumu ver !
Nigar xanım döşü atlana-atlana üzüaşağı -Dəmirçioğlunun evinə tərəf qaçır. Budur,Dəmirçioğlu düz üçtünə yeriyir və uşaq kimi saflıqla, sadəliklə sinəsinə sığınır.
. Elə uşaq imiş də. -Nigar bunu indi düşünür-; İyirmi üç yaş nədir ki. Və Nigar onda hiss etmişdi ki, Dəmirçioğlu da Eyvaz kimi onun ürəyinin bir parçasıdır.
Külək güclənir, Qoşabulaq tərəfdən qara bir bulud göyün üzünə qalxırdı.
_Gedək ,Nigar ,deyəsən , yağış yağacaq.
Diki qalxır evlərinə tələsirdilər. Küləyin qovduğu yarpaqlar, toz-torpaq üzlərinə çırpılırdı, ürkmüş quş, heyvan səsləri gəlirdi.
Evlərinə daxil oldular.
-Pəncərəni bağla -Nigar dedi-yağış içəri dolmasın,sonra qurumur ,əl-ayağımızı yel tutur.
Çox keçmədi iri damlalar pəncərəni döydü. Yağış elə şırıldayırdı ki, sanki Qoşabulaq qaynayıb evlərinin ətrafında axırdı. Nigar büzüşərək yatağında oturmuşdu və vahimə çökmüş baxışlarla ətrafa baxınırdı.
—-Təbiətdən qorxma-Koroğlu dedi və həmin an da hiss etdi ki ,sözlərinə Nigarın üzündə bir istehza oynadı.
Gərək Tükəzi buraxmayaydı – Koroğlu düşündü- yenə Nigara həyan idi ,yenə çay- çörəyini hazırlar ,qulluğunda durardı. Nə vaxt ölçüb-biçib ,ağılla hərəkət edib ki. Həmişə ürəklə hərəkət edib, ürəklə. İgid gərək elə ürəklə hərəkət etsin, ağıl ürək deyəni demir axı.
-Çənlibeli sənə kim tanıtdı ?-Nigar soruşdu.
-Atam Alı kişi. Bildi ki ,Hasan paşadan intiqam alandan sonra daha oralarda qala bilmərəm.
-Sonralar da buranı tərk etmədin.
-İnsan oğlu belədir ,Nigar.Mən azadlığın tamını daddım ,Çənlibelin tamını daddım; bu dad mənə doğma gəldi; keçə bilmədim.Hərənin bir yolu var bu dünyada ;mənimki Çənlibeldən keçdi.
-Mənimki də səndən-Nigar dedi.
-Çənlibel artıq mənim içimdədir .Mən özümü Çənlibelsiz Çənlibeli də özümsüz təssəvvür edə bilmirəm.
-Birdən sular Çənlibeli yuyub aparar-Nigar qorxu ilə dedi.

-Heç vaxt. Nə qədər çox yağsa da sular Çənlibeldə durmur ,Nigar. Sular Çənlibelə dəyir və kənara sıçrayır .Çənlibel Allahın bir möcüzəsidir.
-Çoxdur Allahın möcüzələri.-Nigar söhbəti dəyişdi-Mən on iki yaşında olanda saraya bir qaraçı gətirmişdilər, sorağını alıb gətirmişdilər; deyirdilər :gələcəkdən çox doğru xəbər verir. Mənə dedi ki, m ən -xotkar qızı Nigar ömrümün ahıl çağını uca bir dağ belində ,elimdən-günümdən uzaqda, dəbdəbəmdən uzaqda ,sarayımdan uzaqda bir divlə keçirdəcəyəm.
Koroğlu diksinərək Nigara baxdı ,onun üzündə bir zarafat nişanəsi görmək istədi, lakin Nigarın üzündə zarafatdan əsər-əlamət yox idi.
-Çay içəkmi ?-Koroğlunun Nigara yazığı gəldi

