Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Roman sequnun – Yaponiya ərazisini birləşdirən, vahid bir ölkəyə çevirən hökmdarın – həyatından bəhs edir.

Qolsuorsi forsaytlar haqqinda saqa

Ceyms Coys – “Uillis”

Bu romanı 7 il ərzində yazıb. Əsər isə yalnız bir gündə baş verən hadisələrdən bəhs edir.

Baş qəhrəman Dublin yəhudisi Leopold Blumdur. Bir günün içində Blum qəbiristanı, doğum evini, fahişəxananı və işi ilə əlaqəli digər məkanları ziyarət edir. Romanın süjeti Blumun xanımının qəfil dəyişməsi ilə zirvəyə qalxır. Təkrarlanan, müntəzəm axıb gedən bu romanı sağlam beyinlə yazmaq çox çətindir.

Romanın ideyası Ceyms Coysun universal mif adlandırdığı Homerin “Odisseya” əsərinə söykənir.

Çarlz Paliser – “Kvinkanks”

Müasir metodlarla, postmodernist üsulla qələmə alınan romandır.

Romanın süjeti çox sadədir: öz atasının axtarışına çıxan oğlanı və anasını üstü açılmamış qətlin səbəbləri izləyir.

Lev Tolstoy – “Hərb və sülh”

Ən çox obrazı olan və çətin yadda qalan əsər. Roman fransız-rus müharibəsi fonunda Rusiyanın burjua sinfini ifşa edir. İnsanlığın ən böyük romanı hesab olunan “Hərb və sülh” bütün dövrlər üçün aktualdır.

Con Qolsuorsi – “Forsaytlar haqqında saqa”

1932-ci ildə “Forsaytlar haqqında saqa”dakı “yüksək səviyyəli nəql etmə”yə görə Qolsuorsi Nobel mükafatına layiq görülüb.

Dövrlərə görə əsər üç romandan ibarətdir: “Forsaytlar haqqında saqa”, “Müasir komediya”, “Bölümün sonu”. Xarakterlərin fərqli, qeyri-adi dünyası var, onlar xəyali deyil, tanış bir insan kimi təsvir olunur.

Marsel Prust – “İtirilmiş zamanın sorağında”

XX əsrin nəhəng əsəri. İki mindən çox personajın yer aldığı roman yeddi cilddir.

Prust sonuncu üç cildi redaktə etməyə ömrü çatmayıb, öləndən sonra isə çapa verilib.

Viktor Hüqo – “Səfillər”

İnsan əzabını, onun ümidsizliyini yüksək ustalıqla qələmə alan Viktor Hüqonun bu məşhur əsəri bütün dövrlər üçün aktualdır. Günah, vicdan əzabı Paris küçələrinə səpələnən səfillərin simasında göstərilir. Jan Valjan, Jerar, Fantina, Kozetta kimi obrazlar fransız xalqının döyünən ürəyidir.

Fyodor Dostoyevski – “Karamazov qardaşları”

Dünya ədəbiyyatında 100 ilin ən yaxşı romanı sayılan “Karamazov qardaşları” Dostoyevskinin sonuncu əsəridir. Bir ailənin psixoloji tablosunu göstərən roman insanların Tanrı ilə münasibətlərinə işıq tutur.

Jül Romen – “Azad iradəli insanlar”

28 cilddən ibarət, dörd mindən çox personajı olan “Azad iradəli insanlar” dünya ədəbiyyatının həcmcə ən böyük romanıdır. Ölkənin 25 illik dövrünü əhatə edən əsərin konkret hadisə və yaxud süjeti yoxdur. Romenin bu “uzunçuluğu”nu XX əsrin başlanğıcındakı fransız cəmiyyətinin iç dünyasına səyahət də adlandırmaq olar.

Soxaçi Yamaoka – “Tokuqava İeyasu”

1951-ci ildə yapon gündəlik qəzetində işıq üzü görüb. Heç vaxt kitab şəklində çap olunmayıb. Nəşr etmək istəyənlər isə qırx cildlik salnaməni gözlərinin qabağına gətirib fikirlərindən daşınıblar.

Roman sequnun – Yaponiya ərazisini birləşdirən, vahid bir ölkəyə çevirən hökmdarın – həyatından bəhs edir.

Medison Kuper – “Sironiya-Texas”

Məhəbbətdən bəhs edən əsərin psixoloji qatı və incə yumoru diqqət çəkir. Həcmcə ən böyük Amerikan romanı hesab olunur. “Sironiya-Texas” balaca bir şəhərin bəsit həyatını işıqlandırır, burda hər kəs bir-birini tanıyır, monoton, təkrarlanan həyatda insanlar darıxır, hər şey birxətli davam edir.

