Press "Enter" to skip to content

Cumhuriyyətimizin Gəncə dövrü – Tarixi Faktlar – FOTO

X əsrin əvvəllərində Azərbaycanın şimalında Xəzər xaqanlığının getdikcə zəifləməsi şəraitində bölgədə gəmiçiliklə məşğul olan, xəz dərilərini “isti ölkələrin” tacirlərinə satan, İdil çayını asanlıqla keçib Xəzər dənizi sahillərində quldurluq edən, əhalini soyub-talayan ruslar ərazilərimizdə görünməyə başladılar. Rusların 909-910-cu illər, 914-cü il quldur basqınları Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və hər il yüzlərlə ticarət karvanının gəlib-getdiyi bir mərkəz rolunu oynayırdı. Mərzban ibn Məhəmməd doğma şəhərini ruslardan xilas etmək üçün dərhal qoşunla hərəkətə keçib Bərdəni mühasirəyə aldı. Şəhərin içində əhali ilə, şəhər ətrafında isə Mərzbanın qoşunu ilə savaşda ağır itkilər verən ruslar Bərdəni tərk edib geri qayıtmağa məcbur oldular. Ancaq kafir rusların Bərdəyə bu basqını qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. “Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur.

TARİX İNSTİTUTU

Bakıdan 363 km qərbdə Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu olan Gəncəçayının hər iki sahilində Bakı-Tiflis dəmiryolu üzərində yerləşən Gəncə şəhəri Azərbycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Şəhərin adı bəzi qaynaqlarda “gen yer” mənasında izah olunur. Rəvayətə görə şəhərin adının “xəzinə” kimi də izahı vardır. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu şübhəsizdir. 730-cu ildə ərəb-xəzər döyüşlərində xəzərlərin keçdiyi şəhərlər içərisində Gəncənin də adı çəkilir. Həmdullah Qəzvini şəhərin 659-660-cı illərdə, M.Kalankaytuqlu isə 846-847-ci illərdə ərəblər tərəfindən inşa edildiyini göstərmişlər. Dədə Qorqud dastanında Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində Bəkil oğlu İmranın mülkü olaraq Gəncənin də adı çəkilir. Əl-İstəxrinin verdiyi məlumata görə, Gəncə şəhəri ərəb fəthlərinin ilk dövrlərində Bərdədən Tiflisə gedən yolda kiçik bir şəhər vəziyyətində idi. X əsrdən (944-cü ildən) Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən onun yerini X əsrin II yarısında Arran vilayətinin mərkəzinə çevrilən Gəncə tutdu. Bərdə-Tiflis yolu üstündə yerləşən Gəncə bölgənin yalnız siyasi həyatında deyil, ticarətində də fəal iştirak etməyə başladı. Şəhəri əhatə edən qalınlığı orta hesabla iki metrə çatan üç cərgə qala divarları iri sənətkarlıq və gur ticarət mərkəzi kimi əhəmiyyəti günü-gündən artan Gəncənin sürətli inkişafını təsdiq edir. Köhnə Gəncənin ərazisində qazıntı aparmış arxeoloqlar müəyyən etmişlər ki, üç cərgə divarların qalıqları ilə əhatə olunmuş şəhərgahın sahəsi təqribən 250 hektara, ümumi sahəsi 9-10 kvadrat kilometrə yaxın olmuşdur. Bununla yanaşı, şəhərgahda aşkara çıxarılmış maddi-mədəniyyət qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi kimi VI-IX əsrlərə deyil, daha dərin dövrlərə aid edir. IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda müstəqil feodal dövlətləri olan Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhərinə çevrilmişdir. Şəddadi hökmdarı Fəzlin (895-1030) dövründə Gəncə ən güclü, tərəqqi dövrünü yaşamışdır. Bu dövrdə Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlamışdı. Şəhərin həyatında sənətkarlıq və ticarət mühüm yer tutmuşdur. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdi. Gəncə paytaxt şəhər kimi əsas diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları daha da möhkəmləndirilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu məşhur Gəncə darvazalarını düzəltdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Zəkəriyyə əl-Qəzvini Gəncədə monqol basqınınadək ipək emalının belə təsvir edir: “Şəhərin özündə arx var, ona iki yolla düşürlər: bunlardan biri Bab əl-Məqbərə (Qəbiristan darvazası), digəri isə Bab əl-Bərdə (Bərdə darvazası) yanındadır. Adamlar Bab əl-Məqbərə yanında su götürərək, ipəyi burada emal edirdilər, bundan sonra onun qiyməti Bab əl-Bərdə yanındakı suda yuyulmuş ipəyin qiymətinə nisbətən baha olur. Suyu Bab əl-Məqbərədən götürüb, Bab əl-Bərdəyə aparanda, bundan bir şey çıxmır, əksinə edəndə, çox gözəl alınırdı”. Gəncədə pambıq parçalarla yanaşı, atlas, zərxara kimi bahalı parçalar istehsalı inkişaf etmişdi. Bu şəhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, “əl-Gənci” və “əl-kutni” (pambıq) adlanan paltarlara ölkədə və onun hüdudlarından kənarda geniş təlabat vardı. XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətinə yönəltdi. XI əsrin ortalarında Şəddadi hökmdarı Şavur səlcuqlara qarşı göstərilən müqavimətin mənasız olduğunu görərək I Toğrulun vassalı olmağa razılıq verdi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısı Buğanı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. O dövrdə Yaxın Şərqin ən iri ticarət-sənətkarlıq mərkəzlərindən biri olan Gəncənin inkişafı üçün əlverişli şərait yaranmışdı. Gəncənin daha intensiv inkişafı Şəddadi hökmdarı Əbuləsvar Şavurun hakimiyyəti dövrünə (1049-1067) təsadüf edir. Qətran Təbrizi o dövr Gəncəsini belə qələmə almışdı: “İndi Gəncə sanki Cənnəti xatırladır”. XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər və gürcülərin “daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Dövrün tarixçisi İbn əl-Əzraqın “Məyyəfariqinin tarixi” əsərində xəbər verdiyi kimi, birinci zəlzələ 1122/23-cü illərdə baş vermişdi. O zaman, şəhərin bir hissəsi batmış, divarları isə uçmuşdu. Qarışıqlıqdan istifadə edən gürcü hökmdarı David şəhər basqın edərək, salamat qalmış sakinlərini əsir aparmış, şəhəri qarət etmişdi. Bu hadisədən sonra şəhərin mühüm iqtisadi və strateji əhəmiyyəti nəzərə alınaraq, Gəncənin dağıdılmış təsərrüfatı tezliklə bərpa edilmiş və o yenidən Yaxın Şərqin gur şəhərlərindən birinə çevrilmişdi. Lakin 17 il sonra – 1139-cu il sentyabrın 30-da baş verən yeni zəlzələ şəhərin vəziyyətinə daha ağır təsir etmişdi. İbn əl-Əsir yazır