Press "Enter" to skip to content

O və qadınları: eşq və ehtiras

Eşq varsa elmdə illahi kimliyə qovuşur.

Eşq və yaşam

Adı lazım deyil, personaya yox tendensiyaya fokuslanırıq. Cümlənin orijinal quruluşunu da dəyişmişəm. Hər kvadrat metrə düşən bekar adamların sayı baxımından vəziyyətin gərgin olduğu Azərbaycanda, bu cür ürəyə yağ kimi yayılan statusların ölü yerdən 1 min ədəd bəyənməsi və “tayfa-klan rejimi qanımızı əmdi qurtardı” leytmotivində şərhi olur. Professorundan gənc aktivistinə kimi – geniş spektrdə başı qaçmış bunca biçarə vətəndaşa bir bəndə də demədi ki: “Qardaşım, bəlkə eşqini aşağı salasan?”

De sən öl!

“Doğrudan aşağısı heç cür alınmır? Mütləq prezident? Mütləq şəxsən? Sosial şəbəkədə? Səni təhqir etdirir? Məişət problemlərini fürsət bilərək, hücum təşkil edir? Bəlkə burada metafora var? Bəlkə emosional yazmısan? Yoxsa gün ərzində üç nazir qəbul edir, beş sərəncam imzalayır, iki səfiri yola verir və sosial şəbəkədə sənə hücum təşkil edir? Şu koronavirüs gecelerinin ürkek mehtabında?”

Necə də axmaq suallardır, deyilmi? Çox vaxt axmaq suallarımızı ritorik adı altında soxuşdurmağa çalışırıq. Odur ki, bunlar ritorik yox, məhz axmaq suallardır. Prezidentin internet frikləri ilə əlbir olub mem düzəltdiyinə nə bunu yazanın özü, nə də auditoriyası təbii ki, inanmırlar, hətta ona görə yox ki, prezident işləyən bir adamın internet frikləri ilə əlbir olub mem düzəltməsi mümkün deyil, ona görə ki, azərbaycanlı üçün sözün heç bir məsuliyyəti, mənası, qiyməti yoxdur.

“Mənə qarşı saxta profillərlə aparılan ləyaqətsiz kampaniyanın başında şəxsən İlham Əliyev dayanıb” cümləsində artıq by default “çox da şey eləməyin” sətiraltısı var. Nə eləməyək? Yəni hərfi mənada başa düşməyin, həqiqət, fakt axtarmayın, burada önəmli olan mənim cəsarətim, qorxmazlığımdır, siz buna çəpik çalın, doğru olub-olmadığını sorğulamayın. Konkret. Sorğulamaq xəyanət, rəzillik, alçaqlıqdır. Ya da Cavid Ramazanovun müşahidəsindəki, elliklə sino gedilən “şərəfsiz”lik.

Getmə gözümdən, gedərəm özümdən

“Mənə qarşı saxta profillərlə aparılan ləyaqətsiz kampaniyanın başında şəxsən İlham Əliyev dayanıb” həm də bir arzunun tərənnümüdür: “Kaş aparaydı şəxsən bu kampaniyanı… Şəxsən özü, məni düşünərək…”

Sufilikdə tanrıya üsyan, tanrıya naz etmə halları, mərtəbələri nəzərdə tutulub (hər təriqət və təlimdə olmasa da). Odur ki, təsəvvüfdə spesifik fəryad, coşma növləri var, seçilmişlərə emosiyalarını xaric etmək icazə-imtiyazı tanınır. Tanrıya üsyan bunlardan biridir. Sufilər düşdükləri vəcd halında (transa da oxşatmaq olar) Allaha üsyana qədər gedib çıxırlar. Bu, onların yaradanda əriməsi, yaradana naz-cilvə etməsi kimi də yozula bilər. Sən Allahda əriyib onunla eyniləşirsənsə burada artıq nifrət də, məhəbbət də, üsyan da, təzim də əhəmiyyətini, fərqini itirir.

