Press "Enter" to skip to content

Msəddin Eldəniz

İl-Dəniz sultanlığın daxilində vəziyyəti nisbətən tez bir vaxtda sabitləşdirir. Lakin bir tərəfdən Gürcüstan, o biri tərəfdən Xarəzm kimi mürtəce qonşularla dil tapmaq müəyyən çətinlik törədir. 1161-ci ildə gürcülər Ani, Dəbilvə Gəncəyə amansız hücumlar etdikdən sonra isə Atabəy İl-Dəniz öz qoşunlarını gürcü feodallarına qarşı mübarizəyə hazırlayır. Bir sıra vilayət hakimləri də öz qoşunları ilə birlikdə ona qoşulurlar. İl-Dəniz bütünlükdə 50 min nəfərlik qoşun toplayaraq, 1163-cü ildə müttəfiqlərlə birlikdə gürcülərə qarşı yürüşə başlayır. İl-Dəniz darmadağın edilmiş Dvini onlardan alaraq, gürcü çarı III Georgiyə ağır zərbələr endirir. Bu yürüşdə iştirak etmiş tarixçilərdən biri yazırdı: “Gürcülər biabırçıcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, saya-hesaba gəlməz. Axurları gümüşdən tökülmüş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənləri olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan iki min dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana, məscidə yolladı ki, adamlar onlardan su içsinlər. İkinci bir çəni türkmənlər ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar həddən artıq qənimət qazanaraq, çoxlu adam qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu və sıx meşədə gizləndi. Ərmənlərin şahı üç tay yük ələ keçirdi ki, bunların birində qızıl və gümüş qablar, ikincisində xaçları qızıl və gümüşdən tökülmüş və bahalı daş-qaşla bəzədilmiş tayı-bərabəri olmayan ziqiymət çar sovməsi, üçüncüsündə isə çarın xəzinəsi vardı. Həmin tayın içində olan qızıl, gümüş və daş-qaşın qiymətini heç cür hesablamaq mümkün deyildi.”

Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Qafqaz xalqlarının Orta əsrlər tarixi Yaxın və Orta Şərqin tarixi ilə sıx əlaqədardır. İlk Şərq mənbələrinin aşkar edilməsi və ayrı-ayrı siyasi varlıqların öyrənilməsi Zaqafqaziya və onunla həmsərhəd olan ölkə xalqlarının məsələləri ilə yaxından tanış olmağa imkanlar verir. Hər hansı siyasi varlığın müəyyən dövrünə aid olan hər bir yeni məqalə tarixi hadisənin konkret tədqiq olunması işində bizim təsəvvürümüzü zənginləşdirir. Belə bir tədqiqat işləri sırasına akademik Z.M. Bünyadovun Azərbaycanın Atabəyləri dövlətinin tarixinin yarandığı andan onun süqut etdyi dövrə qədər hərtərəfli tədqiq edildiyi monoqrafiyası daxildir.
Bu əsər girişdən və 8 fəsildən ibarətdir. Ön sözdə redaktor, professor V.M. Beylis tamamilə maraqlı və yeni müxtəlif ilk mənbələrə əsaslanaraq təqdim olunmuş monoqrafiyanın əhəmiyyətini xüsusilə qeyd edir.