ki, “Gəncədə, eləcə də Azərbaycan və Arranın başqa nahiyələrində zəlzələ oldu. Lakin Gəncədə baş verən zəlzələ ən güclüsü idi. Onun bir çox evləri dağılmış, saysız-hesabsız sakinləri məhv olmuşdu”. Əl-Bundarinin məlumatına görə, baş vermiş zəlzələ “şəhəri elə məhv edib dağıtdı ki, sanki o heç vaxt olmamışdı”. Hadisələri öz gözləri ilə görmüş alban tarixçisi gəncəli Mxitar Qoş bu hadisəni belə təsvir edirdi: “Areq ayının 18-ci günündə, cümədən şənbəyə keçən gecə (şənbə 30. IX. 1139) Allahın qəzəbi dünyanı tutdu. Yerin dəhşətli qeyzlə hərəkətə gələn coşğunluğu və böyük dağıntı Albaniyanın torpağına da yetişdi. Nəticədə, onun paytaxtı Gəncə də cəhənnəmin girdabına atılaraq, öz sakinlərini uddu”. Zəlzələ nəticəsində Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Mənbələr (İbn əl-Əsir və b.) Gəncə zəlzələsi zamanı 230 min adamın ölməsi haqqında məlumat verirlər. Hətta əl-Bundari bu rəqəmin 300 min olduğunu qeyd edir. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycanın mirvarisi sayılır. Fürsət gözləyən gürcü çarı I Demetr dağılmış şəhərə basqın edib onun salamat qalmış sakinlərini soyub-taladıqdan və bir qismini qırıb-çatdıqdan sonra, minlərlə əsir götürmüş, indi də bir tayı Kutaisi yaxınlığındakı Gelati monastrında saxlanılan məşhur Gəncə qapılarını da özü ilə aparmışdır. Çox keçmədən sultanın canişini Qara Sunqurun tələsik gəlmiş qoşunları gürcüləri darmadağın edərək, şəhərdən çıxarmışdır. Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmişdi. XII əsrdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri olmuşdur. Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175 ) və Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi və iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi tanınmış şair və mütəfəkkirlər yaşamışlar. XII əsrdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri olmuşdu. Gəncədə gözəl və yaxşı silahlar düzəldilirdi. Şəhərdə ən çox satılan mallardan biri silahlar idi. Gəncə əhalisi həmişə özü ilə silah gəzdirirdi. Onlar cəsur döyüşçü və mahir oxatan idilər. Gəncədə sənətkarlar çox idi. Onlar sənət növü üzrə birləşir, öz birliyini yaradırdılar. Sənətkarlar öz peşələrinin adını daşıyan məhəllələrdə yaşayırdılar (məsələn, zərgərlər məhəlləsi və s.). Şəhərdə müxtəlif cür dulusçuluq məhsulları da hazırlayırdılar. Gəncədə ipəkqurdu bəslənilməsi də geniş yayılmışdı. Gəncə ətraf rayonlarla birlikdə Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Buradan başqa ölkələrə atlas, xam ipək, zərxara, iplik və ipək parça, «Əl Gəncə» adlanan xüsusi paltar aparırdılar. Gəncə bazarı çox gur olurdu. Ətraf kəndlərdən gələnlər burada meyvə, bostan məhsulları, mal-qara, qoyun və s. satır, özlərinə lazım olan sənətkarlıq məhsulları alırdılar. Azərbaycanın başqa yerlərindən buraya tacirlər mal alıb-satmağa gəlirdilər. Gəncə Azərbaycanın və Yaxın Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Burada bütün şərqdə məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər fəaliyyət göstərmişdir. Azərbaycanın ərazisi aramsız olaraq bir – birinin ardınca yadelli hücumlarına məruz qalmış və Gəncə şəhəri də bu basqınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır. 1221-ci ildə Gəncə monqolların hücumuna məruz qaldı. Lakin şəhər hakimi xərac verərək şəhəri dağıtıdan xilas etdi. 1225- ci ildə isə Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşü zamanı şəhər hakimi Cəmaləddindən şəhəri təslim ala bilmişdir. 1231-ci ildə Cəlaləddinin yeritdiyi siyasətə qarşı usta Bəndərin başçılığı altında şəhər əhalisinin güclü üsyanı baş verdi. Hərbi hiylədən istifadə edən Cəlaləddin üsyanı amansızlıqla yatıra bildi. Monqolların Azərbaycana ikinci yürüşü zamanı digər şəhərlərimiz kimi Gəncə də ciddi müqavimət göstərdi. Yalnız monqollar 1235-ci ildə şəhəri ələ keçirərək tamamilə dağıtdılar. XIV əsrdə Cəlairilərin, XV əsrin əvvəllərində isəAzərbaycan Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilmişdir. Ağqoyunlular dövründə (1468- 1501) Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarçiliyində olmuşdur. Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu. 1804-cü ildə Gəncə çar Rusiyası tərəfindən işğal olunana qədər həmin ərazinin idarəçiliyi Ziyadoğulların əlində qalmışdır. XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri zamanı Gəncə şəhəri dağıdıldığı üçün Şah Abbas tərəfindən Gəncə şəhəri əvvəlki yerindən bir fərsəx (təxminən 6 km) aralıda yenidən salınmışdır. 1647-ci ildə Evliyə Çələbi Gəncəni 6000 evi, 20 min əhalisi, qala və imarətləri, hamamları, bağ və bağçaları olan şəhər kimi təsvir edir. Şəhərdə XIV- XV əsrlərə aid İmamzadə türbəsi, XVII əsrə aid Cümə məscidi indi də qalmaqdadır. 1703-cü ildə Gəncədə olmuş hollandiyalı rəssam Korneli de Bruyin yazırdı: “ Gəncə Şamaxıdan dörd dəfə böyükdür. Şəhərdə əksəriyyəti iki mərtəbədən ibarət olan daş evlər, yaraşıqlı enli küçələr, böyük karvansaralar bəylərbəyinin əzəmətli sarayı vardır. Şəhərin ortasından qəşəng çay axır, burada çoxlu bağ vardır, yaxşı şərab hazırlanır, meyvəsi boldur… bura Azərbaycanın ən böyük şəhərlərindəndir”. Gəncənin ətrafı təbii zənginliyi ilə fərqlənirdi. Burada dəmir, qurğuşun, mineral duz yataqları mövcud idi. Məhz bu zənginlik Gəncə şəhərində sənətkarlığın müxtəlif növlərinin inkişafı üçün zəmin yaratmışdır. XVIII əsrin 20-ci illərində Gəncə şəhəri Osmanlı və çar Rusiyasının hücumlarına məruz qaldı. Bu şəhərin inkişafına mənfi təsir göstərdi. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Gəncə şəhəri müstəqil Gəncə xanlığının mərkəzi olmuşdur. Gəncə təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda gözəl və böyük şəhərlərdən sayılırdı. Bağlı-bağatlı və yaraşıqlı küçələri olan Gəncə şəhəri yaşıllıqlara bürünmüşdü. Səyyah Avril Filip Gəncəyə gəlişini belə təsvir edir: “Biz oraya (Gəncəyə) baharın ortalarında gəldik, saysız-hesabsız çiçəkli və yarpaqlı ağaclarla örtülən evləri yaşıllıq daha da gözəlləşdirirdi, mən belə bir valehedici mənzərə görməmişəm”. Gəncə eyni adlı xanlığın paytaxtı olandan sonra dəfələrlə Kartli-Kaxeti çarlarının hücumlarına məruz qalmışdır. Gəncəli Cavad xan Ziyadoğlu xanlığın idarəsini ələ aldıqdan sonra bu hücumların qarşısı bacarıqla alındı, xanlığın mövqeyi xeyli möhkəmləndirildi. Lakin XIX əsrin başlanğıcında Azərbaycan xanlıqlarının işğalına başlayan general Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir”. Cavad xan general Sisianovun haqsız tələblərini qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə xanlığı işğal edilərək ləğv olundu və hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi. I Aleksandrın arvadının şərəfinə Yezavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edildilər. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticarət əlaqələri yaratmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən də 1883-cü ildə Bakı – Tiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi və mədəni mərkəzə çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. 1897-ci ildə Gəncə şəhərində 33.6 min əhali yaşayırdı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm dəmiryol daşımaları, şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi. 1900-ci ildə Gəncədə 1425 sənaye müəssisələri fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində Gəncə şəhəri Azərbaycanın ikinci ticarət-sənaye mərkəzi idi. 1914-cü ildə şəhərdə hər birinin istehsal gücü 180 rubla çatan 8 pambıq emalı zavodu, 3 spirt və konyak zavodu, 37 çaxır istehsalı müəssisəsi, meyvə şirəsi, biyan kökü emal edən 23 zavod, 5 gön-dəri müəsssisəsi, tütün fabrik, kərpic zavodu və s. müəsssisələr var idi. Şəhərin ticarət dövriyyəsi 14-16 mln. rubla çatırdı. 1914-cü ildə şəhərdə 2.129 müəsssisə fəaliyyət göstərirdi. Gəncədən Moskva və Lodza pambıq emalı zavodlarının məhsulu, rusiyanın mərkəzi şəhərləri və Sibirə təzə meyvə, çaxır ixrac olunurdu. Gəncənin xariclə ticarətində İran mühüm yer tuturdu. İrana əsasən taxıl və heyvandarlıq məhsulları ixrac olunur, oraya yerli məhsullarla yanaşı, Rusiyadan gətirilmiş mallar da yola salınırdı. Gəncə eyni zamanda böyük dəmir yol şəbəkəsi idi. 1883-cü ilə nisbətən 1913-cü ildə Gəncə stansiyasına gətirilən malların miqdarı 15 dəfə, buradan göndərilən malların miqdarı isə 20 dəfə artmışdı. 1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. 1920-ci ilin 28 aprelində AXC Sovet Rusiyası tərəfindən işğal edilən zaman Gəncə şəhəri Azərbaycanda bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının mühüm mərkəzinə çevrilmişdi. May ayının 25-26-da Gəncədə general Cavad bəy Şıxlınski, general Məmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımzadənin başçılığı altında yeni hökumətə itaətsizlik göstərən Azərbaycan Milli ordusunun üsyanı başladı. Üsyançılar şəhərdəki XI Qırmızı ordu hissələrini tərksilah edərək dəmir yol stansiyasına nəzarəti ələ aldılar. Mayın 27-də XI Qırmızı ordunun və erməni dəstələrinin həmlələri dəf edildi. Düşmən böyük itki verib geri çəkildi. Bunu görən bolşeviklər Gəncə üzərinə yeni hərbi qüvvələr göndərdilər. Mayın 28-də M.Q.Yefremovun komandanlığı altında 18-ci süvari və 20-ci atıcı diviziyaları şəhərə hücuma keçdilər. Şəhər aramsız top atəşinə tutuldu. Üsyançılar şəhəri böyük mərdliklə müdafiə edir, düşmən hücumlarını rəşadətlə dəf edirdilər. Mayın 29-da XI Qırmızı ordu hissələri Şimal və Şimal-qərb istiqamətindən şəhərin ucqar məhəllələrinə girə bildilər. Döyüşə yeni qüvvələr gətirən XI Qırmızı ordu hissələri mayın 31-də şəhərə daxil oldu. Hər küçə, hər dalan və hər ev uğrunda ölüm-dirim döyüşləri başlandı. Fürsətdən istifadə edən ermənilər də azərbaycanlıları qırırdı. Onlar xeyli adamı Ozan məscidinə yığaraq yandırmışdılar. Ermənilər üç gün şəhəri qarət etdilər. Güclü müqavimətə baxmayaraq mayın 31-də axşam çağı şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyanın yatırılması zamanı milli ordunun 6 generalı, o cümlədən general-mayor C.Şıxlıncki, general-mayor Məmməd Mirzə Qacar qətlə yetirildi, 76 nəfər zabit və əsgər Nargin adasına aparılaraq güllələndi. Bəzi məlumatlara görə, XI Qırmızı ordu tərəfindən 8800, üsyançılar tərəfindən isə 13 min nəfər öldürülmüşdü. Bolşeviklərin 31 may qətliamı nəticəsində Gəncə şəhərində əhalinin sayı yarıba-yarı azaldı. 1923-cü ilin məlumatlarına görə, şəhərdə 38 min əhali yaşamışdı. Gəncə üsyanının Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri vardır. O, Azərbaycan xalqında istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə daxil olmuşdur. Bu müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri üçün örnək rolu oynadı. 1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad qoyuldu. Yalnız 1989-cu ildə şəhərin doğma adı özünə qaytarıla bildi. 1941-1945-ci illər müharibəsində 25.643 nəfər Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant İsrafil Məmmədov Novqorod şəhəri yaxınlığında Pustınka kəndi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycanlıdır. 1946-1950-ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də repressiya, həbslər, deportasiya dalğası bürümüşdü. Müstəqillik illərində Gəncə şəhəri Respublikanın Bakı və Sumqayıt şəhərlərindən sonra ağır, yüngül və yeyinti sənayesinin inkişaf etdiyi böyük sənaye mərkəzinə çevrildi. 90-cı illərin sonunda Gəncənin 22 sənaye müəssisəsində 400 çeşiddə xalq istehlakı malları istehsal edilirdi. 2012-ci ilin yanvar ayında Gəncədə alüminium istehsal edən zavod açılıb. Yeni açılan “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin edilib. İşçilərin orta aylıq əməkhaqqı 450 manatdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllimi (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş müəllim. ) olan dört dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Mənbələr və ədəbiyyat.

