Aşıq Ələsgər
Tərlandı baxışın, gözün can alan,
b) XIX əsrdə təcnis yaradıcılığında Aşıq Ələsgər zirvəsi
Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ilk nümunələrini yaradaraq öz müasirlərindən seçilmiş və sənətin zirvəsinə qalxmışdır.
Aşıq Ələsgər dodaqdəyməz təcnisin ilk nümunəsini yaratmaqla kifayətlənməyib, eyni zamanda, dodaqdəyməz cığalı təcnisin də ilk ülgüsünü vermişdir:
Əziz-cani-dil, eyni dirəxşan,
Yazırsan risalə nə yaxşı-yaxşı.
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı.
Canan candan əzizdir,
Nə Leylidir, nə Yaxşı.
Dil deyir: cananın sadağası can,
Cananı da deyir: nə yaxşı-yaxşı!
Burada da heç bir dodaqlanan samit olmadığı kimi, şeirin insanı dərindən düşündürən mənasına, musiqili ahənginə xələl gəlməmişdir. Aşıq Ələsgər, sözün əsl mənasında təcnisin novatoru olmuşdur. Belə ki, müstəzad təcnisin də ilk nümunəsi Aşıq Ələsgərin adı ilə bağlıdır:
Götürüb sazımı mərdü-mərdanə,
Girrəm meydana, gəl eyləyək bəhs.
– misraları ilə başlayan bu müstəzad təcnis, Aşıq Ələsgər poeziyasının və ümumiyyətlə, aşıq şeirinin ən gözəl nümunələrindəndir.
Təcnisdəki hər bəndin sonuna salınmış yarım misralar müstəzad olduğu kimi, eyni zamanda bütünlüklə təcnis-müstəzaddır. Öz istedadına əmin olan aşıq qarşısındakına meydan oxuyur, mənalar xəzinəsinə vaqifliyini bildirir.
Müstəzad təcnisə aşıqlar, eyni zamanda “Ayaqlı təcnis” və “İkibaşlı” təcnis də deyirlər. 1
Təcnis yaradıcılığı, ümumiyyətlə, Azərbaycan dilinin rəngarəngliyini, çoxmənalılığını, söz xəzinəmizin nadir tapılan incilərlə dolu olduğunu sübut etməkdədir. Eyni zamanda, aşıqların yazıb-yaratdıqları mükəmməl təcnis nümunələri də söz xəzinəmizə əlavə olunmuş mənəvi sərvətdir.
Biz tədqiqat obyektinə çevrilmiş bu yaradıcı aşıqların ədəbi irsləri ilə tanış olduqda onu da öyrənirik ki, birinci dünya müharibəsinin törətdiyi müsibətlər onların yaradıcılığında dərin izlər buraxmışdır. Ağ-dabanlı Qurban yaradıcılığında bu izlər xüsusilə dərindir və aydın bir şəkildə görünür.
“Qurban bulağı” məclisi öz dövrünə görə mütərəqqi bir hadisədir. Onun gözəl ənənələri yaradıcı aşıqları elmə, savada bağlamış, daha mükəmməl sənət əsərləri yaratmaları üçün məsuliyyətlərini artırmışdır.
Göyçə və Kəlbəcər xalq şeirinin kütləvi forması olan gəraylı və qoşma janrlarından daha geniş ölçüdə istifadə etmişlər. “Qurban bulağı” məclisində təcnis yaradıcılığı xüsusilə yüksək qiymətləndirilmişdir. Bu məclisin və onun fəal iştirakçısı olan Aşıq Ələsgərin təsiri ilə Ağdabanlı Qurban kimi neçə-neçə təcnis ustaları yetişmişdir.
Ağdabanlı Qurban bir təcnisində deyir:
Tərlandı baxışın, gözün can alan,
De çək qaynağına, di darə məni.
Hərdən şölələnir o gül camalın,
Tel deyir şanəyə: di darə məni.
Birinci bəndin ikinci misrasında “De çək qaynağına, di darə məni” misrası indi dara çək məni mənasındadır. İkinci beyt daha mənalı, daha gözəl qurulmuşdur. Gül camalın şölələndikcə tel deyir şanəyə – darağa di dara məni:
Zülflərintək olmaz əqrəb, nə də mar,
Çalmaq üçün yoxlayırsan nə damar?
Qaşqabaqdan zəhər deyil, nə damar?
Öldür, qoyma həsrət didarə məni.
İkinci bənddə gözəl qaşlı-qabaqlıdır. Onun zülfləri nə əqrəb deyil, nə ilan. Elə qaş-qabaqlıdır ki, elə bil səni çalmağa damar axtarır. Nə olar, öldür məni ancaq didarına, gözlərinə həsrət qoyma:
Yar, gərdənin ər-ər kimi minalə,
Bülbülə gül neylər olsa min alə,
Bir canım var qəmzən istər min alə,
Qurbanam, çəkdirmə di darə məni. 1
Üçüncü bənddə gözəlin bədəni şax mina kimidir. Lakin buna baxmayaraq bülbülə gül neylər, min ala çəksə, dilə tutsa neyləyər – deyir. Məni di darə, yəni dar ağacına çəksən də mən sənə qurbanam söyləyir.
