Linkoln Mişel – Yazılarınızı məşhur jurnallara necə göndərməlisiniz
Redaktor açıq-açıq yazınıza yenidən baxmağı tövsiyə etməyibsə, rədd edilən yazını yenidən həmin dərgiyə göndərməməlisiniz. Əgər redaktor deyirsə ki, buna oxşar mətnlər gəlib, demək yeni şeylər istəyir. Tələsməyin, əlinizdən gələnin ən yaxşısını alındırdığınıza əmin olduğunuz yeni bir yazı göndərin. Şəxsi qaydada rədd cavabı alsanız belə, yeni yazı üçün tələsməyin. Hələ tamamlanmamış bir yazını göndərmək redaktorun gözündə sahib olduğunuz şansı büsbütün məhv edə və yazılarınızın uzun müddət kənarda qalmasına səbəb ola bilər. Göndərdiyiniz sonuncu yazıda şəxsi qaydada rədd cavabı almısınızsa, bunu növbəti yazınızın tanıtım məktubunda mütləq qeyd edin.
Sahibsiz uşaqlar problemi: necə həll edilə bilər? – ARAŞDIRMA
Hazırda ölkəmizdə 1,5 milyondan artıq uşaq var. Qeyri-rəsmi məlumata əsasən isə, 50 mindən çox sahibsiz uşaq var. Son illərdə görülən tədbirlər nəticəsində onların təxminən yarısı uşaq evlərinə və internatlara verilib. Bununla bərabər küçədə yaşayan uşaqlar da var. Onlar müxtəlif işlərlə məşğul olur- səyyar satış, təmizlik işləri, kuryer və s. Bu problem hələ də tam həll olunmadığından ciddi tədbirlərə ehtiyac var.
İnternat uşaqlarının sayı niyə artır?
Demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Bu internatlarda valideyn qayğısından uzaq, tənha və sahibsiz körpə və yeniyetmələr tərbiyə alır. Dünya ölkələrində övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər də var.
Düzdür, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu göstərici o qədər də deyil. İnternatlarda məskunlaşan uşaqların çox hissəsi valideynləri tərəfindən bilərəkdən atılmışlardır. Fərqi yoxdu, istəyərək və ya istəməyərək, valideynlər öz uşaqlarını günü bu gün də internata verməkdə davam edirlər. Səbəblər isə müxtəlifdir.
İnternatlarda əvvəllər atasız-anasız, kimsəsiz uşaqlar yaşayırdısa, indi atalı-analı uşaqlar əksəriyyət təşkil edir. Bəzi valideynlər bunu yoxsulluqla, bəzi valideynlər də (tək ata və ya tək ana) tərbiyə etmək çətinliyi ilə əlaqələndirirlər. Daha çox səbəb kimi isə valideynlərin kasıb olması göstərilir. Bununla belə, internata verilən uşaqlar sırasında davranışı pozulan və valideyni öhdəsindən gələ bilməyənlər də var.
Elə valideynlər də var ki, uşağı onlara verməkdənsə, elə internatda saxlamaq daha düzgündür. Yəni, araşdırmalardan sonra bəlli olur ki, həmin ailə uşaq tərbiyə etmək qabiliyyətində deyil. Belə hallarda məhkəmə yolu ilə həmin valideynlər ata-analıq hüququndan məhrum edilirlər.
Elə bunların nəticəsidir ki, internatda yaşayan uşaqların sayı ilbəil durmadan artır. Statistik məlumatlara görə, bu il internat sakinlərinin sayında öncəki illərdən fərqli olaraq xeyli artım var. Bu uşaqları övladlığa götürmək istəyən ailələr olsa da onların sayı çox azdır. Bundan başqa, övladlığa götürmə şərtləri çox və çətin olduğundan bəzi uşaqsız ailələrin bu istəyi reallaşmır.
Onu da qeyd edək ki, ölkəmizdə xarici vətəndaşlara övladlığa uşaq verilməsi qadağan olunub. Çox güman ki, bunun səbəbi əcnəbilərin uşaqları övladlığa götürərək istismara məruz qoymasıdır. Belə hadisələrin baş vermə faktları mediada tez-tez üzə çıxarılır.