  • Azərbaycan tarixi. Yeddi cilddə. 1-7-ci cildlər. Bakı, 1998-2003.
  • Баладзори. Книга заования стран/пер. П.К.Жузе. (Материалы по истории Азербайджана. Об-во по изучению Азерб.). Баку, 1927.
  • Джафарзаде И.М. Историко- археологический очерк старой Ганджи. Баку, 1949.
  • Qoş Mxitar. Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şərhlər Ziya Bünyadovundur. Bakı, 1993.
  • Йагут ал-Хамави. Муджам ад-булдан. (Сведения об Азербайджане). /Пер. с арабского З.М.Бунтятова и П.К.Жузе. Баку, 1983.
  • Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136-1225). Bakı, 1985.
  • Muradov V. Orta əsr Azərbaycan şəhərləri. Balı, 1983.
  • Əliyev F. Şimali Azərbaycan şəhərləri (XVIII əsrin ikinci yarısında). Bakı, 1960.
  • Альтман М.М. Исторический очерк города Ганджи. Баку, 1949.
  • Ахмедов Г.М. Города Азербайджана эпохи Низами. Баку, 1991.

Cumhuriyyətimizin Gəncə dövrü – Tarixi Faktlar – FOTO

Azərbaycan Xalq Cumhuriyyəti deyəndə ilk ağıla gələn şəhər Gəncə olur. Ölkənin ikinci böyük şəhəri yeni təşəkkül tapmış dövlətimizin – 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin ilk addımlarına ev sahibliyi edib.

BAKU.WS xəbər verir ki, həmin ilin 16 iyun tarixində Xalq Cumhuriyyəti Tiflisdən Gəncəyə köçür və fəaliyyətini indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında davam etdirir. Bakının bolşevik-daşnak dəstələrinin nəzarəti altında olması səbəbindən Gəncənin payxat elan edilməsi zərururəti yaradır.

Həsən bəy Ağayev, Xudat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmdov kimi Cumhuriyyət qurucularının təklifi ilə Gəncə paytaxt elan edilir. Ümumiyyətlə Azərbaycan Xalq Cumhurriyyətinin Gəncədəki 3 aylıq zaman kəsiyində bir çox vacib qərarlar qəbul edilir. Məhz bu zalda keçirilən toplantılarda müstəqilliyimizin qurucuları, baniləri tərəfindən Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması kimi çox böyük əhəmiyyət kəsb edən qırarlar qəbul olunur,tarixi sənədlər imzalanır Xalq Cumhurriyyəti dönəmində Gəncənin tarixi adı özünə qaytarılır.

Azərbaycan Xalq Cumhuriyyət tarixinin ilk mətbu orqanı “Azərbaycan Hökümətinin Xəbərləri” adlı nəşri işıq üzü görür. Bundan əlavə Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi də Gəncədən başlanır. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində bütün tarixi hadisələrini özündə əks etdirən fotolar, ilk dövlət xəritəmiz, müstəqillik bəyannaməmiz tarixi fakt kimi qorunur. Сumhuriyyət dövrünü əks etdirən muzey fəaliyyət göstərir.

Azərbaycan 9-11-ci əsrlərdə

Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çaymadək olan Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Heysamın mənsub olduğu Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ük nümayəndəsi oldu. Məzyədilər sülaləsi Şirvanşahlığı 861-ci ildən 1027-ci ilədək idarə etmişlər. Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar tikdirdi, Dərbənddə yerləşən və dinsizlərə qarşı mübarizə aparan döyüşçülərin ərzaqla təminatını yaxşılaşdırdı. O, əhaliyə münasibətdə ədalətli siyasət yeritməyə çalışırdı. 915-ci ildə hakimiyyətə gəlmiş Əbu Tahir Şirvanın sərhədlərini cənubda Kür çayına, şimalda Dərbəndədək genişləndirdi. 917-ci ildə Lahicanşahlığı dövlətinə birləşdirdi, 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxını bərpa etdirərək paytaxtı bura köçürtdü. Əbu Tahir və onun varislərinin hakimiyyəti dövründə Şirvanşahlığın ərazisi xeyli genişlənmişdi. Azərbaycanın şimalındakı bir sıra mülklər bir-birinin ardınca Şirvanşahlığa birləşdirilmişdi.

Şirvanşah Məhəmmədin qoşunları 981-982-ci illərdə Qəbələni, 982-983-cü illərdə Bərdəni, 983-984-cü illərdə Şabranı ələ keçirtmişdi. Şirvanşah qədim Şabran şəhərinin yenidən qurulması üçün inşaat işlərinə başlamış, qala divarlarını yenidən tikdirmişdi. Xilafətin tənəzzülü şəraitində Azərbaycanın çox mühüm strateji bölgəsində Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb köklü Haşimilərin idarə etdiyi Dərbənd əmirliyinin 988-ci ildə Şirvanşahlığa birləşdirilməsi çox böyük hadisə idi. Qədim türk yurdu olan və mənbələrdə “Dəmir qapı” adlandırılan Dərbənddə Şirvanşahlar böyük quruculuq işlərinə başladılar. Dərbənd səddi və şəhərin qala divarları təmir edilərək möhkəmləndirildi. Dərbənddən sonra Xursan və Tabasaran torpaqları da Şirvanşahlığa birləşdirilmiş, Şəki və Sənariyyə hakimləri isə Şirvanşahlıqdan asılı vəziyyətə salınmışdı.

Azərbaycanın şimal-şərq torpaqlarında Şirvanşahlığın yaranması və möhkəmlənməsi tariximizin o dövrü üçün çox böyük siyasi hadisə hesab olunur. Vətənimizin bir hissəsində VIII əsrin əvvəllərində ərəblər tərəfindən məhv edilmiş dövlətçiliyimiz Şirvanşahlığın yaranması ilə bərpa olunmuşdu. Şirvanşahların ölkəmizin şimal sərhədlərinin qorunması üçün atdığı addımlar rus, alan və şərirlərin basqınlarının qarşısının alınmasını xeyli asanlaşdırmışdı.

1027-ci ildə Mənüçöhr Şirvan taxtına çıxdıqdan sonra Məzyədi sülaləsi üzvləri ərəb köklü adlarından imtina edərək Sasani hökmdarlarına məxsus adları daşımağa başladılar. Nəticədə bu tarixdən Şirvanşahlar özlərini Kəsranilər kimi tanıtmağa çalışırdılar. Azərbaycanın şimalında ərəblər tərəfindən Arran, sonrakı dövrlərdə isə Şirvan adlandırılan bölgənin ən qədim şəhərlərindən biri Şamaxı idi. Bizim eranın II əsrində yaşamış antik müəllif Klavdi Ptolomey bu qədim şəhər haqqında danışarkən onu Şamexiya (və yaxud Kamexiya) adlandırmışdı. Şamaxı Şirvanşahların ikinci paytaxtı idi. İlk paytaxt olan Şirvan şəhəri isə yer üzündən silinmişdi. Şirvan şəhəri qədim Şabranla Şamaxı arasında yerləşirdi. Ərəb müəllifi əl-Müqəddəsi yazırdı ki, Şirvan düzənlikdə yerləşən böyük şəhər olub, tikililəri daşdandır, bazar meydanında Baş (Cümə) məscid yerləşir və ortasından çay keçir. X əsrdə Şirvanşahlığın Dərbənd, Bakı, Şamaxı və Şabran şəhərləri çox mühüm ticarət mərkəzlərinə çevrilmişdi. Əl-Müqəddəsi 985-ci ildə yazırdı ki, Bakı bu bölgənin yeganə dəniz limanıdır. IX-XI əsrlərdə Bakıda çoxlu neft çıxarılırdı ki, bu da bir sıra Şərq ölkələrində hərbi işdə istifadə olunurdu. Neftdən təsərrüfatda, məişətdə və müalicə işində də geniş istifadə edilirdi.

