Press "Enter" to skip to content

Daxili zənginlik və müdriklik arxayınlığı – Ağamusa Axundov – 90

Ağamusa Axundov geniş və zəngin yaradıcılıq yolu keçmiş, neçə nəslin böyük dilçilər nəslini yetirşdirmiş və tərbiyə etmiş, xalqın dərin rəğbətini qazanmışdır.

Türkolog Ağamusa AHUNDOV Vefat Etti

Azərbaycan türkologiyasının görkəmli nümayəndəsi Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də dünyasını dəyişmişdir.

Filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Ağamusa Axundov 1932-ci ildə fevralın 2-də Azərbaycan Respublikasının Kürdəmir şəhərində anadan olmuşdur. 1940-cı ildə Kürdəmir şəhərində orta məktəbə getmiş, 1950-ci ildə orta məktəbi qızıl medalla başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsinə daxil olmuş, 1955-ci ildə həmin fakültəni «Nizami» təqaüdü ilə bitirmiş və aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını vaxtından qabaq bitirərək «Felin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və ADU-nun ümumi dilçilik kafedrasına müəllim, daha sonra baş müəllim təyin olunmuşdur. 1959-cu ildə O, Universitetdə dosent vəzifəsiqdə işləyə-işləyə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-cü ildə «Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs demişdir. O,1967-ci ildə professor elmi adını almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1967-1974) seçilmişdir.

1968-1974-cü illərdə BDU-nun filologiya elmləri üzrə Müdafiə Şurasının sədri təyin edilmişdir. 1973-cü ildə 5-6-cı siniflər üçün «Azərbaycan dili» dərsliyinə görə ona Azərbaycan SSR Maarif Nazirliyinin mükafatı verilmişdir.

1986-cı il professor Ağamusa Axundovun həyatında əlamətdar olmuşdur. Həmin il «Azərbaycan dilinin fonetikası» monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı almışdır.

1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Ağamusa Axudov 1990-cı ildən 2011-ci ilə kimi Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda direktor, 2001-ci ildən 2011-ci ilə kimi AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Beynəlxalq «Türkologiya» elmi jurnalının və «Azərbaycan MEA-nın Xəbərləri (Humanitar və İctimai elmlər seriyası)» jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponimiya Komissiyasının üzvüdür. 1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasına sədr təyin olunmuşdur. Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində respublikamızda aparıcı mütəxəssisdir.

Uzun müddət Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmişdir. Alimin o sahədə elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi 1979-cu ildə «Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)» kitabı çapdan çıxmışdır. 1994-cü ildə həmin kitab «Təhsil» Cəmiyyətinin mükafatına layiq görülmüşdür.

Ağamusa Axundov dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınır. Xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində Ağamusa Axundovun xidmətləri böyükdür. Belə ki, linqvistik nəzəriyyələrinin qısa tarixi, dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili sistemi və quruluşu, dilçilik metodları onun yaradıcılığında dəqiqləşdirilir. Bununla yanaşı, fonologiya, onun predmet və vəzifələri, fonem, fonemin tədqiqi tarixi, qrammatika, qrammatik kateqoriyaların mahiyyəti, morfologiya və onun əsas vahidi, söz yaradıcılığı, leksikologiya, linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarışlar aparan A.Axundov qrammatik quruluşuna görə dillərin müxtəlif tiplərini kontrastiv, müqayisəli və konseptual istiqamətdə araşdırmış nəzəri ümumiləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsulları, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilinin mahiyyəti açıqlanmış və bu anlayış əslində Azərbaycan dilçiliyinə onun tərəfindən gətirilmişdir. Alim «Dil və üslub məsələləri «Felin zamanları», «Dilçiliyə giriş», «Ümumi dilçilik», «Riyazi dilçilik», «Azərbaycan dilinin fonetikası», «Dil və ədəbiyyat» 2 cilddə, «Şeir sənəti və dil», «Dilin estetikası» monoqrafiyaların və 500-ə qədər elmi məqalənin müəllifidir.

2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş «Azərbaycan dilinin orfoqrafiya lüğəti» çapdan çıxmışdır. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Həmin sanballı lüğətin redaktoru və ön sözün müəllifi Ağamusa Axundovdur. 2004-cü ildə çapa təqdim olunmuş dördcildlik «Azərbaycan dilinin izahlı lüğəti» də onun redaktorluğu ilə hazırlanmışdır.

2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildlik «Azərbaycan dilinin izahlı lüğəti» çapdan çıxmışdır. İzahı verilən baş sözlərin sayına görə ən zəngin olan bu lüğət geniş oxucu kütləsinin stolüstü kitabına çevrilmişdir. Ağamusa Axundov Türkiyədə, İranda, Misirdə, Çexoslovakiyada, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Rusiyanın bir çox şəhərlərində, Belorusiyada, Türkmənistanda, Gürcüstanda, Yuqosloviyada, Amerika Birləşmiş Ştatlarınında, Yaponiyada və s. ölkələrdə elmi səfərdə olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.

Ağamusa Axundov Azərbaycan dilçiliyi sahəsində böyük xidmətlərinə, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə mükafatlandırılmış, orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1970-ci ildə «Əmək rəşadətinə görə» medalı, 2000-ci ildə isə «Şöhrət ordeni» ilə təltif edilmişdir. 1968-ci ildə Xarici ölkələrlə Sovet Döstluq və Mədəni Əlaqələr İttifaqının, 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Xalq şairi Məmməd Araza həsr olunmuş məqaləsinə görə «Məmməd Araz» ədəbi müsabiqəsinin laureatı olmuşdur.

