Press "Enter" to skip to content

Qızdırmamı necə salım

Uşaqların qızdırmasını salmaq üçün hərə bir vasitədən istifadə edir.

Qızdırma salmaq üçün bu vasitələrdən istifadə etməyin!

Uşaqların qızdırmasını salmaq üçün hərə bir vasitədən istifadə edir.

Bəzi yerlərdə uşağı qalın geyindirib, üstünü də yorğanla bərk-bərk örtürlər ki, tərləyib hərarətini salsın. Bəzi yerlərdə isə xəstənin alnına və boynuna dəsmalı sirkəli su ilə isladıb soyuq kompres qoyurlar.

Uşaqlarda hərarət 38-i keçən kimi ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunun bilməkdir. Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatlanması və narahat edilməməsidir.

Mütəxəssislərin fikrincə, qızdırmalı uşaqlarda 48 saat ərzində temperaturu aşağı salan preparatlardan istifadə etmək olar. Əgər temperatur aşağı düşməsə, mütləq həkimə getmək lazımdır. Pediatrlar sirkə və spirt kimi maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, qızdırmanın aşağı düşməsi üçün məsamələr genişlənməlidir ki, dəri nəfəs ala bilsin. Dədə-babadan qızdırması olan uşaqları sirkə ilə ovxalayırdılar ki, məsamələr genişlənsin. Sirkə dərini qıcıqlandırdığı üçün tənəffüs yaxşılaşdıqca, hərarət dəridən çıxır. Müasir tibb isə belə vasitələri qəbul etmir. Xalq təbabətinin əksini sübut edən elmi məlumatlar aşkarlanıb. Həmin məlumatlara görə, qızdırma zamanı uşağa toxunmaq olmaz. Uşağı soyuq suya salmaq isə müasir tibb üçün kobud müdaxilə hesab edilir.

Həkimin sözlərinə görə, uşağı tərlətmək üçün qalın geyindirib, yorğanla bürüyürdülər. Bu zaman isə daxili temperatur qalxır. Parasetamol qrupundan nəsə, ya da nurofen verməklə uşağı tərlədib hərarətini salmaq daha məqsədəuyğundur:

“Dərman qəbulundan sonra məsamələr genişlənir. Üstünü basdıranda isə biz bədənin tənəffüsünə mane olduğumuz üçün təbabət bu cür vasitələri qəbul etmir. Klinik protokollara görə, yalnız qızdırmasalıcı dava- dərmanlardan istifadə etmək lazımdır. Başa düşürəm, indi bu yazını oxuyanların 50 faizi mənim dediklərimə qarşı çıxacaq ki, biz elə böyümüşük, bizi belə bürüyüblər və s.

Qəbul edirəm, hər yerin özünə görə xalq təbabəti var, amma biz həkim olaraq ancaq tibbin qaydalarına söykənirik. Əvvəllər iri damarların üstünə soyuq əski qoyulurdu, amma tibb elmi belə vasitələrlə damarların sıxıldığını müəyyən edib. Bu isə uşağın orqanizminə ziyan vurur.

Təbabətin tələbinə qörə qızdırma nurofen və parasetamol qrupuna aid olan dərmanlar vasitəsilə salınmalı və uşağın əyni nazik olmalıdır. Temperaturu aşağı salan dərmanları verəndən sonra uşağın bədən geyimini yüngül etməli, ona çoxlu maye içirməli, otağın temperaturu və nəmliyi normal saxlanmalıdır”.

Saglamolun.Az

Qızdırma

Qızdırma (hipertermiya) — bədən temperaturunun 37°C-dən yuxarı qalxmasıdır. Bu əlamət baş və əzələ ağrıları, halsızlıqla müşayiət olunur. Qızdırma daha çox infeksion proseslərdə müşahidə edilsə də, ona həm də endokrin, autoimmun və şiş xəstəliklərində rast gəlinir. Hipertermiyanın səbəbini aydınlaşdırmaq üçün genişləndirilmiş laborator analizlər və vizualizasiya üsulları aparılır. Temperaturu tez bir zamanda azaltmaq məqsədilə qızdırmasalıcı vasitələrdən istifadə edilir.

