Beynəlxalq münasibətlərdə parlament
“Diplomatik korpus” ifadəsi dar mənada və geniş mənada işlədilir.
Dar mənada diplomatik korpus dövlətdə olan bütün diplomatik nümayəndəliklərin başçılarinın cəmi kimi başa düşülür. Geniş mənada isə bu termin dövlətdəki xarici diplomatik nümayəndəliklərin diplomatik heyətinin üzvlərini əhatə edir. Diplomatik korpus, əsasən, qəbul edən dövlətdə müəyyən təntənələr zamanı birgə çıxışlar edir.
Diplomatik korpusa diplomatik nümayəndələrdən öz dərəcəsinə və akkreditə vaxtına görə ən böyüyü – duayen rəhbərlik edir.
Diplomatiya və konsulluq hüququ
Dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna Diplomatiya və konsulluq hüququ deyilir.
Beynəlxalq hüquq bu ən qədim və ənənəvi sahəsinin məzmunu indiki dövrdə xeyil genişlənmişdir; diplomatiya və konsulluq hüququna hazırda həmçinin bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, təntənəli tıdbirlərdə, danışıqlar aparılmasına və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetlərini nizama salan normalar da daxildir.
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında diplomatiya və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq adət normalarına söykənmişdir. İkinci dünya müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq konvensiyalar aşağıdakılardır:
- 1) Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası;
- 2) Konsulluq münasibətləri haqqında 1963-cü Vyana Konvensiyası;
- 3) Xüsusi missiyalar haqqında 1969-cu il Vyana Konvensiyası;
- 4) Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası;
- 5) Dövlətlərin universal xaraqterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndikləri haqqında 1975-ci Vyana Konvensiyası.
Diplomatiya və konsulluq hüququ sahəsində bir sıra digər sənədlər də mövcuddur. Məsələn, beynəlxalq təşkilatların imtiyaz və immunitetləri ilə bağlı iki mühüm konvensiyanı göstərmək olar: 1) BMT-nin imtiyaz və immunitetləri haqqında 1946-cı il Konvensiyası və 2) BMT-nin ixtisaslaşdırılmış imtiyaz və immunitetləri haqqında 1947-ci il Konvensiyası. Bundan əlavə, müvafiq normalar beynəlxalq təşkilatların nizamnamələrində və habelə yerləşdikləri dövlətlərlə bağladıqları imtiyaz və immunitet məsələləri üzrə ikitərəfli müqavilələrdə təsbit olunmuşdur. Diplomatiya və konsulluq hüququnun mənbələri sırasında ikitərəfli konsulluq konvensiyalarını da qeyd etmək lazımdır.
Xarici əlaqələri həyata keçirən dövlət orqanları
Dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici əlaqələrinin həyata keçirən orqanlar dövlətdaxili vəxarici orqanlara ayrılır.
Dövlətdaxili orqanlar daim həmin dövlətin ərazisində fəaliyyət göstərən xarici əlaqə orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır:
- dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar;
- dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar.
Birinci dövlət başçısı, hökumət və xarici işlər nazirliyi daxildir. Dövlət başçısı, hökumət başçısı və xarici işlər naziri həmin dövləti onun xarici əlaqələrini bütün məsələlər üzrə ex officio (yəni vəzifəsinə görə) təmsil edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikasının Prezidenti “ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir” (8-ci maddənin I hissəsi). 109-cu maddəyə əsasən, Prezident “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır (15-ci bənd)”; xarici ölkələrin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir (16-cı bənd); dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır (17-ci bənd); Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır (30-cu bənd).
Azərbaycan Respublikasının Hökuməti xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavəsitə xarici əlaqələri həyata keçirən əsas orqandır və 2001-ci il iyunun 8-də qəbul olunmuş “Diplomatik xidmət haqqında” Qanunun 2.2-ci maddəsinə əsasn, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbəhlik edir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli 660 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında” Əsasnamədə göstərilir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə rəhbərlik edən dövlət idarəetmə orqnıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində işin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır”.
Parlamentə gldikdə isə, qeyd etmək lazımdır ki, xarici siyasət məsələlərində bu orqan əslində mühüm rol oynayır.Parlament bu və ya digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkələrin parlamentlərinə müraciət qəbul edir, beynəlxalq parlament təşkilatlarının (məsələn, Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının və s.) işində iştirak edirlər. Buna baxmayaraq, parlament beynəlxalq münasibətlərdə dövlətin təmsilçisi kimi çıxış edir. O, dövlət adından müqavilələr bağlamaq səlahiyyətinə malik deyildir. Parlament nümayəndələrinin verdikləri bəyanatlar müvafiq dövlət üçün beynəlxalq öhdəliklər doğurmur.
