Gi de Mopassan – Seçilmiş Əsərləri
Kim olub bəxtiyar quru ad ilə.
Kayzen
Biz psixiatriya xəstəxanasından çıxanda həyətin bir küncündə ucaboy, arıq bir kişi hansısa xəyali iti çağırırdı. Kişi elə hey mülayim, zəif səslə təkrar edirdi:
– Koko! Bura gəl, əzizim! Yanıma gəl, Koko!
Kişi belə deyib əlini dizinə çırpırdı, adətən insanlar heyvanı yanlarına çağıranda belə edirlər. Mən xəstəxananın həkiminə həmin kişini göstərib soruşdum:
– O arıq kişi kimdir? Niyə bu xəstəxanaya düşüb?
– Ah, o arıq kişini deyirsən? O heç də maraqlı insan deyil! O Françoz adında bir faytonçudur. O itini çayda boğub öldürəndən sonra dəli olub!
Davamı →
Boyunbağı | Gi de Mopassan
- Ədəbiyyat
- 14 okyabr 2016, 23:10
O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.
Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi. Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.
Kasıb ailədə böyüyən qızların sahib olduqları davranış qaydaları, dərin zəka və incə zövq onları ən varlı xanımlarla bir səviyyədə tutmağa şərait yaradan üstünlük idi.
Gözəl və təmtəraqlı həyat üçün doğulduğunu hiss edirdi, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin kasıbvari, divarların çılpaq görünməsindən, üstü yırtılmış stullardan, solmuş pərdələrdən xəcalət çəkirdi.
Davamı →
İki dost | Gi de Mopassan
- Ədəbiyyat
- 20 noyabr 2016, 15:45
Mühasirəyə alınmış Parisdə aclıq hökm sürürdü. Damdakı sərçələr və kanalizasiyadakı siçovullar da gözə az-az dəyirdi. İnsanlar əllərinə keçən hər şeyi yeyirdilər.
İxtisasca saatsaz olan və heç yerdə işləməyən Cənab Morissot bir aydın yanvar səhəri əlləri cibində, qarnı ac bulvarda gəzərkən gözlənilmədən bir tanışı ilə- birlikdə balıq tutduğu Cənab Sauvajla üz-üzə gəldi. Müharibə başlamamışdan əvvəl Morissot hər bazar səhəri əlində bambuk çubuğu və belində vedrə ilə yola düşməyə adət etmişdi. O, Argenteuil qatarına minər, Kolombda düşər və buradan İle Marante çayına doğru yol alardı. Morissot xəyallarının məkanına çatan kimi balıq tutmağa başlayar və gecə düşənə qədər davam edərdi. O, hər bazar günü burada kök, məzəli və bəstəboy görünüşlü Cənab Sauvajla görüşərdi. Cənab Sauvaj Rue-Notre-Dame-de-Lorettedə pərdəçi işləyirdi və həmçinin balıq tutmağı dəlicəsinə sevirdi. Onlar adətən günün yarısını yanaşı oturub əllərində tilov, ayaqlarını suyun üzərində yellədərək keçirərdilər. Bununla da aralarında mehriban dostluq münasibəti yaranmışdı.
Bəzi günlər onlar heç danışmazdılar; bəzilərində isə boş-boş söhbət edərdilər; lakin onlar sözlərə ehtiyac duymadan bir-birini tamamilə başa düşürdülər. Bənzər zövqlərə və hisslərə malik olmaq onlara bir-birini anlamaq üçün kifayət edirdi. Günəşin suyun üzərində xəfif duman yaratdığı və iki həvəskar balıqçının kürəyini isitdiyi yaz səhərində, təxminən saat on radələrində Morissot öz yoldaşına deyərdi: “Dostum, bura məftunedicidir”. Yoldaşı cavab verərdi: “Mən bundan daha gözəlini təsəvvür edə bilmirəm!” Elə bu bir neçə kəlimə onların bir-birini anlaması üçün yetərli idi.