Qızdırma haqqında ümumi məlumat

Ümumiyyətlə, sağlam insanlarda gün ərzində temperatur göstəriciləri fərqli olur. Bu rəqəmin 37°С-dən çox olması istilik tənziminin patologiyasına işarə edir. Əksər hallarda bədən temperaturu tədricən yüksəlir. Əvvəlcə prodromal əlamətlər: baş və əzələ ağrıları, zəiflik meydana çıxır. Zamanla bu simptomlara üşümə əlavə olunur. Hərarət 38°С-ni keçdikdə titrətmə güclü istilik hissi, yanaqlarda al-qırmızı qızartı ilə əvəzlənir.

Xəstənin ümumi vəziyyəti pozulur, o, qida qəbulundan imtina edir. Ağız və dodaqlar quruyur, çatlayır. Yaranma səbəbindən asılı olaraq, qızdırma bir neçə gündən başlayaraq, 1 aya qədər davam edə bilər. Termorequlyasiya proseslərinin normaya düşməsi kəskin formada (ümumi zəiflik, profuz tərləmə, hipotenziya) və yaxud tədricən (ümumi vəziyyət pisləşmədən) baş verə bilər. Uşaqlarda temperatur sürətlə qalxır, yəni 1 neçə saat ərzində 39-40°С-yə çatır.

Qızdırma hər zaman əsas xəstəliyin digər əlamətləri ilə birgə gedir. Xəstələrin əksəriyyətində dispeptik pozğunluqlar, qarında ağrı, KRVİ əlamətləri qeydə alınır. Böyüklərdə qızdırma 2 gündən çox davam etdikdə, uşaqlarda isə elə həmin gün həkimə müraciət olunmaldır. Belə ki, uşaq yaşlarda termorequlyasiya mexanizmləri inkişaf etmədiyindən qızdırma vəziyyəti xeyli ağırlaşdırır.

Qızdırmanın növləri

Etioloji faktora əsasən qızdırma infeksion (bakteriya, virus, göbələk mənşəli) və qeyri-infeksion (daxili orqanların xəstəlikləri, şişlər, allergik reaksiyalar) formalara bölünür. Yüksək bədən temperaturunun davametmə müddətinə görə efemer (3 gündən az), kəskin (3 gündən 2 həftəyə qədər), yarımkəskin (2-6 həftə) və xroniki (1,5 aydan çox) qızdırma ayırd edilir. Tibbdə daha çox hipertermiyanın səviyyəsinə əsaslanan təsnifatdan istifadə edilir:

  • Subfebril qızdırma. Temperatur göstəriciləri 37-38°С diapazonunda olur. Hərarətlə yanaşı əzginlik, əmək qabiliyyətinin azalması müşahidə edilir. Ona adətən lənggedişli, xroniki iltihabi proseslərdə, endokrin problemlərdə təsadüf edilir.
  • Febril qızdırma. Bədən hərarəti 38°-39°С təşkil edir. Onun yaranması qızdırmanın daxili mexanizmlərini (endogen pirogenlərin külli miqdarda hasil olunması, immun sisteminin mexanizmləri) işə salan aktiv iltihabi prosesə dəlalət edir. Febril hərarət bir çox infeksion və somatik patologiyaların əlaməti sayılır.
  • Yüksək (piretik) qızdırma. Bədən temperaturu 39-41°С olur. Xəstənin ümumi vəziyyəti pisləşir, bədən susuzlaşır, ürəkbulanma və qusma baş verir. Bu hal pediatriyada təxirəsalınmaz vəziyyət hesab olunur, çünki uşaqlarda qıcolma inkişaf edə bilər.
  • Hiperpiretik qızdırma. Hərarətin 41°С-ni keçməsi ilə xarakterizə edilir. Bu zaman mərkəzi termorequlyasiyanın bütün mexanizmləri sıradan çıxır. Qızdırmanın adi əlamətləri ilə yanaşı, sayıqlama və hallüsinasiyalar meydana çıxır. Belə hallarda təcili yardım çağırlmalıdır.

Həkimlər qızdırmanı temperatur əyrisinə, yəni onun sutkalıq göstəricilərinə əsasən qiymətləndirirlər. Daimi qızdırma üçün 1 dərəcə həddində dəyişikliklər səciyyəvidir. Yüngül formalı hipertermiyada göstəricilər 1-2°С azalsa da, norma həddinə çatmır. İrinli və septik proseslərin törətdiyi hektik qızdırmanın göstəriciləri gün ərzində 3-5°С dəyişir. Temperatur əyrisinin nadir növlərinə qayıdan və dalğavari tiplər aiddir.

