Xəyalə ZƏRRABQIZI: Seyran Səxavət yaradıcılığı
– Seyran müəllim, yaşlılardan, gənclərdən bir neçə yazıçının kitabları xaricdə çap olunub. Sizdə vəziyyət nə yerdədir?
Azıx mağarası Adəmlə Həvvanın yataq otağıdır və orada. – Seyran Səxavətlə MÜSAHİBƏ
Bu dəfə onunla 75 yaşın bu biri sahilində söhbətləşdik. Yubiley müsahibəsi elədik. Telefondakı səsi də gülürdü. Doğulduğu kəndi 30 ildən sonra işğaldan azad edilib. 75-i ayaq üstə keçirir, üstəlik bu yaşında erməni vandallarının daşını daş üstə qoymadığı kəndini də gedib görüb.
Yenicə ömrünün 75-ci baharına ayaq basan yazıçı Seyran Səxavətin Publika.az-a müsahibəsini təqdim edirik:
– Seyran müəllim, 75 illik yubileyinizi necə və harada keçirdiniz?
– Doğum günümü deyirsən də, eləmi? – Bəli. – Adam doğum gününü doğulmadığı yox, doğulduğu yerdə qeyd edər. Doğum günümdə Füzulidə idim. Ayın 21-i başımı götürüb getmişdim. Yox, yalan söylədim, 23-ü yollanmışdım. Yerin məlum, yaxşı keçdi. Orda olanda zəng eləsəydin, deyərdim ki, bir taksiyə min, gəl. Qəşəng qeyd elədim. Mən idim, tərcümeyi-halım və mənim ətrafımda olan adamlar idi. Qohum-əqrəba da başıma yığışmışdı. Belə götürəndə az idik, amma o “az”ın arxasında Füzuli boyda torpaq dayanmışdı; 130 min əhali, mən bir də. Yəni çox gen-bol keçdi.
– Yəqin işğaldan azad olunan kəndinizə də getmişdiniz.
– Yox, indi işğaldan azad olunmuş kəndimizə getməyə qoymurlar. Bir dəfə getmişəm. Orada heç nə yoxdur, heç nə qalmayıb. Sadəcə ünvan qalıb, yəni bura Yağlıvənd kəndidir.
– Gedəndə heç olmasa, evinizi tapa bildinizmi orada?
– Sənin başına dönüm, olmayan şeyi necə tapım?! Tapmaq mümkün deyil. Qurban sənə, ev yoxdu, onu nətər tapım.
– Seyran müəllim, bəs burada, Bakıda yubileyiniz qeyd olunacaqmı? “Ədəbiyyat qəzeti”ndə elanla, yazı ilə sizi təbrik eləmişdilər. Amma.
– Elan vermədilər e, “Ədəbiyyat qəzeti” düz altı səhifə məndən yazdı. Sonra “Şərq”, “Ədalət”, “525-ci qəzet”, “Üç nöqtə” qəzeti, nə bilim, “Beş nöqtə” qəzeti. Çoxları yazıb, hamısını tapıb əldə edə bilmədim. Saytlar da vermişdi.
– Sizin yubileyiniz dövlət səviyyəsində qeyd olunacaqmı?
– Bala, mənim yubileyim, 75 illiyim pandemiya səviyyəsində qeyd olunacaq. Yəni pandemiyanın imkan verdiyi səviyyədə. Amma dostlarım, tanışlarımla qeyd etdik, onlar unutmadı. Mənim tərcümeyi-halım torpaqdır, adamın kəndinə yaz gəlir ha, bax elə. istənilən vaxt cücərir, çiçəkləyir, məhsul verir. Mənim yubiley marafonum üç-dörd ay bundan qabaq başlayıb. Hələ də davam edir. Deyirlər ki, hələ bir-iki ay da davamı gələcək.
– Seyran müəllim, yaşlılardan, gənclərdən bir neçə yazıçının kitabları xaricdə çap olunub. Sizdə vəziyyət nə yerdədir?