Bəs sufilikdə əsas olan nədir? Əsas olan zikrdir. Tanrının adının daim dilində olmasıdır. Düşdüyün hallar – nifrət yaxud eşq, üsyan yaxud təzim – öz yerində, amma zikr kəsilməməlidir. Naz da eləsən, söysən də – daim yaradanı anmalısan. O, daim sənin dilində olmalıdır. Bu, həm də publikanın alqışı şəklində sənə dividend də gətirməlidir.

Bu mənada üsyankarın üsyanı əslində üsyan da deyil, nazlı ceyranın qeyzidir. Prezident bunları qovalasın (желательно şəxsən), bunlar da nazla qaçsınlar. İstəyirlər prezident xəbər göndərsin ki, gəlin söhbət eləyək, bir qismət çörək yeyək, bunlar “puff” eləyib göz süzsünlər. Qərəz, istəyirlər İlham Əliyev bunların həm sevdiyi, həm nifrət etdiyi tanrıları olsun.

Prezidentin özü ona biçilən bu rol və statusla heç cür razılaşmaq istəmir, amma ədalətli şah, mərhəmətli tanrı axtarışında olan çuşka şərqlilər etiraz qəbul etmir.
Var da onlarda belə şeylər.

Qovuşduran Allah

Gənc çox tez qocalıb. Onu qocaldan İlham Əliyev yox, onun İlham Əliyev eşqi, üsyanı, nifrəti, məhəbbətidir. Gənc vətəndaşımız “Mənə qarşı saxta profillərlə aparılan ləyaqətsiz kampaniyanın başında şəxsən İlham Əliyev dayanıb” yazanda Adnan Şənsəs ağsaqqallığı, yıxılmışlığı, üzülmüşlüyü ilə:

“Doldur be meyhaneci,
Yanıyor içim içim…” oxuyur.

Oxuduqca gur saçları küləkdə dalğalanır, rakıdan bir udum alır, yanağından axan damcını qabarlı əlinin tərsi ilə silir. Bu dəmdə, arxadan bir “aristokrat” əli qonsa çiyninə (amma karantindən sonra, indi məsafə saxlayın) və desə ki:

“Qardaşım, nə istəyirsən İlham Əliyevdən? Cəsarət tap özündə, yenilən, dəyiş, dünya böyükdür və gözəldir. Lap İlham Əliyevin özü də olsa, həyatına bu qədər girməsinə icazə vermə. Bir prezident yalnız çox avara, bekar adamın həyatında bu qədər yer tuta bilər. Heç olmasa sosial şəbəkədə üzləşdiyin mobbinqi, həyatda qarşılaşdığın bir problemi, ağır imtahanı İlham Əliyevdən uzaqlaşmaq, onu unutmaq fürsəti kimi dəyərləndir. Sən isə, elə bil boynunun borcudur, bu işi də axırda calayırsan ona. Sonra da deyirsən qapıya polis gəlir…” çox yerində olardı, deyilmi?

Yoxdurmu bu biçarənin yanında bir ağıllı adam desin ki, siyasətçisənsə get siyasətçi ol və siyasətçi kimi, bu işə ən yüksək peşəkarlıq səviyyəsində yiyələnərək fəaliyyət göstər. Elə bir nümunə yarat ki, hamının ağzı açıq qalsın. Əks halda dövlətlə, prezidentlə bu qədər iç-içə olmaq lazım deyil. Niyə gündəminizdə, dilinizdə, vaxtınızda bu qədər çox İlham Əliyev var? Sən başqa nə bacarırsan, nə işə yarayırsan? İnternetini söndürsələr sən kimsən?

Bir gənc adamın dilində, həyatında bu qədər siyasət, bu qədər prezident, bu qədər fəryad, qışqırıq, mərsiyə, zəncir niyə olsun? Haradan ağlına gəlib ki, hansısa mübarizə var və o, bu mübarizənin bir nəfəridir? Kim inandırıb onu ki, dəqiqəbaşı prezidentin adını çəkmək cəsarət göstəricisidir? Bu, cəsarət deyil dostlar, xiyarlıqdır.