Samuel Riçardson – “Klarissa, yaxud gənc xanımın həyatı”

Bu ənənəvi, klassik roman Klarissanın qızının ölümü ilə XVIII əsrin cəmiyyətinə işıq tutur. Təhkiyəsi yorucu, çətin oxunan, darıxdırıcı və həcmcə böyük roman müasir oxucu üçün maraqsızdır.

Onore de Yurfe – “Astreya”

Təkcə həmcinə görə deyil, həm də məna tutumuna görə böyük əsər hesab olunur. “Astreya” filoloqların və araşdırmaçıların sevimli romanıdır. Qırx novella, şeirlər, məktublar, fərqli, rəngarəng personajlarla zəngin əsər tarixi hadisələrdən bəhs edir.

Qorxulu, gülməli tablolar, insanların vətən, torpaq sevgisi, məhəbbət – bir sözlə, “Astreya”da hər şey var.

Yazıçı ilə yaşamağın cəhənnəm əzabı

Qolsuorsi isə Forsaytlar salnaməsini özünün əbədiyyət sahillərinə pasportu hesab edirdi. Ancaq bu, təkcə onun özünün deyil, həm arvadının, həm də sevgilisinin – Qolsuorsinin Adasının pasportu idi.

Yazıçı romanını Adaya həsr edib. “Onun bəxş etdiyi ruh yüksəkliyi, şəfqət və eyni zamanda da tənqidi münasibət olmasaydı, mən olduğum kimi yazıçı ola bilməzdim”, – deyə Qolsuorsi yazırdı. Ada öz həyatının tarixçəsini də ona “hədiyyə etmişdi”. Yazıçı dərin bildiyi və məhrəm olduğu bu həyatı bir çox əsərlərində, o cümlədən “Forsaytlar haqqında saqa” romanında da təsvir etmşdi.

Con Qolsuorsi 14 avqust 1867-ci ildə anadan olub. O, ailə şəcərəsində IV Con Qolsuorsi idi. Atası incəsənəti, ədəbiyyatı sevir, Dikkensi, Tekkeryeni oxuyur, Turgenevə pərəstiş edirdi. O, fermer nəvəsi idi, hüquqşünas kimi təhsil almışdı, bir neçə sənaye şirkətinin direktoru idi. Bu şirkətlərdən bir neçəsi hətta okeanın o tayında yerləşirdi. Qolsuorsu yazıçılıq istedadını məhz atasından miras almışdı. O, doqquz yaşınadək evdə təhsil alır, sonra isə pansion və imtiyazlı Herrou kollecinin növbəsi çatır.

Universiteti qurtaran Qolsuorsi qohumları ilə xaricə “boyük səyahətə” hazırlaşır. Lakin səfəri bir qədər təxirə salmalı olurlar: Con saysız-hesabsız əmisi oğlanlarından birinin – mayor Artur Qolsuorsinin toyunda iştirak etməli idi. Mayorun nişanlısı olduqca cazibədar gözəl, mahir müsiqiçi, lakin cehizsiz qız Ada Kuper idi.

Qolsuorsinin Adası

Adanın Artur Qolsuorsi ilə ailə həyatı uğursuz alınır. Axı, Ada üçün usandırıcı həyatdan yaxa qurtarmaq yolu olan bir nikahdan başqa nə gözləmək olardı ki?

Adanın uşaqlıq və gəncliyi Conunkuna heç bənzəmirdi. Ada arzuolunmayan və sevilməyən bir uşaq idi. Hətta anasının verdiyi ad belə uşağın onun üçün necə ağır bir yük olduğunu göstərir. Ana qızını Ada Nemezida adlandırır. Nemezida isə, məlum olduğu kimi, qədim yunan əfsanələrində cəza, intiqam ilahəsidir. “Qəddar Nemezida bütün həyatı boyu dəfələrlə Ada üzərindəki hüquqlarını bəyan etməyə çalışırdı”. Ada isə bacardığı qədər ona müqavimət göstərirdi.

1866-cı ildə doktor Kuper Adanı qızlığa götürür. Ada qeyri-qanuni doğulduğunu gizlətmək üçün doğum tarixini 1864-cü il deyil, məhz qızlığa götürüldüyü 1866-cı ili göstərir. Doktor Kuper vəfat edərkən yazdığı vəsiyyətnamədə qəyyumlara Adanın təhsilinin qayğısına qalmağı tapşırır. O, musiqi və rəqslə məşğul olur, oxumağı və şəkil çəkməyi öyrənir.

Təhsilini başa vurduqdan sonra Ada anası ilə adaxlı axtarışı ilə səyahətə çıxırlar. 4 il ərzində 74 şəhəri dolaşırlar. Talesiz Ada Artur Qolsuorsi ilə nikahı vəziyyətdən yaxşı çıxış yolu sanır. Ancaq yanılır.