– Mənim kitablarım xaricdə çap edilib. İndi də çap olunur. Daha doğrusu, çapa hazırlanır. Hətta mənim kitablarım dünyanın elə aparıcı dili yoxdur ki, həmin dilə çevrilməsin. Rus, ukrayn, ingilis, alman, ispan, fransız, ərab, fars, əfqan, türk dillərinə tərcümə edilib. Hamısını saya bilərəm.
– Bu sualı sizə bir dəfə də vermişdim. Nədənsə tənqidçilər sizdən qaçırlar. Mənə görə ən yaxşı əsəriniz olan “Yəhudi əlifbası” ədəbi tənqidçilər tərəfindən öz layiqli qiymətini almadı.
– O sualı sən vermişdin? Sən həmin oğlansan?
– Bəli.
– Sənə quzu kəsərəm, öz adamımızsan ki, sənin başına dönüm, belə de də. (gülür). Mən bunu bilirdim ki, ən yaxşı əsərim “Yəhudi əlifbası”dır. Bunu sənə qədər başqa heç kəs deməyib. Heç yazmayıblar da. Görünür sənlə mənim dünyaya baxışımızda bir əkizlik, doğmalıq var. Sovet dövründə muzdlu tənqidçilər var idi, Allah qoymasa, indi də günəmuzd tənqidçilər var. Apar on manat ver, sənin haqqında nə desən, nə istəsən yazsınlar. Sənin dediyin kimi, “Yəhudi əlifbası” romanının bəxti gətirmədi. Çünki onu başa düşən olmadı. Həmin roman haqqında tənqidçilər mənə şifahi şəkildə fikir bildirdilər. Yalandan, üzəki dedilər ki, bu roman dahiyanədir, şedevrdir. Soruşurdum ki, nəyi şedevrdir, qayıdırdı ki, sonra deyərəm. Sonra da demirdilər, yəni şifahi formada fikir, münasibət bildirirdilər, vəssalam. Azərbaycan tənqidinin mənim yaradıcılığıma münasibəti hər zaman səthi olub. Mənim üçün Azərbaycan tənqidinin, ümumiyyətlə, tənqidin heç bir mənası yoxdur. Tənqid Azərbaycan ədəbiyyatından uğursuz bir törəmədir. Üstəlik, bu gün Azərbaycan tənqidi bu gün çox yazıq və miskin bir vəziyyətdədir. Ona görə də gəl, tənqidimizin üstünə çox getməyək. Mənim üçün Azərbaycan tənqidi yoxdur, olmayan şeyin üstünə niyə gedim?!
– Müəllim, kəndiniz işğaldan azad olunanda hansı hissləri keçirdiniz?
– Heç bir hiss keçirmədim. Kəndim azad olunan gün nə hiss keçirməli idim ki. Mənim hisslərim Şimal Buzlu okeanı kimi donmuşdu. Hisslərim Antraktida kimi donmuş vəziyyətdə idi. Mənim hisslərimin buzu hələ indi-indi açılır, əriyir. Axı biz birdən-ikiyə belə sevinmək görməmişdik. İlk dəfədir ki, biz torpaq almışıq. Bu hadisəyə ürək dolusu sevinmək üçün illər lazımdır. Bu, peşəkarcasına sevinmək tələb edir. Birini qucaqlayıb öpmək, qonşunla oturub bir araq içmək, “güldüm getdi. “, “ayə, Qarabağ alınıvee, gəl kef eliyək” anlayışı başqa şeydir, o bizlik deyil.
– Ev tikəcəksinizmi Yağlıvənddə?
– Bəli, tikəcəyəm. Köndələnin qırağında altı sot yerim var. Bu biri tərəfi Quruçaydır. Quruçay mədəniyyətini də bilirsən, SSRİ-də ən qədim mədəniyyətdir. Söhbət 7500 ildən gedir. Onun da qırağında Azıx mağarasıdır. Üç kilometr yaxınlığındadır. Bu yaxınlarda bir yazı yazmışam, çap etdirməmişəm, amma kitabda gedəcək. Orada yazmışam ki, Azıx mağarası Adəmlə Həvvanın yataq otağıdır. Orada nəsə ediblər və bütün bəşəriyyət, insanlar yer üzünə oradan səpələnib.