Girişdə müəllif mənbələrin və ədəbiyyatın qısa xülasəsi verir (səh. 6-15), ərəb, fars, suriya, erməni, gürcü dillərində yaradılmış yazılı abidələrin dövrünü xarakterizə edir. Müəllif xüsusilə qeyd edir ki, Azərbaycanın Atabəyləri tarixinin əsas məqamlarının əks olunduğu mənbələr hələlik aşkar edilməmişdir. O, ərəb müəllifləri: İbn- əl-Əsir (1160-1233). İbn-əl-Cövzi (1114-1200), Sibt İbn-əl Cövzi ( 1186-1256), əl-Kaşani (+1138), İmadəddin İsfahani, Ravəndi, Əl-Hüseyni, ən-Nəsəvi və başqalarının əsərlərinin əsas mənbələri olduğu mühüm məlumatları əldə etməli olmuşdur.
İlk mənbələrdən başqa müəllif xüsusi ədəbiyyatı təhlil edir və dəyərləndirir. Monoqrafiyada xüsusilə qeyd olunur ki, «İndiyədək sovet tarixi ədəbiyyatında XI əsrin ikinci yarısı və XII əsr Azərbaycan tarixini bizə qədər olan mənbələrin bütün kompleksi əsasında təqdim etmək cəhdi göstərilməmişdir»(səh.13).
Z.M.Bünyadov Azərbaycan alimi Ə.Ə. Əlizadə və R.A. Hüseynovun Səlcuq hökmranlığı dövründə sosial-iqtisadi inkişafın ümumi problemlərinin işlənib hazırlanmasında xidmətlərini və Zaqafqaziya tarixi üçün bu dövrün əhəmiyyətini qeyd edir.
Monoqrafiyada müasir ərəb, türk və Qərbi Avropa müəlliflərinin əsərlərindən istifadə olunub.
Əsərdə mühüm məsələlər: 1) siyasi tarix, 2) inzibati idarəetmə, 3) şəhərlər və şəhər həyatı, 4) mülkədarlıq forması, vergilər və 5) ölkənin mədəni həyatı məsələləri təqdim olunmuş və təhlil edilmişdir.
Siyasi tarixin tədqiq olunması ilə qeyd olunur ki, Böyük Səlcuq sultanı Məlikşahın (1072-1092) və onun vəziri Nizam-əl-Mülkün vəfatından sonra dövlət ayrı-ayrı siyasi vahidlərə parçalandı. Burada Böyük Səlcuqlar dövlətinin süquta yetməsi səbəbləri, Məlikşahın taxtı uğrunda mübarizə və İraq Səlcuq Sultanlığının yaradıldığı siyasi vəziyyət öz əksini tapmışdır. İraq Səlcuq Sultanlığını tədqiq edərək müəllif Gürcüstanda inkişaf edən hadisələri də təsvir edir. O, Qurucu Davidin rəhbərliyi ilə gürcülərin birləşmiş müsəlman silahlı qüvvələrini məğlub etdiyi böyük Didqori müharibəsinə qısaca olaraq toxunur. Belə ki, Z.M. Bünyadov bu məsələyə toxunarkən verilən gürcü salnamə mənbələrindən istifadə etmir və xüsusi ədəbiyyata məhəl qoymur. «Gürcüstan tarixi» nı «Gürcüstan xronikası» deyil, «Gürcüstan tarixi» («Kartlis sxovreba») adlandırmaq lazımdır. Belə ki, bu külliyata daxil olan əsərlər «xronika» deyil, Orta əsrlər gürcü müəlliflərinin tarixi əsərləridir.
Müəllif Didqori müharibəsindən sonrakı hadisələri şərh edir. Tiflisi azad edərək gürcülər öz xarici siyasətini davam etdirməyə başladılar. Onlar Şirvana hücum etdilər. Bu dəfə Şirvana Sultan Mahmudun qoşunu köməyə gəldi. Lakin İbn-əl-Əsirin məlumatına görə, gürcülər ilə sultanın qüvvələri arasında gürcülərin itaətindən çıxan qıpçaqların üzündən həlledici döyüş olmadı.
Z.M. Bünyadov ərəb mənbələrinə istinad edərək İraq sultanlığı tarixindən – Bir tərəfdən İraq sultanlarının Böyük Səlcuq sultanı Səncər ilə, digər tərəfdən isə xəlifə ilə münasibətlər barəsində az məlum olan məlumatlardan söhbət açır və xəlifə ər-Rəşidin qətlinə qədər İraq sultanlığının siyasi həyat mənzərəsini təsvir edir. Göstərilir ki, xəlifə İraq sultanlığı taxtı uğrunda mübarizədə mühüm rol oynamışdır.
Müəllif xəlifənin qətlindən sonrakı vəziyyəti xüsusilə tədqiq edir. İzah olunur ki, İraq sultanı Azərbaycan atabəyinin hücumun təhlükəsi altında azad hərəkət etməkdən məhrum olduğundan müxalifətin mərkəzi Azərbaycanda bərqərar olmuşdu. Böyük Səlcuqilər dövlətində müxtəlif siyasi qruplaşmaların yerdəyişmələrində xəlifənin oynadığı mühüm rol xüsusilə qeyd edilir.
Böyük bir ərazini özünə tabe edən Atabəy Şəmsəddin Eldənizin fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi.
Zəngin materiallar əsasında müəllif göstərir ki, Atabəy Eldəniz böyük dövlət xadimi kimi yetişəndən sonra İraq sultanlığının mərkəzi hakimiyyəti möhkəmlənmişdir. «Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555-ci (1160) ildə o, İraq sultanlığında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən sultan dövlət başçısı rolunu formal ifa etməklə səlahiyyətləri bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların əsl süzereni Atabəy idi»(səh.52).
Faktiki materialda göstərilir ki, öz durumundan istifadə edən Eldəniz mülkiyyətlərinin hakimiyyətini genişləndirməyə nail oldu. Eldənizin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində daxili çəkişmələr əhəmiyyətli dərəcədə zəiflətdi. Eldəniz güclü rəqibləri-Mosul və Fars atabəylərinə qarşı vassal asılılığını qəbul etməklə kifayətlənmişdir.
Monoqrafiyada Atabəy Eldənizin Gürcüstana qarşı münasibətinə xüsusi diqqət yetirilmişdir. Bu, ərəb, erməni, gürcü salnamə mənbələrin təhlili əsasında Z.M. Bünyadov on ildən artıq dövr ərzində Eldənizlərin Gürcüstan ilə əlaqələr tarixinin kifayət qədər mənzərəsini təsvir edir. Bu dövrə toxunaraq, müəllif Şərq mənbələrindən orjinal məlumatlar verir.
Əsərdə Gürcüstan tarixi üçün bir sıra dəyərli məlumatlar vardır. 1. Müəllif tərəfindən göstərilən materialı gürcü mənbələrinə məlum olmayan XII əsrin 60-cı illərində Ani şəhəri uğrunda Atabəy Eldəniz ilə əmirpasalar İvane Orbeli arasında məxvi əlaqə faktı təstiq edir (səh.55) ki, bu da Gürcüstan tarixinin 60-70-ci illərinin bir sıra hadisələrinə aydınlıq gətirir. 2. Çariça Tamarın tarixçisi gürcülərin Şimali İran üzərində (1210-cu il) müzəffər qələbəsi barəsində ətraflı danışır. Lakin bu göstərilən gürcü mənbələri ilə, Azərbaycan və İran İrağı hakimlərinin demək olar ki, tam müqavimət göstərməməsinin nə ilə əlaqədar olması aydın deyildir. Z.M. Bünyadov tərəfindən göstərilən məlumatlar bu hadisələrə aydınlıq gətirir (səh.107) .
Eldənizin qonşu siyasi vahidlər ilə münasibətlərini hərtərəfli öyrənən müəllif dövlətin şərq hüdudlarındakı durumu nəzərdən qaçırmır, o cümlədən, müəllif Eldənizlərin şərq qonşuları ilə əlaqədar olan hadisələri şərh edir.