Davamı →
Jül əmi | Gi de Mopassan
- Ədəbiyyat
- 20 okyabr 2014, 19:55
Bəyaz saqqallı ahıl dilənçi bizdən sədəqə istədi. Yol yoldaşım Jozef Davranş ona beş frank verdi. Mənim heyrətləndiyimi görən Jozef izah elədi:
— Bu bədbəxt qoca indi sənə nağıl edəcəyim bir olayı mənə xatırlatdı. O əhvalatı heç vaxt unutmuram. Qulaq as.
Əslən mən Havr şəhərindənəm. Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı.
Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məsləhətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırardıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük tanıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.
Bütün bunlara rəğmən, biz hər bazar günü geyinib-keçinib, bəndin üstündə sahil gəzintisinə çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sürtuk (frakdan daha qısa olan, uzun ətəkli pencək – A.Y.) geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Hamıdan əvvəl bu gəzintilərə hazır olan bacılarım bizim yır-yığışımızı gözləməli olardılar. Amma ən son məqamda ailə başçısının sürtukuna düşən, hamının nəzərindən qaçan bir ləkə aşkar olunardı və onun əlüstü təmizlənməsi üçün bütün ümid benzinə batırılmış əsgiyə qalardı.
Şkaf | Gi de Mopassan
- Ədəbiyyat
- 5 iyul 2014, 20:42
Söhbət yava qadınlardan düşmüşdü, çünki nahar fasiləsindən sonra, həm də sırf kişi məclisində başqa nədən danışıla bilər ki?
Aramızdakılardan birisi:
— Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu.
Bunun ardından isə belə bir əhvalat nağıl elədi:
— Keçən il qış axşamlarından birində bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamısınız. Öz otağımda tənhalığımla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu təklik axırıma çıxacaq, çünki belə qorxunc yalqızlıq hissi gec-tez adamı intihara qədər gətirib çıxara bilir.
Nə edəcəyimi dəqiq bilməsəm də, paltomu geyinib evdən çıxdım. Bulvara yetişəndən sonra bu cansıxıcı axşama çox da məhəl qoymadım və müştəriləri nisbətən seyrəlmiş gecə kafelərinin qabağında bir xeyli dolaşdım. Adama elə gəlirdi ki, bu aramsız yağan narın yağış nəinki adamın əyin-başını, belə getsə, hətta iliklərini də islatmağa qadirdir. Əlbəttə, bu yağış islanmaqdan qurtulmağa can atan adamları evlərin daldalanacaq yerlərində gizlənməyə vadar edən güclü nisan (aprel — A.Y.) yağışlarından fərqlənirdi və ayrı-ayrılıqda bəlkə də gözə görünməyən damlalardan ibarət tül pərdə kimi, fasiləsiz olaraq göydən yerə səpələnir, əyin-başı islatması bir yana, hələ bir adamın canına üşütmə də salırdı.
Küçədə o baş, bu başa var-gəl edərək birtəhər bu iki saatımı öldürmək üçün «Hara gedim?» deyə düşünürdüm və onda, ilk dəfə öz-özümə etiraf etdim ki, gecələr dərd-qəmdən yaxa qurtarmaqdan ötrü bu boyda Parisdə bir dənə də olsun gediləcək yer yoxdur. Nəhayət ki, daha çox qadın ticarəti ilə ad çıxaran Foli-Berjerə tərəf üz tutmalı oldum.
Ardı →
Mopassanı rədd etmiş yeganə qadın
- Sevgi
- 3 iyul 2014, 15:03
Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur. Onun, demək olar ki, bütün əsərləri yalnız bir mövzuya – ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr olunub. Mopassanın əsərlərinin qəhrəmanları həyatda gerçək sevgi axtarır və bəzən hətta ağıllarını itirəcək dərəcədə güclü sevgiyə təslim olmaqdan qorxmurlar.
