Press "Enter" to skip to content

AZAD MİRZƏCANZADƏ

– O həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etdi (iyunun 17-si).

Azad mirzəcanzadə

“ARZUM AZƏRBAYCANI DÜNYANIN İNTELLEKT

BAZARINDA LAYİQLİ YERDƏ GÖRMƏKDİR”

Bu, rekviyem deyil, çünki Azad Mirzəcanzadə həmişə ürəklərdə yaşayacaq alimdir. Elmin, cəmiyyətin inkişafına və həyatın müxtəlif sahələrinə təsirinin nəticələri mühümdür. Cəmiyyətin bütün tarixi mərhələlərində elm inkişafın ən mühüm amili olmuş, tərəqqi meyarına, mənəvi həyatımızın müstəqil amilinə çevrilmişdir. Qədim Şərqdə toplanan biliklər elmin ilkin şərtlərinin hazırlanmasına, sonrakı inkişafda isə onun bir müstəqil sahə kimi formalaşmasına, cəmiyyətin zənginləşməsi prosesinə təkan vermişdir. Əsrlər ötdükcə elmi biliklər mifik təfəkkürü sarsıtmış, elmin artan gücü ilk elmi inqilablarla nəticələnmişdir. Zaman keçdikcə sosial sifarişin əsas təminatçısı olan elmin ayrı-ayrı məmləkətlərin, xalqların deyil, bütün bəşəriyyətin ümumi sərvəti kimi çıxış etməsi prosesi qanunauyğun hal almışdır.

Azərbaycanda da elmin qədim tarixi vardır. İslam intibahının qərarlaşdığı orta əsrlərdə burada elmin inkişafını xarakterizə edən çox zəngin faktlar məlumdur. Min il öncə yaşamış Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın “Səbəb və nəticə haqqında” təliminin müsəlman şərqində fəlsəfi-elmi fikrin inkişafında böyük rolu olmuşdur. Fazil Fəridətdin Şirvani, Xaqani, Fələki riyaziyyatla məşğul olmuş, Nizami, Nəsimi, Füzuli təbiətşünaslığın bir çox məsələlərinin əsaslı şərhini vermişlər. Nəsirəddin Tusi XIII əsrdə Marağa rəsədxanasını tikdirmiş, ulduzların dəqiq qlobusunu tərtib etmişdir. Etiraf edək ki, qədim elm tariximiz, onun o dövr üçün ensiklopedik biliyə malik olan mübariz şəxsiyyətlərinin xidmətləri zəif öyrənilmişdir. Bu boşluğu doldurmaq sahəsində cəsarətli addımlar atılmalıdır. XIX əsrdə A.A.Bakıxanovun, M.F.Axundovun əsərləri milli-elmi-fəlsəfi dünyagörüşünün yeni mərhələsi olmuşdur. Lakin XX əsrdən başlayaraq Azərbaycan elmi həm tarixi inkişaf nəticəsində, həm də ilk növbədə milli neft faktoru ilə bağlı olaraq daha yüksək status almış, yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Bu əsrdə Azərbaycanda elmin əsas sahələri üzrə Elmlər Akademiyası yaradılmış, sahə elmi-tədqiqat institutları, ali məktəblər, elmi mərkəzlər intişar tapmış, alimlərimizin nəzəri və eksperimental xarakterli bir sıra tədqiqatları elmi zənginləşdirmişdir. Neft sənayesindəki istehsalat – elmi nailiyyətlərinə görə isə neçə-neçə onilliklər əvvəl Azərbaycan “Neft Akademiyası” kimi şöhrət qazanmışdır.

Elm sahəsində əvəzsiz xidmətləri olan, ensiklopedik bilikli Azad Xəlil oğlu Mirzəcanzadə Azərbaycanın XX əsrdə yetişdirdiyi ən nadir zəka sahiblərindən biridir. Onun fəaliyyət dairəsi çox geniş və dinamikdir, hətta bir yazıda bu haqda ətraflı danışmaq qeyri-mümkündür. Əlbəttə o, ilk növbədə Azərbaycanın professional neftçi-alimidir. Azad müəllimin tətbiqi mexanika, neft-mədən işləri, neft-qazçıxarma istehsalının texnologiyası, neft-qaz yataqlarının işlənməsi sahəsindəki elmi tədqiqatları tanınmış alim və mütəxəssislərin birmənalı rəyinə görə dünya elminə mühüm töhfə sayılır. Cəsarətlə demək olar ki, neft ehtiyatları və istehsalına görə dünyada mühüm yerlərdən birini tutmuş keçmiş Sovetlər İttifaqında neft elminin formalaşması və inkişafında Azərbaycan alimlərinin, xüsusilə Azad Mirzəcanzadənin xidmətləri çox böyükdür. Özünün yarım əsrdən çox elmi fəaliyyəti ərzində alimin digər, xüsusilə yeni elm sahələrindəki nailiyyətləri düşünən insanları heyran edir. O, təhsilə cəmiyyətin güclü faktoru kimi baxıb və onun reallaşması üçün intensiv fəaliyyət göstərib.