Eldənizin güclü siyasi birlik yaratmaq işində fəaliyyətini və rolunu dəyərləndirərək Z.M. Bünyadov belə qənaətə gəlir: «Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün böyük siyasi, bir tərəfdən öz tərəfindən yaradılmış sülalənin mülkiyyətlərini genişləndirmək üçün, o biri tərəfdən müvəqqəti nailiyyətlər üçün deyil, öz sultan qəyyumluğu durumundan istifadə etməklə kifayət qədər uzaq görən xadim idi»(səh.66)
Z.M. Bünyadov ilk mənbələrin təhlili əsasında Cahan Pəhlavanın fəaliyyətini və Azərbaycan Atabəyləri dövlətinin bərqərar olmasını işıqlandırır (səh.67-76). Cahan Pəhləvanın fəaliyyətindən söhbət açarkən müəllif belə bir nəticəyə gəlir ki, o istibdad kimi dövləti idarə etmiş və əsas yekun olaraq onun idarəetməsi «Eldənizlər dövlətinin xarici siyasət mövqelərinin gələcəkdə möhkəmləndirilməsinə yönəldilmişdir. Lakin Atabəyin hökmranlığı dövründə daxili durum onun hakimiyyətinin son dövründə mürəkkəbləşməli oldu. Nəticədə aydın oldu ki, Cahan Pəhləvan tərəfindən görülən tədbirlərin hamısı mərkəzi hakmiyyətin möhkəmləndirilməsinə yönəldilmişdi(səh.76).
Müəllifin XII əsrin 80-90-cı illərində Eldənizlər dövlətinin tarixinin tədqiqi üçün zəngin olmayan məlumatları səliqə-sahmana salmamasına baxmayaraq?? o, siyasi hadisələri, həmin dövrlər Azərbaycan Atabəyləri dövlətinin keçirdiyi sarsıntıları təsvir etməyə müəssər olmuşdur. Z.M. Bünyadov Qızıl Arslanın fəaliyyətini, onun Gürcüstan ilə bir sıra məsələlərdə əlaqələrini işıqlandırır. Qeyd olunur ki, Qızıl Arslanın hökmranlığı zamanı Azərbaycan tarixinin «Məmlük dövrü» başlayır.
Monoqrafiyada XII əsrin sonlar XIII əsrin əvvəllərində Gürcüstan ilə Azərbaycan arasında hərbi-siyasi əlaqələr ətraflı şərh edilmişdir. Azərbaycandakı daxili çəkişmələr xarici siyasətdə də öz əksini tapmışdır. Əbu Bəkrə qarşı onun qardaşı Əmir Mirvan Ömər çıxış edir. O, Əbu Bəkrə qarşı birgə çıxış etmək üçün gürcü qoşunu ilə birləşməyə yollanır. Əl-Hüseyninin məlumatına istinad edərək Z.M. Bünyadov Atabəy Əbu Bəkrin qoşunu ilə birləşmiş gürcü qüvvələri arasında baş verən sonrakı hadisələri tam təfsilatı ilə şərh edir.
Çariça Tamar Əmir Mirvan Ömərin simasında Əbu Bəkrə qarşı mübarizədə müttəfiq qazanaraq Arrana və Azərbaycana qarşı müntəzəm hərbi ekspedisiyaya başlayır. Bu siyasi münasibətləri müzakirə edən müəllif verilmiş ərəb, erməni və gürcü salnamə mənbələrinə istinad edir. Müəllif gürcülərin Azərbaycan ərazilərinin içlərinə, Təbrizə və Ucana qədər müntəzəm hücumlarını xatırladır. Çariça Tamarın XII –XIII əsrlərdə fəal xarici siyasəti Azərbaycan atabəyinə bir sox əngəllər törətrmişdir. Eldənizlərin mənafeyi ilə sıx bağlı olduğundan çariça Tamarın xarici siyasətinin daha çox relyefli təqdim edilməsi arzu olunardı.
Azərbaycanda daxili çəkişmələr əksər hallarda Yaxın Şərqdə yaranan xarici siyasi durumla əlaqədar olmuşdur. Həmin vaxtlar Azərbaycan hakimləri real siyasi durumu nəzərə alaraq sülalə nikahının köməkliyi ilə Gürcüstan ilə əlaqələri möhkəmləndirməyə üstünlük verirdilər. Müəllifin sözlərinə görə, «Əbu Bəkr gürcü çarlığına qarşı mübarizədə kifayət qədər gücə malik olmadığından daimi olaraq özünün şərq qonşularından və qiyamçı vassallardan ehtiyat etməli olurdu» (səh.108).