“Nə üçün yazmırsınız? Siz bunun üçün yaranmısınız”

“Böyük səyahətdən” qayıdan Con Qolsuorsi Ada ilə daha yaxından tanış olur. Gözəl Adanın xoşbəxt olmadığını anlayanda isə qəlbi ona şəfqət hissi ilə dolur.

Qolsuorsi gənc zəngin centlimen həyatı sürürdü: nahar verir, qonaqlıqlara, ova gedirdi. Ancaq belə həyat onu sıxırdı. Bu aralarda Con hüquq elmlərini öyrənir, lakin daima tutduğu yolun doğru olub-olmaması şübhəsi onu bir an da olsa tərk etmirdi. “Pul qazanmaq üçün dişləri ilə hər hansı bir peşədən yapışmaq – iyrənc bir sıxıntıdır. Elə istəyərdim ki, bir istedadım olsun, həqiqətən də hesab edirəm ki, yaşayış üçün pul qazanmaqdan ötrü ən gözəl yol – yazıçı olmaqdır”, – məktublarının birində yazırdı. Özünə inamsızlıq onu çox üzürdü. Bax elə bu vaxt Ada həmin o qəti, həmin o yeganə sözü deyir. Bunu eşitmək Qolsuorsiyə çox lazım idi.

Münasibətlərinin dönüş nöqtəsi Parisdəki Şimal vağzalındakı görüşləri zamanı oldu. Ada gənc hüquqşünasdan soruşur: “Nə üçün yazmırsınız? Siz bunun üçün yaranmısınız”. Bu sözlər Qolsuorsinin gələcək taleyini müəyyənləşdirdi, Ada isə ədəbi olaraq həyatına daxil oldu: yazıçının katibi, sevgilisi və dostu

Qolsuorsi ata ocağını tərk edir və tutduğu kiçik bir mənzilə yerləşir. Oğlunun seçimi, əlbəttə, atanı qüssələndirsə də, ona az da olsa, yaşayışına kifayət edəcək qədər vəsait ayırır. Ancaq Qolsuorsinin tələbləri də elə böyük deyildi: sadə şərait, şəxsi fayton. O vaxtın dəbi ilə nəfis və səliqəli geyinərdi.

Adanın təbiətində istedadı şövqləndirmək və ilhamlandırmaq məharəti var idi. O özü, etiraf edək ki, çox nadir istedadı haqqında belə deyir: “Fikrimcə, mən bununçün – kiməsə xeyirxahlıq etmək üçün yaranmışam, bu mənim üçün çox vacibdir”.

Ada Conun böyük yazıçı olacağına dərhal inanır. Gəncin zəif ədəbi cəhdləri onu zərrə qədər də pərt etmirdi. O, Qolsuorsinin hələ ki bacarıqsız və sözçülüyə meyilli hekayələrinin ilk dinləyicisi olur və bu onları daha da yaxınlaşdırır. Ada indi onun ilham mənbəyinə çevrilir: bu qadın onda yaradıcılıq ehtitası oyatmağı bacarır.

Yazıçı öz yoluna Ada ilə belə başlayır.

10 il intizar

Evlənəcəkləri günə hələ uzun on il var idi. On il gizlinlər və ayrılıqlarla keçən əzablı həyat. Onların məhəbbəti talelərini birləşdirməyin mümkünsüzlüyü düşüncəsi ilə acılar yaşayırdı. “Həyatda bundan daha faciəvi heç nə ola bilməz”, – “Saqalar” müəllifi çox sonralar belə deyəcək.

1902-ci ildə Ada ərindən ayrı yaşayır, Qolsuorsinin evindən cəmi iki dəqiqəlik məsafədəki bir evə yerləşir. Ancaq onlar yalnız xaricdə birlikdə yaşaya bilirlər. Soy adlarının eyni olması işlərini bir qədər asanlaşdırır.

Ada və Con bir çox ölkədə səyahətdə olurlar: İtaliya, Fransa. Səhər saatlarını işə sərf edirdilər: Con yazır, Ada isə onun yazdıqlarını çap edirdi. Günorta saatlarında şəhər ətrafında gəzir, Normandiyanıın kənd mehmanxanalarının şüşəbənd və ya taxta eyvanında uzun-uzadı oturur, qəhvə içir və balla bulku yeyirdilər. Xoşbəxt və qayğısız vaxtlar idi! Elə bu illərdə həyatlarına musiqi də daxil olur: Qolsuorsi yazır, Ada isə qonşu otaqda royalda çalırdı. Ömrünün son günlərinədək Con bu adətini – Adanın səsləndirdiyi musiqinin sədaları altında işləmək vərdişini tərk etmədi.

