Press "Enter" to skip to content

Azərbaycan Respublikası AdındanAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergilərin və başqa dövlət ödənişlərinin yalnız qanunla müəyyən edilməsi prinsipi onu nəzərdə tutur ki, vergilər və başqa ödənişlər qanunvericiliyə uyğun olaraq qəbul olunmuş və qüvvəyə minmiş qanunla müəyyən edilmiş olsun. Vergi ödənişlərinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması isə Vergi Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuşdur və bu Konstitusiyanın 73-cü maddəsinin tələblərinə tam uyğundur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun,mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Azər Hüseynovun, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Nurəddin Mustafayevin, Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquq Baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin rəisi Ramiz Qasımzadənin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etdi:

Azərbaycan Respublkasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azəbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Vergi Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.

Vergi Məcəlləsinin 65.1-ci maddəsinə müvafiq olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Sorğuverənin fikrincə, Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinin, 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci maddəsinin tələblərinə zidd olaraq Vergi Məcəlləsinin 65.2-ci maddəsinin göstərişləri vergi ödəyicisinin mülkiyyət hüququnu pozaraq, məhkəmənin qərarı olmadan onun əmlakına sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

Sorğuverən həmçinin hesab edir ki, göstərilən maddəyə əsasən vergi ödəyicisi ona hesablanmış vergi və maliyyə sanksiyalarına görə 100 faizdən artıq, əlavə 5 faiz vergi və digər ödənişləri ödəməyə məcbur edilir və bu Konstitusiyanın 73-cü maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etməklə azad sahibkarlığın inkişafına maneə yaratmış olur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd ediməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülki Məcəllənin 155.3-cü maddəsinə əsasən isə dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bu Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Vergi Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir.

Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir (Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi).

Vergi Məcəlləsinin 23.1.6-cı maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludurlar.

Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2-ci maddəsinə görə isə vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə vergi orqanı vergilər üzrə borcların alınması üsulu kimi vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına münasibətdə aşağıdakı sərəncamlardan birini verir:

  • vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında;
  • vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında.

Göstərilən maddənin tələblərinə görə, vergi orqanının sərəncamları kredit təşkilatı və ya bank əməliyyatı aparan şəxslər üçün məcburi olan icra sənədi sayılır. Həmin sərəncamlardan hər hansı birinin seçilməsi vergilərin bilavasitə vergi orqanı tərəfindən və ya vergi ödəyicisinin özü tərəfindən hesablanmasından da asılıdır.

Belə ki, vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncam aşağıdakı hallarda verilir:

  • vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;
  • vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda;
  • vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə borca münasibətdə vergi ödəyicisinin yazılı razılığı olduqda (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsi).

Müəyyən edilmiş müddətdə icra edilməyən vergilər üzrə borc vergi orqanının hesabladığı vergilərdən, faizlərdən və tətbiq etdiyi maliyyə sanksiyalarından ibarət olduqda və vergi ödəyicisinin həmin borcun alınması haqqında yazılı razılığının olmadığı digər hallarda vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncam verilir.

Məhkəmə qərarı olmadan vergi orqanı tərəfindən birtərəfli qaydada vergi ödəyicisinin cari və ya digər hesablarına sərəncamların qoyulmasının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına dair sorğunun dəlilləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın müddəalarına və özünün bu məsələyə dair formalaşdırdığı hüquqi mövqelərinə bir daha nəzər yetirilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin III hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Konstitusiyanın 73-cü maddəsinin I hissəsində qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddənin II hissəsinə əsasən isə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı.

Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir.

Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi Mülki Məcəllənin bank hesabı ilə bağlı münasibətləri tənzimləyən LII fəslinin normaları ilə üst-üstə düşür.

Belə ki, pul vəsaitinin hesabdan silinməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 964.2-ci maddəsinin məzmununa görə, müştərinin sərəncamı olmadan onun hesabından pul vəsaitinin silinməsi aşağıdakı əsaslardan biri olduqda həyata keçirilə bilər:

  • pul vəsaitinin silinməsi barədə məhkəmənin qərarı olduqda;
  • qanunla müəyyənləşdirilmiş hallarda;
  • bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda.