– Şuşada Vaqif poeziya günləri keçiriləcək. Belə bir təklif var ki, Yazıçılar Birliyinin 13-cü qurultayı da elə Şuşada keçirilsin. Siz necə baxırsınız bu təklifə?
– Çox yaxşı baxıram. Belə bir təcrübə Yazıçılar Birliyinin taleyində var. Deməli, Qarabağ hadisələri hələ başlamamışdı. Təxminən 1987, ya da 1988-ci il idi. Biz Ağdamda o zamankı Yazıçılar İttifaqının səyyar plenumunu keçirmişdik. İnşallah, indi də qurultay keçirmək qismətimiz olar. Oğlum, Şuşa elə bir yerdir ki, dünyada unikaldır. Deyirlər ki, dünyada 11 iqlim qurşağı var, onun da 9-u bizdədir. Həmin 9 iqlim qurşağından altısı Şuşa və ətrafının payına düşür. Yerdə qalanı Quba, Naxçıvan, Qəbələ və digərlərinin payına düşür. Naxçıvanı da xüsusi qeyd edərsən. Deməli, yüksəkliyə qalxdıqca, oksigen şehlənir. Atmosfer təzyiqi yaranır – demək istəmirəm. Oxucu onu haradan bilsin. Yuxarı qalxdıqca hava seyrəlir, yəni oksigen azalır. Allah Pənahəli xana rəhmət eləsin, bu adam akademik imiş. Şuşa elə bir yerdir ki, orada dərənin dibində, Daşaltıda havanın sıxlığı nədirsə, yuxarısında da o cürdür. Yəni havanın təzyiqi dəyişmir, dərənin dibində nədirsə, yuxarıda da odur.
P.S: Oğul, bax, indi antrikot gəldi, yanımdakılar basıb yeyəcək, ac qalacam – deyib gülə-gülə sağollaşır. Təklif edir ki, işdən çıxıb oturduqları yerə gəlim. Təşəkkür edib, 75 yaşlı sözlə sağollaşıram. Seyran müəllim düz deyirmiş, yubiley marafonu bu gedişlə hələ 3-4 ay davam edəcək.
Tural Turan
Xəyalə ZƏRRABQIZI : Seyran Səxavət yaradıcılığı
Bədii əsərlərdə millilik, xəlqilik dedikdə, xalqın ictimai təfəkkürünün, tarixi varlığının, milli düşüncə tərzinin, dilinin, dininin, mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin dərki və bütün bunların bədii inikası nəzərdə tutulur. Yazıçı o zaman xalq sənətkarı səviyyəsinə yüksəlir ki, o, həqiqətən xalqın ruhunu duyur, onunla birgə nəfəs alır, xalq həyatını bütün dolğunluğu ilə işıqlandıra bilir.
Ümumbəşəriliyə gedən yol millilikdən və xəlqilikdən keçir. Bu cəhət müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrində özünü qabarıq göstərir. Bu baxımdan çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Seyran Səxavətin yaradıcılığı milliliyi, xəlqiliyi, toxunduğu problemlərin aktuallığı və ümumbəşəriliyi ilə diqqəti cəlb edir. Onun yaratdığı hər bir xarakter milli koloritlə yanaşı, həm də özündə bəşəri dəyərləri ehtiva edir. Seyran Səxavətin əsərlərində millilik ümumiliyin, ümumbəşəriliyin tərkib hissəsi kimi özünü göstərməklə yanaşı, həm də obrazların mənəvi-psixoloji yaşantılarının əsas ifadə vasitələrindən biri kimi çıxış edir.