Qoşmalarında olduğu kimi, Qurban təcnislərində də fikrini aydın şəkildə bizə çatdırır. Onun qoşmalarında olduğu kimi, təcnislərində də bir səmimiyyət vardır. Gözəli ürəkdən sevir.
Aşıq şeiri tərzində qoşmalar, təcnislər yazıb- yaradan sənətkarlardan biri də Padarlı Abdulladır.
Gəncədən Bakıya doğru getdikdə Nəvaiyə yaxın ərazidə Padar düzü var və Padarlıların bir qismi də Şamaxıda yaşayır. Padarlılar, əsasən, qoyunçuluqla məşğuldurlar. XIX əsrdə yaşamış bu sənətkarın yaradıcılığı üzərində Tufarqanlı Abbasın güclü təsiri vardır. “Bəyənməz” rədifli beş bəndlik qoşmasının bir bəndini misal çəkmək kifayətdir:
Ay ağalar bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxanı bəyənməz. 1
Padarlı Abdullanın təcnisləri də maraq doğurur. “Bax” adlı təcnisində deyir:
Gəştə çıxıb süsən, sünbül dərin də,
Gül üzünə inci düzmüş tərin də,
Kəlbin olub bağlanmışam dərində,
İnanmırsan, sal boynuna qara bax.
Süsən sünbül dəstəsi ilə seyrə çıxıb. Gül üzlərində tər inciləri var. Mən isə kəlbin olub (yəni itin olub) dərində-bağlanmışam, əgər inanmırsansa, bax boynuma ip bağlanıb.
Təcnisin ikinci bəndi daha maraqlıdır. Daha doğrusu, bədii cəhətdən mükəmməl şəkildə qurulmuşdur:
Görün, dövran bizi aya tən eylər,
Alim olan oxur, aya tən eylər.
Münəvvər camalın aya tən eylər,
Ağ sinən istisna qılar qara, bax! 1
Dövran bizi tən eylər (yarı bölər), alim oxuyar aya tən eylər (minnət qoyar), münəvvər camalın, aya tən eylər, sinənin üstündə dağ kimi qar qalar. O, cinaslardan istifadə yolu ilə bədii lövhə yaradır. Sinəsi gözəlin qaysaqlayır, sinəsi qardan ağdır elə bil sinəsi üstündə qar qalıb, münəvvər-işıqlı bədəni aya meydan oxuyur, ona naz satır.
XIX əsr aşıq poeziyasının ən azman sənətkarlarından biri də Molla Cümədir. Molla Cümə (1854-1920) demək olar ki, aşıq şeirinin bütün janrlarında, forma və şəkillərində şeirlər yazıb-yaratmışdır. Molla Cümə təcnisin də ən orijinal və mükəmməl nümunələrini yaratmışdır. İyirmidən artıq təcnis yazmış Molla Cümə bunlarla doymamış, hətta Qafiyə ilə Təcnisi qabaq-qabağa deyişdirmişdir. Qafiyə dedikdə qoşmanı, Təcnis dedikdə cinaslı şeir formasını nəzərdə tutur. Biz deyişməyə keçməzdən əvvəl Molla Cümənin təcnisindən nümunələr seçib təhlilə cəlb edəcəyik:
Tək gəldin cahana, didarı göyçək,
Dəndanı yaqutsan, ləlsən, ay, ay.
Sinəndə iylənir ətirli çiçək,
Nərgizsən, narıncsan, laləsən, ay, ay.
Nümunə gətirdiyimiz “Ay,ay” təcnisinin birinci bəndinə baxaq. Cümə öz sevgisini, məhəbbətini təcnisdə ifadə etmək üçün nə bakirə, nə gözəl, insana estetik zövq verən ifadələr seçir. Gözəlin didarı göyçəkdir, dəndanı – yəni dişləri yaqutdur, ləldir. Gözəlin sinəsində ətirli çiçək iylənir, çünki bu gözəl nərgizdir, narıncdır, lalədir:
Gecə-gündüz ismin sənin sindədir,
Gizlin sirrin aşkar eyləsindədir,
O qaş, o göz, o qılıq ki, səndədir,
Dil gətirər dilsiz lalə sən, ay, ay. 1
İkinci bənddə gözəlin isminin sinədə olduğunu deyir. O sirri açmaq gözəlin ixtiyarındadır. Təcnisin ikinci beytində məntiqi nəticəsi olan bir fikir irəli sürür. “O qaş, o göz, o qılıq ki, səndədir, dil gətirər dilsiz lalə sən, ay, ay” – deyərkən o qılıq ki, səndədir dilsiz lalı da dilə gətirərsən – söyləyirdi.