Xarici əlaqələr həyata keçirən dövlətdaxili orqanların ikinci qurupuna, əsas etibarilə, Azərbaycan Respublikasının nümunəsində, İqtisadi inkişaf nazirliyi (Xarici investisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamenti), Dövlət Gömrük komitəsi və b. aiddir. Digər nazirlik və idarələr də dövlətdaxili qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edirlər.
Xarici orqanlar dövlətin ərazisindən kənarda yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini həyata keçirən dövlət orqanlarıdır. Bu orqanlar öz növbəsində aşağıdakı növlərə bölünür.
daimi: dövlətin diplomatik nümayəndəlikləri, konsulluq nümayəndəlikləri, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri;
müvəqqəti; təntənəli tədbirlərdə, danışıqlar aparılmasında və s. iştirak etmək etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyalar, beynəlxalq konfranslarda və ya beynəlxalq orqanların işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri və b.
3.Diplomatik nümayəndəlik anlayışı və funksiyaları
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibətləri həyata keçirən orqandır. Diplomatik nümayəndəliklər müvafiq iki dövlət arasında razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın əldə olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə eyni vaxta düşür.
Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü məlumdur:
- səfirliklər – ən yüksək səviyyəli diplomatik nümayəndəliklərdir; onların başında fövqəlada və sılahiyyətli səfir dayanır.
- missiyalar – daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur; onlara fövqəlada və sılahiyyətli elçi və ya müvəqqəti işlər müvəkkili rəhbərlik edir.
Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik nümayəndəlik aşağıdakı fuksiyaları həyata keçirir:
- akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;
- akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafelərinin müdafiəsı;
- qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
- bütün qanuni vasitələrlə, qəbul edən dövlətdə olan şəraitin və hadisələrin öyrənilməsi və onlar barəsində öz hökumətinə məlumat verilməsi (informasiya funksiyası);
- akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi.
Bunlardan əlavə, diplomatik nümayəndəlik bəzi hallarda konsulluq funksiyaları da həyata keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların tərkibində konsulluq şöbələri təsis olunur.
Diplomatik nümayəndəliyin heyəti
Diplomatik nümayəndəliyin başçısı təmsil olunan dövlətin qəbul edən dövlətdə daimi əsasda fəaliyyət göstərən bütün nümayəndələri ilə müqayisədə ən yüksək təmsilçisi hesab olunur. O, öz dövlətini, qəbul edən dövlətdə bütün məsələlər üzrə təmsol edən yeganə şəxsdir. 1961-ci il Vyana Konvensiyasi diplomatik nümayəndəliklərin başçılarının üç dərəcəsini müəyyən etmişdir: 1) dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; 2) dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsilər və 3) xarici işlər nazirləri yanında akkreditə olunan işlər müvəkkilləri. Əslində son illərin praktikasında elçilərin və daimi işlər müvəkkillərinin təyin olunmasına çox az-az rast gəlinir.
1961-ci il Vyana Konvensiyasi görə, diplomatik nümayəndəliyin heyəti üç kateqoriyaya bölünür:
diplomatik heyət;
inzibati-texniki heyət;
xidmətçi heyət.
Diplomatik heyətə aşağıdakılar daxildir: səfirlər, elçilər, müşavirlər, ticarət nümayəndələri və onların müavinləri, xüsusi attaşelər (hərbi, hərbi-dəniz və hərbi-hava) və onların müavinləri, birinci, ikinci və üçüncü katiblər və attaşelər. Diplomatik heyətin üzvləri akkreditə edən dövlətin vətəndaşları olmalıdır. Lakin qəbul edən dövlətin razılığı ilə yerli vətəndaşlar və üçüncü dövlətin vətəndaşları təmsil olunan dövlətin diplomatik heyətinə daxil edilə bilər. Diplomatik heyətin üzvlərinə milli qanunvericiliklə müəyyən olunmuş qaydada diplomatik rütbələr verilir. “Diplomatik xidmət haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı diplomatik rütbələr mövcuddur: a) fövqəladə və səlahiyyətli səfir; b) 1-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi; c) 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi; ç) 1-ci dərəcəli müşavir; d) 2-ci dərəcəli müşavir; e) 1-ci dərəcəli birinci katib; ə) 2-ci dərəcəli birinci katib; f) 1-ci dərəcəli ikinci katib; g) 2-ci dərəcəli ikinci katib; ğ) üçüncü katib və h) attaşe.
İnzibati-texniki heyət dəftərxana müdirlərindən, hesabdarlardan, tərcüməçilərdən, kargüzarlardan, makinaçılardan və başqalarından ibarət olur.