O dövrdə bu cür sanballı, parlaq və cəsarətli əsərlər yaratmaq üçün müəllifin mütləq ilham mənbəyi olmalı idi. Mopassan həyatda belə bir ilham pərisi tapmışdı. O, məşhurluğu dövründə şörgöz və qadın düşkünü kimi ad çıxarmışdı.
Həqiqətən də, onun həyatında çox qadınlar olub və Mopassan, romanlarının qəhrəmanları kimi, nəticə barədə düşünmədən bütünlüklə hisslərinə təslim olurdu. Amma yazıçının həyatında bir qadın da olub ki, o, digərlərindən tamamilə fərqlənirdi. Bu, Mopassanın şəhərkənarı evinin qonşuluğunda yaşayan Ermina idi. Yazıçının ürəyində ömürlük xoş xatirələr buraxmış və eyni zamanda dərin yaralar açmış ən faciəvi sevgi hekayəsi məhz onun adıyla bağlıdır.
Onlar tam təsadüfən tanış olmuşdular. Mopassan vaxtının çoxunu Parisdə keçirirdi. Çox nadir hallarda dəniz kənarındakı Etreta kəndində valideynlərinə məxsus malikanəyə baş çəkərdi. Məhz burada yazıçı gözəl Ermina ilə tanış olur. Qadın ilk baxışdan çox xoşuna gəlir. Erminanın qızılı saçları, iti baxışları yazıçını valeh edir. O, uzun müddət qadına diqqət göstəririr, amma onun ürəyini ələ ala bilmir. Ailəli və bir oğul anası olan Ermina əlçatmaz idi.
O, məhz ailəsinə görə Mopassana təslim olmağı özünə rəva bilmirdi. Doğrudur, onun saray arxitektoru olan əri çox çalışır və çox vaxt səfərlərdə olur, Etretaya gec-gec gəlirdi. Baxmayaraq ki, Ermina həyat yoldaşını bütün qəlbiylə sevirdi, amma onun ayrılığına da bir o qədər üzülürdü.
Ardı →
Hamiləlik etirafı | Gi de Mopassan
- Ədəbiyyat
- 29 iyul 2014, 22:56
Günorta günəşinin qızmar şüaları tarlaları yaxıb, qovurmaqdaydı. Fermaların ətrafında bitən ağacların arasıyla uzanan, qara və yumşaq torpağın çılpaqlığını dəymiş çovdarlar, sapsarı saralan buğdalar, yaşılımtıl-sarıya çalan yulaflar və tünd yaşıl rəngli yoncalar hərəsi öz rənginə uyğun zolaqlarla örtüb, bəzəmişdi.
Təpənin üstündəki inəklər, eynilə əsgərlər kimi, sıraya düzülmüşdülər: aralarında ayaq üstə dayananlar, yerdə ağnayanlar, yonca qırpıb, gövşək vuranlar da vardı. Geniş tarla boyu səpələnən bu zavallılar günəşin parlaqlığından öz iri gözlərini qıymağa məcbur idilər.
Yanlarını basa-basa, bir-birinin ardınca yeriyən iki qadın — ana və qız — zəminin arasıyla uzanan və tapdanmaqdan işləkləşən cığırla bu inək sürüsünə tərəf gedirdi.
Çiyinlərinə qoyduqları və çəllək çənbərindən hazırlanmış asqının hər iki ucundan sink hazırlanmış bir vedrə asılmışdı və qadınlar hər addım atanda günəşin parlaq şüası bu bəmbəyaz dəmirə düşərək, gözlərini qamaşdırırdı.
Heç dinib-danışmırdılar. İnəkləri sağmağa gedirdilər.
Heyvanlara çatıb, vedrələrini yerə qoydular, yerdə ağnayan bir cüt inəyə yanaşıb, taxtadan yonulmuş başmaqlarıyla onların böyrünü təpiklədilər.
