Yalquzaq əsəri
Bəli, yaşadığımız məmləkətin “Yalquzaq”a, çox böyük ehtiyacı var. nəinki, bizim, hətta bütün dünyanın belə “Yalquzaq”dan keçib təmizlənməyə əşhədü-ehtiyacı var.
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
“Yalquzaq” Herman Hesse
Hər birimiz xaricən meşşan,daxilən isə bir YALQUZAĞıq.. Sadəcə bəzimiz bunun fərqinə varmırıq,bəzimiz isə varırıq və vardığımız zaman Hessenin qəhrəmanı Harri kimi başlayırıq bu yalquzaqla meşşanlığın arasında çabalamağa..
Bu fikirlərimə görə çoxunuz bəlkə də məni qınayacaq,hətta bunu özünüzə yaraşdırmayıb mənim yalnış düşündüyümü deyəcəksiniz.. Haqqınız da var,çünki mənə də kimsə meşşan ya yalquzaq desə yəqin ki əks reaksiya verrərdim ta ki indi haqqında danışacağım bu kitabı oxuyana qədər..
Herman Hesse XX əsr alman ədəbiyyatının nümayəndələrindən və yaradıcılığı ilə ilk tanışlığım bu əsər -Yalquzaq romanı deyə onun yaradıcılığı haqqında geniş fikir yürüdə bilməyəcəm,sadəcə onu bilirəm ki bu ilk tanışlığı həm də son tanışlıq kimi qərarlaşdırmışam hələ ki..
Əvvəla əsəri necə oldu oxumaq haqda qərara gəldiyimin qısa tarixçəsin danışmaq istərdim..Necə deyərlər söz vaxtına çəkər əsər haqda ilk dəfə məhz keçən ilin bu vaxtları bu qrupda bir kitabsevərdən eşitdim.Diqqətimi ilk öncə əsərin adı çəkdi,sonra isə həmin kitabsevərin özünü bu əsərdəki qəhrəmanla eyni olduğunu söyləməsi..Sonralar isə qrupda bir neçə dəfə məhz bəy kitabsevərlərin bir çoxunun özünün Harriyə bənzətməsini gördükcə daha da maraq artdı məndə və yayın əvvəllərində oxumaq qərarına gəlib başladım oxumağa.Əsəri yarıya qədər oxuyub yarımçıq qoymalı oldum, amma ilk dəfə idi ki əsəri bəyənmədiyimdən deyil,sadəcə məni çox təsirinə saldığını görüb daha uyğun zamanı seçmək qərarına gəldim.O zamansa bu ilin yanvarı oldu..
Əsərin qəhrəmanı Harri adlı bir yalquzaq.Bu yalquzaqla cəmiyyət arasında bir uçurum vardır.Oxucu kimi Harri haqqinda fikirlərim bir az qarışıq,çünki elə Harri özü də qarışıq bir obraz.. Harrinin düşüncələri, başına gələnlər kirayədə yaşadığı evin sahibəsinin qohumunun oxuduğu gündəliklə oxucuya çatdırılır.
Nə əsər haqda,nə də qəhrəmanı haqda geniş konkret bir şeylər deyə bilmirəm çünki əsər özü elə bir əsər ki yalnız oxuyaraq hər kəsin özünün hiss etməsini,düşünüb qərar verməsini tələb edir.Hətta yazarın özü belə bu əsər haqda demişdir : Əlbəttə,mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də.Qoy kim necə istəyir , elə başa düşsün ,nə lazımdırsa ,onu da götürsün.Ancaq kaş onların çoxu görəydi ki,Yalquzağın hekayəti xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə,fəlakətə deyil,sağlamlığa,dirçəlişə səsləyir.
Mən də məhz bu yazarın dediyi kimi oxuyub özüm kimi hiss etdim,düşündüm, hətta müəyyən hissədən sonra düşünməyi kənara qoyub sadəcə Harrinin təxəyyül aləmindəkiləri hiss edərək oxuyub onun hiss etdiklərini hiss etməyə cəhd etdim..