Xidmətçi heyətə isə sürücülər, aşbazlar, kuryerlər və başqaları daxil olur.
İnzibati-texniki və xidmətçi heyətə bəzən yerli vətəndaşlar təyin olunur.
Diplomatik missiyanın başlanması və sona yetməsi
İki dövlət arasında diplomatik nümayəndəliklər mübadiləsi haqqında razılaşma əldə olunduqdan sonra diplomatik missiyanın fəaliyyətə başlaması ilə bağlı ortaya çıxan əsas praktik məsələ nümayəndəliyin başçısının təyin olunmasıdır. Bu, aşağıdakı mərhələlərdən ibarət olur:
1) qəbul edən dövlətdən, konkret şəxsin diplomatik nümayəndəliyin başçısı təyin olunmasına öz razılığını verməsinin – aqremanın xahiş edilməsi. Aqreman verilməsə, şəxs göstərilən vəzifəyə təyin oluna bilməz. İmtina edən dövlət bunun motivlərini bəyan etməyə borclu deyildir.
2) aqreman alındıqdan sonra şəxsin diplomatik nümayəndəliyin başçısı təyin olunması barədə müvafiq dövlətdaxili aktın verilməsi.
3) diplomatik nümayəndəliyin başçısı təyin olunmuş şəxsin, qəbul edən dövlətin müvafiq vəzifəli şəxsinə onun rəsmi statusunu təsdiq edən sənədin – etimadnamənin təqdim olunması.
Etimadnamə akkreditə edən dövlətin başçısı tərəfindən imzalanır və diplomatik nümayəndəni qəbul edən dövlətin başçısına ünvanlanır.
Dövlət diplomatik nümayəndəliyin başçısını eyni zamanda bir neşə dövlətə və ya müvafiq beynəlxalq təşkilata diplomatik nümayəndə təyin edə bilər; doğrudur, bu halda bu dövlətlərdən heç biri və ya həmin beynəlxalq təşkilat buna etiraz etməməlidir. Buna diplomatiya və konsulluq hüququnda kumulyasiya deyilir. Kumulyasiya dövlətimizin diplomatik təcrübəsində də istifadə olunur. Diplomatik nümayəndəliyin kumulyasiyasının başqa bir variantı da mümkündür: bu halda bir şəxs iki və daha artıq dövləti, qəbul edən dövlətdə ( əlbəttə ki, əgər o, buna etiraz etmirsə ) təmsil edir.
Diplomatik heyətin qalan üzvlərinə aqreman tələb olunmur. Onları dövlətin xarici
işlər idarəsi təyin edir. Həmin şəxslər qəbul edən dövlətə gəldikləri və həmin dövlətin xarici işlər idarəsinə bu barədə məlumat verdikləri andan öz vəzifələrinin icrasına başlamış hesab olunurlar. Hərbi attaşelərin təyin olunmasına isə əksər dövlətlərdə aqreman tipli razılıq tələb olunur.
Diplomatik nümayəndənin funksiyalarının xitam olunması, əsasən, bu hallarda olur:
akkreditə edən dövlət tərəfindən geri çağırılması;
qəbul edən dövlət rərəfindən persona non grata ( arzuolunmaz şəxs ) elan olunması;
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında diplomatik münasibətlərin kəsilməsi;
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında müharibə başlanması;
akkreditə edən dövlətin və ya qəbul edən dövlətin beynəlxalq hüququn subyekti kimi yoxa çıxması.
Diplomatik korpus
“Diplomatik korpus” ifadəsi dar mənada və geniş mənada işlədilir.
Dar mənada diplomatik korpus dövlətdə olan bütün diplomatik nümayəndəliklərin başçılarinın cəmi kimi başa düşülür. Geniş mənada isə bu termin dövlətdəki xarici diplomatik nümayəndəliklərin diplomatik heyətinin üzvlərini əhatə edir. Diplomatik korpus, əsasən, qəbul edən dövlətdə müəyyən təntənələr zamanı birgə çıxışlar edir.
Diplomatik korpusa diplomatik nümayəndələrdən öz dərəcəsinə və akkreditə vaxtına görə ən böyüyü – duayen rəhbərlik edir.
Diplomatik imtiyaz və immunitetlər
Diplomatik nümayəndəliklər öz funksiyalarını normal həyata keçirmək üçün qəbul edən dövlətin nəzarətindən kənarda olmalıdırlar. Dövlətin malik olduğu immunitet, təbii ki, onu rəsmi təmsil edən orqanlara və ya şəxslərə də təmin olunmalıdır. Bu baxımdan, xarici diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına beynəlxalq hüquq normaları əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara diplomatik imtiyaz və immunitetlər deyilir. Tərifdən göründüyü kimi, diplomatik imtiyaz və immunitetlər iki qrupa ayrılır: 1) diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri və 2) şəxsi imtiyaz və immunitetlər.
