Press "Enter" to skip to content

Beynəlxalq təhlükəsizlik problemləri

Cənubi Osetiya – Münaqişə zonasında 1992-ci ildə hərbi fəaliyyətin dayandırılmasından və Gürcüstanla hərbi qarşıdurmaya son qoyan MDB sülhməramlı qüvvələri gətirildikdən sonra nisbi sakitlik yarandı. MDB sülhməramlı qüvvələri və BMT-nin hərbi müşahidəçiləri Gürcüstan və Rusiya arasında 24 iyun 1992-ci ildə imzalanmış müqavilənin sülh yolu ilə tənzimlənməsi prinsipləri haqqında Razılaşmanın həyata keçirilməsinə nəzarət edirlər. Lakin bu ərazidə milli müqəddaratı həll etmək ideyaları hələ də qalmaqdadır. 8 aprel 2001-ci ildə burada keçirilmiş referendumda Cənubi Osetiya Respublikasının konstitusiyası qəbul edildi və onun I bəndində Cənubi Osetiya Respublikası müstəqil, suveren, demokratik dövlət kimi göstərilir.

Beynəlxalq təhlükəsizlik problemləri

Beynəlxalq hüquqi problemlər: “Mülki (şəxsi) və siyasi hüquqların təsbit edildiyi mənbələrin hüquqi təbiəti”

SƏFTƏR RƏHİMLİ

Mülki və ya şəxsi hüquqlar kimi tanınan insan hüquqları müəyyən bir tarixi inkişaf yolu keçmiş və fərqli dövlətlərdə müxtəlif vaxtlarda bərqərar olmağa başlamışdır. İnsan hüquqlarının yaranma vaxtını (“insan hüquqları nəsli”) həyat fəaliyyətinin sferasına – şəxsi (mülki), siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlıqlara görə fərqləndirilir.

Ədəbiyyatda insan hüquqları ideyasının mənşəyi antik mikena (e.ə. II minilliyə), indus, konfutsilik, şumer (sümər) – babil və digər qədim mədəniyyətlərə bağlansa da, həmin ideya müasir insan hüquqları ilə kəskin fərqlərə malik olmuşdur.

Müasir dövrdə insan hüquqlarının hüquq ədəbiyyatında müxtəlif təsnifatlarına rast gəlinməkdədir. Bunlardan biri də insan hüquq və azadlıqlarının məzmununa görə fərqləndirilməsidir.

Bu halda 4 qrupsiyasi, şəxsi, sosial-iqtisadi və soisal-mədəni hüquqlar qeyd edilir.

Yaranma tarixi hüquqların təsnifatında da əhəmiyyətli rol oynamışdır. İlk öncə, böyük bir qismi mütləq əhəmiyyət kəsb edən insan hüquq və azadlıqları – birinci nəsil insan hüquqları təsbit edilmiş, demokratik ölkələrin təcrübə və qanunvericiliyində konkretləşdirilərək, bəşəri dəyərlər kimi tanınmışdır.

Ədəbiyyatda və qanunvericilikdə, o cümlədən beynəlxalq hüquqda mülki hüquq kimi ifadə edilən bu hüquqlar əslində şəxsi hüquqlardır. Birinci nəsil hüquqlar kimi tanınan bu hüquqlara fikir, vicdan və din azadlığı, qanun qarşısında bərabərlik , ədalətli məhkəmə baxışı hüququ, yaşamaq, azadlıq və şəxsiyyətin təhlükəsizliyi, hakimiyyətin təşkili və idarəetmədə iştirak etmək və d. şəxsi hüquqlar aid edilir​.

Azərbaycan hüquq ədəbiyyatında bu hüquqların adlandırılması ilə bağlı müxtəlif terminlərdən istifadə edilməkdədir. Əksər halda beynəlxalq hüquqa uyğun olaraq, “mülki” termindən istifadə edilir. Lakin yanlış olaraq “vətəndaş” terminindən də geniş istifadə edilməkdədir. Həm də bir çox hallarda Müllki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966) adı səhvən Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt kimi tərcümə edilir.

Məsələ ondadır ki, “vətəndaş” termini Paktda ifadə edilən və “hər kəs” üçün nəzərdə tutulan şəxsi hüquqlardan fərqli olaraq “yalnız bu və ya digər dövlətlə hüquqi əlaqəyə malik olan” vətəndaşlar üçün nəzərdə tutulan hüquq kimi başa düşülməlidir ki, bu da Paktın məqsədinə uyğun deyil. Pakta ingilis dilində ifadə edilən “civil right”, rus dilində “гражданские право” bəzən səhvən azərbaycan dilində “mülki hüquq” kimi yanlış tərcüməyə əsas vermişdir.

Hesab edirik ki, Paktın adında və Preambulasında ingilis dilində ifadə edilən “civil” termini “personaliti” termini kimi qəbul edilməlidir. Bu “civil” termininin bəzi dillərdə, məsələn, “гражданскйе” (mülki) kimi yanlış hərfi tərcüməsini də aradan qaldırmış olar.

Şəxsi hüquq və azadlıqların hüquqi təminatları konstitusiyada ifadə edilsə də, onun daha əhəmiyyətli tənzimlənməsi cinayət, cinayət prosessual qanunvericiliklə təsbit edilir. Bir halda şəxsi digər şəxslərin cinayətkar hərəkətlərindən qorumaq üzrə normalar nəzərdə tutulursa, başqa bir halda isə fərdi hakimiyyət orqanlarının və vəzifəli şəxslərin özbaşınalığından qorumaq nəzərdə tutulur.

İ​​​​​​​​fadə etdiyimiz hüquqların təsnifatını aparan qərb hüquq elmi mülki (şəxsi) hüquqların pozitivləşdirilməsini Avropa burjua inqilabları ilə əlaqələndirir. Bu zaman Böyük Azadlıqlar Xartiyasından (1215) başlayaraq, Habeas korpus (1678), Hüquqlar Haqqında Bill (1689), ABŞ-ın müstəqillik Bəyannaməsi (1776), Fransanın Vətəndaş və insan hüquqları Bəyannaməsi (1789) və digər aktlara istinad edilir. Lakin bu hüquqlar üçün müəyyən edilmiş “təbii hüquq” başlanğıcı dini mənbələrə dayanır.

Ədəbiyyatda qeyd edildiyi kimi, hər cür sivilizasiyanın əsası və fonu, şübhəsiz ki, dindir və “bütün sivilizasiya dini başlanğıca əsaslanır”. İnsan hüquqlarının müqəddəsliyi (ayrılmazlığı, toxunulmazlığı və pozulmazlığı ) İbrahimi dinlərlə – iudaizm, xristanlıq və islamla meydana gəlmişdir.

Müasir Qərb demokratiyasının və insan hüquqlarının formalaşmasında əhəmiyyətli rol oynamış ABŞ-ın “Müstəqillik Bəyannaməsi” də insan hüquqlarının mənşəyi ilə bağlı İlahi ünvana istinad edir. Orada qeyd edilir: “Biz elə aşkar həqiqətə əsaslanırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan tərəfindən onlara müəyyən ayrılmaz hüquqlar verilib, bunların sırasına həyat, azadlıq, xoşbəxtliyə can atmaq hüquqları aiddir. Bu hüquqıların təmin edilməsi üçün insanlar tərəfindən qanuni səlahiyyətlərini onların razılığı ilə həyata keçirən dövlətlər yaradılır”. ​​​​

Etik-fəlsəfi və bəzən də insanın həqiqi mahiyyətinə uyğun gəlməyən adət və rituallara əsaslanan indus, konfutsianlıqdan fərqli olaraq, İbrahimi sivilzasiyada hüquqi tənzimetmənin çərçivəsi dinlə müəyyən edilir və həyatı fərdiləşdirilərək, şəxsiyyətin statusuna hüquqi sistemi ilə xüsusi yer verilir, onun xarici dünyaya fəal münasibəti üçün qaydalar müəyyən edir.