Molla Cümə təcnislərini də mənalı, məzmunlu qurur. “Amandı” təcnisinin bir bəndinə diqqət yetirək. O, burada təkcə cinas qafiyələrdən istifadə etmir, həm də bu təcnisdə ona kimin badə verdiyini bədii dillə mənalandırır:
Mən içdiyim Xızır Nəbi verəndi,
O səbəbdən bu şad könlüm virandı,
Şəkkin varsa, qoy qabağa ver andı,
Aradan pərdəni ay at, amandı. 1
Xızır Nəbinin əlindən badə içən aşiqin şad könlü virandır. Onun könıünü bu şəklə salan eşqdir. Gözələ deyir ki, əgər şəkkin varsa, and ver, lakin aradan pərdəni at, yəni dözə bilmirəm amandır.
“Bülbül” təcnisində cinaslarla qurduğu şeirdə böyük bir mənzərə, lövhə yaradır. Bu lövhə insanı düşünməyə, gözəlliyə aşiq olmağa çağırır, insanı həm kədərləndirir, həm də sevindirir:
Bahar oldu, düşdü ahu-fəryada,
Həsrətsən lalə tək yüzə sən, bülbül.
Ya gərək canını salasan oda,
Ya gərək əlini yüzəsən, bülbül. 1
“Düz dara” adlı təcnisində üzünü ismi-pünhana tutub deyir:
İsmi Pünhan, o mövlanı sevərsən,
Çəkmə seyraqubla məni düz dara.
Amandı, sevdiyim, gəzmə pərişan,
Zülflərini gərdanına düz, dara.
Həmişə xəyalı ilə yaşadığı İsmi Pünhana bildirir ki, məni seyraqubla, yəni pis adamla yanaşı dara çəkmə. Pərişan gəzmə, zülflərini gərdanına düz dara.
Molla Cümə necə dözsün bu dağa,
Bu sitəmə, bu düyünə, bu dağa,
Məcnun edib saldın məni bu dağa,
Ha gəzirəm eniş, yoxuş, düz, dərə. 2
Üçüncü bənddə də ifadələr aydın və əlvandır. Molla Cümə bu dağa, bu düyünə dözə bilmir, çünki sevgilisi onu Məcnun edib dağa salmışdır. Aşıq dincəlmir, enişi, yoxuşu, düzü, dərəni hey gəzir.
“Dilbər” təcnisində daha obrazlı bir dillə təcnisin yeni, bakirə nümunəsini yaradır:
Sallanıb qarşımdan nazinən bir gəz,
Şirin-şirin deyib gülsənə bir gəz,
Məni qəm küpünə boyatan dilbər. 1
Birinci misrada “bir gəz” – qaraciyərini bir dəfə kəsməyini, ikinci misrada nazəninin onun qarşısından gəzib keçməsini, üçüncüdə şirin-şirin danışıb bir dəfə gülməsini arzu edir. Dördüncü misra daha maraqlıdır. Onun sevgilisi elə sevgilidir ki, onu qəm küpünə salıb boyadan dilbərdir. Məlumdur ki, xalça-xalı toxuyanda onun ipliyini boyaqçı küpünə salıb boyayırlar. Bu məişətdən, eldən-obadan gələn ifadədir. “Yanaram” təcnisinin birinci bəndində deyilir:
Fərhad kimi cani-sərdən keçmişəm,
Kərəm kimi alışaram, yanaram.
Bir meyvəyəm qədirsizə düşmüşəm,
Ya heyvayam, ya almayam, ya naram.
Molla Cümə bildirir ki, Fərhad kimi candan, başdan keçmişəm. Kərəm kimi alışmağa, yanmağa da hazıram. Taleyindən gileylənərək bildirir ki, mən bir meyvəyəm, ancaq bir qədirbilməyənə qismət olmuşam: “Ya heyvayam, ya almayam, ya naram”:
Doqquz ay dolanıb qar qışa düşdü,
Hicranım artdıqca qarğı işə düşdü,
Yəqin Molla Cümə qarğışa düşdü,
İsmi Pünhan məndən sərtdir yanaram. 1
Üçüncü bənddə öz fikrini, məqsədini tamamlayır. Doqquz ay dolanıb qar qışa düşüb, hicran artdıqca qarğı (qamış) işə düşüb, yəqin ki, Molla Cümə qarğışa düşüb, öz daxili narahatlığını bildirir ki, “İsmi Pünhan məndən sərtdi yanaram”. Təcnisdə sözlər, ifadələr necə gözəl düzülmüş, necə də aydındır. Təşbehlər Molla Cümənin özünə məxsusdur.
“Nişanda” rədifli təcnisi daha mükəmməl qurulmuşdur. Molla Cümənin təcnislərinə fəhmlə yanaşdıqda düşünürsən, təcnisin binasını qurmaq daş-ağacını töküb bir ev tikməkdən daha çətindir:
Molla Cümə, çağırginən a yarı,
Yanaqları qızıl güldən ay, arı,
Ləblərində əsəl düzmüş ay arı,
Şəkər ləzzət verməz heç bu nişanda. 2
Birinci misrada Molla Cümə yarı çağırır, o yarı ki, yanaqları qızılgüldən təmizdir. Həmin gözəlin ləblərinə – dodaqlarına arı əsəl – bal düzmüşdür. Həmin bal kimi şəkər belə ləzzət verməz. Bu nişanda bal olmaz.
