İmam Əlinin (ə) adına Qurani-Kərimdə necə işarə olunub
Tövbə 97. Ərəblər küfr və nifaq baxımından daha pis və Allahın öz Rəsuluna nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir.
Ərəblərin Quranı daha yaxşı anlaması yalanı və Quranın ərəblərə münasibəti
Son illər təzə bir trend yaranıb. Artıq hədisçilər sıxışdıqca küfrlərini daha da artırırlar. İndi də iddia edirlər ki, əgər ərəb dilini bilmirsənsə, Quranı anlaya bilməzsən, Quran ancaq ərəb dilini bilənlər üçündür. Bununla da ateistlərin əlinə “kozur” vermiş olurlar. Yəni hədisçilərə görə Quran ancaq ərəbcə bilənlərə aiddir. Qalan adamlar da bunları təqlid edib dinini yaşamalıdır. Bu ayə onların iddiasını yerlə bir edir:
Ənam 19. De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.
Allah əmr verir ki, bu Quranla hər kəsi xəbərdar etmək lazımdır. Hər kəsi ərəbcə xəbərdar etmək olar? Əlbəttə yox. İlahi mesajı hər millətə öz dilində çatdırmaq lazımdır.
İbrahim 52. Bu insanlar üçün elə bir təbliğdir ki, onunla həm xəbərdar olunsunlar, həm Allahın tək bir ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
Qurandan ibrət almaq lazımdır. Bunu da ağıl sahibləri edə bilər təqlidçilər yox. Təqlidçi öz ağlı ilə yox 1000 il qabaq yaşamış kiminsə şəxsi sözü ilə düşünür. İndi gələk əsas məsələyə. Quranda millət kimi ərəblərlə əlaqəli 10 ayə var, bunun 8-i ərəblərin çoxunun etibarsız, satqın, xain olmasına aiddir. Burada iki mesaj var. Biri ateistlərə, inkarçılara, biri də ərəb dilini, ərəbləri ilahlaşdıranlara.
1. Bu ayələrin Quranda mövcud olması, Quranın Hz Məhəmmədin özündən yazmamasına sübutdur. Kim kitabında öz millətini pisləyər ki? Əksinə, peyğəmbər yazsaydı onda daha şirin vədlərlə ərəbləri öz tərəfinə çəkməli idi, onları tərifləməli idi.
2. Ərəbləri ifadə etmək üçün Quranda “A’rabi” və ya ərəb sözünün cəmi olan “A’rab” istifadə edilmişdir. Ərəblər bu məsələnin altından çıxmaq üçün dedilər ki, guya Quranda işlədilən bu söz “bədəvi” ərəblər üçündür. Bu Allaha iftira atmaqdır. Yəni təsəvvür edin ki, Allah şəhərli ərəbi kəndli ərəbdən üstün tutur. Əgər kəndli, səhra ərəbləri belə adlanırsa bəs şəhərli ərəblər necə adlanır? Bu suala təbii ki, cavab yoxdur. Böyük ehtimal Azərbaycanda da olan “şəhərli” və “kəndli” kimi sözlər bunun təsirindən yaranmışdır.
Bunun ən gözəl izahını Quran dilinin şəriksiz ustadı İsfahanlı Ragib vermişdir. Onun dediyinə görə Quranda işlədilən “A’rab” sözü Ərəb millətini, irqini bütünlüklə ifadə edən sözdür. Tərcümə edənlər isə ərəb sözü keçən bütün ayələri bədəvi kimi təcümə ediblər. Ərəblərə aid olan həmin ayələri təqdim edirəm:
Tövbə 90. Ərəblərdən izin almağa üzrxahlar gəldi. Allaha və Onun Rəsuluna yalan söyləyənlər isə oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.
Tövbə 97. Ərəblər küfr və nifaq baxımından daha pis və Allahın öz Rəsuluna nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir.
Tövbə 98. Ərəblər içərisində elələri vardır ki, xərclədiklərini ziyan sayar və başınıza bəlalar gəlməsini gözləyərlər. Bəla öz başlarına gəlsin. Allah eşidəndir, biləndir.
Tövbə 101. Ətrafınızdakı ərəblər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar.
Tövbə 120. Mədinəlilərə və onların ətrafında olan ərəblərə Allahın Rəsulundan geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun. Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
Fəth 11. Geri qalan ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim bağışlanmağımızı dilə”. Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır.
Fəth 16. Geri qalan ərəblərə de: “Siz çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi üz çevirsəniz, Allah sizə ağrılı-acılı bir əzab verər”.
Hucurat 14. Ərəblər: “Biz iman gətirdik”-dedilər. De: “Siz iman gətirmədiniz. Ancaq: “Biz islamı qəbul etdik”-deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.
Ayələrdə ərəblərin çoxunun küfr edən, nifaq salan, ikiüzlülük edən, döyüşdən qaçan, yalan danışan, mal-dövlət hərisi, Allah yolunda xərcləməyən, Rəsula tələ quran olduğu bildirilir. Bu tendensiya indi də davam edir. Yaxın şərqdə ərəblərin bir-birini qırmasını misal göstərmək olar. Misir, Liviya, Suriya, İraq, Livanda eyni millətin nümayəndələri bir-birini fərqli məzhəbdə olduqlarına görə vəhşicəsinə öldürürlər. Bu da onun sübutudur ki, Quranı anlamaq və yaşamaq üçün ərəb olmaq və ərəb dilini bilmək şərt deyil. Əlbəttə ki, digər bir çox ayələr var ki, o ayələrdə Məkkə və Mədinədən olan ərəblərin sədaqətli olmasından, Rəsula dəstək olmasından, səmimi müsəlman olmasından bəhs edilir.
Bu ayədə Ərəblərdən bəzilərinin sədaqətli, Peyğəmbərə itaət edən, axirət gününə inanan olduğu deyilir.
Tövbə 99. Ərəblər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Rəsulun dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.
Aşağıdakı ayədə çöldə yaşayan ərəblərdən bəhs edilir. Fikir verin, yuxarıdakı ərəb sözləri ilə buradakı eynidir. Yəni istər çöldə yaşayan ərəblər olsun, istərsə də şəhərdə yaşayan ərəblər eyni adla çağırılıb. Bədəvi mənasına yozmaq sonradan ortaya atılıb ki, ərəblər işğalçılıq edərkən, digər millətlər bu haqda maraqlananda deməyə sözləri olsun.
Əhzab 20. Onlar dəstələrin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar çöldə ərəblər arasında olmaq istərdilər ki, sizə dair xəbərləri soruşub öyrənsinlər. Əgər aranızda olsaydılar, çox az döyüşərdilər.