Dinin insan hüquqlarının əhəmiyyətinin əsasında dinin insanı qiymətləndirmə səviyyəsi dayanır. İctimai proseslərin normal mövcud olduğu zamanlarda onlar biri digərini tamamlayıb. Dini əsasların pozulması mənəvi dəyərlərin dağılmasına gətirib çıxarıb. İnsan həyatı uğrunda dinin mübarizəsi onun mənəvi aləminin dəyərinin təsdiqidir. Dinin insan hüqüqları ilə qarşılıqlı əlaqəsi hər bir sivilzasiyada fərqli olub. Əgər ilkin yəhudi dinində Allahla münasibət problemi kollektiv təfəkkürün hökmran prinsipini əks etdirən “Allah-insan” kimi qoyulmuşdursa, o zaman həyatın ictimai formlarının differensasiyası və fərdin bu sistemdə ayrılması ilə həmin ideya dindarın şəxsi mükafatlandırılması ideyası, şəxsi əvəz və qurtuluş ideyası şəklini aldı.

Təhrif olunan yəhudi dinindəki milli, etnik ayrı-seçkilik xristianlıqla aradan qaldırılır. Xristianlıq təhrif edilən yəhudi dininin milli məhdudiyyətinə üstün gəlir. Xristianlığa görə şəxsi azadlıq və insanın nisbi fərdiyyətçilik ideyası da, kateqoriya olmaqla onun hər hansı bir sistemdən, o cümlədən siyasi hakimiyyət sistemindən asılı olmadığını əsaslandırır və onun müstəqilliyini təmin edir. Lakin orta əsrlərin teoloji dünyagörüşü kilsə ehkamlarına çevrilməklə monarx hakimiyyətinə xidmət etməyə başlayır. Burjua inqilabları isə bu əsasları dağıtmaqla yeni hüquqi sistemi təsis etməyə başlayır. Yeni formalaşmaqda olan dünyagörüşdə ilahi qanunun yerini onun əsaslarında insan hüquqları, kilsənin yerini isə dövlət alır. Hər iki dindəki təhriflər ilkin orta əsrlərdə yeni bir dinin – islamın meydana gəlməsinə səbəb olur.

Yeni dinin əsas məqsədi bərabərlik, qardaşlıq, ədalət, siyasi sistemdə məşvərətli idarə etmənin və şəxsi hüquqları təmin etmək təşkil edirdi. İslam dini insanın azadlığını Allahın möcudluğu ilə şərtləndirir. İslamın insan hüquqları üçün özəlliyi ondan ibarətdir ki, burada ilahi inanc, dini baxışlar, hüquq və mənəviyyat normaları bir mədəniyyət formasında bir-birilə qırılmaz vahid bir sistemdə təzahür edir.

İslam insan həyatının bütün tərəflərini, o cümlədən dövlət-hakimiyyət konsepsiyasını və təcrübəsini son detallarına qədər tənzimlənməni nəzərdə tutur. İslam dinin, mənəviyyat və hüququn sintezi kimi meydana gəlməklə daha dinamik xarakter kəsb edir. Müsəlman inancına görə hüquq normalarının göstərişi yeganə zəruri düşüncə tərzinə riayət etməkdir.

İnsan hüquqlarının müqəddəsliyi baxımından islam siyasi hakimiyyəti təmsil edən hər hansı bir şəxsi baxışı qəbul etmir. Yalnız islam hüququnun avtoritetləri hüquqi təfsir etmək səlahiyyətinə malikdirlər ki, bu da “inzibati hakimiyyətin insan hüquqlarına müdaxiləsini önləməyə yönəlmişdir” desək, yanılmarıq.

İslam, qərb hüquq fəlsəfəsindən fərqli olaraq, “təbii hüquq” konsepsiyasını yalnız Allaha bağlayır. İslamda insan hüquqlarının mənbəyinin Allah olduğu göstərilməsi “hər kəsin toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır” konsepsiyasını əsaslandırır. Bu konsepsiya siyasi hakimiyyətin insan hüquqlarına müdaxiləsinin qarşısını almağa yönəlib. Quranda deyilir: “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?” (Bəqərə:2/44). Bu ayə vəzifə sahiblərinə məsul olduqlarının haqlarına riayət etməyi nəzərdə tutur. Çünki bir insanın haqlarını əldə etməsi həmin mövzuda məsul olan digər insanların öz vəzifələrini layiqincə yerinə yetirməsindən asılıdır. Buna bağlı olaraq da, vəzifə məsuliyyətinin fərqində olan cəmiyyətlərdə insan haqları təbii olaraq təmin edilmiş olacaqdır.

İnsan hüquqlarının ilahi mənbəyi İnsan Hüquqlarının Ümumi İslam Bəyannaməsində, onun Preambulasında da ifadə edilib. Deyilir ki, “… insan hüquqlarının İlahi mənbədən olduğunu nəzərə alaraq, bu hüquqlar hakimiyyət, assembleyalar və d. institutlar tərəfindən nə məhdudaşdırıla, nə ləğv edilə, nə də pozula bilməz, həmçinin onlardan imtina edilə bilməz…”.

Yenə də Bəyannamənin Preambulasında hakimiyyətin fəaliyyətinin qanun çərçivəsi ilə məhdudlaşmasına istinad edilir. ​​​​​​İslamın əsas mənbəyi Quran inam, əxlaq kimi mövzuları əhatə etsə də, onun əsas hədəfi insan hüququdur. İnsanın yaradılanların ən şərəflisi və hörmətli olması (İsra:17/70), insanı yaradarkən Allahın ona “öz ruhundan” bir cövhər verməsi (Hicr:15/29; Şəcd:32/9; Sad:38/72) və onu yer üzündə özünün xəlifəsi təyin etməsi (Bəqərə:2/30; Ənam:6/165; Yunus:10/14;Fatir: 35/39) ilə insana geniş haqlar verilmişdir.

Quranda yer alan insan haqlarının ən mühümü insanın yaşama haqqıdır. Buna görə də insan haqları Allah tərəfindən yaradılması baxımından müqəddəs və toxunulmazdır.​​​​​​​​​​​​ Təhrif edilmiş iudazimin etnik məhdudiyyətini aradan qaldıran xristianlığı daha da inkişaf etdirməklə İslam din, irq, millət qəbilə kimi fərqlilikləri əsas almadan insan mərkəzli ictimai-siyasi sistemi nəzərdə tutur.

İslamda din, vicdan azadlığı, ədalətli mühakimə, şərəf və ləyaqətlə bağlı məsələlər müasir hüquq sistemlərinə ciddi formada təsir etmişdir. Mülki və siyasi hüquqlar sahəsində beynəlxalq müqavilələr üçün örnək qismində Quranın bir çox müddəalarına istinad edilə bilər.