Çox maraqlıdır ki, Molla Cümə “Sənə də” təcnisində tədqiqat üçün maddeyi-tarix vermişdir:
İsmi Pünhan, əgər xəbər alasan,
Yalvarmaqdan candan oldum sənə də.
Şirin dilnən soruşmadın halımı,
Nə dərdin var söyləginən sənədə.
Birinci bənddə İsmi Pünhana bildirir ki, sənə yalvarmaqdan candan oldum, bircə dəfə şirin dillə halımı sormadın. Sənin nə dərdin var söylə, sinə də, yəni sına da. Təcnisdə ifadələr bir qədər dəyişik, qarışıq, müəmmalı verilir. Çünki aşıqlar qarşı-qarşıya deyişərkən, bir-birini sınağa çəkərkən qıfılbənd əvəzinə bir-birini təcnislə imtahana çəkmişlər:
Müjgan oxun sinəm üstə şah atdı,
Diyar zülmət, mən piyada, şah atdı,
Yaz dilinnən bir kağız ver, şahatdı,
Haqq divanda baxan olar sənədə.
İkinci bənddə isə onun sinəsinə oxu şah, bəlkə də şah hesab etdiyi sevgilisi atmışdır. Cümə üçün diyar zülmətdir. Özü piyadadır, şahı isə atlıdır. Məşuqundan xahiş edir ki, yaz dilindən bir kağız ver, onda bilərik ki, kağız şahiddir. Haqq divanında yəqin ki, sənədə baxan olar.
Molla Cümə maddeyi-tarixi axırıncı bənddə vermişdir:
Könül dönsə, bu dostluğu atarıq,
Yol uzaqdır, özüm beyhal, at arıq.
Cümə səni sevəndəydi a tarix,
Min iki yüz doxsanıncı sənədə. 1
Bu dostluğu yalnız könül döndükdə atmaq olar. Sənə çatmaq üçün yol uzaqdır, bihalam, atımsa arıqdır. Son beytdə çox gözəl bir günə, tarixə işarə edir. “Cümə səni sevəndəydi a tarix, Min iki yüz doxsanıncı sənədə” buradan aydın olur ki, Molla Cümə İsmi Pünhanı hicri təqvimi ilə 1290-cı ildə, yəni milady təqvimlə 1873-cü ildə sevmişdir. Həmin vaxt Molla Cümə 19 yaşında imiş.
Molla Cümə Aşıq Könüllə bir neçə dəfə, Tovuzlu Xəyyat Mirzə ilə bir dəfə deyişmişdir. Molla Cümənin qafiyə ilə təcnisi deyişdirməsi olduqca maraqlı bir hadisədir. Molla Cümənin yazdığı qafiyə və təcnisin deyişməsi 52 bənddir. 52 bəndlik qoşmadan bir neçə bənd nümunə verməklə Molla Cümənin nə demək istədiyini başa düşmək olar. Bizcə, qafiyə Molla Cümə, təcnis isə İsmi Pünhandır. Qafiyə:
Ey dörd hərfli qan sözümü müxtəsər,
Şurun varsa, bəsdir sənə bu əsər.
Nə tifildir, nə uşaqdır, nə püsər,
Az sehr etsin sehrkara, deyəsən.
Bizə görə, “Ey dörd hərfli” dedikdə o, İsmi Pünhanın əsl adına müraciət edir. Hətta, İsmi Pünhana bildirir ki, şüurun varsa, sənə bu əsər də kifayət edər, sən nə tifilsən, nə uşaqsan, nə də yeniyetmə. Sən sehrkara de ki, bizi az seyr eləsin, az izləsin. Bu fikir İsmi Pünhanın atasına işarədir. Təcnis:
Hirsi özü eylər isə amanat,
Əlli bir bənd bu gəftarım amanat,
Amanatdır yadigara deyəsən. 1
Təcnis – İsmi Pünhan isə bildirir ki, sehrkarın qapısında amanat dur, hirsi, öcü amanat hesab et. Əlli bir bənd bu gəftarı amanat et. Deyərsən ki, bunlar mənim üçün yadigardır.
Xəstə Qasımdan, eləcə də Aşıq Ələsgərdən sonra çox sənətkarlar gözəl təcnislər yazmışlar. Lakin Zodlu Abdulla onlardan xeyli fərqlənir. Ona görə ki, ayrı-ayrı sənətkarlar təcnis yaradıcılığına yeri gələndə müraciət edirlər. Lakin Zodlu Abdulla (1858-1943) öz yaradıcılığında ardıcıl olaraq təcnisə müraciət etmişdir. O da sələfləri olan Xəstə Qasım və Aşıq Ələsgər kimi Azərbaycan aşıq poeziyasında möhtəşəm təcnis binalarının memarları sırasında dayanır.