Ağamusa Axundov geniş və zəngin yaradıcılıq yolu keçmiş, neçə nəslin böyük dilçilər nəslini yetirşdirmiş və tərbiyə etmiş, xalqın dərin rəğbətini qazanmışdır.

1993-2014-cü illərdə “Türkologiya” jurnalının baş redaktoru olmuşdur. Ağamusa Axundov son vaxtarda AMEA Rəyasət heyətinin müşaviri kimi elmi fəaliyyət göstərirdi.

Ağamusa Axundovun parlaq xatirəsi heç vaxt yadımızdan çıxmayacaqdır. O,bizim ən sevimli müəllimlərimizdən biri ,işıqlı fikir aydını idi.

Allah rəhmət eləsiin!

Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq.

Daxili zənginlik və müdriklik arxayınlığı – Ağamusa Axundov – 90

Aprelin 25-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli türkoloq, dilçi və ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirildi. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin bir sıra tanınmış şəxsləri, Kürdəmir rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri, eləcə də alimin ailə üzvləri, rayonun təhsil işçiləri və məktəblilər iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzdülər, sonra A.Axundovun həyat və yaradıcılığını əks etdirən sərgiylə tanış oldular.

Tədbirin aparıcısı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyi tarixindən qızıl hərflərlə keçən akademik Ağamusa Axundov çox sayda önəmli titulların daşıyıcısı, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi idi. Qırx il Bakı Dövlət Universitetində çalışan Ağamusa Axundov nəinki keçmiş SSRİ məkanında, hətta Şərqdə filologiya üzrə ən gənc elmlər doktoru kimi tanınırdı. 35 yaşında isə artıq universitetin Filologiya fakültəsinin dekanı seçilmiş, müəyyən fasilə ilə 17 il bu vəzifədə ləyaqətlə çalışmışdır. O, Ümumi dilçilik, daha sonra Azərbaycan dilçiliyi kafedrasının müdiri, 21 il AMEA Dilçilik İnstitutunun direktoru, AMEA Rəyasət Heyəti sədrinin müşaviri, akademik-katib, “Türkologiya” jurnalının redaktoru vəzifələrində çalışmışdır. Bundan başqa, görkəmli alim Misir Ərəb Respublikasının Qahirə Eyn-Şəms Universitetində bir il Azərbaycan dili və ədəbiyyatından dərs demiş, Praqa, Ankara, Belqrad, Budapeşt, Kayseri, İstanbul şəhərlərində keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Eyni zamanda Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında dilimizə aid konfranslar keçirmişdir.

Görkəmli alim həm də bir sıra elmi, əlaqələndirmə, müdafiə şuralarının sədri, “Ulduz” və “Azərbaycan” jurnallarının redaksiya heyətlərinin üzvü olmuş, ABŞ-ın “Frendehin fors” ictimai təşkilatının Fəxri fərmanına layiq görülmüş, Azərbaycan və Ərəb Ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniyada çıxan “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. Dilçilik və ədəbiyyatşünaslıq sahəsindəki dəyərli xidmətlərinə görə “Şöhrət” ordenilə təltil olunmuşdur.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbirdə çıxış edərək dedi: “2017-ci ildə görkəmli alim, unudulmaz müəllim, həqiqi ziyalı, saf insan Ağamusa Axundov haqqında xatirələrimi yazan zaman onu ən dəqiq səciyyələndirə biləcək söz haqqında düşünərkən ağlıma ilk gələn “Ləyaqət, Dəyanət, Təmkin, Ciddilik, Yüksək peşəkarlıq” sözləri oldu. Şübhəsiz, bu sözləri və bu kimi neçə-neçə sözü Ağamusa müəllimə şamil etmək olardı. Amma, nədənsə, ağlıma bir söz də gəldi və bu sözün cazibəsindən çıxa bilmədim. Bu, “Arxayınlıq” sözü idi. Mənim təsəvvürümdə Ağamusa Axundov ilk növbədə arxayın insan idi. Özünə, elminə, dostlarına, tələbələrinə, ailəsinə arxayın olan insan! Bu arxayınlıq özündən razılıq deyil, özündən müştəbeh olmaq deyildi. Bu, həyatda öz missiyasını dəqiq dərk etmiş və bu missiyaya ömrü boyu sədaqətlə xidmət etmiş işıqlı bir insanın, işıqlının arxayınlığı idi. Ağamusa müəllim öz ustadlarına minnətdar idi, eyni zamanda həmkarlarından, yaxınlarından, ardıcıllarından arxayın idi. Bu günə qədər mən heç bir söz adamından Ağamusa müəllim haqqında könülə dəyən bir söz eşitməmişəm. Onun haqqında hamı ciddi alim, xeyirxah insan, vicdanlı müəllim kimi söz açır. Ağamusa müəllimlə ünsiyyət mənə də nəsib olub. Bakı görüşlərindən başqa, ABŞ-da və Şimali Kipr Türk Respublikasında birgə səfərlərdə olmuşuq. ABŞ-a səfərimiz mənimçün əlamətdar bir ildə – 1987-ci ildə baş tutdu. O il, iyunun 18-də yazıçılar təşkilatına sədr seçilmişdim. “Dostluq – gücdür” devizi altında fəaliyyət göstərən təşkilat bizi – bir dəstə Azərbaycan nümayəndəsini ABŞ-a dəvət etmişdi. Belə qarşılıqlı dəvətlərin şərti o idi ki, biz bir neçə şəhərdə şəxsi adamların mənzilində yaşamalıydıq. Nümayəndələr ailələrdə iki-iki yerləşdirilirdilər. Ağamusa müəllimlə mən də bir ailənin qonağı olduq. Bu ailənin üzvləri ilə söhbətlərimiz Ağamusa müəllimin tərcüməçiliyilə olurdu. Baxıb görürdük ki, ali təhsilli olmalarına baxmayaraq, ev sahibləri doğma ədəbiyyatları haqqında çox bəsit və cılız təsəvvürlərə malikdirlər. Beş-üç müəllifdən başqa, heç bir Amerika yazıçısının adını çəkə bilmirdilər. O zaman mənim 49, Ağamusa müəllimin 55 yaşı vardı. Həmin günlərdə heç bunun fərqinə də varmırdıq. İndi düşünürəm ki, bu, bəlkə də, insan ömrünün ən gözəl, məhsuldar, qaynar çağıdır. Həmin günlərdə Ağamusa müəllimlə alimlərimizin və yazıçılarımızın birgə görəcəyi işlər haqqında məsləhətləşir, bir-birindən cazibədar diləklərimizi paylaşırdıq.