Ekspertlər internat həyatının azyaşlıların psixologiyasına mənfi təsir etdiyini bildirirlər. Bu səbəbdən onların ailələrə verilməsini vacib hesab edirlər.
“Uşaqların küçədə böyüməsindənsə internatda tərbiyə almaları yaxşıdır”
Sağlam Cəmiyyət Hərəkatının eksperti Nübar İsmayılovanın fikrincə, uşaqların internatlarda yaşaması onları qeyri-təbii vəziyyətdə böyümək məcburiyyətində qoyur: “Nəticədə uşaqların həyata baxışlarında, xarakterlərində mənfi çalarlar özünü büruzə verir. Belə ki, bu uşaqlar adi ailələrdə yaşayanlardan fərqli olaraq daha tez konfliktlərə qoşulur, pis vərdişlərə daha tez meyillənir, rəhmsiz olurlar.
Bu uşaqlara həyatın çətin anlarında dayaq olan, məsləhət verən doğma valideynlərinin olmaması onların hər hansı bir həyati qərarı öz düşüncə tərzi ilə qəbul etməsinə səbəb olur. Adətən, belə uşaqlar özlərini tək hiss edir, yalnız özlərinə güvənməyə çalışır, bütün problemlərinin həllinə özləri cəhd göstərirlər. Bu da səhv yola düşmələrinə gətirib çıxarır”.
Ekspert internat uşaqlarının müsbət cəhətlərinin olduğunu da dedi: “Hesab edirəm ki, uşaqların küçədə böyüməsindənsə internatda tərbiyə almaları daha yaxşıdır. Pis-yaxşı internatda təhsil, tibbi xidmət, yeməklə təminat, tərbiyə var. Amma qeyd edim ki, qanunların pozulduğu, özbaşınalığın hökm sürdüyü internat evləri də mövcuddur və burada uşaqların döyülərək işgəncəyə məruz qalması barədə yetərincə fakt var. Uşaqları dərs oxumağa yox, evinə aparıb şəxsi təsərrüfatında işləməyə təhrik edən internat rəhbərləri haqda ciddi ölçü götürülməlidir”.
İnternatlar ləğv olunsun, yoxsa yox- Fərqli rəylər var
Pedaqoq İbrahim Cəfərov isə deyir ki, xarici dövlətlərdə internat məktəblərinin ləğv edildiyi bir dövrdə Azərbaycanda, əksinə, bu cür müəssisələrin sakinlərinin sayında artım var: “Qeyd edim ki, son dövrlərdə internatların ləğvi, internatlardakı uşaqların ailələrə verilməsi ilə bağlı proqram həyata keçirilir. İnternatlara külli miqdarda maliyyə tələb olunur. Ancaq dövlət uşaqları ailələrə verərsə, həmin ailələrə müəyyən məbləğ ödənilər. Nəticədə həmin uşaqlara ailələrdə daha yaxşı tərbiyə verilə bilər”.
Ekspert deyir ki, bəzi internatlarda uşaqlar istismar edilir- dilənməyə, pul qazanmağa və sair pis əməllərə sövq edilirlər: “Elə internatın ləğvinin ləngidilməsinə də səbəb bu kimi amillərdir. Çünki internatların ləğvi ilə burdan qazanc mənbəyi kimi istifadə edənlər həmin məbləğdən məhrum ola bilərlər”.
Lakin Azərbaycan Uşaqlar Birliyi uşaq evlərinin bağlanılması təklifinə qarşı çıxır. Təşkilatda hesab edirlər ki, uşaq evlərinin bağlanması sahibsiz uşaqların sayının artmasına səbəb ola bilər. Çünki bu gün diqqətdən kənarda qalan, sahibsiz yüzlərlə uşaq var. Uşaq evləri qapadılandan sonra onların sayı artacaq. Buna görə də, ilk növbədə, ailələrin sosial problemlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdirilməlidir. İnternatları bitirən uşaqların mənzil, iş problemləri həll edilməlidir.