Ə.Cami “Yusif və Züleyxa” poemasını yaradarkən xalq yaradıcılığı xəzinəsinə bağlılığı ən böyük məziyyət hesab etmişdir. Şair, “Leyli və Məcnun” əhvalatı ilə “Yusif və Züleyxa” arasında bir yaxınlıq görürmüş, yeri düşdükcə Leylinin iztirablarından da söz açırmış, bəzən hər iki aşiqin vəziyyətində eyniyyət gördüyündən, hətta təkrara da yol vermişdir:
Rəvayət edirlər ki, Leyli bir gün,
Neştəri götürdü qan almaq üçün.
Qoluna neştəri vurunca canan,
Məcnunun qolundan çöldə axdı qan. 134
Şair, bundan sonrakı fəsillərin birində isə belə yazır:
Halı Züleyxanın pozuldu bir gün,
Ustanı çağırdı qan almaq üçün.
Elə ki, qoluna toxundu neştər,
Axdı qan, torpaqda yazdı həriflər,
Torpağa baxınca hər sahib – kamal,
Yusifin adını oxudu dərhal. 2
“Yusif və Züleyxa” rəvayətindən və “Qurban bulağı” məclisində Ağdabanlı Qurbanın, Ə.Caminin “Yusif və Züleyxa” poemasından təsirlənərək “Leyli niyə azdı?” təcnisini yazmışdır. Aşıqlar arasında “Leyli niyə azdı?” təcnisi Zodlu Abdullaya mahir təcnis ustası kimi əbədi şöhrət qazandırmışdır:
Bihudə dolandım, əfsanə gəzdim,
Sanım dost yolunda Leyli niyazdı.
Etibar kəsilib, ilqar pozulub,
Əvvəlki məhəbbət Leyli, niyə azdı?
Qəmər qan ağladı, neştər yeridi,
Yaram sızıldayır, neştər yeridi.
Leylinin qoluna neştər yeridi,
Məcnun qanı çöldə Leylini yazdı.
İkinci bənddə Zodlu Abdulla yadda qalan bir lövhə yaratmaqla bərabər, “Leyli və Məcnun” əfsanələrində özünə köklü yer salmış böyük bir möcüzəni yada salır. Leylinin qoluna neştər vururlar, çöldə Məcnunun damarlarından qan axır və torpaq üzərində Leylinin adını yazır. Zodlu Abdulla böyük ustalıqla həmin əfsanəni təcnisə gətirir. Zodlu Abdulla fikrini davam etdirir, təcnis binasını yeni cinaslarla qurmağa çalışır.
Zodlu Abdulla aşıq yaradıcılığında hər şeydən əvvəl, təcnis ustası kimi tanınır. Onun hər bir təcnisi memar əlindən çıxmış bir abidəni xatırladır. “Yad qız ağı gəzər” təcnisində deyilir:
İldə zikr eyləyən sinayə gələr,
Ayaqdan can çıxar, sinaya gələr.
Əzrayıl qeyznən sinaya gələr,
Yığılar qəccallar, yad ağı gəzər.
“Ayaqdan can çıxar, sinaya gələr” misrasının mənası belədir ki, insanın ölümü ayaqdan başlayır. Ayaq soyuyur, bədən yavaş-yavaş yuxarıya doğru soyumağa başlayır. Ona görə də adamlar deyir ki, filankəs can verir. Əzrayıl sinaya çatanda həyat tamamlanır. Son misra belədir. “Yığılar qəccallar, yad ağı gəzər”. Qəccal yuyucudur. Ona görə qəccallar deyilir ki, bir nəfər su tökür, bir nəfər isə yuyur.
Heç də təsadüfi deyildir ki, aşıqlar bəzən qıfılbənd əvəzinə təcnislə bir-birlərini imtahana çəkirlər. təcnis omonimlərdən, cinas sözlərdən düzəldilir. Təcnis yaradıcısı gərək dilimizin incəliklərini, çoxmənalı, çoxhecalı odluğunu anlasın, dərk etsin, duysun və ona dərindən bələd olsun.
Bunun üçün sənətkarın fitri istedadı azdır. O, gərək həm də dərin mütailəyə və biliyə malik olsun. Abdulla aşıq şeirinin belə çətin növünü böyük ustalıqla işləmiş, şeirin məna və forma gözəlliyini qoruyaraq, aydın cinaslar yaratmışdır. Onun təcnislərini oxuyanda “təcnisdə məzmun formaya qurban verilir” deyən tədqiqatçılarla razılaşmaq olmur. O, aşıq şeirinin bu çətin formasında yazıb-yaradarkən məzmun gözəlliyinə, fikir yeniliyinə xüsusi diqqət yetirir. Təcnislərində ona qədər istifadə edilməmiş, original cinaslar işlədir. Əgər belə demək mümkündürsə, Zodlu Abdulla möhtəşəm təcnis binalarının memarlarından biridir.
c) Aşıq Hüseyn Bozalqanlı, Tifil Əsəd, Seyfəli Aşıq Pənahın yaradıcılığında təcnis
Aşıq Hüseyn Bozalqanlı (1864-1941) aşıq şeirinin ən çətin formalarından biri olan təcnisdə də öz gücünü sınamış və buna ən yüksək formada müvəffəq olmuşdur:
Qəvvas oldum, dəryalar da dər indi,
Dərd əkmişəm, bar gətirir, dər indi.