.
Səhər yuxudan gec oyandılar. Koroğlu qapını açıb bayıra çıxdı .Həyətdə vaşaq izləri var idi.
. Buyur bu da vaşaq. -Koroğlu düşündü -təbiətdir bu. Təbiətlə zarafat etmək olmaz və onun gözlənilməz gedişləri çox olur.
. Gedim cələyə baxım ,bəlkə ov ,filan düşüb.
-Cələdə erkək bir keyik var idi. Iri qara gözləri meşəyə , sıx ağaclığa tərəf qəm- qüssə,həsrət ilə baxırdı.
Koroğlunun xəyalına Halaypozanın qüssə dolu gözləri gəldi
-Atan- anan varmı ,Halaypozan?
-Yoxdur ,Qoç Koroğlu.
-Bacın ,qardaşın?
-Yoxdur.
-Bir kimsən varmı?
-Yoxdur.Mənim kimim kimsəm sənsən, Nigar xanımdır, yeddi min yeddi yüz yütmiş yeddi dəlidir,Qoç Koroğlu.
-Orası elədir.
. Amma gözlərindən kədər heç əskilmirdi Halaypozanın.Bəzən sakitcə oturar ,qara gözləri dumanlanar,bərk xiffət çəkdiyi hiss olunardı. Yeddi min yedd i yüz yetmiş yeddi dəlinin içində tək-tənhaydı ,yalqız idi Halaypozan. Belədə Koroğlunun ürəyi qısılardı: istəməzdi Halaypozan xiffət etsin.
-Halaypozan heç nəyin dərdini çəkmə; yazda səni evləndirəcəm; kimin qızın istəsən sənə gəlin gətirəcəm; balaca bəbələrin olacaq, kimin –kimsən olacaq: onda daha darıxmayacaqsan ;həyat sənin üçün maraqlı olacaq. Darıxma, Halaypozan.
-İndi qışda evləndirmək olmurmu ?-Nigar soruşur.
-Yox bu qarda- qiyamətdə hara gedək qız bəyənək.Çənlibelin ətrafı sal buzdur. Yol -riz buz bağlayıb.
. Sənin gözlərin də səni xilas etdi , erkək keyik .Mən sənə rəhm edirəm ,qoy Tanrı da Halaypozanıma rəhm etsin
Koroğlu keyiki açıb buraxdı.Keyik ildırım sürəti ilə meşəyə tərəf götürüldü.
Otağa qağıtdı.Nigar ayağa qalxmış çay belə dəmləmişdi.
-Gəl çay iç, Koroğlu.
Nigar otağın küncündəki bal küpünü də gətirib süfrəyə qoydu. Süfrədə qarın yağı, motal pendiri də var idi.
Yeməkdən sonra Koroğlu dedi : -Düşək Çənlibelin ətəklərinə, yaxın obalara bir baş çəkək ,qabaqdan yağı kimi qış gəlir, qış üçün tədarük görək. Həm də uşaqlardan xəbər tutaq.
-Hansından?
-Hamısından.
-Qıratı nahaq buraxdın yenə yükünü daşıyardı.
-Qırat yük atı deyil ,Nigar, bir kisə qızıl götürüb hərəmizə bir at alacam.
Koroğlu qabaqda ,Nigar da onun arxasınca dinməz gedirdilər. Artıq dağın ətəyində idilər. Çoxdan bəri gediş- gəliş görməyən Ağ Yol qarşılarında dururdu. Nigar geriyə boylandı; Çənlibel görünmürdü.
— Nigar tap görüm Çənlibel haradadır ?
-.
-Elə buna görə ona Çənlibel deyilir.Buludların arxasında gizlənir, çəndən , dumandan görünmür.
Qarsa gedən yola üz tutdular. Yolun hər iki tərəfi tikan kolları idi; qurusalar da dimdik dayanmışdılar.
-Yollar nədənsə indi mənə qəm- qüssə gətirir.-Nigar dedi- Vaxtilə bu yollar dəlilərlə dolub daşardı. Dünyada hər şeyin bir sonu varıymış.
-Elə şey var ki ,sonu yoxdur, Nigar.
-Məsələn nəyin ?
-İgidliyin sonu yoxdur ,Nigar ,mərdliyin sonu yoxdur, sevginin sonu yoxdur.
-Amma – Nigar çox qəmgin idi – insan bu sonsuz kainatda bir darı dənəsi kimidir Və bu darı dənəsini də qədər ,qismət harayasa sürükləyir.
-Sən lap filosof olmusan, Nigar.
-Mən həmişə qədərə ,qismətə inanmışam.
-Mənsə öz gücümə inanmışam. Bu güc mənim taleyimi ,taleyimsə gücümü yönləndirib.
-A. a. ora bax adam.-Nigar sevinclə yolun kənarında öküz otaran kişini Koroğluya göstərdi. Koroğlu kişiyə yaxınlaşıb salam verdi.
-Salam ,qardaş, nə var, nə yox ? Nə i ş görürsən ?
Kişi heyrətlə bu yekəpər, heybətli adama baxdı.
-Salam .Öküz otarıram.
-Bəs o çiynindəki nədir ?
-Tüfəngdir.
-Tüfəng nədir ?
-Silahın bir növüdür ,bununla uzaqdan kimi istəsən vurub öldürmək olar.
-Məni də ?- Koroğlu qəhqəhə çəkdi.
-Sən deyəndə nəsən ki? Sən də ətdən ,sümükdən yaradılmış bir varlıqsan da. Bu canlı hər nə var onu uzaqdan ,yaxından vurub öldürə bilər.
-İşə düşmədik. Koroğlunu da öldürər?

-Koroğlu? Hə belə bir ad eşitmişəm.Deyəsən qaçaq olub ,dağlarda yaşayıb, bəzirganları soyub- talayıb. Hə onu da öldürər.
Koroğlu qapqara qaraldı. Nigar xanım onun ətəyindən çəkdi.
-Qaçaqmı? Koroğlu qaçaqmı olub? Əlli ilə qədər paşalarla, xotkarlarla dava edib ,xalqı:kasıb-kusubu müdafiə edib, sən onu qaçaqmı adlandırırsan?
Kişi qorxub dalı-dalı verdi.
-Əşi nə bilim… qoçaq adam olub .Qoçaqlara elə qaçaq deyirlər də.
-Al bu pulu, bu öküzün birini vur görüm necə ölür.
Kişi istədi boyun qaçırtsın. Koroğlu ona elə tərs-tərs baxdı ki, kişinin öküzün birini öldürməkdən başqa çarəsi qalmadı.
Koroğlu öküzü o üz bu üzə çevirdi, gördü ki, öküz doğrudan da, ölüb. Nəhayət, öküzdən əl çəkib ayağa durdu, həmişə özü ilə gəzdirdiyi sazı köynəyindən çıxartdı ,aldı görək nə dedi :
Axır əcəl gəlib yetdi ,ay haray
Çəkdiyim qovğalar bitdi ay haray.
Tüfəng çıxdı mərdlik getdi ay haray
Mənmi qocalmışam, ya zəmanəmi?
-A kişi, deyirsən heç zəmanə dəyişməyəydi ,elə sənin zamanın necəydi elə qalaydı? Yaman özünü sevən adamsan ha!- öküz sahibi qanlı-qanlı onu süzürdü.
-Kişinin onu tanımaması, Qoç Koroğlu yerinə Qaçaq Koroğlu deməsi, uzun ,nazik bir şeyin bir igidi əl vurmadan öldürmək ehtimalı Koroğluya yaman yer eləmişdi, Koroğlu bulud kimi dolmuşdu, çırtma vursan qanı damardı. Hirslə Misri qılıncı belindən açıb yerə atdı, çəmənin qurumuş tikanların tapdalayaraq getməyə başladı.
-Nigar gördü ki, Koroğlu özündə, sözündə deyil ,cəld Misri qılıncı götürdü və Koroğlunun arxasınca qacmağa başladı. Birtəhər tövşüyə- tövşüyə ona yetdi, ətəyindən tutdu. Koğoğlunun halı o hal deyildi ,gözləri yaşla dolmasa da bir başqa cürəydi, ağarmış saçları çox pərişan idi.
-Nigar iltimasa keçdi.
–Bir çoban səni tanımır deyə ,bir güllə bir öküzü öldürür deyə bu nə haldı düşübsən ,Qoç Koroğlu. Təki balalarımız- dəlilərimiz sağ olsun
-Koroğlu aldı görək nə dedi:
-Koroğlu qorxmaz yağıdan
-Badə içibdi saqidən,
-Hani Eyvaz,Tüpdağıdan?
-Qocaldım Nigar ,qocaldım.
–Hələ bilmək olmaz qocalıbsan, ya yox. Gedirik Eyvazdan ,Tüpdağıdandan xəbər tutmağa ,özünü toparla.
-Koroğlu həmişəki kimi Nigarın sözlərindən sonra özünə gəldi, papağını başına basıb Nigarla birlikdə yola rəvan oldu.