Demək ki, Quranı anlamaq üçün ərəb olmağa və ərəb dilini bilməyə qəti ehtiyac yoxdur. Əgər kimsə Quranı elmi və dil yöndən tədqiq etmək istəsə, əlbəttə o ərəbcəni mükəmməl öyrənməlidir. Quranı anlamağın əsas yolu səməmi olaraq Allaha təslim olmaq, Quran üzərində dərin-dərin düşünməkdir.
Nisa 82. Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
Sad 29. Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar.
Əgər hər bir müsəlman Quran üzərində düşünüb dərs alsa, onun əmrlərini yerinə yetirsə, Quranın dediyi kimi yaşam tərzi sürsə onda Quranı başa düşmüş sayılar.
İmam Əlinin (ə) adına Qurani-Kərimdə necə işarə olunub?
Qurani-Kərimdə İmam Əlinin (ə) adı birbaşa qeyd olunmayıb, ancaq Həzrətin (ə) şəninə 300-dən çox ayənin nazil olduğu bildirilir. Bu barədə İbn Əsakər və İbn Abbasdan nəql olunan hədislərdə qeyd olunur.
İmam Sadiq (ə) buyurub: “Əgər Quran, Allahın istədiyi və nazil etdiyi şəkildə tilavət olunub düşünülsə (araşdırılsa), həqiqətən göstərilən nişanələrdə bizi tapacaqsınız”.
Əbu Bəsir deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, camaat deyir: “Nə üçün Əlinin (ə) və onun Əhli-Beytinin (ə) adı Quranda yoxdur?”.
Buyurdu: “Onlara de ki, namaz Allahın Rəsuluna (s) nazil oldu. Amma Allah, onun rükətərinin sayını – üç, dörd sayda olduğunu Kitabında deməyib. Onları Allahın Rəsulu (s) camaat üçün təfsir edib və . “”.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədisə əsaslansaq, Quranda İmam Əlinin (ə) adının qeyd olunmamasına baxmayaraq, Peyğəmbərimiz (s) tərəfindən ünvanının göstərildiyini görərik. Belə ki, İmam Əli (ə) Qurani-Kərimdə bizə “Allahın möhkəm ipi”, “qopmaq bilməyən möhkəm bir dəstək”, “aydın və aşkar yol”, “Siratül-müstəqim”, “şükür edənlər, “savab”, “Allahın yanında olan nemət”, “Allaha yaxınlaşdıracaq vəsilə” və s. kimi tanıtdırılır. Bundan başqa, “ey iman gətirənlər”, “iman gətirib saleh işlər görənlər”, “iman edib saleh əməl edənlər” kimi müraciətlərinin Qurandakı ilk başdakı ünvanının İmam Əli (ə) olduğu hədislərlə bizə çatdırılır. Aşağıda qeyd olunan ayələrə diqqət yetirsək və düşünsək, Allah Təalanın əslində İmam Əli (ə) necə tanıtdırdığını aydın görərik.
Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə, İbni Təlhə Əl-Hələbi Şafii “Durrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər “Fatihə” surəsindədir. “Fatihə” surəsində olan bütün sirlər isə “Bismilləh”dədir. “Bismilləh”də olan bütün sirlər “Bismilləh”dəki “bə” hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir”. Daha sonra İmam Əlinin (ə) belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm”.
Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: “İmam Əli (ə) “Bismilləhir-Rahmənir-Rahim”də olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi”. (Qunduzi: Yənabiul-Məvəddə səh. 69-70)
“Fatihə surəsi”, 6: “İhdinəs-siratal müstəqim” (“Bizi doğru yola hidayət elə”)
İmam Sadiqdən (ə) nəql olunub: “Sirati-müstəqim (doğru yol) – Əmirəl-möminin Əlidir (ə)”. (“Biharul-ənvar”, 24-cü cild, səh.16; “Minhacus-sadiqin”, 1-ci cild, səh.116; “Əyyaşi Təfsir”, c-1, s. 24, həd. 25; “Məani əl-əxbər”, səh. 32, həd. 2).
Sələbi “Kəşfül-Bəyan fi Təfsirul-Quran” adlı təfsiri kitabında, bu ayənin təfsirindən belə danışır: “Ya Rəbbim, bizi doğru yola hidayət elə” ayəsinin təfsirində Müslim ibni Həyyanın Əbu Bureydədən belə dediyini eşitdim: “Sirat dedikdə (doğru yol) Həzrət Muhəmməd (s), Həzrət Əli (ə) və Əhli-Beytidir (ə)”. (sənəd: Rəşfətul-Sadi səh. 25, Yənabiul Məvəddə səh.114)
“Fatihə” surəsi, 7: “Nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!”
Hafiz Hakim Həskani (Hənəfi) “Şəvahid Tənzil” adlı kitabında qeyd edir: “Nemət verdiyin kəslərin yoluna, yəni Həzrət Məhəmməd (s), Əli ibn Əbu Talib (ə) və tərəfdarları”. (“Şəvahid tənzil”, c.1, səh. 66).
“Bəqərə” surəsi, 2: “Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır”
Əhli-sünnə alimləri Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: “”Şübhəsi olmayan” dedikdə, yəni Allah tərəfindən olmasında şübhəsi olmayan, “hidayət” dedikdə, yəni “aşkar və nurlu yol”, “müttəqilər” dedikdə isə, məqsəd Əli ibn Əbu Talidirdir. Ona görə ki, İmam Əli (ə) biz göz qırpımı qədər də olsun Allaha şərik qoşmayıb”. (Şəvahidut-Tənzil c.1, səh.67)
“Bəqərə” surəsi, 3: “Onlar verdiklərimiz rizqdən sərf edərlər”
Əllamə Həfiyyə Mir Məhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq, Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: “Bu ayə Əmirəl-möminin Əli (ə) haqqında endirildi”. (Əl-Mənaqibul Mir kəşfi Hənəfi)
“Bəqərə” surəsi, 5: “Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır”
Salman Farsi (r.ə) deyir ki, mən və Əmirəl-möminin (ə) nə vaxt Həzrət Rəsulun (s) qarşısına çıxırdıqsa, Həzrət (s) buyururdu: “Ya Salman! Əli və tərəfdarları Qiyamət günü nicat tapanlardır”. (“Şəvahidul-tənzil”, c.1, səh. 69).
“Bəqərə surəsi”, 37: “Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr öyrəndi və tövbə etdi. Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”
İbn Abbas (r.ə) rəvayət edir ki, Həzrət Adəm (ə) Allah Təalaya bu cür yalvararaq tövbə etdi: “Ya Rəbbim! Səni and verirəm Muhəmmədin (s), Əlinin, Fatimənin, Həsənin, Hüseynin haqlarına, məni bağışla!”. (“Mənaqib Əli ibn Əbi Talib, səh.63, Suyuti əl-Şafii, c.1, səh. 60).