Qızdırmanın səbəbləri

Subfebril qızdırma

Bədən temperaturunun 37°С-dən bir qədər yuxarı qalxması az miqdarda sitokin və pirogenlərin əmələ gəlməsi ilə bağlıdır. Onlar hipotalamusda yerləşən istilik tənzimi mərkəzinə təsir göstərməklə, hərarətin yüksəlməsinə səbəb olurlar. Qızdırma ümumi halsızlıqla müşayiət olunsa da, əmək qabiliyyəti çox vaxt saxlanılır. Subfebril hərarəti törədən amillər aşağıdakılardır:

  • Emosional reaksiyalar: uzunmüddətli stress, nevroz və nevrozabənzər hallar, isteriya
  • Qadınlarda hormonal dəyişikliklər: hamiləliyin I trimestri, klimaks
  • Respirator xəstəliklər: soyuqdəymə, KRVİ, sadə bronxit və interstisial pnevmoniya
  • Ocaqlı iltihab: xroniki tonzillit, sinusit
  • Xroniki bakterial infeksiyalar: vərəm, bruselyoz.
  • Virus infeksiyaları: kəskin hepatit, sadə herpes, kəmərləyici dəmrov, sitomeqalovirus.
  • Uşaq infeksiyaları: qızılca, məxmərək.
  • Helmintozlar: lyamblioz, amöbiaz, opistorxoz
  • Bağırsaq patologiyaları:qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi
  • Autoimmun proseslər: sistemli qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozit, revmatoid artrit
  • Endokrin patologiyalar: tireotoksikozun başlanğıc mərhələsi, Addison xəstəliyi
  • Şişlər: limfoqranulomatoz, kəskin və xroniki leykoz
  • İİV-infeksiya
  • Yatrogen faktorlar: əməliyyatdan sonrakı dövr, qan köçülüməsinə və yaxud peyvəndə reaksiya
  • Farmakoterapiyanın fəsadları: antibiotiklərin, psixotrop preparatlar və atropinin qəbulu
  • Nadir səbəblər: xroniki spesis, allergik reaksiyalar.

Febril qızdırma

Bədən temperaturunun uzun müddət 38°-39°С olması xəstəliyin kəskin gedişindən xəbər verir. Pasiyentlər adətən güclü baş və əzələ ağrılarından, halsızlıqdan, yuxululuqdan şikayət edirlər. Onların iştahı azalır, tərləmə ilə çoxlu su itirildiyindən susuzluq hissi güclənir. Fibril hərarətin ən çox yayılmış səbəbləri aşağıdakılardır:

  • Kəskin respirator patologiyalar: qrip, adenovirus və rinovirus infeksiyaları, KRVİ
  • İnfeksion xəstəliklər: qarın yatalağı, malyariya, meninqokokk mənşəli meningit
  • Bağırsaq infeksiyaları: salmonelyoz, dizenteriya, eşerixioz və s.
  • LOR-xəstəliklər: sinusit (haymorit, frontit), angina, otit
  • Aşağı tənəffüs yollarının patologiyaları: irinli bronxit və bronxiolit, eksudativ plevrit, ocaqlı və krupoz pnevmoniya
  • İrinli ocaqlar: xarici (furunkul, karbunkul, yaraların irinləməsi) və daxili (qaraciyər və bağırsaq absesi, plevranın empieması).
  • «Kəskin qarın» sindromu: appendisit, xolesistit, mezadenit
  • Ürək xəstəlikləri: bakterial endokardit, kəskin revmatik qızdırma
  • Sümük və oynaq xəstəlikləri: hematogen və travmatik osteomielit, septik artrit, sarkoma
  • Sidik-cinsiyyət sisteminin patologiyaları: kəskin pielonefrit, apostematoz nefrit, böyrək sancısı
  • Orqanizmin qızması: isti və günvurma, anhidroz, mövsümə uyğun geyinməmək.
  • Qeyri-müəyyən mənşəli qızdırma
  • Nadir səbəblər: prion infeksiyalar (ailəvi fatal yuxusuzluq, Kreytsfeldt-Yakob xəstəliyi), damarların kollagenozu.

