Press "Enter" to skip to content

Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi – RƏSMİ

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir.

Məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər edilib

Yanvarın 4-də Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəbləri ətraflı izah edib.

Bildirilib ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonunda Böyük Summativ Qiymətləndirmənin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.

Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.

Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək.

KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-dən 6-dək KSQ keçirilə bilər.

Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır.

Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir.

Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir.

Yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (2018-ci il dekabrın 29-dan) qüvvədədir və cari tədris ilinin II yarımilindən tətbiq olunur.

Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi – RƏSMİ

Təhsil Nazirliyinin kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.

Bu qərar bu ilin oktyabrın 1-dək qüvvədədir.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası aşağıdakı kimidir:

1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II – XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5. İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

6. Hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir.

Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12. Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalarla tənzimlənir.

Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub

Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumtəhsil müəssisələrinə məktub göndərib.

27 May , 2020 14:06
https://static.report.az/photo/a7402453-86bf-4343-b969-0fd2e4e66a30.jpg

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumtəhsil müəssisələrinə məktub göndərib. “Report” xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumtəhsil pilləsi üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın. 2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üzrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsilalanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəyyən edilsin. Ümumtəhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir. İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur. 3. Bununla yanaşı, məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən 1-3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamanda 4 və artıq fəndən illik “qeyri-kafi” qiyməti alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumtəhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. 4. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumtəhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. Məsələn, I yarımildə hər hansı fənn üzrə balı “60” olan şagird yenidən qiymətləndirmədə iştirak edərək “80” bal toplamışsa, onun illik balı “70” bal olur və müvafiq olaraq “4” qiymətinə uyğunlaşdırılır. 5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumtəhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə növbəti tədris ili başlayanadək ümumtəhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. 6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumtəhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı “30” bal, qiyməti isə müvafiq olaraq “2” müəyyən edilir.

7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumtəhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illik qiyməti ümumtəhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir. 8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumtəhsil müəssisələrinin rəhbərləri tərəfindən edilir. Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda, eyni zamanda “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur. Bütün qiymətləndirmələr yekunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur. Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumtəhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişləri nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumtəhsil müəssisəsinə gələrkən sanitar-epidemioloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.). Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir. Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə “Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası” təsdiq edilib. “Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiymətləndirilmə) aparılmasının müvəqqəti qaydası” 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Comments are closed, but trackbacks and pingbacks are open.