Şeyx Kuleyni də Adəmin (ə) bu cür tövbə etdiyini nəql edib (“Əl-Mizan” təfsiri, c1. səh. 237).
“Bəqərə surəsi”, 43: “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin”
İbn Abbas (r.ə) rəvayət edir ki: “Bu ayə Peyğəmbər (s) və İmam Əli (ə) haqqında nazil olmuşdur. Çünki ilk namaz qılan və rüku edən onlar idi”. (Xarəzmi, “Mənaqib Əli ibn Əbi Talib”, bab 1, səh.198; Zəhəbi, “Mizinul-etiqad”, s.223-224; “Üsdul-ğabə”, c.3, səh. 93-94).
Qeyd. Həzrət Əlinin (ə) Peyğəmbərlə ilk namaz qılan şəxs olması haqqında mənbələrdə kifayət qədər məlumat var deyə, burada çox dayanmırıq. Misal üçün “Sünəni Tirmizi”, 3728-ci hədis.
“Bəqərə” surəsi, 45: ” (İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir. ”
Hakim Həsnaki Hənəfinin rəvayətinə görə, İbni Abbas belə dediyini rəvayət edirlər: “İbni Abbas dedi ki, “qəlbən itaətkar olanlar” dedikdə, məqsəd Həzrət Muhəmməd (s) və Əlidir (ə) və bu ayə onlar haqqındadır”. (Şəvahidul-tənzil”, c.1, səh. 89)
“Bəqərə” surəsi, 124: “Rəbbi dedi: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”. (İbrahim) dedi: “Övladlarımdan necə?””.
Abdullah ibni Məsud bu ayənin təvilində Peyğəmbərin (s) belə söylədiyini rəvayət edir: “Uca Allah İbrahimin (ə) nəslindən məni peyğəmbər, Əlini (ə) isə vəsi seçdi”. (Məğazili Mənaqib Əli ibni Əbu Talib səh 276, Şəvahidut tənzil c.1, səh 92)
“Bəqərə” surəsi, 142: “De: “Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyrinə olan) doğru yola hidayət edir””.
Hakim Həskaninin rəvayətinə görə, Hüzeyfədən Həzrət Peyğəmbərin (s) belə buyurduğu söylənir: “Həqiqətən Əlini (ə) özlərinə vəli (ağa və dost) tutarlarsa, onu haqq yolu və doğru yolla aparan bir İmam (rəhbər) görərlər”. (Kənzul Ummal həd. 32966, Şəvahidut tənzil c.1, səh 63-64)
“Bəqərə surəsi”, 143: “Beləcə sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun”.
Hakim Həskani İmam Əlinin (ə) belə buyurduğunu rəvayət edir: “”İnsanların üzərinə şahid olasınız” ayəsində məqsəd budur ki, Peyğəmbər (s) bizə (Əhli-Beytə (ə)) şahiddir, biz də insanlara şahidik, insanların üzərindəkilərin üzərinə höccətik. “Beləcə sizi orta ümmət etdik” (Yəni Peyğəmbərlə (s) camaat arasında yerləşənlərlə). (“Şəvahidut tənzil c.1, səh 92”).
“Bəqərə” surəsi, 153: “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən, Allah səbir edənlərlədir”.
Abdullah İbni Abbas Həzrət Peyğəmbərin (s) belə söylədiyini nəql edir: “Allah Quranda hər nə qədər “ey iman gətirənlər” ayəsini nazil etmişsə, bu müraciətin ilk başdakı ağası Əlidir (ə)”. (İrcəhul-Mətalib səh.29)
“Bəqərə” surəsi, 207: “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır. Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”
Hakim Nişapuri İbn Abbasdan belə nəql edir: “Əli (ə) bir an belə tərəddüd etmədən öz canını Peyğəmbərin (s) canı yerinə fəda edərək, onun paltarını geyindi. “. (Müstədrək Aləs-Səhiheyn Hakim Nişapuri c3. s4)
“Bəqərə” surəsi, 256: “Dində məcburiyyət yoxdur. Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir”.
Xarəzmin nəql etdiyi bir rəvayətdə Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) belə dediyini rəvayət etmişdir: “Sən – qopmaq bilməyən möhkəm bir dəstəksən”. ( Mənaqibul Xarəzmi səh.24)
“Bəqərə” surəsi, 261: “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir”
Hakim Həskaninin rəvayətinə görə, İmam Baqir (ə) bu ayənin təfsirində belə demişdir: “Quranda “mallarını Allah yolunda xərcləyənlərin məsəli” ayəsi İmam Əlinin fəziləti haqqında nazil olmuşdur” (Şəvahidut tənzil c.1, s.106)
“Bəqərə” surəsi 269: “Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsil ağıl sahiblərindən başqa heç kəs öyüd almaz”
İbni Məsud Peyğəmbərin (s) belə dediyini nəql edir: “Hikmət 10 yerə bölündü, 9 hissəsi Əliyə (ə) verildi və 1 hissəsi də insanlara verildi”. (İbni Hənbəl “Fəzailu Əli İbni Əbu Talib c1, s63; Hakim Həskani “Şəvahidut Tənzil c.1, s.106 və s.)
“Bəqərə” surəsi 274: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”
Xarəzmi, Səalibi, Maliki, Əbu Nəim və başqaları İbn Abbasdan nəql etmişlər ki, Əlinin (ə) hər gün yanında 4 dirhəmi olardı. Onlardan Allah yolunda birini gecə, birini gündüz, birini gizli və birini də aşkar surətdə sədəqə verərdi. Ona görə bu ayə Əli (ə) barədə nazil oldu.
“Bəqərə” surəsi, 285: “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): “Onun elçilərinin heç biri arasında fərq qoymuruq”. Həmçinin dedilər: “Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir!””.
Xarəzmi Muhəmməd ibni Həməveynidən nəql edir ki, Əbu Səlma deyir: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Meracda Allah mənə dedi: “Peyğəmbər (s) (Rəbbi tərəfindən) ona nazil edilənə iman gətirdi”.
Mən də dedim ki, “möminlər də”.
Allah dedi: “Ey Əhməd (s), sənə salam olsun, sən doğru söylədin. Özündən sonra yerinə kimi seçdin?”.
Mən dedim: “Əhlimin ən xeyirlisini seçdim”.
Dedi: “Əlinimi seçdin?”.
Dedim: “Bəli, ey Rəbbim”.
Dedi: “Ey Əhməd! Mən nəzər saldım (Adəm övladına) səni seçdim, sənə Öz adlarımdan birini verdim ki, Mən hər zikr edildiyimdə sən də zikr ediləsən (xatırlanasan). Mən Mahmudam, sən isə Muhəmmədsən (s). Sonra bir daha nəzər saldım və Əlini (ə) seçdim, ona adlarımdan bir ad verdim. Ən Uca olan (Əliyyul Əla) mənəm, o da fəzilətləri uca olan Əlidir.