Monqolların ölkədə peyda olması Azərbaycan Atabəyləri dövlətinin süqutunda mühüm rol oynadı. Onlar gözlənilmədən Atabəy Özbəyin qərar tutduğu Təbrizə yaxınlaşdı. Təbrizdən monqollar Arrana, sonra da Gürcüstana tərəf istiqamət götürdülər. Monoqrafiyada monqolların Azərbaycana, eləcə də Gürcüstana qarşı dəfələrlə hücumu, o cümlədən aparılan ayrı-ayrı döyüşlər təsvir edilmişdir. Qeyd olunur ki, monqolların ilk gəlişindən sonra gürcülər yenə də Azərbaycana hücum etmişlər(1225-ci il), lakin məğlubiyyətə uğramışlar. Qaliblər yeni hücuma hazırlaşan kimi, Xarəzmşah Cəlaləddin Manqburnu Azərbaycan ərazisinə soxuldu. «Belə bir hal gürcüləri, eləcə də Atabəy Özbəyi saziş bağlamağa və yeni düşmənə qarşı birləşməyə məcbur etdi» (səh.120).
Qeyd etmək lazımdır ki, monoqrafiyada Cəlaləddin Manqburnunun Gürcüstan ilə, Zaqafqaziyanın ayrı-ayrı siyasi vahidləri ilə və Kiçik Asiya ilə hərbi-siyasi münasibətlərindən söhbət açılır. Son xarəzmşahın Zaqafqaziyaya basqınları monqolların işğalı üçün əlverişli zəmin yaratdı. Müəllif xarəzmlilərin basqınları zamanı yaranmış siyasi mənzərəni aydın təsvir etmişdir.
Göstərilmiş yazılı, epiqrafik və nümizmatik abidələr əsasında müəllif ümumi cizgilərdə XII əsrdə və XIII əsrin birinci yarısında Şirvanda olan durumu tədqiq etmişdir. Monoqrafiyada qeyd olunmuşdur ki, Şirvan tarixi yüz il bundan əvvəl öyrənilməyə başlanılmışdır. Şirvana XII əsrin əvvəllərində formalaşmış ərazi vahidi kimi diqqət yetirilmişdir. XI əsrin 60-cı illərində- Fəxrəddin Fəriburz ibn Sallar ibn II Yəzidin hakimiyyəti dövründə (1063-1096) Şirvanın siyasi tarixi təsvir olunmuşdur. Fəxrəddin Fəriburz səlcuqlar ilə uzun müddət sıx siyasi əlaqələr saxlamalı olmuşdur. I Fəriburzdan sonra Şirvan taxtına I Mənüçöhr ibn I Fəriburz çıxır.
1106- ci ildən Şirvan hakimi I Əfridun olur. Elə həmin vaxtdan Şirvanın taleyi Gürcüstanın taleyi ilə sıx bağlanır. Müəllifin sözlərinə görə, «Şirvan ilə Gürcüstanın ümumi maraqları var idi. Bu da özünü daha çox Səlcuq hökmranlığından xilas olmaq uğrunda mübarizədə büruzə verirdi. Bu, Şirvan ilə Gürcüstanın bir-birinə yaxınlaşmasını şərtləndirirdi. Bu məqsəd ilə atılan addımlardan biri də Şirvan taxt-tacının vəliəhdinin IV Davidin qızı Tamar ilə sülaləvi ictivacından ibarət idi»(148).
Həmin vaxtdan gürcülər Şirvan həyatının müxtəlif sahələrində fəal iştirk edir.
Məlum oluğu kimi, Gürcüstanın çar sarayı Şirvanla münasibətin yaradılmasına böyük diqqət ayırırdı. Bu məsələ səlcuqlara qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdi.
Gürcüstan çarı IV Baqrat, IV David və başqaları bu dövlətin hərbi-siyasi qüdrətinə də böyük diqqət yetirdilər. Kaxeti-Heretinin birləşdirilməsindən sonra Qurucu Davidin səyləri nəticəsində Gürcüstan Şirvan ilə bilavasitə qonşuluq etməyə başladı ki, bundan sonra da Şirvanşah ilə əlaqələr daha da mühüm əhəmiyyət kəsb etdi. Qurucu Davidin qızı Tamarın Şirvanşahların vəliəhdi ilə nikahı məsələsində müəyyən siyasi məna yatırdı( 1105-1106)1.Müsəlman hakimə qızını verərək Gürcüstan çarı Şirvanşahı türk –səlcuqlara qarşı mübarizədə özünə müttəfiq etməyə cəhd göstərmişdir. Göründüyü kimi, bu fakt IV Davidin ümidlərini doğrultmadı, bundan sonra o, Şirvana qarşı münasibətdə fəal siyasi fəaliyyət göstərmyə başladı. Belə ki, bu ölkəyə bir neçə dəfə hücumlar etdi.
1123-cü ildə türk sultanı Şirvana hücum etdi, Şamaxı şəhərini tutdu, Şirvan hakimini əsir götürərək Gürcüstan çarına hədələyici məktub göndərdi. Buna cavab olaraq Qurucu David Şirvan üzərinə yeridi, lakin sultan gürcü qoşunu ilə vuruşmaqdan boyun qaçırdı.
Şirvanın qala və şəhərlərində gürcülər herlərdən və qaxlardan ibarət öz qoşunlarını yerləşdirdi, «bütün gömrük işlərinin hakim və nəzarətçisi vəzifəsinə» David öz sədaqətli vəziri Simonu təyin etdi2. Fərz etmək olar ki, məhz elə bu dövrdə gürcü çarları «Şirvanşah» titulunu daşıyırdılar.