Təşkilat hesab edir ki, uşaqların ailələrə verilməsi proqramı azyaşlıların problemlərini həll edə bilər. Lakin bu proqramın tətbiqi uşaq evlərinin bağlanılması kimi qiymətləndirilməməlidir. Əksinə, uşaq evlərindəki uşaqların problemlərinin həllindən söhbət gedə bilər. Problemlər həll ediləndən sonra uşaq evlərinin bağlanılması tədricən, mərhələlərlə baş tuta bilər.
Sahibsiz uşaqlar arasında qanun pozuntularının sayı artır
Bəzi hesablamalara görə, Bakıda indi təxminən 1000 nəfər civarında “küçə uşağı” var. Həmin uşaqlar üçün şəhər küçələri evlərini əvəzlədiyindən, onlar küçədə durur, küçədə işləyir, küçədə əylənir və elə küçədə də yatırlar.
Bakı küçələrində indi maşın pəncərələri silmək, bazarlarda yük daşımaq, kiçik ticarətlə məşğul olmaq kimi işlər görən azyaşlılar arasında cinayətkarlıq halları həndəsi silsilə ilə artmaqdadır. Onlar çeşidli “biznes”lə məşğul olurlar. Kimi qəzet satır, kimi telefon kartı, kimi də günəbəxan tumu və ya qazlı su.
Bu uşaqların arasında müxtəlif xəstəliklər yayılır. Bakıdakı küçə uşaqlarının təxminən 50%-də müxtəlif ağır xəstəliklər var. Revmatizm, vərəm, mədə yaraları, dəri xəstəlikləri bu qəbildən daha çox yayılmış xəstəliklərdir.
Qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, Bakı küçələrində “işləyən” uşaqların hər 10 nəfərindən 6-sı artıq spirtli içkilərin nə olduğunu bilir, 8-i siqaret çəkir, 4 nəfəri isə oğurluğu qəbahət saymır. Son dövrlərdə Bakıda azyaşlı sahibsiz uşaqlar arasında qanun pozuntularının sayı artıb.
İnternat məktəblərin məzunları arasında artıq “kriminal avtoritet”lər peyda olmaqla bahəm, onların törətdikləri cinayətlərin arasında da xüsusilə ağır halların sayı da yüksəlir.
“Küçə uşaqları” arasında həyatlarına son qoyanlar da var.
Uşaq kəndlərinin yaradılması problemdən çıxış yolu ola bilərmi?
Kimsəsiz uşaqların normal ailə əhatəsində böyüməsi və tərbiyə alması üçün ölkəmizdə uşaq kəndləri salınıb. Valideyn himayəsindən məhrum olan, kimsəsiz uşaqlar üçün yaradılan bu kəndlərdə 10-12 ailə məskən salıb. Bu kəndlərdə uşaqlar xüsusi seçilmiş anaların yanında qalır.
Onlar özləri öz evlərinə rəhbərlik edəcəklər, amma tam nəzarətsiz də qalmayacaqlar. Bu gənclərə müəyyən miqdarda maliyyə yardımı ediləcək. 20 yaşına çatandan sonra isə bu gənclər yarımüstəqil həyata qədəm qoyacaqlar, yəni onlara 3 il ərzində də maliyyə yardımı göstəriləcək.
İndi dünyanın 130-dan artıq ölkəsində belə uşaq kəndləri fəaliyyət göstərir.
İnternat məktəblərdə yaşı 18-ə çatmış uşaqların xaric edilməsi, onların uzun müddət adaptasiya ola bilmədikləri cəmiyyət həyatında problemlər yaradır. Acınacaqlı haldır ki, internat qızlarının əhəmiyyətli bir hissəsi fahişəliyə sürüklənir, oğlanlar isə cinayətkar aləmin toruna düşürlər. Belə yeniyetmələr iş, mənzil problemlərini həll edə bilmədiklərindən başqa yol görmürlər.
Bu probemlə bağlı aidiyyatı orqanlar tərəfindən müəyyən tədbirlər hazırlanıb həyata keçirilir. Lakin hələlik bu, o qədər də effekt vermir.