Ümumiyyətlə, bədii ədəbiyyatda, yaradıcılıqda milliliyə, bəşəriliyə nail olmaq üçün sənətkarın qələmə aldığı mövzu dərin milli və bəşəri məzmuna, ictimai-əxlaqi mündəricəyə, həyati əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi müqəddəratı ilə bağlı işıqlı ideallara, ümumbəşəri problemlərə cavab verməlidir. Bu mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları olmalı, onun milli-mənəvi xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya-məfkurə, həm də fərdi cəhətlərinə görə seçilməli, dövrün, zamanın tələblərini və ümumxalq problemlərini həll etməyə qadir olan bütöv, kamil xarakter səviyyəsinə qalxmalıdır. Bu əsərlərdə qoyulan problemlər sosial-psixoloji, mənəvi-etik məzmunca zəngin və aktual olmalı, yüksək səviyyədə öz həqiqi bədii həllini tapmalı, yaradılan obrazlar sənətkarlıqla işlənilməlidir.
Qeyd edək ki, bu məsələlər Seyran Səxavətin yaradıcılığının ana xəttini, özəyini təşkil edir. Ümumbəşəri mövzular hesab olunan – həyat və ölüm, dünya və insan, xeyir və şər, əxlaq və mənəviyyatsızlıq problemi, fərdin və bütövlükdə cəmiyyətin faciəsi yazıçının qələmində yüksək psixoloji səviyyədə, konkret hissi formalarda öz bədii təcəssümünü tapır. Ədibin bütün əsərləri problem ciddiliyi, tarixiliklə səsləşən müasirliyi, həyati materialların zənginliyi, müəllif mövqeyinin fəallığı ilə diqqəti cəlb edir.
“Nekroloq”, “Yəhudi əlifbası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Ağrı”, “Persona non qrata” və s. əsərlərində yazıçı sanki ciddi bir xəbərdarlıq, çağırış intonasiyası ilə cəmiyyətə üz tutur, insanları öz tarixi kimliyini, milli mahiyyətini dərk etməyə çağırır, düşündürür və düşdüyü bəlalardan xilas olmağın yollarını göstərir. Bu əsərlərdə insanların pula satılması, mənəviyyatın kirəcləşməsi, deformasiyaya uğraması, milli dəyərlərin aşınması kimi bütün dövrlərdə və cəmiyyətlərdə özünü göstərən naqisliklər fəal yazıçı mövqeyindən güclü tənqid edilib.
Seyran Səxavətin “Yəhudi əlifbası” əsərində zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir. Bu barədə professor Tofiq Hüseynoğlu maraqlı bir fikir söyləyir: “O əsərdə ki, şərti-metaforik plan var, orda fəlsəfə var, orda əzəli və əbədi məsələlərin mahiyyətini ifadə edən mənalar var, orda millilik və bəşərilik var”.
“Yəhudi əlifbası” romanının əvvəlində yazıçı real həyat həqiqətlərinin, insan cəmiyyətindəki naqisliklərin, mənəvi çatışmazlıqların fonunda bəşəriyyəti uçuruma aparan bir sıra aktual, ümumbəşəri problemlərə toxunmuşdur. Romanı oxuduqca müəllifin toplumun köklü problemlərini bədii həqiqətə çevirmək və həmin əngəllərə qarşı ictimai mübarizə əzmini gücləndirmək cəhdi diqqəti cəlb edir. Xalqın mentalitetində əsrlər boyu qorunub-saxlanmış əxlaq, davranış, adət-ənənə və bu kimi digər mənəvi dəyərlər getdikcə sürətlə öz təməlindən qopur, ayrılır, insanlar şərin, nəfsin və ehtirasların əsiri, qurbanı olur. Bu cür sosial ziddiyyətlərin kökündə ictimai ədalətsizlik, mənəvi kasadlıq kimi amillərin durduğunu vurğulayan yazıçı əsərin əvvəlində zamanın, dövrün təzadlarla dolu, acınacaqlı bir mənzərəsini yaradır.