Azərbaycan dövləti Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyəti dövründə

Sacilər Azərbaycan torpağında hakimiyyət sürmüş ilk müsəlman türk sülaləsi hesab olunur. Sülalə öz adını Mərkəzi Asiya köklü türk sərkərdəsi Əbu Sacdan götürmüşdür. Əbu Sac Xilafəti lərzəyə salan Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun baş komandanı, məşhur türk sərkərdəsi Afşinin ən yaxın silahdaşlarından biri olmuşdur. Əbu Sac Divdad Babəki və qardaşlarını ələ keçirməklə və Xilafətə qarşı Məzyərin başçılığı ilə baş vermiş üsyanı yatırmaqla xeyli məşhurlaşmışdı. Xəlifə 856-857-ci illərdə onu İraq-Məkkə yolunun rəisi təyin etmişdi. Bu çox böyük vəzifə idi və belə məsuliyyətli iş ancaq Xəlifə sarayına çox yaxın olan adamlara tapşırılırdı. 879-cu ildə Sivasdan Bağdada dönərkən vəfat etmiş Əbu Sacın yerində Məhəmməd və Yusif adlı iki oğlu qalmışdı. Məhəmməd əvvəlcə Məkkə yollarının rəisi təyin edilmiş, Xəlifə sarayında bir neçə vəzifə daşıdıqdan sonra 889-cu ildə Azərbaycana vali təyin edilmişdi. Sacoğluların Azərbaycanda hakimiyyəti və dövlət quruculuğu məhz həmin tarixdən başlayır. Bu dövrdə hələ Xilafətlə bağlı olan Azərbaycan valiliyinin mərkəzi şəhəri Marağaya gələn Sacoğlu Məhəmməd 898-ci ildə Azərbaycanla birlikdə Ərməniyyə (indiki Türkiyənin ərazisində yerləşirdi -Red.) və digər dağlıq ölkələrin idarə hüququnu Xəlifədən aldı. Azərbaycan hakimlərini özünə tabe etdikdən sonra Ərməniyyəni idarə edən Baqrat nəslinin üzərinə yürüdü. Məhəmməd hələ 896-cı ildə Ərməniyyə hakimi I Sumbatı məğlubiyyətə uğradaraq onun Qarsdakı bütün ailə üzvlərini əsir etmişdi və Sumbat onun bütün şərtlərini qəbul edərək təslim olmuşdu. Ərməniyyədən sonra Tiflisi də ələ keçirən Məhəmməd geri qayıtmışdı. 901-ci ildə Azərbaycanda dəhşətli vəba xəstəliyi yayılmış və o qədər çox adam qırılmışdı ki, kəfən çatmadığından ölüləri paltarlı şəkildə basdırırdılar. Vəbaya yoluxan Sacoğlu Məhəmməd Bərdə şəhərində vəfat etdi.

Məhəmmədin ölümündən sonra I Sumbat Ərməniyyədən yığılan vergilərin Sacoğlulara deyil, birbaşa Xilafət xəzinəsinə ödənilməsi ilə bağlı razılıq almışdı. Abbasi xəlifələri Sacoğluların güclənməsindən ehtiyatlanır və xilafətin şimal ərazilərini tam şəkildə itirəcəklərindən qorxurdular. 901-ci ildə Azərbaycan taxtında qardaşını əvəz edən Sacoğlu Yusifin dövrü (901-928) Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Sacoğlu Yusifin xəlifənin fərmanı olmadan taxt-taca yiyələnməsi və bunun heç bir etirazla qarşılanmaması artıq Xilafətdə mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini və Sacoğluların Azərbaycanı müstəqil şəkildə idarə etdiyini göstərir. Artıq bundan sonra xəlifələr Xilafətdən ayrılmaqda olan dövlətlərdə öz ali hakimiyyətlərinin nominal, sözdə, simvolik olması ilə hesablaşmaq məcburiyyətində qalmışdılar. Sacoğlular da bu siyasi gerçəkliklə barışan xəlifələrin sözdə siyasi, reallıqda isə dini liderliyini qəbul edirdilər.