Bir şeyə də diqqət yetirmək lazımdır ki, Gürcüstanın ən yüksək əyanlarından biri-çardan sonra ali mülki vəzifə tutan mtsiqnobartuxutsesi- çar sarayının birinci vəziri Çkondideli Şirvanın hakimi təyin olunmuşdur. Göründüyü kimi, gürcü çar sarayının siyasəti təkcə Şirvanın hərbi işğalını deyil, eləcə də ölkədə mülki-inzibati tədbirlərin də həyata keçirilməsini nəzərdə tuturdu.
Qurucu Davidin varisinin çarlığı dövründə Şirvanın şərq hissəsində Şirvanşah hakimiyyəti vassal asılılığı şəraitində bərqərar olundu3. Ölkənin qərb hissəsi isə bilavasitə Gürcüstana birləşdirildi. Gürcüstan ilə Şirvan arasında bu cür münasibətlər monqolların hücumundan əvvəlki dövrə qədər davam etdirilmişdir.
Bütün XII əsr ərzində Gürcüstan ilə Şirvan ümumi düşmənə qarşı çiyin-çiyinə mübarizə aparmışdır. Bu dövr ərzində Şirvanın iqtisadiyyat, eləcə də mədəniyyət sahəsində qazandığı nailiyyətlər Gürcüstan ilə yaradılmış sıx əlaqlərə çox təsir göstərmişdir.
Monoqrafiyada bütün XII əsr ərzində Şirvanın siyasi durumu və xronologiyası verilir; hakimiyyəti dövründə gürcü ekspansiyasının cənub və cənub-şərqə doğru genişləndiyi çar Tamarın çarlığı dövründə (1184-1213) Gürcüstanın Şirvan ilə münasibətlərinə mühüm diqqət yetirilmişdir. Müəllif xüsusilə qeyd edir ki, həmin vaxtlar Şirvan siyasi və iqtisadi cəhətdən Azərbaycandan və Arrandan ayrılmışdı və Azərbaycan Atabəyləri dövlətində daxili çəkişmələrdən istifadə edən, qonşu dövlətin daxili işlərinə qarışmağa başlayan güclənmiş Gürcüstanın təsirini öz üzərində başqalarına nisbətən çox hiss edirdi. Bu təsir gücü ilə Gürcüstan Şirvanın Cənubi Dağıstanda hökmranlığını dəstəkləyirdi. Bu təsir gücü ilə Şirvan sülaləsinin nümayəndələri də maraqlı idi(səh.158).
Qərb və gürcü salnamə mənbələrinin təhlili əsasında müəllif tərəfindən Şirvan ilə Gürcüstan arasında qarşılıqlı əlaqələr ətraflı öyrənilir. Z.M. Bünyadov (bir neçə Azərbaycan alimi: Ə.Ə.Əlizadə, R.A. Hüseynova baxmayaraq) düzgün qənaətə gəlir ki, «Şirvanın təhqiq olunmuş dövrdə vassal asılılığı barəsində Orta Əsrlər gürcü müəllifləri və ərəb müəllifləri tərəfindən təstiq olunur (səh.161).
Sonralar müəllif Şirvanın tarixini xarici siyasətin durumu fonunda şərh edir. Monqolların ilk basqınlarının, Cəlaləddin Xarəzmşahın və başqalarının qəflətən hücumlarının Şirvan və Gürcüstan üçün mənfi rolunu qeyd edir. Monoqrafiyada göstərilmişdir ki, monqolların istilası Şirvanın müstəqilliyinə son qoymuşdur.
Beləliklə, monoqrafiyada Eldənizlər Atabəyləri dövlətinin siyasi tarixi kifayət qədər ətraflı şərh edilmişdir. Monoqrafiya Sovet və xarici ölkələr istoriyaqrafiyasında bu göstərilən məsələ üzrə ilk ciddi tədqiqatdır.
Siyasi hadisələri tədqiq edəndən sonra müəllif Atabəylər dövlətində inzibati idarəetməni təhlil edir (səh.172-187) və eyni zamanda onun «İraq Səlcuq Sultanlığında mövcud olduğu kimi qaldığını» qeyd edir (səh.172). Faktiki olaraq İraq sultanlığının hakimi atabəy idi, lakin atabəyin vəzifəsi, taxt varisinin tərbiyəçisi kimi öz məzmununu dəyişərək hakimiyyətin ən yüksək tituluna çevrilir. Atabəydən sonra bütün bürokratik aparatın başçısı və dövlət başçısının birinci məsləhətçisi vəzir hesab olurdu.
Bir qayda olaraq vəzirlər və inzibati-maliyyə aparatında ayrı-ayrı vəzifələri tutan şəxslər ərəb-fars mənşəli idilər. Hərbi vəzifələr isə türk dilli kübar təbəqənin əlində idi. Monoqrafiyada Atabəylər dövlətində vəzirin vəzifə və funksiyaları xarakterizə olunmuşdur. Dövlətdə növbəti vəzifə böyük və baş hacib vəzifəsi idi ki, onun da funksiyasına hakimə mühüm işlər barəsində hesabat vermək, onun tələbləri qayğısına qalmaq, sarayın mərasimlərinə və sair tədbirlərə rəhbərlik etmək daxil idi. Haciblər bəzən əlavə və başqa funksiyaları da yerinə yetirirdilər.
Hakimin bütün əmlakı əl-xass adlanan («xüsusi divan») divan ilə və yaxud Ali divan ilə idarə olunurdu. Ona öz xüsusi sarayı olan məliklərin hakim təyin edildiyi kifayət qədər böyük əyalətlər tabe olunurdu.
Dövlətdə daxili, eləcə də xarici yazışmaları həyata keçirən dəftərxana mühüm rol oynayırdı. Dövlət dəftərxanasının başçısı münşi və yaxud tuğrayi idi.
Dövlət maliyyə idarəsinə və ya xəzinəyə ali maliyyə məmuru ( mustoufi əl-ard və ya arid ) nəzarət edirdi.