Onda da, indi də düşündüyüm odur ki, Ağamusa Axundov ilk növbədə, əlbəttə, böyük dilçi-alimimizdir, amma o dilçilərimizdəndir ki, dil elmiylə ədəbiyyatın sıx təmasda kamil bilicilərindən və qoruyucularından olan Ağamusa müəllimdə yenilik hissi çox güclü idi. Altmışıncılar nəsli təzə-təzə ədəbiyyat aləmində görünməyə başlayanda və çox vədə tənqidlərlə, daha doğrusu, rişxəndlərlə, bir-birindən gülünc tənələrlə, nadan iradlarla qarşılaşanda Ağamusa Axundov bu nəslin yanında idi, bu nəsil yazıçılarının təmtəraqdan, dəbdəbədən, pafosdan uzaq üslubunu təqdir edirdi. Çox sonralar Ağamusa müəllim mənim barəmdə ayrıca məqalə də yazdı. Deyim ki, lap gənclik illərimizdə də Ağamusa müəllim bizi diqqətdən, qayğısından kənarda qoymurdu, bizi təkcə yazılarıyla yox, təşkil etdiyi görüşlərlə də həm dəstəkləməyə, həm də ruhlandırmağa çalışırdı. O, sadə bir ailədən çıxmışdı, amma təbiətən, xisləti etibarilə kübar idi. Heç bir imtiyazı, maddi təminatı olmadan Bakıda çətin tələbəlik illəri yaşamışdı. Ağamusa müəllimin həyat yoldaşı Elmira xanım görkəmli alim, professor Əli Sultanlının bacısı qızıdır. Elmira xanımla beş il universitetin Filoloji fakültəsində bir kursda oxumuşuq. Böyük dilçimizin ailəvi yaxınları da çox ləyaqətli ziyalılarımızdandırlar və Ağamusa müəllim haqlı olaraq onlarla fəxr edirdi. Necə ki, onlar Ağamusa Axundovla fəxr edirlər.

Xatırlayıram, yalnız şifahi çıxışlarında, rəsmi nitqlərində, mühazirələrində, elmi məruzələrində deyil, adicə məişət söhbətlərində də Ağamusa müəllim o qədər səlis, rəvan və gözəl danışırdı ki, valeh olmamaq mümkün deyildi. Dilimizdə bu qədər təmiz, qarmaqarışıqsız danışan bir adamı xatırlamaqda çətinlik çəkirəm. Rəhmətlik Xəlil Rza danışıqlarına əcnəbi kəlmələr qatanı cərimə edirdi. İnanıram ki, bu baxımdan Ağamusa müəllimi saatlarla dinləsəydi, bir qəpik də cərimə ala bilməzdi.

Ağamusa Axundova xas olan kübarlıq, xeyirxahlıq, yetirmələrinə həm tələbkar, həm də qayğıkeş münasibət heç zaman onu tanıyanların yadından çıxmayacaq. O özü də ləyaqətli bir ömür sürdüyünü bilir və bununla qürur duyurdu. Ona görə ki, adının, xatirəsinin həmişə işıqlı, ləkəsiz qalacağına əmin-arxayındı. Bu sözün ən yüksək mənasında Arxayın insan idi. “.