Ey Əhməd! Səni, Əlini, Fatiməni, Həsən və Huseyni (ə) Öz (məxsusi yaratdığım) nurumdan xəlq etdim. Sonra da sizin vilayətinizi (sizi sevmək və ya sizin ağalığınızı) göylərə və yer üzünə təqdim (ərz) etdim. Kim sizin vilayətinizi qəbul etdisə, zəfər çalmış və möminlərdən olmuşdur. Kim də sizin vilayətinizi inkar etmişsə – küfrə və zəlalətə (azğınlığa) düçar olar. Ey Əhməd! Bir bəndə kökü (soyu) kəsilənə qədər mənə ibadət etsə də, əgər vilayətinizi inkar etsə, onu əfv etməyəcəm. Ancaq Mənim yanıma sizin vilayətinizlə gələrsə. “. (Xarəzmi “Məqtəl Huseyn” c.1,səh.95; “Fəraidus-Səmteyn” c.2; “Yənabiul-Məvəddə” səh.486).
“Ali-İmran” 7: “Halbuki (mütəşabeh ayələrin) onun yozumunun Allah və elmdə rasix (dərin) olanlar bilir”.
İbn Həcər Əsqəlaninin rəvayətinə görə Həzrət Peyğəmbər (s) belə buyurdu: “Mən Quranın nazil olması üçün necə savaşdımsa, Əli də Quranın yozumu üçün savaşacaqdır”.
Başqa bir hədisdə isə buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim elm tələb edərsə, İmam Əlinin qapısına gəlsin”. (“Mənaqib” ibn Məğazili səh.84).
Başqa bir hədisdə demişdir: “Məndən sonra insanlar Quranın (təvilində) yozumunda bilmədikləri şeyləri Əlidən öyrənəcəklər”. (“Şəvahidut-Tənzil” c.1, səh.29).
“Ali-İmran” surəsi, 51: “Doğrudan da Allah həm mənim Rəbbimdir, həm də sənin Rəbbindir. Ona ibadət edin doğru yol budur”.
Hakim Həskani Hənəfinin rəvayətinə görə Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurdu: “Ey Əli, sən – aydın və aşkar yolsan, sən – doğru yolsan və sən möminlərin yəsubusan” (yəsub – yəni bal arılarının padşahı). (“Şəvahidut-tənzil “c.1 , səh . 58)
“Ali-İmran” surəsi, 61: (Nəsranilərə, yəni xristianlara) de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü. siz də özünüzü çağıraq və sonra bir-birimizə qarğış edək və Allahın lənət etməsini yalançılara istəyək”.
Fəxri Razi bu ayənin təfsirində belə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) o gün (yəni qarğış günü) əyninə qara yundan toxunmuş bir əba geyinərək, mübahilə (yəni qarğış) etmək üçün şəhərdən kənara çıxdı. Allahın Rəsulu (s) sevimli və əziz nəvələrindən İmam Hüseyni (ə) böyük bir sevgi ilə qucağına almış və İmam Həsənin (ə) dərin bir məhəbbətlə və mehribancasına mübarək əllərindən tutmuşdu. Xanımlar xanımı Siddiqeyi-kubra Ümmul-möminin Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbərin (s) ardınca böyük bir ruh yüksəkliyi və coşqu ilə, Allahın şiri olan İmam Əli (ə) isə hər zamanda olduğu kimi üzüağ və alnıaçıq şəkildə iti və yenilməz addımları ilə böyük bir aramlıq və ürəklə Fatimeyi-Zəhranın (s.ə) ardınca mübarək qədəmlərilə irəli addımlayırdı. Əziz Peyğəmbərimiz (s) onlara belə buyurdu: “Mən Allaha dua edərkən, sizlər də amin deyin”.
Nəcran xristianlarının başçısı (Əskaf Nəcran) Peyğəmbər (s) və onun Əhli-Beytinin (ə) uca əzəmətini gördükdə, öz camaatına dönərək belə dedi: “Mən elə çöhrələr görürəm ki, əgər Allahdan bir dağın yox olmasını istəsələr, Allah qəbul edəcəkdir. Qətiyyən bunlarla mübahilə etməyin, çünki həlak olarsınız. Belə ki, Qiyamətə qədər Yer üzündə bir nəfər də olsun xristian qalmaz”. (Fəxri Razi “Təfsiru -kəbir” c.8, səh. 80)
“Ali-İmran” surəsi, 103: “Hamınız Allahın ipindən yapışın və firqələrə parçalanmayın. “.
Əhli-sünnə alimlərindən Qunduzi, Muhəmməd Səbban Misri, Şafei alimi Şəblənci və İbni Həcər belə rəvayət etmişlər: “Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlindən tutub, “Ondan yapışın və bu, Allahın möhkəm ipidir” dedikdən sonra, yuxaridakı ayəni tilavət etdi, yəni oxudu”. “Yənabiul-məvəddət” səh.118-119; “Səvaiqul-mihriqə” səh.93).
“Ali-İmran” surəsi, 104: “Gərək sizdən xeyrə çağıran, yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən bir camaat olsun və onlar nicat tapanlardır”.
Hakim Həskani Hənəfinin rəvayətinə görə, İmam Əli (ə) belə dedi: “Salman Farsi mənə dedi: “Ey Əbəl-Həsən! Mən və sən Peyəmbərin (s) yanında olarkən Peygəmbər (s) mübarək əlini belimə (kürəyimə) vuraraq (qoyaraq) belə buyurdu: “Ey Salman! bu və tərəfdarları nicat tapanlardır””. (“Şəvahidut-tənzil ” c.1 , səh. 68)
“Ali-İmran” surəsi 144: “Muhəmməd (s) ancaq Alahın bir peyğəmbəridir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər, bəlkə o, öldü və ya öldürüldü – siz geri dönəcəksinizmi? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirə bilməz. Tezliklə Allah şükür edənləri mükafatlandıracaq”.
Huzeyfə əl-Yəmani belə dedi: “Ühüd savaşında Peyğəmbər (s) müşriklər ilə savaşa başlayanda, səhabələr məğlub olduqlarını görüb qaçırlar. Peyğəmbərin (s) yanında İmam Əli (ə) və Əbu Dücanə qalaraq peyğəmbəri (s) müşriklərdən qorudular. Allah bu ayəni İmam Əli (ə) və Əbu Dücanə haqqında nazil etdi. (“Şəvahidut-tənzil” c.1, səh.136)
“Ali-İmran” surəsi 145: “Kim dünya savabını istəsə – ona verərik, kim axirət savabını istəsə – ona verərik. Tezliklə şükür edənləri mükafatləndıracağıq”.