Din və vicdan azadlığı Quranın yüksək qiymətləndirdiyi, digər insan haqlarının əsasını təşkil edən və onların təminatçısı olan bir insan haqqıdır. Din və vicdan azadlığı, insanın inancını azad yaşamaq haqqı “Dində məcburiyyət yoxdur” ayəsi (Bəqərə:2/256) heç bir cəmiyyət və fərdin başqasının inancına təzyiq göstərməməsi prinsipi gətirmişdir. İnsanlar öz inanclarını ifadə etmə və heç bir maneə ilə qarşılaşmadan öz dinini yaşama haqqına sahibdir. Heç bir inancı seçmək istəməyənlərə verilən inancsızlıq azadlığı da yenə Quranın təminatı altındadır (Kəf:18/29). Mühakimə (Nisa:16/90-92;Ənam 6/152), namus və şərəfin qorunması (Nur:24/4-5) və bu kimi digər insan haqları da Quranda öz əksini tapmışdır.

İslamda mülki (şəxsi) və siyasi hüquqların ayrılmazlığı, toxunulmazlığı bir də onunla təsdiqlənir ki, siyasi hakimiyyətin əsasını formalaşdıran suverenlik də Allaha məxsusdur. Bu halda yer üzündə siyasi hakimiyyət icma tərəfindən həyata keçirilir ki, onun da qanunvericilik funksiyasi QuranSünnə ilə tənzimlənməyən məsələlərlə məhdudlaşır. Başqa sözlə, Quranda ifadə edilən şəxsi hüquqlar “təbii hüquqlar” konsepsiyasina tabe etdirilib.

​Belə bir nəticə nəyə əsas verir? Əgər bu və ya digər insan hüquqları ayrılmazlıq kontekstinə malikdirsə, onun hüquqi təminat sistemi də həmin kontekstə uyğun qurulmalıdır. Təəssüf ki, demokratik siyasi sistemli dövlətlər istisna olmaqla, şəxsi və siyasi hüquqların təminat sistemində ciddi problemlər mövcuddur. Problemlər həm dövlətdaxili, həm də beynəlxalq mexanizmlərlə bağlıdır. İfadə etdiyimiz insan hüquqları standartları maddi hüquqi anlamda tanınsa da, onların institusional təminat mexanizmi özünün qeyri-səmərələliyi ilə diqqətini cəlb edir. Bu da onu göstərir ki, müvafiq dövlətlər insan hüquqları üzrə qəbul etdikləri öhdəliklərinə qeyri-ciddi münasibət bəsləyirlər. Xüsusən də, islam sistemli dövlətlər (məsələn, İran, Tunis, Əlcəzair, Mərakeş, Qətər, Küveyt, Sudan, Pakistan, Suriya, Bəhreyn, BƏƏ və s.) islamı dövlət dini və ya şəriəti qanunvericiliyin mənbəsi kimi bəyan etsə də, Qurana istinad edən konstitusiya normaları milli təhlükəsizliyin qorunması bəhanəsilə hakimiyyətin müxtəlif xarakterli aktları ilə üstələnməkdədir. İnsan hüquqlari üzrə beynəlxalq müqavilələrə də ən çox qeyd-şərt edən bu dövlətlərdir.

Quranda ifadə olunan əxlaqi qaydaların təminatında, o cümlədən bəyan edilən insani dəyərlərin gözlənilməsində ciddi problemlər var. Bir çox müsəlman ölkələrində (Suriyada, Liviyada, Misirdə, Bəhreyndə və s.) yaxın vaxtlara kimi ümumtanınmış haqlar gözlənilməmiş, idarəçilik sistemində Qurana əsaslanan konstitusiyalar təmin edilməmişdir. Bu ölkələrin konstitusiya hüququndakı əsas problem Avropa hüququndakı “konstitusiya normasının ali hüquqi qüvvəyə malik olmasının“ digər aktlarla üstələnməsi (məsələn, Bəhreyndə 1974-cü il təhlükəsizlik haqqında Dövlət aktı ilə istənilən şəxsin məhkəmə aktı olmadan uzun müddət tutulması) ilə şəxslərin mülki-siyasi hüquqlarının pozulması ehtimalının yüksək olmasıdır.

Digər problem isə qərb mədəniyyətinin yüksək idarəçilik dəyərlərinin, o cümlədən hakimiyyətin üfüqi bölgüsünün qəbul edilməməsi ilə izah edilir. Bu dəyərlər öz növbəsində cəmiyyətin ümumi, ali hüquqi qüvvəyə malik konstitusiyası ilə təsbit edilməkdədir. Şərq mədəniyyətlərində, o cümlədən islamda, konfutsianlıqda, induizmdə, buddizmdə, hətta provaslav xristianlıqda ifadə etdiyimiz qərb dəyərləri uzun müddət qəbul edilməmiş və fərqli istiqamətlərdə yorumlanmaqdadır. Fərdin hüquqlarına əsaslanan qərb demokratiyasından fərqli olaraq, şərq, həmçinin müsəlman ölkələri qrup hüquqlarını ehtiva etməkdədir. Bu zaman qrup maraqları fərqli maraqlar üzərində üstünlüyə malik olmaqla, konkret şəxsin hüquq və azadlıqları cəmiyyət qarşısında onun öhdəliklərinə tabe etdirilir. Qərb üçün xarakterik olan hüquqi dəyərlər müsəlman ölkələrində avtoritetlərin (ağsaqqalların) baxışları ilə əvəzlənməkdədir. Daha təhlükəli məqam isə yerli adət-ənənənin dövlətin müəyyən etdiyi formal qaydalardan yüksəkdə durmasıdır.

Bununla bərabər, siyasi hakimiyyət şəxsi və siyasi hüquqlara əsas olan dini əxlaqı, hüququ özünə tabe etdirmişdir. İfadə etdiyimiz hal vaxtilə, daha doğrusu, Avropa burjua inqilablarına qədər qərb üçün də xarakterik olmuşdur. Bir çox hallarda tədricən dinin dövlət tərəfindən siyasi hakimiyyət xidmətçisinə çevrilməsi “dövlət dini mərkəzləri öz ağuşuna alması ilə onu boğmuş oldu” və özü mənəvi baxımdan düşməklə, kilsənin də düşməsinə səbəb oldu.

Müasir insan hüquqları konsepsiyası formalaşdırılmış dini dəyərləri siyasi hakimiyyət vasitəsinə çevirməmək üçün din-dövlət münasibətində (məsələn, Fransa və Turkiyədə olduğu kimi) məcburedici sekulyarizm prinsipi və ya (Almaniya, İngiltərə, Skandinaviya ölkələrindəki kimi) zəif dinin təşkilatlanma modeli tətbiq edilə bilər.

Müasir dövrdə mülki (şəxsi) və siyasi hüquqların müdafiəsinin əsas problemlərindən biri də hakimiyyətin bölgüsünün təmin edilməməsidir. Bəzən bu prinsip qanunvericiliklə təsbit edilsə də, faktiki olaraq, ona riayət edilmir. Bu hal əsasən çox az istisna ilə postsovet dövlətləri üçün, şərq ölkələri üçün (məsələn, Çin və s. kimi), bir qism Latın Amerikası dövlətləri, o cümlədən dinin hüquq sisteminin əsasını formalaşdiran dövlətlər üçün xarakterikdir.