Ümumiyyətlə, uşaq problemlərinin daha çox gündəmə gətirilməsinə və bu sahədə problemlərin həllində dövlət və qeyri-hökumət qurumlarının fəaliyyətinin güclənməsinə ehtiyac var. “Uşaqlar gələcəyimizdir”- deyirik. Gələcəyimizi qorumaq bütün cəmiyyətin ümdə vəzifəsidir. Bu, həm də bir müqəddəs borcumuzdur, o borc ki, onu yerinə yetirməyə məhkumuq. Gələcəyimiz naminə.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb
Linkoln Mişel – Yazılarınızı məşhur jurnallara necə göndərməlisiniz?
Bir yazıçının öz əsərlərini jurnallara göndərməmişdən qabaq nələr etməli olduğuna keçməmişdən qabaq ədəbiyyat jurnallarının iş prinsipini qavramaq lazımdır. Ədəbiyyat jurnallarının şkalası xeyli genişdir və bu şkalada həm azsaylı insanın hobbi kimi işlətdiyi bloqlar var, həm də “Paris Revyu”, “Nyu-Yorker” kimi çoxsaylı insanın işlədiyi böyük jurnallar. Bəziləri çap olunan yazı üçün qonorar verir, bəziləri yox. Bəziləri ancaq kağız variantda çıxır, bəziləri isə ancaq onlayn yayımlanır. Ancaq burada bilməli olduğunuz bir şey var: böyüklüyü nə boyda olur-olsun, əksər jurnallara göndərilən yazıların sayı ehtiyac olandan həmişə qat-qat çox olur, buna görə də diqqətlə oxunmurlar. Balaca bir jurnalın bir rubrikasına ildə minə qədər yazı göndərilirsə, böyük jurnallar üçün bu rəqəm 3-4 min yazı arasında dəyişir. Bir də jurnalların öz sifariş verdikləri yazılara daha çox yer ayırması məsələsi var; bu iki məqamı birləşdirəndə məlum olur ki, ciddi jurnallarda qəbul faizi yüzdə birin altındadır.
Göndərilən yazılar niyə rədd edilir?
Bəzi yazılar sadəcə redaktorun xoşuna gəldiyi üçün qəbul edilir. Redaktor əsərdə yeni bir səs, bənzərsiz bir fikir, ya da oxuduqca onu tutan bir personaj tapmış ola bilər. Hər halda oxuduğu yazı onu təəccübləndirib. Bir yazının hansı halda redaktor tərəfindən qəbul edildiyini bilmək çox çətindir, ancaq hansı hallarda rədd edildiyini bilmək çox asandır. Çünki jurnalların heyəti xeyli yazını oxumamış rədd edirlər. Məsələn, göndərdiyiniz yazı imla səhvləriylə doludursa, yaxud makinada, kompüterdə yığılmaq əvəzinə, ilan-qurbağa əl yazısıyla göndərilibsə, kəsəsi, peşakarlıqdan uzaqdırsa, böyük ehtimalla oxunmamış rədd ediləcək.
Unutmayın ki, jurnallara çap edə biləcəklərindən qat-qat çox material göndərilir və göndərilənlərin böyük hissəsi çox sürətlə oxunur. İlk oxunuş adətən praktikantlar və ya könüllülər tərəfindən aparılır. Onlar yüzlərcə, hətta minlərcə yazının arasından ələ gələnləri ayırır, yazıların sayını redaktorların seçə biləcəyi bir ovuc “ola bilər”ə qədər ixtisar edirlər. Adi vəziyyətdə göndərilən hər yazı rədd edilməmişdən qabaq mütləq ən azı iki dəfə oxunur, ancaq oxuyan kəs yazını bəyənmədisə, mətnin hamısını oxumaq əvəzinə, bir-iki səhifəsinə göz ata bilər. Çox yazı göndərilibsə jurnalın işçiləri bir mütaliə toplantısı keçirir və yazıları mümkün qədər sürətlə oxumağa çalışırlar.