Onlar Qarsa çatanda artıq hava qaralmışdı Bazar ,dükan bağlanmışdı. Nər ikisi ac və yorğun idi.
Hansı qapını döydülərsə heç kim ac və yorğun, rəngi küləkdən bozarmış qocaları qəbul etmədi.
Koroğlu yalvar –yapış bir ev sahibindən iki qızıl pula iki yun adyal bir az da yemək aldı. Uca bir imarətin dibində otluqda əyləşdilər, kuzələrindəki su ilə əl- üzlərini yuyub yeməklərini yedilər.
Nigar yun adyala bürünüb başını Koroğlunun dizinə qoydu. Elə o dəqiqə də yuxuya getdi. Koroğlu isə yata bilmirdi. Onun bəzən günlərlə yatmağı olduğu kimi günlərlə yatmamağı da olurdu. Koroğlu fikir çəkirdi, dəlilərin, zəmanənin fikrini çəkirdi. Görən indi dəlilər nə edirlər ? Koroğlunun düşdüyü müşküldən – tüfəngdən xəbərləri varmı? Nə üçün bir dəfə də olsun Koroğluya ,Nigara gəlib dəyməyiblər. Görən namərd həyat onları sındırmayıb ki Elə bu dəm Koroğlunun gözü imarətin dibini eşən iki nəfər adama sataşdı, gözlədi görsün fikirləri nədir.Adamlar böyük bir deşik açıb içəri daxil oldular. Bir azdan həmin deşikdən bayıra yeddi kisə tulladılar, özləri də kisələrin ardınca bayıra çıxdılar.
Koroğlu bir anda başlarının üstünü kəsdi hər ikisini yerə vurub əl-qollarını bağladı.
-Kimsiniz və bu kisədəkilər nədir?
-Paşanın xəzinəsini yarmışıq və bu kisədəkilər də qızıldır. Yarısı sənin aç qolumuzu gedək.
Koroğlu qapqara qaraldı
-Dədəm mənə oğurluq öyrətməyib, it oğlu. Oğurluq it sənətidir. Mənim boğazımdan haram tikə keçməyib
—Sən kimsən ?
-Qoç Koroğlu.
Oğrunun biri gülməyə başladı
-Ay sağ olmuş ,paşa ki, sənin düşmənin olub. Sənin ki, işin peşən onlarla vuruşmaq, xəzinəsini daşımaq olub.
-Düzdür onların xəzinəsini daşımışam ,kişi kimi vuruşub məğlub etmişəm,sonra .Özü də hər paşanın malını daşımamışam; hansı xalqı incidib, ölkəni düz idarə etməyib o paşanın malını daşımışam.
Əlqərəz sabah açıldı, paşanın adamları gəlib Koroğlugili və oğruları paşanın hüzuruna apardı.
Paşa oğruları zindana saldırdı Koroğlu və Nigara da dedi ki, yeddi gün, yeddi gecə qonağımsız. Koroğluyla Nigarın qulluğunda durmağa bir neçə qulluqçu da təyin etdi.
Birinci gün Koroğlu nahar ziyafətindən sonra Nigarı da yanına alıb şəhər i gəzməyə çıxdı.
Gəzə -gəzə gəlib bazar meydanında bir dəmirçi dükanına çıxdı ,istəyirdi paşanın ona bağışladığıı ata onun ağırlığına dözəcək bir üzəngi düzəltdirsin. Bir də nə gördü: Toxmaqvuran başıaşağı gəlib dükanı açdı. Sol tərəfində durmuş bir kişidən soruşdu
-Bu kimdir?
-Çox yaxşı ustadır. Amma nəslin — nəcabətin yoxsa yaxın durma. Kişinin kimliyini öyrənməsə ona iş görməz. Gərək xəncər düzəltdiyi kişi mərd, üzəngi düzəltdiyi də qoçaq olsun. Özü də çox kasıbdır,pul dərdindən evlənə bilmir, amma elədiyi də elədikdir.
Koroğlu bığaltı gülümsündü. Bazardan bir rübənd alıb üzünə bağladı və dükana daxil oldu
-Qardaşoğlu, bu qocaya bir üzəngi düzəltsənə.
Toxmaqvuran yerindən tərpənmədi
— Adın nədir?
-Adımı neynirsən ,al – bir kisə qızıl üzəngini düzəlt. Toxmaqvuran qızıla gözünün ucuyla da baxmadı bir də sorüşdu
-Adın nədi?
— Adım Qoçdur ,İgiddir -dedi Koroğlu
-İgid üzünü gizlətməz, aç üzünü
.Koroğlu istədi dükandan çıxsın; məqsədi Nigarı da içəri gətirmək idi .Toxmaqvuran alıcı quş kimi onun qarşısını kəsdi, əl atıb Koroğlunun rübəndini açdı .
Koroğlu güldü.
–İgid igidi şəstindən də tanıyar ,Toxmaqvuran.
Koroğluyla Toxmaqvuran bir qucaqlaşdı ki, gəl görəsən Nigar da içəri daxil olmuşdu. Toxmaq vuran onun əllərini öpüb gözlərinə qoydu. Nigar onun tellərini sığallayıb ağlayırdı
-Gözlərim aydın olsun ki ,səni sağ-salamat gördüm ,Toxmaqvuran, balam mənim.
Nəhayət onlar sağollaşıb ayrıldılar .Toxmaqvurana bir kisə qızıl verdilər ki, evlənsin.
Səhərisi gün yenə də şəhəri gəzməyə çıxanda Paşanın darvazası ağzında üç nəfər keşikçi və bir dəstə də adam gördülər. Koroğlu diqqət edib keşikçinin birinin Bəlli Əhməd olduğunu gördü., amma yaxınlaşmadı ;həm tanınmağını istəmirdi , həm də istəyirdi ki ,görsün Bəlli Əhməd nə işlə məşğuldu. Elə bu dəm Nigar onu tələsdirdi , o, Bəlli Əhmədə və kişilərə fikir vermirdi;
— Cəld ol Koroğlu, gedək hələ bir Toxmaqvuranı görmüşük.
Koroğlu dinməz Nigarın sözünə itaət etdi. Gəzə -gəzə gedib şəhərin uzaq bir məhəlləsinə çıxdılar. Məhəllədə bir dəstə uşağın bir adamın başına yığışdığını gördülər .Onlara yaxınlaşdılar. Kasıb, köhnə cır –cındır geyinmiş bir kişi köhnə bir kətildə oturmuşdu,xəstə olduğu sir- sifətindən bəlli idi. Uşaqlardan böyüyü kişidən soruşdu
-Sən Koroğlunun dəlisimi olmusan?
-Bəli -kişi başını tərpətdi.
Adın nədir?
-Halaypozan.
Uşaqlar gülüşdülər.
Çox güclüydünmü o vaxtlar?
Bəli.
Düşmənin neçəsinə birdən dov gəlirdin ?
-Bir yüzünə gəlirdim.
-Koroğlu bilirmi sənin belə kasıb olduğunu ?
-Bilmir. Mən kasıb yox, xəstəyəm. Qoy sağalım işləyəcəm.
-Nə işləyyəcəksən?
-Nə oldu: yer şumlayacam, əkin əkəcəm, bina tikəcəm.