Müasir dövrdə mülki (şəxsi) və siyasi hüquqların təsbit edildiyi ilkin mənbələrin hüquqi təbiətindən bəhs edərkən qeyd etməliyik ki, bu mənbələr məcburi hüquqi öhdəlikdən başqa, həm də mənəvi-əxlaqi dəyərləri ifadə etsələr də, bir çox dövlətlərdə onların təminat sistemi hakimiyyət maraqlarına tabe etdirilmişdir. Şəxsi və siyasi hüquqların mütləq və mənəvi etik xarakteri dövlətləri bu sahədə qəbul edilmiş hüquq normaları üzrə öhdəlikli edir. Bu hüquqların gözlənilməsi üçün onların “tanınması” məsələsinin qoyulması belə, öz-özlüyündə dövlətin sosial funksiyasının yerinə yetirilməməsi anlamı kəsb edir.

siyasielmler

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİYİNİN BEYNƏLXALQ ASPEKTLƏRİ

Posted on Fevral 3, 2011 by siyasielmler

Qafqaz coğrafi, tarixi, sosoial, iqtisadi inkişafına görə başqa regionlardan fərqlənir. Qafqazda əhalinin sayına, həmçinin faydalı resusularına görə fərqələnən Azərbaycan Respublikası Qafqazda aparıcı mövqeyə malikdir.

Azərbaycan zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşir. Azərbaycan neftinin dünya səviyyəsinə çıxması Heydər Əliyevin adı ilə bağlıdır. “Əsrin müqaviləsi”, tarixi İpək yolunun bərpası kimi müqavilələrinin bağlanması ilə Azərbaycan Respublikasının regionda çəkisi artmışdır. Bu nöqteyi – nəzərdən prezidentimizin siyasi uzaqgörənliklə seçdiyi Bakı –Tbilisi- Ceyhan kəməri Qara dənizin məhdud imkanlarından yan keçərək Aralıq dənizinə birbaşa çıxış əldə etmişdir. ikincisi isə Aralıq dənizinin əhatəsində olan dövlətlərin neftə olan ehtiyacları ödənilmişdir. Dünya neft bazarlarında getdikcə artan gücə çevrilən Azərbaycan Xəzər regionunu Qərblə birləşdirməklə həm qaz ixracatçısı, həm də strateji qaz nəqli marşurutu rolunu üzərinə götürür.

Xəzər regionundan qazı Avropaya çatdıracaq bu kəmərin çəkilməsi planlaşdırılmışdır. Bundan biri Nabukko kəməridir, bu lahiyə Avstriya Macarıtan, Ruminiya, Bolqarıstan və Türkiyə tərəfindən dəstəklənir.

Digər kəmərin Adriatik dənizdən keçməklə Yunanıstan və ya Albaniya vasitəsilə İtaliyaya qədər uzanması nəzərdə tutulur. Bu kəmərlərə verilən dəstək olduqca böyükdür. Məsələn Avropa İttifaqı Nabukkonu Rusiyadan qaz asılılığını azaltmaq yolunda vasitə kimi götür. Avropa İttifaqının həyata keçirmək istədiyi digər lahiyədə isə Mərkəzi Asiya qazının Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı nəzərdə tutulur.

Azərbaycan regionda qaz nəqliyyatçısı kimi öz rolunu artırmaq əzmindədir. Hazırda Şimal dənizində azalmaqda olan hasilatın kompensasiya edilməsi baxımından Xəzər regionu Avropanın yeni “qaz mənbələri ” axtarışında əsas hədəfdir. Xəzər hövzəsinin Azərbaycanın Respublikasına mənsub olan sektorunda yerləşən mövcud neft və qaz yataqlalarının, habelə perspektivli stuktuların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neft və qaz boru kəçələrinə, terminallarına olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm faliyyət istiqamətlərindən biridir.

Heydər Əliyev adına “ Bakı –Tbilisi – Ceyhan” əsas neft ixracı boru kəmərinin 2006-cı ildən istifadəyə verilməsi Azərbaycan neftinin dünya bazarında mühüm amilə çevrimişdir.

Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, qazını isə Türkiyənin Ərzurum qaz terminalına çıxan kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaradır. Azərbaycan Respublikası enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı yaradılan və istismar olunan inkifrastrukturunu təbii fəlakətlərə, texnogen xarakterli fövqəladə hadisələr və təxribatlara məruz qalma ehtimalına qarşı kompleks tədbirlər həyata keçirir. Hal–hazırda Azərbaycan Respubikasının təhlükəsizliyinin təmin edilməsi ən önəmli məsələlərdən biridir.

Azərbaycan Respubikasının təhlükəsizlik mühüti onun suverenliyi ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifahı və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.

Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir.

Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsinə verməkdədir.

Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün prespektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir.

Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Ölkənin yerləşdiyi coğrafi şərait ona mühüm üstünlüklər verməklə yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşidirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması və təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsidir.

Azərbaycan Respublikasının məruz qaldığı bu təcavüz onun hazırki təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müyyən edilməsində əsas amildir. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri – qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müyyən vəzifələr qoyur.

Qeyd: “Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər” mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktiki konfransında səslənmişdir.

Regionşünas Əlisoy Nicat Oruc Oğlu

Elmar Iskandarov’s Blog

Elmar Iskandarov at The Ministry of Culture and Tourism of Azerbaijan Republic

четверг, 17 февраля 2011 г.

Beynəlxalq Təhlükəsizlik Problemləri. Postsovet məkanında olan münaqişələr

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Fakültə : Regionşünaslıq və Beynəlxalq Münasibətlər
İxtisas : Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq
468-ci Qrup tələbəsi
İskəndərov Elmar
ELMİ İŞ
Postsovet məkanında olan münaqişələr.

80-90-cı illərdə meydana çıxmış postsovet məkanının münaqişələri əvvəlcə SSRİ-nin, sonra isə MDB məkanının gündəlik sosial-siyasi reallığına çevrilmişdi. Bu münaqişələr artıq yeni qlobal geosiyasi dəyişikliklər prosesində meydana çıxmış və inkişaf etmiş postkommunist dövrünün daxili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi isə dövlətlərarası münaqişəsidir.