Məsələ budur ki, göndərdiyiniz yazı keyfiyyətinə baxılmadan milyonlarla səbəbə görə rədd cavabı ala bilər. Diqqətli şəkildə oxunmamış ola bilər, gələcək nömrə üçün bədii ədəbiyyata ayrılan yer dolmuş ola bilər və s. Bəlkə də jurnalın heyəti hazırkı nömrə üçün qarğalarla bağlı iki şeir çap etmək qərarına gəlib və sizin “Leyləklər üçün difiranb” adlı şeiriniz artıq quşlarla bağlı mətn çox olduğu üçün kənara atılıb. Redaktorlar mətnlərinizi diqqətlə oxuyub onu bəyənsələr də, sizin hekayəniz və bəyəndikləri başqa hekayələr arasında çətin bir seçim qarşısında qala bilərlər. Bunu heç vaxt yadınızdan çıxarmayın: Rədd cavabı almaq göndərdiyiniz mətnin keyfiyyətiylə bağlı məsələ deyil.
Yazınızı çapa hazırlamaq
“Bizə ən yaxşı işinizi göndərin”
Bir jurnalın qəbul şərtlərini oxuyanda (həmişə şərtləri oxuyun) az qala dəyişməz şəkildə “Bizə ən yaxşı işinizi göndərin” cümləsini görəcəksiniz. Bəs yaxşı ən yazını hansıdır və bir yazının bitdiyini necə anlamaq olar? Əfsus ki, sadə bir cavab yoxdur .Yazıçı kimi özünüz qərar verməlisiniz. Ətrafınızda etibar etdiyiniz bir neçə nəfərin olması və mətninizin bitib-bitmədiyini görmək üçün oxuyub fikir deməkləri həmişə yaxşı variantdır, amma əgər ətrafınızda “yaxşı oxucular” yoxdursa, son qərarı vermək sizin öhdənizə düşür.
Yenə də əlinizdən gələnin ən yaxşısının həqiqətən bu olduğuna və yazının bitdiyinə əmin olmalısınız. Yeni yazmağa başlayanların böyük əksəriyyəti lazımi yerdən bir-iki səhifə əvvəl başlayan, ya da finalı zəif olan hekayələrini çatışmazlıqları bilə-bilə jurnallara yollayırlar, çünki düşünürlər ki, redaktorların yeganə işi mətnin əyər-əskiyini düzəltməkdir. Halbuki işlər belə getmir. Bəli, redaktor yazıda potensial görürsə, qırx ildə bir dəfə olsa da, müəlliflə birlikdə yazını başdan-ayağa düzəldə bilər. Ancaq yuxarıda qeyd etdiyim ki, əksərən redaktorların buna vaxtı olmur, ilk oxunuşu aparan könüllülər göndərilən əksər mətni gedib redaktora çatmamış rədd edə bilərlər. “Ədəbiyyat dərgiləri redaktorlara əlavə ödəniş etmir” deyilsə də, əslində, onların gələn yazıları başdan-ayağa düzəltməyə vaxtları yoxdur. Kəsəsi, həmişə ən yaxşı yazılarınızı göndərin.
Formata salmaq
Hər şeydən əvvəl jurnalın qəbul şərtləri analiz edin, çünki yazınız peşakar görünməlidir. İstifadə etdiyiniz yazı forması sadə, bər-bəzəkdən uzaq olmalıdır. Diqqət çəkmək üçün mənasız şriftlər, səhifənin ortasına çəkilmiş mətnlər, ya da qəribə rənglərdən istifadə etməyin; əgər yazınızı uşaqlar üçün dərc olunan yumoristik bir jurnala göndərirsinizsə, o başqa. Məsələn, ölçünüz 12, şriftiniz “Times New Roman” olsun, sətirlərin arasında cüt probel qoyun və səhifələr nömrələnmiş olsun. Sərlövhədə adınız, e-mail ünvanınız, telefon nömrəniz və hekayənin adı olmalıdır. Bu qədər.