Harri mənim aləmimdə bir çoxlarımız kimi yaşamaqdan qorxan,çarəni həyatda deyil ölümdə axtaran birisi..Bəs onu bu cür düşünməyə vadar edən nə olmuşdur? Əlbəttə özünün canavar adlandırdığı “daxilindəki MƏNi”…
Mən bir oxucu kimi bu Harrini anlamağa çalışdım,amma gördüm ki bu insanı anlamaq mümkün deyil çünki heç o özü belə özünü anlaya bilmirdi..Harri mənə görə özü özünü mürrəkkəbləşdirən,həyatı olduğu kimi qəbul edə bilməyən və bundan əziyyət çəkən biri..Amma zaman-zaman onun müəyyən düşüncələri mənə tanış gəlməyə başlayırdı..Axı əvvəldə də dedim ki,hamımızın daxilində bir yalquzaq va,həmin yalquzaq da bu cür düşüncələrə vadar edir insanı..
Bir zamanlar özü də meşşan həyatı yaşayan Harrinin sonradan bu meşşanlığa üsyan edərək hər kəsdən uzaqlaşır,təkliyə çəkilir və bu təklik anlarında beynindən min cürə fikrlər keçir, həyatla ölüm arasında sanki qərar verməkdə əziyyət çəkir..Və qərar verməyə yaxınlaşdığı bir zamanda Hermina adli bir xanımla tanışlıq olur ki bu tanışlıq Harrini dəyişir,hətta o qədər dəyişir ki heç kəsi dinləməyən,heç kəsə tabe olmayan Harri səbəbini özü də bilmədən Herminaya təslim olur..Hermina hec kəsin anlamadığı Harrini ilk baxışdan duyur və duyan kimi bundan istifadə edərək Harrinin daxilində ona hökmranlıq eliyən canavarı özünə tabe edir..Herminanın isə onu bu cür özünə tabe edə bilib duymasının səbəbini isə özü Harriyə açıqlama gətirərəkdeyir ki,Harri mən də sənin kimi yalqızam,sənin kimi həyatı,insanları,özümü sevməyi ciddi qəbul etməyi bacarmıram..
Hermina Harriyə onu xilas edəcəyini, özünə aşiq edəcəyini söz verərək qarşılığında ondan öz əlləriylə onu öldürməsini istəyir və beləliklə Harri Herminanın oyununun əsas fiquruna çevrilir .Yalquzaq şahmata bənzər bu həyat oyununun içərisində müxtəlif durumlara düşərək sanki müxtəlif fiqurlar halında keçmişinə səyahət edir..Oyunun sonunda isə Harri oyunun bir qaydasını pozaraq sonuncu fiquru yerinə düz qoymur və nəticədə cəzalanır..Onun ən böyük cəzası isə……
Cəzanın nə olduğunu bilmək üçünsə sadəcə əsəri oxumaq lazım və məncə də insan üçün məhz ən böyük cəza həmin cəza olmalı idi..
Şahmata bənzər həyatımızda onun şahı da özümüzük,piyadası da,topu da ,amma sadəcə bu fiqurları zamanında və yerində etmək lazım ki sonunda mat olmayaq. Hər kəsə həyat adlı oyununda mat deyil,qalib olmaq diləyi ilə xoş mütaliələr..
P.S Yayda əsəri oxuyub yarımçıq qoyduğum zaman ele hey deyirdim ki gözəl əsərdi amma oxumağı tövsiyə etmirəm..Amma artıq fikrim dəyişib və hər kəsin oxumasını istdiyim əsərlərdən..
Tərlan Rüstəmova
Herman Hesse əsərinə niyə “Yalquzaq” adı vermişdi?
Letargiya termini xəstəlik kimi «Encaphilitis Lethargica» diaqnozundan götürülübdür. Mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq və hərəkətsizlik deməkdir. Ona el arasında kiçik ölüm deyirlər. Letargiya yuxusu insan bədəninin hərəkətsiz, süst vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə üzə çıxmayan, bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan bir halıdır. Bu halda insanın dərisi solğunlaşır, bədəni soyuyur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa belə reaksiya verə bilmir və huşunu itirib naməlum müddətə yuxuya gedir. Bu yuxu qısa və uzun müddətli olur, bəzən illərlə davam edir, hətta iyirmi il belə sürür.