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli dilçilik elmimizin inkişafında əvəzsiz xidmətləri olan akademik A.Axundovun 90 illik yubileyinə həsr olunan tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, tədbirin görkəmli alimin anadan olduğu torpaqda keçirilməsini yüksək dəyərləndirdi. Bildirdi ki, uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinə rəhbərlik etdiyi dövrdə A.Axundov ölkəmizdə humanitar və ictimai elmlərlə dövlətçilik hüququnun vəhdətinə nail olan görkəmli alimlərdən, elmi təşkilatçılardan biri olub: “Akademik Ağamusa Axundov Azərbaycan dilçiliyində xüsusi və çox mötəbər yeri olan, bu sahədə mükəmməl məktəb yaratmış alimdir. Onun əsərlərində dil tarixinin, özəlliklə Azərbaycan dilinin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemləri böyük ustalıqla incələnir. Görkəmli alim dilimizin morfemlər və fonetik sistemlərini ilk dəfə eksperimental təhlillər əsasında ümumiləşdirərək, yüksək peşəkarlıqla təqdim etmişdir. Onun yaradıcılığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi ilə bağlı olan dil və cəmiyyət, dil və mədəniyyət, dilin sosial diferensiyası, dil təkamülünün sosioloji istiqamətləri, dil sistemi, dilin aktual problemləri öz həllini tapmışdır. Azərbaycan dilçiliyində riyazi dilçilik elminin banisi olan Ağamusa Axundov bu sahənin yaranması, inkişafı və dilin tədqiqinə riyazi üsulların tətbiqi kimi məsələlərin geniş və əsaslı şərhini vermiş, ilk dəfə olaraq riyazi dilçilik terminləri ilə bağlı anlayışları dilçilik elmimizə gətirmişdir. Ağamusa Axundovun adı istər türkologiya, istərsə də ədəbiyyatşünaslıq elmimizə qızıl hərflərlə yazılıb. O, dərin qürur hissilə bəyan edirdi ki, “Azərbaycan dili mənim taleyimdir. Əgər siz onu doğma diliniz kimi sevirsinizsə, o, həm də mənim sənətimdir. Yuxusuz gecələrimdir, axtarışlarımdır”. Bu baxımdan onun dilçilik marağının dairəsi çox geniş idi. Bu genişlik nitq mədəniyyəti və üslubiyyat məsələlərini, etimologiya və toponimika, leksikoqrafiya, qrammatika, ədəbiyyatşünaslıq və bu kimi mühüm sahələri əhatə edir. Onun yaradıcılığının zirvəsi isə, heç şübhəsiz, fonetikaya aid fundamental monoqrafiyalardır. 26 yaşında doktorluq dissertasiyası müdafiə edən Ağamusa müəllim hələ 29 yaşında ikən çap etdirdiyi “Felin zamanları” adlı kitabında Azərbaycan dilçiliyində ilk dəfə olaraq dilçilik məsələlərinin araşdırılmasına indi dəbdə olan riyazi üsulları tətbiq etmişdir. Onun böyük peşəkarlıqla yazdığı “Ümumi dilçilik” dərsliyi bu sahə üzrə yazılmış və bundan sonra da yazılacaq əsərlər üçün fundamental özül, etalon olaraq qalacaq. Ağamusa müəllim kimi insanların elmdə yaratdığı bünövrə əbədiyaşardır. O, yaradıcı fəaliyyəti boyunca bir çox məsələləri elmi dövriyyəyə gətirdi, Azərbaycan dilinin fonemlər sistemini yaratdı. Fonetika sistemi məktəbinin əsasını qoydu. Bu məsələlərə həsr edilmiş kitabı abidə kitablar kimi əvəzolunmazdır. Ağamusa müəllim dilçilik elmimizdə ilk olaraq dilimizin estetikasını araşdırıb. Eyni zamanda ümumi dilçilik elminin əsaslarını daha da möhkəmləndirib. Həm də görkəmli ədəbiyyatşünas kimi fəaliyyət göstərib. O, hər iki sahədə peşəkar və mükəmməl idi. Ağamusa müəllim dilin ahəng qanunu əsasında ilk dəfə heca vəznini tədqiq edib. Azərbaycan şeir sistemində qafiyə, bənd məsələlərinə əsaslanan nəzəriyyələr irəli sürüb. Şeirimizin linqvistik poetikasını araşdırıb. Ağamusa müəllim həmişə yüksək mədəniyyəti, səmimiyyətilə nümunə olub. “.

Dilçilik elminə müstəsna töhfələr vermiş görkəmli türk alimləri Zeynəb Qorxmaz, Ahmet Becan və yaponiyalı araşdırmaçı Tori Hayaşinin A.Axundov barəsində slaytdan səsləndirdikləri fikirlər tam bir qədirbilənlik, heyranlıq nümunələri kimi dinlənildi.

Sonra millət vəkili, akademik, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov ustadı haqqında fikirlərini diqqətə çatdırdı: “Böyük alim, elmdə tarix yaradan Ağamusa Axundov minlərlə tələbələrinin dililə desək, o şəxsiyyətlərdəndir ki, onun yaradıcılıq tərcümeyi-halı müasir Azərbaycan dilçiliyi tarixində bir neçə nəslin ümumi yaradıcılıq tərcümeyi-halının dərk olunmasına imkan verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Ağamusa Axundov müasir Azərbaycan dilçiliyinin banilərindən professor Muxtar Hüseynzadənin tələbəsidir. Və dünya dilçiliyini nə qədər dərindən öyrənib mənimsəmiş olsa da, başdan-ayağa tamamilə milli bir məktəbin yetirməsiydi. Əlbəttə, dərin fitri zəkası, genişmiqyaslı elmi-ictimai fəaliyyəti mükəmməl şəxsiyyəti və zamanın hökmü elə şərait yaratmışdır ki, Ağamusa Axundov nəinki böyük müəllimlərindən irəli getmiş, hətta mənsub olduğu dilçilər nəsil-ordusuna komandanlıq etmişdir. Təsadüfi deyil ki, Azərbaycan dilçilik elmi nə qədər inkişaf etsə də, nüfuzlu dilçilərin sayı nə qədər artsa da, akademik Ağamusa Axundovun adı ehtiramla çəkilir. Onun təfəkküründə intəhasızlıqla yanaşı, riyazi dəqiqlik, mükəmməl harmoniya bir araya gəlmişdir. Ağamusa Axundov dili söz kəsəndən nə demişdisə, düz demişdi; əlinə qələm alandan nə yazmışdısa, düz yazmışdı. Və mükəmməl demiş, mükəmməl yazmışdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev onu bir nömrəli dilçi kimi müstəqil Azərbaycan Konstitusiyasını hazırlayan Komissiyanın tərkibinə daxil etdi ki, bu, hər hansı bir dilçi üçün tarixi dəyər idi. Ağamusa Axundovun elmi-ictimai fəaliyyəti, yaradıcılıq və həyat təcrübəsi göstərdi və bundan sonra da həmişə göstərəcək ki, böyük mütəfəkkir-şəxsiyyət nəyə qadirdir, elmdə tarix necə yaradılır.