1904-cü ildə Qolsuorsinin atası vəfat edir. Bu itki Conu sarsıdır. Acısı o qədər böyük olur ki, iki həftə heç kimi, hətta Adanı belə görmək istəmir. Atasının sağlığında Con onu boşanma məsələləri və ayrılmış qadınla izdivacı ilə pərişan etmək istəmir. Ancaq “viktoriyaçı” vəfat etmişdi, indi artıq Con və Ada bütün şərtiliklərə meydan oxuya bilərdilər. Onlar bir neçə günlüyə kəndə gedir, sonra isə İttaliyaya yollanır və yarım il burada açıq-aşkar birlikdə yaşayırlar ki, mayor Qolsuorsi nəhayət boşanmanın qaçılmaz olduğunu anlasın. İtaliyadan qayıdanda isə öyrənirlər ki, boşanma prosesinin ən qızğın çağıdır.

Qolsuorsu bilirdi ki, kübar cəmiyyətinin qapıları onun üzünə bağlanıb. “Mən bütün işlərimdən geri çəkildim, klublardan çıxdım və s. Nəhayət, yazmaq üçün vaxtım və heç nə ilə yüklənməmiş əqlim olacaq”.

Onlar 23 sentyabr 1905-ci ildə evlənirlər – azadlığın ilk günü. Nəhayət ki, bütün çətinliklər arxada qalır və onları buludsuz xoşbəxtlik gözləyir. Lakin on illik gizlin həyat və əcnəbi ölkədə keçirdikləri 8 ay hələ qarşıda çox çətinliklərin olacağını ehtimal etməyə əsas verirdi.

Ada ikinci evliliyinədək həyatında nə baş vermişdisə hamısının üstündən xətt çəkdi. Gözlənilmədən gündəliyinin axırıncı səhifələrini cırıb atdı. Və həyatının hesabını yenidən – 1905-ci ildən başladı.

Səbirsizliklə gözlənilən nikah xoşbəxtlik gətirmədi

Ada Cona və onun işinə sədaqətli idi. Əlbəttə, bu, çox gözəl idi, lakin. Lakin hərdən onun ifrat qayğısı Qolsuorsini sıxırdı. O, Conu bir dəqiqəlik də olsa tək qoymurdu. Nə dünyagörüşü, nə də nəcibliyi və alicənablığı baxımından ərinin səviyyəsinə qalxa bilən Ada özü üçün əlçatmaz olan dairələrdə yazıçının da gəzib dolanmasını, könül rahatlığı tapmasını istəmirdi. Conun qətiyyən eqoist olmadığını və yaxın adamları üçün hər şeyə hazır olduğunu bilən narahat Ada ərinin bu keyfiyyətini mərhəmətsizcəsinə istismar edirdi.

Adanı çətinliklər və xoşagəlməz münasibətlərdən müdafiə etmək, narahatlıqlardan qorumaq, uşaq kimi qayğısına qalmaq, hər şeydə ona güzəştə getmək lazım idi. Hətta oynayarkən də ancaq onun qalib gələ biləcəyi oyunları seçirdilər. Adada özünəinam hissini dəstəkləmək, onu Qolsuorsiyə rast gələnədək məhrum olduğu qayğı və sevgi ilə əhatə etmək lazım idi.

Bununla yanaşı, Ada heç də zəif varlıq deyildi, soyuğun nəfəsi gələn kimi məhv olan cənub çiçəklərinə də bənzəmirdi. O, iztirab çəkən gözəlliyin rəmzi olan İren Forsayta da oxşamırdı. Ada – profildən Roma qadınlarını xatırladırdı, bəzən azacıq nəzərə çarpan təbəssüm qonmuş nazik zolaq şəkilində dodaqları, kraliçalara layiq vüqarlı duruşu, möhtəşəm yerişi var idi. Adanın çoxlu şəkilləri qalıb: at belində, pişiyi yedirərkən, ovçu paltarında – çəkmə və bricidə.

Qohumlarından biri Adanı xatırlayaraq yazırdı ki, ondan daha əzələləi qadın görməmişəm. Təəccüblü heç nə yoxdur. Səhhətindən tez-tez şikayətlənən və revmatizmdən əziyyət çəkən Ada çox gözəl idmançı idi: yaxşı at sürür, dəqiq atəş açır, yaxşı kriket (ağacla oynanınalan top oyunu – tərc.) və əla bilyard oynayırdı.

Adanın soyuqluq və ciddiliyi Qolsuorsini həddən artıq təmkinli etmişdi. “Forsaytlar haqqında saqa”nın oxucularından biri Soms və İreni misal gətirərək belə qərara gəlir ki, yazıçı məhəbbətin duyğulu yönlərinə mənfi münasibət bəsləyir. Qolsuorsi buna belə cavab verir: “Mənə daha çox əks xüsusiyyətimə görə irad tutmaq olar, ancaq qarşılıqlı hislərin yaranmasını başqasının arzusunun əksinə olaraq təmin edilən duyğulardan fərqləndirmək lazımdır. Bu, eyni şey deyil. İllər ötdükcə, bəzi sınaqlardan keçdikcə biləcəksiniz ki, sevgi üçün yaranmış qadınların əksəriyyəti təbiətlərinin duyğulu nöqtələinə edilən belə qəsdlərə dözməyə başqalarından daha az qadirdilər, çünki onlar üçün mənəvi tənəzzülün güclü hissi məhz bununla əlaqədardır”. Bu sözlər, əlbəttə, Adaya aiddir.