Uşaqlardan ən kiçiyi
-Gedim anamdan sənə yemək alım gətirim dedi. Uşaqlar da onun ardınca Halaypozandan aralandılar.
Koroğlu və Nigar Halaypozana yaxınlaşdılar.
_Günün aydın olsun, igid.
Halaypozan heyrətlə qarşısında durmuş dağ gövdəli igidə baxırdı.
— Halaypozan, canım- ciyərim niyə xəstələnmisən?- Nigar xanım Halaypozana sarıldı.- göz yaşları onu lap əldən salmışdı.
-Nigar xanım, xanımım! Qoç Koroğlu ,atam mənim !
-Halaypozan özündən getdi.
-Koroğlu onu qucağına alıb kiçik, kasıb daxmasına keçirtdi.
Halaypozanin tabsız bədəni bu sevincə dayana bilmirdi sanki.
Koroğlu başılovlu həkim dalınca getdi, yarım saatdan sonra həkimlə qayıtdı.
Həkim diqqətlə Halaypozanı müayinə etdi.
-Nədir igidimin dərdi ,söyləsənə.
— Kasıblıq, yeməməzlik.
-Yoxmu çarəsi?
-Donat onu. Bir qadın tap igidə qulluq etsin
. Tükəzin yerini Toxmaqvurandan öyrəndi. .Üç gün Halaypozandan ayrılmadılar. O özünə gələndən sonra Tükəzi ona, onu Tükəzə tapşırıb ayrıldılar
Saraya qayıtdılar. Paşa nə isə onlardan şübhələnmişdi, deyəsən , şübhə ilə onlara baxırdı. Koroğlu fikir vermirdi: nə olar olar. Gecəni sarayda keçirtdilər. Koroğlu yenə də səhər Nigarı da yanına alıb saraydan çıxdı . Yenə də saraydan çöldə bir dəstə adam toplaşmışdı. Kasıb kimsəsiz olduqları üst-başlarından ,üz- gözlərindən bəlli idi. Korpğlu da camaata qarışdı. Bəlli Əhməd bir azdan göründü .Onu görən camaat qorxu ilə dala çəkildi.
Koroğlu soruşdu
-Niyə dala çəkilirsiz. Bu kimdir ki ?
-Bu bir bəladır, paşanın ən yaxş ı qoruyucusudur.Paşa da valisi də ondan insaflıdır.
-Bəs bura niyə yığışmısınız?
-Valini görmək istəyirik. O da burada oturur. Hərəmizin bir problemi var.
Kasıb yaşlı bir kişi- güclə ayaq üstə dururdu- Bəlli Əhmədə yaxınlaşdı.
-Oğlum üç gündür burdayam , halım yoxdur. Valiyə de məni qəbul etsin.
-Olmaz, kişi vali bu gün heç kimi qəbul etməyəcək.
–Üç gündür elə bu sözü deyirsən .
— Deməli belə lazımdır.
-Mən girəcəyəm içəri. –Yaşlı adam acıqla içəri girmək istədi.
-Bəlli Əhməd onu sinəsindən itələdi .Kişi yerə yıxıldı. Yıxılmağına baxmayaraq ayağa durub hay — küy saldı
-Bu nə oyundur ya bizi qəbul edin , ya da .
-Söz kişinin ağzında qaldı Bəlli Əhməd çiynindəki tüfəngi çəkib qocanı vurdu .Kişi yerə yıxıldı. Koroğlu irəli cumub kişinin başını dizlərinə aldı.
-Kişi dərdin nə idi, nə istəyirdin.?
-Bir parça çörək başına dönüm. Aylığımı kəntxuda kəsib. dərdimi valiyə demək istəyirdim. Bu anasının əmcəyini kəsən məni içəri qoymadı Üç gündür bir tikə çörək yeməmişəm. Axırda da dünyadan elə ac da getdim.- Kişi gözlərini yumdu. Koroğlu baxdı ki , kişi bayaq ölübsən indi ölübsən
-Koroğlu Bəlli Əhmədin qarşısını kəsdi
-Bəlli Əhməd, mən sənə beləmi öyrətmişdim?.
Bəlli Əhməd heyrətə gəldi.
-Qoç Koroğlu, buranın öz qayda- qanunları var; mən içəri buraxsam da Vali onu qəbul etməyəcəkdi.
-Bəs acından ölməyinə, vurub öldürməyinə nə deyirsən ?
..Bəlli Əhmədin rəngi ağappaq idi..
-Məni bura yığılan bütün camaatı yedirdə bilmərəm ki..
Koroğlu onun yekə qarnına, sallanmış buxağına baxırdı. Onun irəli sürdüyü mülahizələr Koroğlunun ürəyini bulandırırdı. Koroğlu bunları qəbul edə bilərdimi ?
Dönüb yanındakı alagöz Nigara baxdı; Nigarın hər dəfə Bəlli Əhmədin ağ otağına girəndə köks ötürməsini, ağlamasını xatırladı.
–Bəlli Əhməd, düş qabağıma !
Bəlli Əhməd istədi qaçsın. Nigar xanım istədi örpəyini açıb Koroğlunun ayaqlarına atsın. Amma Koroğlu artıq Bəlli Əhmədi atın döşünə qatmışdı.
Koroğlu atı çox bərk sürürdü. Koroğlunun qara yapıncısı küləkdə yellənirdi. Nigar xanım Koroğluya yetə bilmirdi. Nigar xanım Koroğluya onda yetdi ki, o bir təpənin dalından qılıncının qanını silərək çıxır.
Və Nigar xanım özündən getdi.
Ayılanda özünü Koroğlunun qucağında və Koroğlunu Çənlibelə çapan gördü.
Paşaya xəbər çatmışdı ki , ay evi yıxılmış sən demə neçə gündür sarayda qonaqladığın düşmənin Koroğlu imiş və sənin ən bəlli qoruyanını qabağına qatıb apardı, artıq şəhərdən çıxarlar yəqin.
Paşa qoşuna əmr vermişdi Qoşun Çənlibel üzərinə hücuma hazırlaşırdı.