Ağamusa müəllimin yalnız məntiqində yox, intonasiyasında da təşkiledici, tərbiyəedici bir qüdrət vardı. Onu bütün tələbələri sevirdi. Danışığında, hərəkətlərində nəsə dünyaya, həyatın gerçəkliklərinə, sözün böyük mənasında “yuxarıdan aşağı” baxmaq var idi. Ağamusa müəllim hissiyyatlı, hətta emosional adam idi, bununla belə, bütün qərarları soyuq ağılla, məntiqlə qəbul edirdi. Ona görə də qəbul etdiyi qərarların nəticəsindən asılı olmayaraq, heç vaxt təəssüflənmirdi. 2001-ci ildə həm Ağamusa müəllim, həm böyük türkoloq Tofiq Hacıyev, həm də mən – onların bilavasitə tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildik. Bu, mənim üçün böyük şərəf idi. Növbəti mərhələdə – həqiqi üzv seçkilərində nəinki mən, heç Tofiq müəllim də namizədliyini irəli sürmədi. Çünki qabaqda Ağamusa müəllim vardı. Anar müəllimin də qeyd etdiyi kimi, Ağamusa müəllim zahirən arxayın adam idi. Və bu arxayınlıq onun daxili zənginliyindən, müdrikliyindən irəli gəlirdi. O, iş prosesində harada mümkün idisə, orda məni özünə müavin təyin edirdi. Çünki Ağamusa müəllim öz yetirməsinə münasibət göstərməkdən məmnunluq duyurdu, mən isə öz böyük müəllimimin müavini olmaqdan məmnunluq duyurdum. İndinin özündə də onun bu dünyada olmadığına inanmıram. Və heç inanmıram ki, nə zamansa inana billəm. “.

Sonra A.Axundovun tələbəsi olmuş Əsbət Musayeva unudulmaz müəllimi haqqında səmimi fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: “Pedaqoji fəaliyyətimin hər anında Ağamusa müəllimin məmnun, təqdiredici, səmimi münasibətlərini, xoş simasını görür, hiss edirəm. O, çoxsaylı tələbələrinin fəaliyyətində yaşayır. Hər işimdə elə bilirəm ki, unudulmaz müəllimimə hesabat verirəm”.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək vurğuladı ki, “Ağamusa müəllim Azərbaycan dilçiliyində Azərbaycanda Axundov fonoloji məktəbinin bünövrəsini qoydu, Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısı kimi dilçiliyimizə adını yazdı, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırdı və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoydu” – deyənlər yanılmırlar. Nəzəri dilçiliklə ardıcılq məşğul olması onun ən böyük üstünlüyü idi. Bu sahədə Ağamusa müəllim həlledici, son söz demək səlahiyyəti qazanmışdı. Yüksək nəzəri biliyə sahib idi. Məndən əvvəlki çıxışçıların da doğru olaraq vurğuladıqları kimi, Ağamusa müəllim riyazi və tətbiqi dilçilik sahələrinin ən görkəmli araşdırmaçılarından idi. O, dili canlı orqanizm kimi qəbul edirdi və deyirdi ki, bu sahə süniliyi sevmir. Ortaq əlifba, ortaq lüğət tərkibi məsələləri barədə Ağamusa müəllimin öz prinsipial və təkzibolunmaz mülahizələri vardı. Orfoqrafiya qaydalarına, neologizmlərin tətbiqinə xüsusi önəm verirdi. Ağamusa müəllim yetirmələrinə dilin ruhuna xələl gətirmədən tədqiqat aparmağı tövsiyə edirdi. Deyirdi, nə qədər ki, bu xalq var, dilimiz də yaşayacaq, inkişaf edəcək. Ağamusa müəllim Azərbaycan filologiyasının inkişafına əsl övlad qayğıkeşliyi və qədirbilənliyi ilə xidmət etmişdir. Ağamusa müəllim ilk növbədə, özünün də dediyi kimi, qəlbinin, beyninin, zəkasının övladıydı. Bu ömrü ardıcıl, inadkar zəhməti, fəaliyyəti sayəsində özü qazanmışdı. Təbiiliyi onun ən kamil səciyyəsiydi. “.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbirdə çıxış edərək dedi: “Ağamusa Axundov təkrarolunmaz, kamil şəxsiyyət idi. Qərb qiyafəti ilə Şərq təfəkkürünü öz varlığında bir araya gətirmişdi. Mənəvi borcumuzdur ki, bu böyük şəxsiyyəti belə yüksək qədirbilənliklə yad edirik. Ağamusa müəllim çox görkəmli, nəhəng pedaqoqlar əhatəsinin sütunlarından idi. Onun şəxsiyyətini böyük humanizm reallığı izləyirdi. Biz yetirmələri onun şəxsində böyük insanlıq məktəbi keçdik”.