Mənim məhəbbətim sənə dərindi,
Səninki görünür ay üzdən-üzdən.
Əvəz olmaz təzə doğmuş ay sənə,
Leyla dedim, Məcnun oldum, ay sənə.
İstəyirəm bir sərini əysənə,
Həsrətəm, qoy öpüm ay üzdən-üzdən.
Göründüyü kimi, ustad aşıq Azərbaycan dilinin söz imkanlarından mükəmməl şəkildə bəhrələnib gözəl, əsrarəngiz bir təcnis nümunəsi yaratmışdır. Daha bir misal:
Qəm, hicran əlində bihuş olmuşam,
Bilmirəm asmandı, aya zəmindi.
Dostu gördüm bulud könlüm dağıldı,
Açıldı, ağardı, ayazam indi.
Mərd oğulu az-az doğar bir ana,
Zənburun dəsində işlər bir ana.
Uca dağda əcəb düşdüm borana,
Qorxuram yollarda ay azam indi.
Nə lazımdır naqabilə söz deyəm,
Xatirinə ya dəyməyə, ya dəyə?
Sizin olsun eyvan, otaq, alaçıq,
Bizə bəsdir ya kölgəlik, ya dəyə.
Pis övlada öyüd versə yaxşı ata,
İyid çıxıb süvar olmaz yaxşı ata.
Kamil ovçu bərəsində yaxşı ata,
Keçirəndə ya dəyməyə, ya dəyə.
Göstərilən nümunələrdə biz Aşıq Hüseynin söz çələnginin nə qədər al-əlvan, çoxçalarlı olduğunun şahidi oluruq. Belə bir zəngin söz çələngi yaratmaq onun böyük istedad, güclü qələm, saf ürək, təmiz vicdan sahibi olmasından xəbər verir.
XIX əsrdən etibarən təcnisin gedər-gəlməz (nəfəs çəkmə) formaları da yaranmışdır. Gedər-gəlməz təcnis ağız boşluğunu, səs tellərini nizama salmağa, nitqin inkişafına xidmət edir. Hətta, gedər-gəlməz təcnisdə elə sözlər işlədilir ki, onu çox zaman yazıya almaq da çətin olur. Elə buna görə də çap olunmamış ilk mənbələr əsasında bu aşıq şeirinin texniki cəhəti ilə, ifa üsulu ilə əlaqədar olan formalarından bir neçəsi haqqında məlumat vermək və onlardan nümunələr gətirmək yerinə düşər. Tifil Əsədin (1874-1951) gedər-gəlməz (nəfəs çəkmə) təcnisi el sənətkarları tərəfindən yüksək qiymətləndirilir:
Eşidib bilənlər, arif olanlar,
İnsan neçə şeydə eyləməzmi, uff?!
Bir tayfa görəndə, xəbər alanda,
Cavabın verəndə eyləməzmi, uff?!
Hərdən xəyallanan olar bir təhər,
Ah çəkər ürəkdən, ay eylər, of, of!
Məsələ bundadır ki, aşıq ifa zamanı bu “uff”ları xüsusi ahənglə, xüsusi nəfəs çəkmək yolu ilə deyir, daha doğrusu, demir, nəfəs çəkmə ilə ifa edir.
Tifil Əsəd cığalı təcnisin də mükəmməl nümunələrini yaratmışdır. Heç yerdə çap olunmadığı üçün Tifil Əsədin gözəl cinaslarla qurulmuş, hər kəsə nümunə ola biləcək cığalı təcnisini burada olduğu kimi veririk:
Ala gözlüm dərdə giriftar oldum,
Dərdə dərman, ya səndədir, ya məndə.
Aşıq deyər: ya məndə,
Gözüm qaldı Yaməndə,
Ləl üstündə həmayıl,
İşıq salır Yaməndə.
Dedim: gözəl, məni qoyma Yaməndə,
Dedi: təqsir ya səndədir, ya məndə.
Eşq ucundan mən də oldum ya dəli,
Görən deyər: ya divanə, ya dəli.
Aşıq deyər: ya dəli,
Ya divanə, ya dəli,
Şirin candan keçərəm,
Yara dəysə yad əli.
Onda ölüm ya səndədir, ya məndə.
Görən olmaz mənim kimi yananı,
Nə keçirər, eşq oduna yananı?
Aşıq deyər: yananı,
Mərd igidlər gözləyər,
Ya süfrəni, ya nanı.