Məhəmməd Sacoğlunun dövründə dövlətimizin paytaxtı Marağa idisə. Yusifin dövründə Ərdəbilə köçürülmüşdü. 902-ci ildə Yusif Ərdəbildə adına gümüş pul (dirhəm) kəsdirmişdi. O, 907-ci ildə xəyanətkar I Sumbata qarşı yürüşlərə başlamış, Şirakı, Dvini ələ keçirmiş, Tiflis şəhərini Cəfərlilərdən almış və Kaxetiyanı özünə tabe etmişdi. O, 914-cü ildə I Sumbatı Dvində ələ keçirib edam etdirmiş, Ərməniyyəni Azərbaycanın tərkibinə alaraq burada öz hakimiyyətini möhkəmləndirmişdi. Yusif Xəzərboyu bölgələrə quldur basqınları edən rusların Ərdəbil ətrafına hücumlarının qarşısını almışdı. Sacoğlu Yusif 915-ci ildə Azərbaycan dövlətini öz yüksəlişinin zirvəsinə çatdırmışdı. Bu zaman dövlətimizin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncanadək, qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Sacoğlu Yusif 12 il ərzində Xəlifə sarayına hər il 120 min dinar xərac versə də, 912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı. Artıq tam müstəqilləşən Azərbaycan hökmdarı Rey, Qəzvin, Əhər və Zəncanın da idarə olunmasına iddiasını irəli sürmüşdü. Bundan bərk qorxuya düşən Xəlifənin göndərdiyi 20 minlik qoşun Yusifin 7 minlik hərbi qüvvəsi tərəfindən darmadağın edildikdən sonra o, Reyə daxil olmuşdu. Yusif Xəlifənin göndərdiyi daha bir ordunu məğlubiyyətə uğratsa da, 919-cu ildə Ərdəbil yaxınlığındakı döyüşdə yenilərək əsir düşmüş və Bağdadda zindana atılmışdı. Yusifin türk köklü qulamı Sebuk ordu toplayıb Xəlifənin ordusunu məğlubiyyətə uğratmış və Azərbaycanı müstəqil idarə etməyə başlamışdı. O, Xəlifənin 220 min dinar xərac tələbini yerinə yetirməyərək üstəlik Yusifin sərbəst buraxılmasını xəlifədən tələb etmişdi. Xəlifə Yusifi azad edərək Azərbaycanın hakimi kimi tanımış, əvəzində 500 min dinar xərac istəmişdi. Azad olmuş Yusif Ərdəbil şəhərinə çatanda sədaqətli qulamı Sebukun ölüm xəbərini almışdı. Yusifin Azərbaycandakı ikinci hakimiyyəti Karmatilərlə döyüşdə yaralanıb öldürüldüyü 928-ci ilədək davam etmişdi. Hakimiyyətinin son illərində Xəlifənin əmr və göstərişlərini heçə sayaraq əməl etməmiş və çevrəsində olan hakimləri öz hökmü altında saxlamağa çalışmışdır. 65 il ömür sürmüş bu görkəmli dövlət xadimi ömrünün 27 ilini rəsmən, 23 ilini felən (faktiki olaraq) Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına sərf etmişdir. Sacoğlu Yusifin siyasi fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını (həm Şimal, həm də Cənub) birləşdirməsi təşkil edir. Tarixi torpaqlarınıız olmuş indiki Ermənistan və Şərqi Gürcüstan əraziləri də bu dövlətin sərhədləri daxilində idi. Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacoğlular daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Yusifin ölümündən sonra dövləti altı aylıq sürədə qardaşı oğlu, sonralar isə qulamları və sərkərdələri idarə etmişdilər. Onlardan Mufli və Deysəmin adına Bərdə və Ərdəbildə pul kəsilmişdir. Mənbələrdə X əsrin 30-cu illərində Azərbaycanın böyük qoşunla Bizans-erməni qüvvələrinə qarşı çıxması haqqında məlumatlara rast gəlinir. Sacoğluların hakimiyyətinin ilk vaxtlarında paytaxt Marağa, Yusifin dövründə isə Ərdəbil olmuşdur. Azərbaycan Ərdəbildən başqa Marağa, Zəncan, Qəzvin, Muğan, Dvin, Təbriz, Bərdə, Dərbənd və Tiflis kimi çox önəmli şəhərlərə malik idi. Tarixi bilgilərdə adı keçən Muğan şəhəri Kür ilə Araz çayı arasında yerləşirdi. Buradan Bərdəyə karvanla səkkiz günə gedirdilər. Burada yaşayan əhalinin öz dövlətinə çox sədaqətli və mərhəmətli insanlar olduğu xüsusi qeyd edilir.

Sacoğluların hakimiyyəti dövründə Azərbaycan beş əsas vilayətə (Ərdəbil, Mərənd, Cebrevan, Varsaq və Bərdə) bölünürdü və ölkənin ümumi gəliri 4,5 milyon dirhəmə çatmışdı. Sacoğluların Azərbaycan sərhədlərini kafir düşmənlərdən qoruması və ölkə daxilində asayişin hökm sürməsi iqtisadiyyatın, ilk növbədə ticarətin inkişafına təkan vermişdi. Sacoğlulara qədər Azərbaycan, Arran (Albaniya), Ərməniyyə və Kartli-Kaxetiya fərqli siyasi qüvvələr tərəfindən idarə olunurdusa, Saci hökmdarları bütün bu torpaqları bir siyasi mərkəzdə birləşdirmişdi. Nəticədə bundan sonra Azərbaycan və Arran ayrı deyil, vahid siyasi və coğrafi məna daşımağa başlamışdı. Maraqlıdır ki, belə bir coğrafi, siyasi xətti sonralar bölgədə hakimiyyət sürmüş digər sülalələr də davam etdirmişlər. Azərbaycanda Sacoğlular sülaləsinin hakimiyyətinə Salaroğlular tərəfindən son qoyulmuşdur.

Azərbaycanda Salarilər (Salaroğulları) sülaləsinin hakimiyyətə gəlməsi

941-ci ildə Azərbaycanda Sacoğluların sonuncu hökmdarı Deysəm taxtdan salınmış və Salaroğulları (Salar türkcə “yurd tutan” deməkdir) adlanan sülalə hakimiyyətə gəlmişdi. Kəngərli türk soyundan olan Salar nəsli Azərbaycanla Mazandaran sərhəddində olan Deyləm vilayətini idarə edirdi. Sülalənin ilk nümayəndəsi Mərzban ibn Məhəmməd (941-957) əvvəlcə Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti altında birləşdirə bilmişdi. Tarixi qaynaqlara görə Azərbaycanın bütün minbərlərində onun adına xütbələr oxunurdu. Şirvanşah Əhməd, Şəki hakimi Əbdülmalik, Bərdə hakimi İbn Savad, Əhər hakimi Əbülhica Rəvvadi, Sünik, Hayzan hakimləri ona tabe olub, xəzinəsinə vergi ödəyirdilər. Mərzbanın dövründə Azərbaycan dövlətinin xəzinəsinə daxil olan illik verginin miqdarı 500 min dinara çatırdı.

Salarilər dönəmində də Azərbaycan dövlətinin paytaxtı Ərdəbil şəhəri olaraq qalırdı. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal-qərb torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd şəhərinə də yiyələnmişdi. Ərməniyyə və Şərqi Gürcüstan (Kartli-Kaxetiya) dövlətimizin sərhədlərinə qaytarılmışdı. Salarilər dönəmində Azərbaycan dövlətinin ərazisi daha da böyümüşdü: şimalda Dərbənd keçidindən başlayaraq cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil olmaqla. Xəzər sahilindən qərbdə Kartli-Kaxetiya, Dvin, Van ətrafı torpaqlar da daxil olmaqla çox böyük ərazi Azərbaycanın nəzarəti altında idi. Bu o anlama gəlir ki, Salarilər dövründə də bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunurdu. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlamışdı.

X əsrin əvvəllərində Azərbaycanın şimalında Xəzər xaqanlığının getdikcə zəifləməsi şəraitində bölgədə gəmiçiliklə məşğul olan, xəz dərilərini “isti ölkələrin” tacirlərinə satan, İdil çayını asanlıqla keçib Xəzər dənizi sahillərində quldurluq edən, əhalini soyub-talayan ruslar ərazilərimizdə görünməyə başladılar. Rusların 909-910-cu illər, 914-cü il quldur basqınları Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və hər il yüzlərlə ticarət karvanının gəlib-getdiyi bir mərkəz rolunu oynayırdı. Mərzban ibn Məhəmməd doğma şəhərini ruslardan xilas etmək üçün dərhal qoşunla hərəkətə keçib Bərdəni mühasirəyə aldı. Şəhərin içində əhali ilə, şəhər ətrafında isə Mərzbanın qoşunu ilə savaşda ağır itkilər verən ruslar Bərdəni tərk edib geri qayıtmağa məcbur oldular. Ancaq kafir rusların Bərdəyə bu basqını qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. “Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur.