İbn Abbas belə deyir: “Uca Allah Quranın 2 ayəsində İmam Əlini (ə) şükür edənlər deyə zikr etmişdir”. (yəni “Ali-İmran”, ayə 144-145) (“Şəvahidut-tənzil”: c.1 , səh. 136)
“Ali İmran” surəsi, 185: “Hər kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilsə, mütləq muradına çatmış olur. “.
Məğazilinin rəvayətinə görə, Həzrət Peyğəmbər (s) belə buyurdu: “Qiyamət günü olanda cəhənnəm körpüsünün üzərində bir yol vardır. İmam Əli ibni Əbu Talibin (ə) vilayətini qəbul etməyənlərə bu yoldan keçmələrinə izn verilməyəcəkdir” (yəni onlar keçə bilməyəcəklər). (Mənaqib “ibni Məğazili” səh. 242)
“Ali-İmran” surəsi 195 “. bu, Allah yanında olan bir savabdır. Savabın yaxşısı Allah yanındadır”.
Hakim Həskani bu ayəni bəyan və təfsir edərkən deyir ki, Peyğəmbər (s) bu ayə haqqında İmam Əliyə (ə) belə dedi: “Ey Əli! bu ayədəki savab – sənsən”. (“Şəvahidut-tənzil” c.1, səh.138)
“Ali-İmran” surəsi, 198: “. bu, Allah yanında olan nemətdir. Yaxşı iş görənlər (əbrurlar) üçün Allahın yanındakı (daha) xeyirlidir”.
Əsbağ ibni Nəbbat rəvayət edir ki, Həzrət Əlinin (ə) belə buyurduğunu eşitdim: “Həzrət Peyğəmbər (s) əlimdən tutaraq, belə buyurdu: “Ey qardaşım! Bu ayədəki nemət (nuzul) sənsən, yaxşılar (əbrarlar) isə sənin şiələrindir””. (“Şəvahidut-tənzil” c. 1, səh. 138)
“Tövbə” surəsi, 32: “Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”.
İmam Kazımdan (ə) rəvayət olunmuşdur ki: “Onlar (. və ya Bəni Uməyyə, Bəni Abbas) istəyirlər ki, Allahın nurunu, yəni “Əmirəl muminin İmam Əli ibn Əbu Talibin (ə) vilayətini” söndürələr. Ancaq Allah qoymaz ki, bu iş baş versin və Allah İmam Əlinin (ə) vilayətini tamamlayacaqdır” (İmam Məhdinin (ə.f) zühuru ilə). (Kafi, 1/95)
“Nisa” surəsi, 59: “Ey iman gətirənlər! Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin!”.
Bu ayə Həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) Mədinədə öz yerinə xəlifə təyin etdiyi vaxt nazil olmuşdur. Uca Allah bu ayədə müsəlmanlara Peyğəmbərə (s) və onun öz yerinə təyin etdiyi əmr sahibi və xəlifəsinə itaət etmələrini əmr etmiş və onlara qarşı itaətsizliyini qadağan etmişdir. (“Ğayətul-məram” səh. 263-264)
“Nisa” surəsi, 145: “Həqiqətən münafiqlər (ikiüzlülər) atəşin alt təbəqəsindədirlər”
İbni Əsakirin, Əhməd ibni Hənbəlinin rəvayətinə görə Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Ey Əli! səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər (buğz edər)” və Həzrət Peyğəmbər (s) yuxarıdakı ayəni oxudu. (“Tarixi İbni Əsakir” c.2, səh. 253)
Məğazili Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Vay olsun Əhli-Beytimə (ə) zülm edənə! Cəhənnəmin alt təbəqəsində cəzalandırılacaqdır!”. (İbni Məğazili “Mənaqib” səh. 66)
“Nisa” surəsi 173: “İman gətirib saleh əməl edənlərə gəlincə, onların mükafatını Allah artıqlaması ilə verəcəkdir”.
Hakim Həskani İbni Abbasın belə dediyini rəvayət edir: “Quranda hər nə qədər “iman edib saleh əməl edənlər” deyilirsə, bu sözlərə layiq olanların ağası Əlidir (ə). Uca Allah Öz Kitabında səhabələri tənqid etdiyi halda, İmam Əli (ə) haqqında xeyirdən başqa bir söz deməmişdir”. (“Şəvahidut-tənzil” c. 1, səh. 21)
“Maidə” surəsi, 1: “Ey iman gətirənlər! (öz bağladığınız) əqdlərə (müqavilələrə) vəfa qılın (sadiq qalın, yerinə yetirin)”.
Zəhəbi adlı alim Abdullah ibni Abbasın bu ayənin təfsirində belə dediyini nəql etmişdir ki, Quranda hər nə qədər “Ey imam gətirənlər” müraciəti varsa, bu müraciətin ağası – başda Əlidir (ə). Uca Allah Öz Kitabında səhabələri tənqid etdiyi halda, Əlini (ə) hər zaman yaxşılıqla anmışdır (xatırlamışdır). (Zəhəbi, “Mizanul-itidal” c.3, səh.311)
“Maidə” surəsi, 3: “Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim”.
Əbu Hureyrədən rəvayət edilir ki, Zil-hiccə ayının 18-də (Qədir-Xum günündə) Həzrət Peyğəmbər (s) belə buyurdu: “Mən kimin mövlasıyamsa (rəhbəriyəmsə), Əli də onun mövlasıdır “(rəhbəridir)”. Bu vaxt “bu gün dininizi kamil etdim” ayəsi nazil oldu. Belə deyilir ki, Peyğəmbər (s) İmam Əlinin (ə) xəlifəliyini bəyan etdikdən sonra: “Əliyə Möminlərin əmiri deyərək, salam verin” deyə buyurdu. Sonra Peyğəmbər (s) təkbir deyərək, “Əllahu Əkbər dini kamil etdiyi üçün, nemətini tamamladığı üçün, Əlinin (ə) vilayətinə razı olduğu üçün” buyurdu. (“Əd-durrul-mənsur” c.3, səh. 19; “Mənaqib” İbni Məğazili səh. 322-323; “Məqtəli Hüseyn” Xarəzmi c.1, səh.470-480; “Mənaqib” Xarəzmi səh. 80)
“Maidə” surəsi, 9: “Allah iman gətirib saleh əməl edənlərə bağışlanma və böyük əcr (muzd) vədəsi vermişdir”
Əllamə Hənəfiyyə Məvfiq ibni Əhmədin rəvayətinə görə Yəzid ibni Şərahil Ənsari İmam Əlinin (ə) belə dediyini eşitdim deyir: “Həzrət Peyğəmbər (s) belə dedi: “Ey Əli! Allahın bu ayəsini eşitmisənmi? Allah “iman edib saleh əməl edənlər” deyəndə səni və sənin şiələrini nəzərdə tutmuşdur və bizim görüşəcəyimiz yer – Kövsər hovuzun başıdır”. (“Mənaqib-ul Xarəzmi” səh.187)
“Maidə” surəsi, 10: “Onlar ki, küfr etdilər (həqiqəti dandılar) və ayələrimizi yalan saydılar. Onlar cəhənnəm əhlidirlər”.