Hal-hazırda postsovet məkanının bütün “qaynar nöqtələri”ndə genişmiqyaslı hərbi fəaliyyət dayandırılıb. Dağlıq Qarabağda Ermənistan-Azərbaycan arasında 16 may 1994-cü ildə Bişkekdə imzalanmış Atəşkəs haqqında protokola qismən əməl olunur. Abxaziya və Cənubi Osetiyada Atəşkəs haqqında müqavilə MDB-nin sülhməramlı kontingentinin fəaliyyətinə daxil edilib. Əldə olunmuş razılaşma BMT-nin hərbi müşahidəçiləri tərəfindən də yoxlanılır. Qeyd olunmuş münaqişələrdə tərəflər stol arxasında danışıqlar aparsa da hələ də “dondurulmuş münaqişələr”in təhlükəsi qalır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi – Ermənistan-Azərbaycan hərbi qarşıdurması 1988-ci ildə başlayıb. Tarixi-mədəni fərqliliklərlə yanaşı Dağlıq Qarabağ uğrunda ərazi münaqişəsi problemin əsas səbəbi idi. Milli müqəddəratı həll etmə uğrunda silahlanma Ermənistan və Azərbaycan arasında münaqişəli situasiyanın yaranmasına gətirdi. Burada o vaxtkı sovet rəhbərliyinin də rolu az olmadı, belə ki, sovet rəhbərliyi bu vəziyyətdən istifadə etməklə respublikaları zəiflətmək və onları öz təsir dairəsində saxlamaq istəyirdi. Nəhayət, 1993-cü ildə Xəzər nefti və onun nəqli məsələsi ətrafında yaranmış intriqa münaqişənin həllinə və regionda geosiyasi rəqabət kimi vacib faktora təsir göstərməyə başladı. Ermənistan və Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən 2 müstəqil dövlət kimi tanındıqları üçün onlar arasında münaqişə də dövlətlərarası münaqişələr kateqoriyasına daxil edilir. Lakin bu münaqişədə Dağlıq Qarabağın erməni icması özünə məqsəd kimi müstəqil dövlət yaradılmasını qoyub. 1992-ci ildə onlar qondarma “Dağlıq Qarabağ Respublikası”nı elan etdilər. Münaqişənin kəskinləşməsi tammiqyaslı müharibəyə gətirdi. Lakin müharibə saxlanıldı və bu da danışıqlara başlamağa imkan verdi. Məsələnin tənzimlənməsi ilə bağlı danışıqlar artıq illərdir ki. davam edir, lakin münaqişənin bir çox mübahisəli məsələlərində hələ də ortaq fikrə gəlinməyib. Rəsmi Bakının mövqeyi ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanır. Azərbaycan tərəfi əsasən dünya ictimaiyyətinə münaqişənin Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi ilə bağlı deyil, Ermənistanın Azərbaycan torpaqlarına aqressiyası ilə bağlı meydana çıxmasını çatdırmağa çalışır. Ermənistan tərəfi isə Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini qoruduğunu və rəsmi olaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımasa da ermənilərin “öz müqəddəratını təyin etmələri”ni dəstəklədiyini bildirir.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın liderləri dünya ictimaiyyətini inandırmağa çalışır ki, “Qarabağ xalqı” milli-azadlıq müharibəsi aparır və buna görə də müharibə aparan tərəf sayılmalıdır. Bununla da münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda birbaşa iştiraka təkid edir. Münaqişənin tənzimlənməməsi əlverişsiz sosial-iqtisadi vəziyyət və siyasi qeyri-stabilliyə gətirir. Qaçqın və məcburi köçkünlərin hələ də öz yurdlarına qayıtmaması müharibə nəticəsində dağılmış təsərrüfatın dirçəlməsini çətinləşdirir. Ən çətin məsələ də məcburi miqrasiyadır. Əsasən şəhər əhalisi, xüsusən də yüksək ixtisaslı texniki mütəxəssislər ölkəni tərk edir. Miqrasiyaya səbəb Qarabağ münaqişəsinin hələ də həll olunmaması, daxili qeyri-stabillik, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, iş və perspektivin olmamasıdır. Pozitiv cəhət odur ki, danışıqlar prosesi hələ də davam edir və son illərdə aktivləşərək Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində aparılır. Lakin münaqişənin həlli ilə bağlı hələ də nəticələr əldə olunmayıb.

Cənubi Osetiya və Abxaziya münaqişəsi – Cənubi Osetiya, Acariya və Abxaziya ilə münaqişələr Gürcüstanın müstəqilliyini elan etməsindən bir neçə il əvvəl başlayıb. Tbilisi üçün ən əsas problemlər artıq defakto olaraq özünü idarə edən ərazilər olan Cənubi Osetiya və Abxaziya ilə qarşılıqlı münasibətlərdir.

Cənubi Osetiya – Münaqişə zonasında 1992-ci ildə hərbi fəaliyyətin dayandırılmasından və Gürcüstanla hərbi qarşıdurmaya son qoyan MDB sülhməramlı qüvvələri gətirildikdən sonra nisbi sakitlik yarandı. MDB sülhməramlı qüvvələri və BMT-nin hərbi müşahidəçiləri Gürcüstan və Rusiya arasında 24 iyun 1992-ci ildə imzalanmış müqavilənin sülh yolu ilə tənzimlənməsi prinsipləri haqqında Razılaşmanın həyata keçirilməsinə nəzarət edirlər. Lakin bu ərazidə milli müqəddaratı həll etmək ideyaları hələ də qalmaqdadır. 8 aprel 2001-ci ildə burada keçirilmiş referendumda Cənubi Osetiya Respublikasının konstitusiyası qəbul edildi və onun I bəndində Cənubi Osetiya Respublikası müstəqil, suveren, demokratik dövlət kimi göstərilir.

Rəsmi Tbilisi konstitusiyanın qəbul edilməsini “separatizmin və gürcü-osetin münaqişəsinin həlli üzrə konstruktiv dialoqun aparılmaması arzusu” kimi dəyərləndirdi. Bunlar Gürcüstanın ərazisində potensial münaqişənin olduğunu göstərir.

Abxaziya münaqişəsi – Abxaziya münaqişəsi gürcü rəhbərliyinin mövqeyini daha da çətinləşdirir. Defakto Abxaziya Respublikası artıq çoxdan müstəqil olub və görünür gürcü hakimiyyətinə bu ərazi ilə “öz üzünü” saxlamaqla münasibətləri qaydaya salmağın siyasi formulunu axtarmaq qalır. Hərbi münaqişə başlamazdan öncə gürcü-abxaz qarşıdurmasında abxaz siyasi-ideoloji hərəkatı aktivləşdi və onun əsas tələbləri abxaz mədəniyyəti və dilinin bərabərhüquqluluğu və əsasən də milli müqəddəratın təmin edilməsi idi. Qarşıdurmalar “vahid gürcü milləti” prinsipini həyata keçirməyə çalışan Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə (1990-1992) dərinləşdi və bu siyasi kurs abxazlarda öz muxtariyyatları ilə bağlı narahatçılıq yaratdı. Xüsusən də Cənubi Osetiya muxtar vilayətinin yerində “Tsxinvali rayonu”nun yaradılması.

1992-ci ilin avqustunda E.Şverdnadze hərbi çevriliş nəticəsində Z.Qamsaxurdiyanı əvəz etdikdən sonra Abxaziyanı silah gücünə tabe etməyə çalışdı, muxtariyyatın ərazisinə milli qvardiya və daimi Gürcüstan ordusunun hissələri yeridildi və döyüşlər başladı. 3 sentyabr 1992-ci ildə Moskvada imzalanmış Atəşkəs haqqında razılaşma və Gürcüstan Respublikasının ərazi bütövlüyü haqqında razılaşma yerinə yetirilmədi. 27 sentyabr 1993-cü ildə abxaz hərbçiləri tərəfindən Suxumi ələ keçirildi və tamamilə dağıdılmış gürcü desantı Abxaziyanı tərk etməyə məcbur oldu. 4 aprel 1994-cü ildə tərəflər gürcü-abxaz münaqişəsinin siyasi tənzimlənməsi yolları haqqında müqavilə imzaladılar. 14 may 1994-cü ildə MDB dövlət başçıları Şurasının qərarı ilə MDB qüvvələrinin münaqişə zonasında yerləşdirilməsi haqqında müqavilə imzalandı. Həmin qüvvələr 23 iyun 1994-cü ildə İnquri çayının hər iki tərəfində, Abxaziyanın Qalskiy rayonunda və Gürcüstanın Zuqdid rayonunda yerləşdirildi. 1992-ci il 3 sentyabrdan Gürcüstan-Abxaziya münaqişəsi BMT TŞ-nın diqqət dairəsindədir. Regional və beynəlxalq vasitəçilərin cəhdlərinə baxmayaraq münaqişənin siyasi tənzimlənməsi baş tutmadı, belə ki, Abxaziyanın statusu məsələsi və onun Tbilisi ilə münasibətlərinin xarakteri məsələləri həll olunmamışdı. Qaçqınların geri qaytarılması haqqında danışıqlar da dalana dirəndi.