Toplum olaraq buna oxşar xəstəliyi biz yataqda yox, ayaqüstə keçiririk: əslində, ölümlə olum arasında yaşayırıq. Elmə məlum olmayan bu durum xəstəliyin ən ağır formasıdır: adam nə ölü kimi ölüdür, nə də diri kimi diridi, sadəcə hər şeyə laqeyd və biganədir.
Yeni-azad insan.
Oysa, insanın cəmiyyətdən, təbiətdən, hətta öz xislətindən və mahiyyətindən ayrı düşüb ətrafında baş verən bu və ya digər olaylara bunca laqeyd qalmasına, biganələşməsinə səbəb nədir?!
Bu sual zamanından və məkanından asılı olmayaraq həmişə aktual olub. XX əsri hər nə qədər “Elmi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırsalar da, unutmaq lazım deyil ki, məhz bu dövrdə bəşəriyyət özünün ən dəhşətli faciələrini-iki dünya müharibəsini, ayrı-ayrı xalqların soyqırımını, hətta kütləvi qırğın silahlarının insanların üzərində sınaqdan keçirilməsi kimi ağır olaylar yaşadı. Nə yazıq ki, insanlar maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mənəvi cəhətdən yoxsullaşıb alçalırlar.
Məhz, bu illərdə Avropada mənəvi böhran o həddə gəlib çıxmışdı ki, cəmiyyətdə və onun ətrafında baş verən gerçəkliklərin yenidən dəyərləndirilməsi tələb olunurdu. Ədəbi-fəlsəfi elita böhrandan çıxmaq üçün yeni humanist dəyərlərlə çıxış etməyə başladı…
Qüvvələr nisbəti fərqli idi: Bir tərəfdə dünyanı yenidən bölüşdürmək istəyən və tarixin ən böyük qətliamlarını törədən ideologiyalar və onun daşıyıcıları dayanırdı, digər tərəfdə isə yeni humanist dəyərlərlə çıxış edən, böyük və nəhəng yazarlar.
Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattali Sarrotun və Virciniya Vulfun yaradıcılığı o zaman sanki bir təcrübə laboratoriyasıydı. Əsas hədəf isə “yeni-azad insan” formalaşdırıb mənəvi böhrandan çıxmaq idi…
Ona görə də onların üzərində işlədikləri əsas xammal hansısa ideologiyalar deyildi, məhz insanın özü və onun psixologiyası idi. Sanki insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzablarından keçirərək xilas etmək istəyirdilər.
Amma Hernes Hesse həmkarlarından fərqli olaraq insanın psixologiyasını deyil, onun ilkin təbiətini və bütövlükdə isə mahiyyətini dəyişmək istəyirdi. Çünki onun yaratdıqları bütövlükdə yarıheyvan və yarıinsan idı. Hessenin yaradıcılıq “laboratoriyasında” yaranan insan əvvəlcə içindəki heyvanı öldürür, sonra öz mənini dirildir və yeni, azad insanı yaradırdı.
Bu mənada “Yalquzaq” romanı bütün zamanlar və məkanlar üçün əvəz olunmaz bir nümunədir. Çünki bu əsər yazıçının özünün də dediyi kimi insanı ölümə deyil, yaşamaq uğrunda mübarizəyə səsləyir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir. Mənə görə insan bu həyatda ləyaqətli bir ömür yaşamaq üçün mütləq seçim etməlidir: ya haqsızlıqla barışıb kütlə qanunlarına uyğun ömür sürməli, ya ona qarşı mübarizə aparmalı, ya da tamamilə bir kənara çəkilib tərki dünya olmalıdır.”
Hər insanın içində bir canavar gizlənib..
Canavarlar təbiətdə yeganə canlı varlıqlardır ki, erkək dişiyə, yaxud da əksinə, dişi erkəyə, xəyanət etmir. Onlardan biri öldükdə digəri dəstədən ayrılır, ömrünün sonuna qədər tənha yaşayır və yalquzağa çevrilir.