P.S.
Hər gün “İlham” yazanda, sonra da qapıya polis gələndə, bu, sizin saxlanılmağınız, həbsiniz olmur. Bu, fəryadınızın Allah tərəfindən eşidilməsi və sizi onunla qovuşdurması olur. Hər gün zikr etmirdin?

O və qadınları: eşq və ehtiras

Şöhrəti dadandan sonra bəzən bu səni yorur. Təriflər, tənqidlər, daim diqqət mərkəzində olmaq – bezirsən. Hərdən sənə adi insan kimi yanaşmalarını istəyirsən.

Görünür, bu mənada məşhur rus şairi Boris Pasternak da istisna deyil. Birinci arvadı Yevgeniya da, ikinci arvadı Zinaida da şairin rastına məhz belə bir məqamda çıxmışdılar. Onlar tanışlıqlarının ilk günlərində Pasternakın yaradıcılığına elə bir diqqət göstərməmələri ilə müəllifin diqqətini çəkmişdilər.

Milli.Az ANN.az-a istinadən bildirir ki, Yevgeniya ilə Boris 1921-ci ildə, ümumi dostlarının evində rastlaşmışdılar. Həmin məclisdə Pasternak şeir oxuyanda qadının fikri başqa yerdə idi, kimləsə söhbət eləyirdi. Şair bu qadından təəssüratlarını soruşur və o, düzünü deyir:

– Bağışlayın, amma sizi dinləyə bilmədim.

Səmimiyyət Borisi heyran edir:

– Düz elədiniz, belə cəfəngiyyata qulaq asmazlar.

Və ya 1929-ci ildə Pasternakın həyatına daxil olan Zinaida Nikolayevna ilə tanışlıq anına fikir verək. Zina dünyaca məşhur pianoçu Neyqauzun həyat yoldaşı olub. Onlar hər ikisi həyat yoldaşları ilə birgə gəldikləri məclisdə tanış olmuşdular. Zinaidanın sözlərinə görə, Boris gözəgəlimli idi, həyəcanlı səmimiyyəti ilə digərlərindən fərqlənirdi, amma onun danışdıqları qadın üçün anlaşıqlı deyildi. Şeirləri də xanımda elə bir təəssürat yaratmırdı. Bunu görən Pasternak ona söz vermişdi: “Mən sizin üçün daha sadələrini yazacağam!”

Ola bilsin, bu yazar, ya kişi eqosunun təzahürü idi: xoşuna gələn qadının səni şair kimi qəbul etməsinə nail olmaq. Əlbəttə, o, hər iki qadını sevmişdi. Özü də ehtirasla. Boris başqa cür bacarmırdı – bir andaca çılğınlıqla vurula bilirdi. Bu siyahıda Nadejda Sinyakova, Yelena Vinoqrad, İrina Asmus da vardı. Onun ilk güclü sevgisinin ünvanı Moskvanın iri çay tacirinin qızı İda Vısotskaya idi. Boris ona sevgisini Marburq (Almaniya) şəhərində etiraf eləmişdi. Onun qarşılıqsız sevgisinin xatirələri yaşayan bu küçə indi Pasternakştrasse adlanır.

Jenya

Rəssam Yevgeniya Pasternak ev işləri görməyi bacarmayan aciz bir qadın idi. Yevgeniya öz istedadını şişirdir və Borisin qabiliyyətini görməzlikdən gəlirdi. Qadın elə hesab edirdi ki, əri uşağın əskilərini yumalı, samovar qaynatmalı, dayələrin qayğısına qalmalı və uşaqları saxlamalıdır. Yəni, Yevgeniya savadlı və istedadlı qadın idi, amma özünü dahi rəssam sayırdı, bu zəmində evdə şorbanı Boris bişirməli olurdu.

1927-ci ildə Yeni İl ərəfəsində Pasternak yazır: “Jenya bayramı qeyd etmək üçün öz kampaniyası – Aseyev və Mayakovski ilə birgə qonaq getdi. Mən uşağa baxmaq üçün evdə qaldım. Altıncı saatda oğlumuz öskürməyə başladı. Ona süd qızdırdım, özümü çox itirdiyimdən primusla axmaqcasına davranırdım. Jenya görüşdən Mayakovski ilə gəldi. O məni Yeni il münasibətilə təbrik etdi”.