Həmin maddənin məzmunundan göründüyü kimi, bank hesabından pul vəsaitinin silinməsi əsaslarından biri qanunvericilikdə müəyyənləşdirilmiş halların mövcudluğudur.

Belə hallar həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində də göstərilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərar icra edilməsi üçün birbaşa icra məmuruna göndərilir və sonuncu tərəfindən məhkəmə qərarı olmadan icra hərəkətləri həyata keçirilir.

Qeyd edildiyi kimi, qanunverici vergilərin, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsini vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifənin icra olunmaması nəticəsində büdcəyə dəymiş ziyanın yerinin doldurulması məqsədilə, qanunverici Vergi Məcəlləsində məcburiyyət tədbirləri və vasitələri müəyyən etmişdir.

Belə ki, Vergi Məcəlləsinin 23.1.7 və 65.2-ci maddələrinin tələblərinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir.

Bu zaman vergi ödəyicisinin cari və ya digər hesablarındakı pul vəsaitinin vergi orqanı tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması baş verir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, belə dondurulma vergi ödəyicisinin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil.

Bu isə onu göstərir ki, Konstitusiya vergi ödəyicisinin müəyyən pul məbləğində dövlət büdcəsinə ödənilməli olan və bu səbəbdən də onun öz mülahizəsinə uyğun olaraq sərəncam verə bilmədiyi əmlak ilə şəxsi mülkiyyətində olan və Konstitusiyanın 29-cu maddəsi ilə təminat verilən əmlakı fərqləndirir.

Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyanın 60-cı və Vergi Məcəlləsinin 62-ci maddələri ilə vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququna təminat verilir.

Vergi ödəyicisinin hüquqlarının müdafiəsi vasitəsi kimi sonrakı məhkəmə nəzarətinin mövcudluğu da vergi ödənişlərinin mübahisəsiz tutulması qaydasının Konstitusiyanın tələblərinə zidd olmamasına dəlalət edir.

Verginin məcburi tutulması öz-özlüyündə mülkiyyət hüququnu pozmadığı üçün vergi orqanı tərəfindən onun tutulmasına yönələn Vergi Məcəlləsinin 65.2-ci maddəsində göstərilmiş tədbirlər də mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Vergi ödəyicisinin cari və ya digər hesablarında olan pul vəsaitinin onun vergi borcundan daha artıq həcmdə – 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması ilə bağlı sorğunun dəlilinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə müvafiq olaraq, maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları qanunverici müəyyən edir.

Konstitusiyanın müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin 1.1-ci maddəsi).

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Vergi Məcəlləsinin 59.2-ci maddəsinə görə isə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Qeyd olunan maddənin mənasından göründüyü kimi, faizlərin hesablanması nəticəsində mübahisələndirilən vergi borcunun məbləği hər gün dəyişə bilər. Hətta bir il ərzində ödənilməmiş hər hansı bir vergi məbləğinə görə hesablanmış faizlər 36,5-36,6 faizə qədər arta bilər. Məhz bu səbəbdən dövlət büdcəsinin məruz qala biləcəyi itkilərin (ödənilməmiş vergilərlə yanaşı, hesablanmış faizlərin də) bərpa olunması imkanını qorumaq məqsədilə vergi qanunvericiliyi cari və ya digər hesablarda olan pul vəsaitinin vergi borcundan 5 faiz daha artıq həcmdə dondurulmasını məqsədəmüvafiq hesab etmişdir.

Belə faiz məbləği Vergi Məcəlləsinin digər normasında da nəzərə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 60.1.2-ci maddəsinin 2-ci abzasına əsasən, vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur.

Göründüyü kimi, qanunverici Vergi Məcəlləsinin ayrı-ayrı maddələrində müxtəlif səbəblərdən yarana biləcək itkiləri kompensasiya etmək üçün borc və ya sərəncamda göstərilən məbləğdən 5 faiz artıq məbləğin dondurulmasını nəzərdə tutmuşdur.