Gürcüstan tərəfi bu münaqişənin daxili olduğunu bildirir və münaqişənin “gürcü-abxaz” adlanmasına qarşı çıxır. Belə ki, bu adın Abxaziya tərəfinə xüsusi status verdiyini bildirir. Tbilisi Abxaziya münaqişəsinin həll edilməsində maraqlıdır, belə ki, bu ərazidə neft maraqları əmələ gəlib: Supsa terminalının, münaqişə zonasının yaxınlığında yaradılan Bakı-Supsa neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi.

Gürcüstan rəhbərliyi abxaz liderləri ilə müəyyən şərtlərlə müxtəlif status məsələlərini müzakirə etməyə hazırdılar. Bunlardan əsası 1992-1993-cü ildə müharibə zamanı Qalskiy rayonunu tərk etmiş qaçqınların geri qaytarılmasıdır. 1 mart 1999-cu ildə Abxaziya tərəfi gürcü qaçqınlarının geri qaytarılması haqqında qərar qəbul etdi. Abxaziya federasiya, konfederasiya və ya birlik haqqında Gürcüstanla müqavilə imzalamağa razılaşsa da öz müqəddəratını təyin etməkdən imtina etməyəcək. Abxaziya konfederasiya çərçivəsində “bərabər əməkdaşlıq”, Gürcüstan federasiya və ya “ümumdövlət” variantını irəli sürür. Münaqişə zonasında heç bir nəticə əldə olunmayıb.

Bu ölkələr üçün təhlükəsizliyə əsas təhdidlər silahlı münaqişəyə çevrilə biləcək etnososial qarşıdurmalar, korrupsiya, qeyri-effektiv iqtisadi strategiya, getdikcə artan maliyyə və iqtisadi cəhətdən xarici kapitaldan asılılıqdır. Cənubi Qafqaz dövlətlərinin inkişafına əsas hədələr həll olunmamış ərazi mübahisələri, “ayrılmış xalqlar”ın irredentist cəhdləri, regionda liderlik uğrunda mübarizə, rəqabət aparan geoiqtisadi və geosiyasi maraqlardır.

Gürcüstan və Azərbaycanda münaqişələrin NATO və qərb dövlətlərinin vasitəçiliyi ilə aradan qaldırılmasına inam daha çoxdur. 1993-cü ildən ABŞ-ın təklifi ilə NATO-nun fəaliyyət proqramına Qafqazda sülhməramlı əməliyyatların aparılması mexanizminin işlənilməsi ideyası da əlavə olunub. Münaqişə tərəflərinə təsir etmək üçün alyansın qüvvələrindən istifadə edilmiş Yuqoslaviya modeli də tətbiq oluna bilər.

Cənubi Qafqazda 90-cı illərdə regional (Rusiya, Türkiyə, İran) və qeyri-regional böyük dövlətlərin (ABŞ, Avropa dövlətləri, Çin, Yaponiya) iqtisadi və siyasi rəqabəti XXI əsrdə inkişaf etdi. Cənubi Qafqaza investorlar, siyasətçilər, transmilli koorporasiyaları neft-qaz resursları, tranzit əraziləri cəlb edir. Həmçinin, Belorusiya və Qazaxıstanın Rusiyaya yaxınlığı və Ukraynanın qərb yönümlü siyasəti ABŞ və Rusiya arasında münasibətləri daha da gərginləşdirdi.

Dnestryanı münaqişəsi Sovet İttifaqında mərkəzdənqaçma meyllərinin səviyyəsi Ukrayna ilə Moldovanın sərhəddində, Dnestryanı ətrafında, Moldova ərazisində də münaqişənin meydana çıxmasına səbəb oldu. Dnestryanı rayonu keçmiş Moldova SSR-nin ən inkişaf etmiş hissəsi idi. O, Dnestrın sol sahilində yerləşir və əhalisi təxminən eyni sayda ruslar, ukrainlər və moldovanlardan ibarətdir. XX əsrin 20-ci illərində keçmiş Rusiya imperiyasının bu hissəsində Ukrayna SSR-nin tərkibinə daxil olmuş Moldova SSMR yaradıldı. Onun paytaxtı Tiraspol şəhəri oldu. 1940-cı ildə Rumıniya tərəfindən Bessarabiyanın Sovet İttifaqına qaytarılması ilə Moldova SSMR Bessarabiya ilə birləşdirildi və paytaxtı Kişinyov olan Moldova SSR yaradıldı. Rumıniya və Moldovada əhalinin müəyyən təbəqələrində belə bir fikir qalmışdı ki, Bessarabiya Rumıniyadan qeyri-qanuni alınıb və buna görə də Moldova gec-tez Rumıniya ilə birləşməlidir. “Yenidənqurma” dövründə birləşmə əhval-ruhiyyəsi canlandı.

1989-cu ildə SSRİ respublikalarının “suverenləşməsi” zamanı Moldova SSR-nin Ali soveti rus dilinin respublikada istifadə sferasını məhdudlaşdırmaq və Moldovanın dövlət dili kimi qəbul edilmiş rumın dilini tətbiq etməyi nəzərdə tutan dövlət dili haqqında qanun qəbul etdi. Moldovanın rus və ukrain əhalisi yeniliklərə kəskin reaksiya verdi, ictimai narazılığın mərkəzi isə Dnestrın sol sahili oldu.

1990-cı ildə əksər hissəsini qeyri-kommunistlərin təşkil etdiyi Moldova SSR-nin Ali soveti “Molotov-Ribbentrop” paktını və SSRİ-yə Bessarabiyanın qaytarılması ilə bağlı sovet-alman razılaşmasını keçərsiz kimi qəbul etdi. Bu qərarları Bessarabiyanın Sovet nəzarətinə keçməsinin qeyri-qanuni sayılması haqqında göstəriş kimi dəyərləndirmək olardı.

1990-cı ilin payızında Dnestryanında paytaxtı Tiraspol olan “Dnestryanı Moldova Respublikası” elan olundu. Əvvəlcə onun rəhbərliyi Kişinyova təklif etdi ki, federativ müqavilə imzalansın və Moldova federativ dövlətə çevrilsin. Mərkəzi hakimiyyətin bu layihəyə baxmaqdan imtina etməsindən sonra “Dnestryanı Moldova Respublikası” onun ərazisinə daxil olan rayonları təmsil edən deputatları Moldova parlamentindən geri çağırdı və Moldova konstitusiyasına zidd olan öz qanunlarını verməyə başladı. Moldova rəhbərliyi “Dnestryanı Moldova Respublikası”na iqtisadi sanksiyalar tətbiq etməyə başladı.

1991-ci ilin sonunda Moldova Ali sovetinin Müstəqillik Deklorasiyasını qəbul etməsi ilə situasiya daha da gərginləşdi. Dnestryanının rəhbərliyi “Dnestryanı Moldova Respublikası”nın “müstəqilliyi”ni elan etdi. Moldova onu tanımadı və respublikanın bütövlüyünü güc yolu ilə təmin etməyə çalışdı.