Ardı →
Gi de Mopassan | Kor
- Ədəbiyyat
- 26 fevral 2014, 16:03
Günəş doğan kimi gətirdiyi bu sevinc hardandı? Yer üzünə düşən bu işıq niyə bizlərin həyat eşqini birəbeş artırır? Səma gömgöydü, ətrafdakı yaşıllıq, al-əlvan boyalı evlər göz oxşayır. Heyran baxışlarımız bu rənglərin parlaqlığından doyunca içir. Və biz elə hey rəqs eləmək, hoppanıb-düşmək, oxumaq istəyirik, içimizdə səbəbsiz bir yüngüllük, hər şeyi əhatə edə biləcək şəfqət oyanır və günəşi öpməyimiz gəlir.
Qapının ağzında oturan korlarsa onları əbədi əsarətinə alan zülmətə həssas deyillər və həmişəki kimi, bu yeni sevincə sakit yanaşırlar. Naməlum sevinci yaşamayan korlar oynaqlaşmaq istəyən itlərini hər dəqiqə sakitləşdirirlər.
Belə bir günün sonuna doğru balaca qardaşlarının, ya da xırdaca bacılarının əllərindən tutaraq evə qayıdandasa, uşağın “Bu gün necə də gözəl hava vardı!” ifadəsinə kor, adətən, belə cavab verir:
— Yaxşı hava olduğunu o saat hiss elədim. Lulu yerində dinc dayanmırdı. Belələrindən birini tanıyırdım, həyatı təsəvvür edilməyəcək dərəcədə məşəqqətliydi. Bu, bir kəndliydi, normandiyalı fermerin oğlu. Hələ ata-anası sağ olanda, az-çox qayğısına qalan varıydı.
Ardı →
Gi de Mopassan- “Əbədi sevgi” hekayə
- Yazıçılar
- 27 dekabr 2013, 13:13
Fransız yazıçısı Gi de Mopassan (Maupassant) —
əsil adı Anri Rene Alber Gi, (5. VIII. 1850 — 6. VII. 1893)
“Əbədi sevgi”
Ov mövsümünün açıldığını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və meyvələrlə bəzədilmiş parlaq masanın arxasında əyləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən insanın bi…r yox, bir neçə dəfə sevməsinin mümkünlüyü barəsində qızğın müzakirə başladı. Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə olaraq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq macərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sevginin də xəstəlik kimi bir insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini iddia edirdilər. Bu mülahizə olduqca inandırıcı səslənirdi. Qadınlarsa hər zamankı kimi real müşahidələrdən daha çox poetik görüşlərinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər. “Bu şimşəyin çaxmasını xatırladır”-onlar deyirdilər. Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.
Qadın öz ərini necə xəyanətə sövq etdi? | Gi de Mopassan
- Ədəbiyyat
- 2 noyabr 2011, 21:12
Gənc markiza de Rennedon özünü şüşəni dəlib keçən güllətək içəri atıb heç danışmağa başlamamış uğunub getdi. Elə gülürdü ki, gözü də yaşardı. Eynilə bir ay öncə rəfiqəsinə ərinə intiqam almaqdan ötrü, yalnız intiqam almaqdan ötrü, özü də bircə kərə xəyanət etməsi haqqında danışarkən güldüyü kimi. Həm də ki ərinin çox səfeh və qısqanc olduğunu bəhanə gətirirdi.
Baronessa de Qranjeri oxuduğu kitabı divanın üstünə atıb maraq dolu baxışlarla Annetin üzünə dikildi. Amma onu da gülmək tuturdu.Axır ki, soruşdu:
− İndi neyləmisən?
− Ah, əzizim… əzizim… Bu, elə gülməlidir ki… Təsəvvür et… Canım qurtardı! Qurtardı! Qurtardı!
− Necə yəni canın qurtardı?
− Bax belə. Canım qurtardı!
− Nədən?
− Ərimdən, əzizim, canım qurtardı! Mən azadam! Azadam! Azadam!
Gi de Mopassan – Seçilmiş Əsərləri
Gi de Mopassan (5 avqust 1850 – 6 iyul 1893) — müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. Bunlarda daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır. Henri Rene Albert Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.