Mərzban Mosul hakimlərinin Azərbaycana yürüşlərini dəf etdikdən sonra Azərbaycanın güneyində Rey uğrunda türk xanədanı Buveyhilərlə toqquşmuş, ancaq 948-949-cu ildə Qəzvin döyüşündə məğlubiyyətə uğramışdı.

Tarixi qaynaqlarda Mərzban ağıllı, bacarıqlı və adil bir hökmdar kimi qiymətləndirilir. O, ölkə daxilində çəkişmələrə son qoyaraq asayişi təmin etmişdi. Onun dövründə tabe edilmiş ərazilərlə birlikdə dövlətimizin illik gəliri 1 milyon dinara çatmışdı. O, Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qızını Buveyhi hökmdarı Rüknüddövləyə ərə verərək onunla dostluq və qohumluq münasibəti yaratmışdı. 957-ci ildə Mərzban vəfat etmiş və hakimiyyətə qardaşı Vəhsudan gəlmişdi. Mərzban ibn Məhəmmədin oğulları varisliklə bağlı atalarının vəsiyyətinə əməl etmədiyindən 966-cı ilədək Azərbaycanda Vəhsudanla Mərzbanın oğlu ibrahim arasında hakimiyyət uğrunda qanlı savaş getmişdi. 966-cı ildən ölkəni təkbaşına idarə edən İbrahimin hakimiyyətinə isə 981-ci ildə Rəvvadi nəsli tərəfindən son qoyulmuşdu. Lakin Rəvvadilər sülaləsi Azərbaycanın yalnız Araz çayından cənubdakı torpaqlarına nəzarət etməklə kifayətlənmişdilər.

Azərbaycan Rəvvadilər sülaləsinin hakimiyyəti dövründə (981-1071)

Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbriz və onun çevrəsində hakimlik edirdi. Rəvvad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi kiçik bir kənddən böyük bir şəhərə çevirmişdilər. Tarixi qaynaqlara görə, məşhur qəhrəmanımız Babək iki il Məhəmməd ibn Rəvvadın yanında qulluq etmişdi. Rəvvadilər bir əsr ərzində Təbriz, Marağa, Qaradağ və Əhər vilayətlərində hakimiyyət sürmüş, bu zaman bəzən xəlifədən asılı, bəzən də müstəqil olmuşdular. Bu nəslin nümayəndələrindən olan Əbülhicanın adı Salaroğlu Mərzbana tabe olaraq, ona xərac verən (955/956) əmirlər sırasında əlindən hakimiyyəti alaraq Azərbaycan taxtına oturmuşdu. Rəvvadilərin dövründə Azərbaycan dövlətinin paytaxtı Təbriz şəhəri oldu. Rəvvadilər Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz idarəsi altına aldıqdan sonra Muğan hakimliyini də asılı vəziyyətə sala bilmişdilər. 988-ci ilədək hakimiyyətdə olmuş Əbülhicanı əvəz etmiş oğlu Məmlan 30 ilə yaxın Azərbaycan taxtında oturmuşdu. Məmlandan sonra taxta çıxan Vəhsudanın hakimiyyəti dövründə (1020-1059) oğuzların Azərbaycana axınları başlamışdı. Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) dostcasına qarşılamış, onlara yerləşmək üçün torpaq vermişdi. Azərbaycanın görkəmli hökmdarı Vəhsudan müsəlman və türklərin düşməni, o zaman xristian dünyasının önündə gedən Bizans imperiyasına qarşı müharibədə oğuzların gücündən istifadə etmək istəyirdi. Azərbaycan torpaqlarına XI əsrin 40-cı illərinin əvvəllərindən başlayan Səlcuq yürüşlərinin qarşısını almaqda çətinlik çəkən Rəvvadilər bir tərəfdən də Azərbaycanın qərb torpaqlarına (Dvin, Ani, Van gölü ətrafı) Bizansın müdaxiləsinin qarşısını almağa çalışırdılar. Ölkəsinin xarici siyasi vəziyyətinin mürəkkəbliyi şəraitində Vəhsudan XI əsrin 30-cu illərinin sonunda Gəncəyə səfər etmiş və Azərbaycanın şimal torpaqlarını nəzarətində saxlayan Şəddadi hökmdarı ilə danışıqlar apararaq onunla ittifaq bağlamışdı. Bu ittifaq nəticəsində Azərbaycanın şimalı və cənubu arasında əlaqələr güclənmişdi.

Rəvvadilərin Muğan hakimliyini ələ keçirmək üçün apardıqları döyüşdə iştirak edən şair Qətran Təbrizi əsərlərində Vəhsudanı görkəmli bir dövlət xadimi kimi vəsf etmişdir. Vəhsudanın dövründə, 1052-ci ildə zəlzələ nəticəsində paytaxt şəhərimiz Təbriz dağılmış və bu zaman 40 min nəfər həyatım itirmişdi. 1054/1055-ci ildə Səlcuq Sultanı Toğrul bəy Azərbaycana yürüş edərək Təbrizə daxil olanda, İbn əl-Əsirin yazdığına görə, Vəhsudan Sultan Toğrula tabe olaraq onun adına xütbə oxutmuş, pul kəsdirmiş, çoxlu hədiyyələr verərək oğlunu da girov göndərmişdi. Vəhsudanın ölümündən sonra Sultan Toğrul onun oğlu Məmlanı Azərbaycanın hakimi kimi tamsa da, digər Səlcuq Sultanı Alp Arslan Azərbaycanda Məmlanın idarəsinə son vermiş və yerinə Səlcuq əmiri təyin etmişdi. Səlcuq Sultanı 1071-ci ildə məşhur Malazgird döyüşündə Bizans üzərində parlaq qələbə qazanıb geri qayıdarkən Məmlanın uşaqlarını da yaxalayaraq özü ilə aparmışdı. Beləliklə, Azərbaycanda Rəvvadilərin hakimiyyətinə felən son qoyulmuşdu.

Azərbaycanın şimal-qərb torpaqları Şəddadilərin hakimiyyəti dövründə

Şəddadi nəslinin ulu babası Gurtaq Dvin və Ani bölgələrində məskunlaşmış türk boyundan olub, Salaroğlularının ordusunda xidmət etmişdir. Qədim qrabarca yazılan qaynaqlarda və Movses Xorenlinin əsərlərində Başlan (Ağn) adlanan həmin bölgələrdə Bulqar, Vanak, Tork (türk) boylarının yaşadığından bəhs edilmişdir. 900-cü illərin əvvəllərində yaşamış Gurtaq oğluna Xəzərlərdə və Bulqarlarda geniş yayılmış Şad adını qoymuşdu. Sülalənin daşıdığı Şəddad adı “Şad”m ərəbcəyə uyğunlaşdırılmış formasıdır. Şəddadın oğlu Məhəmməd 951-ci ildə Dəbili (Dvini) ələ keçirmiş və bu şəhəri əlində saxlamaq üçün Salari Mərzbanla mücadilə etmişdir. Ondan əvvəl gəlib Gəncədə yerləşmiş və əhali içərisində etibar qazanmış Fəzl ibn Məhəmməd 971-ci ildə Gəncənin ilk Şəddadi hakimi oldu. Şəddadilərin mərkəzi hakimiyyətdən ayrılaraq 971-ci ildə Azərbaycanın şimalında müstəqilləşməsinin qarşısını almaq üçün Salari İbrahimin Gəncəyə hücumu uğursuz olmuşdu. Bunun nəticəsində Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar Şəddadilərin hakimiyyəti altına keçmişdi.