AMEA Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli çıxış edərək bildirdi ki, bu möhtəşəm tədbirə iki səbəbdən qatılıb: “Birincisi, böyük müəllimimin 90 illik yubileyində iştirak etmək, ikincisi, vəzifə halallığını almaq üçün. Yaxşı bilirəm ki, o böyük şəxsiyyətin yerində oturmaq olar, ancaq onu əvəz etmək mümkünsüzdür. Ağamusa müəllimin ən böyük keyfiyyətli mərhəmətli olmasındaydı. Hər kəsi sevindirmək istəyirdi. O öz fəaliyyəti sahəsində yalnız elmə ibadət edirdi. Yuvarlaq rəqəmləri, təmtəraqlı yubiley tədbirlərini sevmirdi. İstəməzdi ki, kimsə əziyyət çəksin. Bütövlükdə isə insanlıqla alimliyin simvoluydu Ağamusa müəllim”.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Eldar İbrahimov yubiley tədbirində iştirak edənlərə, qonaqlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, ölkəmizdə elm və təhsilin bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan Prezidenti ümummilli liderin yolunu ləyaqətlə davam etdirir. Kürdəmir torpağı elmi, ədəbi-mədəni həyatımıza bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Onlardan biri də görkəmli alim Ağamusa Axundov olub. O, xalqımızın böyük ziyalılarından biri kimi dilçilik elmimizə misilsiz xidmətlər göstərib. Xatirəsi heç vaxt unudulmayacaq.

Görkəmli alimin həyat yoldaşı Elmira xanım öz sözünü dolub-doluxsunmuş gözləri və susqunluğu ilə dedi. Ailəsi adından Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rayon başçısına, Xalq yazıçısı Anara və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi: “Hər kəsə təşəkkür edirəm. Mən xoşbəxtəm ki, on beş yaşımdan Ağamusa müəllimlə ünsiyyətdə olmuşam. Ondan həyat dərsi almışam. Aramızda sıx əlaqə olub. Hər işində səliqə-sahmanlı və müdrik idi. Nikbin və səmimi şəxsiyyət ömrü yaşadı. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, orada Ağamusa müəllimin mötəbər yekun sözü olmasın. Möhürünü vurmamış olsun. Həyatda ən çox sevdiyim bir anlayış var: bu, minnətdarlıq anlayışıdır. Ağamusa müəllimi yetirən, onun xatirəsini əziz tutan bu xalqa, bu torpağa dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm. “.

Son sözüsə tarixi xronikadan Ağamusa müəllimin özü deyirdi; canlı-canlı, lap bu gün və bütün zamanlarda dediyi kimi: “Mən bütün ömrümü, bütün illəri ləyaqətlə yaşadım!”.

P.S. 1982-ci ildə Gəncə Dövlət Universitetində professor Ağamusa Axundovla görüş keçirilirdi. Biz tələbələrə daha çox öz uşaqlıq, tələbəlik illərindən söz açdı. Dedi, Bakıya gedəndə rus dilini bilmirdim. Küçələrə vurulmuş lövhə-afişaları oxuya-oxuya öyrəndim. İndi hər dəfə yol boyu qarşıma çıxan afişa lövhələrinə nəzər salanda Ağamusa müəllimi xatırlayıram. Elə bil yenə də “oxu, məlumatlan” deyir.

Sərvaz HÜSEYNOĞLU

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Ağamusa axundov felin zamanları

Görkəmli dilçi alim

Azərbaycan elmi ictimaiyyəti filologiya elmləri doktoru , professor , Milli Elmlər Akademiyasının müxbir üzvü , Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ağamusa Ağası oğlu Axundovun anadan olmasının 80 illiyini qədirbilənliklə qeyd edir . Azərbaycan dilçiliyinin zirvələrində seçilən mövqeyi , üslubu , öz məktəbi olan Ağamusa müəllim görkəmli dilçi-alim , ədəbiyyatşünas-tənqidçi, publisist , elm təşkilatçısı, yurdsevər şəxsiyyətdir.

O, ” Dil və üslub məsələləri” (1957), ” Felin zamanları” (1901), “Dilçiliyə giriş ” (1966), ” Ümumi dilçilik ” (1979), ” Riyazi dilçilik ” (1979), “Azərbaycan dilinin fonetikası” (1984), ” Dilçiliyin tarixi , nəzəriyyəsi və metodları” (1994), ” Dil və ədəbiyyat” 2 cilddə (2003), “Azərbaycan dilinin izahlı lüğəti” (2005) kitablarının və bir s ıra monoqrafiyanın, dərsliklərin, 500-ə qədər elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin , dilimizin müasir quruluşunun , dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr olunmuşdur . Belə əsərlər elmin bugününü və gələcəyini düşünən alim narahatçılığının və yorulmaz fəaliyyətin məhsulu kimi ərsəyə gəlmişdir.

Ağamusa Axundov yaradıcılığa ötən əsrin 50-ci illərinin əvvəlindən başlasa da , “60-cılar” hərəkatının görkəmli nümayəndələri kimi şöhrət tapmışdır. Alim geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə, türkologiya aləminə fundamental əsərlər bəxş etmişdir . Onun namizədlik və doktorluq dissertasiyalarının hər biri Azərbaycan dilçiliyində yeni cığır açmışdır. Azərbaycan dilçiliyinə ilk dəfə olaraq fəlsəfi və linqvistik yönümdən yanaşmaqla , Ağamusa Axundov göstərmişdir ki , zaman təkcə insan həyatının ölçüsü deyil , həm də onun inkişafı üçün məkandır. Zaman kateqoriyasından söhbət gedəndə ilk olaraq Ağamusa Axundovun ” Felin zamanları” (1961) əsəri yada düşür .