Jenya ərinə nəinki şərait yaratmır, əksinə, onu məişət qayğıları ilə yükləyir, qısqanclığı ilə onu təngə gətirirdi. Və o təkcə qadınları qısqanmırdı: ərinin şöhrəti də, dostları da onda qıcıq yaradırdı.

Üstəlik, onların temperamentləri fərqli idi, Jenya onu təmkinli, daha rasional, daha məsuliyyətli görmək istəyirdi. Onlar hər ikisi yaradıcı adam idilər, hər ikisi qayğıya, diqqətə ehtiyac duyurdu və məişət yükünü sevmirdilər.

Pasternak, əlbəttə, ilk başdan onu sevirdi, hərçənd, şair evlənməsini sonradan yarıtəsadüf adlandırır. O, subay ikən bəzən gecə nişanlısının evində qaldığından qızın ailəsi nikahı qeydiyyata aldırmaq üçün israr edirdi. Bir il sonra onlar rəsmən evləndilər. Üzük almaq üçün Boris gimnaziyanı bitirərkən aldığı qızıl üzüyü satmışdı, üzüyün iç tərəfində isə öz əli ilə “Jenya” və “Borya” yazmışdı.

Boris həmişə onu himayə edəcəkdi. Ayrılandan sonra da. Hətta ölənə qədər.

Zina

Zina Jenyanın tam əksi idi, onların tanışlığı hər ikisi üçün ailələrinin dağılması ilə nəticələndi. 1933-cü ildə cütlük rəsmən evlənəndə onların başlarını salmağa komaları belə yox idi, yeni evlilər müvəqqəti olaraq harasa getmiş ev sahiblərinin mənzilində qalırdılar.

Zina heç vaxt Pasternak pərəstişkarı olmayıb. Və əslində, Pasternakdan xoşlanan da o deyil, onları tanış edən rəfiqəsi İrina Asmus idi.

Zina elə Borislə keçirdiyi ilk gecənin səhərisi qastrolda olan ərinə məktub yazdı. Deyilənə görə, məktubu ona konsert öncəsi vermişdilər. Proqramın gedişində isə Neyqauz qəfildən royalın qapağını bağlayaraq hönkürməyə başlamışdı.

1931-ci ildə Zinaida ilə Boris münasibətlərini rəsmiləşdirdilər.

Amma görünür, şairlərdə əbədi sevgi olmur. Çünki Zinadan sonra Borisin həyatında Olqa olacaqdı.

Zinaida başqa bir qadının ərinin həyatına girməsini belə izah edir: “Birinci ərimdən olan oğlumun öülümdən sonra özümə gələ bilmirdim. Deyirdilər, mənim də sonum çatıb. Başım öz dərdimə qarışdığından Borisə lazımi diqqəti göstərə bilmirdim”.

Belə bir vaxtda rəfiqəsi İrina hətta ona vəsiyyət yazmağı təklif etmiş və onu inandırmışdı ki, Pasternak tək qalmamalıdır, ona arvad lazımdır. Hətta Asmus onların birgə nikahdan olan oğlanlarını da övladlığa götürəcəyinə söz vermişdi.

Zinaida sağaldı, amma Pasternakın sevgisini qoruya bilmədi.

Olqa

Görünür, yazıçı bəzən şöhrətdən, yerli-yersiz tərif və diqqətlərdən bezsə də, qadın qismində həmişə özünə ən yaxşı – adekvat oxucu axtarır. 1948-ci ildə Pasternakın həyatında Olqa İvinskaya – Konstantin Simonovun katibəsi peyda olur.