Bu isə Konstitusiyanın 73-cü maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etmir. Həmin maddənin tələblərinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergilərin və başqa dövlət ödənişlərinin yalnız qanunla müəyyən edilməsi prinsipi onu nəzərdə tutur ki, vergilər və başqa ödənişlər qanunvericiliyə uyğun olaraq qəbul olunmuş və qüvvəyə minmiş qanunla müəyyən edilmiş olsun. Vergi ödənişlərinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması isə Vergi Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuşdur və bu Konstitusiyanın 73-cü maddəsinin tələblərinə tam uyğundur.

Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 65.2-ci maddəsi Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara aldı:

1. Vergi orqanı tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğun hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin,maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Amil Dosiyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Cabir Quliyevin,mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahir Abbasovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hüquq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ziya Dadaşovun iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N E T D İ:

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 56.1.1 və 56.1.2-ci maddələrinin, həmin Məcəllənin 66.1 və 66.2-ci maddələrinin müddəaları baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs Hüseynov Səlimxan Aram oğlu Saatlı rayon məhkəməsinin 7 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə isə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla S.Hüseynov 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir.

Məhkum və onun müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək, S.Hüseynov barəsində təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilərək məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinə dair yeni hökmün çıxarılmasını xahiş etmişlər.

Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin tətbiqi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşmışdır.

Müraciətdə göstərilir ki, CM-in 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, həmin Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində təyin edilmiş cəzanın çəkilməsi müəyyən edilir.

Müraciətedən hesab edir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edən CM-in 56-cı maddəsində cinayətlərin (hökmlərin) cəmi qaydasında ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ilə qədər azadlıqdan məhrum etməyə və həmçinin böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi tənzimlənmədiyindən hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənlik yaranmışdır.

Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki, göstərilən maddələrin müxtəlif qaydada tətbiq edilməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına çətinlik yaratdığından Konstitusiya Məhkəməsi tərəfindən həmin normaların rəsmi şərh edilməsinə ehtiyac duyulur.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu cəzanın hüquqi təbiətini, cinayətlərin cəmi qaydasında cəzanın təyin edilməsinin mahiyyətini, cəzaçəkmə müəssisəsinin növlərini müəyyən edən CM-in və cəzanın icrası qaydasını tənzimləyən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir.

Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.

Cinayət qanunvericiliyində cəzanın anlayışı ilə yanaşı cinayət törətmiş şəxslərə təyin edilən cəzanın növləri, cəza təyin edilməsinin prinsipləri də müəyyən edilmişdir.

Məhkəmənin hökmünə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə təyin edilən cəzalardan yalnız ikisi məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədardır: müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə (CM-in 42.0.12 və 42.0.13-cü maddələri).

Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər (CM-in 55.1-ci maddəsi).

Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi və məhkumun cəmiyyətdən təcrid edilməsi dərəcəsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, onun şəxsiyyəti, əvvəllər məhkum olunub-olunmaması, təqsirkarın cinsi, yaşı və sair hallar nəzərə alınmaqla həll edilir.

Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların islah edilməsi məqsədinə xidmət edir.

CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir ( “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli Qərarı).

CM-in 56.1.1-ci maddəsində ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzaların çəkilməli olması müəyyən edilmişdir.

Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir.

Həmin Qərarın 2-ci bəndinə əsasən əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun.

Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs üçün cəzaçəkmə müəssisəsinin növü CM-in yuxarıda göstərilən maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir və hökmün nəticəvi hissəsində göstərilir (CM-in 56.3-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4-cü maddəsi).

CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.

Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, cəzanı çəkdiyi dövrdə məhkumun davranışı və sağlamlıq vəziyyətinə görə differensiasiya olunurlar. Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup halında fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərli təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Differensiasiyanın əsasını cinayət və cəza-icra hüququnun ədalət, humanizm, məcbur etmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədə uyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 12 yanvar 2012-ci il tarixli Qərarı).

CİM-in 112-ci maddəsində ümumi rejimli cəzaçəkmə müəssisələrində, 119-cu maddəsində isə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri müəyyənləşdirilmişdir. Həmin normalarda hər iki cəzaçəkmə müəssisəsində məhkumların cəza çəkmə qaydaları, şərtləri, hüquq və vəzifələri fərqli müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, CM-in 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinə nail olunması üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü cinayət qanunvericiliyində dəqiq, birmənalı, anlaşılan formada öz əksini tapmalı və məhkəmənin hökmündə göstərilməlidir.