Seçilmiş əsərlərinə müəllifin məşhur romanı (Əziz dost) və novella hekayələri daxil edilib.
Gi de Mopassan 1850-ci il avqustun 5-də Normandiyada zadəgan ailəsində dünyaya göz açıb. Müflisləşmiş ailəsi XVIII əsrdə Lotaringiya əyalətindən Normandiyaya köçübmüş. Yazarın atası Qustav de Mopassan (1821-1899) Paris birjasında dəllal olub və 1846-cı ildə öz uşaqlıq dostu Lora le Puatvenlə (1821-1903) ailə qurub. Sənətə son dərəcə vurğun olan və xeyli rəssamla dostluq edən Qustav özü də ara-sıra sulu boya ilə rəsmlər çəkirmiş. Xanımı, yazarın anası ilə müqayisədə atası yeyib-içməyi, əylənməyi, sağa-sola pul xərcləməyi sevən birisi imiş. Elə buna görə də son dərəcə həssas və məntiqli düşüncə tərəfdarı olan xanımıyla onlar 1856-cı ildə, ikinci oğulları Erve dünyaya gələndən sonra ayrılırlar. Qadın dəniz kənarındakı Etret şəhərində yerləşən villasında övladlarını təkbaşına böyütməyə başlayır.
Uşaqlıq illəri Normandiyada keçən Mopassan oradakı meşələri, dağları, düzləri yaxşı tanıyırmış, balıq tutmağı, yelkənli qayıq sürməyi, yerli şivədə danışmağı bacarırmış, o yerlərə məxsus bütün adət-ənənələrə bələd imiş. Ona görə də uşaqlıq illərində hafizəsinə köçürdüyü bu mənzərələr, olaylar, insan xarakterləri sonradan onun çoxsaylı əsərləri üçün qaynaq rolunu oynayıb.
On üç yaşa dolanda anası Gini İveto şəhərindəki ruhani seminariyasına verir. Məktəbdəki ciddi nizam-intizam gələcək yazarın azad ruhuna yad olduğundan, o, vaxtaşırı məktəbdən qaçır, etirazını dilə gətirir və şuluqluq salırmış. Bunun qaçılmaz nəticəsi kimi günlərin bir günü onu seminariyadan qovurlar.
1866-cı ildə Lora xanım oğlunu Ruan liseyinə verir. Bu təhsil ocağı da qapalı tipli imiş, amma burada Gi özünü daha sərbəst hiss edirmiş. Şeir yazmağa olan həvəsini isə buradakı müəllimlərindən biri olan şair Lui Buyle yetərincə dəstəkləməklə ədəbi aləmdə onun ilk himayədarına çevrilir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Məmməd Araz – Seçilmiş Əsərləri – 1-2
Müxtəlif janrlı əsərlərin, şeirlərin, poemaların, dastanların müəllifi olan Məmməd Arazın öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini bu gün belə itirməmiş zəngin yaradıcılığı öz rəngarəngliyi ilə seçilir. Məmməd Araz sənəti əsərləri ilə yanaşı şeirləri ilə də ədəbiyyat aləminə bir iz salmışdır. Məmməd Araz şeirlərində hər nə desəniz var – sevgi, insanlıq, dostluq, lirika, insani hisslər.
Məmməd Araz yaradıcılığında da məhəbbət şeirləri kifayət qədərdir. Məmməd Arazın sevgi şeirləri də ağızlarda gəzən, ürəkləri oynadan və musiqiyə dönən ən gözəl nəğmələrdəndir. Hazırda da Məmməd Arazın şeirlərinə yazılmış bir çox məşhur mahnılar vardır ki, onlar indi də dillər əzbərdir. Əvəzolunmaz məhəbbətə dair yazdığı eşq dolu sevgi şeirləri sevilir, əzbərlənir, sevgililərin dilində gəzir və öz məzmunu ilə oxucuları valeh edir. Maraqlıdır ki, Məmməd Arazın ilk şeirlər kitabı da 1959-cu ildə “Sevgi nəğməsi” adı altında çap olunmuş və Məmməd Araz sevənlərin diqqətini cəlb etmişdir. “Ayrılıq”, “O gözlərə baxmaram”, “Necə unudum səni”, “Bir sənin eşqinlə”, “Sevgi nəğməsi”, “Unut məni”, “Nə gizlədim” və s. şairin ən gözəl sevgi şeirlərindəndir.