Dövlət bir neçə iri vilayət və əyalətlərə bölünürdü ki, onları da ölkə hökmdarının müavinləri- valilər idarə edirdilər. Vilayətdə ikinci şəxs onun vəziri idi. Dövlətin şəhərlərini valinin adından şəhər rəisləri idarə edirdilər. Ətrafdakı mahal və kənd rəisləri şəhər rəisinə tabe olurdu. Ölkənin idarə olunmasında dini hakimlər- qazilər mühüm rol oynayırdılar. Müəllif hər bir vəzifənin funksiyasını ətraflı təhlil edir. Əksər hallarda mənbələrdən dövlətdə bu və ya digər vəzifə tutan şəxslərin adlarını çəkir.
Müəllif tərəfindən şəhər, sənətkarlıq, pul tədavülü və faydalı qazıntılar tədqiq edilmişdir (səh.118-2120).Qeyd olunur ki, Azərbaycan Atabəyləri dövlətində şəhər və şəhər həyatı geniş inkişafa malik olmuşdur. Şəhər həyatının nisbətən yüksək səviyyəsi göstərilmişdir. Şəhərlər daxili, eləcə də xarici ticarət mərkəzləri idi. Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Beyləqan, Ərdəbil Yaxın və Orta Şərq miqyasında mühüm ticarət-sənətkarlıq mərkəzi idi. Monoqrafiyada ölkənin ticarət və iqtisadi münasibətlərinin inkişafında Azərbaycanın hər bir şəhərinin rolu və əhəmiyyəti tədqiq olunmuşdur.
XII əsrin sonları XIII əsrin əvvəllərində sikkə zərbi və pul tədavülünə böyük diqqət yetirlmişdir. Qeyd olunur ki, ölkənin iqtisadi durumu istehsal qüvvələrinin və ticarət-pul münasibətlərinin artımı ilə xarakterizə olunur. Ölkənin faydalı qazıntılarına, müalicə sularına, otlarına və bitkilərinə lazımi diqqət yetirilmişdir.
Bütün zəngin olmayan material əsasında müəllif Atabəylər dövlətində mövcud torpaq mülkiyyətinin forma və kateqoriyalarını xarakterizə edə bilmişdir. Müəllif belə bir bölgü aparır: 1) Tac torpaqları, yaxud seçilmiş (xass) torpaqlar, 2) Len torpaq mülkiyyəti-iqta, 3) xüsusi torpaq mülkiyyəti (milk, mülk), 4) Vəqf.
Bu kateqoriyada olan torpaqlara qoyulan vergilər: 1) Xərac (torpaq vergisi), 2) Cizyə (can vergisi), 3) Uşr (onda bir), 4) Haqq (cəm halında-hüquq)- divanın nəfinə yığılan dövlət rüsumu və ya vergisidir, 5) Aləf, 6) Nüzl və sair. Ölkəninin iqtisadiyyatı üçün hər bir vergi və ianələrin rolu, məğzi və əhəmiyyəti xarakterizə olunmuşdur.
Göründüyü kimi, monoqrafiyada Atabəylər dövlətində mədəni həyat tərzi geniş işıqlandırılmışdır. Ölkənin mədəni həyatının bütün sahələrində mövcud olan yüksək səviyyə qeyd olunur. Monoqrafiyada şöhrəti Azərbaycanın hüdudlarından uzaqlara da yayılan Nizami, Xaqani, Mücirəddin Beyləqani, Fələki Şirvani kimi böyük elm və mədəniyyət xadimlərinin yaradıcılığı qısaca xarakterizə olunmuşdur.
Monoqrafiyada göstərilmişdir ki, Azərbaycan Atabəyləri şairlərə, memarlara, mühəndislərə, inşaatçılara, həkim və elm nümayəndələrinə hamilik edirdilər. Azərbaycandan çıxan, təkcə Azərbaycanda deyil, eləcə də Bağdadda, Qahirədə, Dəməşqdə və sair şəhərlərdə yaşayıb yaradan alimlərin siyahısı verilmişdir. Əsərdə Azərbaycan şəhərlərində yaşayıb yaradan və öz əsərləri ilə XII-XIII əsrlərdə erməni tarix elmini şöhrətləndirən Orta əsrlər erməni tarixçi və hüquqşünaslarının da qısaca xasiyyətnaməsi verilmişdir.
Əsərin sonunda Azərbaycan Atabəylərinin və İran səlcuqlarının (geneoloji) nəsil səcərəsi verilmişdir. Eləcə də Azərbaycan Atabəyləri dövründə hakimiyyət sürən xəlifələrin, Böyük Səlcuq sultanlarının, Şirvanşahların, Mosul Atabəylərinin, Xarəzsmşahlarının, Fars Atabəy¬lərinin, Maraga və Ruin-Dej hakimlərinin məmlükləri-İraq İrağı hakimlərinin xronolo¬giyası da öz əksini tapmışdır. Əsərdə həmçinin Azərbaycan Atabəyləri dövlətinin xəritəsi, biblioqrafiyası və göstəricilər verilmişdir.
Beləliklə, Z.M. Bünyadov çoxsaylı müxtəlif dilli ilk mənbələrin və xüsusi ədəbiyatın təhlili əsasında sovet istoriyaqrafiyasında ilk dəfə olaraq Azərbaycan Atabəyləri dövlətinin tarixi monoqrafiya şəklində tədqiq olunmuşdur. Bu dəyərli əsər, şübhəsiz, XII-XIII əsrlərdə Qafqaz və Yaxın Şərq xalqlarının qarşılıqlı əlaqələrinin tarixininin öyrənilməsi ilə məşğul olan qafqazşünaslar və şərqşünasların stolüstü kitabına çevriləcəkdir.
Mahiyyətinə görə rəyləşdirilmiş monoqrafiya Azərbaycan Atabəylərinin tarixi üzrə ilk böyük tədqiqat əsəridir.