İbni Məğazilinin rəvayətinə görə İbni Abbas dedi ki, Peyğəmbər (s) buyurdu: “Küfr edənlər və ayələrimizi yalan sayanlar”, yəni Əlinin (ə) vilayətinə küfr edib, onu yalan sayanlar (bilin ki,) Əlinin vilayət (höküməti, rəhbərliyi) haqqını tanimaq bütün aləmlərin üzərinə fərzdir (vacibdir). (“Mənaqib İbni Məğazili” səh. 322-323)
“Maidə” surəsi 16: “. Onları doğru yola yönəldir”
Hakim Həskani Hənəfinin rəvayətinə görə, Yəman Məvla Məsab ibni Zubeyr belə demişdir: “Əli ibni Əbi -Talib insanları doğru yola yönəldir (hidayət edir)”. (“Şəvahidut-tənzil” c.1, səh.65)
“Maidə” surəsi, 35: “Ey iman gətirənlər! Təqvalı olun, sizi Allah yaxınlaşdıracaq vəsilə axtarın. “.
İmam Əli (ə) buyurdu ki, Peyğəmbər (s) bu ayənin təfsirində belə buyurdu: “Övladlarımdan gələn İmamlara itaət – Allaha itaətdir. Onlara üsyan isə Allaha üsyandır. Onlar – qopmayan qulp (urvətil-vusqa) və Allaha vəsilədirlər”. (“Müvəddət Pinarları” səh. 92)
“Maidə” surəsi 54: “Allah onları sevər, onlar da Allahı sevərlər”.
Fəxri Razi bu ayənin təfsirində belə rəvayət etmişdir: “Bu ayə İmam Əlinin (ə) haqqında nazil oldu” dedikdən sonra belə nəql edir: “Peyğəmbər (s) bayrağı ona verdiyi gün (Xeybər döyüşündə) buyurduğu söz ona dəlalət edir: “Bayrağı elə birisinə verəcəm ki, o, Allahı və onun Rəsulunu sevir, Allah və onun Rəsulu da onu sevir”. Bu vəsf edilən sifətlər ayədə zikr edilən sifətlərdir”. (“Məfatihul-ğeyb” c.12, səh.30; “Əsnal Mətalib lil cəzni” səh. 10-11.)
“Maidə” surəsi, 55: “Sizin hökmdarınız (vəliniz) ancaq Allah, onun Rəsulu və iman gətirənlərdir: O kəslər ki, namaz qılar və rüku halında zəkat verər”.
Fəxri Razi belə rəvayət edir: “Əbuzər dedi: “Bilin ki, Peyğəmbər (s) ilə birlikdə günorta (zöhr) namazını qıldığımız vaxt bir dilənçi məsciddəkilərdən sədəqə istədi, amma heç kim ona bir şey vermədi. Bu vaxt İmam Əli (ə) rüku halında idi (nafilə namaz qılarkən). Sağ əlinin kiçik (çeçələ) barmağını ona doğru uzatdı. Barmağında üzük var idi. Dilənçi gəlib barmağındakı üzüyü çıxarıb aldı. Bunu bilən Peyğəmbər (s) Allaha belə dua etdi: “Ey Rəbbim! Qardaşım Musa Sənə dua etdi (“Taha” surəsi 25-35), Sən də ona sənin istəklərin sənə verildi “Ey Musa!” deyə vəhy etdin. Ey Rəbbim! Mən də Sənin qulun və peyğəmbərlərindənəm. Mənim də könlümü aç, işlərimi asan elə, ailəmdən Əlini mənə yardımçı ver və onunla qüvvətimi artır”. Əbuzər deyir ki, Allaha and olsun ki, Peyğəmbər (s) sözünü yenicə tamamlamışdır ki, Cəbrail (ə) bu ayəni (“Maidə” surəsi, ayə 55) gətirdi”. (Fəxri Razi “Təfsir-ul Kəbir” c.12, səh.26 “Beyrut çapı”).
“Maidə” surəsi, 56: “Kim Allahı, Onun Peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
İbni Abbas belə demişdir: “Bu ayə İmam Əli (ə) haqqında məxsusi olaraq nazil oldu”. Hakim Həskani bu ayənin təfsirində deyir: “İbni Abbas Peyğəmbərdən (s) belə rəvayət etmişdir: “. Üzuyü sənə kim verdi?”. Dilənçi belə dedi: “Ayaq üstə duran kişi (yəni Əli ibni Əbu Talib)”. Peyğəmbər (s) belə soruşdu: “Üzüyü hansı vəziyyətdə verdi?”. O, dedi: “Üzüyü namazda rüku halında verdi”. Peyğəmbər (s) bunu eşitdikdə təkbir deyərək, belə dedi: “Uca Allah buyurur: (yuxarıdakı ayəni oxuyur)”. (“Şəvahidut-tənzil” c.1, səh.185-186)
“Maidə” surəsi, 67: “Ey Rəsul ( Elçi )! Rəbbin tərəfindən sənə nazil olanı çatdır”.
Vahidinin nəqlinə görə, bu ayə Qədir-Xum günü Əli ibn Əbu Talib (ə) haqqında nazil oldu. (Vahidi “Əsbabun-nuzul” səh. 135)
Fəxrəddin Razi bu ayənin təfsirində belə nəql edir: “Bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil oldu. Ayə nazil olandan sonra Peyğəmbər (s) belə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Ey Rəbbim! Əlinin (ə) vilayətini qəbul edib onu sevəni sev və onun vilayətini inkar edib düşmən olana Sən də düşmən ol””. (“Təfsirul Kəbir” Razi c.6, səh.53)
“Maidə” surəsi 119: “Allah deyir: “Bu, bir gündür ki, doğru olanlara (sadiqlərə) doğru olmaqları fayda verər””.
Əllamə Hindinin rəvayətinə görə, İbni Abbas belə dedi: “Əli (ə) siddiqlərin (doğru olanların) ağasıdır (seyyididir)”. (“İrcəhul-Mətalib” səh.19)
“Şura” surəsi 23: “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) muqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm””.
Zəməxşəri “Təfsiri-Kəşşaf”ında yazır ki, bu ayə nazil olan kimi Peyğəmbərdən (s) soruşdular: “Sizin sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?”. Həzrət Peyğəmbər (s) buyurdu: “Əli (ə), Fatimə (ə) və oğulları”.