Bu qadın Pasternakın həyatının ən ağır mərhələsində gəlib çıxdı, artıq şair Nobel mükafatı laureatı idi. Arvadı deyirdi: “Kitabın bağlandı, daha səni ölkədə çap da eləməyəcəklər”

Onlar jurnal redaksiyasında tanış olmuşdular, Olqa “Novıy mir”in redaktoru idi. Boris uşaq kimi qadına aşiqdi. Amma Olqa Borisi məşhur olduğuna görə sevmirdi, ona Boris insan kimi, kişi kimi lazım idi.

Şair gah öz evində arvadı ilə qalırdı, gah da Olqanın yanında gecələyirdi.

1949-cu ildə Olqanı həbs edirlər. Səbəb onun “ingilis casusu” Pasternakla əlaqəsi idi. Ondan soruşurlar:

– Sizin Pasternakla nə əlaqəniz var?

– Mən onu sevirəm.

Nobel mükafatından sonra onu az qala vətənə xəyanətdə ittiham edəndə şair nambutal qutusu götürüb, Olqanın yanına gəlir, deyir: “Gəl intihar edək. Bilirəm ki, on bir həb kifayət edir. Məndə iyirmi ikisi var. Təsəvvür edirsən, nə səs-küy yaranacaq?”

Olqa nəinki razılaşmadı, əksinə, Mərkəzi Komitə katibinə zəng edib, hadisəni xəbər verdi. Bundan sonra Pasternaka qarşı kampaniya səngidi. Bundan sonra Olqa şairin adından Xruşşova məktub yazır və bildirir ki, mükafatdan imtina edir. Boris məktubu imzalayır və söhbət bağlanır.

Bəs Pasternakın “Doktor Jivaqo” əsərindəki Lara kim idi? Tədqiqatçıların fikrincə, o, müxtəlif vaxtlarda sevdiyi dörd qadının xüsusiyyətlərini bura köçürmüşdü.

Yeri gəlmişkən, Marina Svetayeva ilə Pasternakın sevgi münasibətlərindən də çox danışırlar, amma münasibət nə qədər atəşli olsa da, yalnız kağız üzərində idi, onlar illər sonra görüşəcəkdilər. O zaman ki artıq heç nəyin əhəmiyyəti yox idi. Hiss qalmamışdı, perspektiv yox idi. Onlar ömrü boyu dost qaldılar.

Milli.Az

Məhəmməd İqbalın “Cavidnamə” əsərində Eşq – Bəsirə ƏZİZƏLİ

“Eşq ruhuma görmə zövqü, dilimə danışmaq cəsarəti verdi” deyən Pakistanın görkəmli şair və filosofu, islam alimi Məhəmməd İqbalın yaradıcılığı bir sıra mühüm cəhətləri ilə səciyyəvi olmuşdur. Şərq və Qərb mədəniyyətini dərindən bilən M.İqbalın dünyagörüşündə islam dini, eşq fəlsəfəsi, kamil insan və mən konsepsiyası, həyatın praktik qavramı vəhdətdə ifadə edilmişdir. M.İqbal XX əsrdə müsəlmanların maddi-mənəvi inkişafı, Şərq və Qərb arasındakı münasibətlərin sülh və tolerant dəyərlər əsasında qurulmasının tərəfdarı kimi çıxış edirdi. M.İqbalın eşq fəlsəfsi, Şərq və Qərb mədəniyyətinə səslənişi, Şərqin inkişafı, müsəlman dünyasının tərəqqisi, islam dininin ucalığını göstərən əsərləri arasında “Cavidnamə” əsəri xüsusi yer tutur. Filosof şairin 1929-1932-ci illər arasında yazdığı “Cavidnamə” mənzuməsi XIII-XIV əsrlərdə yaşamış məşhur italyan şairi Aligyeri Dantenin “İlahi komediya” əsərinə nəzirə və oğlu Cavidə müraciətlə yazılmışdır.