1964-cü ildə – 32 yaşında müdafiə etdiyi doktorluq dissertasiyası ilə o , Azərbaycanda Axundov fonoloji məktəbinin əsasını qoymuşdur . “Azərbaycan dilinin fonemlər sistemi ( fizioloji , akustik , statistik , fonoloji tədqiqat təcrübəsi)” adlanan bu tədqiqatı təkcə Azərbaycan dilçiliyi üçün deyil , bütövlükdə, türkoloji dilçilik üçün hadisə sayılır. Həmin əsər 1973-cü ildə ” Maarif ” nəşriyyatında fundamental monoqrafiya şəklində nəşr edilmişdir . Monoqrafiyada Azərbaycan dilinin fonetik və fonoloji qanunauyğunluqları ümumiləşdirilmiş, sait və samitlər fizioloji , akustik , statistik , fonoloji cəhətdən təhlil edilmiş , fonetik və fonematik səs dəyişmələri araşdırılmışdır. Əsərdə fizioloji oppozisiyalar və fərqləndirici əlamətlər adlı prinsiplər ilk dəfə Az ərbaycan dili materialı əsasında araşdırılır. Azərbaycan fonologiyası məktəbinin banisi olan Ağamusa Axundov həm də Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısıdır.

Alimin fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunmuşdur . Bu sanballı tədqiqatın elmi dəyərini yüksək qiymətləndirən Azərbaycan dövləti fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq Ağamusa Axundovu 1986-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görmüşdür .

“Azərbaycan dilinin tarixi-etimoloji lüğəti” mövzusunda yazdığı silsilə məqalələri ilə alim Azərbaycan dilçiliyində yeni bir istiqamət açmışdır. Ağamusa Axundov dilçilikdə yenilik şəhadətnaməsi olan görkəmli alimdir . Türkoloji dilçilikdə sintaqmatik funksiyaya həsr edilmiş ilk mükəmməl və hərtərəfli tədqiqat Ağamusa Axundov qələminin məhsuludur. O, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırmışdır. Digər bir yenilik türk dillərinin məntiqi tipinin yaradılması ideyasıdır.

Ağamusa Axundov dilçilikdə olduğu kimi , ədəbiyyatşünaslıq sahəsində də nüfuzlu şəxsiyyət, dəsti-xətti olan tədqiqatçıdır. Hər iki sahəyə dərindən bələdliyi sahəsində alim şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut etmişdir . A.Axundovun yaradıcılığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi ilə bağlı olan dil və cəmiyyət, dilin coğrafi differensiyası, dil təkamülünün sosioloji istiqamətləri, dil sistemi , ” dil səviyyələrinin” aktual problemləri öz h əllini tapmışdır. Azərbaycan dilçiliyində ilk dəfə olaraq metod və metodologiya , dilin öyrənilməsinin sosioloji , məntiqi, psixoloji , fizioloji , akustik , distributiv , riyazi , statistik tədqiqat üsulları müəyyənləşdirilmişdir.

Uzun müddət Bakı Dövlət Universitetinin ” Ümumi dilçilik ” kafedrasında işləmiş Ağamusa müəllimin elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi ” Ümumi dilçilik ” kitabı çapdan çıxmışdır. Kitabda linqvistik nəzəriyyələrin qısa tarixi , dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili sistemi və quruluşu , dilçilik metodları təyin edilmiş , dəqiqləşdirilmişdir. Bununla yanaşı, fonologiya , onun predmet və vəzifələri, fonem , fonemin tədqiqi tarixi , qrammatika , qrammatik kateqoriyaların mahiyyəti, morfologiya və onun əsas vahidi , söz yaradıcılığı, leksikologiya , linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarışlar aparan A.Axundov qrammatik quruluşuna görə dillərin müxtəlif tiplərini kontrastiv , müqayisəli və konseptual istiqamətdə araşdırmış, nəzəri ümumiləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, alim riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsullarını, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilinin mahiyyəti açıqlamış və bu anlayışı əslində, Azərbaycan dilçiliyinə o gətirmişdir.

Azərbaycan dilçilərinin böyük bir nəsli bu dərslikdən faydalanmış, dilçiliyin əsas tədqiqat metodları, üsulları, dilçilik məktəblərinin spesifik xüsusiyyətləri, elmi istiqamətləri, cərəyanları barədə məlumatı onlar ilk dəfə bu kitablardan almışlar. A.Axundovun “Dilçiliyə giriş “, ” Ümumi dilçilik ” əsərləri ali məktəblərdə uzunömürlü dərslik kimi nadir kitablardandır.

Respublikamızda riyazi dilçilik elminin yaradıcısı da A.Axundovdur . Dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini nəzərə alaraq , riyazi dilçilik sahəsində bir sıra tədqiqatların nəticəsi olaraq ” Riyazi dilçilik ” kitabı nəşr olunmuşdur . Bu kitabda riyazi dilçilik termininin yaranması, inkişafı və dilin tədqiqinə riyazi üsulların tətbiqi kimi məsələlər geniş şərh olunmuş , eləcə də riyazi dilçilik terminləri ilə bağlı anlayışlar Azərbaycan dilçiliyinə gətirilmişdir.