“Rəd” surəsi, 43: “De: (Mənim öz risalətim uçun iki ilahi şahid vardır: biri) Allahdır ki, mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi, Quran elminin sahibi olan şəxsdir””.
Əbu Səid Xodri deyir: “Rəsulallahdan (s) xəbər aldım: “Quran elminin sahibi olan şəxs kimdir?”. Buyurdu: “O şəxs – qardaşım Əli ibn Əbu Talibdir””.
“Rəd” surəsi 7: “Əslində sən yalnız bir qorxudansan və hər bir dəstə üçün bir doğru yol göstərən vardır”.
İbn Abbas rəvayət etdi: “İnnəma əntə munziru və li-kulli qavmin had” ayəsi nazil olduqdan sonra, Rəsulullah (s) öz mübarək əlini öz sinəsinə qoyaraq, belə buyurdu: “Munzir mənəm, “hər bir qövmün isə hidayət edəni vardır”, bu halda əlini Əlinin (ə) çiyninə qoyaraq, ona işarə etdi və buyurdu: “Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət olanlar sənin əlinlə hidayət olacaqlar”.
“Səffat” surəsi, 24: “Onları yubadıb saxlayın, çunki sorgu-sual olunacaqlar”.
Əbu Səid Xodri Peyğəmbərdən (s) nəql edir ki, sorğu-sual olunacaq məsələ – Əlinin (ə) vilayətidir.
“Bəyyinə” surəsi, 7: “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır”.
İbn Abbasdan nəql olunub ki, bu ayə Əlinin (ə) və onun Əhli-Beytinin (ə) şənində nazil olmuşdur.
Allahım, bizləri Əli (ə) vilayətində sabitqədəm qərar ver!
Milli.Az
Quranda elm və elmi həqiqətlər
Quran təhsil, elm, ağıl və elmi tədqiqatlara böyük əhəmiyyət verməktədir. Bəzi elmi tədqiqatlara baxdığımız zaman Quranın bu həqiqətlərə işıq tutduğunu görə bilərik. Quran, elmi və elm adamlarını tərifləmiş, insanların cəhalət bataqlığından qurtulub elmin aydınlığına çıxmasını istəmişdir.
Tarixə baxdığımız zaman müsəlmanların elmə və elmi tədqiqatlara əhəmiyyət verdiklərində irəli getdiklərini görə bilərik. Quranın bu barədə verdiyi tövsiyələrə əməl etmədiklərində isə elm və texnologiyada geri qaldıqlarının şahidi oluruq. Qurani-Kərim, millətlərin təhsil və elmdən uzaq qaldıqlarında müvəffəqiyyət qazanmayacaqlarını, xoşbəxtliyə çatmayacaqlarını, insanlığın hər zaman darlıq və sıxıntılar içində yaşayacağını, cəhalətin yer üzünü alacağını bildirmiş, insanların yalnız elm və düşüncələrini istifadə edərək irəli gedəcəklərini söyləmişdir. Quran, insanların yalnız ağıl və düşüncələrindən istifadə edərək elmi araşdırmalarını davam etmələrini istəməktədir.
Quranın, bu günümüzə və gələcəğimizə aydınlıq gətirdiyini anlamamız üçün Quran gəlmədən əvvəlki qaranlıq tarixi tanımamız və bilməmiz lazımdır. Çünki, Quran gəlmədən əvvəlki dövr Cahiliyyət dövrü olaraq bilinməkdədir. Tək Allah inancı qalxmış, yerini çox Allahlılıq almışdır. Qan davaları başlamış, insanlar bir-birlərini acımasızca öldürmüşlərdi. Qız uşaqları diri-diri torpağa basdırılmış, insanlar qul bazarlarında qul olaraq satılmış, qadın haqları tapdalanmışdı.
Quranın təhsilə və elmə verdiyi dəyər
Quranda elm, təhsillə bağlı ayələri aşağıdakı kimi sıralaya bilərik. Oxuma, yazma və qələmdən bəhs edən ayələr; İnsan biliyinin qaynağı və dəyərindən bəhs edən ayələr; İnsanın yetişdirilməsi, təhsil və tərbiyəsi ilə əlaqəli ayələr; Elm, bilik və təfəkkürdən bəhs edən ayələr; Cəmiyyətdən, keçmiş millətlərdən və onların həyat tərzindən bəhs edən ayələr;
Mövzumuzu bu ayələrin işığında ələ almağa çalışacağıq. Quran kəliməsinin bir anlamı “Oxumaq” deməkdir. Hz. Peyğəmbərə ilk nazil olan ayənin “Oxu” əmri olduğu və cahilliyin aradan qaldırılmasına işarət etdiyini görürük. “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” ayəsi insanların elm yarışına başlamalarını istəməkdədir. Quranda Fizika, Astronomiya, Biologiya və Tibb ilə əlaqəli 750-yə qədər ayə vardır. Qurani-Kərim yer və göylərə baxaraq insanları düşünməyə, təfəkkür etməyə və biliklərini dərinləşdirməyə təşviq etməkdədir. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” Təhsil və elmə qiymət verən müsəlman alimləri elmə böyük xidmətlər göstərmiş və bu gün mövcud olan qərb mədəniyyətinin inkişaf etməsinə öndərlik etmişlərdi.
IX –XVIII əsrlər arasında Riyaziyyat, Astronomiya, Fizika, Kimya, Biologiya, Tibb və başqa sahələrdə məşhur olanlar müsəlman alimlərdir.
Müsəlman elm adamlarının bu tədqiqatları zamanı, Qərb mədəniyyəti bataqlıqda olmuş, İslam dünyası isə ən aydın çağını yaşamışdır. Riyaziyyat elminin təməlini qoyan Cebiri Cabir adında bir müsəlman alim olmuşdur. Fəxrəddin Razi mikrobu kəşf etmiş, çiçək və qızılca xəstəliklərinin müalicəsini inkişaf etdirmiş, qəlb xəstəliklərinə qarşı hacamatdan istifadə etmiş, böyrək daşlarını ilk dəfə müalicə ilə əritmişdir.
İbn Sina şəkər xəstəliyini və onun civə ilə müalicə üsulunu tapmışdır. Yenə böyük riyaziyyatçı Harizmi rəsədxananı yaratmış və ilk dəfə dünyanın ətrafının 24000 mil olduğunu demişdir. Əl-Biruni dünyanın günəş ətrafında döndüyünü söyləmiş və cəzbetmə qüvvəsinin olduğunu tapmışdır. Yenə optik elminin təməllərini müsəlman alim İbn Hazən (İbni Haysemi Avropada olan adı) atmışdır. Xaçlı səfərləri, Əndəlüs və Siciliyanın təsirləri ilə müsəlmanlar Avropaya işıq saçmışlardır.