Diplomatik nümayəndəliklər aşağıdakı imtiyaz və immunitetlərə malikdir:
1) nümayəndəliyin binalarının toxunulmazlığı;Qəbul edən dövlətin hakimiyyət orqanları diplomatik nümayəndəliyin başçısının icazəsi olmadan nümayəndəliyin ərazisinə və onun binalarına daxil ola bilməzlər. Binaların özü, onların içində olan əmlak, habelə nəqliyyat vasitələri axtarışa, rekvizisiyaya, həbsə və icra hərəkətlərinə məruz qala bilməz. 1961-ci il Konvensiyasında (22-ci maddə) göstərilir ki, qəbul edən dövlət diplomatik nümayəndəliyin binalarını istənilən müdaxilədən və ya zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün müvafiq tədbirləri görməlidir.
2) fiskal immuniteti; Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və rüsumlarından ( konkret xidmətlərə görə ödəniş haqqından başqa ) azaddır.
3) arxiv və sənədlərin toxunulmazlığı; Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları toxunulmazdır.
4) nümayəndəliyin öz dövlətinin hökuməti və digər diplomatik nümayəndəlikəri ilə əlaqədə olmaq azadlığı;
Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq vasitələrdən, o cümlədən diplomatik kuryerlərdən sərbəst və maneəsiz istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası habelə diplomatik poçtu təyinatı üzrə çatdırdığı ana qədər immunitetə malik olan müvəqqəti (ad hoc) kuryerlərin təyin olunmasını mümkün sayır.
5) gömrük imtiyazları; Diplomatik nümayəndəlik öz rəsmi istifadəsi üçün ölkəyə gətirdiyi və ölkədən çıxardığı mallara görə gömrük rüsumları ödəməkdən azaddır.
6) bayraq və emlemdən istifadə hüququ;Diplomatik nümayəndəlik və onun başçısı nümayəndəliyin binları üzərində və nəqliyyat vasitələrində öz dövlətinin bayraq və emlemindən sərbəst istifadə edə bilər.
Şəxsi imtiyaz və immunitetlər, yəni diplomatik nümayəndəliyin başçısının diplomatik heyətinin digər üzvlərinin (habelə onların ailə üzvlərinin ) imtiyaz və immunitetləri aşağıdakılardan ibarətdir.
- şəxsiyyət toxunulmazlığı;
- mənzil toxunulmazlığı;
- yurisdiksiya immuniteti;
- fiskal immuniteti;
- gömrük imtiyazları;
- hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma.
Inzibati-texniki heyətin üzvləri də, demək olar ki, eyni imtiyaz və immunitetlərdən istifadə edirlər. Bu şəxslərin mülki-hüququ və inzibati yurisdiksiyadanimmuniteti onlar yalnız öz xidməti vəzifələrini icra etdiyi zaman qüvvədə olur.
Xidmətçi heyətin üzvləri xidməti vəzifələrini icra etdikləri zaman törətdikləri hərəkətlərlə bağlı immunitetə malikdirkər və onlar aldıqları məvacibdən vergi və rüsum odəməkdən azaddırlar.
Dövlətlərin beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri
Dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri diplomatiya və konsulluq hüququnun nisbətən yeni institutu hesab edilir. Bu institutun yaranması və inkişafı müxtəlif səpkili beynəlxalq təşkilatların meydana gəlməsi və beynəlxalq məsələlərin həllində onların artan rolu, dövlətlərlə həmin beynəlxalq təşkilatlar arasındakı əlaqələrin səmərəli qurulması zərurəti ilə əlaqədardır. Dövlətlərin Birləşmiş Millətlər Təşkilatında, BMT-nin ixtisaslaşdırılmış təşkilatlarında, regional təşkilatlarda daimi nümayəndəlikləri vardır. Təşkilatın nizamnaməsi bunu nəzərdə tutursa, həmin təşkilatın yanında onun üzvü olmayan dövlətlərin daimi müşahidəçi missiyaları olur.
Beynəlxalq təşkilat yanında nümayəndə təşkilatın mənzil-qərargahının yerləşdiyi dövlətdə akkreditə olunmur, o, öz dövlətini beynəlxalq təşkilatda (onun orqanında) təmsil edir. Bu faktın özündən aşağıdakı hüquqi nəticələr ortaya çıxır: a) həmin nümayəndənin təyin olunması üçün beynəlxalq təşkilatdan və ya təşkilatın yerləşdiyi dövlətdən aqreman alınması tələb olunmur; b) bu nümayəndələr ikitərəfli diplomatiyada tətbiq olunan qaydalar əsasında persona non grata elan oluna bilməzlər; c) təşkilatın yerləşdiyi dövlət onlarla bağlı qarşılıqlı əsasda hər hansı tədbir görə bilməz.
Beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin funksiyaları bunlardır: a) nümayəndəliyi göndərən dövlətin təmsil olunması; b) təşkilatda həmin dövlətin mənafelərinin qorunması; c) təşkilatla əlaqədar saxlanılması; ç) öz dövlətinə təşkilatın fealiyyəti haqqında məlumat verilməsi və s.
Beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin və onların əməkdaşlarının imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin və onların diplomatik heyətinin malik olduğu imtiyaz və immunitetlərlə ümumən üst-üstə düşür.
Xüsusi missiyalar
Xüsusi missiya dedikdə, müəyyən məsələlər üzrə danışıqlar aparmaq və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədilə (məsələn, yubley təntənələrində və ya dəfn mərasimlərində iştirak etmək üçün) başqa bir dövlətə onun razılığı ilə göndərilən rəsmi nümayəndə heyəti başa düşülür. Beynəlxalq konfransların və ya beynəlxalq təşkilatların orqanlarının işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri buraya aid edilmir.
Xüsusi missiyaların hüquqi statusu beynəlxalq adət normaları ilə və az sayda iştirakçısı olan Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası ilə nizama salınır. Konvensiyada prinsip etibarilə qəbul edilir ki, diplomatik nümayəndəliklərin və onların diplomatik heyətinin malik olduğu imtiyaz və immunitetlər xüsusi missiyalara və onların heyətinə şamil edilir. Bununla belə, Konvensiyada bir sıra məhdudiyyətlər öz əksini tapmışdır. Belə ki, 25-ci maddəyə görə, yerli hakimiyyət nümayəndələri, yanğın və digər təbii fəlakət olduqda, xüsusi missiyanın yerləşdiyi binalara missiyanın başçısının razılığı olmadan daxil ola bilərlər.
Konvensiyada (21-ci maddə) nəzərdə tutulur ki, xüsusi missiyaya dövlət başçısı, hökumət başçısı, xarici işlər naziri və ya dövlətdə yüksək mövqe tutan digər şəxs rəhbərlik etdiyi və yaxud onun işində iştirak etdiyi hallarda bu şəxslər qəbul edən dövlətdə və ya hər hansı üçüncü dövlətdə, beynəlxalq hüquqla (faktiki olaraq, beynəlxalq adət normaları ilə) tanınan imtiyaz və immunitetlərə malik olurlar.
Beynəlxalq təşkilatlar və onların əməkdaşlarının imtiyaz və immunitetləri
Beynəlxalq təşkilatlar və onların əməkdaşları öz funksiyalarını normal həyata keçirmək üçün müvafiq dövlətin (və ya dövlətlərin) hakimiyyət orqanlarının nəzarətindən kənarda qalmalıdırlar. Bununla əlaqədar beynəlxalq hüquq normalarında onlar üçün diplomatik imtiyaz və immunitetlər müəyyən olunmuşdur.
Beynəlxalq təşkilatların, məsələn, Birləşmiş Millətlər Təşkilatının və BMT-nin ixtisaslaşdırılmış təsisatlarının imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin yuxarıda şərh etdiyimiz imtiyaz və immunitetləri ilə tam üst-üstə düşür.
Beynəlxalq təşkilatların əməkdaşlarının imtiyaz və immunitetlərinə gəlincə isə, diplomatik imtiyaz və immunitetlər tam həcmdə yalız bu təşkilatların ən yüksək icraçı şəxsləri üçün nəzərdə tutulmuşdur. Qalan əməkdaşların imtiyaz və immunitetlərinin əsasında funksional zərurət prinsipi durur. Öz xidməti vəzifələrini yerinə yetirərkən onlar yerli yurisdiksiyadan immunitetə malikdirlər, habelə vergi immunitetindən, gömrük imtiyazlarından və s. istifadə edirlər.
Birləşmiş Millətlər Təşkilatı üçün müəyyən missiyanı həyata keçirən ekspertlər tapşırığın yerinə yetirilməsi müddətində bir sıra imtiyaz və immunitetlərə malik olurlar: a) həbsə alınmadan və ya tutulub saxlanmadan immunitet; b) törətdikləri istənilən hərəkərə görə məhkəmə-prosesual immuniteti; c) sənədlərin toxunulmazlığı; ç) şifrədən istifadə etmək və kuryer vasitəsilə rəsmi yazışmalar aparmaq hüququ; d) şəxsi baqajla bağlı diplomatik nümayəndələrə verilən eyni güzəştlər və s.