Adanın faciəsi onda idi ki, o, fikirləşmədən Condan özünü tamamilə fəda edənədək daha çox diqqət tələb edirdi. Ada elə sanırdı ki, öz sədaqəti ilə yazıçıya dəstək olur. Ancaq sən demə, yazıçı bütövlükdə nikah buxovlarında işgəncə çəkirmiş.

Adanın ölümündən sonra qızıl mücrüsündən tapılan və ona həsr edilmiş iki əlyazma şeir Con və Ada Qilsuorsilərin məhəbbətinin yeganə şahidləridir.

Ada və Con birlikdə yaşamış, birlikdə müvəffəqiyyət qazanmışdılar. Ada xoşbəxt idi: axı Con onun həyatının mənası idi. Lakin Qolsuorsi “xeyirxahlığın əsarətində” sıxılırdı. Yazıçı Adaya və ədəbiyyata olan sevgisini bir araya sığdıra bilmirdi: yazıçı kimi inkişaf etmək üçün o, tamamilə müstəqil olmalı idi, hətta sevimli Adasından da…

O, nəyi üsün tutdu, nəyi seçdi? Qolsuorsi yazırdı: “Seçdiyimiz yolların hamısından yeganə layiqlisi mərdlik və xeyirxahlıq yoludur”.

Con Qolsuorsinin ikinci məhəbbəti

Qolsuorsinin 44 yaşı olanda onun pyeslərindən birinin quruluşunda iştirak edən on doqquq yaşlı rəqqasə və xoreoqraf Marqaret Morris ilə rastlaşır. Rəqqasə yazıçını görən kimi vurulur. “Onu görmək – onu sevmək deməkdir, o, elə xeyirxah, elə nəzakətlidir ki, onun elə məftunedici təbəssümü var ki. “

Qolsuorsi aşiq olduğunu dərhal anlamır. Demək lazımdır ki, Qolsuorsi və Marqaret Morrisin məhəbbət macərası təsəvvür edə biləcəyimiz ən məsum romandır. Ancaq Ada üçünsə bu, dəhşətli faciə idi. Nemezida yenə onu haqlayır: Con – onun etibar etdiyi, onu qoruyacaq, cəmiyyətə tanıdacaq yeganə insan ondan üz döndərmək istəyirdi. Qolsuorsi üçün isə seçim yox idi: o, arvadının iztirablarına baxa bilmirdi.

Qolsuorsi Marqaretə yazır: “Nə siz, nə də mən öz xoşbəxliyimizi başqasının iztirabları və ağrıları üzərində qura bilərik”. Onlar hələ ki, yalnız yazışırlar, lakin tezliklə buna da son qoyulur: “Aramızdakı hər cür münasibətə son qoyulmayanadək Ada yaxşı olmayacaq. Məni unudun və bağışlayın”.

Uzun illər Qolsuorsinin ailəsində yaşamış qohumlarından birinin xatirələrində deyilir ki, müqəddəs etibara “xəyanətdən” sonra da Ada və Con arasında nikah qorunub saxlanılır, amma o duyğulu məhəbbət artıq yox idi. Bundan başqa, Qolsuorsi indi Adadan daha çox asılı vəziyyətə düşmüşdü, indi o, Adasız işləyə bilmirdi.

1932-ci ildə Qolsuorsi Nobel mükafatına layiq görülür, ancaq onu son mənzilə aparacaq xəstəlik üzündən Stokholma gedə bilmir. Ada isə Conun öləcəyinə inana bilmir. Bəs onun qayğısına kim qalacaq (Yenə Nemezida işə qarışır)”.

Əzablı ölüm yazıçını yaxalayır, ancaq o, ağrılara mətanətlə dözürdü: “Mən çox yaxşı yaşamışam: Ada, var-dövlət, evlər, mükafatlar, səyahətlər, uğurlar. ” 31 yanvar 1933-cu ildə Con Qolsuorsi çəkdiyi mənəvi və fikizi əzablardan qurtulur. Onun külü Beri-Hilla zirvəsindən “dörd bir tərəfə” səpələnir. Hələ Qolsuorsinin sağlığında xəstəliklərdən əziyyət çəkən Ada isə ərindən sonra xeyli yaşayır və 29 may 1956-cı ildə 91 yaşında vəfat edir.