Koğoğlu Çənlibelə tərəf çapırdı və bilirdi ki Paşa arxasınca qoşun göndərəcək. Artıq Çənlibel görünürdü. Başı üzərindən qara bir bulud asılmışdı. Koroğlunun üzündən də qara bir bulud asılmışdı.
Koroğlu çox qəmli idi , Koroğlu pərişan idi, Koroğlunun qəlbi qan ağlayırdı. Koroğlu özü də ağlayırdı .
Koroğlu Nigara ağlayırdı ,Toxmaqvurana ,Halaypozana ,başını uf demədən üzdüyü ən bəlli igidlərindən olan Bəlli Əhmədə ağlayırdı.Və Koroğlu Çənlibelə tələsirdi. Xotkarların ,paşaların hökm sürdüyü şəhərlərdə, ölkələrdə ona yer yox idi.
Eyvaz yuxu görürdü; Çənlibeli görürdü ;Çənlibeli qapqara buludlar bürümüşdü; Çənlibelin başında ildırımlar çaxnaşırdı, şimşəklər oynaşırdı ; Koroğlu gözə dəymirdi , qoca bir qartal Çənlibeldə o dağdan bu dağa adlayırdı; qanadları soluxmuşdu nədi uça bilmirdi; ha istəyirdi qartalın üzünü görsün, görə bilmirdi.
Nigar xanım əlində qırmızı qanovuz köynək tutmuşdu- Eyvazı yaxasından keçirtdiyi həmin köynək idi. Saçları havaya qalxıb dalğalanırdı, üzündən göz yaşları süzülürdü.
Eyvaz hövlnak yuxudan oyandı ,yerindən dik qalxdı. Yan otaqda Eyvazın balaca oğlu Koroğlu da yuxudan oyanıb ağlamağa başladı
-Atamı yuxuda görürdüm -Eyvaz dedi -qoca qartalı. Onun başı dərddədir. Mən Çənlibelə gedirəm.
-Barı tək getmə, Dəmirçioğluna da xəbər ver.- Hürü xanım dedi.
Eyvaz Dəmirçioğlunu bir tarlada tapdı ; üz- gözünü tük basmışdı. Eyvazı o dəqiqə tanıdı
-Koroğlunun başı qaldadırmı ?
Nə bildin ?
-Yuxu gördüm.Dur getdik.
Gedək Dəli Həsəni də götürək.
Dəli Həsənin saç-saqqalı ağappaq idi. amma o
Yağı düşmənlərlə qovğa açmağa
Hələ var qolumda qüvvətim mənim-
deyərək onlara qoşuldu.Elə- obaya hay düşdü: dəlilər hər tərəfdən dəstə- dəstə Çənlibelə axışmağa başladı.
Aşıq Cunun da bu xəbəri eşidib Çənlibelə çapdı. O,Çənlibelə çatanda Koroğlu və Nigar bir yamacda oturmuşdu.
Sənə xəbər verim ,Qoç Koroğlu, .
Düşmənlər gələcək oldu.
Koroğlu nəhayət dodağını dodağının üstündən götürdü.
— Nigar sənə əmanətdi, Aşıq Cunun ,Nigarı gizli yolla Çənlibeldən endir.
-Bəs sən – Nigar zarıdı.
-Sözümə əməl et ,Aşıq Cunun. Nigarı sənə təhvil verdim. Onu Eyvaza yetir. Yetirə bilməsən sənə əmanət. Tərpənin.
Aşıq Cunun Nigarın əlindən tutmuşdu .Sıldırım qayalar arasındakı gizli yolla Çənlibeldən uzaqlaşırdılar. Nigarın gözü arxada qalmışdı, yeriyə bilmirdi. Tez- tez dönüb arxaya — Çənlibelin zirvəsinə boylanır ,Koroğlunun uzaqdan görünən qaraltısına baxırdı. Ala gözlərindən sel kimi yaşlar axırdı, ömür gün yoldaşına son vaxtlar qınaqla davranması ox olub ürəyinə sancılırdı. Ona elə gəlirdi Koroğluya qarşı haqsızlıq edib. Koroğlunu Koroğlu olduğu üçün qınamaq düzgün idimi? Nigar yeriyə bilmirdi .Sal bir daşın üzərində oturdu.
-Burada gözləyək, Aşıq Cunun, Koroğlunu bu günündə qoyub gedə bilmərəm.
Aşıq Cunun da oturdu.
-O nədir Aşıq Cunun- Nigar gömgöy şəfəqlərə bürünmüş, günəş işığında parlayan uzun yalmanlı ,nəhəng, heybətli bir atı Aşıq Cununa göstərdi. At sanki uçur ,Çənlibelin zirvəsinə şığıyırdı.
— Qıratdır bu !
-Qırat, vəfalım mənim.
Paşanın qoşunu artıq Çənlibelin ətəyində idi.
-Koroğludurmu o ?
Çənlibelin zirvəsində Qırat, Qıratın da üstündə Koroğlu görünürdü.
-İgidim mənim.
-Ehey-y-y, namərdlər ! Alın gəldi! Yüz min də olsanız, yüz milyon da olsanız Koroğluya bata bilməyəcəksiniz. Alın gəldi !
Çənlibeldə sanki hər qaya ,hər daş bir şimşəyə dönmüşdü. Ya da – qəribədir- Çənlibel daş ,qaya olub düşmənin başına yağırdı. Çənlibel sanki alova bürünmüşdü; orada nələr baç verir müəmmalı idi… Qıratın kişnərtisindən qulaq tutulurdu. Paşanın qoşununun başına daş- qaya yağırdı, Qoşabulaq daşıb köpüklənmişdi nədi , hər tərəfi sel bürümüşdü..
Döyüş çox çəkmədi. Nigarla Aşıq Cunun özlərinə gələndə paşanın qoşununu yerlə bir gördülər. Bir nəfər də döyüşdən sağ çıxmamışdı.
Nigar həyəcanla Çənlibelə -dağa boylandı. Yağış kəsmiş, hava ayazımışdı. Tək bir topa qara bulud Çənlibelin təpəsindən asılmışdı.
Nigar qəribə bir atlının ,yaxud at üstündə qoca bir qartalın sanki uçaraq Çənlibelin başındakı qara buluda qovuşduğunu gördü.
Çox keçmədi qara bulud ayazıdı , lakin nə at görünürdü, nə də atlı.