Əsərin quruluşu, qəhrəmanları, M.İqbalın istinad etdiyi mənbələr, fəlsəfəsi Pakistan şairinin bədii konsepsiyasındakı ilahi eşq və bəşəri dəyərlərdən xəbər verir. Oğlu Cavidin simasında gənc nəslə müraciətlə yazılan əsərin irəli sürdüyü ideyaların önəmli bir tarixi mərhələdə yazılmasına baxmayaraq, gələcək üçün də aktual olacağı əsərin adından da bəlli olur. Çünki “Cavid” sözü “əbədi, daimi, qalıcı, ölümsüz” mənalarını ifadə etməkdədir. 86 il sonra əsəri oxuduğumuzda bu fikirlərin doğru olduğunun bir daha şahidi oluruq. M.İqbal özü də əsərdə yazır:

Qədim pirlərdən ümudini kəsən mən

Bir az bəhs edəcəyəm gələcək günlərdən.

Çağdaşı olduğu zamanın çərçivəsi ilə məhdudlaşmayıb gələcəyə səslənən şairlərin millətlərin tarixində mühüm rol oynadığını yazan M.İqbal onları peyğəmbərlərin varisləri hesab edir:

Şairin amacı əgər insan yaratmaqdırsa,

Şairlər də varisidir peyğəmbərlərin.

M.İqbal da cəmiyyətin inkişafı, müsəlman millətlərinin oyanışı, Şərq və Qərb arasındakı münasibətlərin düzgün qurulmasında şair-filosof kimi yaxından iştirak etmiş, şairi olmayan milləti “torpaq yığını” adlandıraraq, şairlərin daim axtarışda olduğunu göstərmiş, Haqqın “göz, könül və söz” verdiyi şairlərin varlığın sirli pərdəsinin qaldırılmasındakı rolundan bəhs etmişdir.

Əsərdə peyğəmbərin meracı məsələsinin önəmli yer tutması, böyük türk və islam şairi Mövlana Cəlaləddin Ruminin əsərdə əsas qəhrəman kimi seçilməsi, italyan şairi Dante və alman şairi Hötenin təsiri, İqbalın əsərdəki adının – Zinderudun İsfahandakı məşhur bir irmağın adını daşıması, Şərq və Qərb dünyasının məşhur simalarının ruhları ilə söhbətlərin verilməsi böyük məna kəsb edir. Bu M.İqbalın zəngin dünyagörüşü, tolerant düşüncəsi, sevgi, barış və sülh arzularından irəli gəlirdi.

Mövlana Abdussalam Nadavi əsərin yazılmasından bəhs edərkən önəmli bir məqamı qeyd edirdi: “Dr. İqbal uzun zamandır ki, Hz. Peyğəmbərin sirr və gerçəkləri ilə bağlı bir kitab yazmağa hazırlaşırdı və yeni “Gülşəni-Raz”da olduğu kimi müasir elmlərin işığında Meracın şərhini vermək, bir növ Yeni Meracnamə qələmə almaq istəyirdi. Lakin o ərəfədə ünlü italyan şairi Dantenin “İlahi komediya”sı haqqında Avropada yayılan fikirlərdən, əsərin içindəki hadisələrin Hz. Məhəmmədin Meracına dayandığı, ya da sonrakı ədib və mütəsəvviflərin əsərlərindən alındığı kimi önəmli fikirlər ortaya çıxdıqdan sonra İqbal onları nəzərə alaraq “Cavidnamə”ni yazmışdır”. Bu baxımdan da əsər bir nəzirə kimi meydana çıxsa da, M.İqbalın orijinal fikirlərini əks etdirməkdədir.

İslam düşüncəsinə sahib, Qərb elmini və dünyasını yaxından bilən M.İqbal “əvvəlki dövrlərin fitnə dönəmində Mövlana vardı, son çağın fitnə dönəmində mən varam” deyərək “Cavidnamə” əsərində Mövlananın izi ilə göyə qalxır, Allahın hüzuruna çıxır və təcəllisini görür. İqbal Mövlananın bələdçiliyi ilə Ay və ulduzlardan keçərək Tevasin vadisinə gəlir, sonra Merkuri, Venera, Mars, Yupiter və Saturn planetlərini gəzir, bir çox məşhur simaların ruhları ilə rastlaşır və söhbət edir. Bu əsərdə M.İqbalın eşq fəlsəfəsi və Şərq-Qərb münasibətlərinə baxışı ön plandadır. M.İqbal əsərin ilahi dünya ilə bağlı olduğunu belə ifadə etmişdir:

Sözlərim gəlir başqa bir aləmdən

Bu kitab gəlir başqa bir göy üzündən.