Dnestryanında 14-cü sovet ordusunun mövcudluğu ilə situasiya mürəkkəbləşdi. Ordu hissələri münaqişəyə cəlb oluna bilərdilər, belə ki, zabit korpusunun mühüm hissəsi Dnestryanı əhalisi və uzun müddət orada yaşayanlardan ibarət idi.

1 mart 1992-ci ildə Moldova döyüşçüləri silah ələ keçirmək məqsədilə Dnestrın sağ sahilində olan keçmiş Sovet ordusunun hərbi hissələrindən birinə hücum etdilər. Bununla da münaqişənin hərbi mərhələsi başlandı.

1992-ci ilin aprelində RF prezidenti B.N.Yeltsin 14-cü sovet ordusunun Rusiyanın yurisdiksiyasına verilməsi haqqında fərman verdi. Səhəri gün 14-cü ordunun zabitlər yığıncağı Dnestryanında qan tökülməsinə son qoyulması qərarını qəbul etdi.

Tiraspol və Kişinyov arasında siyasi ünsiyyət bərpa olundu. 14-cü ordunun yeni generalı A.İ.Lebedin əmri ilə Moldova və Dnestryanı dəstələri qarşıdurma xəttindən sıxışdırıldı və yaradılmış dəhlizdə Rusiya kontingenti yerləşdirildi. Bununla da münaqişə donduruldu.

21 iyul 1992-ci ildə Moskvada danışıqlar keçirildi, nəticədə sülh yolu ilə tənzimləmənin prinsipləri haqqında Rusiya-Moldova Razılaşması imzalandı. Üçtərəfli sülhyaratma qüvvələri yaradıldı. Dnestryanı və Moldovanın sərhədində uzunluğu 220 və eni 10- 20 km olan Dnestrın hər iki sahili boyu təhlükəsizlik zonası yaradıldı. Sülhyaratma qüvvələrinə rəhbərlik Tənzimləmə üzrə üçtərəfli komissiyaya verildi.

1994-cü ildə Moldovada qəbul edilmiş konstitusiya ilə Dnestryanında muxtariyyat statusu möhkəmləndi. 1997-ci il 8 mayda Moskvada “Moldova Respublikası və Dnestryanı Respublikası arasında münasibətlərin normallaşdırılmasının əsasları haqqında Memorandum” imzalandı. Tərəfləri kompramisə gətirmək mümkün oldu – onlar 1990-cı ilin yanvarında mövcud olan Moldova SSR-nin sərhədlərində vahid dövlət çərçivəsində münasibətləri qurmağa razılaşdılar. Lakin münaqişənin tam həlli mümkün olmadı.

Dnestryanında 14-cü ordu hissələrinin və onun hərbi texnikasının çıxarılması 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul olunmuş qərara görə 2001-ci ilə qədər başa çatmalı idi. Lakin bu məsələdə Dnestryanının mövqeyi ilə əlaqədar tam razılıq əldə olnumadı və Rusiya hərbi qüvvələrinin bu ərazidə mövcudluğu 2003-cü ilədək davam etdi.

Baltikyanı ölkələrdə qeyri-yerli əhalinin hüquqları problemi – Baltikyanı ölkələrinə sovet hakimiyyəti illərində regionda böyük müəssisələrin tikilməsi zamanı Sovet İttifaqının müxtəlif hissələrindən rus, ukrain və belorus əhalinin axını baş verirdi. Baltikyanı ölkələrin milli elitaları ehtiyat edirdilər ki, əgər azad seçkilər keçirilərsə ruslar digər qeyri-yerli əhalinin dəstəyi ilə titullu etnik qrupların səlahiyyətlərinin genişlənməsinə mane olmaq üçün kifayət qədər güclü siyasi mövqe qazana bilərlər. Bu problemi yerli rəhbərlər vətəndaşlıq haqqında qanunvericiliyin köməyi ilə həll etdilər. Bu qanunvericiliyə görə Baltikyanı ölkələrinin tamhüquqlu vətəndaşları yalnız əhalinin bir kateqoriyasının nümayəndələri – 1940-cı ilədək Baltikyanı ölkələrinin vətəndaşları olmuş şəxslər və onların nəsilləri hesab olunurlar. Beləliklə, bütün digər keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq Latviya və Estoniya dağılmış SSRİ-nin onların ərazisində vətəndaş olmuş şəxslərinə vətəndaşlıq verməkdən imtina etdilər. Bu ölkələrin rəhbərləri öz mövqelərinə 1940-1991-ci illəri sovet işğalı dövrü adlandıraraq Latviya və Estoniyanın SSRİ-nin tərkibinə məcburi olaraq daxil edilməsi ilə bəraət qazandırırdılar.

Bu siyasətin “hüquqi” əsası ondan ibarət idi ki, 1991-ci ildə Baltikyanı ölkələri öz müstəqilliklərini elan etmədilər, onu “bərpa etdilər”. Baltikyanı ölkələrinin bu görüşləri beynəlxalq ictimai dairələrdə anlaşılırdı, belə ki, 1940-cı ildə Baltikyanı ölkələrinin SSRİ-yə birləşməsini bir çox dövlətlər, o cümlədən ABŞ tanımamışdı.

Litva rəhbərliyinin siyasəti də Latviya və Estoniya ilə eyni idi. Lakin Litvada qeyri-litvalı qruplar əhalinin 1/5-ni təşkil edirdi və seçicilər mənasında situasiya məlum idi. Litva hökuməti vətəndaşlıq məsələsində “sıfır variantı”nı tətbiq etdi. Vətəndaşlıq Litva ərazisində müstəqilliyin bərpası dövründə yaşayan bütün şəxslərə verildi.

Rusiya beynəlxalq təşkilatların (BMT-nin insan hüquqları komissiyası, ATƏM, AŞ, Baltik dənizi dövlətlərinin Şurası) diqqətini Estoniya və Latviyada yaşayan qeyri-vətəndaşların üzərinə çəkməyə çalışdı. 1992-ci ildə Moskva ATƏM çərçivəsində milli azlıqlarla iş üzrə Ali Komissar institutunun yaradılması təklifini dəstəklədi. Bu vəzifəni tutmuş holland diplomatı Maks Van der Stulun iştirakı ilə beynəlxalq ekspertlər bu iki ölkədə qeyri-vətəndaşlara vətəndaşlıq və dövlət dili məsələsində olan diskriminasion münasibəti rəsmi təsdiq etdilər və onların hökumətlərinə müvafiq qanunlarına ümumavropa normalarına uyğun dəyişikliklər edilməsini tövsiyə etdilər.

Latviya və Estoniya ATƏM-in qətnaməsini diqqətə almağa məcbur oldular, belə ki, onlar bilirdilər ki, bu münasibət Baltikyanı ölkələrin Aİ və NATO ilə münasibətini çətinləşdirəcək. 90-cı illərin sonunda Latviya və Estoniyada qanunlarda yumşalma müşahidə olunurdu ( 21 avqust 1991-ci ildən sonra bu ölkələrin ərazilərində doğulmuş qeyri-vətəndaşların uşaqlarına vətəndaşlığın verilməsi və s.).