  • Teqlər:
  • düşündürcü hekayə
  • , qəhrəmanlıq
  • , igidlik

Koroğlu qısa

� Ko roğlu – xalqımızın igidliyi , mübarizliyi simvoluna çevrilib

� Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

�� Ən məşhur qəhrəmanlıq dastanlarından biri də “Koroğlu” dastanıdır.

�� Koroğlu kimdir?

�� Koroğlu Azərbaycan xalqının ən sevmili dastan qəhrəmanlarından biridir. Koroğlu adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilib. Ata-analar bu gün də övladlarına Koroğlu adı verir və bununla sanki övladlarının gələcəkdə Vətənini, elini sevən, torpağı uğrunda mərdliklə savaşan igid bir oğul olacağının təməlini qoyurlar. Koroğlu mahnılarda, qoşmalarda, bayatılarda ən çox səslənən addır. �

�� Koroğlu dastanı haqqında araşdırmalardan məlum olur ki, o, yarı mistik xalq qəhrəmanıdır. Onun təqribən XVI əsrin II yarısı yaşadığı güman edilir. Koroğlu Cəlalilər hərəkatının başçılarından biri olub. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə, Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

�� Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini “Koroğlu” dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Hasan paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur. Bu gün də Azərbaycan ərazisində müxtəlif bölgələrdə “Çənlibel” adlı çoxlu qalalar mövcuddur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

�� Koroğlu türk dünyasının ortaq qəhrəmanıdır

�� A.Təbrizlinin “Tarixlər kitabı” əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni olması onu xalq qəhrəmanına çevirmişdir.

� � Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan “Koroğlu” dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə “Koroğlu” yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.

�� Türkiyədə “Koroğlu”nun ilk çapı 1887-ci ildə işıq üzü görüb. On beş səhifəlik bu nəşrdən sonra Koroğlu, dövrü və qəhrəmanın fəaliyyət göstərdiyi tarixi hadisələrlə bağlı bir çox araşdırmalar aparılmışdır. Bundan bir qədər əvvəl isə “Koroğlu” dastanının bir hissəsi erməni əlifbası ilə İstanbulda çap edilmişdir. 1897-ci ildə Aşıq Cəmalidən yazıya alınmış “Giziroğlu Mustafa bəy”, “Bolu bəy” qolları Tiflisdə nəşr edildi.

�� Azərbaycanda “Koroğlu” dastanının ilk nəşri 1913-cü ildə Orucov qardaşları mətbəəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir.

�� “Koroğlu” dastanı Orta Asiyada da dəfələrlə nəşr edilmişdir. Orta Asiya versiyası dövri olduğundan hələ də tam şəkildə çap edilməmişdir. Əsasən də özbək Koroğlusu bir neçə nəslin qəhrəmanlıq salnaməsini canlandırdığından hər dövr müstəqil dastan kimi formalaşmışdır. Son zamanlarda Azərbaycanda “Koroğlu” dastanının yeni qolları toplanıb nəşr edilmişdir. Bunlardan “Qəhrəman Koroğlunun divlərlə görüşü”, “Koroğlunun Tehran səfəri”, “Misri qılıncın oğurlanması”, “Mərcan xanımın Çənlibelə gəlməsi”, “Zərnişan xanımın Çənlibelə gəlməsi”, “Ağca quzu” qollarını göstərmək olar.