Seyran Səxavət təkcə bizim cəmiyyətimizi deyil, bütövlükdə bəşəriyyəti saran ictimai eyiblərə, naqisliklərə, qüsurlara ayna tutur, insanlığın mübtəla olduğu bu ümumbəşəri xəstəlikdən – mənəvi şikəstlikdən xilas olmağın yollarını arayır. Bu əsəri oxuduqca müəllifin, sözün həqiqi mənasında, təkcə özümüzü, öz xalqımızı, ümmətimizi deyil, bütün bəşəriyyəti narahat edən məsələlərə eyni həssalıqla yanaşdığının şahidi oluruq.
“Yəhudi əlifbası” romanını oxuduqca aydın olur ki, yazıçı insan xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri və insanlığın getdikcə sürətlənən faciəsini dərindən duyur, bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır. Bu epizodların təsvirində Seyran Səxavət şərti-metaforik kolliziyadan istifadə etsə də, sərt və amansız müəllif mövqeyi ilə yadda qalır. O, hər bir hadisəyə yanaşmada şərti-metaforik və satirik üslubun imkanlarından məharətlə istifadə edib, obrazların təsvirində güclü psixoloji analizlərə yer verib. Üslubun verdiyi imkanlar daxilində zəngin obrazlar qalereyası yaradan Seyran Səxavət əsərdə bir çox məsələlərə zahirən sadə, ancaq batində məntiqi və dərin yanaşıb. Üslubuna, mövzu aktuallığına, süjetinə, kompozisiyasına, tamlığına, məzmun-forma bütövlüyünə görə nəsrimizdə xüsusi yer tutan bu roman həm milli, həm də bəşəri problemlərə ayna tutan və onların həllinə çalışan bir əsər kimi yadda qalır. Əsərdə mükəmməl ümumiləşdirmə ilə yaradılmış, düşüncələrimizə birbaşa təsir edə və yazıçı mövqeyini dolğun şəkildə ortaya qoya bilən insan xarakterləri və taleləri diqqəti cəlb edir. Bu surətlərdən bəziləri tiranlığı, avtoritarizmi ilə seçilən ümumiləşdirilmiş obrazlardır. Maraqlı burasıdır ki, bu qədər obraz və onların yaşantıları, daxili əzab və sarsıntıları barədə söhbət açarkən yazıçı əsərin mürəkkəb süjetini elə sistemlə qurur ki, epizodlar bir-biri ilə tam məntiqi ardıcıllıqla əlaqələnir. Bu baxımdan Özünü axtaran adamın Füsunkarla söhbətini əks etdirən səhnə olduqca maraqlıdır: “Özünü Axtaran Adam Füsunkardan soruşdu:
– Nəslinizdə-kökünüzdə şairdən-zaddan olmayıb ki?
– Bu hardan gəldi ağlına? – Füsunkar onun sualını bir az da suallandırdı.
– Elə-belə soruşdum… öz adın Füsunkar, atan Qələmkar, baban Səhlənkar, ulu baban Minnətdar… Hamınız qafiyələnmisiniz, ona görə… Babalarından heç şair olanı var?
– Allah eləməsin, nə danışırsan, bircə elə şairimiz kəmdi. Mənim babalarımın hamısı tacir olub, elə bu gün də hamımız tacirik, biznesmen..
– Hər şeyi alıb satanlar, axırda, sən deyən kimi, elə hər şeyi satırlar. Əllərinə bir şey keçməyəndə satqınlıq eləyirlər, bu da bir növ elə sən deyən kimi, tacirlikdi, biznesdi…”
Maraqlı bir məqamdır ki, müəllif istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində öldürücü satira vasitələrindən məharətlə istifadə edərək bu yolla sosial-ictimai qüsurların islahına çalışır, tipi öz dili ilə ifşa etməklə hadisə və xarakterlərin təbiətindəki komizmi, gülünclüyü, naqisliyi oxuculara təqdim edir.