Konsulluqlar: anlayışı və funksiyaları
Səfirliklər (və ya daimi missiylar) kimi konsulluqlar da dövləti onun sərhədlərindən kənarda təmsil edən daimi nümayəndəliklərdir. Lakin konsulluqlar aşağıda şərh edəcəyimiz funksiyalarına görə diplomatik nümayəndəliklərdən fərqlənir. Bundan əlavə, onlar qəbul edən dövlətin bütün ərazisində deyil, onun yalnız bir hissəsini əhatə edən və qarşılıqlı razılıq əsasında müəyyən olunan konsulluq dairəsində fəaliyyət göstərir. Beləliklə, bir dövlətin ərazisində başqa bir dövlətin bir neçə konsulluq ola bilər. Konsulluq münasibətləri müvafiq dövlətlər arasında diplomatik münasibətlər olmadığı halda da qurula bilər, digər rərəfdən, diplomatik münasibətlərin kəsilməsi hələ konsulluq münasibətlərinin xitam olunması demək deyildir. Konsulluq idarələrinə konsullar rəhbərlik edir. Diplomatik nümayəndədən fərqli olaraq, konsulluq öz dövlətinin qəbul edən dövlətdə səlahiyyətli nümayəndəsi sayılmır. O, öz dövlətinin müəyyən məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir.
Konsulluq funksiyaları xüsusi konsulluq idarələri tərəfindən və ya tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilir. Konsulluq idarələrinin dörd növü vardır: 1) baş konsulluqlar; 2) konsulluqlar; 3) vitse- konsulluqlar və 4) konsul agentləri. Buna uyğun olaraq, dörd konsul dərəsi mövcuddur: 1) baş konsul; 2) konsul; 3) vitse-konsul və 4) konsul agenti.
Bəzi dövlətlər öz praktikasında fəxri və ya ştatdan kənar konsullardan istifadə edir. Adətən, fəxri konsullar konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur. Onlar təyin edən dövlətin dövlət qulluqçuları ştatında hesab olunmurlar və bu işə görə məvacib almırlar.
Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin XIII fəsli ştatdankənar konsullara həsr olunmuşdur. Burada deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi konsulluğun yerləşdiyi dövlətin razılığına əsasən ayrı-ayrı konsul funksiyalarının yerinə yetirilməsini ştatdankənar konsullara tapşıra bilər” (95-ci madə); “Ştatdankənar konsulların funksiyalarını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir” (96-cı maddə); “Ştatdankənar konsullar Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar” (97-cı maddə). Azərbaycan Respublikası ylnız ştatlı konsullardan istifadə edir.
Konsulluq münasibəti haqqında 1963-cü il Vyana Konvensiyasına görə, konsulluqlar aşağıdakı funksiyaları həyata keçirir:
- öz dövlətinin, onun hüquqi şəxslərinin və vətəndaşlarının mənafelərini qorumaq;
- öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni, elmi və digər əlaqələrin inkişafına yardım göstərmək;
- konsulluq dairəsinin iqtisadi, hqüuqi və siyasi həyatına dair məlumat toplamaq və öz dövlətinin xarici işlər nazirliyinə çatdırmaq;
- öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksiyaları həyata keçirmək;
- öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növləri və onların heyəti ilə bağlı müəyyən vəzifələr yerinə yetirmək;
- öz dövlətinə səfər edən əcnəbilərə vizalar vermək və s.
1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti üç kateqoriyaya bölünür:
1) konsulluq xidmətinə olan və konsulluq funksiyalarını yerinə yetirən vəzifəli şəxslər;
2) inzibati-texniki iş yerinə yetirən konsul qulluqçuları;
3) xidmətçi heyət.
Azərbaycan Respublikasının konsulluqlarının heyəti, funksiyaları, funksiyaların həyata keçirilməsi qaydası və digər məsələlər Azərbaycan Respublikasının 8 fevral 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsul Nizamnaməsində öz əksini tapmışdır.
Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması
Konsullar, bir qayda olaraq, xarici işlər idarəsi tərəfindən təyin olunur. Təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd – konsul patenti verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu vəzifə, konsul dairəsi və konsulluğun yerləşdiyi yer göstərilir. Konsul patenti diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir. Həmin dövlət (adətən, xarici işlər idarəsi), əgər təyin olunmuş şəxsə etirazı yoxdursa, onun öz vəzifəsinin icrasının başlanmasına icazə — ekzekvatura verir. Ekzekvatura ya ayrıca sənəd, ya da konsul patentinin üzərində təsdiqləyici yazı şəklində olur. Ekzekvaturanın verildiyi andan konsul missiyasi başlamış sayılır.