Hər bir hadisənin ümumi və xüsusi komponentlərinə nüfuz etmək qabiliyyəti, prosesləri fiziki və riyazi anlamda qavrama xüsusiyyəti alimin təfəkkür tərzinə, istedad və zəkasına xas olan cəhətlərdən olmuşdur. Müşahidədə kiçik detalların əhəmiyyətinə varmaq, onların yarada biləcəyi effektləri müəyyən etmək, proseslərə fəlsəfi yanaşmaq müdrik alim-filosofun fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindəndir.

Azad müəllim geniş analitik təfəkkürə, fenomenal yaddaşa və biliyə, ensiklopedik fitri istedada malik olan nadir alimlərdəndir. Onunla ünsiyyətdə olmaq müsahibindən nizamlı davranış, ciddi hazırlıq tələb edib. Azad müəllimdə biliyin, intellektin diapozonu o qədər geniş idi ki, istər-istəməz onun qüdrəti qarşısında özündən razılar da yumşalırdılar.

İndiki texniki inqilab şəraitində formalaşan vahid elm-texnika-istehsal sistemində elm öndə gedir. Elmlə mədəniyyət istedadla yanaşı, ciddi məsuliyyət tələb edir. Alimin elm və xalq qarşısında xidmətləri bitməz bir siyahını xatırladır. 70 monoqrafiya, dərslik və dərs vəsaiti, 400-dən çox elmi məqalə, 50-dən çox ixtira, 20-dən çox beynəlxalq seminar və konfransa rəhbərlik, 300-dən artıq elmlər namizədi, 100-dən çox elmlər doktorunun hazırlanması. İnsanın fiziki imkanlarının məhdudluğuna istinad edən bəzi bədxahlar bir nəfər tərəfindən bu qədər alimin yetişdirilməsinə şübhə ilə yanaşırdılar. Lakin diqqət etdikdə gördülər ki, əsas iş qayəsi səxavətlə ideyalar vermək olan alimin qazma, hasilat, yataqların işlənməsi, maye və qazların mexanikası sahəsində böyük elmi-təcrübi potensialından daha çoxsaylı tədqiqatçıya pay düşür. Həqiqətdə A.X.Mirzəcanzadə bundan da artıq alimlərin yetişməsində yardımçı olmuşdur. Onun elmin bir çox sahələri üzrə çalışan mütəxəssislərə, habelə gənclərə verdiyi tövsiyyələr, oxuduğu maraqlı məruzələr bu baxımdan əvəzsiz bir xidmətdir.

Azad müəllim çox ağır və məsuliyyətli missiyanı – Elm və Texnika Komitəsinə, Ali Attestasiya Komitəsinə rəhbərliyi prinsipial iş metodu ilə, yüksək tələbkarlıqla həyata keçirib. O, daim axtarışda olub. Biganəlik ona yaddır. Azad müəllim həm də sərt adam kimi tanınmışdır, bu da təbiidir. Məqsədə müvəffəq olmaq məhz sərtlik, polad intizam, prinsipiallıq, dərin zəka vəhdətində mümkündür. Dövlətə, millətə təmənnasız xidmət Mirzəcanzadə elminin leytmotivini təşkil edir. Mədən sularından səmərəli istifadə etmək, neft sənayesini tullantısız sənayeyə çevirmək, daimi səmərəlilik yaratmaq onun son dərəcə keyfiyyətli iş üsullarından xəbər verib. Bu xüsusiyyət onun çalışdığı bütün sahələrdə öz əksini tapıb. Rəhbərlik etdiyi Elm və Texnika Komitəsi büdcədən maliyyələşən bir təşkilat olsa da, yarandığı gündən dövlətə onun fəaliyyəti üçün ayrılmış maliyyə təsisatlarından bir neçə dəfə artıq vəsait qaytarmışdır. Lakin bütün bunlara baxmayaraq, Azad müəllim özünü xalqına əbədi borclu sanıb. Azad Mirzəcanzadə müstəqil Azərbaycan Respublikasının inkişafı üçün son dərəcə vacib olan Ali Attestasiya Komissiyasına rəhbərlik edib və mənə elə gəlir ki, onun fəaliyyətinin ən çətin, ən gərgin, əsəbi vaxtları da bu illərə düşüb. Çünki, hələ də keyfiyyətsiz işlərə görə elmi ad almaq niyyətində olanlara havadarlıq etmək istəyənlər var. Azad müəllim bəzən adi etik qaydaları gözləməyən bu kimi “elm adamları” ilə ciddi mübarizə aparmağa məcbur olub.