Cinayətlərin məcmusunun anlayışı və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi qaydası CM-in 17 və 66-cı maddələrində nəzərdə tutulmuşdur.

Qeyd olunan Məcəllənin 17.1 və 17.2-ci maddələrində göstərilir ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və ya daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) CM-in bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır.

Cinayətlərin məcmusunun anlayışına müvafiq olaraq qanunverici məcmu qaydasında törədilən cinayətlərə görə cəzanın təyin edilmə qaydasını da xüsusi norma ilə tənzimləmişdir.

Belə ki, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (CM-in 66.1-ci maddəsi). Göründüyü kimi, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən, həmin Məcəllənin 66.1-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etməsindən asılı olmayaraq, hər bir cinayətə görə, ayrılıqda cəza təyin edir və məcmu üzrə qəti cəza müəyyənləşdirir. Cəzaçəkmə müəssisəsinin növü isə hər bir cinayətə görə ayrılıqda deyil, məcmu üzrə qəti cəza təyin edildikdən sonra təyin edilməlidir.

CM-in 24-cü maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.

Cinayət qanunvericiliyində qəsdin və ehtiyatsızlığın iki forması nəzərdə tutulur:

– birbaşa və ya dolayı qəsdlə törədilən əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır (CM-in 25.1-ci maddəsi);

– cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır (CM-in 26.1-ci maddəsi).

Cinayət hüququnda “təqsir” dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür.

Psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradəvi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisənin növü bu psixologiyaya müvafiq olaraq qanunverici orqan tərəfindən müəyyən edilmiş, qəsdən törədilən əməllərə görə daha ciddi rejimli cəzaçəkmə müəssisəsinin növləri cinayət qanunvericiliyində təsbit edilmişdir.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:

– şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;

– cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi, habelə cinayət qanunvericiliyi sahəsində Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirərkən cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqqlıdır.

Bu baxımdan, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinin mümkünlüyünün qanunvericilik qaydasında tənzimlənməsi istisna edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:

– şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;

– cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi: sürücünün telefondan istifadəsi dedikdə nə nəzərdə tutulur?

Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

AR İXM-nin qeyd olunan maddəsi sürücünün yalnız telefondan istifadəsinə görə cərimə nəzərdə tutur. Burada isə sual yaranır ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefondan deyil, planşetdən, yaxud bu növdə hər hansı digər cihazdan istifadə etməsi AR İXM-nin 342.6-cı maddəsi ilə müəyyən olunan cərimə üçün əsas hesab olunurmu?

Bununla bağlı ilk növbədə “telefon” anlayışının izahını müəyyən etmək zərurəti yaranır. Azərbaycan Respulikasının qanunvericilik aktları sözügedən terminin definisiyasını müəyyən etmir. Eyni zamanda araşdırdığım məhkəmə qərarlarının heç birində “telefon” sözünün izahı müəyyən olunmadığı üçün Azərbaycan dilinin izahlı lüğətinə müraciət etdim. Azərbaycan dilinin izahlı lüğətində “telefon” dedikdə “danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat” nəzərdə tutulur. 1 Göründüyü kimi, Azərbaycan dilinin izahlı lüğətində qeyd olunan anlayış bir qədər köhnə aspektdə ifadə olunub və “ənənəvi” telefon anlayışını əhatə edir və bu səbəbdən yuxarıda qeyd olunan anlayışlar ilə əlaqələndirmək mümkün deyildir. Müqayisə üçün qonşu ölkələrin qanunvericilik aktlarına nəzər salsaq, analoji müddəanın “Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanununda da mövcud olduğunun şahidi olarıq. Bununla belə Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanunu AR İXM-dən və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunundan fərqli olaraq telefona aşağıdakı qaydada anlayış verir: 2

“Mobil telefon – iki və daha artıq fiziki şəxs arasında davamlı ünsiyyətə və/və ya mətn məlumatlarını göndərməyə və ya qəbul etməyə imkan verən cihaz”

Məhz sözügedən müddəa geniş təfsir edildikdə burada qeyd olunan “telefon” anlayışının “planşet” anlayışını da əhatə edəcəyi qənaətinə gəlmək olar. 3