Azərbaycan dilinə müasir dövrümüzdəki münasibət A.Axundovun tədqiqlərində daha geniş əks olunmuşdur . Dövlət dilimizin adı ilə bağlı keçən yüzilliyin 90-cı illərində gedən məlum mübahisələrdə Ağamusa Axundov onun haqlı olaraq “Azərbaycan dili ” adlandırılmasının tərəfində durmuşdur : “Dövlət dilimizin adı Azərbaycan dili olmalıdır”. Buna görə o , tənqidlərə , böhtanlara hədəf olsa da mövqeyini dəyişməmişdir. Sonda zaman onun və ardıcıllarının doğru yolda olduğunu sübut etdi . Banisi ümummilli liderimiz Heydər Əliyev olan ilk müstəqil Azərbaycan Konstitusiyası layihəsinin müzakirəsi zamanı yenidən ortaya çıxan dövlət dilinin adı məsələsinə qəbul edilən qərar nəticə etibarilə Ağamusa Axundovun rəhbərlik etdiyi AMEA Dilçilik İnstitutu kollektivinin və bütün xalqın ürəyincə oldu .

Dilimizin ən qiymətli və ən böyük sərvəti olan söz ehtiyatlarının toplanıb sistemə salınmasında da alimin mühüm xidmətləri var . A. Axundovun redaktorluğu ilə üçcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin nəşri 2000-ci ildə başa çatmışdır. A.Axundovun tərtib etdiyi bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” quruluşuna və tərtib prinsipinə görə tamamilə yenidir . Bu bircildlik Azərbaycan dilinin lüğət tərkibini bütünlüklə əhatə edir və əslində, baş sözlərin sayına görə həmin lüğətlərdən daha zəngindir, 1500-ə yaxın söz əlavə edilmişdir .

Yeni qrafıkada orfoqrafiya lüğətinin hazırlanıb çap olunmasına qiymətli töhfə olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə ön söz müəllifi və redaktor da Ağamusa Axundovdur . Bu lüğət Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli fərmanına uyğun olaraq , Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir .

Ağamusa Axundov dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini mütəxəssis həssaslığı ilə duyan , dövrün nəbzini tutan alimdir . Onun dilçiliyin ən mühüm problemlərinə, əlifbaya, orfoqrafiyaya , orfoepiyaya , dil quruculuğuna , nitq mədəniyyətinə aid fundamental əsərləri dünyanın görkəmli alimləri tərəfindən də maraqla qarşılanmışdır. Görkəmli tədqiqatçı Türkiyədə, İranda , Misirdə, keçmiş Çexoslovakiyada , Belorusda , Türkmənistanda, Tacikistanda , Başqırdıstanda, keçmiş Yuqosloviyada , Almaniyada məruzələri ilə Azərbaycan dilçilik elmini təmsil etmişdir .

A.Axundov bütün əsərlərində dilə qayğı və həssaslıqla yanaşır. Alimin ədəbiyyatşünas, tərcüməçi və yazıçı kimi fəaliyyəti də diqqəti cəlb edir . Yaradıcılığa hekayələrlə başlamış, bir sıra nəsr əsərləri, oçerklər, felyetonlar yazmış, Ağamusa müəllim renessans dövrü ədəbiyyatından, Bokkaco , Plavt kimi sənətkarlardan tərcümələr etmiş , S.Vurğun , M.Müşfiq , B.Vahabzadə, N.Xəzri və s . ədiblərimizin yarad ıcılıq xüsusiyyətləri barədə tədqiqatlar aparmış, vaxtaşırı mətbuatda türkoloji dilçiliyin uğurları barədə ciddi resenziyalarla çıxış etmişdir .

Ümumtəhsil məktəblərini bitirən hər bir gənc ana dilinin sirlərini onun dərsliklərindən öyrənir. Filoloq , şərqşünas, jurnalist kimi yetişən hər bir gənc onun ali məktəb dərslikləri ilə elm və yaradıcılıq aləminə qədəm qoyur . 50 ilə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş , Ağamusa müəllim bir müddət BDU-nun filologiya fakült əsinin dekanı, ümumi dilçilik kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Ağamusa Axundov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə seçilmişdir . Görkəmli alim uzun müddət elmi şuranın üzvü , müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyasının humanitar elmlər üzrə ekspert şurasının sədri olmuşdur . Onun qayğıkeşliyi və rəhbərliyi ilə bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir .

Akademiyanın həqiqi üzvü , bacarıqlı elm təşkilatçısı kimi A.Axundov AMEA ictimai elmlər bölməsinin akademik katibi olmuş , beynəlxalq ” Türkologiya ” elmi-nəzəri jurnalının baş redaktoru , AMEA-nın “Xəbərlər” (ədəbiyyat, dil , incəsənət) jurnalının baş redaktoru , AMEA Terminologiya Komissiyasının s ədr müavini , 2001-ci ildə təşkil olunmuş Dövlət Dil Komissiyasının üzvüdür .

Ağamusa Axundov böyük dilçilər nəslini yetişdirmiş və tərbiyə etmiş ustad bir alim , Azərbaycan dilçiliyinin çağdaş lideridir . Akademik adını şərəflə daşıyan bu zəhmətkeş alimə ömrünün müdriklik çağında cansağlığı, yeni elmi uğurlar arzulayır və 80 illik yubileyini ürəkdən təbrik edirik .

Sayalı SADIQOVA,

AMEA Rəyasət Heyəti yanında

Terminologiya Komissiyasının sədr

müavini , professor

Xalq qəzeti.- 2012.- 2 fevral.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.