Qızdırmanın diaqnostikası

Diaqnostik tədbirlərin həcmi klinik şəkildən və əlavə simptomların olmasından asılıdır. Müəyyən bir sistemin zədələnməsinə aid aşkar əlamətlər varsa, onun hədəfli diaqnostikası aparılır. Naməlum mənşəli, uzunmüddətli qızdırmanın səbəbləri standart alqoritm üzrə aşkar edilir. Bura aşağıdakı laborator və instrumental üsullar daxildir:

  • Qan analizi. Ümumi analizdə iltihab əlamətlərinə (leykositoz, EÇS-nin yüksəlməsi) diqqət yetirilir. Autoimmun prosesləri inkar etmək üçün antinuklear anticisimlərin və kəskin faza zülallarının səviyyəsi yoxlanılır. Kəskin iltihab dövründə prokalsitonin testi informativdir.
  • Hemokultura. Qan temperaturun ən yüksək səviyyətə çatdığı dövrdə, minimum 3 dəfə götürülür. Material selektiv qidalı mühitdə əkilir. Bakteriya koloniyaları həddindən çox olduqda “septisemiya” diaqnozu qoyulur. Törədiciyə məxsus antigen və anticisimləri müəyyən etmək məqsədilə ekspress üsullardan (İFA, İFR) istifadə olunur.
  • Bakterioloj müayinələr. Törədicini aşkarlamaq üçün qandan savayı, nəcis, sidik və yaxud bəlğəm yoxlanıla bilər. Qızdırma nevroloji simptomatika ilə müşayiət edildikdə onurğa beyni mayesi analiz olunur. Patogen mikroorqanizmlərin koloniyaları müəyyən edildikdən sonra antibiotiklərə qarşı həssaslı testi aparılır.
  • Rentgenoqrafiya. Yüksək qızdırma uzun müddət davam etdikdə 2 proyeksiyada döş qəfəsinin rentgenoqramması məsləhət görülür. Müayinə zamanı bronx ağacının deformasiyası, tünd sahələr, daxilində maye olan boşluqlar izlənilə bilər. Qarın boşluğunun icmal rentgenoqrafiyası absesləri, iri ölçülü iltihabi konqlomeratları və boşluqlu orqanların perforasiyasını inkar etməyə imkan verir.
  • Ultrasəs müayinəsi. Febril qızdırmanın səbəbini dəqiqləşdirmək üçün exokardioqrafiya aparılır. Müayinə prosesində infeksion endokarditin, qapaqların vegetasiyasının və iri arteriyaların patologiyaların əlamətləri üzə çıxarılır. Endokrin pozğunluqları müəyyən etmək üçün qalxanabənzər, qalxanabənzər ətraf və böyrəküstü vəzilərin USM yerinə yetirilir.
  • Yüksək spesifik vizualizasiya üsulları. Standart üsullarla qızdırmanın səbəbini təyin etmək mümkün olmadıqda halliumla bütün bədənin sintiqrafiyası göstərişdir. Onun köməyilə xroniki abseslər, həcmli törəmələr aşkar edilir. Meningitdən şübhələndikdə baş beynin MRT və yaxud KT məsləhətdir.

Qızdırmanın müalicəsi

Diaqnoz qoyulana qədər yardım

2 gündən az davam edən subfebril hərarət zamanı spesifik müalicə tələb olunmur. Qızdırmanın uzun sürməsi patoloji prosesə işarə edir. Belə vəziyyətlərdə həkimə müraciət olunmalıdır. Hipertermiyanın səbəbi dəqiqləşənə qədər bol miqdarda isti maye qəbulu, soyuq kompress, termometrin göstəricisi 38°С-dən çox olduqda isə qızdırmasalıcı preparatlar tövsiyə edilir.