Konsulluq dairəsinin hüdudları və ya konsulluq idarəsi başçısının dərəcəsi dəyışərkən, o, yeni ptent və ekzekvatura almalıdır. Konsulluq heyətinin digər üzvləri üçün bu, tələb olunmur; lakin qəbul edən dövlətin xarici işlər idarəsi onların təyinatı barədə məlumatlandırılmalıdır.
Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün, bir qayda olaraq, konsul patentinin göndırilməsinə və ekzekvaturanın alınmasına ehtiyac yoxdur. Diplomatik heyətin digər üzvləri kimi, onların təyin olunması haqqında qəbul edən dövlətin müvafiq orqanına sadəcə olaraq məlumat verilir.
Konsulun missiyası aşağıdakı hallarda sona yetir:
- onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması;
- konsulun persona non qrata elan olunması;
- konsul patentinin müddətinin başa çatması;
- konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması;
- konsulluq idarəsinin bağlanması;
- konsulluq münasibətlərinin xitam olunması;
- təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması.
Konsulluqların və onların heyətinin imtiyaz və immunitetləri
Konsul imtiyaz və immunitetləri, 1963-cü il Vyana Konvensiyasının preambulasında göstərildiyi kimi, “ayrı-ayrı şəxslərin mənfəəti üçün deyil, konsulluq idarələri tərəfindən öz funksiyalarının səmərəli həyata keçirilməsini təmin etmək üçün verilir”. Konvensiyaya görə, konsulluqlar aşağıdakı imtiyaz və immunitetlərə malikdirlər:
konsulluğun binalarının toxunulmazlığı (“təxirə salınmaz müdafiə tədbirlərinin görülməsinin tələb edən yanğın və ya digər təbii fəlakət hallarindan” başqa);
arxivlərin, sənədlərin və rəsmi yazışmaların toxunulmazlığı;
konsulluğa mənsub olan əmlakın və nəqliyyat vasitələrinin toxunulmazlığı;
bütün vergi və rüsumlardan azad olunma;
öz dövlətinin hökuməti, diplomatik və konsulluq nümayəndəlikləri ilə sərbəst və maneəsız əlaqə saxlanılması (o cümlədən diplomatik və konsul kuryer və şifrlərindən istifadə etmək hüququ);
bayraq və emblemdən istifadə etmək hüquq.
Konsulların heyəti üçün hansı imtiyaz və immunitetlərin nəzərdə tutulması ikitərəfli konsulluq konvensiyalarında müxtəlif cür həll olunur. Bir sıra bu cür konvensiyalarda, 1963-cü il Vyana Konvensiyasının əksinə olaraq, konsulluqların əməkdaşları üçün, demək olar ki, bütün diplomatik imtiyaz və immunitetlər nəzərdə tutulur. Vyana Konvensiyasının özündə isə bəzi məhdudiyyətlər əks olunmuşdur. Məsələn, 41 ci maddədə deyilir; “1. Konsulluğun vəzifəli şəxsləri, ağır cinayətlər törətdiklərinə görə səlahiyyətli məhkəmə orqanlarının qərarı ilə mümkün olan hallardan başqa, həbs edilə və ya həbsdə saxlanıla bilməzlər. 2. Bu maddənin 1-ci bəndində göstərilən hallar istisna olmaqla, yalız qanuni qüvvəyə minmış məhkəmə qərarını icra edildiyi hallardan başqa, konsulluğun vəzifəli şəxslərinin azadlığı heç bir formada məhdudlaşdırıla bilməz”. Konvensiyanın 44-cü maddəsinə əsasən, göstərilən şəxslər ifadə vermək üçün məhkəməyə çağrıla bilərlər. Doğrudur, məhkəməyə gəlməkdən imtinaya görə onlara cəza tədbirləri tətbiq oluna bilməz. Qeyd edilənlərdən başqa, konsulluqların əməkdaşları və onların ailə üzvləri aşağıdakı imtiyaz və immunitetlərdən istifadə edirlər; a) müəyyən vergi güzəştləri; b) gömrük imtiyazları; c) hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma və s.
- Teqlər:
- diplomatiya hüququ
- , beynəlxalq hüquq
Beynəlxalq münasibətlərdə parlament
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən Müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir. Həyata keçirilən çoxvektorlu xarici siyasətimizin tarixinə nəzər yetirsək Azərbaycan multikultural və tolerantlıq dəyərlərinə sadiqliyini, eyni zamanda Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı olduğunu nümayiş etdirərək bütün dünya dövlətləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığını hərtərəfli intensivləşdirir, inkişaf etdirir. Qoşulmama Hərəkatına Azərbaycanın daha növbəti bir il rəhbərlik etməsinə olunan etimad ölkəmizin düzgün idarəçilik modeli tətbiq edərək bu yeni platformada da özünü doğrultduğunun əyani sübutudur. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın bütün dünya dövlətlərində əhalinin yaxşı həyata əlçatanlığının təmin olunması üçün ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi bir daha ölkəmizin ümumbəşəri dəyərlərə humanist münasibətinin bariz nümunəsidir.