Gürcü dilindən tərcümə edəni:
Mirzə MƏMMƏDOĞLU

İstifadə olunan ədəbiyyat:

1. N.Ş. Asatiani, XII əsrdə Şirvan ilə Gürcüstan arasındakı siyasi əlaqələr, XII əsrdə Gürcüstan tarixi məsələləri, məcmuə, Tbilisi, 1968, səh. 26 (gürcü dilində).
2. «Kartlis sxovreba» («Gürcüstan həyatı»), I, Tbilisi, 1955, səh. 345.
3. N.A. Berzenişvili, Şərqi Kaxetin keçmişindən, «Gürcüstan tarixi məsələləri», III cild, Tbilisi, 1966, səh. 257 (gürcü dilində).

Şəmsəddin Eldəniz

Şəmsəddin Eldəniz — mənşəcə qıpçaqlardan olan hökmdar, Azərbaycan Atabəylər dövlətinin yaradıcısı, siyasi xadim və sərkərdə. 1136-cı ildə sultan Məsud Arranı Eldənizə bağışlayaraq ona “Şəmsəddin”, yəni “dinin günəşi” titulunu verdi. O, Bərdədə yerləşən iqamətgahına gələrək, öz müstəqilliyinə qədəm qoyur. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. O, xırda əmirlikləri özünə tabe etdi və sonralar Eldənizlər dövlətini və dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Bu dövlət onun adı ilə Eldənizlər adlandırıldı. Dövlətin paytaxtı Naxçıvan idi. 1141-ci ildə Səlcuqların Azərbaycan hakimi Qara Sunqurun vəfatından sonra bütün Azərbaycanın idarəçiliyini də ələ keçirdi. Eldənizin yaratdığı yeni dövlətin ərazisi genişləndi.

1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Arslan şah taxta çıxmalı olur. Bu hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün Eldəniz 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz “Böyük Atabəy” adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.

Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddaratının həlledicisi və əsl hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu. Əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi.

1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslan şah vəfat etdi.

Hakimiyyəti

Qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir bir dəfəyə qırx qul alsaydı, onları satan tacirdən yalnız otuz doqquzunun pulu alınır, qırxıncı isə pulsuz verilirdi. Sultan Mahmudunhakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi otuz doqquz qul satıb, qırxıncı üçün pul göndərməmişdi. Həmin qul yöndəmsiz və çirkin Eldəniz olmuşdur. Tacir qulları arabalara dolduraraq, İraqa gətirmişdi. İlin isti vaxtları olduğu üçün karvan yalnız gecələr yol gedirdi.

Eldəniz satınalınma qullardan ən kiçiyi idi. Yolda o üç dəfə yuxulu halda arabadan düşmüşdü. İki dəfə onu qaldırıb onu arabaya qoymuşlar, üçüncü dəfə isə tacir, onsuz da onu pulsuz aldığından, əmr edir ki, onu yolda qoysunlar. Eldəniz səhər ayılanda, karvanın izidə qalmamışdı. Axşamçağı o, karvanı haqlayanda, taciri heyrət bürümüşdü.

Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında (hicri 516-cı ilin səfər ayı) sui-qəsdlə öldürülməsindən sonra Sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan salar) qoydular. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı. Burada Eldəniz öz sahmançılığını və iş aparmaq bacarığını göstərdi. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Möminə Xatun ona xüsusi iltifat göstərirdi.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi. Cüzcaninin dediyinə görə, “Şəmsəddin Eldəniz öz imperiyasının öz qulları arasında bölüşdürən Böyük Sultan Səncərin məmlükü idi. Bu qullar atabəy adı daşıyırdılar. Azərbaycanın və İraqın taxt-tacını Səncər atabəy Eldəniz əs-Səncəriyə verdi. O, Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır“.

Hakimiyyətin ələ keçirilməsi

Hicri 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz “Böyük atabəy” (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əl-kəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələri təyin etdi.

Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi.

Şəmsəddin Eldəniz müstəqil dövlətin hökmdarı kimi

Sultan Məsudun KNKİM ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. 1160-cı ilin noyabrında atabəy İl-Dəniz Arslan şahı sultanlığın paytaxtı Həmədan şəhərinə gətirir. Onu 20 minlik ordu müşayiət edirdi. Tacqoyma mərasiminə sultanlığın bütün vilayətlərindən və vassal ölkələrdən hakimlər gəlmişdi. Arslan şah İraq sultanlığının sultanı, Şəms əd -Din İl-Dəniz “Böyük Atabəy”, onun oğlanları- sultanın böyük ögey qardaşı Məhəmməd Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş Qızıl Arslan isə ordu komandanı elan olunur. İl-Dəniz özünün bütün əmirlərini böyük dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasimində iştirak edən bütün əmirlər sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içirlər.

İl-Dəniz faktiki olaraq bütün ölkənin hakiminə çevrilir. Hakimiyyətin bu cür mərkəzləşməsi Bağdad xəlifəsini və iri vilayətlərin hakimlərini qorxuya salır. Onlar öz üstünlüklərini əldən vermək istəmirdilər. Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edir və narazı əmirlərin koalisiyasını yaratmağa başlayır. Bu məqsədlə o, özünə sadiq səlcuq şahzadələrindən birinə söz verir ki, onu sultan taxtına çıxaracaqdır.

İl-Dəniz əmirlərin birləşməsini qabaqlayaraq onların öz ərazilərinə yeriyərək, ordularını darmadağın edir. Ən parlaq qələbəsini Həmədan, Rey və Qəzvin yaxınlığında qazanır. Bu qələbələrdən qorxuya düşmüş əmirlərin çoxusu sultandan vassal asılılığında olduğunu etiraf etmək zorunda qalır. Rey hakimi İnanc hətta məcbur qalıb öz qızını Böyük Atabəyin oğlu Məhəmməd Cahan Pəhləvana verir. Akademik Z. Bünyadovun sözləri ilə desək, “Beləliklə, atabəy Şəms əd-Din İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.”