Qızdırmanın konservativ terapiyası

Həkim taktikası qızdırmanın yaranma səbəbindən və xəstənin ümumi vəziyyətindən asılıdır. Hərarət yüksək olduqda hər 2-3 saatdan bir ölçülməlidir. Uşaqlarda qıcolma təhlükəsini nəzərə alaraq, febril qızdırma zamanı dərhal dərman verilir. Müalicənin əsas mərhələsini adekvat etiotrop və patogenetik terapiya təşkil edir. Onun sayəsində bədən temperaturu normallaşır. Terapevtik məqsədlə aşağıdakı vasitələrdən istifadə edilir:

  • Antibiotiklər. Dərman vasitəsi empirik seçilir, bakterioloji əkilmənin cavabı hazır olduqda müalicə sxemi korreksiya edilir. Həcmli irinli proseslərdə yüksək dozalarda 2-3 preparatın kombinasiyası parenteral yolla orqanizmdə yeridilir.
  • Virusəleyhinə vasitələr. Qrip zamanı virusun çoxalmasını əngəlləyən və sağalmanı tezləşdirən spesifik dərmanlar göstərişdir. Hepatit xəstəliyində virusun titrini azaldan və ümumi vəziyyəti yüngülləşdirən dərmanlar qəbul edilir.
  • İltihabəleyhinə preparatlar. Qeyri-steroid dərman vasitələri termorequlyasiya mərkəzinə təsir göstərən sitokin və prostaqlandinlərin sintezini blokada edir, iltihabi prosesin aktivliyini azaldır. Güclü qızdırmasalıcı xüsusiyyətə malik QSİƏP-ə üstünlük verilir.
  • Qlükokortikosteroidlər. Digər terapiyaya tabe olmayan sistem autoimmun və allergik reaksiyalarda təyin edilir. Böyrəküstü vəzin hormonları immun sisteminin aktivliyini azaltdığından ondan infeksiyalarda ehtiyatla istifadə edilir.
  • İnfuziya məhlulları. Qızdırma 38°С-dən qalxdıqda və xəstənin vəziyyəti ağır olduqda rehidratasiya və dezintoksikasion terapiya aparılır. Zəruri elektrolitlərlə zəngin duz məhlulları venadaxili yeridilir. Müalicə sxeminə diuretiklər də əlavə olunur.
  • Vitaminlər. Lənggedişli proseslərdə immunitetin stimulyasiyası üçün askorbin turşusu, B qrup vitaminlər effektivdir. Metabolik preparatlar hüceyrələrdə maddələr mübadiləsini yaxşılaşdırır, tonuslandırıcı təsir göstərirlər. Bu dərmanlar antioksidantlarla kombinə edilir.

Qızdırmanın cərrahi müalicəsi

İri ölçülü abses və yaxud osteomielit ocaqları aşkarlandıqda onlar drenajlanır və yaranan boşluq antiseptik məhlulla yuyulur. «Kəskin qarın» sindromu ilə gedən xəstəliklərdə cərrahi əməliyyat göstərişdir. Bədxassəli şişlərdə radikal cərrahi müdaxilə (törəmənin ətraf toxuma və regionar limfa düyünləri ilə birgə çıxarılması), şüa və yaxud kimyaterapiya aparılır.

Qızdırma

Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir. ızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir.

Normal bədən temperaturu səhərlər ağız boşluğunda 36.8±0.4°C hesab edilir. Temperaturun yüksəlməsindən aslı olaraq qızdırmanın aşağıdalı formaları müəyyən edilir:

– Temperaturun 38°C-yə qədər yüksəlməsinə subfebril qızdırma deyilir
– Bədən temperaturunun 38-38,5°C arasında olması mülayim qızdırma hesab edilir
– Bədən temperaturunun 39°C-dən çox olması yüksək qızdırma hesab edilir

Bədən temperaturu baş beyində hipotalamus tərəfindən requlyasiya edilir. Pirogen adlanan maddələr bədən hərarətinin requlyasiyası üçün cavabdehdirlər. Orqanizmin özündə sintez edilən endogen və ya bakteriya, virus, göbələk və parazitlər tərəfindən ifraz edilən ekzogen pirogenlər hipotalamus vasitəsilə bədən hərarətini yüksəldir. Pirogenlər bədəndə prostoqlandin E2-nin (PGE2) sintezini təmin edir ki, PGE2 öz növbəsində hipotalamusa təsir edərək bədənin sistemli reaksiyasını törədir.

