Press "Enter" to skip to content

Azərbaycan-Türkmənistan əlaqələri möhkəmlənir” ÖZƏL-MÜNASİBƏT

28 noyabr 2008-ci ildə İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycanın dövlət başçısına Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilib. Mərasimində Prezident İlham Əliyevin nitq söyləyib.

Heydər əliyev və türkmənistan əlaqələri

Münasibətlərin tarixi: Azərbaycan və Türkmən xalqları eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycan xalqına ən yaxın olan xalqlardan biri Türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

1930-cu ildə vətənpərvər azərbaycan şairi Almas İldırım Türkmənistana sürgün edilib. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışıb. Ancaq ona doğma türkmən elində də yaşamağa imkan verməyiblər. Sovet dönəmində türkmənistanın neft sənayesinin formalaşmasında azərbaycan mütəxəssisləri böyük rol oynayıblar.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da yaradılıb. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Saparmurat Niyazovun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər kifayət qədər mürəkkəb olub. Xüsusən, Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe Xəzər bölgəsi ölkələri arasında narahatçılığa səbəb olub. Bundan başqa, Xəzər dənizində əməkdaşlıq, onun karbohidrogen ehtiyatlarının işlənməsi və xarici bazarlara çıxarılması məsələsində də Türkmənistanın qeyri – prinsipial mövqeyi bu ölkənin tərəfdaş mövqeyinə xələl gətirib.

1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Türkmənistan Prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılıb.

1994-cü il oktyabrın 26-27-də Türkmənistanın müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.

1996-cı il martın 18-19-da Türkmənistan prezidenti Saparmurat Niyazov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bi sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası və Turkmənistan arasında dostluq və əməkdaslıq haqqında muqavilə, Azərbaycan Respublikasının Prezidenti H.Əliyevlə Turkmənistan Prezidenti S.Niyazovun Bakı Bəyannaməsi, təhsil sahəsində əməkdaslıq haqqında saziş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Turkmənistan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında protokol, konsulluq konvensiyası, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Türkmənistan Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş, dəniz ticarət gəmiciliyi sahəsində əməkdaşlıq haqqında saziş və digər sənədlər imzalanıb.

1997-ci il dekabrın 13-də Tehranda keçirilmiş İslam Konfransı Təşkilatının Zirvə toplantısında Prezident Heydər Əliyevlə Prezident Saparmurat Niyazov arasında keçirilən görüşdə Xəzər dənizinin orta xəttinin müəyyən edilməsi və Xəzər dənizində bir sıra neft yataqlarının mənsubluğu məsələlərinin həll edilməsi üçün iki ölkə arasında ekspertlər qrupunun yaradılması haqqında razılıq əldə olunub. 17-19 noyabr 2007-ci ildə Bakıda Türkdilli Dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlığının XI Qurultayı keçirilib. Qurultayda Türkmənistanın Nazirlər Kabinetinin Sədr müavini X.Saparlıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. X.Saparlıyevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

7 aprel 2008-ci ildə Türkmənistanın Müdafiə Naziri A.Mamedgeldıyev Azərbaycana səfər edib. Səfər zamanı A. Mamedgeldıyevi Azərbaycan Respublikasının Prezidenti İlnam Əliyev qəbul edib.

90-cı illərin sonlarından etibarən soyuqlaşan ikitərəfli münasibətlər tədricən mülayimləşməyə başlayıb. 2008-ci il mayın 19-da Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdimühəmmədov Azərbaycana rəsmi səfərə gəlib. İki prezidentin təkbətək görüşü olub. Görüşdə Azərbaycan – Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib. Danışıqlardan sonra iki ölkənin maliyyə, xarici işlər və nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovun Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları bəyanatla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib: “. Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir. “.

Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədov isə bəyanatında qeyd edib ki, “. İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir. “.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə prezident Qurbanqulu Berdimühəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Türkmənistanın dövlət başçısı həmçinin bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Prezident Qurbanqulu Berdımühəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neft və qaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib.

Geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu – bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında saziş, təhsil haqqında əməkdaşlıq haqqında saziş, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş və digər sənədlər imzalanıb.

Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfərinə dair dövlət başçıları mətbuat üçün bəyanat veriblər. Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədov bəyanatında qeyd edib: “. Enerji daşıyıcıları məsələsinə gəldikdə isə, həqiqətən zəngin karbohidrogen ehtiyatlarına malik olan bu iki ölkə, iki dövlət bu məsələ barədə ümumi fikirdədir. Yəni biz “açıq qapı” siyasətinə və karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq. Hər iki ölkə enerji ehtiyatlarının işlənilməsi, emal edilməsi və satışı məsələləri barədə eyni fikirdədir. “. Prezident İlham Əliyev isə öz bəyanatında bildirib ki, “. İndi Xəzər dənizi regionunda nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün çox böyük potensial vardır. Hazırda Azərbaycanı dəmir yolu vasitəsilə Türkiyə və Avropa ilə, eləcə də Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Ümid edirəm ki, bu yeni İpək yolu iki ildən sonra bizim hamımızın sərəncamında olacaq və hamımız ondan istifadə edəcəyik. “. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovun üçtərəfli görüşü olub. Görüşdə üç ölkə arasında əlaqələrin yüksək səviyydə olduğu bildirilib, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin birgə görüşünün əhəmiyyəti vurğulanıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovun adından Prezident İlham Əliyevin şərəfinə ziyafət verilib.

İqtisadi əlaqələr: İki ölkə arasında münasibətlərin istənilən səviyyədə olmaması iqtisadi əlaqələrin sürətlə inkişafına problem yaradır.

2000-ci ilin sonlarına doğru Azərbaycan-Türkmənistan iqtisadi münasibətləri tədricən inkişaf etməyə başlayıb. Azərbaycan 1990-cı illərin əvvəllərində qaz alqı-satqısı zamanı Türkmənistana olan borcunu 2008-ci ildə qaytardıqdan sonra iki ölkə arasında münasibətlərdə irəliləyiş əldə olunub. 2

008-ci il yanvarın 17-də İqtisadi və Humanitar əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının Aşqabadda ilk iclası keçirilib. İclasda ticari-iqtisadi, o cümlədən nəqliyyat, rabitə, neft və qaz, ətraf mühit və humanitar sahələrdə əməkşdalıq üzrə əlaqələrin genişləndirilməsi üzrə qərar qəbul olunub.

9 Sentyabr 2008-ci ildə Bakıda “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası” mövzusunda I Beynəlxalq Konfrans-sərgi keçirilib. Tədbirdə dünyanın 31 ölkəsi təmsil olunub. Türkmənistan geniş tərkibli nümayəndə heyəti ilə iştirak edib. Konfransda Azərbaycan və Türkmənistan prezidentlərinin təbriki oxunub. Azərbaycan prezidenti İlham Əliyevin müraciətində beynəlxalq ictimaiyyətin Xəzər hövzəsinə, xüsusən Azərbaycan və Türkmənistana artan marağı qeyd edilib. Türkmənistan prezidentinin müraciətində isə bildirilib ki, hazırda iki ölkənin qonşuluq münasibətlərindən strateji partnyorluğa, xüsusən neft-qaz sahəsində əlaqələrə keçidi üçün yaxşı perspektivlər açılır. Azərbaycan və Türkmənistan arasında 2008-ci ildə ticarət əlaqələri zəif göstərici ilə yadda qalıb(mln. ABŞ doll. ilə). İdxal 45.9, ixrac 14.0, ticarət saldosu -31.9. 2010-cu ilin I rübündə isə Azərbaycanın Türkmənistanla ticarət əlaqələri qeyd olunan kimi olub (min ABŞ dolları). İdxal 3 068,9, ixrac 12 823,6, xarici ticarət saldosu 9 754,7.

Mədəni əlaqələr: Azər­bay­canda Türkmən ədəbiyyatına həmişə xüsusi maraq olub. Məş­hur ədə­biy­yatşünas alim Sal­man Müm­taz “Maa­rif və Mə­də­niy­yət” jur­na­lın­da “Türk­mən şair­lə­ri” mə­qa­lə­sin­dəböyük türkmən şairi Əhməd Yə­sə­vi­nin adı­nı xüsusi qeyd edib. AMEA Folklor İnstitunun əməkdaşları “Molla Nəpəsin Seçilmiş Əsərləri” kitabını azərbaycan dilində nəşr etdiriblər. Kitab Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədova təqdim edilib. Türkmənistan Prezidenti bu kitabı Türkmənistan-Azərbaycan ələqələrinin yaxşlıaşmasına doğru atılan uğurlu addım kimi qiymətləndirib.

2009-cu ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədov Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Sultanzadə Vəhdət Məmmədağa oğluna qardaşlıq əlaqələrinin inkişafındakı töhfəsinə görə dövlət mükafatı təqdim edib. 2010-cu il Mayın 21-də Bakı Dövlət Universitetində görkəmli türkmən şairi Məxdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan konfrans keçirilib.