Biz şeyləri olduğu kimi görmək istəmirik – Con Qolsuorsi

“Əgər yazıçı dünyəvi və sosial-mənəvi problemlərdən yazmırsa, deməli, yazmasa, yaxşıdı. “. Bu sözləri ingilislərin fəxrlə “zadəgan yazıçı” adlandırdıqları, həyatı və ədəbi taleyi arzuları ilə üst-üstə düşən Con Qolsuorsi 100 il bundan qabaq deyib, indi də aktualdır. Con, bəlkə də, yeganə yazıçıdır ki, ədəbi yaradıcılığında bütün janrlardan istifadə edib: hekayə, esse, şeir, roman, pyes, publisistika, elmi fantastika, komediya, ssenari, tənqid, məqalə, pamflet. Bütün sahələrdə demək olar ki, uğur qazanıb. 1932-ci ildə məşhur “Forsaytlar haqqında Saqa” trilogiyasına görə Nobel mükafatına layiq görülsə də, onu almaqdan imtina edib. Con Ketrin Emi Douson-Skotla birlikdə dünya Pen-Klubunu təsis edib və özü də Klubun ilk prezidenti olub (1921).

Yazıçının əsas ədəbi prinsipi həyati xarakterlər, canlı və inandırıcı obrazlar yaratmaq olub, insan taleləri və cəmiyyət münasibətlərinin ən mürəkkəb və xırda detallarını açan həqiqətlər olub. Onun “Ədəbiyyat və Həyat” (“Literature and Life”, 1930) və “Ədəbiyyatda xarakterin yaradılması” (“Creation of Character in Literature”, 1931) adlı publisistik kitablarında toplanmış esselər, ədəbi-tənqidi məqalələr, pamfletlər indi də maraq doğurur. Con Qolsuorsi 86 il bundan qabaq 1933-cü il yanvarın 31-də Londonda vəfat edib.

C.Qolsuorsi mənim yazıçımdır, onu indi də oxuyur və sevə-sevə tərcümə edirəm. Hələ tələbə vaxtı onun bir neçə hekayəsini, esse və romanını, pyeslərini tərcümə etmişdim, onların əksəriyyəti Azərbaycan mətbuatında dərc olunub. Bu yaxınlarda arxivimdən yazıçının maraqlı bir məqaləsinin tərcüməsini tapdım, heç bir yerdə dərc olunmayıb. Məncə, bu gün üçün də aktualdır. Onu “Ədəbiyyat qəzeti”nə təqdim edirəm.

Con Qolsuorsi

Bəli! Belə bir xarakterik cəhət nə üçün bizim sənətimizdə kök salıb? Bunu hansı gizli instinktlərlə izah eləmək olar? Əvvəlcə soruşaq görək, doğrudanmı, bizdə bu xüsusiyyət var?

Nəyəsə oturub sakitcə, bizə və qonşularımıza maddi baxımdan fayda gətirsin deyə, ya da, sadəcə, maraq xətrinə baxmaq! Məgər bu, ingilis üçün xarakterik cəhətdir? Düşünürəm ki, yox.

Tutaq ki, biz noyabr günlərinin birində Kensinqton bağlarını gəzirik, bağların Baysvater sahilində Hayd Parka qovuşduğu yerdən ötüb keçirik, sonra əyləncəli fontanın qabağından ötəndə kiçik və hüznlü kilsəyə gedən yolun üstündə yarımdairəvi oturacaq görürük; oturacağın üstündə ayparaşəkilli bir neçə hərəkətsiz fiqur var. Budur, burada vaxt öldürmək üçün bekarçılıqdan gözlərini qırpmayan yaşlı bir qadın oturub – apaydın görünür ki, kənddən gəlib, əynində nimdaş və tozlu qara don var, başına köhnə şlyapa qoyub, şlyapanın kənarı lentlə düyünlənib; yanında sifəti içkidən şişmiş bir nəfər şəhərli də oturub, əynində sallanan pal-paltarı büsbütün bulaşıqdı; orda gözləri çuxura düşmüş vərəmli xarici də var; daha bir nəfəri görürük – kömür kimi qaralmış cavan qazmaçıdı, yatıb, bulaşıq çəkmələrini çıxarıb bir qədər aralıda qoyub; hansısa saqqallı birisi də başını kədərlə sinəsinə əyib; vərəmlilər, avaralar, daha kimlər. bu adamlar dəhşətli dərəcədə yorğun görünür, yarımdairəvi sığınacaqdan ətrafa sakit-sakit baxırlar – sığınacaqdan onların kürəyinə yel vurmur, hərdən günəş şüasıyla qızınırlar.