�� “Koroğlu” dastanının qısa nəşr tarixi göstərir ki, o, XIX əsrin başlanğıcından son dövrlərə qədər çox məşhur olmuş, variant baxımından ən çox yayılan dastan halına gəlmişdir. Ancaq həm ingilis, fransız, həm də ilk rus nəşrləri təhriflərlə doludur. Folklorluq baxımından bu nəşrlərin qüsurları çoxdur. Bunlara misal kimi şeir hissələrinin nəsrlə verilməsi, tərcümədə sərbəstlik, yersiz əlavələr kimi müxtəlif təhrifləri göstərmək olar. Çox təəssüflə demək lazımdır ki, Azərbaycan nəşrləri də arzu ediləcək səviyyədə deyildir.

�� “Koroğlu”da � qəhrəmanlıq nəğmələri

�� Dastandan məlumdur ki, Koroğlunun bir əlində qılınc, bir əlində saz olub. Döyüşə sazla girib, döyüşdən sonra da qələbəsini sazı sinəsinə basaraq tərənnüm etməyə başlayıb. “Koroğlu” dastanındakı qoşmalar bu gün də böyükdən-kiçiyə hamının dilinin əzbəridir. Təsadüfi deyil ki, dahi Üzeyir Hacıbəyli “Koroğlu” dastanı motivləri əsasında “Koroğlu” operası yazmış, operanın üvertürası isə, demək olar ki, bütün dövrlərdə Azərbaycanı tanıtma himni kimi səslənmiş və səslənməkdədir.

�� Eposun meydanagəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B.A.Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, E.Muşeq, A.Təbrizi, Ö.Çələbi, İ.Şopen, A.Xodzko, S.S.Penn, İ.Petruşevski və b. Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.

�� Alim belə bir qənaətlə razılaşır: “Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdir”. H.Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin (1670-ci ildə ölmüşdür) və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdirən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. “Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini “cəlalilər” (ərəb sözü “cəlal” – məşhur, şöhrətli, qorxu yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: “Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi; qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar; haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar”.

�� Beləliklə, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı “Tarix” kitabında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisinin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o göstərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliya Çələbinin XVII yüzilliyə aid “Səyahətnamə”sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri tək xatırlanmışdır.

�� Paris nüsxəsində qəhrəmanlar Cəlali Koroğlu və Nəzər Cəlali adıyla verilir. Molla Cumanın düzüb-qoşduğu dastanların birində də bu addan istifadə olunur: “Cəlali Məhəmməd və Tavat xanım”.

�� 1571-1573-cü illərdə Təbrizdə sənətkarlar və şəhər yoxsullarının böyük bir üsyanı olmuşdur. Çəkməçi, mahud toxuyan, şalvar-duz, dəvəçi, səbzəfruş və b. iştirak etdiyi üsyanı şah amansızcasına yatdırmışdır. H.Rumlunun, İ.Münşinin yazdıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. H.Rumlu pəhləvan hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ.T.Petruşevski bunun Eyvaz ola biləcəyi fikrini irəli sürür. P.Əfəndiyev faktlar üzərində müqayisələr apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının oğludur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototipi olmasına şübhə yeri qalmır .

�� 1577-1578-ci illərdə Şirvanda yeni bir xalq üsyanı olmuşdur. Tarixçi H.Rumlunun təsvir etdiyinə görə üsyan qəddarcasına yatırılmış və onun iştirikçılarından 400 nəfərin başı kəsilib şahın sarayına göndərilmişdir. P.Əfəndiyev İ.P.Petruşevskiyə istinadən göstərirdi ki, Azərbaycan kəndlərində 35 növ vergi və mükəlləfiyyat tətbiq edilirdi.

�� Əndəlib Qaracadaği 1804-cü ildə İrəvan istila edildiyi zaman rus ordusunun mayoru Şubinin xahişi ilə soydaşlarının dilindən qələmə alıb sistemləşdirdiyi “folklor toplusu”nda Koroğlunun adı ilə bağlanan çoxsaylı aşıq şeirləri verir.

�� Xalq qəhrəmanı Koroğlunu saz-söz sənətkarı adı ilə tanıtmaq ənənəsi keçən əsrin otuzuncu illərinədək davam etdirilmişdir. Azərbaycan EA-nın Memarlıq və Arxeologiya İnstitutunun arxivindən tapdığımız 1938-ci ilə aid bir “Aşıq şeirləri” toplusunda Koroğlu adlı aşığa ünvanlanan qoşma və gəraylılara rast gəlirik. Doğrudur, gənc Ərtoğrul Cavidin (Hüseyn Cavidin oğlu) rəyi ilə çapa hazırlanmış bu toplu müəyyən səbəblərdən işıq üzü görməmişdir. Eləcə də şeirlər eposun ayrı-ayrı qolları ilə səsləşir. Daha dəqiq desək, məzmununda eposun hadisələrini tam əks etdirir.

� � Şərq.- 2011.- 13 iyul.- S. 11.

Koroğlu qısa

Birinci pərdə

Hadisələr XVII əsrdə Azərbaycan ərazisində cərəyan edir.

Dövlətli və qəddar Həsən xanın malikanəsində kəndlilər körpünün yanında işləyirlər. Onlar ağır zəhmət, böyük ehtiyac əlindən acı-acı şikayətlənirlər. Həsən xanın yaxınlaşdığını hiss edən kəndlilər təlaş və həyəcan keçirirlər.

Həsən xan silahlı nökərlərinin müşayiəti ilə gəlir. O, əsil-nəcabətli qonağı Ehsan paşaya öz ilxısından at bağışlamaq fikrindədir. Lakin ona xəbər verirlər ki, mehtər Alı (Rövşənin atası) ilxını otlağa qovmuş, öz zövqünə görə yalnız iki ayğırı saxlamışdır.