Hessenin bu adı seçməsi təsadüfi deyil, uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olan atası ona iki canavar haqqında bir hind pritçası danışmışdı və bu onun yaddaşında iz qoymuşdu. Deməli, dünya görmüş nurani bir hindli öz nəvəsinə həyat həqiqətlərini belə anladır:
— Hər bir insanın içində sanki iki canavar gizlənib və onların arasında daima ölüm-dirim mübarizəsi gedir. Bu canavarlardan biri şəri-zülmü təmsil edir, digəri isə xeyri-haqqı təmsil edir.
Uşaq bir qədər düşünüb soruşur:
— Bəs, axırda hansı canavar qalib gəlir?
— O, baxır insana… hansını yemləsə o, da qalib gəlir.
Əslində, ”Yalquzaq” adı qəhrəmanın-Harrinin xarakterindəki döyüşkənliyi ifadə etməklə bərabər, həm də onu üzvi şəkildə təbiətlə bağlayan bir “vəhşilikdir”. “Vəhşilik”-insanın üzvi şəkildə təbiətlə bağlılığı, alman ədəbiyyatında həmişə aparıcı tendensiya olub. Hətta Yohan Volfqanq, Volfqanq Amadey Motsart kimi dahilərin adında (volf – almanca canavar deməkdir.) “canavar” sözü işlənmişdir. Sən demə, Harrinin pərəstiş etdiyi bu dahilərin də daxilində bir yırtıcı canavar gizlənib daim ölüm-dirim mübarizəsi aparırmış. Və onların xarakterindəki insani keyfiyyətləri şərtləndirən humanizm ona görə güclü və yenilməzdir ki, onlar bu şəxsi keyfiyyətləri məhz daxillərində gedən amansız mübarizədə qazanıb təsdiq ediblər.
Dünya “Yalquzaq” dan keçib təmizlənməlidir, yoxsa.
Əslində, “Yalquzaq”lıq yadlaşan bir insanın daxili ziddiyyətlərinin təzahürü və bu zidiyyətlərin fonunda onun bir fərd kimi tədricən inkişaf edib təşəkkül tapmasının bariz bir göstəricisidir: ziddiyyətlər içərisində boğulub əldən düşən insan uzun sürən daxili mübarizədən sonra xaraktercə yeni məna və məzmun alaraq, sonda qalib gəlir və bütün dəyərlərin yeganə ölçüsünə çevrilir.
Bəli, yaşadığımız məmləkətin “Yalquzaq”a, çox böyük ehtiyacı var. nəinki, bizim, hətta bütün dünyanın belə “Yalquzaq”dan keçib təmizlənməyə əşhədü-ehtiyacı var.
Çünki “Yalquzaq” romanı həm ideya-məzmun, həm də estetik baxımından çoxqatlı, çoxlaylı, çoxşaxəli olub müxtəlif fəlsəfi konsepsiyaları, düşüncə tərzlərini özündə ehtiva edir. Bu qatlardan biri də insanın özünü dərk etməsidir. Daha doğrusu, real həyatdan təcrid olunub yadlaşan insan, bir tərəfdən özündə “insanlıq”, digər tərəfdən isə “canavarlıq” xisləti hiss edir. Və daxili ziddiyyətlərdən çıxış yolunu ancaq intihar etməkdə görən insan, nəhayət öz daxilindəki bu mürəkkəbliyi dərk edərək “ölməzliyə” gedən yolu tapır. Deməli, özünüdərk son anda xilasa gətirib çıxarır.
Əsərin kompozisiyası sonata janrı üzərində qurulduğuna görə, əsəri oxuduqca sanki adamı bir sirli musiqi müşayiət edir… Və sanki insan ruhu nura boyanır… İnsan “mən”i yerin tərkindən sanki göyə yüksəlir… Zülmət qaranlıqdan işıqlı dünyaya çıxan insana gerçəkliyi arzu edildiyi kimi deyil, olduğu kimi qəbul etməyi öyrədir.
P.S.: İki dünya savaşı arasında qalan yorğun və üzgün insanlar çıxış yolu axtardığı bir zamanda “Yalquzaq” mükafata təqdim olundu: əsərin müəllifi Herman Hеssе 1946-cı ildə “ yaradıcılığında humanist dəyərlərin geniş yer almasına və fərqli üslubuna görə” Nobеl mükafatı aldı.
İbrahim İbrahimli
Comments are closed, but trackbacks and pingbacks are open.