İstər Avropa ölkələri ilə, istərsə də İslam dünyası ilə münasibətlərdə hər zaman qarşılıqlı hörmət və davamlı inkişafa üstünlük verən Azərbaycanın xarici siyasəti bu gün dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşməsini prioritet etmişdir. Avropada, Balkanlarda yerləşən, müsəlmanların kompakt şəkildə yaşadığı Bosniya və Hersoqovinaya bu günlər Qurban bayramı ərəfəsində 40 min doza peyvəndin yardım olaraq göstərilməsi bir daha Azərbaycanın multikultural dəyərlərə, habelə beynəlxalq təşkilatların qəbul etdiyi yekun qərarlara, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə sadiqliyin göstəricisidir. 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleksin yaradılması inkişafda olan qardaş ölkələrin gələcək inkişafına verilən töhfədir. Azərbaycan Respublikasının Prezidentinin bəyan etdiyi kimi – Azərbaycana, onun ədalətli mübarizəsinə dəstək göstərmiş ölkələrin işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasında, sülhün, əmin-amanlığın bərqərar olunmasında aktiv iştiraklarının təmin olunması prioritetdir. Cari ilin 08-10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış olarkən regionda insanların sülh içində yaşamısı, əmin-amanlığın, davamlı inkişafın təmin olunaması ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda Qarabağa səfər edən ilk ali qonaq olması xalqlarımız arasında qardaşlığın, ictimai-mədəni əlaqələrin inkişafının, yüksək səviyyəli strateji əməkdaşlığın bariz nümunəsidir. Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Hersoqovina
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı ölkədir
Azərbaycan 27 sentyabrdan sonra da bir çox mötəbər qurumlarla əməkdaşlığını genişləndirib, nüfuzunu artırıb. Bu gün torpaqlarını 30 illik əsarətdən qurtaran Azərbaycan Böyük Qələbəyə 8 noyabrda nail oldu, “Qarabağ Azərbaycandır və NİDA” deyimini təsdiq etdi. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiqdir, güclü orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti təqdir olunur. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi deyilənlərin göstəricisidir.
“Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir”
Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz və bu da İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etdiyini və siyasi əlaqələr ən yüksək səviyyədə olduğunu göstərir: “Şadam ki, siz Azərbaycana səfər edirsiniz. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz. Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çox ölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi”.
Dövlət başçısı həmçinin İtaliya ölkəsi ilə bütün sahələr üzrə əlaqələrin daha geniş olacağının deyib: “İki il bundan əvvəl İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda rəsmi səfərdə idi. Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir”. Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir”.
“İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir: “Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək. Bizim humanitar sahə ilə bağlı da böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu”.
“İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik”
“İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək”,-deyən dövlət başçısı bildirib ki, bu məsələ diqqətdədir: “Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər”.
“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub”
Prezident İlham Əliyev görüş zamanı İtaliya Deputatlar Palatasının nümayəndə heyətinin Gəncədə, Ağdamda səfərdə olduqları üçün və hər şeyin şahidi olduqları üçün təşəkkürünü bildirib və qeyd edib ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır: “Mən, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub”. “Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək”,- deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir: “Müharibə zamanı 94 mülki şəxs həlak olmuşdur, 400-dən çox yaralanmışdır. Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir”.
Prezident İlham Əliyev onu de deyib ki, işğalçı, faşist xislətli erməni elə zənn edirdi ki, qayıtmayacağıq, ancaq biz döyüşə-döyüşə, onları diz çökdürərək torpaqlarımızdan qovduq: “Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”.
“İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracığıq”
“İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib”,-deyən dövlət başçısı bildirib ki, işğal olunan torpaqları viran qoyublar, qanunsuz məskunlaşma siyasəti aparıblar: “Amma demək olar ki, Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb, Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır. Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayırdılar. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər – o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər – onlar orada da vəhşilik törətdilər, evləri yandırdılar, sökdülər. Halbuki o evləri onlar yox, o vaxta qədər – 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər, yəni, dünyanın gözü qarşısında vəhşilik törətdilər. Beynəlxalq media qurumları da bu barədə reportajlar hazırlayıb mətbuata vermişlər. Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyünü bərpa etmişdir. İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq”.
“Əsl dostluq isə özünü çətin anlarda büruzə verir”
“Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”,-deyənə Prezident bildirib ki, artıq əsl dostlar görününməkdədir: “Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz”.
RƏFİQƏ KAMALQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.