Xan qəzəblənir. Əmr edir ki, mehtərin gözlərini çıxartsınlar. Kəndlilərin və Alının yalvarışları heç bir kömək etmir, əksinə xanda yalnız qəzəb doğurur. Alını aparırlar. Xan öz nökərləri ilə gedir.

Rövşənin sevgilisi Nigar səhnədə görünür.

Dəhşətli xəbəri eşidən Nigar baş vermiş fəlakəti Rövşənə bildirmək üçün onu gözləyir.

Heç nədən xəbəri olmayan Rövşən dağdan gələrək, Nigara məhəbbətini etiraf edir.

Atasının fəlakəti gəncin qəlbini ağır yaralayır. Bundan sonra onu �Koroğlu� deyə çağırırlar.

Rövşənin qəlbi zalımlara qarşı qəzəb və nifrətlə doludur. O, xalqı zülmkarlara qarşı mübarizəyə çağırır.

Koroğlu Nigardan xahiş edir ki, qalsın və ona xanın niyyətini bildirsin. Üsyan etmiş kəndlilər Koroğlu ilə birlikdə dağlara çəkilirlər.

İkinci pərdə

Həsən xanın sarayında kef məclisi qurulmuşdur. Saray qızlarının rəqsi qonaqları əyləndirir. Əyanlar, xanlar, bəylər, tacirlər Koroğlunun başçılığı altında üsyana qalxan kəndlilərə qarşı birgə mübarizə aparmaq üçün ittifaq bağlayırlar.

İçəri girən tacirlər, vergi yığanlar, məmurlar üsyançıların hücumuna məruz qaldıqlarından şikayətlənirlər. Xan Koroğlunun üstünə qoşun göndərmək istəyir.

Təlxək hiyləgərcəsinə belə bir məsləhət verir ki, Koroğlunun sevimli atını-Qıratı oğurlasınlar və beləliklə də onu aldadıb tələyə salsınlar.

Həmzə bəy bu planı yerinə yetirməyi öz boyuna götürür. Mükafat kimi o, gözəl Nigarı tələb edir. Xan bu mükafatı ona vəd edir.

Xanın niyyətini və Koroğlunu gözləyən təhlükəni eşidən Nigar öz qardaşı Eyvazı Çənlibel qalasına, Koroğlunun yanına göndərir ki, Həsən xanın və Həmzə bəyin niyyətini ona çatdırsın. Tək qalan Nigar öz taleyindən, sevgilisindən ayrı düşdüyündən acı-acı şikayətlənir.

Üçüncü pərdə

Səhnədə dağlarda yerləşən Çənlibel qalası görünür. Üsyan edən kəndlilər, Koroğlunun silahdaşları buraya toplaşmışlar. Onlar azadlıq uğrunda mübarizəyə başçılıq edən Koroğlunun igidliyini tərifləyirlər.

Tezliklə Koroğlu səfərdən qayıdır. O özü ilə yeni dəstələr gətirir. Koroğlu azadlıq uğrunda mübarizədə bütün məzlumları birləşməyə çağırır. Kəndlilərin coşğun əhval-ruhiyyə dədir.

Koroğlu xəyala dalır, Nigarı xatırlayır.

Çənlibelə dilənçi paltarı geymiş Həmzə bəy gəlir. O, xan tərəfindən təqib olunmasından şikayətlənir və Koroğludan kömək diləyir.

Üsyançılar qonağın pis niyyətdə olduğundan şübhələnirlər. Lakin Koroğlunun Həmzə bəyə rəhmi gəlir və ona öz atına baxmasını tapşırır.

Axşam olur. Yavaş-yavaş hamı dağılışır. Tufan qopmasından və qaranlıq düşməsindən istifadə edən Həmzə bəy Koroğlunun atını � Qıratı qaçırır.

Dördüncü pərdə

Sarayda Həsən xan öz əyanları və qonaqları ilə Həmzə bəyin şərəfinə kef məclisi qurmuşdur. Koroğlu aşıq mahnıları oxuyur, Qıratı tərifləyir.

Aşıq paltarı geymiş Koroğlu məclisə gəlir. Ona əmr edirlər ki, bir neçə mahnı oxusun.

Həsən xan Qıratı gətirmək əmrini verir. Bu zaman içəri girən Həmzə bəy Koroğlunu tanıyır. Koroğlunu tuturlar. Nökərlər döyülmüş Eyvazı gətirirlər.

Nigar etiraf edir ki, Həmzə bəyin niyyətini Koroğluya xəbər vermək üçün qardaşını Koroğlunun yanına, qalaya o göndərib. O, mərdliklə xanın qəddarlığını, rəhmsizliyini üzünə çırpır, əyanlara nifrətini bildirir.

Həmzə bəy Nigarı öldürmək istəyir. Lakin Koroğlu əlindəki qandalları qırır və Həmzə bəyi öldürür. O, qarışıqlıqdan istifadə edərək Qırata minib qaçır.

Həsən xan Nigarın, Eyvazın və onlara kömək edən nökər Poladın camaat qarşısında edam olunması əmrini verir.

Beşinci pərdə

Carçılar xalqı meydana çağırır: orada Nigar, Eyvaz və Polad edam ediləcəkdir. Xalq xana yalvarır ki, məhkumlara rəhm etsin. Xalqın yalvarışı Həsən xana təsir etmir. Bu qəddarlığı görən xalq cəsarətlə hökmdara qarşı nifrətini bildirir. Həsən xan qəzəb içindədir.

Nigarı edam kürsüsünə gətirirlər. Koroğlunun başçılığı altında üsyançılar meydana girir. Xanın nökərləri və qoşunu qorxuya düşüb qaçırlar.

Meydanda sevinib şadlanan azad xalq öz qəhrəmanı Koroğlunu tərifləyir. Koroğlu xalqla birlikdə Vətəni tərənnüm edir.

Comments are closed, but trackbacks and pingbacks are open.