Hər bir materialda mühümü aramaq, duymaq, sonra isə onun yetərincə şərhini vermək lazımdır. Azad müəllim tədqiqatçılara, mütəxəssislərə, xüsusilə idarəetmə strukturlarında çalışanlara Roma klubunun “Qlobal düşün, lokal qərarlar qəbul et” prinsipinə uyğun düşünmə tərzini tövsiyə edib. Bu, daim millətinin gələcəyini düşünən alim-vətəndaşın narahatlığından irəli gəlib. Narahatdır ona görə ki, “Bazar hər şeyi həll edir” fikrini fetişləşdirənlər iqtisadiyyatımıza güclü dağıdıcı zərbə vururlar. Narahatdır ona görə ki, keçid dövründə dövlətin tənzimləyici funksiyasını hələ də başa düşməyən məmurlar az deyildir. Narahatdır ona görə ki, inkişaf imkanlarından səmərəli istifadə olunmur, elmi qayğı lazımi səviyyədə deyildir.

Bu və ya digər elmin predmetini düzgün müəyyən etmək çox çətin məsələdir. A. X. Mirzəcanzadə ilk dəfə olaraq Azərbaycanın neft sənayesinin keçid dövründəki istiqamətləri haqqında konseptual mülahizələr söyləmiş, perspektivləri riyazi modellər əsasında müəyyən etmiş, fundamental ideyalar irəli sürmüşdür. Alim böyük Türk Dünyasının artan qüdrətini, gerçəkləşən birliyini sezərək turkdilli dövlətlərin və yarımdövlətlərin neft-qaz ehtiyatlarını, onların müvafiq sahədəki potensial imkanlarını araşdırmış, perspektivlərin elmi proqnozunu vermişdir. Əzəli türk torpaqları Sibir, Tatarıstan və Başqırdıstanın neft-qaz yataqlarının işlənməsi və istismarı, habelə burada çıxarılan neftin spesifik – “şıltaq” xüsusiyyətləri ilə bağlı problemlər alimin elmi yaradıcılığında geniş yer almışdır. A.X.Mirzəcanzadə Xəzərdə hasil edilən neft-qaz və kondensat yataqlarının işlənməsi, istismarının ən ümdə problemlərinə dair fundamental əsərlərin müəllifi kimi yaşayacaq.

Böyük alimlər qeyri-adiliyi ilə fərqlənirlər. Mən neçə illər boyu bu nurlu sima ilə təmasda olmuşam, onun nə qədər sərt və eyni zamanda daha çox humanist olduğunu yaxşı bilirdim. Azad müəllimlə apardığım söhbətlərdə dəfələrlə müşahidə etmişəm ki, onun musiqimizə, folklorumuza baxışları yüksək milli kaloriti ilə fərqlənir. Tez-tez xalq mahnılarımızı zümzümə etməsinin, şerlər söyləməsinin, musiqimizin əsrarəngiz gözəlliklərindən söhbət açmasının şahidi olmuşam. Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin musiqisini, simfonik əsərlərini dinləməkdən doymurdu. Fəxrlə deyirəm ki, biz istedadlı xalqıq və daha da möhtəşəm olmağa layiqik. Baxın, qərbin 300 ildə keçdiyi klassik musiqi sənəti yolunu böyük Üzeyir bəy “Leyli və Məcnun”dan “Koroğlu” operasına qədər keçmişdir. Q. Qarayevin simfoniyalarının dünya musiqisində xüsusi yeri vardır. Biz dünya mədəniyyətinə böyük dühalar – Nizami, Nəsimi, Füzuli kimi şair-filosoflar, Əbülhəsən Bəhmənyar, Nəsrəddin Tusi kimi alimlər bəxş etmişik. Biz Sabirin, Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Səməd Vurğunun həmvətənlərimiz – Azərbaycan şairləri olmaqlarından qürur duymalıyıq.