Quranda ağıla, təfəkkürə və elmi tədqiqatlara verilən dəyərlər Mədəniyyətlər, fərqli qabiliyyətli insanların ağıllarını istifadə etməsi ilə qurulmuşdur. Elm və texnologiya ağılla inkişaf etdirilmişdir. Ağlını istifadə edən və ağıllı davranan cəmiyyətlər hər zaman hakim olmuş və hər sahədə irəli getmişlərdi. Quran hər zaman düşünməyə, ağlı istifadə edərək çalışmalara davam etməyi istəmişdir. Bir ayədə Uca Allah belə buyurmuşdur: “Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər”.
Doğru düşüncə və təfəkkür, insanı hər zaman xoşbəxtliyə aparan, insana yaxşını pisdən, faydalı olanı zərərli olandan ayırmağı öyrədən bir həqiqətdir. Uca Allah bu nemətə sahib olan insanların ağıllı insanlar olaraq hər zaman doğru yolda olacaqlarını bildirmişdir. “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır”.
Digər bir ayədə Uca Allah belə buyurmuşdur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”.
Bu ayədən çıxarılan nəticədə Quranın ağıl ölkəsinə qonaq olduğu və oradan insanlığı aydınlatdığı düşünülməkdədir. Quran ən əvvəl ağıldan istifadə edərək ağıllı bir cəmiyyət qurmağımızı və elmi araşdırmalarımıza buradan başlamamızı istəmişdir. Çünki insan, Allahın varlığına və birliyinə aid olan dəlilləri elmin vasitəsi ilə araşdırmalı və imanın doğruluğuna bu vasitə ilə çatmalıdır. İslam dünyasında olan elmi inkişaflar, Avropaya öndərlik edərək intibah və islahatları yaratmışdır.
Quranda Yer Alan Elmi Həqiqətlər
Quranın əvvəlcədən xəbər verdiyi elmi həqiqətlər son II-III əsrdə öz əksini tapmaqdadır. Son dövrlərdə inkişaf edən elm, texnologiya və təfəkkür paralelliyində bəzi həqiqətlər üzə çıxmaqdadır. Çünki, Quranın başa düşülən ayələri ilə bərabər insanın anlaya bilmədiyi bir çox mənalara gələn və bir çox mənaya işarət edən ayələri vardır ki, elm bunu hələ son əsrlərdə sübut etməyə çalışır. Bunlar aşağıdakılardır: Dünyanın dönməsi: Bu hadisə Quranın Yasin və Nəml sürələrində yer almışdır. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!”.
Yenə Yasin sürəsində “Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”. Bu ayələrdə ayın, günəşin və yerin döndüyünə işarət edilmişdir. Bu ayə nazil olduqdan 1000 il sonra yerin öz oxu ətrafında dövr etdiyini söyləyən Qaliley həbs edilmiş və yandırılmışdır.
Yerin kürə formasında olması: “Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)”. Uca Allah bu ayədə dünyanın ellips şəklində olduğu bildirmişdir. “(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!”. Bu ayə isə yerin kürə formasında olduğunu sübut etməkdədir. Neftdən xəbər verməsi: “O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi”. Alimlər, yerin üz qabığının canlı qalıqlar olduğunu, sonra bu qalıqların böyük bir geolojik təsirlərlə yerin dibinə getdiyini və orada xüsusi bir qarışımla neftə və qaza döndüyünü müəyyən etmişdilər.
Su və həyat: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)”. Bu ayə bütün canlıların həyatının sudan ibarət olduğunu sübut etməkdədir. Atom nüvəsi və elektronlar: “And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə)”. Bu ayədə yer alan Xunnes atom nüvəsi, Künnəs isə axıb gedən elektronlardır.
Küləyin sirrləri: “Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır”. Külək sərinlətməkdə, havanı təmizləməkdə və oksigen verməkdədir. Bitki toxumlarını yaymaqda və onların döllənməsində küləyin əhəmiyyəti böyükdür.
Barmaq uclarındakı izlər: Günümüzdə barmaq ucları cəza törədənləri ələ verməkdədir. İnsanlar barmaq uclarında kimliklərini daşımaqdadırlar. Elm XIX əsrə qədər bundan xəbərsizdir. 1856-cı ildə Gen Gissen adında bir ingilis barmaq uclarında olan xətlərin hər insanda fərqli olduğunu kəşf etmişdir. Halbuki Quran 14 əsr əvvəlcədən bunu bildirmişdir. “Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!”.
Dəniz sularının bir-birinə qarışmaması: “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)”. “Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!”. Cəbəllütariq boğazını görüb, bu həqiqətləri açıqlayan ayəni eşitdikdən sonra Kapitan Kousteau müsəlman olmuşdur.
Kainatda olan elmi həqiqətlərə işarət: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”.
Planetlər arası dövr: “Üfüqlərdə olan qüdrətimizi göstərəcəyik. And içirəm şəfəqə, Gecəyə və (gecənin) qoynuna aldıqlarına, sizlər haldan hala düşəcəksiniz. (təbəqədən-təbəqəyə aya gedəcəksiniz)”. Bu ayələr insanların bugün aya çıxmalarına işarət edir. Külək sürəti ilə gedilə biləcəğinə işarət edən ayələr: “Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq”. Suyuti təfsirində: Bu bir yolu bir gündə bitirir demişdir. Merac gecəsində Peyğəmbərimizin Burak miniyi ilə getməsi kimi hadisələr işıq sürəti ilə gedə biləcəyinə işarət edir.
Yağışın ölçü və nizamla yağması: Yağışın yağması bir ölçü və düzən içindədir. Yerdən qalxan buxarların soyuq təbəqələrdə toplanıb yağış olaraq yağması, torpağa düşməsi, sulaması, otlara həyat verməsi, suların yığılması və kirliliklərin təmizlənməsi ancaq bir ölçü və düzənə bağlıdır. “O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!”.
Yerin və göyün qaz halında olması: Alimlərin son əsrlərdə apardığı tədqiqatlarda yerin və göyün qaz halında olmasını təspit etmişlərdi. Amma Quran bunu 14 əsr əvvəlcədən xəbər vermişdir. “Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər”.
Yer üzərində mövcud olan tarazlıq: Quranda kainatın bir nizam və ölçü içində olduğu bildirilmişdir. “Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik”. Bunlardan başqa Quran, yerdə və göydə var olan sirrlərdən, oksigendən, kainatın yaradılışından, qəlblərdə ki, sirrlərdən bəhs edir və bir çox elmi həqiqətlərə işıq tutur.
Quran elmə, biliyə, təhsilə əhəmiyyət vermiş və ağıl ilə hərəkət edərək elmi həqiqətlərə çatmanın yolunu göstərmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.