28 noyabr 2008-ci ildə İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycanın dövlət başçısına Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilib. Mərasimində Prezident İlham Əliyevin nitq söyləyib.

2009-cu il noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov sərəncam imzalayıb.

Türkmənistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları təmsil ediblər. Aşqabadda məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Məxdumqulu adına Türkmənistan Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

2010-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının türkmən dili versiyasının təqdimatı keçirilib.

11 May 2010-cu ildə Türkmənistanın Azərbaycandakı səfirliyi Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədovun “Türkmənistanın iqtisadi strategiyası: xalqa söykənərək xalq naminə” adlı məqaləsinin yer aldığı kitabı Azərbaycan dilində nəşr edib.

Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan çox sıx tellərin olmasına baxmayaraq, Türkmənistanın bir sıra iddiaları münasibətlərin strateji tərəfdaşlıq münasibətləri səviyyəsində inkişafına mane olub. Ancaq münasibətlər əvvəlki illərlə müqayisədə nisbətən inkişaf etməkdədir. Hər iki ölkə böyük enerji ehtiyatlarına malikdirlər və digər ölkələrin də enerji təhlükəsizliyində əvəzsiz rol oynayırlar. Qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatacağı halda bu ölkələrin beynəlxalq aləmdə nüfuzu daha da güclənə bilər. Qeyd etmək lazımdır ki, Türkmənistan neytral dövlətdir və hər hansı hərbi bloka qoşulmur.

Ümumi tarixi arayış 1 iyul 2010-cu il tarixdə tərtib olunub.

“Azərbaycan-Türkmənistan əlaqələri möhkəmlənir” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında anlaşma memorandum hər iki ölkənin milli mənafelərinə uyğundur və Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın müddəalarına, beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərinə əsaslanmışdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, ölkəmizin rəhbəri Cənab İlham Əliyev Azərbaycan Türkmənistan dostluğuna və memorandumun imzalanmasına böyük önəm vermişdir.“Əlbəttə ki, bu memorandum Azərbaycan və Türkmənistan münasibətlərinin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, digər sahələrdə də əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Siyasi, iqtisadi əhəmiyyətə malik olmaqla bu sənəd, həm də iki ölkə arasında qarşılıqlı anlaşmanın bərqərar edilməsi, gələcək mühüm layihələrin həyata keçirilməsi üçün bir zəmanətdir. Türkmənistanla Azərbaycan arasında yaranan sağlam münasibətlərin bir nümunəsi olan bu memorandum onu deməyə əsas verir ki, ölkələrimizin əlaqələri bundan sonra yeni müstəvidə inkişaf etdiriləcək və hər iki dövlətin iqtisadi imkanlarını daha da genişləndirəcəkdir.Məlum olduğu kimi “Dostluq” yatağı azərbaycanlı geoloq və neftçiləri tərəfindən hələ sovet dövründə kəşf edilmişdir. Onun işlənilməsinə dair prinsiplərin tam hazır olmaması və Türkmənistanla razılığa gəlinməməsi işləri gecikdirilmişdir. Artıq bütün problemlər aradan qaldırılmış və “Dostluq” yatağı hər iki ölkənin dostluğunun rəmzi kimi işləniləcək və enerji əməkdaşlığı üçün faydalı olmaqla münasibətlərdə əsaslı dönüş yaradacaqdır”, deyə Tahir Rzayev bildirib.

Heydər Əliyev və türk dünyası

Türkdilli xalqların inteqrasiyası yolunda böyük öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafiyada əməkdaşlığa meydan açıb

“Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.
Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bu sözləri 1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən Türk dünyası yazıçılarının III qurultayında söyləyib.

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.

Milli suverenlik və səmimi dostluq

Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün önəmli hadisə idi. Çünki həmin dövrdə məkr və küdurətdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, “velikorus” şovinizminin yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.
1992-1993-cü illər hakimiyyəti dövründə Azərbaycanda ümumtürk həmrəyliyinin dar çərçivədə, yalnız Türkiyə ilə münasibətlərdə təşviq edilməsi, Mərkəzi Asiyanın türk respublikaları ilə münasibətlərin gözardı edilməsi xarici siyasətdə boşluqlara yol açmışdı. Rəsmi Bakı bəzən bu respublikalara “demokratiya dərsi” keçmək missiyasını da üzərinə götürməyə təşəbbüs edirdi. Nəticədə Azərbaycanın Qazaxıstan, Özbəkistan kimi iri türkdilli respublikalarla münasibətləri soyumuşdu. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanla müharibədə ölkəmiz, Türkiyə istisna olmaqla, digər türk dövlətlərinin hətta mənəvi dəstəyindən də məhrum olmuşdu.
Məhz buna görə Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: «Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Bu siyasət türkdilli xalqların inteqrasiyasında pafosdan uzaq səmimi dostluğu və qarşılıqlı faydalı tərəfdaşlığı ehtiva edirdi. İnteqrasiya sözdə yox, əməldə olmalı və həmin müstəvidə hər türkdilli dövlət öz yerini tapmalı, potensial imkanları ilə bu həmrəyliyə praktik töhfə verməli idi.