Seyran Səxavət cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən ictimai bəlaları, əxlaqi qüsurları tənqid edərkən satiranın ən yüksək forması sayılan ifşaçı gülüşdən məharətlə istifadə edir. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanıb meydana çıxan satirik gülüş həmişə yazıçının əlində ali mərama, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı mövqeyində olur. Cəmiyyətin, məişətin, mənəvi həyatın bütün sahələrinə nüfuz edən, köləlik və istismar dünyasının ən qaranlıq guşələrini açıb göstərən, onun çirkin, eybəcər təbiətini üzə çıxardan satirik gülüşün tənqid hədəfləri saysız-hesabsız, təsir dairəsi olduqca genişdir.
“Eybəcərliyin eybəcər olduğunu dərk etdirən”, ona qarşı nifrət, mübarizə hissi oyadan bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerdə tənqid atəşinə tutduğu hədəfdən, qanun və qaydalardan, qüsur və nöqsanlardan qat-qat yüksəkdə durur, mütərəqqi fikirlərin, ideyaların tribunasına çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər, ən iyrənc cəhətlərini ifşa edərkən belə işıqlı, nurlu təbiətini qoruyub saxlayır.
Satirik, ironik yanaşmanın məzmunu, ictimai kəsəri onun tənqid hədəfinə çevirdiyi mövzudan, həyat materialından doğur. Bu isə yazıçıdan həyatı düzgün əks etdirmək bacarığı ilə bərabər tənqidi təfəkkür tələb edir. Cəsarətlə deyə bilərik ki, Seyran Səxavətin bütün yaradıcılığı bu tələbə ən yüksək səviyyədə cavab verir, xüsusilə “Yəhudi əlifbası” əsəri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir.
Cəsarətli, aydın mövqeyi yazıçının şəxsiyyət və xarakter bütövlüyü ilə əlaqədardır. Yazıçının milli-mənəvi varlığında bu xüsusiyyətlər bütövlüyü və tamlığı ilə üzə çıxır. Elə buna görə də onun bədii personajları yaşadığımız dövrdə nadir rast gəlinən insan mənzərələridir.
İctimai bəlaları, cəhalət, rəzalət və eybəcərliyi ifşa cəhətdən Seyran Səxavət sələflərinin cəsarətli yolunu uğurla davam etdirərək, əsərlərində satirik gülüşün kinayə, sarkazm, ironiya, məsxərə kimi formalarından son dərəcə məharətlə istifadə edib. Onun əsərlərinin özəyini – obrazlara yazıçı münasibətinin ilk rüşeymini yumor, istehza və sarkazm təşkil edir. Məmməd Arif Dadaşzadə yazırdı ki, Axundovun tənqidi pozitiv səciyyə daşıyır, yəni bu tənqidin arxasında böyük və müsbət fikir, gözəl bir məqsəd, müqəddəs bir ideal durur.
Sələfi – böyük mütəfəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də “istehza və məsxərə yolu ilə” yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Onun hadisə və obrazlara bəslədiyi gizli komik münasibət əslində nikbin əhvali-ruhiyyədən doğur və gülüş vasitəsilə insanı düşdüyü bəlalardan arınmağa çağırır. Sənətkar bu yolla insanın daxilindəki hər cür qüsurları aradan qaldırmaq, onu düşünməyə sövq etmək, özünü dərk etməyə və vətəndaş kimi formalaşmağa, vətənin və millətin taleyi ilə bağlı düşünməyə yönləndirir. Yazıçı düşünür ki, milli birliyə milli şüuru oyatmaqla, milli düşüncəni formalaşdırmaqla nail olmaq mümkündür. Bu, Seyran Səxavətin sənət kredosu, sənət konsepsiyasıdır. Əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçının mövqeyi Mirzə Ələkbər Sabirlə, Mirzə Cəlillə yaxından səsləşir.