Tacikistanda münaqişə – Tacikistanda vətəndaş müharibəsi SSRİ-nin dağılmasından sonra respublikada ali hakimiyyətin legitimliyini itirməsi ilə əlaqədar meydana çıxmışdı. 1991-ci ilin payızında ölkədə kommunist partiyasının hakimiyyətinə son qoymağa çalışan antihökumət müxalifət yaradıldı. Qonşu Əfqanıstanda M.Nəcibullanın 1992-ci ilin yazında əfqan və özbək qüvvələri tərəfindən devrilməsi Tacikistanda vəziyyəti bir qədər də çətinləşdirdi, belə ki, Kabulda qalib gəlmiş Əfqanıstan tacikləri keçmiş sovet-əfqan sərhədi boyu bütün taciklərin birləşməsi şüarı ilə Tacikistandakı həmfikirlərinə yardım etməyə başladılar. Tacikistanın əsas problemi regional tacik klanları (qəbilələri) olan şimal (Xucand) və cənub (Kulyab) klanları arasında mürəkkəb strukturlu münasibətlərin olması idi. Bu iki əsas klandan başqa bir neçə daha zəif, lakin təsirli klanlar da (harm, hisar və s. ) var idi. Pamirlilər (Dağlıq Bədəxşanda yaşayan bədəxşanlılar) onların arasında xüsusi klan təşkil edirdilər. Tacikistanın klanlardan təşkili sovet hakimiyyəti illərindən mövcud idi.

Şimal klanının üzvləri mühüm vəzifələri cənublularla bölürdülər. “Yenidənqurma” və SSRİ-nin dağılması bu düzümü məhv etdi. 1990-cı ilin fevralında ilk dəfə olaraq harm və bədəxşanlılar hakimiyyətin öz xeyrlərinə yenidən bölüşdürülməsinə cəhd etdilər. Bu cəhd harm və pamir klanlarının nümayəndələrinin hakimiyyətdən tamamilə qovulması ilə başa çatdı. Onlar bununla barışmadılar.

Düşənbədə Tacikistanın müstəqilliyinin elanından sonra rəsmi hakimiyyətə qarşı olan avropalaşmış antikommunist intelligensiyası və bazası Tacikistanın İslam Dirçəliş Partiyası olan ənənəçilərdən ibarət koalisiya yarandı. Meydana çıxmış birlik özünü birləşmiş müxalifət adlandırdı. 1991-ci ilin avqustunda K.Mahkamovun məcburi istefasından sonra 1991-ci ilin 24 noyabrında Tacikistanın prezidenti xucandlı R.Nəbiyev seçildi.

R.Nəbiyev 1992-ci ilin əvvəlində müxalifətə təzyiq göstərməyə çalışdı. Lakin müxalifət xaricdən alınan maliyyə yardımı hesabına hərbi hissələr formalaşdırmağa başladı. 1992-ci ilin martında prezidentin devrilməsi üçün Düşənbədə islamçı şüarlarla çoxgünlü mitinq kompaniyası başladı. Mitinqçilərin əsasını pamir və harmlılar təşkil edirdilər.

Pamirlilər Tacikistan Ali Sovetinin binasını mühasirəyə alaraq deputatları rəhbəri pamirli A.İskəndərovun olduğu yeni hökumətin yaradılmasına səs verməyə məcbur etdilər. Ölkədə 1/3 yeri islamçı-pamirlilərin tutduğu koalisiyalı “milli barışıq hökuməti” yaradıldı. Hakimiyyətdə faktiki olaraq pamirlilər idi. Hökumət əyalətlərdə öz nəzarətini genişləndirmək qərarına gəldi. İslamçıların diqqəti Kulyaba yönəlmişdi. Kulyab klanı islamçılarla kompramisin mümkün olmadığına əmin olduqları üçün müqavimət göstərmək qərarına gəldilər. Cənublular Xalq cəbhəsinin yaradıldığını elan edərək tezliklə döyüş qabiliyyətli hərbiləşmiş hissələr yarada bildilər. Bununlada müharibə başladı.

Düşənbədəki hakim blok möhkəm idi. 7 sentyabr 1992-ci ildə pamirlilər prezident R.Nəbiyevi istefaya getməyə məcbur etdilər. A.İsgəndərov özünü yeni prezident elan etdi və baş nazir vəzifəsini xucandlı A.Abdullacanova təklif etdi. İslamçıların rəhbərliyi Rusiyadan tələb etdi ki, 201-ci rus ordusu ölkə ərazisindən çıxarılsın və onun döyüş texnikası pamirlilərin yaratdığı hərbi dəstələrə verilsin. Bununla belə, rejim bütün Tacikistana nəzarət edə bilmirdi. Şimal klanı pamirlilərə inanmırdı və cənublularla hakimiyyətin bölüşdürüldüyü ənnənəvi hakimiyyət formuluna qayıtmaq istəyirdi.

1992-ci ilin oktyabrında Özbəkistan və Rusiyanın dəstəyindən istifadə edən və əsasını cənubluların təşkil etdiyi Xalq Cəbhəsi Düşənbəyə daxil olmağa başladı. Onların təzyiqi ilə Tacikistan Ali Sovetinin parlament sessiyası pamirlilərin hakim olduğu paytaxtda deyil, Xucandda çağırıldı. Parlamentin tərkibinin çox hissəsini təşkil edən xucand və kulyablı deputatlar Xucanda getdilər. Onlar parlamentin sədri vəzifəsinə E.Rahmonovu seçdilər. Yenidən şimal – cənub koalisiyası yaradıldı, lakin bu dəfə cənublular rəhbər idi. Pamirlilər yenidən hakimiyyətdən qovuldular.

10 dekabr 1992-ci ildə Xalq Cəbhəsi dəstələri Düşənbəyə daxil oldular və islamçıları Əfqanıstan ərazisinə doğru sıxışdırmağa başladılar. Yeni hökumətin nəzarəti Dağlıq Bədəxşandan başqa bütün Tacikistana yayıldı. Tacikistan islamçıları Əfqanıstan ərazisində bazalar yaratdılar və oradan Tacikistana zərbə vurmağa başladılar. Onların qarşısını almaq üçün tacik-əfqan sərhəddinin böyük hissəsində Rusiya sərhəd hissələri yerləşdirildi. Yalnız 1996-cı ildə vətəndaş müharibəsi sakitləşdi. Bu Əfqanıstanda situasiyanın dəyişməsi ilə əlaqədar idi. Əfqanıstanın cənubundan Kabula daxil olmuş talib hissələri şimal alyansını sıxışdırmağa başladılar və Əfqanıstan taciklərinin Tacikistanın işlərinə qarışmaq imkanı qalmadı. Tacikistan müxalifəti dəstəkdən məhrum oldu.

25 may 1993-cü ildə Moskvada “Dostluq. əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Rusiya-Tacikistan müqaviləsi imzalanmışdı. Burada Tacikistan ərazisində Rusiya ordu hissələri və sərhəd xidmətinin iştirakı reqlamentləşdirilmişdi. Rus hərbçiləri E.Rahmonovun qruplaşmasını dəstəkləyirdilər. Stabilliyin təmini üçün Rusiya (90%), Özbəkistan, Qırğızıstan və Qazaxıstan hissələrindən ibarət MDB-nin kollektiv sülhməramlı qüvvələri yaradıldı. Tacikistanda BMT və ATƏT-in sülhməramlı missiyaları, Beynəlxalq Qırmızı Xaç Komitəsi mühüm işlər gördü.

Comments are closed, but trackbacks and pingbacks are open.