M.Araz xalqın şairidir. Məhz buna görədir ki, onun məhəbbət lirikası da xalqın folklor bulağından su içmiş, şifahi xalq yaradıcılığı xəzinəsindən ilham almışdır. Şairin iki gəncin məhəbbətindən bəhs edən şeirləri xalqın yaratdığı məhəbbət dastanlarını xatırladır. Məsələn, şairin “Sən məni sevsəydin. ” şeirinə nəzər salaq:
Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar, təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Bu şeir gözəl lirik örnəkdir. Onun lirik ruhu nə qədər güclü olsa da, bir dastan havası üstündə kökləndiyi, bir dastan ovqatından gələn hisslərlə, duyğularla zənginliyi də qabarıq nəzərə çarpır. Şeirin ilk misralarında bunları duymaq, hiss etmək bir qədər çətinlik törətsə də, sonuncu iki bəndin dastan təsiri altında düzülüb-qoşulduğunu aydın görürük. Məhz elə bunlara əsaslanıb şeirin bütövlükdə dastanlarımızın təsiri altında yarandığını söyləmək olar.
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin. sevsəydin əgər.
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
İlk baxışdan şeirin elə son bəndləri “Leyli və Məcnun”, “Tahir və Zöhrə” kimi məhəbbət dastanlarını yada salır. Sanki M. Araz dastandakı qəhrəmanların məhəbbətini öz qəhrəmanlarının məhəbbətinə nümunə çəkir. Şeirdə lirik qəhrəman sevgilisinin ona etinasızlığından şikayət edir və onu xalqın yaratdığı məhəbbət dastanlarının qəhrəmanlarından dərs almağa çağırır. Dastan qəhrəmanlarının güclü məhəbbətlə hər maneəni dəf edərək sonda bir-birinə qovuşmasını şair iki gəncin inam, sevgi hisslərinin güclü olması ilə izah edir. Sanki şairin lirik qəhrəmanı da sevgilisini məhəbbətdə dastan qəhrəmanı kimi güclü, inamlı, sədaqətli olmağa səsləyir. Əgər qəhrəman etinasızlıq görməzsə, sevgisinə qarşılıq alarsa, onda dastan qəhrəmanları kimi bütün maneələri dəf edə biləcəyinə, hər sınaqdan üzüağ çıxa biləcəyinə inanır.
Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Məmməd Arazın şeirlərində insanların nəcib duyğuları, məhəbbəti, həyat eşqini realist bir şəkildə təsvir edilmiş, həyat və insanlar hərtərəfli və dolğun əks olunmuşdur.
Görməyə bilmirəm gözəlləri mən,
Baxmaya bilmirəm, nə danım bunu.
Görməmək, duymamaq gəlsə əlimdən
Duymaram sənin da sən olduğunu.
Deyirəm ani bir baxışla birgə
Yol sala bilsəydim ürəklərə də.
Səninsə qadınlıq haqqındır bəlkə,
Məni qısqanırsan çiçəklərə də.
Məmməd Arazın sevgi şeirləri soyuq nəfəslə yoğrulmayıb. Onların misralarında sevginin, məhəbbətin odu, istisi var və oxucu bu odu, istini özü hiss eləyir. “Məni qısqanırsan çiçəklərə də” kimi misraları məhz bir saf sevginin, ülvi məhəbbətin istisi, odu ilə yoğrulmuşdur.
Deyən dar çəkilib məhəbbət yolu,
Kamınca qaynayıb axa bilmirəm.
Gərəksiz adətlər, sədlərlə dolu
Bir insan ömrünə sığa bilmirəm.