Ortaq keçmişdən müştərək gələcəyə:
“Heç bir qüvvə bizi ayıra bilməyəcək”

Bundan sonra Azərbaycanın dünyaya açılmasında, o cümlədən türk dövlətləri ilə münasibətlərdə real addımlar atıldı. Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz «Dildə, fikirdə və əməldə birlik» şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır».
Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada, hər hansı siyasi korporativizmə yer verməyən əsasda qurulması xüsusi önəm kəsb edirdi. Çünki Heydər Əliyevdən öncəki hakimiyyət dövründə bu əlaqələrdə şüarçılıq özünə daha çox yer tapmışdı, münasibətlər bir çox hallarda iki ölkədəki populist siyasətçilərin bəyanatları ilə yönəldilirdi.
Yeri gəlmişkən, Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin populist qüvvələr Azərbaycanın guya Türkiyədən uzaqlaşacağı, Rusiyanın boyunduruğuna düşəcəyi barədə iddialar səsləndirməyə başlamışdı. Ölkəmizin 1993-cü ilin sentyabrında MDB-yə üzv olması həmin dairələr tərəfindən spekulyasiya mövzusuna çevrilmişdi.
Heydər Əliyev 1994-cü ilin 9 fevralında qardaş ölkəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində etdiyi tarixi çıxışında həmin ittihamları rədd edərək MDB üzvlüyünün ölkəmizin suverenliyinə və Türkiyə ilə münasibətlərə xələl gətirməyəcəyini bildirdi. Əksinə, bununla Azərbaycanın MDB-dəki türk respublikaları ilə əməkdaşlığına zəmin yarandığını diqqətə çatdırdı: “Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, vaxtilə möhkəm, sıx əlaqələrimiz olan respublikalarla əlaqələri saxlayaraq iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq”.
Heydər Əliyev iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu da bəyan etmişdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir». Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi.
Azərbaycan Prezidenti TBMM-dəki nitqində qardaş ölkələrin ortaq tarixi irs üzərində gələcəyə birgə addımlayacağını vurğuladı: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir. 1918-ci ildə Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti müstəqil Azərbaycan Respublikası üçün örnəkdir”.

Üç dənizin əfsanəsi – türk dünyasını bağlayan kəmər

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda üzərində təşəkkül tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu təmaslar müxtəlif beynəlxalq və regional tədbirlərdə də davam edirdi. Təkcə bir faktı qeyd etmək yetər ki, Heydər Əliyev on illik prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş, bu görüşlərin təxminən 100-ü Türkiyənin payına düşmüşdü.
Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti sıx koordinasiya içində bir-birini tamamlayırdı. Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.
Yeri gəlmişkən, 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə ilk müqaviləni (“Azəri-Çıraq-Günəşli”) imzalayanda Türkiyənin payı (TPAO şirkəti) cüzi – 1,75 faiz idi. Bunun səbəbi türk şirkətinin müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu. Lakin sonradan Heydər Əliyev Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi. Nəticədə Türkiyə «Əsrin müqaviləsi»nin mühüm iştirakçılarından birinə çevrildi. 1996-cı ildə Azərbaycanın imzaladığı ikinci böyük müqavilə – «Şahdəniz» layihəsində Türkiyəyə daha yüksək – 9 faiz pay ayrıldı. Ümumilikdə Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrində Türkiyə 35 faiz pay əldə etdi.
Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə isə ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu. Əsas ixrac neft kəmərinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə gərgin danışıqlarda nümayiş etdirdiyi çevik diplomatiya hesabına mümkün olmuşdu. “Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Konsorsiumda 11 xarici neft şirkəti var. Amma hər şeyi vaxtı gələndə həll edəcəyik”, – deyə o, 1996-cı il noyabrın 13-də Türkiyə jurnalistlərinə müsahibəsində bildirmişdi.
1999-cu ilin noyabrında İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair həlledici qərar verildi, ilkin hökumətlərarası saziş imzalandı. “İstanbul bəyannaməsi”nə Azərbaycan, Türkiyə, Gürcüstanın dövlət başçıları və layihəyə dəstək verən ABŞ rəhbəri Bill Klintonla yanaşı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də imza atması kəmərə daha böyük regional önəm qazandırdı. Qazaxıstanın bu layihəyə qoşulmasında Heydər Əliyevin mühüm təşəbbüskar rolu olmuşdu. 2002-ci ildə boru xəttinin təməli atıldı və beləcə üç dənizin (Xəzər, Qara və Aralıq dənizləri) əfsanəsi gerçək oldu. Eyni zamanda, Bakı-Ceyhan türk dünyasını (Orta Asiyadan Türkiyəyədək) bir-birinə bağlayan strateji kəmərə çevrildi, bu gün Qazaxıstan da neftinin bir hissəsini bu marşrutla ixrac edir.
Bu, uzaqgörən siyasətin real nəticəsidir. Bakı-Ceyhan kəməri yeni regional enerji və nəqliyyat layihələrinə zəmin yaratdı, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz xətti istifadəyə verildi. Hazırda inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycan-Türkiyə əlaqələrinə deyil, eləcə də Mərkəzi Asiya respublikalarının Xəzər və Azərbaycan üzərindən Türkiyəyə bağlanmasına, Avropa-Asiya nəqliyyat dəhlizinə tarixi töhfə olacaq.