Kim görübdü Əsəd kimi yananı,
Eşq atəşi ya səndədir, ya məndə.
Ustad sənətkarlardan biri olan Seyfəli Aşıq Pənah (1876-1921) isə cığalı gedər-gəlməz təcnisin ilk nümunəsini yaratmışdır:
Saqinin dəstindən piyaləsini,
Aldım şərbətini nuş eylədim uff!
Gözəl bir piyalə tutub dəstində,
İçən zamanında ay eylər, of,of! və. i. a. 1
Seyfəli Pənah hərfli təcnisin də gözəl nümunəsini yaratmışdır. Şeir çap olunmadığı üçün təcnisi bütöv şəkildə, olduğu kimi veririk:
Çəp telləri, çəp sərində, çəp yarın,
Çəp düzülüb, çəp saçları çəpa-çəp.
Çəp buxağı, çəp ləbləri, çəp dişi,
Çəp çəkilib, çəp qaşları çəpa-çəp.
Çəp bəradər, çəp sözləri, çəp demə,
Çəp mən eylər, çəp deyil ki, çəp demə,
Çəp ustadlar, çəp deməyib çəp demə,
Çəp tapıblar çəp daşları çəpa-çəp.
Çəp olacaq, Pənah deyər: çəp oğlu,
Çəp atası, çəp anası, çəp oğlu,
Çəp pis gündən, çəp qurtarmaz, çəp oğlu,
Çəp nütfəsi, çəp işləri çəpa-çəp.
Gedər-gəlməz təcnisin elə növü vardır ki, onu yazıya almaq mümkün deyil. Aşıq onu yalnız ağzının hərəkəti ilə ifa edir. Ona görə də təcnisin bu növünə “Yazıya alınmaz” təcnis deyilir. Diltərpənməz (dildönməz) təcnislər də ancaq ifa zamanı məna daşıyır.
XIX-XX əsrlərdə təcnis yaradıcılığı
a) Aşıq Şəmşir yaradıcılığında təcnis
Aşıq Şəmşirin (1893-1980) yaradıcılığında da təcnislər mühüm yer tutur. O, dilimizin əlvan boyalarından, bayatılardakı zəngin cinaslardan məharətlə istifadə edərək mükəmməl təcnislər yaratmışdır:
Gül gülü çağırır, çiçək çiçəyi,
Topla yasəməndən yara, dər indi.
Fərhad qayalarda Şirin eşqinə,
Çapardı daşlardan yara dər indi.
Çox çətindir ölüm adı, qan adı,
Səməndərin odda yandı qanadı,
Yetişməmiş neştər vurdu qanadı,
Təbibim naşıdır, yara dərindir.
Yolum uzaq, mən piyada, yar atdı,
Müjgan oxun sinəm üstə yar atdı,
Şəmşiri yaradan bir yol yaratdı,
Birdəmi təzədən yaradar indi?! 1
Aşıq Şəmşir cinas-bayatılara yaxşı bələd olduğundan təcnis binalarını asanlıqla və mükəmməl qura bilir. Ən maraqlısı odur ki, hər təcnisində bir mətləb işıq üzü görür. “Məni” adlı təcnisində bizim üçün yenilik olan bir misra var: “Sən çiçəkdə şirin balsan, mən – arı”:
Gözləyirəm namus, qeyrət, mən arı.
Sən çiçəkdə şirin balsan, mən – arı,
Qondur yanağına, ya xala məni. 1
Aşağıdakı “Yaralı dağlar” təcnisində dağla, maralla əlaqədar təbii bir lövhə yaradır:
Yaxşı saxla, qaçıb ovçu əlindən,
Sənə bir maralım yaralı, dağlar.
Təbib hanı, gəlib eləsin dərman,
Sızıldar, ah çəkər yaralı dağlar. 2
“Ay yarım ola” təcnisində bir gözəlin niqabın altından ay kimi çıxıb üzünü göstərdiyini, bədii bir dillə, cinas sözlərlə, gözəlliyi diqqətə çəkən bədii bir lövhə yaradır:
Niqabından aya oxşar üz açdın,
Taledən uzaşdın, məndən uzaşdın,
Şəmşir yaxınlaşdı, sənsə uzaşdın,
Demişdim: vəfalı ay yarım ola. 1
Aşıq Şəmşir gözəlləri təsvir və tərənnüm etməkdən usanmır. O bilir ki, ürəyində məhəbbət odu olmayan şair yazıb-yarada bilməz. Onun şeirlərinin ilham mənbəyi el gözəlləridir. Onları görüb eşqə düşməmək olmaz. O yazır:
Qaşın qələm, boyun tərlan təhəri,
Dedim gözəllikdə beləsən, gözəl.
Məhəbbət eşqinə düşəndən bəri,
Mənəm yarpaq kimi bil əsən, gözəl. 2
Aşıq Şəmşir təzadlı bir təcnis yaradır. Təcnisin mövzusu və bu mövzunun bədii cəhətdən həlli bizi düşündürməkdədir:
Bir barı çəkmişəm sözdən, şeirdən,
Köməkdar ol, qoyma qala yarımçıq!