Qızdırmanın tipləri

Qızdırmanın xarakteri onun səbəbləri haqqında ilkin fikir yarada bilər. Xarakterinə görə qızdırmanın aşağıdakı tipləri qeyd olunur:
– Subfebril hərarət: bədən temperaturu 38°C-yə qədər yüksələ bilir və gün ərzındə bu həddə qədər dəyişə bilir. Bu tip qızdırma adətən vərəm, revmatik xəstəliklər və xərçəng zamanı qeyd edilir.
– Daimi qızdırma (febris continua): gün ərzındə çox dəyişməyən (1°C-dən az) davamlı yüksək hərarət qeyd edilir. Bu tip hərarət bakterial və ağır virus infeksiyaları zamanı ola bilər.
– Zəiflədici qızdırma (febris remittens): gün ərzində çox dəyişən (2°C-yə qədər), amma normal səviyyəyə düşməyən yüksək hərarət qeyd edilir. Bu tip qızdırma lokal məhdudlaşmış bakterial infeksiyalar, orta qulaq iltihabı, burun ətrafı ciblərin iltihabı və sidik yollarının infeksiyaları zamanı rast gəlinir.
– Dəyişən qızdırma (febris intermittens): gün ərzində çox dəyişən (2°C-yə qədər) və normal səviyyəyə qayıda bilən yüksək hərarət qeyd edilir. Bu tip hərarət daha çox sepsis və absesslər zamanı rast gəlinir.
– Qayıdan qızdırma (febris recurrens): müntəzəm olaraq normal hərarətli günlərlə kəsilən qızdırma epizodları qeyd olunur. Bu tip gızdırma daha çox malariya zamanı qeyd edilir.

Qızdırmanın səbəbləri

Qızdırmanın çeşidli səbəbləri mövcuddur. Ən tez-tez rast gəlinən səbəb bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklər, eləcə də xərçəng də qızdırma törədə bilir. Aşağıda ən çox rast gəlinən səbəblər və yanaşı geddən əlamətlər qeyd edilmişdir:
– Yuxarı tənəffüs yollarının infeksiyaları. Yanaşı olaraq zökəm, öskürək, boğazda ağrı qeyd edilir.
– Orta qulağın iltihabı (Otitis media). Yanaşı olaraq qulaqda ağrı, ağıreşitmə qeyd edilir.
– Bronxitlər. Yanaşı olaraq öskürək, təngnəfəslik qeyd edilir.
– Tonzillit (Angina tonsillaris). Yanaşı olaraq boqazda ağrı, badamcıqlarda irinləmə və ağızdan iyi qeyd edilir.
– Siunsitlər (Sinusitis). Başqa sözlə burunətrafı ciblərin iltihabı adlandırılan sinusitlər zamanı yanaşı olaraq burundan gəlinti, tıntıllıq və baş ağrıları qeyd edilir.
– Mədə-bağırsaq infeksiyalrı. Yanaşı olraq ishal və qusma qeyd edilir.
– Ağciyərlərin iltihabı (Pnevmoniya). Yanaşı olaraq öskürək, tıngnəfəslik, döş qəfəsində ağrılar qeyd edilir.
– Sidik yollarının infeksiyaları. Yanaşı olaraq sidiyə getmə ağrılı, tez-tez və yarımçıq olur. Qarının aşağı nayihəsində zəif ağrılar olur.
– Appendisit. Yanaşı olaraq sağ qalça çuxuru nayihəsində ağrılar və gərginlik, ürəkbulanma, qusma qeyd olunur.
– Meningit. Başqa sözlə beyin qişasının iltihabı adlanan meninqitlər zamanı yanaşı olaraq başda ağrılar, boyun əzələlərində gərginlik, işıqdan qorxu və digər nevroloji əlamətlər qeyd edilir.
– Osteomielit. Başqa sözlə sümük iltihabı adlanan osteomielitlər zamanı yanaşı olaraq sümükdə ağrı, iltihaba uğramış regionda qızartı və şişkinlik qeyd olunur.
– Abses. Başqa sözlə iməhdudlaşmış irinlik adlanan abses zamanı yerləşməsindən aslı olaraq şişkinlik, qızartı, ağrı və əl vurduqda istilik qeyd olunur.
– Bəzi spesifik infeksiyalar: HİV, Vərəm, Borrelyoz, Malariya və s. Yanaşı olaraq bu infeksiyalar zamanı fərqli xarakterik əlamətlər qeyd oluna bilər.
– İltihabi Bağırsaq Xəstəlikləri. Bunlara Kron xəstəliyi, xoralı kolit aid edilir. Yanaşı olaraq ishal, qarında ağrı, qanlı nəcəs ifrazı qeyd olunur.
– Revmatoloji xəstəliklər. Yanaşı olaraq dizlərdə ağrı, qızartı, şişkinlik qeyd edilir.
– Xərçəng xəstəlikləri. Qızdırma törədə biləcək xərçəng xəstəliklərinə leykoz, limfomaları aid etmək olar. Yanaşı olaraq limfa düyünlərinin böyüməsi, zəiflik, səbəbsiz arıqlama qeyd olunur.
– Bəzi dərman maddələri də qızdırma verə bilir.