Tanıtım məktubu
Yazıçılar üçün ən stresli iş tanıtım məktubu yazmaqdır. Nə deməlisiniz? Redaktorun diqqətini çəkə biləcəksinizmi? Mətninizi tanıtım məktubuyla birgə göndərmək sizə avantaj qazandırırmı? Düzünü desəm, bunun elə də əhəmiyyəti yoxdur. Adətən bu məktublara elə-belə baxıb keçirlər və az qala heç vaxt mətnin qəbul edilməsində çox da vacib rol oynamır. Əgər yazacaqsınızsa, belə yazın:
“Hörmətli (redaktorun adı)
Jurnalınızın son sayındakı (X, yaxud Y yazılarını) bəyəndim. Yazdığım hekayə/esse/şeirlər əvvəlki tarixlərdə (üç-beş jurnal adı çəkin) jurnallarda yayımlanıb. (X universitetindən) İncəsənət ixtisasında magistr dərəcəm var və (Y-də) yaşayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Sayğılar.”
Əgər magistr dərəcəniz, ya da əvvəllər yayımlanmış əsəriniz yoxdursa, narahat olmayın. Əvvəlki tarixlərdə jurnaldan fərdi qaydada rədd cavabı alacaq qədər şanslısınızsa, məktubunuzda mütləq bunu qeyd edin. Redaksiya heyətindən kimisə tanıyırsınızsa, ya da yaxın tarixdə hansısa tədbirdə tanış olmusunuzsa, bu detalları da məktubunuza əlavə edin. Tanıtım yazısını qısa yazın, mövzudan kənara çıxmayın və hekayənizi təsvir etməkdən, ya da özünüzü satışa çıxarmaqdan qaçın. Əksər redaktorlar belə məktub görsələr, gözləri bərələr: “Vampirlər qan əvəzinə portağal şirəsi içsələr necə olardı? Mənim nəfəs kəsən əsərim Transilvaniyada “Meyvə Şirəsi Əmənlər”dən bəhs edir, Şekspir adlı mənasız müəllifin külliyatını tullamalı olacaqsınız. Bu cür dahiyanə əsəri oxumaq şərəfinə çatdığınız üçün bəxtəvərsiniz, tezliklə əsərimi qəbul edin, uduzmazsınız.”
Yazılarınıza uyğun jurnal tapmaq
Araşdırmaq üçün oxumaq
Bəyəndiyiniz tipdə yazıların hansı jurnalda çap olunduğunu başa düşməyin ən yaxşı yolu, əlbəttə, jurnalları oxumaqdır. Bir kitab evinə gedin və jurnalların olduğu rəfi nəzərdən keçirin, ya da bəyəndiyiniz müəlliflərin öz əsərlərini harda çap etdirdiklərini görmək üçün antologiyaların biblioqrafiyasına göz atın. Heyran olduğunuz yazıçıların əsərlərini çap edən bir jurnalda yayımlanmaq, bilmədiyiniz bir jurnalda yayımlanmaqdan daha xoşdur.
Digər mənbələr
Klifford Qarstang (https://cliffordgarstang.com/) hər il ədəbiyyat jurnallarının reytinqini açıqlayır. Sıralama namizəd olan və qazanılan “Pushcart Mükafatı”nın sayına əsasən aparılır. Bu siyahı konkret bir sıralama kimi görülməməli olsa da, ədəbiyyat dünyasında hörmət edilən və yazılarınız göndərə biləcəyiniz jurnalları tapmaq üçün yaxşı başlanğıcdır. Yazıçılar üçün bir başqa yaxşı mənbə olan “Duotrope” isə az qala bütün ədəbiyyat jurnallarının siyasını verir və qonorarın məbləği, janr və başqa faktorlara görə axtarış aparmağınıza imkan yaradır, amma bu sayt ödənişlidir.
Qruplaşdırma aparmaq
Yazılarınızı jurnallara planlı formada göndərməyin ən yaxşı yolu çap olunmaq istədiyiniz ünvanları tapmaq və onları beş-beş qruplaşdırmaqdır. Hekayənizi çap olunmaq istədiyiniz beş jurnala göndərin. Hamısı rədd etsə, sonrakı beş jurnala göndərin və bütün qruplar bitənə qədər davam edin. Hekayənizi jurnalların heç biri qəbul etmədisə, ola bilsin ki, həmin mətnlərə köklü şəkildə yenidən baxmaq lazımdır.