Görüm deyərsənmi başa çatmasın,
Qıyarsanmı belə qala – yarımçıq? 3
Aşıq Şəmşir cinaslı bayatı-bağlamalarını və qoşma şəkilli qıfılbəndini də məharətlə yaradır. Biz bundan əvvəl Sarı Aşığın və Aşıq Şəmşirin açılmamış bayatı-bağlamalarından nümunələr vermişik. Eyni zamanda, Xəstə Qasım və Aşıq Ələsgər kimi Aşıq Şəmşir də öz kitabında açılmamış qıfılbəndlər vermişdir. Mən onun açılmamış 5 bəndlik təcnis-qıfılbəndindən üç bəndini nümunə verirəm:
İki min gülü var iki kök üstə,
Altından biri sər-beş arasında.
Sən kamil aşıqsan, gəl öyrət məni,
Qalmışam bu çətin iş arasında.
Doxsan dörd min səcdə qılır birinə,
Otuz mini ikram edir pirinə,
On ikisi tac qoyubdur sərinə,
Altısı gəşt edir qaş arasında.
Kəndim Ağdabandır, yaylağım Murov,
Sözümdə məharət, qılıncımda sov!
Şəmşir bu şikarda tapıbdır bir ov,
Bir milyard iki yüz yaş arasında. 1
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Aşıq Ələsgər
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.
Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.
Azərbaycan xalq şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir.
O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.
Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Mirəli Qaşqay öz çıxışlarının birində bele demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”. Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.
Ələsgər xümsünən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərəkdi
Deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.
O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.
Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.
Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.
Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:
Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.
Azərbaycanın müxtəlif bölgələrində toylara aşıq kimi də dəvət olunmuşdur.
İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.
Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.
Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm təsirlənən aşıq:
Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostənımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi-
bəndi ilə başlanan qoşmasını yazmışdır.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.
1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
Şəcərəsi
- Heydər.
- Əbdüləzim.
- Təhməz.
- Talıbxan.
- Allahverdi.
- Alməmməd.
- Aşıq Ələsgər.
Kitabları
- “Aşıq Ələsgər-150”. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. – səh. 318-327.
- Aşıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 səh.
AŞIQ ƏLƏSGƏRİN ŞEİRLƏRİ ƏXLAQ KODEKSİ DAŞIYAN ŞEİRLƏRDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.
Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.
İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığının hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].
Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:
Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü, gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi
– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.
Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstünnən yol, incimərəm.
Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.
Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:
A bimürvət, axı səndən ötəri
Ah çəkməkdən bağrım qana dönübdü.
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdü.
Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, – Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”… Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən.
Danışdıq, barışdıq mərhəmət ilə,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qeyrəti atma hayıfsan!
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdana yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.
Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardandır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.
Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:
Aləmdə dastan olub
Səddin, sorağın, Şah dağı!
Açılıb nərgiz, bənövşən,
Əcəbdi çağın, Şah dağı!
Abi-kövsər kimi axır
Çeşmən, bulağın, Şah dağı.
Süsən, sünbül, gül, ərğəvan
Köysündə laləzar verib;
Alan, satan gözəllərdi,
Nə rəvanc bazar verib;
Damənin çəhar fəsildi,
Hər meyvə bitib, bar verib;
Xudam səni çox bəyənib,
Bir belə ixtiyar verib;
Dalın dənizə söykənib,
Kürdü ayağın, Şah dağı!
Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiiliyin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən yaradılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.
Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümumiyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqarlılıq, əzəmət simvolu kimi dəyərləndirilir:
Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
Ağ xalat bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib, xətrinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.
Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.
Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməxsus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.
On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.
Demək nə lazımdı, özün bilirsən,
Bir gün yaranırsan, bir gün ölürsən.
Arsız-qəmsiz nə gününə gülürsən?!
Yandırarlar səni narın içində.
Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:
Ələsgər, mətləbin xudadan istə,
Kərəm olmaz müxənnəsdə, xəsisdə,
Bəylik, göylük, səylik olan məclisdə
Qaç ki, orda xeyir-bərəkət olmaz.
Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:
Tanıram əslini, söyüddür zatın,
Uca boy verərsiz, barınız olmaz.
Dildən dost olarsız, könüldən əyri,
Doğru-dürüst etibarınız olmaz.
İslama haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.
“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlandırır.
“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Əlimizi aparıbdı sərt ayaz,
Ruzumuz olubdu gündən-günə az.
Molla şeytan olub, axund seyidbaz,
Məşədi, kalvayı lotu çıxıbdı…
Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:
Günahkardı nə ki yoldan azan var,
İki mələk – xeyir-şəri yazan var,
Ərəsət var, qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim!
Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.
KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Yazıya 366 dəfə baxılıb
Comments are closed, but trackbacks and pingbacks are open.