Əsərin “Yalvarış” hissəsində M.İqbal eşqdən məhrum olan “ağıllı dünyanın” fəlakətlərindən qorunmaq üçün eşqə dönüşü, insanın mənəvi başlanğıcına sadiqliyini arzu edir. “Ağıl müasir çağ üçün bir ayaq bağıdır” deyən İqbal elm və eşqi müqayisə edir:

Elm cəhd ilə məqamına yetişir

Eşqin köşkü yuxusuz könül olur.

Elm eşqdən nəsibini almayınca

Düşüncəyə səhnə olmaqdan

başqa məqsədi nədir?

M.İqbalın eşq konsepsiyasının mərkəzində Allah sevgisi dayanır, şair və filosof belə hesab edir ki, Allahı sevən hər kəs bütün insanlığı da, varlıqları da sevər:

Haqqın camalına sevdalanan hər kişi

Bütün varlıqların əfəndisi olar, şübhəsiz.

M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən bəhs edir, şair bunu özünəməxsus şəkildə Mövlananın sözləriylə üç şahid kimi təqdim edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur, insan öz nuru ilə, ilk növbədə, özünü dərk etməlidir. İkinci şahid, başqasının şüuru, başqasının nuru ilə özünü görməkdir. Üçüncü şahid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal belə hesab edir ki, həyatın məqsədi, məhz, bu sonuncu Mənlik məqamına yetişməkdir:

Mənlik məqamına yetişməkdir həyat

Haqq zatını pərdəsiz görməkdir həyat.

Mömün sifətlərə bağlanıb qalıb

Mustafa razı olmadı qeyrisinə.

Nədir merac? Şahid olmaq arzusu.

Şahidlə üz-üzə bir imtahan faktı.

“Cavidnamə” əsərində M.İqbal Mənlik məqamına qovuşmaq üçün meraca yüksəlməyi, üç şahid mərhələsindən keçməyi vacib sayır. Əsərdə birinci şahid Zinderud adı ilə təqdim edilən müəllif, ikinci şahid Mövlana Rumi, üçüncü şahid isə Haqqdır.

Rumi M.İqbalın mənəvi mürşidi olmuşdur. Əslində üç şahid fikrinin ideya mənbəyi həm də Mövlananın digər sözləridir. Hələ əsərin əvvəlində “Mövlana” bölümü təqdim olunarkən M.İqbal dahi şairin sözlərindən nümunə ilə başlayır:

İnsan gözdür, gerisi dəri,

Göz dediyin dostu görməli.

Görmə bacarığında ərit bütün bədənini

Görməyi bil, görməyi bil, görməyi”.

Burada üç dəfə təkrar olunan “görməyi bil” sözünün ifadə etdiyi mənanı M.İqbal “Cavidnamə” əsərində üç şahid kimi təqdim etmişdir. Ona görə də İqbal “Göz bəsirətli isə hər şey görülməyə dəyər, Göz tərəzisində dartılmağa dəyər, Rumi haraya aparsa, get, bir müddət ondan başqasını unut – deyir”. Əsərdə İqbal “Ariflərin dini nədir” sualına da “Görməkdir” deyə cavab verir.