Qruplaşdırma aparsanız, eyni yazıyla eyni vaxtda yüzə yaxın jurnalı e-mail bombardımanına tutmayacaq, beləcə, “Podunk Revyu” tərəfindən qəbul edilən bir hekayənizin ertəsi gün “Nyu Yorker” tərəfindən də qəbul edildiyini görməyəcəksiniz.
Rədd cavablarıyla əlləşmək
Harasa mətn göndərirsinizsə, rədd cavablarıyla əlləşməli olacaqsınız. Orta statistik bir hekayə və ya şeir qəbul edilməmişdən qabaq bəlkə də iyirmi dəfə rədd edilə bilər, bu, məşhur yazıçıların belə başına gəlib. Rədd cavabı alanda bunu mümkün qədər şəxsiləşdirməyin. Redaktorlara dahiliyinizi başa düşməyən axmaqlar demək, ya da sosial şəbəkələrdə onlara həqarət etmək faydasız işdir. Rədd edilməyə gücünüz çatmırsa, bəlkə də yazmaq sizlik deyil.
Rəddin növləri
Dalbadal rədd cavabları almağa başlayanda görəcəksiniz ki, bunlar adətən üç cürdür. Əksər rədd məktubları standart formatta olur və yazınızın jurnala uyğun olmadığını, amma sizə başqa yerlərdə uğur arzuladıqlarını yazırlar. Bəzən isə daha pozitiv variant olur, rədd cavabı ilə birgə göndərdiyiniz yazının “müəyyən müsbət keyfiyyətlərindən” də bəhs edilir. Redaktor şəxsən özü cavab yazaraq mətninizi bəyəndiyini deyə bilər. Pozitiv rədd cavabı, yaxud redaktordan şəxsən reaksiya aldınızsa, əmin olun ki, yazılarınızı həmin jurnala yenidən göndərə bilərsiniz. Sonuncu göndərdiyiniz mətn tam şəkildə məqbul olmasa belə, demək yazınızı bəyəniblər və sizdən daha artığını gözləyirlər. Müsbət formada rədd edilmək hələ də sizə dərd kimi gələ bilər, amma unutmayın ki, çox az yazı şəxsi rədd cavabına layiq görülür. Bunu iltifat olaraq qəbul edin.
Rədd cavabından sonra yenidən yazı göndərmək
Redaktor açıq-açıq yazınıza yenidən baxmağı tövsiyə etməyibsə, rədd edilən yazını yenidən həmin dərgiyə göndərməməlisiniz. Əgər redaktor deyirsə ki, buna oxşar mətnlər gəlib, demək yeni şeylər istəyir. Tələsməyin, əlinizdən gələnin ən yaxşısını alındırdığınıza əmin olduğunuz yeni bir yazı göndərin. Şəxsi qaydada rədd cavabı alsanız belə, yeni yazı üçün tələsməyin. Hələ tamamlanmamış bir yazını göndərmək redaktorun gözündə sahib olduğunuz şansı büsbütün məhv edə və yazılarınızın uzun müddət kənarda qalmasına səbəb ola bilər. Göndərdiyiniz sonuncu yazıda şəxsi qaydada rədd cavabı almısınızsa, bunu növbəti yazınızın tanıtım məktubunda mütləq qeyd edin.
Davam edin
Müəllif kimi əlinizdən gələnin ən yaxşısını yazmağa çalışmaqdan başqa yazılarınızı göndərməyə də davam etməlisiniz. Yazı göndərmək vaxt aparan şeydir, ancaq çap olunmağın yeganə yolu budur. Yüzdə bir qaydasını unutmayın. Bu qayda bizə deyir ki, göndərilən yazıların yüzdə beşi yaxşı olsa belə, beş yazıdan dördü rədd ediləcək. Deməli rədd olunmağı şəxsiləşdirmək əvəzinə, yazmağa davam etmək və təkrar-təkrar göndərmək lazımdır; yeganə işiniz bundan ibarətmişcəsinə göndərmək, belə baxanda, əslində, işiniz elə bundan ibarətdir.
Lincoln Michel (1982) Amerikalı qısa hekayə yazarı və redaktor
Tərcümə edən: Qismət
Comments are closed, but trackbacks and pingbacks are open.