Seyran Səxavətin əsərləri dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun kəsb etməkdədir. O, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Seyran Səxavət aktuallığına, əhəmiyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yazıçı əsərlərində insan həyatının, düşüncəsinin köklü problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi bəlalarını bədii sözə çevirir.
Ədib satirik ifadə tərzindən, ironiyadan geniş istifadə ilə yazdığı “Yəhudi əlifbası” romanının hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürücü hadisələr yer alıb ki, bu da oxucuda “roman içində roman aurası” yaradır. Müəllif fikirlərinin birmənalı anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədilə simvolik, rəmzi-alleqorik obrazlardan, şərti-metaforik fiqur, plan və situasiyalardan uğurla istifadə edib. Seyran Səxavət bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə almışdır. Tarixiliklə müasirliyin vəhdəti, eyni zamanda gələcəyə xitabla yazılmış bu dərin məzmunlu əsər sosial-ictimai problemlərin bədii əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sənətkarlığı və yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı – özünü dərk etmək iqtidarında bulunan bütün xalqların əlifbası ola bilmək səviyyəsinə yüksəlir. İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı “Yəhudi əlifbası” romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır.
Seyran Səxavətin bütün əsərlərində bu ana xətt – bəşəriyyətin taleyindən narahat bir ürəyin həyəcanları, pak bir vicdanın səsi adamın ruhunu titrədir, varlığına hakim kəsilir. Bütün əsərlərinin sonunda müəllif dünyanın, bütövlükdə bəşəriyyətin xilasını məsum körpələrin quracağı sağlam gələcəkdə görür. Uşaqların saflığı, məsumiyyəti, paklığı, Tanrının uşaqlara böyük qayğısı, etimadı, uşaqların quracağı dünyanın gözəlliyi və əmin-amanlığı, demək olar ki, bütün əsərlərdə (“Persona non Qrata”, “Nekroloq” və sairə), o cümlədən, “Yəhudi əlifbası” romanında aparıcı məqam kimi yadda qalır: “Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir güşəsində mələklər körpələri əmizdirirdilər, doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər, adları yox idi. Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer eləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı, yaxud dayanmamışdı, bu məkanda, ümumiyyətlə, Zaman anlayışı yox idi. Bu uşaqlar nə heykəlləşmiş valideynlərin balaları idilər, nə də Zamanın, bu uşaqlar Allahın balaları idilər. Allahın körpələrə bir az rəhmi gəlmişdi, yəni, əslində, körpələr Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə zamansa, adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki körpələr üçün idi… Bu körpələr dünyanı xilas etmək üçün xüsusi nəzarətlə böyüdülürdü, Allahın başqa çarəsi qalmamışdı…”
Müəllif uşaqların xilas edəcəyi bir dünyada insanların iç dünyasını elmin, ədəbiyyatın və incəsənətin paklaşdıracağına və uşaqların bizi hüzurlu, azad bir sabaha – Aydınlığa çıxarağına bütün qəlbi ilə inanır.
Seyran Səxavətin yaradıcılığını izlədikcə bu qənaətə gəlirik ki, o, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Ədib aktuallığını, əhəmiyyətini nəzərə almaqla hadisələrin özünə yox, fəlsəfəsinə, mahiyyətinə daha çox diqqət yetirir. Bu baxımdan Seyran Səxavətin əsərləri milli mənaya və intonasiyaya malik olduğu kimi, həm də ümumbəşəri səciyyə daşıyır. Bu cəhət yazıçının bədii ümumiləşdirmə imkanlarını genişləndirir. Beləliklə, millilikdən ümumbəşəriliyə yol açılır.
- ← Nazim Nəsrəddinov: Əhvalında pərişanlıq olan bir dosta məktub
- Nazim Nəsrəddinov: Qafur Rəşadın “Qırmızı günəşi”jurnalında ( 1921-ci il,№ 1) dərc olunmuş ” Mirzə Abbasqulu Səhhət ” məqaləsi haqqında bir neçə söz →
Comments are closed, but trackbacks and pingbacks are open.