Və biz də onları seyr edir, əhvalımızdan asılı olaraq düşünürük: “Yazıqlar! Kaş onlara hansı yollasa kömək edə biləydik!” və yaxud: “Yaramazlar! Axı buna necə yol vermək olar?”. Lakin biz onları seyr etməkdən hansısa zövq alırıqmı? Yaxud pişiyin qulağının dalını sığallayarkən onun yaşadığı duyğuları yaşaya bilirikmi? Bəlkə, bizim üçün bu adamları belə vəziyyətdə görmək, sadəcə, adi bir həyat mənzərəsidir, həyatın enişi-yoxuşu kimidir? Yenə düşünürəm ki, yox! Nə üçün? Əvvəla, ona görə ki, bizdə dərhal belə bir duyğu oyanır: nəsə eləməliyik! Onlar çox təhlükəlidir, sabah bizim rahatlığımızı da təhlükə altına ala bilərlər! Bundan başqa, mənzərənin özü iyrənclikdir, gözəl fontanı seyr etməkdən feyziyab olmaq əvəzinə ürəyimiz bulanır onlara baxanda. Ya bəlkə də, ona görə ki, biz həddən artıq humanistik?!

Çox ola bilsin ki, bizim “Ah, necə də kədərli mənzərədir!” – deyə hüznlü, ağrılı ahlarımız, əslində, başqa bir mənanı versin:”Lütfən, çıxın gedin burdan, siz bizim kefimizi pozursunuz!”.

Yaxud yenə həmin sual çıxır meydana- nə üçün biz şeyləri olduğu kimi görmək istəmirik, hər cür iyrənclikdən qaçırıq? Bəlkə, ona görə ki, burda bir “qeyri-yaradıcı instinkt” var? Bəlkə, bu, sivilizasiyanın ayrılmaz yol yoldaşıdır, onun zəmanət verdiyi mənzərədir? Bəlkə, o sivilizasiya bizdən tam gücümüzlə işləmək qabiliyyəti tələb edir? Tələb edir ki, vaxtımızın hər dəqiqəsini praktiki işlərlə dolduraq? Bütün boşluqların bir kvadratmetrini belə boş saxlamayaq? Əlbəttə, biz bilirik ki, heç nədən heç bir şey də yaranmaz, hər hansı bir şeyi “yaratmaq” üçün adam gərək, ilk növbədə, təəssürat qəbul edə bilsin; təəssüratı almaq üçün isə sənin gərək sinir cihazın ola, ətrafda baş verən hər hansı bir qıcığa qarşı reaksiya verə bilən yalın əl barmaqlarından ibarət aparatın ola. Bu aparat isə bizim milli ruhumuza və ənənələrimizə o qədər yad və iyrəncdir ki, onun haqqında düşünmək anı gələndə belə, üz-gözümüz qıpqırmızı qızarır.

Cəsarətlə etiraf edək ki, nəticə heç də müasir sivilizasiyanın sürətli axınının töküldüyü yuxulu impressionizm bataqlıqlarından çıxmaq imkanı vermir. Biz özümüzdə anlamaq qabiliyyətini tərbiyələndirməyə cəhd göstərməyə şübhə ilə yanaşırıq, yəni yaradıcı təfəkkürün, yaratmaq qabiliyyətinin və virusların hər bir insanda mövcud olduğunu anlamırıq. Bu və ya digər predmetə, sadəcə, predmet olduğu üçün baxmaq, həmin predmetin bizə necə təsir edəcəyini düşünmədən, hətta bu anlarda həmin predmetdən hansı faydanı götürə biləcəyimizi görmədən baxmaq – bizim vicdanımızı paralayır, təhlükəsizlik duyğularımızı, həyatımızın düzümünü yaralayır; çünki bizə elə gəlir ki, bu, vaxt itkisidir, cəmiyyət üçün təhlükədir və bizim daha yaxşı yeyib-içməyimizə, daha yaxşı geyinib-kecinməyimizə, daha rahat yaşamağımıza, mövcudluğumuzun dayanıqlı, möhkəm, nizamlı olmasına kömək etmir.