Azad müəllim istedadlı gənclərlə əməkdaşlıq etməkdən usanmır, onlara köməyini əsirgəmirdi. Bilirdi ki, Üzeyir bəy məktəbini davam etdirmədən, Nəsimi sözünü fəth etmədən, Füzuli sevgisini duymadan, Hüseyn Cavid fəlsəfəsini anlamadan, Əhməd Cavad vətənpərvərliyini bilmədən, Q. Qarayevin musiqi dünyasını dərk etmədən, Müşfiq şerinin ruhunu sevmədən xalqın milli dirçəlişi, mədəni tərəqqisi mümkün deyildir.

Azad müəllim böyük vətəndaş olub. Xalqın maariflənməsində, əyalətlərdə ziyalılar nəslinin artırılmasında, elmin inkişaf etdirilməsində onun regional inkişaf konsepsiyası öz bəhrəsini verməkdədir. İndi respublika Ali Attestasiya Komissiyasının Gəncədə, Şəkidə, Lənkəranda, Naxçıvanda müdafiə şuraları fəaliyyət göstərir. Onun rəhbərliyi və şəxsi iştirakı ilə AAK sadalanan şəhərlərdə səyyar iclaslar keçirib. O, istəyib ki, Azərbaycanın regionları kompleks inkişaf etsin, bu proses tənzimlənsin, bölgələrimizdə yaşayan həmvətənlərin biliklərini zənginləşdirmək üçün elə yerlərdə də müvafiq şərait təmin olunsun, burada ziyalıların sayı artsın. Yerlərdə nə qədər çox zəka sahibi olarsa, mədəniyyətimiz, elmimiz də o qədər inkişaf tapar. Çox strateji əhəmiyyət kəsb edən problemin bu aspektdə qoyuluşu hökumət səviyyəsində məqsədli proqramların, konsepsiyalarının işlənməsini zəruri edir. Azad müəllim daim narahat və mübariz insan olub, biganəlik, bitərəflik, mövqesizlik ona yad olub.

Onun elmi fəaliyyət sahəsində mükafatları olduqca çoxdur. Onları saymağa ehtiyac yoxdur. Fəqət bu mükafatlar içərisində alimə bir çox ölkələrdə, məşhur elmi mərkəzlərdə verilən yüksək mükafatlar vətənpərvərliyinə, dərin istedadına, vətəndaş qeyrətinə, müdrikliyinə verilən müstəqil Azərbaycanın ən ali mükafatı – “İstiqlal” ordeni onun simasını daha dolğun əks etdirir.

Azad Xəlil oğlu Mirzəcanzadə XX əsrin ən böyük azərbaycanlı alimlərindən biridir. Alimin keçdiyi həyat yoluna, möhtəşəm elmi fəaliyyətinə diqqət etdikdə, onun heyrətamiz təcrübə və biliyinin miqyası, əzəməti göz önünə gəlir. Böyük alimlər həmişə vaxt qıtlığı ilə bağlı problemlərlə rastlaşırlar. Azad müəllim topladığı təcrübə sahəsində zaman amilindən də səmərəli istifadə etməyə həmişə müvəffəq olub.

Böyük alim Azad müəllimin əziz xatirəsi həmişə ürəklərdə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Akademik Ziyad SƏMƏDZADƏ

AZAD MİRZƏCANZADƏ.

Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini o, 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Azad Mirzəcanzadə 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Elmi və pedoqoji fəaliyyətləri
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.
Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

Xidmətləri
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

Elmi nailiyyətləri
Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir.
Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-niuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.
Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.
Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilmişdir.
Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.

Mükafatlar
1970- Azərbaycan SSR Əməkdar elm və texnika xadimi;
1971- SSRİ-nin Fəxri neftçisi;
1977, 1982- SSRİ EA-nın Qubkin adına mükafatları;
1978- SSRİ Qaz sənayesinin Fəxri işçisi;
1980- Azərbaycan SSR Dövlət mükafatı laureatı;
2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni.
Azərbaycan Respublikası -“İstiqlal” ordeni

Biblioqrafiya
Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri. Azneftizdat, 1954.
Fiziki proseslər mexanikası. MDU, 1976.
Özlü elastik mühitlərin qeyri stasionar hərəkəti. MDU 1977.
Dəniz yataqlarının işlənməsi fraqmentləri. “Elm”, Bakı, 1977
Neft-qaz layının fizikası. Monoqrafiya. “Nedra”, Moskva 1992

Azad Mirzəcanzadə haqda bilmədiklərimiz.