Ev şəraitində nə etməli

Qızdırma zamanı bədən dəri vasitəilə çoxlu maye itirir. Bu itkinin yerini doldurmaq üçün çoxlu miqdarda su, çay, meyvə şirələri içmək tövsiyyə olunur. Çoxlu mayenin qəbulu eyni zamanda qızdırmanı törədən faktorların tər və ya sidik vasitəsilə xaric edilməsinə də kömək edir. Qızdırma zamanı elə geyim seçmək lazımdır ki, bədən istini xaricə ötürə bilsin. Bu nöqteyi-nəzərdən nazik pambıq alt köynəkləri daha məqsədəuyğundur. Qızdırma zamanı otaq temperaturunun yüksək olmasına elə də ehtiyac yoxdur. Tövsiyyə olunur ki, qızdırmalı çox fiziki işlə məşğul olmaq məqsədəuyğun deyil və qısa bir müddət istirahət götürmək daha düzgündür. Amma bütün günü yataqda keçirmək də tövsiyyə olunmur. Hərarətinin çox yüksək olması hallarında soyuq su ilə isladılmış dəsmalla bədən silinə bilər. Su çox soyuq olmamalı və bu prosedura 10-15 dəqiqədən çox olmamalıdır.

Qızdırmanın salınması üçün hər hansı bir dərman maddəsinin özbaşına istifadə edilməsi düzgün deyil və mütləq həkimin məsləhəti ilə qəbul edilməlidir.

Həkimə nə zaman müraciət edilməlidir?

Yuxarıda sadaladıqlarımızdan görünür ki, hərarət fərqli səbəblərdən yarana bilir və ağırlıq dərəcəsinə görə bir-birindən kəskin fərqlənə bilir. Elə qızdırma olur ki, öz-özünə keçib gedir. Amma eləsi də var ki, həkimin ciddi nəzarəti altında müalicə olunmalı və hətta bəzən cərrahi əməliyyat belə keçrilə bilər. Odur ki, hansı hallarda həkimə müraciət etmənin lazım gəliyi haqqında dəqiq tövsiyyə vermək çətindir. Hətta adi insanın diqqətini çəkməyən və xəstəni çox narahat etməyən qızdırma həkim tərəfindən ciddi bir patologiyanın səbəbi kimi qiymtləndirilə bilər. Bu nöqtey-nəzərdən qızdırma hallarında həmişə həkimə müraciət etmək tövsiyyə edilir. Aşağıdakı hallarda həkimə müraciəti qətiyyən gecikdirmək olmaz:

Çox yüksək qızdırma
Bir neçə gen davam edən qızdıma
Qızdırma ilə yanaşı digər şikayətlər olarsa: ürəkbulanma, qusma, sidiyi getmənin ağrılı olması, qarında ağrı, ümumi zəiflik və s.
Qızdırma ilə yanaşı nevroloji əlamətlərin, qıcolmaların olması

Müalicə

Qızdırmanın səbəbindən aslı olaraq müalicəsi həkim tərəfindən təyin edilir. Məsələn, bakterial infeksiyalar zamanı həssaslıq nəzərə alınaraq antibiotiklərin təyini ilə müalicə aparıla bilər. Əgər qızdırmanın səbəbi absesdirsə yerləşməsindən aslı olararaq fərqli üsullarla açılaraq irin xaric edilməlidir. Əməliyyatdan sonra isə həkiminiz infeksiyanın tam aradan qaldırılması üçün fərqli dərmanlar təyin edə bilər. Beləliklə, qızdırma zamanı əsas məqsəd qızdırmanı törədən səbəbin düzgün müəyyən olunması və onun zamanında aradan qaldırılmasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.