İl-Dəniz sultanlığın daxilində vəziyyəti nisbətən tez bir vaxtda sabitləşdirir. Lakin bir tərəfdən Gürcüstan, o biri tərəfdən Xarəzm kimi mürtəce qonşularla dil tapmaq müəyyən çətinlik törədir. 1161-ci ildə gürcülər Ani, Dəbilvə Gəncəyə amansız hücumlar etdikdən sonra isə Atabəy İl-Dəniz öz qoşunlarını gürcü feodallarına qarşı mübarizəyə hazırlayır. Bir sıra vilayət hakimləri də öz qoşunları ilə birlikdə ona qoşulurlar. İl-Dəniz bütünlükdə 50 min nəfərlik qoşun toplayaraq, 1163-cü ildə müttəfiqlərlə birlikdə gürcülərə qarşı yürüşə başlayır. İl-Dəniz darmadağın edilmiş Dvini onlardan alaraq, gürcü çarı III Georgiyə ağır zərbələr endirir. Bu yürüşdə iştirak etmiş tarixçilərdən biri yazırdı: “Gürcülər biabırçıcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, saya-hesaba gəlməz. Axurları gümüşdən tökülmüş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənləri olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan iki min dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana, məscidə yolladı ki, adamlar onlardan su içsinlər. İkinci bir çəni türkmənlər ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar həddən artıq qənimət qazanaraq, çoxlu adam qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu və sıx meşədə gizləndi. Ərmənlərin şahı üç tay yük ələ keçirdi ki, bunların birində qızıl və gümüş qablar, ikincisində xaçları qızıl və gümüşdən tökülmüş və bahalı daş-qaşla bəzədilmiş tayı-bərabəri olmayan ziqiymət çar sovməsi, üçüncüsündə isə çarın xəzinəsi vardı. Həmin tayın içində olan qızıl, gümüş və daş-qaşın qiymətini heç cür hesablamaq mümkün deyildi.”

Belə ağır məğlubiyyətə uğradıqlarına baxmayaraq, gürcülər sultanlığın şəhərlərinə basqınlarını davam etdirirlər. Döyüşlərdə gah bu, gah da o tərəf qalib gəlir. 1175-ci ildə gürcülər yenidən ağır məğlubiyyətə uğrayırlar. Salnaməçilər yazır: “abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldılar ki, hələ ruzigarın gözü belə şey görməmişdi.” Və yalnız bu döyüşdən sonra qərb sərhədlərində vəziyyət sabitləşir, köhnə sərhədlər bərpa olunur.

Sultanlığın şərq sərhədləri daim qüdrətli Xarəzmşah İl-Arslanın təhdidi altında idi. Mübahisələr əsasən Xarəzmlə həmsərhəd olan Nişapur şəhəri üstündə gedirdi. İl-Dəniz Nişapuru onun hakimi Xarəzmşahın tərəfinə gedənə qədər vassal asılılığında saxlaya bilir. Rey hakimi əmir İnanc da illik vergini ödəməkdən imtina edirək, şəhəri ətraf ərazilərlə birlikdə Xarəzmşahın tabeliyinə vermək istəyir. Bunu eşidən İl-Dəniz təcili olaraq, qoşunu ilə oraya tələsir. Əmir İnancla Xarəzmşahın birləşmiş orduları məğlubiyyətə uğrayır. Rey qalasına girib, özünü gizlədən əmir İnanc vəzirini Böyük Atabəylə danışığa göndərir. İl-Dəniz İnancla hər hansı bir danışıq aparmaqdan imtina edir, vəzirə isə deyir: “Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan. Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla yad ölkədə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kasıbçılıq və məhrumiyyətlər içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi oğlum Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən, mən öz vədlərimi həyata keçirməyə and içib, söz verirəm.”

Vəzir müdrik bir qərar çıxarır. Onun əmri ilə qulları İnancı qətlə yetirirlər, vəzir özü isə Rey hakimi təyin edilir və Atabəylə yaxınlaşır. 1175-ci ildə Böyük Atabəyin xanımı, səlcuq sultanı II Toğrulun dul qadını Möminə xatun rəhmətə gedir. Bircə ay keçmir ki, İl-Dəniz özü də dünyasını dəyişir. Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş bu böyük qadının xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində dahi Azərbaycan memarı Əbubəkr Əcəminin yaratdığı möhtəşəm məqbərə ucaldılır. Məqbərənin tikintisinə Böyük Atabəyin sağlığında başlanılır, onların oğlanları Cahan Pəhləvanın dövründə, 1186-cı ildə bu iş sona çatdırılır. Görünür, Möminə xatunu Cahan Pəhləvanın arvadı sayan bəzi sənətşünasların yanlışlığı da buradan gəlir. Akademik Z. M. Bünyadovun yazdığına görə, Cahan Pəhləvanın üç hərəmi olub: Zahidə xatun, İnanc xatun və Quteybə xatun. Böyük Atabəy Şəmsəddin İl-Dəniz isə Naxçıvanda vəfat edir,lakin Həmədanda dəfn olunmuşdur.

Məktublar

  • Şəmsəddin Eldənizin Sultan Məhəmmədə məktubu (1153)
  • Şəmsəddin Eldənizin Sultan Məhəmmədə məktubu (1157)
  • Şəmsəddin Eldənizin Xarəzmşah İl-Arslana məktubu

Comments are closed, but trackbacks and pingbacks are open.