Bu gün Azərbaycanın ən tanınmış alimlərindən biri, universal zəka sahibi hesab edilən professor Azad Mirzəcanzadənin 86 yaşı tamam olur.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Milli.Az modern.az saytına istinadən mərhum professor barəsində xatirələri və onunla bağlı maraqlı detalları təqdim edir:

Neft akademiyasından qovulan alimi ora kim qaytardı?

İlk xatirə professor Rafiq Əliyevdən gəlir:

“Onu 1987-ci ildə Neft və Kimya İnstitutundan çıxardılar, qaldı bayırda. Guya, yaxşı alim, yaxşı müəllim deyil. Amma buna baxmayaraq, biz tez-tez görüşürdük. Elə oldu ki, 1987-ci ilin axırında mən Mərkəzi Komitənin elm və təhsil şöbəsinə gəldim. Ən birinci həyata keçirdiyim iş o zaman Azad Mirzəcanzadənin öz yerinə bərpa etmək oldu. Şəxsən özüm onun qolundan tutaraq kafedraya gətirdim. Cəmiyyətdə həmişə belə şey olub. O cür alimi işdən çıxardılar ki, guya yaxşı alim deyil”.

Rafiq Əliyev həmin vaxt Elm və Təhsil Komitəsinin rəhbəri kimi Neft Akademiyasının o vaxtkı rektoru ilə görüşür. Tapşırıq kimi Azad Mirzəcanzadənin yenidən öz kafedrasına qayıtmasını bildirir. Həmin vaxt artıq onun yerinə kimsə çalışırdı. Rafiq müəllimin səyi nəticəsində Azad Mirzacanzadə öz iş yerinə qayıdır. Maraqlı məqam da odur ki, Rafiq Əliyev kabineti təmizlədəndən sonra Azad müəllimi özü ora aparıb.

“Mənə birbaşa elmlər doktoru dərəcəsini verdi”

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu da Azad Mirzəcanzadə Ali Attestasiya Komitəsinin sədri olduğu zaman onunla baş tutan maraqlı bir görüşü xatırlayır:

“Elmi fundamental nəzəriyyəyə aid yazdığım kitabı Azad müəllimə hədiyyə etdim. Bir gün Azad müəllim məni çağırıb soruşdu ki, bu kitabı niyə mənə hədiyyə etmisən? Dedim ki, Azad müəllim ölkədə az-çox elm ilə kim maraqlanırsa, onlara hədiyyət etdim ki, heç olmasa tənqid etsinlər. Mən də bilim ki, nə dərəcədə düz yoldayam. Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən sual verməyə başldı: Məsələn, soruşdu ki, sən siyahıda Xavbard yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var.

O, təəccüb dolu baxışla mənə baxdı. Sonra soruşdu ki, sən bu ədəbiyyat siyahısında yazdıqlarının hamısını oxumusan? Cavab verdim ki, nəinki oxumuşam, hətta təhlil də etmişəm. Birdən qayıtdı dedi ki, mən istəyirəm ki, bu elmi işə görə sənə birbaşa elmlər doktoru dərəcəsini verim. Çünki Azərbaycanda elmi fundamental işlər 5-10 ildən bir yazılır. Çox təəccübləndim. Elə bildim ki, zarafat-zad edir. Dedim ki, Azad müəllim mən elmi dərəcə almaq niyyətimdə deyiləm, əsəri də o məqsədlə sizə təqdim etməmişəm. Cavab verdi ki, 5-10 ildən bir yazılan elmi-fundamental işi dəyərləndirməsək, bu böyük məğlubiyyətimiz olar. Ona görə də istəyirəm bu elmi dərəcəni verək ki, sənin elmi metodun inkişaf etsin. Dedim ki, mən müxalifətəm, yəqin icazə verməzlər ki, elmlər doktoru olum. Hirsləndi ki bu elmdir, burada nə iqtidar, nə müxalifət?! Mən də lazımı yerlərdə bu məsələni qaldıracağam. Sonra görüşəndə dedi ki, mənim qarşıma şərt qoyurlar ki, əgər Sərdar Cəlaloğlu elmlər doktoru alacaqsa, sən də bizim dediyimiz adamlara elmlər doktoru verməlisən. Çünki onların xeyli kitabları var. Amma mən onları başa sala bilmədim ki, mən kitaba yox, elmi fundamental əsərə dərəcə verirəm. Sonra Azad müəllim məndən soruşdu ki, sən istəyərsənmi, mən öz prinsiplərimdən əl çəkib həm sənə, həm də onlara elmlər doktoru verim? Mən buna qəti razı olmadım.