Ola bilsin “Şeyləri olduğu kimi görmək istəmirik” hökmünün yuxarıdakı üç mümkün səbəbinin ilk iki səbəbinin izahını elə üçüncüdə axtarmaq lazımdır. Lakin yanaşmanı necə izah etsək də, bu yanaşma mövcuddur, bəli, bəli, movcuddur belə yanaşma! Əgər Hoqartın antivaizlik rəsmlərini və Konstablın səma etüdlərini nəzərə almasaq – mən yalnız ölmüş müəllifləri nəzərdə tuturam – deyin görüm, İngiltərə Mane və ya Mille kimi, Flober, ya da Mopassan kimi, Turgenev və ya Çexov kimi real və canlı həyatın bədii təsvirini verən heç olmasa bir yazıçı yetişdiribmi? Görünür, biz, yəqin, həddən artıq, mədəni adamlarıq, hətta o qədər mədəniyik ki, təbiət də bizə ədəbsiz görünür. Etika ilə pərdələnməmiş hərəkətlər və həyat emosiyaları bizə qorxulu gəlir. Kontinentin ziyalıları artıq çoxdandır ki, bir çox estetik məsələdə bizi demək olar ki, mədəniyyətsiz hesab edirlər. Ah, əgər onlar bilsəydilər ki, bizim mədəniyyətsizliyimizə öz primitiv nifrətlərini bildirərkən özləri necə də mədəniyyətsiz görünürlər! Bizə elə gəlir ki, onlar bu halda şeyləri olduğu kimi görməyə də uşaqcasına baxırlar! Axı biz artıq bunu çoxdan adlamışıq, böyümüşük, biz ən qədim qərb ölkəsiyik, öz həyatımızı elə laklamışıq ki, artıq onun hansı ağacdan düzəldildiyini belə bilmirik! Bizim nəsillər “yaxşı ton” deyilən ifadəylə elə möhkəm spirtlənib ki, artıq bu tərbiyəsiz həyatın haraylarına, çağırış və tələblərinə də yetə bilmirlər! Biz qadağan edilmiş, ya da sadəcə, köhnə damğaçılarıq, hətta insanın tale ilə amansız mübarizəsini və açıq hisslərinin təsvirini də sənət vasitəsilə verə bilmirik! Biz kimdən ötrü sənətkarıq – şübhəli şəxsiyyətlərik? Əgər o sənətkar öz əsərində idmançı və centlmen deyilsə, deməli, onun şəxsiyyətinə də şübhə var. Yazıçı seks məsələlərinə inadla toxunmursa, biz başımızı sarsıntıyla bulayan adamlarıq, o zaman dərhal kitabı bağlayıb deyirik:”Ən pisi odur ki, bu sağolmuşlar həqiqəti yazırlar!”

Neyləmək olar! Görünür, biz çoxdan əmin olmuşuq ki, düşüncə, fikir faydasızdır, özümüzü həddən artıq fəaliyyətə – həyatın maddi tərəflərinə həsr etmişik, lakin ruhi, mənəvi qidalar üçün özümüzə sentimental kədər adətini saxlamışıq. Bu da şeylərin olduğu kimi görünməsini əməlli-başlı çəpərləyib. Biz, sanki nəticəyə gəlmişik ki, həyatda o cür “şeylər” yoxdur, varsa da, çox nahaq yerə! O şeylər barədə düşünməyin nə faydası? Əslində, bizim milli idealımız sağlamlığa, maddi təminata yönələn arzudur; biz həssas olmaq istəyimizi də ona qurban vermişik! Bu da bir yanaşmadır.

Lakin mükəmməlliyə can atan fəlsəfə üçün, qızıl orta arzusunda olan, sakit və sabit mövqeyə həsrətlə baxan, ən mərkəz nöqtədə yırğalanan lövhə, yəni qızıl orta sevdalı ruh üçün belə bir yanaşma çox güman ki, yetərli və münasib deyil; bu, məğlubiyyətə qol çəkmək deməkdir, şüurlu surətdə öz ruhi dünyanı məhdudlaşdırmaqdır. Doğrudanmı, bununla barışmalıyıq? Doğrudanmı, biz mövcud şeyləri olduğu kimi görməkdən həmişəlik imtina etməliyik? Doğrudanmı biz öz təxəyyül və həssaslığımızı qorxudan kütləşdirəcəyik ki, bizə hakim olmasınlar və ruhi sağlamlığımızı pozmasınlar? Bu, rəssamın da, məfkurə adamının da qarşısında duran əbədi sualdır! Təkamüldən sonra tənəzzül gəlir deyə, “dəhşətli alov da qurtarıb sönür” məntiqi var deyə, biz doğrudanmı, mükəmməl harmoniyaya yetmək sahəsində səylərimizdən imtina etməliyik?

Heç sevməməkdənsə, yaxşı olmazmı ki, sevəsən, sonra da sevgini itirəsən? Divarın dibinə düşən kölgə altında əbədi qalmaqdansa, yaxşı olmazmı ki, irəli gedəsən, insan qəlbinin və milli ruhun ən mükəmməl tellərindən tutasan. Mən, hətta düşünürəm ki, sinir sistemini qorumaqla da həssas olmaq olar; hissə qapılmadan, ağlı itirmədən də insanları başa düşmək, onların dərdinə şərik olmaq olar; soyuqdəyməyə tutulmadan da bütün küləklərin qarşısında durmaq olar.

Allah bizim ədəbiyyat və incəsənətimizi Berdsleyizmdən qorusun! Lakin bu ifratçılıq meyilləri ilə onların indiki “sağlamlıq” durumu arasında mükəmməl təkamül zirvəsi durur – bizim hələ bu zirvəyə çatmağa uzun yolumuz var! Və düşünürəm ki, o təkamülə çatmaq üçün həyatda şeyləri daha çox olduğu kimi görməliyik.

İngiliscədən çevirəni:

Kamran Nəzirli

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.