Tökür yarpağını bir ömrün yazı,
Görüşlər, vədələr məni unudur.
Bir həsəd, bir şeir, bir qəlb ağrısı.
Mənim son ayaqda qazancım budur.
Nə gənclik darağı gəzir telimdə,
Nə də ki, ünvanlar alan çağım var.
Bir azad baxışım qalır əlimdə,
Bir də icazəsiz zövq almağım var.
Bir əsər yaranır ani həvəsdən,
Havamdır, suyumdur hər səs, hər nəfəs.
Gülüm, gözəiliyə biganə kəsdən
Adi bir nalbənd də yarana bilməz.
Sənə bağışladım bu dağ eşqimi.
Duy onu, ələmə, hamarlama sən.
Bircə gözəlliyi duymaq eşiqimi,
Bircə baxışımı çidarlama sən.
Nəzərdən keçirilən bu şeirin misralarından birində “Deyirəm ani bir baxışla birgə, yol sala bilsəydim ürəklərə də” ifadəsinə rast gəlirik. Bu ifadə bizə xalqın hikmətamiz sözləri olan atalar sözünü xatırladır. Xalqın dilində bu ifadə “Ürəkdən ürəyə yol olur” şəklində işlənir. Şairin sevgi şeirlərinin gözəlliyi ondadır ki, onların hamısı şeirin dili ilə yanaşı həyat, sevgi həqiqəti və bəşəri duyğularla yoğrulmuşdur. Sevgi şeirlərinin hər misrasında şairin sevən qəlblərdə sevgini özünə məxsus səmimiyyətlə təsvir etməsi oxucuların ürəyindən xəbər verir, onları düşündürür. Məmməd Araz şeirlərinin ecazkarlığının, böyüklüyünün bir səbəbi də onun artıq qeyd edildiyi kimi, məhz xalq yaradıcılığı ilə yoğrulmasıdır.
Məmməd Arazın sevgi dolu şeirlərinin içində elə bir şeir vardır ki, öz təravəti, orijinallığı, poetik tutumu ilə oxucunu valeh edir. Bu, görkəmli ədibin 1970-ci ildə yazdığı “Nə bilim” şeiridir.
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim.
Damağımda bal sevdanın turş adı.
Uşaq ağlım inadını qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, – dedi, – ancaq: “nə bilim!”
Şair burada bir də daş üstünə daş qoymaq ümidini itirmişdir, çünki onun ürəyində qurduğu sevgi qalacığı uçub dağılmışdır. Sevgi qalacığı dağılan şairin “bal sevginin damağında turş dadmağı” da gözəl poetik lövhə, original tapıntıdır.
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?
Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim.
Milli Azərbaycan şeirinin görkəmli nümayəndəsi Məmməd Araz dünyəvi məhəbbətin, gözəl hisslərin yaşandığı sevgini şeirin sonunda bir oyuna bənzədir. İki gənc arasında yaşanan ülvi hisslərin bitməsi nəticəsində, bu sevgidə kimin uduzub, kimin udacağını bilməsə də, lakin axırda sevgililərdən birinin peşman olacağını vurğulayır.
Gözəl ədib iki gəncin ən yüksək ülvi duyğuları yaşamasına baxmayaraq, vüsallarına çatmaması, bir-birilərinə qovuşmaması və sonunda ayrılsalar da lakin qarşılıqlı yaşanan gözəl dəqiqələrin, saatların, günlərin ömürdə bir iz qoyub xatirə kimi qalmasının təsəlli notlarını qələmə almışdır.
Çağdaş poeziyamızda sevilib seçilən, mən deyərdim ki, insanı öz dünyasından alan, onu fikirlərə qərq edən, düşündürən, kamilləşdirən bəzən də nələrisə öyrətməyə çalışan, nəsillərə örnək olan bir qüdrətli poeziyadır Məmməd Araz poeziyası.
Həbibə HÜSEYNOVA
Comments are closed, but trackbacks and pingbacks are open.