Şəddadilər sülaləsinin ilk hökmdarı Ləşkəri (971-978) olmuşdur. Ondan sonra, 978-986-cı illərdə hakimiyyətdə olmuş Mərzubanın bacarıqsızlığı bir çox vilayətlərin, o cümlədən Bərdənin itirilməsi ilə nəticələnsə də, 986-cı ildə Azərbaycan taxtına çıxan Fəzl ibn Məhəmməd (985/986 -1030/1031) uğurlu yürüşlər nəticəsində Bərdə, Beyləqan, Xaçın, Sünik, Gorus, Taşir və Tiflisə qədər olan əraziləri yenidən dövlətimizin sərhədlərinə qaytarmışdı. Fəzl 1026/1027-ci ildə Şəmkir yaxınlığındakı döyüşdə abxaz -gürcü qoşunu üzərində parlaq qələbə qazanımş və 10 min nəfərdən çox gürcü döyüşçüsünü qılıncdan keçirmişdi. 1030-cu ildə isə ölkəmiz üçün şimaldan təhlükə yaradan alanları məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Azərbaycanda sənətkarlıq və ticarət inkişaf etmiş, memarlıq-tikinti işləri genişlənmişdi. O, 1027-ci ildə Araz çayı üzərində hərbi və ticarət əhəmiyyəti daşıyan və xalqımızın memarlıq incilərindən biri sayılan Xudafərin körpüsünü saldırmışdı. Fəzldən sonra Azərbaycan taxtına çıxan oğlu Əbülfəth Musanın hakimiyyəti qısa sürmüşdü. O, Bakıya basqın edən ruslarla savaşa girmiş və onları ağır məğlubiyyətə uğratmışdı. II Ləşkəri adı ilə 1034-cü ildə hakimiyyətə gələn Əbülhəsən Əli on beş illik hakimiyyəti dövründə Səlcuqlara, Oğuzlara, gürcü və ermənilərə qarşı uğurlu savaşlar aparmışdı. Anası Şirvanşahın qızı olduğundan Şirvanşahlıqla qohumluq münasibətləri, 1040-cı ildə omm görüşünə gəlmiş, Rəvvadi hökmdarı Vəhsudan və Tiflis əmiri Əbülfəzi Cəfər ilə dostluq əlaqələri saxlayırdı. Qətran Təbrizinin qəsidəsində “Arranşah” adlandırdığı II Ləşkəri Bizans, erməni və gürcü-xristian blokunun hücumlarını uğurla dəf etmiş, 1046-1047-ci illərdə səlcuqların paytaxt şəhərimiz Gəncəyə hücumunun qarşısını almışdı. Mənbələrə görə o, hakimiyyətinin sonlarında Azərbaycanın şimal torpaqlarını tam şəkildə nəzarəti altında saxlaya bilməmiş və nəticədə dövlətimiz xeyli zəifləmişdi. Bu zaman Şəddadilər təkcə Arran və Sünikə nəzarət edə bilirdilər. I Fəzlin digər oğlu Əbüləsvar Şavurun dövründə (1049/1050-1067) Azərbaycan dövləti əvvəlki qüdrətini bərpa etmişdi. Şavur 1022-ci ildən Dəbildə müstəqil idarə etdiyindən onun Azərbaycan taxtına çıxması ilə 1049-cu ildən sonra Dəbil əmirliyi də bir mərkəzdən-Gəncədən idarə olunmağa başladı. Şavur Şirvanşahlan özündən asılı vəziyyətə salmış. Bizansa qarşı savaşlarda uğur qazanmışdı. Səlcuqların bölgədə böyük güc sahibinə çevrilməsini nəzərə alan Şavur Sultan Toğrulun vassalı olmağa razılıq versə də, Sultan Alp Arslanın müttəfiqi olmuşdur. 28 il Dvində (Dəbil), 18 il Gəncədə, üst-üstə 46 il hakimiyyət sürmüş Şavur 1067-ci ildə vəfat etmiş və Gəncə Cümə məscidində dəfn olunmuşdu. Şavurun II Fəzl adı ilə taxta çıxan oğlu (1067-1073) Səlcuqlarla müttəfiqlik münasibətlərinə böyük önəm verirdi. Bunun nəticəsidir ki. Sultan Alp Arslan Tiflisin idarəsini də onun ixtiyarına buraxmışdı. 1075-ci ildə Səlcuq orduları Arrana hücum edəndə, Şəddadi Fəzl onlarla savaşa girmiş, məhz buna görə də Əmir Savtəkin Azərbaycanda Şəddadilərin hakimiyyətinə son qoymuşdu. Ancaq Səlcuqlar Şəddadilərin Anidəki hökmranlıqlarına mane olmadılar.

Sultan Alp Arslan hələ 1065-ci ildə Ani şəhərini Bizansdan alıb Əbüləsvar Şavura vermiş, o da oğlu Mənüçöhrü Aniyə hakim təyin etmişdi. Bu tarixdən başlayaraq Şəddadilərin Anidəki hökmranlığı 130 il davam etmişdi. Ancaq bundan sonra bu müsəlman türk şəhəri gürcülərin əlinə keçmişdi. Şəddadilərin Dəbildəki (Dvin) hakimiyyətinə isə 1130-cu ildə Səlcuqlar tərəfindən son qoyulmuşdu. Şəddadilərin dövründə Azərbaycanda sənətkarlıq, ticarət və şəhərlər inkişaf etmişdi. Şəddadi hökmdarı Şavur Gəncə şəhərinə xüsusi diqqət yetirirdi. Alan, gürcü və digər düşmənlərin hücumlarının qarşısını almaq üçün şəhərin ətrafında xəndəklər qazdırmış, hasarlar çəkdirmiş və möhkəm qala qapıları düzəltdirmişdi. 1063-cü ildə inşa edilmiş məşhur Gəncə qala qapıları böyük sənətkar İbrahim Osmanoğlunun əlindən çıxmışdır. Şəddadilərin sayəsində Gəncə şəhəri Aranın baş şəhərinə çevrilmişdi. Şəddadilər sarayının ən məşhur divan şairi Qətran Təbrizi olmuşdur.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Şirvanşahlar
  • , Rəvvadilər
  • , Sacilər
  • , Salarilər
  • , Şirvanşahlıq
  • , Şəddadilər

Comments are closed, but trackbacks and pingbacks are open.