Bir müsahibə diktora auditoriyanı necə sevdirdi?

Hamının tanıdığı məşhur diktor Rafiq Həşimov da A.Mirzəcanzadənin şəxsən evinə gəlib-getdiyi tələbələrdən olub:

“1998-99-cu illərdə dövlət televiziyasında “XX əsr” adlı müəllif proqramım var idi. Qonaqlarımızdan biri də Azad müəllim oldu. Elə onunla ilk söhbətdə başa düşdüm ki, necə böyük bir alimlə həmsöhbətəm. Onu da bildim ki, bu alimdən çox şey öyrənmək lazımdır. Çünki o, filosofdan yaxşı filosof, ədəbiyyatçıdan yaxşı ədəbiyyatçı, musiqiçidən yaxşı musiqiçi idi. Ümumiyyətlə, hərtərəfli insan idi. Azad müəllimlə 8-9 ay müddətində qurduğum ünsiyyət mənə imkan verdi ki, universitet auditoriyasına gedib tələbələr qarşısında çıxış edim”.

Bir abzasa görə insanı necə tanıdı?

Mərhumun son günlərinə qədər onu yad edən tələbəsi Baxşeyiş Əsgərov kiçik bir detalla professorun xarakterini ümumiləşdirir:

“Azad müəllimin son kitabı “XXI əsrə gedən yol” adlanır. Kitab çap olunan ərəfədə son variantını gətirib ona göstərdim. Baxsanız görərsiz ki, kitabın arxa səhifəsində minnətdar olduğu şəxslərin siyahısı var: Şükürova, Əsgərov və xüsusi minnətdarlıq etdiyi elm xadimləri. Mən gətirdiyim son variantda adım yox idi. Bir balaca kağıza nəsə qeyd yazıb dedi ki, apar mətbəəyə bunu əlavə etsinlər. Mən də heç baxmadım, eləcə o kağızı mətbəəyə təqdim etdim. Sən demə Azad müəllim mənim də adımın ora əlavə olunmasını istəyirmiş. Dedilər harda yazaq adını. Dedim ki, Şükürovadan sonra yazın. Həmin variantı da gətirdim. Azad müəllim açıb baxdı və razılıq əlaməti olaraq başını tərpətdi. İnanın ki, əgər mən adımı Şükürovadan əvvəl yazdırsaydım, o adımın getməsinə icazə verməyəcəkdi. Azad müəllim bu cür ən xırda detallara önəm verirdi. Həmişə deyirdi ki, insanda ümumi olanlara yox, konkret detallara fikir verin”.

“Alimlər” necə rədd edirdi

Çox məşhurlarla maraqlı xatirələri olan məşhur kitabçı Elman Mustafayev də Azad Mirzəcanzadə ilə bağlı əhvalatı danışır:

“Azad müəllim Ali Attestasiya Komissiyasının sədri olan vaxt çox adam ondan incik idi. Çünki o, mənsəbə yox əsl elmə qiymət verirdi. Görürdün ki, varlı bir biznesmen, yaxud vəzifə sahibi hər hansı sahədə elmlər namizədi adını almaq istəyirdi. Amma Azad müəllim ona heç vaxt imkan verməzdi. Məsələn, deyərdi ki, sənin sahən, işin budur , o hara, müdafiə etdiyin iş hara? İşlər elə beləcə də geri qaytarılırdı. Bir dəfə çox maraqlı bir söz işlətdi. Dedi ki, bunlar professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər”.

Azad Mirzəcanzadə ilə bağlı maraqlı faktlar:

– O həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etdi (iyunun 17-si).

– 77 yaşında vəfat edən alim, ömrünün sonuna qədər evlənmədi.

– Eks-prezident Əbülfəz Elçibəy iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib.

– Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.

– Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka” idi.

– Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı – Üzeyir Hacıbəylinin.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.