Xəzərdə birləşən dostluq telləri:
“Bizim əməkdaşlığımız zamanın hökmüdür”

Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyevin prezidentliyi dövründə bu körpü real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapdı və möhkəmləndi.
Hərçənd Azərbaycanın 1992-1993-cü illərdə Xəzərin o tayındakı türk respublikaları ilə sərin münasibətləri bu tərəfdaşlıqda arzuolunmaz fon yaratmışdı və onu qısa zamanda aradan qaldırmaq asan deyildi. Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində bu gerçəyi etiraf etmişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik».
Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycan rəhbərinin, bütün tərəfdaşlar kimi, türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışmışdır. O, türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak etmişdir və bu əməkdaşlıq formatında Azərbaycanın təşəbbüskar mövqeyi hər zaman öndə olmuşdur. Azərbaycan rəhbəri türk dövlət başçıları forumunun regional təşkilat kimi möhkəmlənməsinin vacibliyini daima vurğulamışdır: “Bu təşkilat artıq 7 ildir ki, yaşayır. Biz mədəniyyət, iqtisadiyyat, başqa bütün sahələrdə əməkdaşlıq edirik. Tarixi bir daha təhlil edir, müştərək tarixi abidələrimizi yada salır və onların yubileylərini keçiririk. Bu, çox böyük əhəmiyyətə malikdir. Bu, türk dünyasının inkişafının təməlidir” (28 noyabr 1999-cu il, Türkiyə, İsparta Universiteti).
Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə «Böyük İpək yolu» layihəsinin (Avropa-Asiya nəqliyyat dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə bu yöndə yeni təşəbbüslərin gündəmə gəlməsi və hazırda gerçəkləşən layihələr türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir.

Xalqlarımızın ümumi mədəni sərvəti

Türk dövlətləri və toplumlarının inteqrasiyasının mühüm bir istiqamətini də mədəni əməkdaşlıq, müştərək mədəni layihələr təşkil edir. Dərin tarixi köklərə malik bağların yeni şəraitdə daha effektiv müstəviyə çıxarılmasında, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının – TÜRKSOY-un formalaşması, bu formatda bir çox layihələrin reallaşması Azərbaycanın aktiv rolu sayəsində mümkün olub. Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib.
Heydər Əliyev 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda, ümumtürk mədəniyyətinin təntənəsi idi. “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mədəni sərvətidir”, – deyə Heydər Əliyev 2000-ci il aprelin 8-də eposun 1300 illiyi münasibətilə türkdilli dövlət başçılarının Bakıda keçirilən VI zirvə görüşündə bildirmişdi.
Onun təşəbbüskarı, müəllifi olduğu regional layihələr türk xalqlarının yaşadığı geniş coğrafiyada uzunmüddətli inkişaf və əməkdaşlığa meydan açdı. Heydər Əliyevin 2001-ci ildə iştirak etdiyi sonuncu türk zirvəsində (27 aprel 2001-ci il, İstanbul) bəyan etdiyi bu sözləri isə 21-ci yüzilliyin türk dünyası üçün vəsiyyət kimi qəbul etmək olar: “Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və rifah əsri olacaqdır. Bütün bunlara biz əldə etdiyimiz tarixi nailiyyətlərin – milli azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq”.

Vüqar Əliyev

Yazı Zərdabi Mətbuat Mərkəzinin “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.