AR İXM-nin 342.6-cı maddəsi ilə bağlı digər maraqlı məqam “telefonu əldə saxlamaqla ondan istifadə edilməsi” ifadəsidir. Belə ki, qeyd olunan ifadə iki məsələni – (1) telefonun əldə saxlanılması, lakin istifadə edilməməsi və (2) telefonun əldə saxlanmadan, məsələn, çiyin vasitəsilə saxlayaraq istifadə edilməsi – sual altına qoyur. Birinci məsələ ilə bağlı mətbuatda işıqlandırılmış kifayət qədər sürücü etirazları mövcuddur. Təbii ki, burada “əldə saxlamaq” və “istifadə etmək” ifadəsi birlikdə başa düşülməlidir, çünki qanun bu ifadələri “və ya” bağlayıcısı ilə ayırmır. İkinci məsələ ilə bağlı isə əsas məqam “istifadə” hissəsindədir. Əfsuslar olsun ki, “istifadə” anlayışı nə qanunvericilik aktlarında, nə də məhkəmə qərarlarında telefona, yaxud elektron cihazlara münasibətdə izah olunmamışdır. Oxşar məsələ ilə bağlı qonşu dövlətlərin qanunvericilik aktlarındakı müvafiq müddəalar isə daha geniş xarakter daşıyır. Müqayisə üçün Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsinin hərəkəti vaxtı sürücünün telefondan istifadəsi ilə bağlı aşağıdakı müddəa mövcuddur:

“Nəqliyyat vasitəsini idarə edərkən əldən istifadə etmədən danışıqlar aparmağa imkan verən texniki cihazlarla təchiz olunmamış sürücünün telefondan istifadə etməsinə görə həmin sürücü 1500 rubl məbləğində cərimə olunur.” 4

“Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanununda isə telefondan istifadə ilə bağlı aşağıdakı müddəa müəyyən olunmuşdur:

“Sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edə bilməz. Bu qadağa sürücülərin qulaqlıqlardan və ya reproduktorlardan (səsucaldıcılardan) istifadə etdiyi hallara şamil olunmur.” 5

Yuxarıda qeyd olunanlar heç də sürücülərin yalnız “əllərdən istifadə edərək telefondan istifadə etməli olduqlarını” nəzərdə tutmur və bu baxımdan AR İXM-nin 342.6-cı maddəsinin məzmunun dar ifadə olunduğunu sübut edir. Nəzərə alsaq ki, Gürcüstan Respublikasının və Rusiya Federasiyasının qanunvericilik aktlarında analoji məsələ nisbətən geniş kontekstdə ifadə olunub, AR İXM-nin qeyd olunan maddəsinə müvafiq dəyişikliklər edilməsinə zərurət vardır.

Yuxarıdakıları nəzərə alaraq hazırkı vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən sürücülərin telefonu əldə saxlayıb ondan istifadə etməmələri, yaxud telefon əvəzinə planşetdən istifadə nəticəsində AR İXM-nin 342.6-cı maddəsinə əsasən cərimə olunmalarının nə dərəcədə qanunauyğun olduğunu müəyyən etmək çətindir. Buna baxmayaraq sözügedən maddəni qanunun məqsədinə müvafiq olaraq təfsir etdikdə bu cür qənaətə gəlmək mümkündür. Belə ki, qanun sürücülərin diqqətinin yayınmamasını, eləcə də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ön planda saxladığı üçün, güman etmək olar ki, yuxarıda qeyd olunan hallar bu məqsədlərə uyğun olaraq təfsir edilə bildiyi üçün müvafiq əməllər AR İXM-nin 342.6-cı maddəsi ilə tövsif olunur. Lakin Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə və geniş təfsirinə yol verilmədiyinə görə qeyd olunan maddənin daha detallı redaksiyasının qəbul olunmasına zərurət vardır. Əks halda hazırkı vəziyyətdə AR İXM-nin 342.6-cı maddəsi yuxarıda qeyd olunan məqamları əhatə etmədiyindən sürücülərin müvafiq əməllərinin bu maddə ilə tövsif olunması mübahisəyə açıqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.