Eşq M.İqbal fəlsəfəsinin əsasında dayanır. M.İqbal “eşq kamilləşəndə insan belə yarada bilər” düşüncəsinə sahib filosof şairdir. Eşq, İqbala görə, həm dünyanın dərki, həm Allaha gedən yol, həm də həyat tərzidir. İslam alimi və mütəsəvvif olaraq M.İqbal ilahi eşqi uca tutduğu kimi, çağdaşı olduğu zamanın həyat tərzində də eşqin, sevginin rolunu yüksək qiymətləndirir. Mütəfəkkir şairə görə, eşq qərblinin fikrində yaşam sistemi, şərqlinin nəzərində isə kainatın sirridir. Şair eşq və ağılın vəhdətini qəbul edir, ona görə ağıl, məhz, eşq sayəsində Haqqı tanıyır, eşq ağılla birlikdə olarsa, yeni bir aləm yaradar. Şair qəlbi eşqlə zəngin insanların öz təsirini gücləndirmək üçün bir ağıl gücünə də ehtiyacı olduğunu irəli sürür. Ona görə də M.İqbalın düşüncəsində Şərq və Qərbin yüksək dəyərləri sintezdə təqdim olunur. İnsanın ucalığını ifadə edərkən də İqbal eşqə sahib insanı yüksək məqamdan dəyərləndirir:

Dünya insanoğlunun içinə sığar amma

İnsanoğlu sığmaz bu dünyaya.

Burada dahi Azərbaycan şairi Nəsiminin təsiri aydın şəkildə duyulur:

Məndə sığar iki cahan,

mən bu cahanə sığmazam,

Gövhəri laməkan mənəm,

kövnü məkanə sığmazam.

Görünür ki, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri kimi Azərbaycan şairlərinin əsərlərindən bəhrələnən M.İqbal Nəsimi yaradıcılığına da bələd olmuşdur.

M.İqbala görə, eşq dindir, şair çağdaşı olduğu dövrün dinsiz, eşqsiz təhsilini qəbul etmir və söyləyir:

Həyatın qanunu, adəti eşq

Din mədəniyyətinin əslidir və dindir eşq.

Eşq və elm məsələsi “Cavidnamə” əsərində mühüm yer tutur. M.İqbala görə, eşq və elm yaşamın məqamlarıdır. Elm araşdırmalardan əldə edir zövqü, eşq isə yaratmaqla ləzzət alır. Şair belə hesab edir ki, araşdırmaçı etdiklərini göstərməyi, eşq isə xəlvətə çəkilməyi sevir. M.İqbal “Quran”a istina edərək elm kəsb etməyin çox vacib olduğunu söyləyir, eyni zamanda, insan qəlbini Haqqa bağlayan ən önəmli vasitə olan eşqsiz elmin faydasızlığını ön plana çəkir:

Qəlb Haqqa bağlanırsa, peyğəmbərlik

Haqqdan uzaq qalırsa kafirlik olar.

Qəlb atəşindən uzaq elm, şeir

İşığı, dəniz və qurunu qaranlıq edər.

M.İqbal elmin gücü ilə yaradılmış bombaların Avropanın əli ilə törətdiyi qırğınları, fəlakətləri, elm və texnikanın nailiyyətlərini millətləri istismar etməyə yönəltmiş müstəmləkəçiləri nümunə göstərərək, elmin eşq ilə iblisdən uzaqlaşacağını, Haqqın ədalətinə qovuşa biləcəyini dönə-dönə söyləyir:

Elmdə eşq olmazsa, batil bir elm olur

Eşq varsa elmdə illahi kimliyə qovuşur.

Ağıl bir ox, yolunu itirmiş

Aç korun gözünə göstər Haqq camalını.

M.İqbal yeni dünyanın şərtlərini, eşq konsepsiyasını, Şərq və Qərb arasındakı münasibətləri “Quran”a dönməkdə, özünü dərk edən insanın öz mənəvi dünyasında Allahın təcəllisini görməkdə görür. “Cavidnamə” əsərində Osmanlı sədrəzəmi Said Halim paşanın dilindən söyləyir:

Müsəlmanlar kimi qəlbin varsa,

Öz içinə bax və bir də Qurana.

Onun ayətlərində yüzlərcə yeni dünya

Əsrlər dolanmış onun hər anına!

Onun bir dünyası çağımıza bədəl

Göksündə duyan könül varsa gəl!

M.İqbalın düşüncələrinin mərkəzində eşq ilə kamilləşən insan dayanır. Şair insanlıq məqamının göylərdən uca olduğunu, insana hörmətin mədəniyyətin əsasında dayandığını dönə-dönə qeyd edir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.